ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə24/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

GÖZBƏBƏYİM

Sənsiz bil ki, mənə aləm,

Talan oldu, gözbəbəyim.

Ayrılığın sinəyə qəm

Salan oldu, gözbəbəyim.
Hicranın ocağında,

Yandı ömür bu çağında,

Ürək həsrət qucağında

Qalan oldu, gözbəbəyim.


Könül verdin, əhdi dandın,

Özgəsiylə oda yandın,

Söylə, görüm niyə andın-

Yalan oldu, gözbəbəyim?


Niyə yetməz haqqa dua?

Qapımızdan qəmi qova,

Bulud gözdə qurdu yuva

Dolan oldu, gözbəbəyim.


Ey Şadiman, qəm başımda,

Yalvarış yox göz yaşımda,

Demə, mənə bu yaşımda

Olan oldu, gözbəbəyim.

29.04.1997

TELEFON TELLƏRİ

Üzmə bağrımı sən belə,

Qovuşdur həsrət dilləri.

Heç könül görmüb çən belə

Aman, telefon telləri.
Hicran içimdə qəm yükü,

Qırıldı səbrin can tükü,

Həsrət bağrıma bir süngü,

İnan, telefon telləri.


Yar ayrı düşüb yarından,

Qurtar könlü qəm darından,

Başımda hicran qarından

Duman, telefon telləri.


Bu qor ürəyi alışdır,

Yarı yarına ulaşdır,

Niskilliləri calaşdır,

Bir an, telefon telləri.


Şadiman qəmə lap tuşdu,

Vüsal hicrana tutuşdu,

Uçan köçəri bir quşdu…

Zaman, telefon telləri.

26.05.1991
OLAYDI…
Məni əzablarda qoyan vəfasız,

Sənə sevgilərim yalan olaydı.

Ömürlük yolunda qalan gözlərim,

İndi nə boşalıb, dolan olaydı.


Həsrət məni çəkir günlərlə dara,

Dolaşır taleyim hey qanıqara,

Qədərim, bu eşqi sən yazdın qara,

Kaş sənli günlərim yalan olaydı.


Möhnəti-hicranın niyə gərəkmiş?

Bu necə arzumuş, necə diləkmiş?

Sənin gözlərində sevgi mələkmiş…

Uçurtdun sinəndə qalan olaydı.


Əbədi dünyada ömür gedəri…

Düşdü ayağına sevgi qədəri,

Cahanı dolaşan eşq dərdi-səri

Bulaq tək sinənə dolan olaydı.


Mənim məhəbbətim nə qədər gücsüz,

Doyub yoxuşlardan çox axtarır düz,

Birgə yaşayaydıq bu dünyada biz-

Sevgim ən istəkli balan olaydı.


Birgə adlayaydıq yoxuşu, düzü,

Birgə dolaşaydıq gecə-gündüzü,

Şadimanın onda gülərdi üzü…

Köksündə sevgimdən qalan olaydı.

08.01.1987
GƏLMƏ YUXULARA
Könlümü qəmlərə tuş eyləmisən,

İçimdən bir anda dikəlir min ah.

Qəm bilməz gözümü yaş eyləmisən,

Gəlmə yuxulara, gəlmə, sən allah.


Unut olmuşları, unut bir daha,

Batırma özünü sən də günaha,

Bu sevgin ki, mənə çox gəldi baha,

Gəlmə yuxulara, gəlmə, sən allah.


Yatmış duyğuları saldın didərgin,

Nə qədər keçəcək ömür, gün gərgin?

Öldürür, dirildir röyalar sərgin…

Gəlmə yuxulara, gəlmə, sən allah.


Dəryada kimsəsiz xəyal yelkənim,

Qılıncı sıyrılmış kədərim qənim,

Əzəldən bir bəxtim olmadı mənim,

Gəlmə yuxulara, gəlmə, sən allah.


İçimin ağrısı dünyanı udar,

Eşqi də, səni də biryol unudar,

Bu qara taleyim zindandan da dar,

Gəlmə yuxulara, gəlmə, sən allah.


Qəlbi gəlişinlə ovutmayırsan,

Yanan ürəyimi sovutmayırsan,

Sən ki, bircə yolluq qayıtmayırsan,

Gəlmə yuxulara, gəlmə, sən allah.

13.07.1991

OLMAYACAQSAN


Bütün məmləkəti tutacaq ünüm,

Ahımdan boşalıb dolmayacaqsan.

Sənsiz yaxasını cıracaq günüm,

Təkcə sən mənimlə olmayacaqsan.


Şimşəklər acıqlı çaxacaq yenə,

Buludlar gözünü sıxacaq yenə,

Günəş də yandırıb yaxacaq yenə,

Təkcə sən mənimlə olmayacaqsan.


Dağları, daşları gəzəcək külək,

Gündə min bir dona girəcək fələk,

Ağlaya-ağlaya öləcək ürək..!

Təkcə sən mənimlə olmayacaqsan.


İçin-için gözüm yaş tökəcəkdir,

Önümdə xəyalın diz çökəcəkdir,

Həsrətin başıma daş tökəcəkdir,

Təkcə sən mənimlə olmayacaqsan.


Sevgimiz röyada ulaşacaqdır,

Hicranın sisinə bulaşacaqdır,

Uyğum da uyğuna sarışacaqdır,

Təkcə sən mənimlə olmayacaqsan.

02.09.1991

YAŞIL GÖZLƏR

Yaşıl gözlər, könlün için,

Od-ocaqla qalamısan,

Söylə görüm, xudam, neçin?-

Dərdi mənə calamısan.
Yıxıb sınmaz dirəyimi,

Oxlamısan diləyimi,

Eşqlə dolu ürəyimi

Həsrətinlə talamısan.


Yaşıl gözlər, əfsunlandım,

Bir baxışla ovsunlandım,


Alovunla qorsunlandım,

Göydən enən bəlamısan?


Taleyimin yoxuşları,

Saldı ömrə naxışları,

Evlər yıxan baxışları-

Nə tuşladın qalama sən?


Yaşıl gözlər, bəxtin tacı,

Başdan aşır ağrı-acı,

Dərdlərimin tək əlacı,

Gəl, yox eylə bəlamı sən.


Yaşıl gözlər, gözüm yatmaz,

Özgə istək qəlb oyatmaz,

Əllərinə əlim çatmaz-

Dəryada bir talamısan?


Şadimanı alışdıran,

Sevgisinə ulaşdıran,

Eşqi qəlblə vuruşduran

Bir tilsimli qalamısan?

26.03.1995

İKİMİZDƏ YANIRDIQ

VAXTDAN BU ATƏŞƏ
İkimiz də yanırdıq nə vaxtdan bu atəşə?

Biz ki, od-alov verdik bu sevgiylə günəşə,

Harda qaldı o istək, o od, o yanğı, nəş’ə?

İtirdik bu sevgini o boranda, o qarda,

İndi sən harda qaldın, mən isə söylə harda?
Qınadı tanıyanlar, tanımayanlar bizi,

Unutduq sevgimizə şahid gecə-gündüzü,

Məhəbbətin nə qədər dönük olurmuş üzü?

Soldu istəyimiz də, məramımız da darda,

İndi sən harda qaldın, mən isə söylə harda?
Çilədi sevgimizin üstünə həsrət zəhər,

O dəli duyğulardan ürək görmədi bəhər,

Qınadı bizi axşam, qınadı bizi səhər,

Aradakı hicrana dodaq büzdü bahar da,

İndi sən harda qaldın, mən isə söylə harda?
Gəl birləşsin ayrılan əllərimiz yenə də,

Gör nə qədər arzu-kam, baş qaldırıb sinədə?

Sitəm edir bu illər həsrət, hicran mənə də,

İncidərmi bu qədər yarını sevən yar da?

İndi sən harda qaldın, mən isə söylə harda?

22.03.1987

KAŞ OLMAYAYDI…
Vüsalı saralan bir bahar kimi,

Bəxtimiz hicrana tuş olmayaydı.

Sənin ürəyində sevgi həsrəti,

Mənim gözlərimdə yaş olmayaydı.


Nə xoşbəxt olardıq ikilikdə biz?

Zülmət gecəmiz də süd kimi gündüz,

Əhdi-ilqarımız, peymanımız düz,

Ayrılıq vüsaldan baş olmayaydı.


Həsrət sinəsini cırıb töksə də,

Kədər badəmizə zəhər töksə də,

Aydın fəzamıza zülmət çöksə də,

Günəşi qaralan qış olmayaydı.


Uçub əlimizdən getdisə günlər,

Qədər bəxtimizə saldı düyünlər,

Dəli ayrılığa uyan beyinlər,

Min bir hava çalan baş olmayaydı.


İllərin qəmindən boşalıb dolan,

Hər günü yarpaq tək saralıb solan,

Hicranın əlində oyuncaq olan-

Məcnun sevgimizdə yaş olmayaydı.


Bizi bir-birindən aralı qoyan,

Qaniçən cəllad tək dərilər soyan,

Şeytanın, iblisin dilinə uyan,

Həsrətin sinəsi daş olmayaydı.


İndi bu ürəkdir cəfalar çəkən,

İlk məhəbbət adlı ağır yük çəkən,

Sinəmi oduyla yandırıb tökən-

Çəkdiyim ağrılar boş olmayaydı.


Şadiman hardadır, sən isə harda?

Odlu duyğularsa boranda, qarda,

Sevgimiz beləcə qalıbdı darda,

Dünyada ayrılıq kaş olmayaydı,

Dünyada ayrılıq kaş olmayaydı.

14-17.01.1987


BİR ANIN SƏADƏTİ
Ürəyim ürəyinin atəşinə boyanıb,

O yatmış duyğularım hönkürür dağ seli tək.

Eşqim, sevgim, həyatım qarşındaca dayanıb

Haray çəkib sızlayır sirli kaman teli tək.


Dilim lal olub qəfil bu sevgili gəlişdən,
Kəsilibdi taqətim bir səsim, hənirim yox.

Dodaqlarım od alıb o sehirli görüşdən…

Tilsimlənib qalmışam qaçmağa hünərim yox.
Alovlu baxışların ağlıma tor toxuyur,

Bu atəş qarşısında necə acizəm bilsən.

Dağ vüqarlı körkəmin mənə meydan oxuyur,

Sevgin könlümə mehman, özün mənlə deyilsən.


O istəkli anları unudacaq halım yox,

Sevsən də, sevməsən də eşqimin allahısan.

Ürəyin özününki, sənlə qalmaqalım yox,

Heyhat, Tanrı önündə ən məş‘um günahımsan!


Dəli könül amadə bir anlıq görüşünə,

Səni deyib haylayır gecəm də, gündüzüm də,

Dözüm qalmıb sinəmdə amansız gərdişinə,

Sənsən səadətimin eşq məcnunu gözümdə.


Əzizləyib illəri yanacam bu odıyla,

Həsrətin ilğımında acışacaq gözlərin.

Gələcəksən, fəqət gec, Şadimanın adıyla,

Məhbus olub qalacaq qapımdaca izlərin…

07.10.1992

1   ...   20   21   22   23   24   25   26   27   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə