ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə45/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   47

BU DÜNYADA

Kimlər gedir, kimlər qalır,

Bu dünyada, bu dünyada.

Mərd üstünə kölgə salır,

Bu dünya da, bu dünya da.
Kimsəsizin burnun ovar,

Haqq deyəni yurddan qovar,

Təmizləri satar, sovar,

Bu dünya da, bu dünya da.


Gücsüzlərə şahmar ilan,

Zor əlində qırğın, talan,

Kimdi görən sona qalan

Bu dünyada, bu dünyada?


Əzazilin başındadır,

Sanki onun yaşındadır,

Doğru, yalan qarşındadır,

Bu dünyada, bu dünyada.


Şirin Xanım, çəkibdi sədd,

Hər addıma yoxdu bir hədd,

Parça-tikə min-min sərhəd,

Bu dünyada, bu dünyada.

20.10.1989

DAMĞALAYIRLAR

Naqislik dünyada dövran sulayır,


Pislik yalquzaq tək qəlb-qəlb ulayır,


Axıdılan qanlar haqqı bulayır,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
Pulla həqiqəti satın-alırlar,

Dünyanın boynuna kəmənd salırlar,

İlan tək haqq dili qəfil çalırlar,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
Yetim tək düzlüyün boynu bükülür,

Yağılar əlində yurdlar sökülür,

Çox yanar ocağa sular tökülür,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
Hey dolur, boşalır fitnə-fəsadlar,

Sərvətə, dövlətə, pula həsadlar,

Nala-mıxa döyür qəlbi kəsadlar,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
Tamah torbasını salıb boynuna,

Yığır dilənçi tək varı qoynuna,

Görən necə dözür fələk oynuna,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
Ürəklər, diləklər, məramlar qansız,

Düşünən imkansız, duyan imkansız,

Pislik qan sulayır zaman məkansız,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
İlahi, bəndələr naşükürləşib,

Dünya başdan-başa lap məkirləşib,

Mürvətsiz, insafsız başda əyləşib,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.
Böyüyün, kiçiyin yeri boş qalıb,

Min bir işgəncələr yurd-yurd baş alıb,

Bu şahmat oynuna Tanrı mat qalıb,

Vicdan deyə-deyə yağmalayırlar,

Vicdanın özünü damğalayırlar.

21.01.1990/ Zeynalabdin

Tağıyev qəsəbəsi
DÜNYANIN DƏRDİ
Dünyanın boynuna kəmənd olub dərd,

Düşüb ayaqlara ayaqlanır mərd.


Hakimlər başında bəzəkli taclar,

Küçədə dilənir naəlac aclar.


Haram tikə ilə qarınlar şişir,

Qanunlar, hökümlər hörmətdən düşür.


Niyə könüllərdən azalıb işıq?

İnsan aha batıb vicdan qarışıq.


Həyat başdan-başa açılmaz sirdir,

Ağlayan da birdir, gülən də birdir.


Biri yaşamaqçın özünü üzür,

O biri şöhrətin fövqündə üzür.


Hərə öz gücünə güvənə nə şər?

Nurdan don geyərdi dünyada bəşər.


Verməzdi hökmünü nə ölüm, nə qan,

Nə də günahlara batmazdı insan.


Onda Şirin Xanım yanar söz ilə,

Acı etirafı almazdı dilə!

12.01.1991

DİL NAHAQ

DANIŞANDA

Duyan insan boğular,

Xəta həddin aşanda.

Min-min fitnə doğular,

Dil nahaq danışanda.
Zamanın çərxi dönər,

Elin çırağı sönər,

Yerdə sürünər hünər,

Dil nahaq danışanda.


Dünya namərdlə dolar,

Tanrının gözü dolar,

Ömür yarımçıq solar,

Dil nahaq danışanda.


Çox yurdun odu keçər,

Günahzsız candan keçər,

Dünyamızı qəm biçər

Dil nahaq danışanda.


Şirin Xanım, bezaram,

Həqiqəti gəzərəm,

Həyatımdan bezərəm,

Dil nahaq danışanda.

06.04.1990

DÜZ-DÜZƏ
İlan təki qəfil çalar sinədən,

Namərd ki, var sözü deməz düz üzə.

Özülü də əyri olub binədən,

Mini gəlməz bir mərd ilə üz-üzə.
Fürsət oldu kişi evi yıxandır,

Doğulandan elə ələ baxandır,

Yıxılanda mərd əlini sıxandır,

Olmasaydı nə edərdi düz-düzə?


Əyriliyi, oğruluğu aşikar,

Hər gün tora salar gizli min şikar,

El çalışar, yurd çalışar, o bekar,

Günahkarsan, əgər gəlsən söz-sözə.


Haqq deyəni nahaq edər bir anda,

Hörmətlidir, izzətlidir hər yanda,

Yediyini əldən verməz doyanda,

Yaşa gəlsə hesab verər yüz-yüzə.


Şirin Xanım, çox ağrıtma başını,

Gələnlərin əlində öz arşını,

Gedənlərsə görmədi heç qarşını…

Sığınmayıb bu dünyada od gözə!

16.11.1988

NARAHATAM


Min bəlalı sabahlarçın,

Necə deyim mən rahatam?

Dünya tutmaz günahlarçın,

Ulu Tanrım, narahatam.


El içində elsiz olmuş,

Öz yurdunda dilsiz olmuş,

Cahan nahaq qanla dolmuş,

Ulu Tanrım, narahatam.


Nə qədər ki, haqq qəfəsdə,

Fitnə-fəsad min həvəsdə,

Yağmalamaq hər nəfəsdə,

Ulu Tanrım, narahatam.


Nə qədər ki, yalan gülür,

Vaxt-və‘dəsiz bel bükülür,

Əcəlsiz də insan ölür…

Ulu Tanrım, narahatam.


Cılızlaşan qeyrətlərçin,

Asiləşən millətlərçin,

Dağıdılan nemətlərçin,

Ulu Tanrım, narahatam.


Söndürülmüş ocaqlar var,

Fənd yuvası qucaqlar var,

Qan tökülmüş bucaqlar var,

Ulu Tanrım, narahatam.

Çəkilməyən dərdlərimiz,

Namərdləşən «mərdlərimiz»,

Keçilməyən sədlərimiz,

Ulu Tanrım, narahatam.


Tale mənə bıçaq düşüb,

Dərd qananlar uzaq düşüb,

Vicdanlar da qaçaq düşüb…

Ulu Tanrım, narahatam.

8-14.03.1990
OLUR
Belə, dəli könül, boşalıb dolma,

Şərxata adamda dil əyri olur.

Nahaq işdən gəl sən pəjmürdə olma,

Namərd bölgüsündə əl əyri olur.


El malın azğınlar çapıb yeyirsə,

Mənsəbbaz özünə Allah deyirsə,

İküzlü bir anda min don geyirsə,

Beləsinə gün, ay, il əyri olur.


Gözlər gördüyünə nahaq baxırsa,

Tikili bir evi vurub yıxırsa,

Bənd-bərəsiz sular coşqun axırsa,

Gur çaylarda dəli sel əyri olur.


İdrakda, şüurda pislik doğulsa,

Müqəddəs yaxşılıq susub boğulsa,

Yurdan çıxan yurda namərd oğulsa,

O da xalq ağzında bil əyri olur.


Dünyada yaxşılıq qalır ellərdə,

Mərdlik, qəhrəmanlıq gəzir dillərdə,

Şirin, gəl günahı görmə illərdə,

Vaxtsız dərdi-sərdən bel əyri olur.

18.10.1987

1   ...   39   40   41   42   43   44   45   46   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə