ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə29/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

HƏR HAVA ÇALAN GÖZLƏR

Ürəyi oda saldı,

Aha, fəryada saldı,

Sinəmə qada saldı,

Könlümü alan gözlər,

Hər hava çalan gözlər.


Ürəkdə ələmim var,

Sirli bir aləmim var,

Bəbəklərdə nəmim var,

Eşqində yalan gözlər,

Hər hava çalan gözlər.
Əqlimi alıb əldən,

Salıb könlümü dildən,

Yanağımdakı seldən,

Yenə kam alan gözlər,

Hər hava çalan gözlər
Etibarın sınadım,

Yüz yol, min yol qınadım,

Baxışlarda sonadım…

Elədi talan gözlər,

Hər hava çalan gözlər.
Baxışı can ovlayır,

Hicranları qovlayır,

Könlümü alovlayır,

Cana od salan gözlər,

Hər hava çalan gözlər.
Şadimana canmı oy?

Can cana ünvanmı oy?

Aramızda qanmı oy?

Düşmənim olan gözlər,

Hər hava çalan gözlər.

20.12.1997



İLAHİ BAXIŞLARDA

Həsrət rəngkar fırçasıyla,

Qəlbə ilmə naxışlarda-

Birdi ələm boğçasıyla,

O ilahi baxışlar da.
Qara geydi qəlb axşamlar,

Masa üstə dondu şamlar,

Cilvələndi eşqlə kamlar,

O ilahi baxışlarda.


Söndü göydə bəxt ulduzu,

Eşq-imdadsız mələr quzu,

Ərimədi həsrət buzu…

O ilahi baxışlarda.


Çarə bulmaz Tanrı qəmə,

Fələk çalan bu qələmə,

Qan suvardır hicran nəmə-

O ilahi baxışlarda.


Yuvarlanıb qəlb toruna,

Alışıram mən qoruna,

Ürək, cavab tap soruna

O ilahi baxışlarda.


Ey Şadiman, bu günləri,

Qan ağlayan səs, ünləri,

Ara bəxtdə düyünləri…

O ilahi baxışlarda.

20.12.1994
ÜZDÜ ÜRƏYİMİ

BU İZTİRABLAR


Üzdü ürəyimi bu iztirablar,

Yandı içimdəki guman, bilmədin.

Ömrüm qədəhində acı şərablar…

Çəkdin dodağına yaman, bilmədin.


Qaldı qoltuqlarda acı taleyim,

Dəldi asimanı qanlı gileyim.

Hicrindən kəsildi taqəti-heyim,

Ərşi büryan etdi aman, bilmədin.


Nə mənim bəxtimə güldü diləklər,

Nə imdada yetdi ünsüz fələklər,

Yandı bir-birindən ayrı ürəklər…

Könlüm nalə çəkən kaman, bilmədin.


Ömrümün günləri çaş düşüb yenə,

Tilsimin salıbdı bəxti düyünə,

Eyvah, eşq də döndü ərkəsöyünə,

Ələdi başıma duman, bilmədin.


Döyür qap-bacamı hey ağrı, acı,

Görünmür çəkdiyim qəmlərin ucu,

Bulmaz dərdlərimə loğman əlacı,

Ahımdan ağladı ümman, bilmədin.


Şadiman tuş gəlib sən tək zalıma,

Ürəyin daş olub qəmli halıma,

Xatirən bir ağrı bu xəyalıma…

Əritdi ömrümü zaman, bilmədin.

20.12.1994
QAYIT
Buraxıb sevgini başlı-başına,

Tapşırdın sevdanı yenə Allaha.

Son qoy ayrılığın qəm savaşına,

Qayıt, ümidgahım, qayıt-gəl daha.


Hicran niskilləri qonub çiynimə,

Sanki taleyimin quşudur deyən.

Zaman da donunu biçib əynimə,

Ağrıyan könlümün başıdır deyən.


Evimdə körpəyə dönüb acılar,

Ağlar süd həvəsli dodaqlar kimi.

Axı hər əzabın bir əlacı var,

Sındırma ümidi budaqlar kimi.


Sevgimiz rüzgardan titrəyən yarpaq,

Qopub düşməyinin qorxusu zülüm.

Sabah cismimizdən doğacaq torpaq,

Hər ömrün sonuncu yuxusu ölüm…


Ataq müşküllərin daşın boşluğa,

Qayıt, diləkləri sən çin-çin eylə.

Tutuşub anlarım ah, naxoşluğa

Dərdli yuxuları bir yol çin eylə.


Dilsiz gecələrin sönüb çırağı,

Əriyir Şadiman yenə şam kimi.

Qayıt, tərsinədir tale varağı,

Qaralıb bəxtim də bir axşam kimi.

04.03.1995
ÜSTÜNƏ
Necə olsun dilşad ürək?

Vüsal qonub dağ üstünə.

Yar heç aman verməz fələk,

Dağı çəkir dağ üstünə.


Bəbəklərim yaz buludu,

Sızıllayır könül udu,

Qapımdadı, sevda budu,

Gəlib ağlar çağ üstünə.


Ayrılıqlar arada qan,

Eşq yataqda can verir can,

Hicran gəlib elə bu an,

Qara çəkir ağ üstünə.


Köz tutub könüldə yara,

Əsər etmir əfsus yara,

Əlindədir hərçənd çara,

Çəkməz bir yol yağ üstünə.


Hicran da gen getmədi ki,

Yar da əlac etmədi ki,

Xoş günündə yetmədi ki,

Şadimanın sağ üstünə.

03.03.1995

CANIM, SEVGİLİM


Sən mənim içimdə alışan közüm,

Damarda qövr edən qanım, sevgilim,

Dilimdə çağlayan sevgili sözüm,

Bədəndə ən şirin canım, sevgilim.


Sənin alovunla dünyada odam,

Sənin həsrətinlə qəm sinəmdə dam,

Yoxluğun içində dəli fəryadam,

Sən mənim müjdəli anım, sevgilim.


Qatı zülmətinə çırağın mənəm,

Telini oxşayan darağın mənəm,

Hələ yazılmayan varağın mənəm,

Sən mənim pak adım, sanım, sevgilim.


Oxşa Şadimanı dildə sözünlə,

Axtar bu dünyada məni gözünlə,

Səadət lazımdı mənə özünlə,

Unutma, sən mənim canım, sevgilim.

10.12.1997
GƏLMƏSƏN
İçimdə qəm, kədər doğular sənsiz,

Dodaqda gülüşlər boğular sənsiz,

Mənimçin kainat dağılar sənsiz,

Gəlməsən, gəlməsən, vallah gəlməsən.


Məni səadətə səsləyən də sən,

Ürəkdə eşqimi bəsləyən də sən.


Buludlar ağladar sabahlarımı,

Tanrı bağışlamaz günahlarımı,

Əritməz ümidlər bu ahlarımı,

Gəlməsən, gəlməsən, vallah gəlməsən.


İsit gecələrin ayazlığını,

Göstər səhərlərin bəyazlığını.


Ürəkdə qovrulan o nidalara,

Dilimdə alışan səs-sədalara,

Yanacaq dodaqlar əlvidalara…

Gəlməsən, gəlməsən, vallah gəlməsən.


Başımın sərvəti, eşq tacım da sən,

Dünyada yaşamaq əlacım da sən.


Şadiman duada böyük Allaha,

Qurumaz gözümün yaşları daha,

Batacaq bu dünya büsbütün aha,

Gəlməsən, gəlməsən, vallah gəlməsən.

14.11.1997

HEYKƏLƏ DÖNÜBDÜ


Sən acı həsrətin möhlət qayığı,

Üzürsən hicranın dənizlərində.

Sənin möhnətinlə sevgiyə sayğı,

Sevən bəbəklərin bənizlərində.


Sısqa meh dalınca sərgərdan gedən,

Bir səmum yeli tək gəl əsmə hərdən.

Sevən ürəklərin bağrını didən,

İmkansız vüsalı qopart kədərdən.


Ox təki dilinə sancılıb adım,

Donub bir buz təki dodaqlarında.

Tənha quşcağaztək dəli fəryadım,

Titrəyir könlümün budaqlarında.


Hicranın kiprikdən asılan şehmi,

Qıvrılır ilan tək yanaqlarında?

Pəncərən önündə Şadiman mehmi,

Heykələ dönübdü sınaqlarında?

26-28.09.1997

SƏDA
Baxışın səhərin günəşi tək al,

Gecənin ulduzlar kəhkəşanıdır.

Surətin olubdu, sanki bir xəyal,

Sehirli yuxunun tək nişanıdır.
Sənin üzündəki təbəssümlərin,

Ovsununa düşən qurtulmaz daha.

Qəlbin kaman təki zərif simlərin,

Hicran naləsi tək batıb günaha.


Mənim ürəyimin ahından qopan,

Bir parça qayaya bənzər bu sevda.

Sehirli yuxu tək gecələr çapan,

Sinəmdə ahlara dönən bir nida.


Gəl ovut könlümün gecələrini,

Atəşi qəlb didən o əllərinlə.

İşıqlat könlümün küçələrini,

Ulduz tək sehirli qəndillərinlə.


Qulaq ver, əzizim, sən bir bu səsə,

Şadiman zülmətin bağrında nida.

Yolumu gurşadlar, şimşəklər kəsə,

Qopar dodağımdan eşq adlı səda.

23.10.1997//Pirallahı

MƏHƏBBƏT
Hər qəlbin bağında açar gül təki,

Nazikdi, zərifdi, sanki tül təki,

Aşiqdi ürəyə bir bülbül təki,

Qəfildən könülə qonar məhəbbət,

Ürəkdə alışıb-yanar məhəbbət.


O ki, ay sevənlər, könül möhtacı,

Odur, yaranandan dünyanın tacı,

Oduna düşənlər tapmaz əlacı,

Qəfil güllə təki qopar məhəbbət,

Hər könlü, ürəyi tapar məhəbbət.
Qəlbin çəmənində laləyə dönər,

Ayrılıq anları naləyə dönər,

Aşılmaz, keçilməz qalayə dönər,

Keçər damarlarda qana məhəbbət,

Necə hakim olar cana məhəbbət?
Onun ovsunundan qurtulmaq çətin,

O ki, dəvasıdır bəşəriyyətin,

O eşq mələyidir böyük xilqətin,

Hər qəlbin gözünü eşər məhəbbət,

Ora alov təki düşər məhəbbət.
O yazıq ağılı salandan tora,

Könül ocağında dönübdü qora,

Elə bir sinəni dünyada ara-

Onu gətirməyib yola məhəbbət,

Ürəksiz bircə an qala məhəbbət.
Şadiman boynuna həmayil ola,

Həm sehrinə düşə, həm mail ola,

qədər həyat var can nail ola-

Sənin dərgahına uça məhəbbət,

Qapını üzünə aça məhəbbət.

04.10.1998


1   ...   25   26   27   28   29   30   31   32   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə