ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə32/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

MƏN YADINA DÜŞƏYDİM

Yenə könlün dolaydı,

Qaranlıqlar solaydı,

Gözün yolda qalaydı,

Xəyalla öcəşəydin,

Mən yadına düşəydim.


Unudaydın hər şeyi,

Qəlb olaydı eşq neyi,

Kaş ataydın gileyi,

Alovumla bişəydin,

Mən yadına düşəydim.
Yuxuların qaçaydı,

Ruhun bizə uçaydı,

Vüsala əl açaydı,

Xəyallar görüşəydi,

Mən yadına düşəydim.
O gün gələydi təki,

Edəydin mənə ərki,

Hicranlar balıq təki,

Əlindən sürüşəydi,

Mən yadına düşəydim.
Arzuların coşaydı,

Fikir dağın aşaydı,

Eşqin aşıb-daşaydı,

Hicranla ələşəydi,

Mən yadına düşəydim.

07-08.11.1998



DÖRDLÜKLƏR


***
1.Gülüşün dodağa bülbül tək qonar,

Bəzəyər mirvari sədəf dişləri.

Dodaqdan qopmağı günəşi sanar,

Qoy Tanrı qorusun o gülüşləri.
***

2. Baxışların ürəyimi oxladı,

Əqlim itdi, huşum getdi, ay aman.

Elə bil ki, gülü bülbül qoxladı,

Həsrət bitdi, vüsal yetdi, ay aman.
***

3.Sinəmdə kükrəyən ələmlərim çox,

Hər biri bağrıma zəhərli bir ox.

Ya şadlıq yağaydı, Şadiman, başa,

Ya da yox olaydıq, qəmlə birgə yox!

***


4.Bülbüləm, düşmüşəm bu dar qəfəsə,

Yatmışam bəxtimlə nəfəs-nəfəsə.

Ağlayır Şadiman kor taleyinə,

Haqq rəhmə gəlməyir bu niskil səsə.


***

5.Ya ana bətnində mən boğulaydım,

Ya da ki, Şadiman, kor doğulaydım.

Dünyaya gələn gün düşərək əldən,

Sınıb büllur təki kaş dağılaydım!..

***


6. Kimsənin nazını çəkməyir fələk,

Keçirir dişindən minlərlə ürək,

O ki, pul-parayla seçmir adamı,

Ələr milyonları əlində ələk.

***

7.Düşüb dilənçi tək ayağa çoxu,



Acı ayaqlayır vəhşi tək toxu.

Şadiman, fələyin qəfil dəyəydi-

Haram paraları yığana oxu!
***

8.Azadlıq istədi bir zaman hamı,

Çoxuna şirinlik vermədi tamı,

Güllələr altında qalan millətin,

Acından ölməkmi istiqlal kamı?

***


9.Tapan yox bəşərin xilas əlacın,

Azadlıq pullunun, əsarət acın.

Şadiman, səbrinə baxma Allahın,

Atar ayaqlara dünyanın tacın.


***

10.Günah boynumuza ən ağır bacdı,

Ondan qorunmağa paklıq əlacdı,

Zamanın gərdişi, Şadiman, belə-

Haramdan qaçanlar dünyada acdı.
***

11.Ölümdən qurtulmaq həyatın üzü,

Həyatdan qurtulmaq ölümdür düzü.

Rahatlıq hansında bunu bilən yox?

Qalanın öləni görməyir gözü.
***

12.Bülbül gülzarlıqda oxuyur pəstdən,

Qonub xarabaya bayquş da qəsddən.

Deyir, ‘‘bülbül mənim acı fəqanım,

Qana hərisləri salsın həvəsdən.‘‘
***

13.Şadiman, yoğrulub qanla Yer üzü,

İnsan sümüyüdür daşların özü.

İblisi içində boğmadıqca ah,

Ağlayır bəşərin min illər gözü!
***

14.Eşq qədəhdə şərab tək əldən-ələ içilməz,

Məhəbbət qəlbdən gəlir ürək sevən seçilməz.

Döysə bir gün qapını yağının qara əli…

Nə anadan, nə yardan, nə Vətəndən keçilməz!
***

15.İnsan bir-birini dəfn edir özü,

Min qat məzarlıqla dolu yer üzü.

Canı çıxanadək boğazdan onun

Ağlayar bir gözü, gülər bir gözü.
***

16.İçimdə qəmlərim damdı gecələr,

Yaş gözdən yanağa damdı gecələr.

Yanar gizli-gizli başdan ayağa

Şadiman alışan şamdı gecələr.
***

17.Acı göz yaşlarım könlümə qubar,

Haqqını deməkdən dil çalıb qabar.

Deyirlər, nəş‘ənin şirindir kamı,

Mən ki, ey Şadiman, etmədim nübar.
***

18.Zaman ömrümüzü qovar yel kimi,

Anlar əlimizdən axar sel kimi.

Doğumdan ölümə gedən yol qısa,

Şadiman, qırılar saçda tel kimi.
***

19.Şadiman, acılar dağdı, bu axşam,

Bağrımı ələmlər boğdu, bu axaşam.

Könlümün dərdindən hamilə olub,

Qəmim neçə kərə doğdu bu axşam?
***

20.Ərzi çox yandırıb yaxıbdı ahım,

Yoxmu sitəmlərə son Qibləgahım?

Bir-birinə vəhşi, yağı insanı-

Sən niyə yaratdın, niyə, Allahım?

***


21.Qaraya boyama sabahımızı,

Eşit, qan ağlayan bu ahımızı.

İblisə dönübdü bəşər, İlahi,

Bağışla, bağışla, günahımızı!…

***

22.Şadiman, dünyanın qəmi qəlb deşər,



Adəm övladında kin-xərçəng şişər,

Tövrat, İncil, Quran savaş üçünmü?…

Dinlərdən yuxarı ALLAHDI, bəşər!
***

23.Bir tərəfdə toydu, birində matəm,

Yandırır içləri bu acı sitəm.

Dünyanın ələmi dünyadan böyük,

Nə vaxt veriləcək hər zülmə xitəm?
***

24.Bəşər bir-birini atır günaha,

Heç məhəl qoymayır göydə Allaha.

Şadiman, düşünən başların işi-

Bir peşəyə dönüb aldatmaq daha.
***

25.Mənim acılarım dünyadan böyük,

Heyhat, boynumdadı bu çəkilməz yük.

Şadiman, həyatadan məzara qədər,

Bəxtmiz fələkdən asılı bir tük.
***

26.İdarakın quludur vicdan da bəzən,

Şadiman, ayağa düşüb ağıl, zən,

Odur xəncər kimi sıyrılıb qından,

Düşünən başları bədəndən üzən.
***

27.Sönər qəlb atəşi yoxdursa od, köz,

Acılar sinədə yaralar köz-köz.

Şadiman, doğursa ürəkdə ağrı-

Ağızdan dodağa heç gəlməsin söz.
***

28.Sənsən, bu dünyada yalnız pənahım,

Səninlə açılır ən xoş sabahım.

Bunu Şadimandan soruşsan deyər,

Göydə Tanrı, yerdə sənsən Allahım.

***


29.Sənsiz həyatımda zaman, gün acı,

Bu sınıq könlümün sənsən əlacı.

Oldun Şadimanın bəxtinə, ey yar,

Qızıldan qiymətli pak ismət tacı!


***

30.Dünyada qanuni sultanım, şahım,

Sevgi sarayında eşq padişahım.

Göyün səcdəsində olan Şadiman,

Sənə itaətə gələr, Allahım.
***

31.Ələnir başıma çiskin, duman, çən,

Ey şərab paylayan, şərab süzmə sən.

Bunu Şadiman da bilir ömürlük,

Sərxoşam dünyanın ələmindən mən.

***


32.Şadiman, gözlərim nəmdi gecələr,

Kiprikdən yuxular kəmdi gecələr.

Sevgi qədəhindən süzülən şərab,

Piyalə dodaqda dəmdi gecələr.


***

33.Həyatda doğulmaq dadlı bir yuxu,

Tuşlanıb sinəyə ayrılıq oxu.

Şadiman, insanın taleyinə bax,

Yaşamaq da qorxu, ölmək də qorxu.
***

34.Odlu dodağının büsəsi şirin,

Varlığım, həyatım tək sənin dirin,

Kimsəyə əyilməz bu Şadimana,

Ey yarım, bir söylə bu eşqin sirrin?
***
35.İnsanı parayla aldatdı şeytan,

Odur, hiylələrə, fəqət dəm tutan.

Ona qul olandan bəşər, Şadiman,

Olub bir-birini daima satan.


***

36.Dünyadı canlarla boşalıb-dolan,

Bahar tək açılan, payız tək solan.

Alında fələyin yazdığı yazı:-

«Torpağın altında əbədi qalan».
***

37.Gör necə qısadır həyat yuxusu?

Necə bihuş edir onun qoxusu.

Şadiman, beşikdən məzəra qədər,

Çıxmaz beyinlərdən ölüm qorxusu!..
***

38.Təbib, çarə hanı mənim yarama?

Fələk tapıb, sən də nahaq arama.

Zalım ölüm qoy özünü üzməsin,

Əzrayılım özü düşüb qarama.
***

39.Bəşər qul olandan dövlətə, vara,

Vurdu sinəsinə sağalmaz yara.

Şadiman, loğmanlar məlhəm arayır…

Min illər dərdinə tapılmır çara.
***

40.Əzablı günlərim yığılın gəlin,

Gəlin, bu gecəmin matəm eşqinə.

Qüssənin, ələmin bağrını dəlin,

Gəlin ki, alışır əzabdan sinə.
***

41.Məni isindirə bilmədi cahan,

Üşüdü dünyanın ayazında can.

Üzüldü, zaman da taleyim kimi,

Qırıldı sap təki ömrümdən hər an.
***
42.Zamanın içində qaynayan qəməm,

Dərdə ürcah olmuş müşkül aləməm.

Hey dolub-boşalır könül piyaləm,

Donuq baxışlarda dolaşan nəməm.


***

43.Sinəmin ahından diz çökər fələk,

Əsər taleyimdə sərasər külək.

Şadiman ayağa düşüb yalvarar,

Bir dinə-imana gəlməz bu ürək.
***

44.Başıma döydükcə insafsız zaman,

Könlümün evinə qonaq ah, aman.

Əzrayıl qapıdan girər, Şadiman,

Kimsədən diləyə bilməzsən aman!
***

02.01.1985-02.01.1999

RÜBAİLƏR
1.Üzünün səcdəsidir göydə hilal,

Tanrı etmiş mənə sevdanı həlal.

Bəs niyə Şadimanı saldı qəmə?

Doğradı xəncər ilə qüssə, məlal.


***

2.Gəl, gözüm görsün könül rənasını,

Bunca əğyar anlamaz mənasını.

Gəl, vüsalın həm gələ təklənmişəm,

Anlayan yox könlümün sevdasını.
***

3.Yar yenə səcdədə itaətimə,

Bais olmuş özü səadətimə.

Allah, Allah, bu nə xoş sevdadır?

Heyrət eylər çoxu məhəbbətimə.
***

4.Gözümün yaşları dəryadı, yenə,

Vəslimiz bəlkə də röyadı, yenə.

Yoxdu bu Şadimana çarə edən,

Eşqimiz yoxsa ki, xülyadı, yenə?

***


5.Saqi, doldur camı gulab ilən,

İşimiz olmasın şərab ilən.

Ürəyi çəkmə şişə, bir də onu

Dəyişik salma sən kabab ilən.


***

6.Vəsildən yoxdu bir nişan gecələr,

Ürəyim etmədə fəğan gecələr.

Şadimanın yenə də gül sinəsi,

Olacaq lalə kimi qan gecələr!..
***

7.Əsdirmə könül bağçamı xəzan ilən,

Ağlatma mənim qəlbimi fəğan ilən

Bir mənfəətin görməmişəm dünyanın,

Ömür etməliyəm bəs necə ziyan ilən?
***

8.Ya ürək mülkümü abad elə,

Ya da hərdən bir onu yad elə.

Ya boya nurə qaranlıq evimi,

Ya könül mülkümü bərbad elə.
***

9.Ya fələk ahıma imdada gələ,

Ya mənim tək o da fəryadə gələ.

Ya qoya tənimi məzar evinə,

Ya mənə dad eləyib dadə gələ.

***


10.Ayrılıq qəlbə yaman kar elədi,

Sirrimi hər tərəfə car elədi.

Gözlərimdən süzülən qanlı yaşım,

Dost-tanış içrə məni xar elədi.


***

11.Gəlişin gör nə kəramət elədi,

Nə qiyamət, nə qiyamət elədi?

Gedişin viran edib eşq evimi,

Əhdü-peymanə xəyanət elədi.
***
12.Zülüm edibsən öylə, ey yar, könlümə,

Ağlayır yer-göy bu bimar könlümə.

Göz yaşım dönüb yenə fəvvarəyə,

Çıxmadın heç zaman qahmar könlümə?

04.05.1994/ /Pirallahı

QƏZƏLLƏR
***


Ya İlahi, yenə də könlüm evi qan oldu,

Səmalar aşiqinin gözləri giryan oldu.


Ya İlahi, neçin halıma yanmır bu fələk?

Ürəyim amma ki, yandı yenə büryan oldu.


Ya İlahi, mənə aləmdə nicat yoxdurmu?

Ürəyim şad idi əvvəl, niyə nalan oldu?


Ya İlahi, demə gəl sevgiyə Leyladı əlac,

Nə əlac oldu bu ki, hər günüm əfqan oldu.


Ya İlahi, elədim sübhə kimi canə sitəm,

Qoydu yolda gözü yar, əğyara mehman oldu.


Ya İlahi, fələk qoymadı bir kamə yetəm,

Ürəyim tapmadı sevgi, özü talan oldu.


Ya İlahi, məni sevdaya salan ağlatdı,

Sirri bu Şadimanın aləmə elan oldu.

31.03.1994
***

Qanə dönmüş ürəyim tuşlanır fərağa yenə,

Könlümün qəmləri yerləşməyir vərağa yenə.
Yar vüsalıyla sinəm yanmadadır hər ləhzədə,

Çəkilibdir mənim ol sevgilim irağə yenə.


Yenə qəmdir darayan zülfümü hicranda mənim,

Ehtiyac qalmadı zülfüm öpən darağə yenə.


Dərdimin çarəsinə az da şəfa etməyərək,

Sevgilim çəkdi özün yad kimi qırağa yenə.


Tutini məst eləyibdir gülün ətri biqərar,

Qonubdu bülbül isə qonşudakı bağə yenə.


Görsə də Şadimanın hər gecə röyada səni,

Möhtacam bil ki, o hüsnün təki çırağə yenə.

20.10.1994

***


Yenə könlüm fərağından nə yaman qan eləyir,

Gahi fəryada batır, gahi də əfqan eləyir.


Nə deyim eşqə ki, almaqda canımdan canımı,

Canı candan ayırıb gör ki, yarımcan eləyir.


Susmusan sən neçə vaxtdır niyə bəs, bülbülü-can,

Sənin hicrin yenə də bağrımı al qan eləyir.


Bilə qoy eşqə çəkən könlümü bundan sora ki,

Şadiman şadlığı tərk eyləyib üsyan eləyir!

12.01.1990

***


Qəlbimin məhrəm olan yarıma bir xanəsi var,

Və həmin xanədə yarım kimi cananəsi var.


Niyə yanmır bu gecə şam, görəsən bilmirmi?

Ona alüdə olan mən təki pərvanəsi var?


Sənə biganə olan kəs mənə biganə olur,

Bilirəm ki, bəşərin çox elə biganəsi var.


Həsrətindən gözümü yummayıram mən gecələr,

Daha dəhrin demə ki, mən kimi məstanəsi var.


Yoxdu məndən savayı kimsədə heç naleyi-eşq,

Şadiman, çün fələyin mən təki divanəsi var!

20.05.1989
***

Könlümü ram etməyin, ey aşiqim, canındadur,

Ayrıla bilməz ürək hər dəm sənin yanındadur.
Cümlə əğyarlar yığılsa döndərə bilməz səni,

Saflığun, çünki əzəl gündən sənin qanındadur.


Mən-sən oldum, sənsə-mən, birlikdəyik gündüz-gecə,

Əhdü-peymanım mənim əhd ilə peymanımdadur.


Mən vüsalə yetməyi üqbadə əhd etdim daha,

Şadimanam, şadimanlıq indi hicranımdadur.


Şadiman, zənn etmə ki, səndən kənar gəzməkdədür,

Harda olsam bir canım vardır, o həm yanındadur.

27.02.1993

***


Dedilər, sevdiciyim gör necə aldatdı səni?

Başqa bir canə uyub hicr oduna qatdı səni.


Söylədim, həsrət ilən mən elə bil can-ciyərik,

Dedilər, illərinin həsrətinə qatdı səni.


Mən soruşdum ki, vüsalın harada qalmışdır?

Dedilər, para alıb hicr oduna qatdı səni.


Şadiman, uyma daha bir kəsə gəl dünyadə,

Sevgi alverçiləri gör necə alçatdı səni?!

15.08.1994
***

Səni öz könlümə həmdəm sanıram, sevdiciyim,

Alışıb eşqin ilən hey yanıram, sevdiciyim.
Tab edən varmı mənim tək bu qədər həsrətüvə?

Çünki tabsızlığı çoxdan danıram, sevdiciyim.


Çəkilib uyğularım ərşə nə müddətdi yenə,

Yenə hicr atəşinə boyanıram, sevdiciyim.


Gəl, azalsın sinəmin niskili bundan sonra,

Niskilin atəşinə odlanıram, sevdiciyim.


Şadiman sevmədi bir heç kəsi səndən qeyiri,

O vüsal günlərini hey anıram, sevdiciyim.

05.09.1996
***

Səni öz könlümə bir yari-vəfadar sandım.

Neçə aşiqlər içindən səni mən yar sandım.
Sevgilim, təkcə sənə yar demişəm illərlə,

Qeyrə yar söyləməyi mən dilimə ar sandım.


Başıma oldu qaxınc eşqidə biganəliyim,

Mən ki, o vəslə nifaq hicrini bimar sandım.


Hələ firqət acısı gör necə əfğandı mənə?

Yarı yardan ayıran hər gecəni zar sandım.


O, arabir eşqə bəla söylədi bədbinliklə,

Onu elan eliyən Şadimanı xar sandım.

13.02.1993
***
Səni ey sevgili can, canıma dərman demişəm,

Mən ki, o sübhə bəzək gül üzünə dan demişəm.


Yoxdu səndən savayı könlümə həmdəm, ey dil,

Nə ötən günlərə gün, anlara nə an demişəm.


İnanırsanmı ki, sənsiz bezirəm candan mən?

Səni röyada görən dəm, elə can-can demişəm.


Eşqidə eyləməyin Şirini Leyla ilə tən,

Mən ki, ondan da hünərlə canı qurban demişəm.

05.07.1995
***

Mən canımdan keçərəm əhd ilə ilqarım üçün,

Əhdimi, ilqarımı hifz edərəm yarım üçün.
Yarımın şövqü ilə qəlb həmişə vəcdə gəlir,

Sevgimi bəsləmişəm sevgili dildarım üçün.


Məni dəfn eylə, bəşər, sən «segah»ın naləsinə,

Sevirəm, çünki onu əfv elə israrım üçün.


Öyməsin qoy özünü bir daha, eşq əhli olan,

Mən ki, başdan ayağa Şirinəm öz yarım üçün.

06.07.1995
***

Səni çox sevdiyimi dildə bəyan eyləmişəm,

Bilə qoy cümlə-cahan mən ki, əyan eyləmişəm.
Gül üzün, al günəşim, od qalayır can evinə,

Necə gör qəlb evimi şöləfəşan eyləmişəm?


Bil ki, hər əmrinə mən müntəzirəm, ey comərd,

Könlümü eşqinə əlbəttə, nişan eyləmişəm.


Eşqə böhtan demək olmuş peşə əğyarılara,

Eşqə böhtan deməyi mən qadağan eyləmişəm.


Əzrayıl gəlsə əgər ərz et ona, ey Şadiman,

Canı cananıma verdim, nə ziyan eyləmişəm?

12.05.1996
***

Bu fələk qəlbimi zülmətdə mənim şam elədi,

Sübhümü, amma neçin döndərib axşam elədi?
Bu fəna dünyada ömrün boyu qəm çəkməlisən,

Bəxtimə çərxi-fələk böylə sərəncam elədi.


Ey fələk, uyma gəl əğyarilərin sözlərinə,

Səni rüsvay eləyənlər məni bədnam elədi.


Bircə anlıq bu fələk Şadimanı eylədi şad,

Elə sandım ki, bütün dərdimə əncam elədi.

02.01.1997
***

Mən səni, canım sanıb canımdan ayrı bilmədim,

Qanını, ey sevgilim, qanımdan ayrı bilmədim.
Mən səni bənzətmişəm nərgizlərə, zanbaqlara,

Hüsnünü bağ içrə reyhanımdan ayrı bilmədim.


Mən vüsalın tək, gülüm, sevməkdəyəm hicranı da,

Mən vüsalı heç də hicranından ayrı bilmədim.


Qəlbdə var öylə ki, ziddiyyət-təzadəm büsbütün,

Düzlüyü bir zərrə noqsanımdan ayrı bilmədim.


Şadiman görmür şəfanı, ümmüdüm dərmanədür,

Mən şəfanı heç də dərmanımdan ayrı bilmədim.

05.06.1998
***

Açılan qönçə gülü tezcə də yandırdı fələk,

Bağrıqan can evimi candan usandırdı fələk.
Bü qədər zülmünü birdən-birə göstərdi belə,

Sanki məhşər gününü bizlərə andırdı fələk.


O ki, heç bir nəfərin könlünü qan eyləməmiş,

Bilmirəm, yar yolu üstə niyə qan durdu, fələk?


Ya İlahi, niyə o dilbəri çəkdin sınağa,

O vüsal günlərini ahla dayandırdı fələk.


O yatan bəxtimizə mən yenə bel bağlayıram,

Bəlkə yuxudan onu bir gün oyandırdı fələk.


Bilirəm, bir də yaxın gəlməyəcəkdir hicrimiz,

Şadiman, hicranımı yoxsa utandırdı fələk?

15.02.1994
***

Düşmədi halım görən bir ləhzə imdad eşqinə,

Əksinə çox kəs məni incitdi fəryad eşqinə.
Hər zaman cəhd eylədim ki, eşqimiz abad ola,

Mən kimi incitmişəm, ey Tanrı, bərbad eşqinə.


Dadi-bidad eyləməklə dərdimə dad olmadı,

Dadi-bidad eylərəm, hey dadi-bidad eşqinə.


Şadiman biçarənin heç fil də çəkməz qəm yükün,

Amma qəm çəkməkdədir, o eşqi abad eşqinə.

08.07.1998
***

Səni mən ömrə bəzək sanmışam, ey dil, nə edim?

Həsrətinlə alışıb yanmışam, ey dil, nə edim?
Bunu qızdırma guman eyləməsinlər, əsirəm,

Həsrətinlə sənin odlanmışam, ey dil, nə edim?


Hər şeyi düz görürəm əyri saçından qeyri mən,

Bil ki, hər əyriliyi danmışam, ey dil, nə edim?


Düşünürdüm kimə nə göz yaşı tökdükcə, müdam?

Göz yaşımdan özüm islanmışam, ey dil, nə edim?


Şadiman, hər kəsə yol vermə düşə qəlbə yaxın,

Çox həqiqətləri gec qanmışam, ey dil, nə edim?

09.09.1998
***

Bülbülü satdı gül, eyvah, təzədən xarə yenə,

Yenidən vurdu hicir könlümə min yarə yenə.
Olacaqdırmı mənə bilməm haçan ağ gün qismət?

Günlərim bəxtimə bənzər, niyə bəs qarə yenə?


Yenə də məş’əl kimi yanmaqdadı qəlbim qəmdən,

Üz tutub bilməyirəm mən ki, gedim harə yenə?


Düşünürdüm dözəcəkdir ürəyim həsrətinə,

Tuş olub dərdə onun hər tərəfi parə yenə.


Şadimana, kimə nə qüssəvü-dərd eləyirəm?

Dərdimə kimsə mənim eyləmədi çarə yenə.

03.12.1997

***


Alışır qəmdən ürək, amma qəmin çarəsi yox,

Qeyri könlün bu könül tək sanıram yarəsi yox.


Nəş’əni Tanrı özü bəxş eləyib dünyayə,

Yoxsa zalım fələyin nəş’əm ilə arəsi yox?


Kimə can söyləyirəm canıma düşmən kəsilir,

Niyə dünyada canın bircə ciyərparəsi yox?


Şadimana, qınama gözdəki yaşları daha,

O nə gözdür ki, baxır yarına, fəvvarəsi yox.

06.07.1996

***
***

Yanıram hər gecə o zülfü-pərişanım üçün,

Düşürəm heyrətə gündüz-gecə əfğanım üçün.


Bir canım var onu cananıma qurban elədim,

Olsa min canım əgər, verrəm o cananım üçün.


Çəkilir ərşə yuxu, yatmayıram mən gecələr,

Mənə kim rəhm edəcək bu acı hicranım üçün?


Tanrı bəxş etmiş idi yarı mənə, incitmişəm,

Yarı candan ayıran yağıyam öz canım üçün.


Şadimana, niyə həsrət səni öldürmədi bəs?

Çünki mən ömür edirəm, əhd ilə peymanım üçün.

12.05.1997
***

Dözürəm həsrətə mən bəs nə üçün gəlmədi yar?

Bu qədir qüssə-qəmi bircə kərə bilmədi yar.
Gecəni arzularam yetmək üçün röyaya mən,

Gəlib röyada belə niskilimi bölmədi yar.


Çəkilib xəlvətə çox ağlayıram təki-tənha,

Üzümə baxsa da neynim, üzümə gülmədi yar.


Yenə tökdüm gözümün yaşını göklər sayağı,

Uzadıb əllərini göz yaşımı silmədi yar.


Şadimanın payına düşdü nə qəmdən savayı?

Bu qədər dərdi var ikən nə üçün ölmədi, yar?

03.02.1997

***


Ey yağısını dost bilib yar olan, can,

Əğyar əlində ürəyi zar olan, can.


Qəmləri çəkirsən üzməkdə ürəyi,

Ağrısına gör necə bimar olan, can.


Şad idi könül dərdə giriftar olub,

Hər günü dərdlərə giriftar olan, can.


Gözümün yaşları dəryaçəyə döndü,

Çarə edib aləmə, naçar olan, can.


Bir bənnalıq edə o mehri-kamalın,

Söyləyələr Şirinə memar olan, can.

05.06.1999
***

Tuş edibdir bu fələk öylə məni qovğayə,

Necə dözsün ürəyim bir o qədər ah-vayə?
Bilməyirdimmi məgər zar edəcəkdir könlü?

Niyə uydum görəsən mən bu dəli sevdayə?


Hicrə bax girdi qapımdan içəri, ey tale,

Döndü göz yaşlarım öz həddini aşmış çayə.


Qalmayım mat-məəttəl necə eşq əhlinə mən?

Dözümü aləmə bəlli, tabı yox qovğayə.


Ya rəva görməyə idi Rəbb hicranı mənə,

Verməyəydi ya da mən Şadimanı dünyayə.

09.03.1997

***
Firqətin gəldi yaman könlümü al-qan elədi,

Pisliyi eyləmədin sən, mənə hicran elədi.
Bu bəla, zənn edirəm, çəkməyəcək əl məndən,

Nə qədər aşiqə dağ çəkdi ciyərqan elədi.


Nə müsibətdi bu, eşqin mənə cövr eyləyərək,

Hicrini bir neçə il, vəslini bir an elədi.


Mənə rişxənd eləmə, ver dəli bir ümmidi sən,

Bəlkə Şirin o Şirin, vəslinə imkan elədi.

01.04.1999

POEMALAR



1   ...   28   29   30   31   32   33   34   35   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə