ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə2/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   47

QORU, ALLAHIM

Sənin tufanın da, küləyin də nur,

Sənin dünya adlı ürəyin də nur,

Göylərdən sütunlu dirəyin də nur,

Bizi izimizdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.


Sənin dairəndə bu dünya üzük,

Sənə tövbə edib suç edən bizik,

Sənin atəşinin oduna közük,

Bizi közümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.
Bizi əyri yoldan əyləyən də sən,

Adəmi imtahan eyləyən də sən,

Nizam-tərəzidən söyləyən də sən…

Bizi gözümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.
İblisi içində bizləyir bəşər,

Haqqı, ədaləti dizləyir bəşər,

Üzünü min rənglə gizləyir bəşər,

Bizi üzümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.
Dodaqlar əsirdi Haqq duasına,

Qaytar bu dünyanı öz yuvasına,

Şadiman qul olub söz havasına,

Bizi sözümüzdən qoru, Allahım,

Bizi özümüzdən qoru, Allahım.

8.12.1997



FƏLƏK

Məni dəli edib fitnə-fəsadlar,

Ağıldan dayazlar, qəlbdən kəsadlar,

Mənsəbə, şöhrətə, pula həsadlar,

Pisliyin əlində imkandı fələk,

Bu necə zəmanə, məkandı, fələk?


İçimdə ağlardır saysız diləklər,

Niyə imkansıza daşdı ürəklər?

Dünyanı qiymətdən salıb kələklər,

Dövran zalımlara sükandı fələk,

Bu necə zəmanə, məkandı, fələk?
Çox eldə, çox yurdda tökülür qanlar,

Vaxtsız torpaq olur növrəstə canlar,

Dünyaya beşgünlük gələn insanlar,

Özü öz qanını tökəndi, fələk,

Bu necə zəmanə məkandı, fələk?
Məramı hiyləylə sovulanların,

Bəxti çay daşı tək ovulanların,

Öz yurd-yuvasından qovulanların,

Dərdi bir-birinə söykəndi fələk,

Bu necə zamanə, məkandı, fələk?
Dünya başdan-başa sərhəddi, səddi,

Nalədi, fəqandı, fəryaddı, dərddi,

Qan tökən zənn edir dünyada mərddi…

Zülümün evini tikəndi fələk,

Bu necə zəmanə, məkandı, fələk?
Maskalı iblislər dövran sulayır,

Qapının iti də qurdla ulayır,

Aslanlar tülküyə quyruq bulayır,

Dünya alqı-satqı dükandı, fələk,

Bu necə zəmanə məkandı, fələk?
Günahsız günahkar qazanda bişir,

Haqqını deyənlər ayağa düşür,

Gündə min yol qəlblə əcəl görüşür…

Bu dərdlər ölümə təkandı, fələk,


Bu necə zəmanə, məkandı, fələk?
Həyat bir iblisdir, Şadiman naşı,

Neçə min Arazdır gözünün yaşı,

Yurdum parçalanıb, sıldırım qarşı…

Sərhəd dirəkləri tikandı, fələk,

Bu necə zəmanə, məkandı, fələk?

8.05.1990


RƏBBƏ…

Zaman qovqasında zəif fərdlərik,

Dünya dəyişdikcə elə dərdlərik,

Biz öz-özümüzə min bir sədlərik,

Öldürüb bir-birin qisas alırıq,

Ucalmaq istərkən, Rəbb, alçalırıq!


Baş-başa, üz-üzə həyatla insan,

Fələk, uf demədən, qoparır asan,

Çıxır yolumuza müşküllər hər an,

Yanır gilə-gilə hər ömrün şamı,

Hər tale qapısın döyür axşamı.
Sınaqçın həyata atıldıq, ey Rəbb,

Dünyanı insana verdin acı həb…

Önündə aşkardır çox kiçik mətləb,

Çəkdin üstümüzdən bir an kölgəni,

Aldı savaş, ölüm yurdu, ölkəni.
Sənin əlindədir sirli kainat,

O başa, bu başa zaman çapır at,

Çökür ayağına son anda həyat,

Sınaqçın şeytanı qəlbə yolladın,

Adəm övladını oda tulladın.
Dinlə pərdələndi iküzlü bəndən,

Zinətə, altuna büründü dən-dən,

Qurtula bilmədi bəşər düyündən,

O məhşər günündə önündə çökdü,

Öz böyüklüyün tək rəhmin böyükdü!
Son anda millətə bölməzsən ərzi,

Önündə ruh durar, bir də tərəzi,

Bəndənin əliylə suçu, qərəzi,

Hətta misqal-misqal çəkdirib ona,

Cəhənnəm bir açar bu son divana.
Nə qədər canımız cisimdə durur,

Bəşər bir-birinə hey tələ qurur,

O Haqq dərgahında əyilməz qürur,

Məhşəri gizlətdin son zülümədək,

Bir yol var həyatdan o ölümədək.
Tale qəndilləri bəxtdə şam kimi,

Hər ömür sonunda bir axşam kimi,

Alçaldır, ucaldır min yol kim-kimi?

Rəbbim, qol qoyduğun hökümlər ulu,

Bizlərsə əbədi Adilin qulu!
Şadiman yaş tökür bu miskin halə,

Ey Rəbb, neçə tale gəldi zavalə,

Zəhərlə doludu əldə piyalə,

Əzrayıl, Cəbrayıl qapıda hər gün,

Birinə yas qurur, birinə dügün.

26.04.1994


APAR MƏNİ

Tükənib, kəsilib qətrə amanım,

Daha yaşamağa yoxdu gümanım,

Ya öldür, ya da ki, sağ ikən canım,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.


Döyür qap-bacamı dedi-qodular,

Dirikən könlümü min yol oydular,

Qanımla sinəmin dərdin yudular,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
Minüzlü, mindilli, minsözlü bəşər,

Savaşda vuruşda hər gün xeyir, şər,

Qorxuram pak könlüm ayağa düşər,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
Əllərim dikilib Haqq dərgahına,

Dünya tuş insanın çox günahına,

Üzümü tutmuşam qibləgahına…

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
Ürək parçalayıb sinə ovanlar,

Qeybətlə yıxılır min-min ünvanlar,

Bimürvət bəndələr qurub divanlar,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
Qəsd etsəm özümə, aciz bəndəyəm,

Yaman ağızlarda «toy-düyündəyəm»,

Özün görürsən ki, mən nə gündəyəm?

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
İyrənc adamlardan canım bezardı,

Bəxtim sifətimə min yol bozardı,

İküzlü bəşərdə böhtan azardı,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
Taleyin yolları sarıtikandı,

İnsanlıq pul-para, dövran-dükandı,

Nə qədər canda can hələ imkandı,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

Könlümün nəş’əsi qəhərə dönüb,

İpə-sapa yatmaz kəhərə dönüb,

Halal duz-çörəyim zəhərə dönüb,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.


Gəmim tufanlarda, hanı imkanım?

Dözmür dalğalara həyat sükanım,

Bəxtə çox görüldü dəniz məkanım,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.
Bəndən bir-birinə, vallah zalımdı,

Talelə üz-üzə acı halımdı,

Yetişib son anım, ölüm-qalımdı!

Allah, bu dünyadan gəl qopar məni.

Ayrı səyyarəyə al apar məni.
Acımı kağızlar götürmür daha,

Qələm də əyilib naləyə, aha,

Qoyma Şadimanı batsın günaha,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

6.04.1994


1   2   3   4   5   6   7   8   9   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə