ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə16/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

ÜŞÜDÜM

Üşüdüm gözlərin xəyanətindən,

İblis ürəklərin bəd niyyətindən,

Üşüdüm sevginin soyuqluqundan,

Sısqa baxışların donuqluqundan,

Müdrik duyğuların oyuqluqundan.

Üşüdüm yalanın qaralarından,

O haram ciblərin paralarından,

Dünyanın sağalmaz yaralarından…

Əyilməz qəddimi əydi bu ələm.

***

Üşüdüm, tək otaq, bir mən, bir qələm.



Əyilməz qəddimi əydi bu aləm,

Yetmədi Tanrıya, yetmədi naləm.

Zaman çıraq tutdu əyri işlərə,

Ürəklər sındıran pis vərdişlərə,

Quduzluq bəxş edən haram dişlərə.

Soyuq baxışların dönüklüyündən,

Eşqin, məhəbbətin sönüklüyündən,

Qara yalanların böyüklüyündən,

***

Üşüdüm, İlahi, üşüdüm, yenə,



Yandı sitəmlərdə günahsız sinə.

Üşüdüm–tökülən nahaq qanlardan,

Yaşamaq eşqiylə solan canlardan…

Bir-birinə yağı bu insanlardan!

Sitəmləri sonsuz dünya nə yaman?

Aman istəyirəm, ey Tanrım, aman!

Üşüyə-üşüyə soldu varlığım,

Çırpındı qəfəsdə can vüqarlığım,

Qaraya büründü bəxtiyarlığım.

Dünyanın fəqanı göylərdə gülüş,

Qurtarmaq bilməyir min illər döyüş.

Əzablı vuruşda bu Şadimanın,

Tanrım bilməm niyə almayır canın?!..

03.12.1991


BU HƏYATI İSTƏMİRƏM


Ürəyimi döyəcləyən əzabların ölçüsüyəm,

Hər ağrıya, hər acıya mən dəmirəm.

Ulu Tanrım, həqiqətin, səadətin elçisiyəm,

Bu həyatı istəmirəm.

*

Min illərdir yol yoldaşı xeyrlə şər,



Qəzəbiylə bir-birinin köksün deşər,

Ayaqlara qapanıbdı yazıq bəşər…

Bu həyatı istəmirəm.

*

Həqiqətim qapıların arxasında öləcəksə,



Əliqanlı yağı, düşmən torpağımı böləcəksə,

İftiralar ayaq açıb pak üzlərə güləcəksə,

Bu həyatı istəmirəm.

*

Əgər dövran arxa dursa hər əməldə xəbislərə,



Ağıl, idrak meydan versə qara ağızlı hisslərə,

Dərgahına sığındığım Tanrım yolsa iblislərə…

Bu həyatı istəmirəm.

*

Ey Allahım, torpaqlara gömültmə pak diləyimi,



İnsaf eylə gözlərimdə qoyma, böylə istəyimi,

Fəqət, sonra al, parçala murazınla ürəyimi,

Bu həyatı istəmirəm.

*

Xəyanətlər bu dünyanın gözün deşir,



Yalan, hiylə dərisinə heç sığmayır hər gün şişir,

Əcəlsiz də hər insanın taleyinə ölüm düşür…

Bu həyatı istəmirəm.

*

Mənsəbbazlar, tayfabazlar parçalayır



torpağımı para-para,

Həqiqətlər, sədaqətlər düşüb tora,

Bu zülümlər, bu əzablar çəkir dara,

Bu həyatı istəmirəm.

*

Düzgünlüyü aramızdan süpürənlər,



Namusa da, qeyrətə də, insafa da tüpürənlər,

Vicdanların qarşısında «pir» edənlər,

Bu həyatı istəmirəm.

*

Qiymə-qiymə varlığımı çəkin şişə,



Bu əzablı məhv olmağım ruhunuza versə nəş’ə,

Qoymaram ki, bu etiraf bağrı deşə,

Bu həyatı istəmirəm.

*

Ey Şadiman, sinəm içi atəşlərə qalansa da,



Onsuzdakı hər istəyin, hər məramın talansa da,

Ocaq çatmış yazıq təbin bir istəkli balansa da…

Bu həyatı istəmirəm!

Bu həyatı istəmirəm!

04.09.1991

TAPILMAZ

Sevimli şərqi ustası Zeynəb xanım Xanlarovaya

Hər sinədə şəlalələr çağlamaz,

Hər ürəyə alov, atəş yapılmaz.

Hər iç, könül nəğməyə qəlb bağlamaz.

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.
Şaqraq səsi sellər təki daşacaq,

Hələ neçə məmləkətlər aşacaq,

Zəngulələr bəmdə, zildə coşacaq,

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.


Ellə çağlar, ellə ağlar kamandır,

Qəmli gündə səsi ahdır, amandır,

Tomris kimi düşmənlərə yamandır,

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.


Mərd savaşda qəzəblidir haqq səsi,

Od qızıdır, yurdu Odlar ölkəsi,

Nəğməsiylə ovsunlayır hər kəsi,

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.


Gur sellərdir içindəki qəzəbi,

Coşduracaq ürəkləri, pak təbi,

Ram edəcək çox Misiri, Hələbi,

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.


Odlu köksü türkülərə diləkdir,

Tanrısından haqq diləyən mələkdir,

Musiqinin göylərində fələkdir,

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.


Sinəsində Azərbaycan atəşi,

Çöhrəsində şərqilərin günəşi,

Bir tilsimdir nəğmələrlə şux işi,

Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

29.06.1991
YANACAĞAM
İçimdə alışan yanan bir odam,

Eşqi ərşə bülənd dəli fəryadam,

Məndən od alıbdı Həvva və Adam,

Min ildi qovuyla közsüz ocağam,

Ölsəm də məzarda hey yanacağam!
Köksə İlahidən basılıb atəş,

Ki, hərarətimdən od alır Günəş,

Yer-göy bu alovdan qəş eləyir, qəş!

Dünyanın sazağın mən anacağam,

Ölsəm də məzarda hey yanacağam!
Savaş istəyirsə ürək, savaşım,

Bir dəli çeşmə tək qaynayıb-daşım,

Boğulub içimdə acı göz yaşım,

Əsla son mənzildə dayanacağam,

Ölsəm də məzarda hey yanacağam!
Söndürə bilməyir odumu rüzgar,

Odur ki, arada qalıbdı ögar,

Qovrulur köksümdə ürək, can-cigar,

Külümlə alova boyanacağam,

Ölsəm də məzarda hey yanacağam!
Dad çəkir əlimdən uca fələklər,

Yanır atəşimdən odsuz ürəklər,

Göydə qanad açır mavi mələklər,

Demə ki, ey könül, usanacağam,

Ölsəm də məzarda hey yanacağam!
İçimin odundan alışır zaman,

Zili bağırımda boğulan kaman,

Dad çəkir əlimdən eyləyir aman!

Torpaqdan alovla oyanacağam,

Ölsəm də məzarda hey yanacağam!
Atəşlər sarılıb, sanki anıma,

Düşüb bu dünyanın odu canıma,

İlğım qarışıbdı yoxdan qanıma,

Od olub Günəşə mən qonacağam,

Ölsəm də məzarda hey yanacağam!

28.04.1997



SAZIM ÇAL

Dərdlərimin təzəsi çox, azı yox,

Ölər ömrün sərt qışı var, yazı yox,

Heç alında yazım kimi yazı yox,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.


Mən gələli dünya yaman dünyadır,

Yazıq başım gecə-gündüz qaldadır,

Var-dövləti gözümüzü aldadır,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Ellərimin qan ağlayan gözləri,

Alışdırır bağrın için közləri,

Yağılara göz dağıdır özləri,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Dərd sinəmi min bir yerdən oxladı,

Bu kor olmuş bəxtim yenə yuxladı,

Gül bəslədim, ətrin yağı qoxladı,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Nədəndir ki, buludlanmış nəhirlər?

Boğdu məni min bir yerdən qəhərlər,

Dünya zalım üsbəüstdən zəhərlər,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Zəmanənin üzü dönüb yenə də,

Min yara var qəmə batmış sinədə,

Tarix ağlar uçuqlanmış binədə,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Tale quşu bağrımızdan uçubdu,

Əlçatmayan zirvələri qucubdu,

Bəxt sarayı başımıza uçubdu,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Acılara ağlayan kim, gülən kim?

Dünya varın min bir yerə bölən kim?

Altunlarla çarpışan kim, ölən kim?

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Saçın yolur halımızdan mələklər,

Şimşəklərdən şivən qurur fələklər,

Qüsurlunu, qüsursuzu ələklər…

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.
Ey Şadiman, dünya mənim deyənlər,

Varın, pulun, əyin-başın öyənlər,

Haqqı danıb, tərəzini əyənlər,

Bir gün Tanrı dərgahında hey inlər,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

27.10.1991

1   ...   12   13   14   15   16   17   18   19   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə