ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə11/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

Rus işğalçıları çeçen xalqının

çökməsinə 48 saat vaxt verib!

Üsyandı dünyanın işğallarına,

Güvənər atının ayaqlarına,

Ocaqlar sancılıb şiş dağlarına,

Yıxar məhvərindən şəri çeçenlər,

Qafqazın döyüşkən əri çeçenlər.


Qorxutmaz onları qurğuşun, ölüm,

Əyməz qürurların o qanlı zülüm,

Birləşər dağlarda el bölüm-bölüm,

Kafirin biləyin gərər çeçenlər,

Qanlı köynəyini sərər çeçenlər.
Böyük şeyx Şamilin qeyrət havası,

Qul olmuş Qafqazın o hürr davası,

Tanrının dilinin heyrət duası,

Dayanıb səd kimi qala çeçenlər,

Getməz hər fitvayla yola çeçenlər.
Bitməz imperiyayla haqq savaşları,

Əyilməz zirvələr dələn başları,

Zəhmi parçalayar o sal daşları,

Qatlar yoxuşların dizin çeçenlər,

Əridər düşmənin izin çeçenlər.
Alçalda bilmədi zülüm qeyrətin,

Papağı başında dağdı millətin,

Dünya da gizlədə bilmir heyrətin.

Mənəm deyənlərə dərsdi çeçenlər,

Allahdan ucalan səsdi çeçenlər.
Ey din qardaşlarım, qırın qəfəsi,

Yıxın azadlığı didən məhbəsi,

Yetişər Qafqazın Hürr qələbəsi!

Düşər ayağına zülüm, çeçenlər,

Diz çökər önündə ölüm, çeçenlər.
Şanlı istiqlala şəhiddi xalqı,

Haqqın dərgahına pak yetdi xalqı,

İmperya səddini əritdi xalqı,

Köləlik məzarın qazdı çeçenlər,

Tarixi qanıyla yazdı çeçenlər.

Qadınlı, uşaqlı silah əlində,

Qanlar su yerinə axır elində,

Allahu-əkbərdir, hürdür dilində,

Ərzi məhvərinə salar çeçenlər,

Alar istiqlalın, alar çeçenlər.

16.12.1994

BİZİ ÖZÜMÜZƏ QAYTARAN OLA


İçimdə alışan şamdı ürəyim,

Dərdlərin əlindən damdı ürəyim,

Bu necə murazdı, kamdı ürəyim?

Gəlsin Şah İsmayıl, Qacar bu hala,

Bizi özümüzə qaytaran ola.


Ana ətəyində gizlənən oğul,

Addımı gəlin tək izlənən oğul,

Külək nə, mehdən də gözlənən oğul,

Doğulduğun evmi qeyrətə qala?

Bizi özümüzə qaytaran ola.
Kişi at belində əlində qılınc,

Başının altına qız qoyar balınc,

Utanır gözəllər-Sevda, Gül, Narınc…

Oğul dediyimiz Vətənə bəla,

Bizi özümüzə qaytaran ola.
Donub damarlarda qeyrətin qanı,

Necə miskin edib Azərbaycanı?

Hanı Cavanşirin, Babəkin canı?

Qoymasın bir ana gözləri dola,

Bizi özümüzə qaytaran ola.
Pulsuzlar gedirlər cəbhə xəttinə,

Vətənin yaralı qan sərhəddinə,

Nə oldu oğulun kişi qəddinə?

Ürək necə gedir qeyrətlə yola?

Bizi özümüzə qaytaran ola.
Niyə içimizdə namus əzildi?

Niyə bu Vətəndən belə bezildi?

Hünər kəndirimiz əldən üzüldü,

Allah, içimizdən qorxunu ala,

Bizi özümüzə qaytaran ola.
Yağının hələ də vayı olmayıb,

Xain ermənin tayı olmayıb,

Heç kəsə düşməndən dayı olmayıb,

Allah nizamlasın bizi haqq yola,

Bizi özümüzə qaytaran ola.
Şadiman, çoxları qul olub vara,

Vətənin köksünə vurubdu yara,

Çəkilsin satqınlar, xainlər dara,

İblis ürəklilər payız tək sola,

Yaradan bizi də düz yola sala,

Bizi özümüzə qaytaran ola,

Bizi özümüzə qaytaran ola.

09.11.1997


EY ŞƏHİD

Masallı bölgəsinin Tüklə kəndindən


Qarabağ savaşında şəhid olmuş İbadov

Əli İbad oğlunun müqəddəs ruhuna…
Can Vətən, deyərək qalxdın ayağa,

Eylədin canını qurban, ey şəhid.

Boyandı al qanın ana torpağa,

Yer də, göy də dedi: Can, can, ey şəhid!


Sən ki, yurd-yuvanı bir Kəbə sandın,

Onun səcdəsiylə doğuldu andın,

Həm şərəf, həm namus oduna yandın,

Vermədin yağıya aman, ey şəhid.


Sığındı köksünə üçrəngli bayrağ,

Çəkdin yağıların sinəsinə dağ,

Qanına bələndi əsir Qarabağ,

Düşmənin hiyləsi yaman, ey şəhid.


Bu acı mətləbi duyanlar da az,

Rahat mənzillərdə uyanlar dayaz,

Yaralı Vətənin siması bəyaz,

Bulmazmı Yaradan loğman, ey şəhid?


Boyanıb Çaldıran igid qanıyla,

Torpaqlar qandallı əsir canıyla,

Dünya usanmazmı bu divanıyla?

Etməzmi bu dərdə dərman, ey şəhid?


Tüklədə uyuyur o nakam məzar,

Ruhu yağılara etmədə həzar,

Şadiman bu halı ah ilə yazar…

Oxuyar, ağlayar ümman, ey şəhid.

22.06.1997 //Pirallahı
ŞƏHİDLƏR XİYABANI
Əsarətinə üsyan dünyanın qəm adası,

Nakam olmuş canların şəhid ruhlar odası,

Zəncirləri qırılmış Vətənin qan-qadası,

Şəhidlər Xiyabanı!


Gözü yaşlı analar saçın yolur ah ilə,

Məmləkət üsyan edir qul olmuş sabah ilə,

Allah necə barışır bu suç, bu günah ilə?…

Şəhidlər Xiyabanı!


Xonçası qara geymiş igidin yas ocağı,

Cocuğu gözü yaşlı gəlinlərin qucağı,

Əli qanlı cəlladın min illik umacağı…

Şəhidlər Xiyabanı!


Diləkləri, amacı sinəsində boğulmuş,

Onsəkkizdən bu yana iki dəfə doğulmuş,

Öz halal torpağında, öz qanıyla yoğrulmuş,

Şəhidlər Xiyabanı!


Görməyib səyyarəmiz bu cürə sitəm, zülüm,

Lay-divar igidlərin sinəsi dilim-dilim,

İlahidən xəbərsiz yazılmış savaş, ölüm,

Şəhidlər Xiyabanı!


Gözüyaşlı körpələr ata yoluna baxar,

Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,

Selmi, sumu bədənlər hər gün qoynuna axar?

Şəhidlər Xiyabanı!


Sonu olacaq görən bu tökülən qanların?

Şəhidlik ünvanına yazılan cavanların,

Allah hesabın çəksin qoy sonsuz divanların!

Şəhidlər Xiyabanı!


İçimdə vulkan olan, ərzi tutan acısan,

Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,

Özünü danan xalqın tək mənlik əlacısan-

Şəhidlər Xiyabanı!


Anaların köksünə dağ basma, özü közdü,

Yetər, daha məmləkət qanlı işğala dözdü!

Millət qul ola-ola öz canından əl üzdü,

Şəhidlər Xiyabanı!


Qərənfili matəmə boyanmış bəy məzarı,

Ağlayır sinələrdə ürəklər zarı-zarı,

Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,

Şəhidlər Xiyabanı!


Nə vaxt sona yetəcək, ay Allah, bu müşküllər?

Lay-lay balam deməkdən qabar çalıbdı dillər…

Ağı deyir ağlayır bağçamızda da güllər…

Şəhidlər Xiyabanı!


Ey millətin istiqlal dünyasının günəşi,

Məzarlara sığınmış nakam ruhların nə’şi,

Min yerə parçalanmış zəncirlərin atəşi-

Şəhidlər xiyabanı!


Sən nəhirlər ağladan ölkənin qibləgahı,

Qocadan cocuğadək hər evin səcdəgahı,

Dikiləcək min illər fələyə ana ahı…

Şəhidlər xiyabanı!


Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,

Başdaşından dünyaya ömürlük ah yüksələr,

Məzar-məzar önündə tənim doğulub ölər-

Şəhidlər Xiyabanı!

Şəhidlər Xiyabanı!

4-5.06.1994


1   ...   7   8   9   10   11   12   13   14   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə