ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə30/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

ONSUZ

Yetmədi həyatım bir dada onsuz,

Getdi ömür-günüm lap bada onsuz,

Tuş oldum büsbütün fəryada onsuz,

Yetir məni ona daha, İlahi,

Dözməyir ürəyim aha, İlahi.


Gözümdən tökülən yaşlarım dəniz,

Saralıb hicranın bağında bəniz,

Olubdu varlığım həsrətə kəniz,

Qurtar vücudumu qəmdən, İlahi.

Ayrılıq gətirən dəmdən, İlahi.
Etmisən hicranı vüsala yağı,

Solub-saralıbdı məhəbbət bağı,

Həsrətin qapıma dəyib ayağı,

Qorxuram ağlada gözü, İlahi,

Qoymaya birləşək bizi, İlahi.
Hifz eylə könlümü əndişələrdən,

Mənə ərmağan et sən nəş’ələrdən,

Yol aç dəstə tutsun bənövşələrdən,

Sevgilim yoluma çıxsın, İlahi,

Həsrətin sarayın yıxsın, İlahi.
Batıbdı hicrana könül yuvası,

Arada həsrətlə vüsal davası,

Yetsin Şadimanın sənə duası…

Eşq ilə bənzənsin anlar, İlahi,

Birləşsin ayrılan canlar, İlahi.

04.10.1998



GƏLMƏYİR YOLA

Deyirəm, sevgini yovuq buraxma,

Həsrəti yaş tökə, qəmi saç yola.

Hər alışan gözə qəlbini yaxma,

Neyləyim, ürəyim gəlməyir yola.
Deyirəm, dodağın atəşi sönər,

‘‘Sevirəm‘‘ deyən dil sözündən dönər,

Dünyanın hicranı başına enər,

Neyləyim, ürəyim gəlməyir yola.


Qul olma sevginin səcdələrinə,

Sonu qəm gətirən müjdələrinə,

Dərdi mən çəkirəm sənin yerinə,

Neyləyim, ürəyim gəlməyir yola.


Deyirəm, sevdalar hicrana tuşdu,

Vüsalın özü də köçəri quşdu,

Bir də görürsən ki, qəmə tutuşdu,

Neyləyim, ürəyim gəlməyir yola.


Bu acı möhnəti anardımmı mən?

Dünyada heç oda yanardımmı mən?

Yazıq Şadimanı danardımmı mən?

Neyləyim, ürəyim gəlməyir yola.

27.09.1998 //Pirallahı

ALIŞAQ BİR YERDƏ

Ələmin, kədərin qəhrindən uzaq,

Aylı axşamları öpməsin sazaq,

Həsrətin biryolluq məzarın qazaq,

Qəlbdə yol verməyək hicran namərdə,

Alışaq bir yerdə, yanaq bir yerdə.


Gözümdə yuxular yolun azanda,

Hicran ayağımın altın qazanda,

Fələk gecəmizə sevda yazanda,

Uyusun sevgimiz açılmaz sirdə,

Alışaq bir yerdə, yanaq bir yerdə.
Gələrəm sübhədək yuxularına,

O gül sevdamızın qoxularına,

Qul olub hicranın qorxularına,

Yar, boyun əyməyək dünyada dərdə,

Alışaq bir yerdə, yanaq bir yerdə.
Şadiman eşqinin sipəri olub,

Ümidin könlümün təpəri olub,

Deyirlər, ‘‘vüsalın səfəri olub‘‘…

Bizim tərəflərdə dolaşa bir də,

Alışaq bir yerdə, yanaq bir yerdə.

20.09.1998


HƏM ÇİÇƏKDİ, HƏM ƏTİR
Od-atəşlə bir-birini yaxanda,

Uzaqlardan qəm bizlərə baxanda,

Sellər təki kükrəyəndə, axanda,

Fələk gələ kədərləri apara,

Qəlbimizdən niskilləri qopara.
Əllərinin hərarəti ürəkdə,

Yolun azıb, yoldan çıxıb ürək də,

Kim var söylə mənim kimi ürəkdə?

Ayrılığın sinəsindən vurmuşam,

Sənin ilə birgə yuva qurmuşam.
Məhəbbətim vüsalının adıdır,

Səadətim süfrəmizin dadıdır,

Ocağımız ürəyinin odudur,

Bu atəşi tök əbədi yoluna,

Hicran dönsün əbədilik quluna.
Qəlbimizdən ayrılıq su içməsin,

Həsrət, eyvah, qapımızdan keçməsin,

Könlümüzün evin yuva seçməsin,

Göz yaşımız səadətdən durula,

Hər anımız məhəbbətlə qurula.
Son qoyula könüllərin qəminə,

Bəbəklərin qurumayan nəminə,

Mehman olaq məhəbbətin dəminə,

Ürəyimin bağçasında gül bitir,

Sevgi özü həm çiçəkdir, həm ətir.

20.09.1998


SƏNİN TALEYİNLƏ, MƏNİM TALEYİM…
Necə bənzəyirlər biri-birinə?

Sənin taleyinlə, mənim taleyim.

Dönüb bir nağılın qəmli sirrinə…

Sənin taleyinlə, mənim taleyim.


Acısı yandırar qəlbin içini,

Gedir tarlasında ömür biçini,

Gah könül fəryadı, gah da iç ünü…

Sənin taleyinlə, mənim taleyim.


Qaşla-göz arası sevgisi yaxın,

Həsrətin əlində solana baxın,

Qəmləri sel təki hey axın-axın,

Sənin taleyinlə, mənim taleyim.


Tapılmır dünyada açması hələ,

Hansı bəxt görübdü kədəri belə?

Elə dastan olub düşüb ki, dilə-

Sənin taleyinlə, mənim taleyim.


Zaman sitəmindən yarası qanlı,

Fələyi amansız, günü divanlı,

Gah həsrət, gah da ki, vüsal ünvanlı…

Sənin taleyinlə, mənim taleyim.


Eşqin göz yaşında boğulur cahan,

Verər qarşısında ölümlər də can,

Sanki tək vücudda bir döyünən can-

Sənin taleyinlə, mənim taleyim.


Şadiman, bəxtimiz ömür nağılı,

Gah qapısı açıq, gah da ki, bağlı,

Eşqə əsir edər, eyvah, ağılı…

Sənin taleyinlə, mənim taleyim.

16.09.1985
YUXUMDA
Röyalarda çəmənlikdə gəzirdin,

Çiçəklərdən dəstə-dəstə üzürdün,

Gizli-gizli məni hərdən süzürdün,

Belə gördüm yenə səni yuxumda,

Ovsunladı gecə məni yuxum da.
Çay aşağı marallar da keçirdi,

Ceyranlar da oradan su içirdi,

Şər qarışıb göz-gözü pis seçirdi,

Zorla duydum baxışını yuxumda,

Baxışının naxışını yuxumda.
Sonra birdən gurşad yağış yağırdı,

Sellər çayın boğazından boğurdu,

Ay da, hənuz buludlardan doğurdu,

İslanmışdı üst-başımız yuxumda,

Üz-gözümüz, göz-qaşımız yuxumda.
Xəfif-xəfif əsən gecə küləyi,

O göylərin şıltaq, nazlı mələyi,

Oynadırdı sinəmizdə ürəyi,

Yox olmuşdu ədamız da yuxumda,

Öpüşürdü sevdamız da yuxumda.
Ayılanda gördüm yasdıq yaş olub,

Ağırlaşan ürək dönüb daş olub,

Röyalarım, sanki sənə faş olub,

Sevgiləri adlamısan yuxumda,

Məni yaman odlamısan yuxumda.
Nə edim ki, sən də, gülüm, beləsən,

Şadimanı əfsunladın elə sən,

Deyirəm ki, bunu yaxşı biləsən,

Ürəyimi almayasan yuxumda,

Məni eşqə salmayasan yuxumda.

22.09.1998


BƏS EYLƏR
Sənin şəfəqindən ulduzlar bitər,

Bu şəfəq gözümdə nura bəs eylər.


1   ...   26   27   28   29   30   31   32   33   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə