ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə38/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

TAĞAYIM


« Salam olsun şövkətüzə, elüzə…»



Şəhriyar

***

Səndə qalıb uşaqlığın illəri,

Əndirmənin ilan mələr çölləri,

Yaşıdların şirin-şəkər dilləri,

Qızlar gəlsin bulağına, Tağayım,

Səsim yetsin qulağına, Tağayım.


Sən açılan sabahımın özüsən,

Mənim üçün bu dünyanın üzüsən,

Dodağımdan qopan yurdum sözüsən,

Çiçəklərdən tül toxuyan, Tağayım,

Yuxularda gül qoxuyan, Tağayım.
Anam Xəzər tellərini hörəndə,

Səhər şehin bağ-bağçaya sərəndə,

Üzümündən, əncirindən dərəndə,

Dad qalardı dilimizdə, Tağayım,

Şirələnmiş əlimizdə, Tağayım.
Gilavarın arxasınca uçardıq,

Çay aşağı dəli kimi qaçardıq,

Hər qayadan qayaya yol açardıq,

Göy Xəzərdən gün qalxardı, Tağayım,

Gilhinçayı lal axardı, Tağayım.

Asmakörpü çay üstündə durardı,

Qızmar Günəş başımıza vurardı,

Qızlar gildən gəlin-evcik qurardı…

Körpü üstə oynayardıq, Tağayım,

Qarışqa tək qaynayardıq, Tağayım.


Gün çıxanda adamların hay-hoyu,

Ötürərdi heyvanları gözboyu,

«Kəndyeri»nə ot çıxardı diz boyu,

Biz də quzu otarardıq, Tağayım,

İsti düşdü yatırardıq, Tağayım.
Hərə bir gün çobanlığı dadanda,

Al səhərin gül havasın udanda,

Quşlar nəğmə oxuyardı hər yanda,

Gün doğardı canımızda, Tağayım,

Alışardı qanımız da, Tağayım.
Çıraqqala dumanlardan çıxanda,

Məsud, məlul bizə tərəf baxanda,

Uzaqlarda dağdan şimşək çaxanda,

Biz də qorxub qaçışardıq, Tağayım,

Kəpənək tək uçuşardıq, Tağayım.
Bilməz idik xəstəlik nə, mərəz nə?

Dava-dalaş, umu-küsü, qərəz nə?

Dürməclərdik şor-lavaşı çərəz nə?

Göz olardı el nəzəri, Tağayım,

O illərin yox bənzəri, Tağayım.
Bir zamanlar sellər dağdan gələrdi,

Gilhinçayı kəndi iki bölərdi,

Suya düşən qoyun-quzu mələrdi,

Sel bilməzdi bağça-bostan, Tağayım,

O illərin özü dastan, Tağayım.
Elin ağzı kəndi belə öyərdi,

«Yuxarıbaş », « Aşağıbaş » deyərdi,

Novruz oldu bir-birinə dəyərdi,

Gur tonqallar alışardı, Tağayım,

Uşaq-böyük yarışardı, Tağayım.
Nə ətirli kəndin gözəl yazları,

Alyanaqlı, ucaboylu qızları,

Yandırardı oğlanları nazları…

Coşdurardı diləkləri, Tağayım,

Oxşayardı ürəkləri, Tağayım.
Uşağlığım o illərin qoynunda,

Taleyimiz fələk qoyan qanunda,

Mat qalmalı röyaların oynunda,

Ram edərdi qorxuları Tağayım,

Şirin-şəkər yuxuları Tağayım…
Qız-gəlinlər bulaq üstə gələrdi,

Dərdi-sərin bir-biriylə bölərdi,

Xısın-xısın pıçıldaşıb gülərdi,

Beş addımdı bulaq bizə, Tağayım,

Səs dolardı evimizə, Tağayım.
Anam səhər işə-gücə qaçardı,

Qapımızı ana nənəm açardı,

«Bala» deyib bizi eşqlə qucardı,

«Nənə qurban» kəlməsiylə, Tağayım,

Sevinərdik gəlməsiylə, Tağayım.
Bəy xanımı Səfurənin odundan,

Heç doymadım sözlərinin dadından,

Oğul dağlı loğman-şair qadından…

Bayatılar dinləmişəm, Tağayım,

Dinlədikcə inləmişəm, Tağayım.
İslam əmi muğamatı xoşlardı,

Tarın səsi bəbəklərin yaşlardı,

O yazdığı şeirlərlə huşlardı,

Nura həsrət gözləriylə, Tağayım,

O yanıqlı sözləriylə, Tağayım.
İlk müəllim, bizə Sabir dayımız,

Dərsi o gün bilməsəydik vayımız,

Döyülərdik qalmaz idi hayımız,

Dərsdən evə dönməz idik, Tağayım,

Necə həlim, dinməz idik, Tağayım?
Evə gəldim taxçamıza çıxardım,

Tapşırılan dərsliklərə baxardım,

Şeir oldu elə bərkdən oxardım,

Lap ürəkdən alışardım, Tağayım,

Öz səsimlə yarışardım, Tağayım.
O Mənsurə anamın can kəlməsi,

Tikəsini bizim ilə bölməsi,

O Gülsabah bibimin gənc ölməsi…

Onda gördüm fələk üzün, Tağayım,

Qohumların yaşlı gözün Tağayım.
Hacıbaba qardaşımın zəhimi,

Dərs zamanı müəllimlik fəhimi,

Uşaqlara hərdən qəfil rəhimi-

O illərdən bir xatirə, Tağayım,

Bir tarixdi hər sətirə, Tağayım.
Ağabala atamın mərd ərliyi,

Anamızla o məhəbbət birliyi,

Atalığı, evdarlığı, dirliyi,

Bir örnəkdir bu günlərə, Tağayım,

Bugünki toy-düyünlərə, Tağayım.
Nə düşərdi tərs Fərhadın beyninə?

Təzə paltar geyinməzdi əyninə,

Pis gələrdi onun uşaq eyninə,

Qurban olum cəfasına, Tağayım,

Qardaşımın vəfasına, Tağayım.
Xanimənin dodağında gülüşü,

Gül bacımın o nazənin yerişi,

Sehir idi başdan-başa hər işi,

Çox almısan qadasını, Tağayım,

Canlar üzən ədasını, Tağayım.
Mirvarinin şirin-şəkər yeməsi,

Bişmişləri yeməyəcəm deməsi,

Dür bacımın hələ özün öyməsi,

Dəyməzdi heç bir xətirə, Tağayım,

O günlərdən bir xatirə, Tağayım.
Heyran idim Mətanətin nazına,

Qardaşımın yeddi gözəl qızına,

Mən nə deyim, fələk, o kəc yazına?-

Qəribliyə düşdü canım, Tağayım,

Sənlə keçdi ən xoş anım, Tağayım.
Gül anamın hələ saxsı nehrəsi,

Gəlinimiz Minanı ay çöhrəsi,

Xanımana nənəmin yun cəhrəsi-

Hanalarda çiçəklərdi, Tağayım,

Xalılarda gerçəklərdi, Tağayım.
Oğlanların çırtma vurub oxması,

Uşaqların dambacadan qorxması,

Qız-gəlinin çal-çəpərdən baxması,

Dil-dodağda noğullaşdı, Tağayım,

O illər də nağıllaşdı, Tağayım.
Səbirənin hər sözünün ballığı,

Gəlnimizin böyük-kiçik hallığı,

Kənd qızına xas üzünün allığı,

Bir səadət bağışlardı, Tağayım,

Nə müqəddəs baxışlardı, Tağayım?
Neçə-neçə gəlinin dul qalması,

Qarıların yaslarda saç yolması,

Ağacanın tək dam altda qalması,

O İranın qərib oğlu, Tağayım,

Bəxti kimi yolu bağlı, Tağayım.
O Cəmilə nənə olan somiyə,

Tanış idi sadəliklə hamiyə,

Pişikləri eyləyərək hamiyə,

Tən bölərdi payını da, Tağayım,

Çoxaldardı sayını da, Tağayım.
Kənd məscidi ağzı bağlı olandan,

İmanımız avazıyıb solandan,

Cavanların sərxoş olub qalandan…

Hey boşaldı tabaqların, Tağayım,

Nə yaxşıydı qabaqların, Tağayım?!..
Şəfiqənin qəfil gələn ölümü,

Zalım fələk eyləyəndə zülümü,

Gördüm ağlar məzar üstə elimi,

Yazıq bibim şam tək söndü, Tağayım,

Göz yaşımız selə döndü, Tağayım.
Xalam oğlu o Teyubun vəfatı,

Cavan ikən nakam olan həyatı,

O fələyin qara gələn saatı…

Aldı Güllü bacısını, Tağayım,

Verdi bəxtin acısını, Tağayım.
On dörd yaşlı canım xəstə düşəndə…

Ürəyimi yaralıyıb deşəndə,

Zalım əcəl yatağımı eşəndə,

Əzrayılın üzün gördüm, Tağayım,

Başım üstə özün gördüm, Tağayım.

Qazı baba kənddən küsüb gedəndə,

Təpə üstə dam salıb yurd edəndə,

Qocalığı rəhmətliyi güdəndə,

Onda bildim dünya fani, Tağayım,

Hər can üstə ömür ani, Tağayım.


Qarıların yayma-lavaş yayardı,

Qoşalayıb sonra cüt-cüt sayardı,

Kəndə hərə bir ayama qoyardı,

Ağızlara yaraşardı, Tağayım,

Dildən-dilə dolaşardı, Tağayım.
Dəliqanlı cavanların dəlliyi,

Qocaların çalmaları, belliyi,

Toyda, yasda adamların elliyi…

Evdə-evə həyan idi, Tağayım,

Bir-birini sayan idi, Tağayım.
Sərincimiz südlə dolub-daşanda,

Ala inək çöl eşqiylə coşanda,

Süd ocağda qazanları aşanda,

Anam bizə söylənərdi, Tağayım,

Sonra gülüb əylənərdi, Tağayım.
Bəzənəndə toyxanalar əl-əlvan,

Nüsü dayı olardı bir pəhləvan,

Güləşərdi güləşçi tək o rəvan,

Zillənərdi zurna səsi, Tağayım,

Zurnaçının xoş nəfəsi, Tağayım.
Gəlin köçən qızların naz satardı,

Başlarına al örtüklər atardı,

Qayınata belə kəmər çatardı…

Gəlin üzün gizlədərdi, Tağayım,

Bəy evini gözlədərdi, Tağayım…
Novruzgülü torpaq altdan çıxanda,

Buludların bahar gözün sıxanda,

Uşaq ikən mən də dolub baxanda,

Alışardım yellər ilə, Tağayım,

O müqəddəs illər ilə, Tağayım.
Bayram gəldi elin pilov asmağı,

Torba atıb qapıları pusmağı,

Çərşənbədə damdan qulaq asmağı,

Sancılıb qan yaddaşıma, Tağayım,

Dönüb ürək sirdaşıma, Tağayım.
Aman Allah, elim, obam qanımda,

Ocağımın odu hələ canımda,

Kəndin özü röyalarda yanımda,

Qoynunu aç övladına, Tağayım,

Sal məni də bir yadına, Tağayım.

24-25.03.1998/ /Neft Daşları


DRAMLAR

KAHADA ÖLÜM HÖKMÜ




1   ...   34   35   36   37   38   39   40   41   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə