ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə46/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   47

GÖZLƏMƏ

Naqisdən doğruluq, namərddən düzlük,

Özünü sevəndən peyman gözləmə.

İküzlü adamdan saflıq, təmizlik,

Yolundan azandan iman gözləmə.
Çox «mənəm» deyənlər özündən dedi,

Min-min günahsızın başını yedi,

Özgə əməyilə zərxara geydi –

Əyri əməllərə zaman gözləmə.


Kişilər az gəlib qoca dünyaya,

Qanmazlar qananı verib fənaya,

Çox dil pəhləvanı yetərək «haya»,

Başına ələyər duman, gözləmə.


Özündən razılar tutub dünyanı,

Bir qara qəpiyə satıb dünyanı,

Alovun köksünə atıb dünyanı,

Vicdanı yoxsuldan, aman, gözləmə.


Düzlükdən danışdı çox kələkbazlar,

Ağıl da öyrətdi ağlıdayazlar,

Suyun çirkabına baş vurar qazlar,

«Düzəm», deyəndən qaç, yaman gözləmə.


Çox əyri əllərdə söndü min ocaq,

Çox tale, çox ürək oldu oyuncaq,

Dost əli sinənə saplasa bıçaq…

Döz ağrı-acına, dərman gözləmə.


Şirin, sən boşalıb-dolma bulud tək,

Bəmdə haray çəkmə, yanıqlı ud tək,

Ömrün tufanına döz bir palıd tək…

Yaxşıya baş endir, fərman gözləmə!

19.10.1989
XƏZƏR, DƏRDƏ DÖZ,

AĞLAMA
Qəmli-qəmli köks ötürmə,

Qara geyib, göy bağlama.

Dərdli qəlbə dərd gətirmə,

Xəzər, dərdə döz, ağlama.
Hanı suyun nur saflığı?

Dalğaların şəffaflığı?

Bəndələrin insaflığı?

Xəzər, dərdə döz, ağlama.


Bax neftinin sarayına,

Balıqların ah-vayına,

Gələn olar harayına,

Xəzər, dərdə döz, ağlama.


Suyun qara, havan zəhər,

Özün xəstə, varın bəhər,

Dalğaları boğar qəhər,

Xəzər, dərdə döz, ağlama.


Dəmirlərlə sinən dolu,

Bura düşüb bəndə yolu,

Tökmə gözdən leysan, dolu,

Xəzər, dərdə döz, ağlama.


Əslə, kökə balta çalan,

Özü olur düzdə qalan,

Sinən olub çoxdan talan,

Xəzər, dərdə döz, ağlama.


Şirin Xanım sinədağlı,

Oynadıbdır tamah ağlı,

Yolun çətin, qolun bağlı,

Xəzər, dərdə döz, ağlama.

23.07.1990
MƏN SƏNİN HALINA

YANAN ÖVLADAM


Neft Daşları…

Xəzərimi bütün dünyaya tanıdan

şan-şöhrət çələngi…

Həm də Xəzərimin mavi sevinc yaşlarını,

qara göz yaşlarına çevirən,

və onu matəm kürsüsündə oturdan

ölüm nəhəngi!

Neft Daşları–Vətənin damarından axan

qara qanı,

Varınla, qara qızılınla boyadın

hər yanı,

Bəs öz sərvətin, varın hanı?!

De, səni rəhmə gətirmirmi,

qəfildən dəniz dibinə yuvarlanan

neçə-neçə nakamın

«yaşamaq istəyirəm» deyən

yanıqlı naləsi?!

«Məni belə vaxtsız udma» deyən səsi!

***

Neft Daşları, bəs hanı səni dünyaya tanıdanlar?



Varını, sərvətini

bir göz qırpımında udanlar,

və sənin sabahını unudanlar!

Bəs niyə mərhəmət göstərmir sənə,

bu qara dumana, bu qara çənə!

Qapqara çirkaba bürünmüş dənizə və bizə

kim imdad eliyəcək?

Sinəmizdə asiləşən fəqanımızı

butün məmələkətlərə söyləyəcək!

***


Neft Daşları, Xəzərimin bir ovuc havaya həsrət,

boğulan nəfəsi!

Yaşamaq eşqiylə yanıb qovrulan

balıqların amansız qəfəsi.

Neft Daşları, sinəndə yuva salmış

bu bəndəyə nankor demə…

Belə məlul-məlul baxıb bağrım başın yemə!

Mən sənin halına yandığımdandır

deyirəm bu sözləri,

Söylə, necə qınayıb görən gözləri?

Dildə vətənimin «şöhrət» çələngi!

Fəqət, əslində Xəzərimi matəm kürsüsündə

oturdan ölüm nəhəngi!

Qınama məni!

Qınama məni!

22.07.1990



KÜLƏKLƏR DƏLİ ƏSƏR

Sevgilər olsa bərbad,

Ölüm cana tələsər.

Üsyankar, coşqun, abad,

Küləklər dəli əsər.
Odur əbədi səyyad,

Can cana olarsa yad,

Dünyanı tutar fəryad…

Küləklər dəli əsər.


Ağzına alar ərzi,

Necə mat qoyar bizi,

Odlayar yolu-izi,

Küləklər dəli əsər.


Haqsız bir iş olanda,

Ürəyə qəm dolanda,

Bir pak ömür solanda,

Küləklər dəli əsər.


Nahaqdan ölüm varsa,

Dünyaya dərd axarsa,

Qəlb qəlbə kəc baxarsa,

Küləklər dəli əsər.


Gənc ürək qarıyanda,

Qəm teli darıyanda,

Namərdlər yarıyanda

Küləklər dəli əsər.

21.07.1985/ Yasamal
ANA
Ay kiçik obamda ışıqlı günüm,

Dünyada ən böyük dövlətim ana!

Həyata göz açdım – sən oldun ünüm…

Ay ellər içində hörmətim ana!


Sən mənim müqəddəs duzum, çörəyim,

Arzular qoynunda çarpan ürəyim,

Ay odlu torpaqda sınmaz dirəyim,

Ən ülvi, müqəddəs sərvətim ana!


Mənə ürək verdin – nəğməli dəniz,

Mənə vicdan verdin – ləkəsiz, təmiz,

Mənə Vətən verdin – müqəddəs, əziz,

Ay mənim yorulmaz qüvvətim ana!


Dünyaya bəllidir o uca adı,

Məhsəti, Nətəvan əzəl ustadı,

Ey Tomris, ey Həcər, Nigar övladı,

Ay mənim namusum, ismətim ana!

02.11.1977/ Yasamal
SƏN VARSAN, ATA
Qəzəbin olsa da ildırım, şimşək,

Sənsən qibləgahım bu dünyada tək,

Eyləmə, tacidar, buna şübhə, şəkk,

Ən uca zirvədə pak qarsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Bir sərin axşamda gözüm dolardı,

Başımın üstünü tufan alardı,

Sənsiz mənim halım necə olardı?

Sən sərvət, sən dövlət, sən varsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Ən ulu dağlarım sənlə ucalır,

Bu təbim, ilhamım səndən bac alır,

Mənə deyəndə ki, atan qocalır…

Sınan ümüdümə sən yarsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Qızlar anasından həya alarlar,

Ana ətəyinə mehr salarlar,

Atasız çiçək tək mehdən solarlar,

Sən namus, sən ismət, sən arsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Mənim bu həyatla əhdi-peymanım,

Damarda dövr edən, qaynayan qanım,

Mənim ulu dünyam, ey şirin canım,

Əzəldən arzuma vüqarsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Ata ocağına sığınar ürək,

Bülbül qanadlıdır min arzu, dilək,

Olduğum ocağa, ey arxa, dirək,

Halal zəhmətinlə çinarsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Ay oğul-uşağa cəfalar çəkən,

Bir gündə üstünə min dərd-qəm tökən,

Ey ailə adlı ağır yük çəkən…

Həyat dənizinə avarsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Əsəbin varımdı – yağar başıma,

Gülüşün selimdi – çıxar qarşıma,

Mənim uşaq, cavan, qoca yaşıma,

Sanki gülüstansan, gülzarsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!
Şirin Xanım sənin şirin balandı,

Bircə an yoxluğun ömrə talandı,

Sənsiz mənim üçün həyat yalandı,

Həmişə ömrümə baharsan, ata!

Yaxşı ki, dünyada sən varsan, ata!

11.07.1986/ Zeynalabdin

Tağıyev qəsəbəsi
GƏL TƏLƏSMƏ AĞARMAĞA,

SAÇLARIM
Qocalığı duyuq salma, amandır,

Qoyma telə qarı yağa, saçlarım.

Vaxtsız düşən payız, qış da, yamandır,

Gəl tələsmə ağarmağa, saçlarım!
Bu dünyanın kədəri bol, qəmi bol,

Min havada yaxşı, yaman dəmi bol,

Qəlb dolanda gözlərimin nəmi bol,

Gəl tələsmə ağarmağa, saçlarım!

Mərdlik də var, namərdlik də dünyada,

Düyünlərdən baş çıxarmır dünya da,

Əkiz olub şadlıq-sevinc, dərd-qada,

Gəl tələsmə ağarmağa, saçlarım!


Dünya böyük düşünən çox, duyan az,

Yaman olur «mənəm» deyəndə dayaz,

Qarlı qışdan sonra gəlir bahar-yaz,

Gəl tələsmə ağarmağa, saçlarım!


Baş ağrıyır addım düz olmayanda,

Payız nədir yarpaqlar solmayanda?

Adamlarda vicdan, ar qalmayanda,

Gəl tələsmə ağarmağa, saçlarım!


Məhəbbətdən, sədaqətdən danışdıq,

Ucalıqçın zirvələrlə yarışdıq,

Çətin anda əğyarla da barışdıq,

Gəl tələsmə ağarmağa, saçlarım!


Biz bir olsaq şərin damı çökülər,

Kürəmizə nəş‘ə, şadlıq tökülər,

Bünövrəsiz daş binadan sökülər,

Gəl tələsmə ağarmağa, saçlarım!


Qaçhaqaçda, qovhaqovda bu zaman,

Dünən gəldi, bu gün getdi il, aman!

Şirin Xanım inci tapar dəryadan…

Gəl tələsmə ağarmağa, saçlarım!

14.11,1987
ÜRƏK NİYƏ AĞRIYIRSAN?
Nə dolmusan qəmlər ilə,

Köksün için dağlayırsan.

Dərdi-səri bilə-bilə,

Ürək, niyə ağrıyırsan?


Toysuz, vaysız bir günmü var?

Bir açılan düyünmü var?

Yorulmayan beyinmi var?

Ürək, niyə ağrıyırsan?


Sözə sadiq çıxan da var,

Nahaqdan ev yıxan da var,

Xain gözlə baxan da var,

Ürək, niyə ağrıyırsan?


Gülmək də var, ağlamaq da,

Dərddən qubar bağlamaq da,

Bə‘zən coşub-çağlamaq da,

Ürək, niyə ağrıyırsan?


Yaxşı sözün yaman olar,

Ömründə çən-duman olar,

Səadətin güman olar,

Ürək, niyə ağrıyırsan?


İş hər gün düz gətirərmi?

Namərd haqqı yetirərmi?

Mərd mərdliyin bitirərmi?

Ürək, niyə ağrıyırsan?


Çox deyərlər qara – ağa,

Çox dözərlər min bir dağa,

Qəlbə leysan yağa-yağa -

Ürək, niyə ağrıyırsan?


Vaxt olar ki, tale gülər,

Sevinc açar, qəm bükülər,

Göydən yerə nur tökülər,

Ürək, niyə ağrıyırsan?


Gəl Şirindən ibrət elə,

Onun dərdi gəlməz dilə,

Sən bunları bilə-bilə

Ürək, niyə ağrıyırsan?

Ürək, niyə ağrıyırsan?

30.07.1985/ Yasamal
DƏYMƏ MƏNİM ÜRƏYİMƏ
Gülə qonam bir bülbüləm,

Sevda düşüb diləyimə.

Axı özüm sənə diləm,

Dəymə mənim ürəyimə.


Eşqi təmiz saxlamışam,

Qəlb dolanda ağlamışam,

Sənə ümid bağlamışam,

Dəymə mənim ürəyimə.


Həyat başdan bizə sınaq,

Narahatlıq ona qonaq,

Gəl ikimiz birgə yanaq,

Dəymə mənim ürəyimə.


Şirin Xanım, susmaz dilin,

Yardır sənin ayın, ilin,

Əllərimdən tutsa əlin…

Dəymə mənim ürəyimə.

Dəymə mənim ürəyimə.

22.04.1987


QALDI YOLLARINDA

YORĞUN BAXIŞLAR


Bəxtimə saldığın min bir düyünü,

Açıb bu aləmə eyləyəydin faş.

Tək sənin oduna yandığım günü,

Bir daha ömrümə qaytaraydın kaş.


Bu qəfil həsrətlə verib baş-başa,

Sənsiz günlərimlə alışmayaydım.

İnsaflı bağrımı döndərib daşa –

Bu dəli sevdaya qarışmayaydım.


İndi mən imkansız, sənsə peşiman,

Arada keçilməz min bir yoxuşlar.

Şirin xanım, kimə gətirdin iman?

Qaldı yollarında yorğun baxışlar.

19.11.1990/ Qızılqum

1   ...   39   40   41   42   43   44   45   46   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə