Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə8/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

***

TİFLİSDƏ
Tiflis. Bu şəhər həmişə azərbaycanlıların kef, eşq-işrət məkanı olub. Dərin düşünəndə həmişə azərbaycanlıların olub. Tiflisin xristianlaşdırılması rusların Qafqazı zəbt etdikdən sonra başlandı. Gürcü knyazlarının həddi nə idi ki, azərbaycanlının yanında atılıb-düşəydi.

Eləcə də gürcülərin və ermənilərin X1X əsrdə əsas danışdığı dil Azərbaycan dili idi, daha doğrusu Gürcüstanda hamının danışdığı dil idi.

Tiflisin erməni şairləri şerlərini azərbaycanca yazır və çalışırdılar ki, bu dil vasitəsi ilə əsərlərini Şərqə yaysınlar. İndiyə qədər tiflislilərin azərbaycanca oxuduqları mahnılar kimin yazmasından asılı olmayaraq, hamını tərəfindən sevilir və qəbul olunur.

General-qubernatorluğun burada yerləşdirilməsi Şərqin ticarət yollarının kəsişdiyi Tiflisi daha çox siyasətləşdirmiş və şərqlilər Qafqazda baş verən bütün hadisələrin kökünün buradan başladığını bilirdilər.

Tiflisdən dünyaya Azərbaycan Demokratik respublikasının yaranması xəbəri yayılmışdı. İndi bu haqda danışanın dilini kəsirdilər.

Tiflis Məşədi Fazilin cavanlıq çağının keçdiyi şəhər idi. Onun dostu, sonradan bacanağı Səməd ağa Tiflisi öz şəhəri adlandırırdı.

Tiflislilər arasında basqallıları xüsusi təbəqə kimi tanıyırdılar. Bazarlar, restoranlar, sexlər, alış-veriş -- demək olardı ki, onların əlində idi. Burada özlərini ağa kimi aparırdılar. Qorxu-ürkünün nə olduğunu bilmir, öz işlərilə məşğul olurdular. Sovet hökumətinin nə olduğunu anlamaq belə istəmirdilər.

Basqallılar bir adamın işinə qarışmazdılar. Bir adama sataşmazdılar. Onlara sataşmağa isə birinin cürəti çatmazdı. Hamı onlardan razılıq etsə də, bir o qədər də, yaxşı mənada çəkinirdi.

Basqallıların Tiflis əhalisi arasında xüsusi çəkisi vardı. Belə insanlardan biri də Səməd ağa idi. Tiflisdə kəlağayı sexləri işlədərdi. Şeytan bazar və Orta Çalanı əlində saxlayardı, bir sözünü iki edən tapılmazdı.

Səməd ağanın adı gələndə Orta Çala, Şeytan bazarda lotu-potuların dili-dodağı quruyar, özlərini yığışdırırdılar.

Cavanlıqda hər dəfə bu şəhərə gələndə, bir-neçə gün kintolar onlar üçün erməni qızları ilə yeyib-içmək məclisi düzəldər, sözün həqiqi mənasında kef çəkirdilər, şənlənərdilər.

Tiflis pulundan və mənsəbindən asılı olaraq istədiyin adamı şənləndirə bilən şəhər idi. Bu şəhəri yaradanlar sanki onu şənlənmək üçün yaratmışdılar. Ancaq indi Məşədi Fazilin maşını Tiflisə dostunun yanına şənlənməyə yox, onunla vidalaşmağa aparırdı.

Yaddaşında Səməd ağa ilə keçirdiyi xoş anlar canlanır, bu insanla əbədi ayrılacağına inanmırdı.

Səhərin ilk şəfəqləri ilə Tiflisə girən və Kürün sahili ilə irəliləyən “Pobeda”nın pəncərəsindən yayın istisi duyulmurdu.

Məşədi Fazil arxaya boylandı, başını bağlı pəncərəyə sökəmiş Seyid Bikəyə baxdı. O, Məşədi Fazilin pencəyinə bürünüb mürgüləyirdi.

Arvadının rahat mürgüləməsi onun sakitləşdirirdi. Deməli narahatlığa əsas yoxdur.

Volodyaya haraya getmək olduğunu demək lazım deyildi. O, Tiflisə Bakıya bələd olduğu kimi bələd idi.

Kürün sahilindən Tiflisin yuxarı məhəllələri ilə maşınını hərəkət etdirdi və Nadvarski küçəsinə doğru yönəltdi. Maşın Səməd ağagilin qapısında dayananda səhər saat beş olardı. Həyətdən səs gəlsə də, ətraf hələ yatırdı.

Darvazanın qapısı açıq idi. Məşədi Fazil Volodya ilə həyətə girəndə, Səməd ağanın ikinci oğlu Ağarza onları qarşıladı.

Ağarzanı bağrına basan Məşədi Fazilin gözləri yaşarsa da tez gözlərini sildi və heç nə demədən ona tanış olan evin ikinci mərtəbəsinə qalxdı. Volodya və Ağarza Seyid Bikənin gətirmək üçün küçəyə çıxdılar.

Şüşəbəndli otaq basqallılarla dolu idi. Otaqda yüzdən çox adam vardı. Səməd ağanın cənazəsi evin ortasında qoyulmuşdu.

Cənazənin başı üstündə keçmiş Şah Abbas məscidinin rəisi Axund Hacı Cəbbar Quran oxuyurdu.

Məşədi Fazilin içəri daxil olduğunu görüb, hamı ayağa qalxdı. Axund Hacı Cəbbarın yanında ona yer verdilər. O, oturduqdan sonra hamı əyləşdi və Axundun ecazkar səsi Quranın ayələrini ətrafa yaymağa başladı.

Həyət Səməd ağanı tanıyan azərbaycanlılar, türklər, gürcülər, yunanlar və s. dolu idi.

Səhər açıldıqca məhəlləyə adam axışırdı. Həyətdə yer olmadığından küçənin ağzında skamyalar qurulur, gələn camaatı yerləşdirirdilər.

Səməd ağanı Tiflisdə demək olar ki, tanımayan yox idi. "Səməd ağa da Səməd ağa idi" - deyə onu tanıyanlar deyirdilər. Ağır davranışı, düz sözü, sülhsevərliyi, yeri gəldikdə qorxmazlığı və igidliyi ilə hamının hörmətini qazanmışdı. Onun bir sözünü milliyyətindən asılı olmayaraq bir tiflisli iki etməzdi.

Səməd ağa Tiflisin azərbaycanlı dayaqlarından idi. Əfsuslar olsun ki, bu cür insanların sayı azaldıqca azərbaycanlılar da bu şəhərdə öz mövqelərini itirirdilər.

Bunları düşündükcə Məşədi Fazil onun basqallılar üçün deyil bütün azərbaycanlılar üçün böyük itki olduğunu anlayırdı.

Şeytan bazarın dəli Kərimi Məşədi Fazilin həyətə düşdüyünü görüb qaçıb onun əlini öpdü:

-Fazil dayı, Səməd ağa bizi kimə tapşırıb gedir? Kim bizə yiyə durucaq? - deyə hönkür-hönkür ağladı.

Səməd ağa neçə evin çörəyi, köməyi idi. Neçə xəstənin dərmanı idi. Götürək elə dəli Kərimi, Şeytan bazarda kimin cürəti çatardı ki, onun xətrinə dəysin.

Səməd ağa üzünü tez-tez azərbaycanlılara tutub deyirdi:

-Kişilik odur ki, xəstənə, lalına, dəlinə də yiyə durasan. Dəlini dolayırlarsa, deməli səni dolayırlar.

Səməd ağanın xətrinə hər gün Şeytan bazarına gələn dəli Kərimi əli dolu evinə göndərirdilər.

Mərifət və alicənablığı Tiflis basqallıları Səməd ağadan öyrənirdilər və ona əməl edirdilər. Hər sözü qanun idi. Hamını birləşdirirdi, onların dayağıydı

Səhərdən Nadvarski küçəsinə axışanların sayı günortaya daha da artmışdı. Gələnlərin sayı indi yüzlərlə, deyil minlərlə ölçülürdü.

Səməd ağagilin evinin qarşısında maşınların hərəkəti dayanmışdı. Günorta çağı Axund Hacı Cəbbar iki mərtəbəli mülkün damına çıxaraq həzin səslə azan çəkməyə başladı.

Azanın ecazkar səsi sanki Tiflisə keçmişini qaytarırdı, Şah Abbas məscidinin dağıdılmış divarlarını xatirələrdə canladırdı, bütün müsəlmanları namaza çağırırdı.

Şah Abbas məscidi azərbaycanlıların Tiflisdə tikdiyi ən möhtəşəm tikintisi idi. Əllinci illərdə Gürcüstanda sökülən məscidlərdən biri, Qafqaz Şeyx İslamının oturduğu yer idi. Bundan əlavə Nikolay dövründə qazilərimizdən birin də iqamətgahı bura idi.

50-ci ilin əvvəlləridə bu məscidi sökdürənlər Tiflisin ən yaraşıqlı memarlıq əsərini partlatdılar. Tiflisin Azərbaycanla bağlılığını gizlətmək üçün....

Bütün bunları Səməd ağanın cənazəsi yanında oturub düşünən Məşədi Fazili fikirdən ayıran otağa girənlərin səsləri oldu. Başını qaldırdı, qarşısında Məmmədi gördü. Ayağa durdu. Məmmədi bağrına basdı:

-Bala, sən də gəldin? Mən bilirdim ki, dayana bilməyəcəksən. Axı oğul oğuldursa atasının cənazəsini çiynində həyətdən çıxartmalıdır. Sən isə əsl oğulsan, özü də necə oğul!

Məmmədin gözlərindən sel axırdı. Cənazənin ətrafında oturmuş dörd qardaşı da ayağa qalxmışdı. Ağarza, Davud, Cavad, Rafiq - ancaq bunların biri də ata əvəzi ola bilməzdi. Necə ata əvəzi? Müdrik, alicənab, əməlilə sözü düz gələn, qorxu bilməyən, heç kəsə baş əyməyən...

-Ata, sən bizi kimə tapşırıb gedirsən? Biz axı sən ola bilmərik! - deyə Məmməd cənazənin üstündə ağlayırdı.

Günorta azanından sonra cənazəni evdən çıxartdılar. Tiflis bu uzunluğunda insan axını görməmişdi. Qəbiristanlığa gedənlərin sayı on mindən çox idi. Elə bil Tiflisin görkəmli şairi və yaxud mütəfəkkiri vəfat etmişdi, xalq onunla vidalaşırdı.

Vəfat edən isə sadə bir insan idi. Adi insanların hörmətini qazanmış bir insan...

Tiflis yaxşını pisdən ayıran şəhər idi. Hörmətli sakinlərinə hörmət edən şəhər idi. Tiflisdə şan-şöhrət tapmış insanları bütün Qafqaz tanıyırdı.

Səməd ağa adi tiflislilərin çoxunun ağsaqqalı idi. Ölən günə qədər Sovet hökuməti nə olduğunu qulağının ardına belə almadı. Qazandı, xərclədi, istədiyini etdi. Ancaq heç vaxt ədaləti pozmadı. Ədələtli bir insanla vidalaşırdı Tiflis. Cənazənin keçdiyi küçələr sonuncu dəfə idi Səməd ağanı görürdü. İndi bu küçələrdə başqaları gəzəcək...


***

Yeddi gün Səməd ağanın həyətinə axın kəsilmədi. Ölüm xəbərini eşidən minlərlə adam Tiflisə gəlir, məclisində iştirak edir, baş sağlığı verib çıxıb gedirdi.

Səməd ağanın yeddisi verildikdən sonra həyətdə bir azca sakitlik yaranmışdı. Ancaq həmişə gözdə. qulaqda olmaq tapşırığı almış basqallı uşaqları məhəllənin milislər tərəfindən nəzarətə alındığı xəbərini Məşədi Fazilə çatdırdılar. Aydın idi ki, Məmmədin gəlişi ilə əlaqədar idi.

Axşam Məşədi Fazildən buraya gəlmiş Basqal ağsaqqalları nə baş verdiyini bilmək istədilər.

-Elə bir şey yoxdur. Məmmədi tutmaq istəyirlər. Onu vermək olmaz! - deyə Məşədi Fazil izah etdi.

-Onda nə edək? - deyə basqallı Əhəd soruşdu.

-Nə etməlisiniz? - deyə Məşədi Fazilin qaşları çatıldı.

-Buradan qaçırtmalıyıq!

-Onda kimi gözləyirsiniz?

Məşədi Fazilin qarşısında oturmuş bir dəstə gənc ayağa qalxdı.

-Səmədin uşaqları otursunlar! Biri də bu işə qoşulmasın! Qoy, Basqal uşaqları hər şeyi yerinə qoysunlar. Cəlillə Əşrəf bir şey fikirləşsinlər! - dedi və Milisioner Cəlili qırağa çəkib göstərişlər verdi.

Gecənin qaranlığında Basqal uşaqlarının köməyilə Məmməd, Cəlil və Əşrəf həyəti tərk etdilər.


***

Səhər erkən Volodyanın maşını Nadvarski küçəsindən Kürün sahilinə enəndə maşının qarşısını iki motosiklet və qara "Zil" kəsdi.

Milislər mühasirəni götürməmişdilər. Deməli uşaqlar sağ-salamat aradan çıxıblar! - deyə Məşədi Fazil düşündü.

Maşından düşən Məşədi Fazili milis işçiləri altdan yuxarı süzdükdən sonra, Volodyanın sənədlərini yoxladılar.

-Nə olub?- deyə Məşədi Fazil onlardan soruşdu.

-Adi yoxlamadır. Gedə bilərsiniz!

Naftuluğu keçəndə, qarşılarına Basqal uşaqları çıxmalı idilər. Onlar Məşədi Fazilə xəbər verməliydilər ki, Məmmədi keçirə biliblər ya yox. Uşaqlar gözə dəymədilər.

-Volodya, bax gör, harada qaldılar?

Volodya ora-bura boylansa da, bir adam gözünə dəymədi. Yolu davam etmək qərarına gəldilər.

Gəncəyə qədər gedənlərdən söz-soraq olmadı, ancaq şəhərin girişindəki çayxanada dedilər ki, dünən gecə burada bir atışma vardı ki, gəl görəsən. Gürcü milisionerləri Azərbaycan balalarını maşının qabağını kəsmək istəmiş, maşındakılarsa onları avtomatdan atəşə tutmuş, gürcülər qoyub qaçmışlar.

-Ölən, itən olmayıb?- deyə Seyid Bikə sadəlövhlüklə soruşdu.

-Ana, heç kim! İzlərini belə tapa bilmirlər. Odur, "itlər" eşələnirlər.

Qrajdanski geyimdə biri yaxınlıqdakı ağaca girmiş avtomat gülləsini çıxartmaq istəyirdi.

Məşədi Fazil ölüm-itim olmadığı xəbərini eşidən kimi, Seyid Bikədən işarə verdi ki, durmaq lazımdı.

-Şükür Allaha! Hər şey yaxşı qurtarıb. Tez Basqala çataq, görək orda nə baş verəcək.

İnsan tələsəndə yol uzanır, narahatçılıq artır, əsəbilik keçirir. Ancaq istər ər, istərsə arvad bir damla da olsun əsəbilik keçirmirdilər. Bir-birinə baxıb gülür, ürəklərində isə uşaqlara “Afərin!” deyirdilər. Hərəsi öz oturacağına söykənib pəncərədən ətrafı seyr edirdi. Narahatçılıqdan isə əsər-əlamət yox idi. Dinməz-söyləməz otursalar da vaxtın necə ötdüyünü və Basqala necə çatdıqlarını hiss etmədilər.

Basqalın girəcəyində Əhmədli bağının ayağında onları Məmməd, Cəlil Əşrəf və başqaları qarşıladılar.

Məşədi Fazil Tiflisə ayaq basmasına qadağan qoymasına baxmayaraq, basqallılar üçün problem yaratmış Məmmədə güldən ağır söz demədilər. Deməzdi də, atasının yasına gəlməsəydi bəlkə də danlayardı. Bu biabırçılıq olardı. Basqallıların dilinin altına düşməkdən pis şey nə ola bilərdi?

-Problem yaranıbsa, onun həlli də var! - Səməd ağa həmişə belə deyərdi. İndi isə bu cümləni o, təkrar edirdi.

-Deyin, görüm nə olub? - Məşədi Fazil soruşdu.

-Elə bir şey baş verməyib. İki yerdə Naftuluqdan çıxanda, bir də Gəncəyə çatar-çatmazda milislə toqquşduq.

-Sizdən yaralanan zad olmayıb?

-Yox! Deyəsən, Əşrəf bir milisi qolundan yaraladı! - deyə Milisioner Cəlil cavab verdi.

-Kimin maşınında qaçdınız?

-Abasın!

-Bəs Abas haradadır?

-Göndərdik, Bakıya getsin.

-Bəs maşının nömrəsini nə etmişdiniz? - deyə Məşədi Fazil ciddiləşdi.

-Sən dediyin kimi, Naftuluqda dəmirçi Həsənin düzəltdiyi gürcü nömrəsini taxdıq, yola çıxıb Məmmədi götürmüşdük ki, arxamızca düşdülər...

-Abasın necə? Maşından gürcü nömrəsini açdınız?

-Dədə, bu yadımızdan çıxıb! - deyə Əşrəf başını aşağı saldı. Bir anlığa hamı susdu. Cəlil sükutu pozdu:

-Abas tədbirli oğuldur. Baxarsınız, Basqaldan çıxan kimi meşəlikdə nömrələri dəyişdirəcək.

Məşədi Fazil bir kəlmə belə demədi. Bir azca fikrə daldıqdan sonra üzünü Əşrəfə tutdu:

-Götür, Məmmədi apar Kürdəmirə! Aşıq Şakirgildə bir-neçə gün qalın! Sonra Bakıya dönərsiz. Volodya sizi aparacaq. Kəndə isə daha qayıtmayın. Cəlil, sən qal! Bir-iki saata burada it yiyəsini tanımayacaq.

Seyid Bikə maşından endi. Kəlağayısını başına çəkdi və ərinin arxasınca dinməzcə gəlməyə başladı.

Hər şey yenə də yaxşı qurtardı. Başqa cürə ola da bilməzdi. Çünki ağsaqqal ağlı ilə hər şey idarə olunurdu.

Günorta Basqala xəbər yayıldı ki, Bakıdan gəlmiş bütün it-qurdlar burdadır, Selsovetin binasındadırlar. Məmmədi axtarırlar. Nə edək?

-Heç nə? Gəlməmişik, görməmişik, bilmirik! - deyə, Məşədi Fazil cavab verdi.

-Biz də elə deyirik. Soruşurlar Tiflisdə olmusunuz? Deyirik: olmuşuq, ancaq Məmmədi görməmişik. Soruşurlar, nəylə geri qayıtmışınız? Hamı deyir poezdnən. Bəs, maşın? Deyirlər, biz maşın görməmişik. Atışmadan xəbəriniz var? Cavab verik "Nə atışma? Bir də Basqalda hər gün atışma olur.

Basqalda, doğurdan da, hər gün atışma baş verirdi. Qəsəbənin elə bir sakini yox idi ki, onun silahı olmasın. Dağların və meşələrin əhatəsində yerləşən Basqal sözün həqiqi mənasında vəhşi heyvanlardan qorunurdu.

Səhər yuxudan duran basqallılar eşidirdilər ki filankəsin camışına hücum çəkən ayını qonşuları öldürüb və yaxud bəhmənkəsin həyətində üç dənə çaqqal vurulub.

Gecənin düşməsilə Basqala yaxınlaşan heyvanların nəriltiləri daha aydın eşidilirdi.

Basqallıların hamısının silahlı olduqları rayon mərkəzində də bəlli idi. Hamısının da əlində silah olması haqqında sənəd vardı. Odur ki, Basqala milis burun soxmağa cürət etmirdi. Əməli düz olduqları kimi basqallılar çox qürurlu idilər. Heç kimə icazə verməzdilər ki burada at oynatsın.

Şəhərdən gəlmiş milis müstəntiqləri, əlbəttə ki, bunları bilmirdilər. Onlardan biri səsini ağsaqqalların birinə qaldırıb "Sizə göstərrəm lotuluq etməyi! Hamınızı qoduqluğa basacağam!" dedikdə basqallılardan biri onun yaxasından yapışdı:

-Qoduq oğlu, sənə kim icazə verib ki, burada atılıb düşürsən? Matişkənin biri matişkə! Sən kişi olsaydın, it olmazdın! Dur, buradan rədd ol, qoduq! - deyə Sovetlikdən bayıra atdı.

Şırpıltıla yerə dəyən milis işçisi ayağa qalxmağa macal tapmadı. Kimin isə ayağı onun boğazında idi.

Kənd sovetinin sədri aşağı endi:

-Qardaşlar, qələt eləyib, ondan yeyib! Lap atasıla. Tanımayıb, bilməyib! Onun nə günahı var? Poqon adamıdır. Hər şeydən əvvəl Basqalın qonağıdır. Qurban olum, dəyməyin!

Vəziyyətin belə gərginləşdiyini görən rayon milisinin rəisi də bayıra çıxdı:

-Xahiş edirəm, qonaqdır, adamını tanımayıb. Qoy, qalxsın ayağa! Vallah, çıxıb gedirik. Sizin kəndlə nə işimiz?

“Basqalın qonağıdır.” sözü milisi dövrəyə almışların qəzəbini yatırtdı.

Kənd sovetinin sədri yerə yıxılmışa əl uzatdı. O, ayağa qaldı. Qorxudan tir-tir əsirdi. Elə bil mal pəyəsinə salıb çıxartmışdılar.

Rəis və ikinci “qrajdanski” geyimdə olan, yoldaşının qoluna girdi və maşına tərəf irəlilədilər.

Maşına minib yerindən tərpənmişdilər ki, rəis üzünü şəhərdən gəlmiş nazirliyin əməkdaşına tutdu:

-Zalımın oğlu, evimizi yıxmışdın! Başımızı kəsərdilər, izimizi də axtarıb tapan olmazdı. Bura Basqaldır. Basqal isə yaranandan heç kimə tabe olmayıb və olmayacaq!

Zəhmətkeş, igid kənddir. “Basqalın qonağıdır” deməsəydim səni vurub öldürəcəkdilər.

Az-az özünə gələn milis işçisi, deyəsən səhvini anlamağa başlamışdı.

-Məndə oldu taxsır?

-Səsini ağsaqqala qaldırdın! Yaxşı qurtardın!

-Bəs Bakıya nə deyək? - deyə nazirliyin o birisi nümayəndəsi soruşdu.

-Olduğunu. Məmmədi Basqalda görən olmayıb. Nə də o, Basqala gəlib! - deyə rəis öz fikrini bildirdi - Mən belə yazacağam.

Rəisin təklifinə hər ikisi razılaşdı.

-Ancaq əla yerdir! Bu gözəllikdə yer görməmişəm! - deyə Bakıdın gələn ikinci şəxs dilləndi.

-Aləmi bir-birinə qatmasaydız, indi bulaq başında yeyib içirdik. - deyə rəis əlavə etdi: -Bilirsiniz, Basqal necə qonaqpərvər yerdir. Qonağa canlarını verərlər.

-Bizi isə az qalmışdılar öldürsünlər.

-Elə deyil! Basqalın qonaqpərvərliyi və igidliyi haqqında rusların, fransızların və s. məşhur adamlarının kitablarında da var. Biri yazır ki, sürgünə göndərilmiş dekabristlərdən biri qaçır. Gəlib basqallının evində qonaq qalır.

Ruslar bunu eşidirlər və yüzbaşını atlı kazaklarıyla Basqala göndərirlər. Yüzbaşı Basqaldan olur. Dekabrist isə onların evinin qonağı ....

Yüzbaşını evlərinin qarşısında atası qarşılayır.

-Oğul, bu nə qoşundur, çəkib gətirmisən Basqala?

-Ata, bizim evdə Nikolayın düşməni gizlənir! Onu verməlisən!

-Danışığına fikir verirsən?! Bəs, Basqal nə deyər? Qonağını tutdurdu. Get, bala, sən ünvanı səhv salmısan.

-Verməsən, güclə alacağıq!

-Sarıqulaqlara qoşulandan sonra, sarıqulaqlaşmısan deyəsən? Burdan elə rədd olursan ki, ayağın bura dəymir! - deyə ata evə girir, evdə olan üç oğlunun əlinə silah verir.

Atışma başlayır. Atanın bütün oğlanları həlak olur, ancaq qonağı qaçırtmağa nail olurlar.

Basqal belə yerdir. Onunla bu tonda danışmaq olmaz!

BAKISIZ GÜNÜMÜZ OLMASIN!

Tiflisdən qayıtdıqdan sonra Seyid Bikənin ürəyi Bakıda qalmışdı. "Görəsən, uşaqlar necə oldu? - deyə bütün günü düşünürdü. Yaslı olduqlarına görə bir basqallının evinə qonaq getmirdilər.

Axşamlar eyvanda oturub Nataşayla nəvələrinə nağıl kitablarını oxutdururdu. Əlbəttə ki, əziyyət Tahirə düşürdü. Yorulsa da, o, bərk səslə oxuyur, hərdən birdən nənəsinin üzünə baxır, heç nə demədiyini görüb, Nərgiz tərəfə çevrilir, Nərgiz isə "Oxu!"-deyir. O, da davam edirdi.

Rəfiqəsini darıxdığını Nataşa da hiss etmişdi. Adətən ikisi birlikdə olanda, Seyid Bikə daha danışqan və şən olurdu. Ancaq elə bil köhnə rəfiqəsindən əsər-əlamət qalmamışdı.

Nataşa bir kəlmə belə rusca danışmırdı. Təkcə uşaqlara kitabı izah elədikdə ya Tahirlə, ya da Nərgizlə danışardı. Seyid Bikə ilə isə ancaq azərbaycanca ...

Hərdən birdən özünün niyə ancaq azərbaycanca danışdığı düşünürdü. Nataşa düşdüyü mühitinmi və yaxud Fazilin ailəsində baş verən itkininmi təsirindən bunun baş verdiyini anlayırdı.

Seyid Bikə dərdliydi. Bəs onlar rusca danışanda? Əlbəttə ki, sevincli anlarda, bir olanda bir-birini daha yaxşı başa düşmək üçün bu dildə danışırdılar. İndi isə Seyid Bikə nə göydə idi, nə də yerdə. Bütün Basqal əhli kimi.

Səməd ağanın ölümü çox adamın taleyinə təsir edəcəkdi. Tiflis boyda şəhərin alış-verişini əlində saxlayan və basqallıları ətrafında bir yumruq kimi birləşdirən şəxsiyyət vəfat etmişdi.

Lampa işığında Seyid Bikənin istəkli nəvəsinin səsini belə eşitmədiyini duyan Nataşa əlini Tahirin kitabının üstünə qoydu.

-Bəsdir, bala! Get, Nərgizlə oyna! - dedi. Rəfiqəsinin üzünə baxdı. Fikir onu elə aparmışdı ki, ətrafında nə baş verdiyini görmürdü.

-Bikə, bəlkə Bakıya qayıdaq? Belə olsa, yaxşı olar! - dedi, ancaq, deyəsən, dedikləri ünvana çatmadı.

Bir neçə an sakitliklə keçdi. Seyid Bikə sanki yuxudan ayıldı. Ətrafında nəvələrini görmədi.

-Bunlar hara getdilər? - deyə soruşdu.

-Aşağıdadılar, tutun altında...

-Nataşa, Bakı üçün burnumun ucu göynəyir. Necə bilirsən, qayıdaq?

Nataşa başa düşdü ki, səhərdən Seyid Bikə onu eşitmirdi.

-Pis olmaz!

-Onda düşüm, Fazilə deyim.

Seyid Bikə həyətə endi.

Məşədi Fazil Nərgizlə Tahirin əhatəsində oturub onlarla şirin-şirin söhbət edirdi.

-Fazil, gəl sabah Bakıya qayıdaq!

-Bəs dincəlmək?

-Səməd ağadan sonra nə dinclik?

-Bəs Tiflisə qayıtmayacağıq?

-Bakıdan qayıdarıq...

-Onda hazırlaşın, səhər tərpənək.

Səhər tezdən Məşədi Fazil bazara çıxdı. Bakıya gedən minik maşını tapdı və qapının ağzına gətirdi. Çox çəkmədi ki, ailə basqallılardan və Basqaldan vidalaşdı.
***

Günorta çağı Bakıya çatdılar. Avqust küləyi yenə də hökmranlıq edirdi. Sürücünün əlindən sükanı alırdı, maşını o yana, bu yana aparırdı. Tozanaq əlindən qabağı görmək mümkün deyildi.

Külək divarlara çırpınaraq canavar kimi ulaşırdı.

Maşından düşüb bir təhər özlərini həyətin dəhlizinə saldılar. Sakitcə həyətə keçib eyvana qalxdılar. Maraqlıdır ki, külək eyvanı tutmurdu, bununla belə çölün toz-torpağını ora gətirirdi.

Qapının ağzında onları Raziyə qarşıladı, xoş gəldin etdi. Keçib qayınanasıla Nataşa xalanın üzündən öpdü, Nərgizlə Tahiri qucaqladı və üzünü qayınatasına tutdu:

-Dədə, biz hazırlaşırdıq, Basqala gələk! Dərslər başlayana qədər dincələk!

-Eybi yoxdur sonra dincələrsiniz! İndi de, görüm ərin hanı? - deyə Məşədi Fazil soruşdu.

-Gediblər Məmmədi yola salmağa, indi gələrlər.

-Nəynən yola salırlar?

-Neftçilərin gəmisilə. Pirallahıdan...

-Oldu qızım! –dedi və öz otağına keçdi.

Raziyənin cavabında əsəbiliyi hiss etmədi. Bu onu bir balaca sakitləşdirdi. Narahatçılığa əsas vermirdi.

Gəlinin belə hallarda Seyid Bikədən fərqli olaraq hay-küylü olduğunu bilirdi. Ondakı sakitlik hər şeyin yaxşı olduğundan xəbər verirdi.

Həyət qadınları Seyid Bikənin halının hələ pərişan olduğunu gördülər. Nə baş verdiyindən xəbərdar idilər, Əşrəfə baş sağlığı da vermişdilər. Ancaq Seyid Bikənin bu tezliklə geriyə dönəcəyini ağıllarına belə gətirmirdilər. Raziyə deyirdi ki, Basqalda qalıb dincələcəklər.

Hamı axşamın düşməsini və ərlərinin gəlməsini gözləyirdilər ki, keçib Məşədi Fazilə də baş sağlığı versinlər.

“Təzə Pirin” axundunun qızı Nisə Seyid Bikənin belə tez dönməsinin səbəbini nəyinsə baş verməsində gördü, ürəyi dözmədi özünü onlara saldı:

-Bikə xala, Allah rəhmət eləsin! Nə əcəb tez qayıtdınız? Bir az dincələrdiniz.

-Ay Nisə, sən nə danışırsan? O cür igidi itirmişik, qala bilərdik!? Camaat bizə nə deyərdi?

-Üç gün bundan qabaq Nərgizin adaxlısıla qayınatası gəlmişdi. Eşidib, Tiflisə getdilər.

-Nə pis oldu? Oradan Basqala qayıdacaqlar...

***

Seyid Bikə o birisi otağa keçdi. Məşədi Fazil stolun arxasında oturub qarşısında kitabları vərəqləyir, nəyisə axtarır, bəzi sətirlərin altından xətt çəkirdi.



-Namiq əkəylə Əsəd gəlib, Tiflisə gediblər.

-Bir-iki günə burda olarlar.

-Axı ordan Basqala gedəcəklər.

-Nə olsun? Basqalda da qalarlar. Dincələrlər.

-Bəs Nərgiz?

-Ay arvad, Nərgizin onlara nə dəxli?

-Necə yəni nə dəxli? Ona görə gəlməyiblər?

-Ona görə gəliblər, ancaq Namiq əkə Səməd ağanın ən yaxın dostlarındandır. Tiflisə getmələrinin səbəbi də budur. Düşünüb ki, hamımız ordayıq. Harada olsalar bir-iki günə bura qayıdacaqlar.

***

Doğrudan da, iki gündən sonra günortaya yaxın Əsəd qapıdan içəri girəndə Məşədi Fazil Seyid Bikənin üzünə baxdı, barmaqları ilə iki göstərdi:



-Gördün, mən deyən oldu?

Seyid Bikə sözün əsl mənasında uşaq kimi Əsədin qabağına qaçdı:

-Mənim balam xoş gəlib! - dedi, ona “Salam!” deyən Əsədin alnından öpdü. Məşədi Fazil isə ağır baxışları ilə onu süzdükdən sonra soruşdu:

-Bəs atan hanı?

-Atam indi gələcək. Hara getdiyini demədi.

Onlar eyvana qalxdılar. Əsəd gözüylə kimisə axtarırdı. Bu o qədər hiss olunan dərəcədə idi ki, Məşədi Fazil Nərgizi harayladı.

-Bəli, baba! - deyib Məşədi Fazilin qarşısında duran Nərgizin də sevindiyi hiss olunurdu.

-Nə durmusan, süfrə aç! - deyə, Seyid Bikə səsini qaldırdı.

Nərgizin üzü gülə-gülə otağa keçdi, anasıla birlikdə qayıtdılar. Raziyə də Əsədin alnından öpdü:

-Bala, anan necədir? - soruşdu.

-Duaçıdırlar Raziyə xala! - deyə, Əsəd təmiz azərbaycanca cavab verdi. İndiyə qədər Bakıya gələndə həmişə türkməncə danışdığından, Raziyə üçün onun belə səlis danışması tapıntı idi.

Uşaqlıqdan Əsəd Məşədi Fazillə olduğundan Azərbaycan dilini azərbaycanlılardan yaxşı bilirdi. Bununla belə Bakıya gələndə Məşədi Fazil ona deyirdi ki, ancaq türkməncə və yaxud özbəkcə danışsın, burdakılar dillərimiz arasındakı fərqi görsünlər. Bir də ki, türkmən dili onun ana dili idi.

Nərgizlə də o azərbaycanca danışırdı. Özü də bu dili bütün türk dillərindən də üstün tuturdu. Raziyədən əvvəllər utandığından türkməncə danışırdı. Türkməncə danışmaq onun üçün asan idi.

Raziyə tez-tez qayınanasına deyirdi ki, Nərgiz onları necə başa düşəcək? Raziyə gözlərinə inanmırdı.

-Ay na, sən məhəbbətin gücünə bax! Əsəd azərbaycanca dil açıb.

-Sənin qızın, ilana dil açdırar! - deyə Seyid Bikə gülümsündü.

-Əsəd azərbaycanca hamıdan yaxşı danışır. Nərgizin isə burda heç bir rolu yoxdur. Siz papağınızı göyə atın ki, bu cür oğlana qız vermisiniz! - deyə, Məşədi Fazil söhbətə son qoymuşdu ki, həyətin qapısı açıldı.

Əlində iki dənə Cərco yemişi Namiq əkə ləhləyə-ləhləyə eyvana qalxdı. Onu qarşılayan Nərgizə yemişləri uzatdı:

-Al, qızım! Bunu sənin üçün gətirmişəm. Sən xoşladığındandır.

Nərgiz yemişləri onun əlindən alıb pəncərənin qırağına qoydu, başını aşağı salıb otağa keçdi.

-Ay zalımın oğlu, haradasan? - deyə Məşədi Fazil ağzını açmağa qoymadı.

-Məşədi, Səməd ağanın ölüm xəbərini eşidən kimi, Səmərqənddən necə çıxmışıq, Allah bilir. Odur ki, qızımızı yaddan çıxartmışdım. Allah rəhmət eləsin, Bikə bacı! Axır qəmin olsun, Məşədi!

Stola çay gətirildi. Baxmayaraq ki, Namiq əkə bura yasa gəlmişdi üzündən sevinc yağırdı. Məşədi Fazil daxildən hiss edirdi ki, o, nə isə demək istəyir, digər tərəfdən istəyir ki, onu danışdırsınlar. Öz təmkinliliyinə sadiq qalan Məşədi Fazil isə sakitcə oturub haçan onun dil açacağını gözləyirdi.

-Heç soruşmursan, işlər necə gedir? - deyə, Namiq əkə dözə bilmədi və soruşdu.

-Necə gedəcək? Çox gözəl!

-Bəs haqqını niyə istəmirsən?

-Namiq əkə, məgər bilmirəm, sən necə halal adamsan.

Bundan sonra Namiq əkə bil kəlmə belə dinmədi. Bir balaca susdu. Çayını içdi. Üzünü Əsədə tutdu:

-Bala, balaca sumkanı bura gətir.

Əsəd ayağa qalxdı, o biri otağa keçdi. Əlində həkim sumkasına bənzər bir çantayla qayıtdı və onu atasına uzatdı.

Namiq əkə çantanı açdı və içindən iki dənə miniatür qutu çıxartdı və Seyid Bikəyə uzatdı:

-Mir Kamil ağa göndərib, gəlinlərin üçün göndərib!

Sonra çantanı Məşədi Fazilə uzatdı.

-Yarım milyondur. Sizin payınızdır.

-Pay gətirən sağ olsun! - deyə Məşədi Fazil çantanı götürdü və Əsədə uzatdı.

–Apar ver, Nərgizə!

Seyid Bikə hər iki qutunu birdəfəyə açdı. İçindən iki cüt qalın qızıl bilərzik və zəncir, bir cüt üzük və iki cüt isə sırğa çıxdı. Bilərziklərdən biri ona çox tanış gəldi. Vaxtiykən Fazilin ona toydan sonra bağışladığı komplekti xatırladırdı.

Qutuları götürüb o biri otağa keçdi. Nərgizi yanına çağırdı bir cüt sırğanı onun qulağına, üzüyü barmağına, bilərziyi qoluna, zənciri isə boynuna saldı. Sonra özünü qutuda qalmış zinət əşyaları ilə bəzədi və nəvəsini əlindən tutub eyvana çıxdı.

-Namiq əkə, mənim "Sağ ol!»umu Kamilə çatdır! Denən, gəlinlərim sayı üç oldu, Əyyub da nişanlanıb. Odur ki, Kamil ağa simiclik eləməsin! Bacısı deyir ki, üç dəst yenisini göndərsin!

Bunların bir dəstini bağışladım, Nərgiz balama, qoy nənəsindən hədiyyə olsun. Birini isə özüm taxacağam! – dedi və keçib oturdu.

Namiq əkə ayağa qalxdı, qızcığaza yaxınlaşdı, alnından öpdü:

-Qızım, Allah səni xoşbəxt eləsin! - dedi.

Qızcığazın sevinci yerə-göyə sığmırdı. Nərgiz otağına döndü. Güzgünün qabağında oturub bir daha özünə baxdı. Gözlərinə inanmırdı. Bu ona bağışlanan ilk qiymətli hədiyyə idi. Qızın başı özünə elə qarışmışdı ki, anasının haçan otağa girdiyindən xəbəri belə olmadı.

Raziyə arxadan onun boynunu qucaqladı:

-Mənim gözəl balam! Sənə necə də yaraşır!? - dedi və üzündən öpdü.

Seyid Bikə isə qolundakı bilərziki Namiq əkəyə göstərib deyirdi:

-Bu Məşhəd ustalarının işidir. Həmişə bir ekzemplyar hazırlayırlar. İkinci belə komplekt tapmaq mümkün deyil. Buna oxşayanı olar, ancaq bu cürəsini tapmaq qeyri-mümkündür.

-İran sənətkarları adnandır. Mən də sənin üçün beləsini Məşhəddən gətirtmişdim. - deyə, Məşədi Fazil sözə qarışdı.

-Dədə, bəs nə oldu? - otaqdan dönən Raziyə soruşdu. Məşədi Fazil dinmədi.

-Nə olacaq qızım! 1918-ci ilin yazında, dədəm Mir Hüseyn belimdən qalın qızıl kəmərimi, bir-iki kilo olardı, çıxartdı, qayınatansa qulağımın sırğasını, boynumun silsiləsini, qolumun bilərziklərini... Təzə Pirdə açılmış süfrəyə atdılar ki, Bakı qırğının qabağını alsınlar.

Seyid Bikənin sözləri onu keçmişə qaytardı. Onda vəziyyət çox ağır idi. Xalqı silahlandırmaq lazım idi. Odur ki, kimin nəyi qalmışdı Təzə Pirə gətirirdi...

Namiq əkə Məşədi Fazili fikirdən ayırdı:

-Xəbərin var? Moskvadan teleqram gəlib ki, gəlin, dəzgahları aparın!

-Nə? Nə?- deyə Məşədi Fazil Namiq əkədən soruşdu.

-Moskvadan teleqram gəlib!

-Mən deyən oldu? Direktorun da uduzdu!

-O, deyir ki, gərək özümüz dəzgahların dalınca gedək. Nə fikirdəsiniz?

-Ağıllı təklifdir. Moskvalılara söz vermişdik, odur ki, getməliyik. Bizdən haqq gözləyirlər. Haçan gedək?

-Haçan istəyirsən?

-İki gündən sonra! Axşam Əşrəf gələr, deyərəm bizim üçün bilet təşkil edər.

-Bəs Əsədi neynəyək?

-Əsəd gedib dərsini oxusun! Onsuzda uşaq dərsdən qalıb.

-Oldu!- deyə, Namiq əkə əlindəki armudu stəkandan çayı içdi.

Namiq əkənin bu xəbəri Məşədi Fazilin kefini qaldırdı. Ayağa qalxıb eyvanda ora-bura var-gəl etdi, sonra üzünü Namiq əkəyə tutdu:

-Namiq əkə, mən başlayıram bu hökuməti sevməyə. Vallah, pis hökumət deyil. Qədrini bilmək lazımdır.

-Məşədi, mən qulaqlarıma inanmıram! Bu sözləri sən mi deyirsən?

-Namiq əkə, bu hökumət düzdü çoxlu qan axıtdı. Minlərlə ailəni gözü yaşlı qoydu. Bəşəriyyəti faşizm təhlükəsindən qurtardı. Bir dəfəlik qurtardı. Çarıqlı Rusiyanı atomlu etdi. Dünyada sabitlik yaratdı. Sən bir fikirləş-kim idin, indi kimsən?

Namiq əkə cavab vermədi.

-Onda icazə ver, mən deyim. - deyə, Məşədi Fazil sözünə davam etdi:

-Bay idin, 200-300 dənə qoyunun, beş-altı dəvən, on-onbeş atın. On-on beş yurtan. Daha nə? Savadın da yox idi. Sonra öyrəndin yazmağı-pozmağı. Bəs indi kimsən?

Beş mindən artıq fəhləsi olan kombinatın direktor mavini. Oğlun Səmərqənd universitetinin tələbəsi, nişanlısı bəy övladı. Səmərqəndin mərkəzində mülkün, Məribdə mülkün. Bu hökuməti niyə sevməyəsən? Bir də yadından çıxartma, qalibi heç vaxt mühakimə etmirlər.

Teymurləngin böyüklüyü onun fatehliyindədir. Görürəm ki, sənin fikirlərini çaşbaş saldım?

-Bəs itirdiyimiz qohum-əqrəba, dost-tanış?

-Onlar həmişə qəlbimizdə qalacaq! Bu bizim taleyimizdir. Taledən qaçmaq olmaz!

Namiq əkə dərin fikrə daldı. Məşədi Fazilin isə kefi kök idi. Nahar vaxtı yaxınlaşırdı. Məşədi Fazil ayağa qalxdı:

-Namiq əkə, dəyişməyən bir şey var - oda bizim dostluğumuz. Bu haqda daha bəsdir. Dur, gedək Məmmədəlinin kababxanasına. Həm çörək yeyək, həm də fikrimizi dağıdaq.

-Onda piyada gedək.

-Mən razı.

Həyətdən çıxıb asta-asta Dağlı məhəlləsinə, oradan Qırx pilləkəna endilər. Bir neçə dəqiqə Qırx pilləkənin yuxarısından şəhəri seyr etdilər.

Bakı Sovetinin yanındakı Çin evində qazlı şollar suyu içdilər, Qala qapısından içəri girib Şirvanşahlarla üzbəüz dayandılar.

-Əlbəttə ki, bura Səmərqənd ola bilməz! Səmərqənd memarlığı möhtəşəmlikdən xəbər verir, ancaq bu kompleks Azərbaycan memarlığına xasdır. - deyə Məşədi Fazil Namiq əkəyə izahat verdi.

-Məşədi, fikir ver! Səmərqəndə də daşın üstündə belə ornamentlər var.

-Səmərqənd uzun müddət mədəniyyətləri, Şərqi və Qərbi özündə birləşdirən paytaxt olduğundan orada bütün ölkələrin memarlıq üslubları mümkündür. Şirvanşahlar isə sırf Azərbaycan ustalarının yaratdığı abidədir. Bakı üçün Orta əsrlərdə bu çox böyük iş idi.

Onlar Şirvanşahlar kompleksini ötüb İçəri şəhərin dar küçələri ilə aşağı enməyə başladılar. Məmmədəlini kababxanasına qədər yol çox da uzaq deyildi. Beş dəqiqənin içində kababxananın qarşısında dayandılar. Həmişəki kimi kababxana adamla dolu idi. İçəri girmədilər.

Məşədi Fazilin qapının ağzında durub kimi isə gözlədiyini kababxananın açıq qapısından görən Məmmədəli özü bayıra çıxdı. Onları salamladı.

-İçəridə bizim üçün stol hazırla! Biz gözləyərik! - deyə Məşədi Fazil ona tapşırıq verdi.

Bir-neçə dəqiqədən sonra Məmmədəli onların yanına qayıtdı:

-Məşədi, hazırdır! – dedi.

-Əlağanı, görməmisən?

-Odur, içəridə oturub. Heç kimlə danışmır. Elə bil gəmisi batıb.

-Sən bilən, niyə bu hala düşüb?

-Ağa Hüseyn xəstəxanaya düşdüyündən işi getmir, deyirlər. Pulsuzdur, evinə çörək almağa pulu yoxdur.

Məmmədəlinin bu sözlərindən Məşədi Fazilin sifəti sərtləşdi:

-Məmmədəli, sənə neçə dəfə demişəm ki, onu pulsuz qoyma! Nə qədər istəyir, ver! Sonra məndən alarsan. Belə getsə dostluğumuz pozulacaq.

-Məşədi, Vallah götürmür. Bu adam öyrənib ki, qazandığını havaya sovursun.

-Bil ki, pul əl çirkidir. Bizlər kölgəyik, Vahid isə işıq.

Onlar içəri keçdilər. Zalın ortasında dördkünc stol qoyulmuşdu. Ofisiantlar kababxanada nəfis nə vardısa stolun üstünə qoydular.

Məşədi ətrafa boylandı. Gözü ilə Əlağanı axtardı. O, zalın axırındakı stolda oturmuşdu. Arxasını camaata çevirib “Kazbekini” tüstülədirdi.

-Get, ona denən: Məşədi Fazil deyir ki, bizim stola keçsin!

Ofisiant bir an içində onun sözlərini Əlağaya çatdırdı.

O, yerindəcə fırlanıb onlar tərəfə boylandı. Ancaq Məşədi Fazilin arxası ona baxırdı. Ayağa qalxdı, onların stoluna yaxınlaşdı.

Namiq əkə Əlağanın gəldiyini görüb ayağa qalxdı və əli ilə ona yer göstərdi.

-Buyur! Şair qədeş! - deyə, Namiq əkə Bakı ləhcəsilə dilləndi. Onun bu sözləri o qədər təbii alındı ki, Məşədi Fazil özü də qulaqlarına inanmadı.

Namiq əkə azərbaycanca təmiz danışırdı. Çox talantlı adam idi. Orta Asiyanın bütün dillərini bilirdi. Azərbaycan dilində isə onunla danışmağa başlamışdı. Digər tərəfdən otuz ildən yuxarı idi ki, onların dostluğu davam edirdi. İndi isə Bakı ləhcəsiylə danışması təbii idi, ancaq birinci dəfə onun belə danışığının şahidi olurdu.

-Xoş gördük, Məşədi! - deyə, Vahid stolun arxasına keçdi.

Təmkininə sadiq qalan Məşədi Fazil bir söz demədi, başını yelləyərək salam verdi. Yeməyinə davam etdi.

Hər ikisi sakitcə yeyib içirdilər, Əlağanın isə boğazından su da keçmirdi.

-Niyə yemirsən, Vahid? - deyə Məşədi Fazil başını süfrədən qaldırıb soruşdu.

-Özüm də bilmirəm, neynəyim? Dilxoram.

-Görürəm. Səbəbini bəlkə deyəsən?

-Kitabımı çapa buraxmırlar...

-Elə bu?


-Bu azdır?

-Səni sanballı adam bilirdim...

-Nə qədər camaat mənim yazdıqlarımı, dediklərimi yığıb bir-birinə ötürəcək, hərənin bir Əlağa dəftərçəsi olacaq? Mən istəyirəm, kitablarım əldən-ələ gəzsin!

-Onda sən də yaz: “Ay qara şalban,

Mən sənə qurban!” -deyə Məşədi Fazil Vahidin on-on beş il bundan əvvəl Mircəfər Bağırova verdiyi cavabı yadına saldı.

-Məşədi, de görüm, mən nə edim?

-Necə varsan, elə qal! Sən xalqımın şərəfisən, sevimlisən. Bu məhəbbəti qazanan bir şair varmı? Hələ istəyirsən, sənin kitabını çap etsinlər? Heç vaxt etməyəcəklər? Çünki sən onlardan üstünsən! Odur ki, onlara yuxarıdan aşağı bax! Xalqımız kimi.

Namiq əkə ayağa qalxdı və əlində ki, badəni yuxarı qaldırdı:

-Xalqın sevimlisi Vahidin sağlığına!

Bütün zal ayağa qalxdı. “ Vahidin sağlığına!” “Onun sağlığına!” “Ura!” səsləri ətrafa yayıldı.

Məşədi Fazil camaatın sakitləşməsini gözlədi və ayağa qalxdı. Onun qürurlu qaməti, hündür boyu, ağır tərpənişi hamını özünə cəlb edirdi.

Məşədi Fazilin ayağa qalxdığını görüb bütün zal susdu. Üzünü zalın yuxarı başında oturmuş tarzənə tutdu:

- Usta, Şur üstündə köklə! – dedi. Qoltuq cibindən nəfis şəkildə çap olunmuş üstü əski əlifba ilə yazılmış qalın kitabçanı çıxartdı. Tarzənin çaldığı Şurun sədası zaldakıların qulaqlarını fətt edən an, Məşədi Fazil uca səslə Vahidə müraciət etdi:

-Əlağa, mən bu kitabda farsca yazılmış şerlərdən birini oxuyacağam! Sən isə bunun kim yazdığını deyirsən!

Məşədi Fazil fars dilinə xas olan şirin sədayla səsini Şura qovuşduraraq şeri oxumağa başladı.

Vahid köklü bakılılar kimi fars dilini çox gözəl bilirdi. Şerin ilk sözlərindən şairə aydın oldu ki, Məşədi Fazil onun şerini farsca oxuyur.

-Bu ki mənim şerimdir! - deyə ayağa qalxdı və Məşədi Fazilin sözünü kəsdi.

-Bəs sən deyirdin ki, səni çap etmirlər? - deyə Məşədi Fazil kitabı Vahidə uzatdı.

Vahid gözlərinə inanmadı. Tehranda onun kitabı çapdan çıxmışdı. Kitabın üstündə iri həriflərlə “Vahid. Qəzəllər” sözləri yazılmışdı.

Kitab zal boyu əldən-ələ gəzdikcə, Vahidin kefi açılırdı:

-Mənim qəzəllərimi fars dilinə tərcümə ediblər! İranda çap ediblər! - deyə bir neçə dəfə Məşədi Fazilə müraciət etdi. Elə bil, bu kitabı ona Məşədi Fazil verməmişdi. Kitab ona qayıdanda Vahid bir neçə dəfə kitabı öpüb gözünün üstünə qoydu.

-Məşədi Fazil, içirəm sənin sağlığına! - deyə, Əlağa axıra qədər badəni içdi; - Sən həmişə mənim qapıma ümid gətirirsən!

Məşədi Fazil gülümsündü:

-Sən isə deyirsən, çap etmirlər! Vaxt gələcək əldə qayırma şairlər yoxa çıxacaq. Kitablarını heç kim oxumayacaq. Nə qədər sağdırlar, bir o qədər sənə mane olacaqlar. Ancaq onlar kölgədirlər, sən isə işıq. Əbədi işıq!

Bu sözlərdən Vahidin gözləri yaşarmışdı.

***


Nahardan sonra dəniz kənarına düşdülər. "Yaxt klubun" yanında Məşədi Fazil əlini qoltuq cibinə saldı və bir paçka əllilik çıxardıb Əlağa uzatdı:

-Eşitmişəm, əlin aşağıdır. Al bunları! Bir-iki ay əlindən tutar.

Vahid pulları götürmək istəmədi.

-Götür, götür! Olanda qaytararsan! – deyə məcburən pulları onun cibinə soxdu.

Bulvardan çıxıb Azneftin yanında gəldilər, Məşədi Fazil taksi saxladı Vahidi maşına mindirdi, sürücünün pulunu da verdi və “Sovetskiyiyə apar!”- dedi. Maşın uzaqlaşdıqdan sonra:

-Özümüz isə gedək İnturistə pul dağıtmağa! - deyə, üzünü Namiq əkəyə tutdu.

-Bəs onu niyə götürmədik?

-Gələn dəfə! Qoy, evinə getsin! Deyirlər evində çörək pulu yoxdur. Bir az da içirtsək, olan-qalanını göyə süpürəcək.

-Sən heç ondan geri qalmırsan, Məşədi!?

-Nə xərcləyirik bizimdir, xərcləmədiyimiz isə özgənin. Ariflər pul yığmazlar, qazanıb xərcləyərlər.

-Məşədi, sənin xərclədiyin və payladığın pulları yığsaydıq Pariji alardıq.

-Namiq əkə, pul əl çirkidir. Əl isə işlədikcə çirkə batır. Əli təmiz saxlamaqla pul qazana bilməzsən. Elə bilirsən ki, Moskvadakılar sənin gözünə aşiqdirlər.

Kombinatı yoxlamağa gələnlər ağıllı adamlar idi. Onlar çox yaxşı başa düşdülər ki, bizim təkmilləşdirdiyimiz cihazdan nə qədər götürə bilərik. Daha doğrusu götürürük. Çağırırlar ki, gələk haqlarını verək.

Yadından çıxmasın, dövlət malına haram qatmağı ruslar özləri bizə öyrədiblər.

-Sənə elə gəlmir ki, Moskvaya getməyimiz pis olmayacaq!

-Mən də sənin fikrindəyəm. Gərək ora gedəndə bir torba pul aparaq!

-Direktor dedi ki, nə qədər istəsələr verin! Sonra bölüşərik.

-Ən azı gətirdiyinin yarısını aparmalıyıq. Bu haqda evdə danışarıq. Çatdıq İnturistə.

Kirov parkının yerləşdiyi dağın ətəyinə söykənmiş İnturist Bakının ən gözəl restoranlarından və mehmanxanalarından biri idi. Şəhərin çox sakit guşəsində yerləşdiyindən, əsasən vəzifəli və pullu insanların yığışırdı. Odur ki, bu restoranda çox böyük səliqə-sahman hökm sürürdü. Avropa restoranlarından geri qalmırdı.

Məşədi Fazil belə yerləri çox xoşlayırdı. Namiq əkəylə Leninqradda, Moskvada, Daşkəndə, Səmərqəndə, Aşqabadda olanda ilk növbədə İnturistə üz tuturdular. Buranın yeməyi, içməyi başqa restoranlardan fərqlənirdi.

-Məşədi, fikir vermisən, bütün İnturistlərin da qab-qacağı eynidir: stəkanından tutmuş, boşqablarına qədər.

-Diqqətli olsan, görərsən ki, yeməkləri də eynidir.

-Ancaq yaxşıdır.

İnturistdə şam edənlərin sayı həmişə kimi, çox az idi. Demək olar ki stollar tutulmamışdı. Məşədi Fazil buranın daimi müştərisi olmasa da, onu burada tanımayan yox idi. Ümumiyyətlə, burada həddindən artıq görsənmək, söz söhbətə səbəb olurdu. Tez-tez gələn müştərilər əvvəllər NKVD-nin, indi isə KQB-nin nəzarəti altına düşürdülər.

Məşədi Fazil bütün bunları bilirdi. Ancaq dostunu Bakının ən gözəl restoranında qonaq etmək istəyirdi.

Restorana daxil olanda, estrada da xarici musiqi çalınırdı. Buranın abı-havası Avropanı xatırladırdı.

Dinməzcə şam etdilər, ancaq dişara çıxdıqdan sonra Məşədi Fazil üzünü Namiq əkəyə tutdu:

-Əsəd, yaman dəyişib. Daha kişi olub. Allah qoysa, bu il Nərgiz məktəbi bitirib instituta girsin, toylarını edərik. – deyə Məşədi Fazil söhbəti açdı.

-Məşədi, mən də bu fikirdəyəm. Qalır, Əşrəf!

-Allah qoysa hər şey yaxşı olacaq.

***

1   ...   4   5   6   7   8   9   10   11   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə