Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə7/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15

KOMBİNATDA
Moskvadan gələnləri yola saldıqdan sonra Səmərqənd ipək kombinatının direktoru Hüsi əkə Məşədi Fazili yanına çağırdı:

-Məşədi, qonaqlar bizdən elə razı getdilər ki, bunun axırı nə olacaq bilmirəm?

Hüsi əkənin belə deməyə haqqı vardı, çünki hər belə hadisədən sonra problemlər birə-beş artırdı. Yazıq kişinin başını qaşımağa vaxtı olmurdu. Nazirlikdən tutmuş Mərkəzi Komitəyədək bir-birin ardınca komissiya gəlir, hər şeyə burunlarını soxurdular. Texnologiyanı öyrənmək, yenidən planlaşdırma aparmaq istəyirdilər.

Qəzetçilərin isə bura daraşması heç kimə lazım deyildi.

Məşədi Fazilin apardığı təkmilləşmə məhsuldarlığı iki dəfə artırmışdı. Bu təkmilləşmə təzə dəzgahlara aid idi. Köhnələr isə olduğu kimi qalırdı və gündə biri sıradan çıxırdı. Moskvalılar əgər söz verdikləri dəzgahları göndərsəydilər, direktorun heç bir dərdi olmazdı.

-Axırı yaxşı olacaq. Onlar bizə dəzgah göndərəcəklər! - deyə Məşədi Fazil düşünmədən cavab verdi.

-Sən bilirsən, onlar bizə başqa bir yaxşılıq da etdilər. Yeni maşınların texnoloji göstəricilərini olduğu kimi saxladılar.

-Onda belə çıxır ki, bizim təkmilləşmə sahəsində əldə etdiyimiz artıq məhsuldarlıq planlaşmada nəzərə alınmayacaq. Bu isə bizim üçün yüz min manatlarla gəlirdir.

-Mən də belə düşünürəm. Ancaq niyə belə etdilər? Anlamıram.

-Hüsi əkə, sadəcə olaraq onların elmi tədqiqat institutu, buraxdıqları dəzgahlarda biz apardığımız təkmilləşməni aparmayacaqlar. Rusları yaxşı tanıyıram. Əvəzində mövcud olanın görünüşünü və formasını dəyişib, təzə dəzgah yaradacaqlar və bizim təkmilləşməni orada tətbiq edəcəklər. Hökumətdən yeni dəzgahlara görə həm mükafat alacaqlar, həm də orden, medal...

-Bəs biz?

-Bizə isə burdakı təzə dəzgahlardan göndərəcəklər ki, dinməyək.

-İnanmağım gəlmir.

-Gəlin, mərc qoşaq.

-Məşədi, bu asanlıqla o cür toxucu dəzgahlarını necə alıb gətirəcəyik?

-Məgər Qlavkanın nümayəndəsi işarə vurmadı ki, siz zavodun köhnə avadanlıqlarını dəyişdirmək istəyirsinizsə, məni görün?

-Elədir, ancaq onu necə tapaq?

-Kürəkənimiz, bizdən ağıllıdır. Əsəd onları yola salanda hamısının Moskva adreslərini götürüb, maraqlıdır ki, onlar özləri bizimlə əlaqəyə girmək istəyirlər.

Hüsi əkə stolunun kənarındakı düyməni basdı. Katibə içəri girdi.

-Namiq əkəni yanıma çağır! - dedi və üzünü Məşədi Fazilə tutdu. - Nə etməliyik?

-Hüsi əkə, hələlik heç nə. Onlar bizə on-on beş günə bir neçə dəzgah göndərəcəklər. Dəzgahlar bura çatan kimi, Namiq əkəylə üz tuturuq Moskvaya. Haqlarını verib, lazımı qədər dəzgah gətiririk.

-Puldan korluğumuz olmayacaq. Köhnə planla işləsək az qazanmayacağıq. Məşədi. sən dahisən!

Namiq əkə içəri daxil oldu, Hüsi ağa vəziyyəti ona danışdı.

-Vallah, ağıl olan yerdə, torpaq qızıla çevrilər! - deyirlər. Bu bizə aiddir. Mən başlayıram Şura hökumətini sevməyə. Ağıllı üçün hər bir şəraiti yaradır .- deyə Namiq əkə söhbətə son qoydu.


****

QAYDIŞ HƏVƏSİ
1956-cı ilin yayı sensasiyalar ayları idi. Xruşovun plenumdakı çıxışı aləmi bir-birinə qatmışdı. Stalinə münasibətin birdən birə dəyişməsi, onun siyasi kursundan geri çəkilməsi, Mir Cəfər Bağırovun məhkəməsi, xalq düşməni kimi güllələnməsi, 27-ci ildən başlayaraq Azərbaycandan sürgün edilmişlərin geriyə qayıtması üçün hər şəraiti yaratmışdı.

Aşqabad, Mərib, Səmərqənd, Daşkənd və s. Orta Asiya şəhərlərində özünə sığınacaq tapmış azərbaycanlılar daha tez-tez bir-birilə görüşür və vətənə dönəcəkləri haqda düşünürdülər.

Məribdə diş həkimi işləyən doktor Məmməd də Bakıya qayıtmaq sevdasına düşmüşdü.

Tiflis türməsindən qaçdıqdan sonra Namiq əkə onun üçün yeni pasport düzəltmiş Türkmənistanın Daxili işlər nazirliyindən "Vsesoyuznıy rozıskdan" gəlmiş kartotekasını çıxardıb, gözü qabağında yandırmış, "Nə qədər buradasan heç nədən qorxma!- demiş, onun üçün diş kabineti də açmışdı.

Məmməd qısa müddət ərzində Məribdə bir diş həkimi kimi həm məşhurlaşmış, həm də pullanmışdı. Arvadını uşaqlarla tez-tez Bakıya göndərirdi, hətta böyük oğlunu qayınanasının yanında qoymuşdu. İstədiyi vaxt Səmərqəndə, Daşkəndə və Aşqabada gəlirdi.

Məşədi Fazil Məribdəki sexlərə baş çəkəndə mütləq ona dəyirdi və onu darıxmağa qoymurdu.

Məmməd eşidəndə ki, Məşədi yenə də Səmərqəndədir, ora gəldi.

Səmərqəndə Məşədi Fazilin Namiqgillə üzbəüz məhəllədə qəşəng mənzili vardı. Oranı bir özbək qızı səliqə və sahmana salardı. Məşədi Səmərqəndə olmayanda da Məmməd ora gəlirdi və mənzilin açarının götürüb orada qalırdı.

Səmərqəndə Məmməd avtobusla gəldi, avtovağzalda taksiyə mindi və əlindəki Cərco qovunlarını dal oturacağa atdı. Sonra sürücüyə adresi dedi. Maşından düşəndə Namiq əkənin ona tərəf gəldiyini gördü:

-Sən bir təsadüfə bax! - deyə Məmməd əlində tutduğu qovunları yerə qoydu. - Namiq əkə, səni xoş gördük!

-Məməd doktor, nə xoş təsadüf? Mən də Məşədinin yanına gəlmişəm. Ver, sənə kömək edim.

Qapını yenə də özbək qızı açdı. İçəri keçdilər. Məşədi Fazil iki ayaqlı nərdivanın üstündə oturub, divar boyu rəflərə yığılmış kitabları bir-bir götürüb baxır, bəzilərini nərdivanın ayaq yerinə qoyur, lazım olmayanı yerinə qaytarırdı.

O, qonaqların gəldiyini görüb aramla nərdivandan düşdü, Namiq əkə ilə Məmmədə yaxınlaşdı. Onları salamladı və qonaq otağına dəvət etdi.

-Məmməd, mənim balam, səni görməyimə çox şadam. Dostlardan soruşmuşdum, dedilər ki, arvad-uşağı Bakıya yola salmısan.

-Fazil dayı, elədir. Gəlmişəm məsləhətə...

-Nə məsləhət?

-İstəyirəm, özüm də Bakıya qayıdım. Sənədlərim qaydasında. Kimdir məni itirib-axtaran? Buna necə baxırsınız?

Məşədi Fazil əvvəl Namiq əkənin üzünə baxdı. O saat anladı ki, onlar bir-birindən xəbərsiz gəliblər. Sonra başını aşağı dikdi. Bir-neçə saniyə dinmədi. Birdən başını qaldırdı, gözlərini Məmmədin gözlərinə dikdi.

Məşədi Fazilin ağır baxışlarından indi Məmməd başını aşağı saldı.

-Deyirsən, sənədlərin qaydasındadır?

-Namiq əkədən soruşun!

Namiq əkə başı ilə hər şeyin qaydasında olduğunu təsdiq etdi.

-Məməd, sənin Məribdə qalmağını məsləhət görərdim. Bakı da Tiflis kimi bir yerdir. Burada qalmağın gərəkdir. Ailənin isə getməsinin heç bir qorxusu yoxdur. Uşaqlar gedib azərbaycanca oxuyacaqlar. Dilimizi biləcəklər, yaxşı təhsil alacaqlar.

-Onda mən nə edim? Mən burda, arvad-uşaq orda.

-Məsləhətə gəlmisənsə, mən dediyimi et! Mən burda, ailəm Bakıda. Xalan mənim üçün və yaxud mən xalan üçün darıxdıqda uşaqları Nataşa tapşırıb, xalanı bura gətirirəm.

Sən xoşbəxt adamsan ki, qaynanan var. Qaynanan Bakıda uşaqlara baxar, yoldaşın isə istədiyin vaxt gələr sənə dəyər. Buranı hələlik tərk etmə.

-Atam da deyir ki, Bakıya qayıdım.

-Səməd ağayla özüm danışaram. Bir də buradakı şərait Bakıda mümkün deyil. Əməlli - başlı pul qazanırsan. Orada nə edəcəksən?

-Nə cür olmasa, vətəndir.

-Bəs bura haradır? Azərbaycan Türküstanın bir hissəsidir. Ağıllı olmaq lazımdır ki, bunu başa düşəsən və bu əlaqələri həmişə yaşadasan. Bundan Azərbaycanın xoşbəxtliyi asılıdır. Əsrlər boyu Azərbaycanımızın düşmənləri bu dostluğu pozmağa çalışıblar. Alınmayıb. Nə qədər Azərbaycan üzünü Şərqə tutub, onun heç bir bəlası olmayacaq. Odur ki, hələlik biz burada qalmalıyıq.

-Mən nə deyirəm?

-Bu yaxınlarda Basqala gedəcəyəm. Atamla anam yuxuma girirlər. Gedim məzarları üstündə "Yasin" oxutdurum. Sizinkilərə də dəyəcəyəm.

-Könlüm onları istəyir. Fazil dayı, bilmirəm niyə könlüm atamı yaman görmək istəyir.

***


PİS XƏBƏR

Basqala avqust ayında gedəsən. Çünki avqustda buranın ən yaxşı vaxtlarıdır. Cəfərli həyətində qoca tut bu ayın ortalarında dəyir. Adətən Seyid Bikə bu ayda qayınata yurduna ayaq basardı və ərinin gəlməyini gözləyirdi.

Basqal ilin bütün fəsillərində bəzənmiş gəlini xatırladır. Avqust ayında isə daha gözəl olurdu.

Seyid Bikə bura gəlməmişdən əvvəl bu evdə qalan Fazilin qardaşı oğlu Sadıqa xəbər göndərər və göstərişlər verərdi. Odur ki, onlar bura ayaq basanda heç bir narahatlıqları olmurdu.

Seyid qızı gəlməmişdən əvvəl birbəbir qohum-əqrəbaları yada salar, hər ailənin uşağından tutmuş, böyüyünə qədər nəzərə alar və hərəsi üçün hədiyyələr alıb yığardı.

Basqala gedib qalmaq oranı tərk etmiş basqallılara baha başa gəldiyindən bəzən çoxları yayda bura gəlmirdilər.

Seyid Bikə isə Basqalla nəfəs alırdı, oranı həddindən artıq sevirdi.

Sadıqın yaşadığı həyət Cəfərlinin ata-baba yurdu idi. O, bu həyətə gəlin gəlmişdi. Ömrünün ən xoşbəxt anlarını burada yaşamışdı. Dar günlərini də bu həyətdə keçirtmişdi. Əlisəttarın toyunu da bu həyətdə etmişdilər. Bu həyətdən yeddi Cəfərli qardaşı çıxardı. Adlı sanlı igidlər, qabağından yeməyən, bir adama əyilməyən oğullar...

Basqalda bir-iki gün rahat otura bilərdilər. İki-üç gündən sonra qohum-əqrəbaya hay düşürdü. Gündə birinin evinin qonağı olurdular.

Cəfərlilər tanıdıqları və tanımadıqları bütün qohum əqrəbalarının qonağı olmalı idilər. Açılmamış qapı saymamazlıq sayılardı.

Qapının sahibinin dövlətli və yaxud kasıb olmasından asılı olmayaraq onu saya alardılar.

Maraqlısı budur ki, qonaq dəvət olunduqda elə təbii şəkildə ardıcıllıq əmələ gəlirdi ki, bu və ya digərinin qonaqlıqları toqquşmurdu.

Seyid Bikənin gəlişi həyətə canlanma gətirərdi. Həmişə sakitliyi ilə fərqlənən həyətə səs-küy qayıdardı. Gəlib gedənlərin sayı artardı. Onun ardınca Məşədi Fazilin gəlişi hər şey dəyişərdi.

Tut ağacının altına böyük stol çıxardırdılar, görüşə gələnləri burada qarşılayırdılar.

Qohum-əqrəbanın sayı-hesabı o qədər çox idi, bir-iki gün elə onlarla görüşməyə gedərdi.

Cəfərlilər Məşədi Fazilin gəlməsini də sevinclə qarşılayırdılar. Çünki çoxu bu gəlişi gözləyir, ondan məsləhət almağa çalışardılar. Ağsaqqallarının sözünü eşitmək bütün basqallıların yazılmamış qanunları idi.

Basqalda ağsaqqal olmaq, özgələri özününkündən üstün tutmaq demək idi və hələm-hələm adama bu qismət olmurdu. Başqa nəsillərə də sən yiyə durmalı, onların məsələlərini özününkü kimi həll etməlisən.

Basqal isə həmişə qaynar qazan olub və olacaq da, çünki təbiət və yerli sənətkarlıq anadan olan gündən son nəfəsə qədər basqallıları dayanmadan, durmadan işləməyə, yaratmağa sövq etmiş, onları inadkar və qətiyyətli insana çevirmişdi.

Səhər çağı Basqala çatan Volodya «Pobeda» maşınını "İsa" bulağının qarşısında saxladı. Məşədi Fazil maşından düşdü. Bulağa yaxınlaşdı. Bulaq başındakı qadınlar və qızlar kəlağayılarının qırağı ilə üzlərini bağlayaraq, səhənglərini götürüb kənara çəkildilər.

Məşədi Fazil başını aşağı salıb bulağın şırıltılı ilə axan suyundan üzünə çilədi və lahıclıların düzəltdiyi və zəncirə bağlayıb asdıqları camı götürdü, su doldurdu və doyunca içdi.

-Şükür İlahi, yenə də bu bulağın suyundan içmək qismətim oldu! Bu qisməti yenə mənə verdin! - dedi və bulaqdan uzaqlaşdı və maşına tərəf irəlilədi.

Bulaqdan xeyli aralıda oturmuş cavanlar maşından kimin düşdüyünü görüb kəndin girəcəyindəki ağacın altında oturub söhbət edən ağsaqqallara xəbər çatdırdılar.

Məşədi Fazilin maşını çay qırağına yaxınlaşdıqda körpünün qabağında onu kəndin kişiləri qarşıladılar:

-Fazil dayı, xoş gəlmisiniz, həmişə evinizdə eşiyinizdə!

Məşədi Fazil Basqaldan uşaqlıq illərində çıxmasına baxmayaraq, özünü buradan ayrı görə bilmirdi.

Qarşılayanların arasında qardaşı oğlu Sadıqın da olduğunu gördü. O, keçib əmisini əlindən öpdü və gözünün üstünə qoydu. Onun etdiyini bütün cavanlar da etdilər və Məşədi Fazilin nə deyəcəyini və nə göstəriş verəcəyinə müntəzir durdular.

-Bir on gün qonağınız olacağam! Sadıqgilə düşəcəyəm. Mən sizin qulluğunuzda hazıram! - dedi.

Yenidən maşına mindi. Sadıq da ona qoşuldu və Basqalın səliqə və sahmanla düzülmüş daşlı küçələrilə rahatlıqla Cəfərli yurduna çatdılar.

Qapıdan içəri girəndə Seyid Bikə Nərgizlə Tahiri tut ağacından aşağı salmağa çalışırdı.

-Ay qız, düş aşağı! Qız bu hündürlüyündə yerə qalxmaz.

-Nənə, Tahir məndən də yuxarı qalxıb. Ona niyə demirsən?

-O, oğlandır. Qoy, gözü qorxaq olmasın. Kişidir. Sən isə qızsan. Düş aşağı!

Nərgiz aşağıdan ona tamaşa edən babasını gördü, dinməzcə ağacdan enməyə başladı.

Seyid Bikənin gözü Nərgizdə qaldığından ərinin həyətə girdiyini görmədi. Qız isə ağacdan düşən kimi babası tərəfə qaçdı:

-Babam, mənim babam! Sən xoş gəlmisən! - dedi və Məşədi Fazilin boynundan sarıldı.

Ağacın altından qapı görünmürdü. Nərgizin hansı tərəfə qaçdığını görən Seyid Bikə, Məşədi Fazilin gəldiyini başa düşdü.

-Qızım, qorxmursan yıxılarsan? Qız da ağaca dırmaşar? Əsəd bilsə, ayaqlarını qırar. Bir də ora dırmaşma? - deyə Məşədi Fazil məzəmmət etdi.

-Onda günah yoxdur! Tahiri ağacdan düşürtməyə çıxmışdı. Bax, nəvənə, həzz al! Heç kimin sözünə baxmır! -deyə özünü qapıya yetirən Seyid Bikə Nərgizin tərəfini saxladı.

Nərgiz ürəyində nənəsinə bir sağ ol dedi, sonra babasının belini qucaqlayıb ağacdakı Tahiri harayladı:

-Qaqaş, düş aşağı, baba gəlib! .

Uca tutun sonuncu budağının yarpaqları arasından babasını görən Tahir meymun kimi bu budaqdan o budağa atılaraq aşağı enməyə başladı. Bir budaqdan başqasına keçdikcə, Seyid Bikə "vay!" deyir və ürəyindən tuturdu.

Bircə anın içində Tahir yerə düşdü, əlini belinə qoyub ona tərs-tərs baxan nənəsinin üzündən öpdü, sonra babasının boynuna sarıldı:

-Mənim babam, xoş gəlib! - dedi.

Məşədi Fazil nəvəsinin üzündən doyunca öpdükdən sonra onu yerə qoydu:

-A bala, qorxmursan ki, yıxılarsan?

-Sən özün demirsən ki, kişi heç nədən qorxmamalıdır? - deyə uşaq təəccüblə soruşdu.

Nəvəsinin ağıllı cavabı Məşədi Fazili sevindirdi. Ürəyində "Bu uşaq hər şeyi göydə tutur!" - düşündü. Nəvəsinin altdan yuxarı baxıb onun cavabını gözlədiyini görüb, dedi:

-Deyirəm, ancaq ehtiyatlı olmaq da lazımdır!

-Ehtiyatlı olmaq, nə deməkdir?

-Yəni, ağaca çıxanda baxmalısın ki, budaq çürükdür ya yox, nazikdir ya qalın?

-Baba, bu ağacda nə qədər budaq var hamısının sayını bilirəm, quru ağacları Nərgizlə sındırıb həyətin küncünə yığmışıq, Nənə, xörək bişirəndə işlədir.

-Əgər elədirsə, çox yaxşı! Ancaq Nərgizi ağaca çıxmağa qoyma! Denən, qız ağaca çıxmaz, ayıbdır.

-Oldu, baba! - Tahir ağır baxışları ilə Nərgizə baxdı və bütün vücudu ilə ona göstərmək istədi ki, evin kişisidir, o, deyən olmalıdır.

-Sən, Tahiri ərköyün eləmə! Onsuz da qızın başına itin oyununu açır. -deyə Seyid Bikə özünü qabağa verdi. Nənəsinin belə təcavüzü Tahiri təəccübləndirsə də, nənəsinin niyə belə etdiyini anlamadı.

-Qızın nənəsi ölməyib ki, ipini vermək istəyirsən "malçişkaya"- deyə Seyid Bikə Məşədi Fazilin qarşısına çıxdı.

-Tahir daha böyük oğlandır. Hər şeyi anlayır. Burda nə var ki? - deyə Məşədi Fazil üzünü arvadına tutdu.

-Siz basqallılar, qızlarınızı heç adam yerinə qoymursunuz.

-Ay arvad, səni Basqal arvadları vəkil tutmayıb ki! Qoy, evimizə girək!

-Mənim qızımla bu cür rəftarla razılaşa bilmərəm.

-Məgər mən qızımın xətrinə dəydim?

-Dəyməsən də, Tahiri onun başına mindirdin.

-Tahir oğlandır. Öz məsuliyyətini bilmədir.

-Altı yaşında uşaq?

-Seyid Bikə, bura Şamaxı deyil, bura Basqaldır. Bu yaşda uşaqlar, dəzgah arxasında otururlar, evə çörək qazanırlar. Mənim Tahirim isə onların heç birindən artıq deyil. Odur ki, nə qədər tez kişi rəftarına öyrənsə, bir o qədər məsuliyyətini tez hiss edər. Qurtardı! - deyə Volodyanın qabağa buraxdı:

-Get, xalanla görüş!

Volodya Seyid Bikənin üzündən öpdü, sonra bərk-bərk qucaqladı.

-Köpək oğlu, dayan! Canım çıxdı! - deyə Seyid Bikə onun qolları arasından çıxmaq istədi:

-Где мама?

-Дома.

-Я же ее жду.



-Мы не успели ее захватить. Завтра поеду за нею.

-Вот и хорошо. Пускай, отдахнет с нами. Тем более ее любимчик приехал.-deyə Məşədi Fazilə işarə etdi - Ох, они любят болтать Дай, тебя поцелую, сыночек!

. Seyid Bikə Volodyanın üzündən öpdü, sonra üzünü Məşədi Fazilə tutdu:

-A kişi, xoş gəlmisən! - dedi.

-Bu arvad belədir. Əvvəl dava salır, sonra evə dəvət edir. Əlindən Səmərqəndə qaçıram! - deyə Məşədi Fazil zarafat etdi.

-Baba, nənə belə deyil! Mənim nənəmdən yaxşı insan yoxur! - deyə Nərgiz zarafatı başa düşməyib tez cavab verdi.

-Sənin nə qədər, advokatın var, Seyid qızı?

-Belədir də, uşaqlar məni çox görürlər, odur ki, mənim tərəfimdədirlər.

-Volodya, bunlara baş qoşsaq, qapı ağzında gecələyəcəyik. Keç həyətə! Yoxsa bizi acından da öldürəcəklər.

Volodya dinməzcə daş pillələrlə tutun altına endi, Məşədi Fazil isə yuxarı, birinci mərtəbəyə qalxdı.

Nərgiz də, Tahir də pillələri babasının arxasınca çıxan nənələrini süzsələr də eyvana qalxmadılar, Volodyanın yanında qaldılar.

Volodya əlini cibinə saldı və cibindən bir məktub çıxartdı və Nərgizə uzatdı:

-Al qızım. Bunu maman göndərdi. Dedi Əsəddəndir.

Nərgiz Əsədin adını eşidib sevinsə də, ancaq Volodya əmisindən utandı. Məktubu götürmək istəmədi.

-Al qızım! Əsəd yaxşı oğlandır. Pis olsaydı onun atasını yandırardım.

-Bəs, Raziyə mama haçan gəlir?

-Onlar da bir-iki günə burdadırlar. Mən gətirəcəyəm. İndi Xaçmazdadırlar. Dadaş baba xəstələnib, yanındadırlar.

Eyvana çıxandan sonra Seyid Bikə üzünü Məşədi Fazilə tutdu:

-Əşrəfgil niyə gəlmədilər? - soruşdu.

-Dadaş xan xəstələnib. Xaçmazdadırlar. Qorxulu bir şey yoxdur. Bu-gün sabah sağalar. Gələrlər.

-İşlərin necə gedir?

-Seyid qızı, yorulmuşam. Bura məni yaman çəkir. İnan orada qala bilmirəm. Namiq əkə də bunu hiss edib. Torpaq çəkir.

-Anlayıram. Nərgizin Allah qoysa toyunu edək, qayıdarsan!

-Mən elə günü bu gün qayıdaram. Ancaq minlərlə adamın çörəyi məndən çıxır. Yaxşı dolanırlar. Gəlsəm, hər şey pozulacaq. Gəlmişdim də! Nə oldu? Hər şey pozulmuşdu.

-Namiq əkə, məgər bacara bilməz?

-Toxuculuq elə bir sənətdir ki, gərək qanında olsun! Orda qazanmaq çox da asan iş deyil!

-Özün bilən məsləhətdir. Onda məni də özünlə apar!

-Pis olmaz! Uşaqlar daha böyüyüb, gəlinlər Bakıda evi yola verərlər. Fikirləş!

Eyvandan baxanda, elə bil bütün Basqal ayaq altında idi. Hər tərəf görünürdü. Əhmədli bağına qədər açılan panorama büllur təkin təmiz havada hər guşəni əks etdirirdi: "Qoşa bulağa" axışan qadınlar, bağlara üz tutan cavanlar.

Günortadan keçdiyindən dağlar arxasında gizlənməyə başlayan günəş şüaları, ancaq ağacların yuxarı şaxələrinə çatırdılar.

Ata-babadan qalmış armud bağlarının sərinliyini poza bilmirdilər.

Məşədi Fazil uşaqlıqda Hacı Ələsgər kişidən eşitmişdi ki, bir zamanlar bu bağların birində məşhur rus şairi Puşkin Həsəğan xanın qonağı olub və orada nar armudu ağacı əkib.

Basqal armudu qədər ləzzətli armudu olan yer tapılmaz. Təkcə Cəfərlilərin Qələmliyində yüz iyirmi növ armud əkilmişdi. Yeni sortlar yaradılmışdı.

Sovet hökuməti qurulandan sonra bağlar viran qalmağa başladı. İndi Məşədi Fazilin əmisi oğlu o bağlara baxsa da, indiyə qədər bir adam da bu bağlarda ağac əkməmiş, qələm etməmiş, odur ki, bağlardakı ağaclar qocalmağa başlamışdı.

Bütün bunları ürək yanğısı ilə düşünən Məşədi Fazil inanırdı ki, əvvəl-axır bu sahibsizliyə son qoyulacaqdı.

Basqal dağlarından gələn sərin hava gecələr sərtləşir, soyuq ətrafı bürüyürdü. Sanki qış geriyə qayıdırdı.

Məşədi Fazili fikrə daldığından Tahirin onu arxadan necə qucaqladığını hiss etmədi. Uşaq xəlvəti stulun arxasına qalxaraq əllərini babasının boynuna salmışdı.

Uşaq Basqalın havasından qızarmış yanağını babasının üzünə sıxdı. Birdən geriyə sıçradı.

-Baba, üzünün tükləri üzümü deşdi ki!? Baba, axı sənin üzün həmişə yumşaq olardı. Baba, niyə özünə baxmırsan?

-Bağışla, mənim balam, indi qaydasına salaram.

Məşədi Fazil qədər özünə, geyiminə baxan çox az adam tapılardı. O, çox zövqlə geyinərdi. Ziyalılığı ilk baxışdan gözə çarpardı. Nəvəsinin sözündən sonra, otağa keçdi güzgüyə baxdı:

-Uşaq düz deyir, özümə baxmıram. Vaxt var ki?

Bir neçə dəqiqədən sonra həyətə endi. Gözləri ilə Tahiri axtardı. Uşaq əlində köhnə əlifba kitabı babasına yaxınlaşdı.

-Baba, sən verdiyin bu əlifbanın axıra qədər oxumuşam. Bütün latın əlifbasını bilirəm. Təzə əlifba bundan yaxşıdır.

-Niyə mənim balam?

-Çünki təzəsində çoxlu nağıllar var. Mən çoxunu oxumuşam. Bununla isə sənin kitabxananı oxumaq olur. Mənim üçün onlar maraqsızdır.

-İndi elədir. Vaxt gələcək bu kitablar sənə də lazım olacaq.

-Baba, nənə deyir ki, məktəbə gedəndən sonra mənə Əski əlifbanı da öyrədəcək. Nəyimə lazımdır? Bunları bilirəm bəsdir.

-Yox, mənim balam, nənən düz deyir! Əski əlifbada da çoxlu kitablarımız var. Onları da oxumağı bacarmalısan.

-Mənim başım çıxmır, bu qədər əlifba nəyə lazımdır. Biri bəs deyil?

-Millətimizin taleyini elə avaraların əlinə verirlər ki, hər yerindən duran axmaq bizim əlifbanı dəyişdirir. Xalqın heç fikrini belə öyrənmirlər. Hələ də bu bəladan qurtarmamışıq. - deyə, Məşədi Fazil qarşısındakı altı yaşlı uşaqla onun düşüncəsindən çox-çox uzaq olan mövzudan danışdığını birdən anladı, susdu və balacanın da əlifba hoqqabazlığından çaşqın qaldığını düşündü. Digər tərəfdən nəvəsinin nə qədər ayıq olduğuna sevindi.

-Doğrudan a, baba niyə üç əlifbamız var? Mişanın birdənədir. Mişa Məşədi Fazilgilin həyətində yaşayan rus Andreyin böyük oğlu idi, Tahirdən bir iki yaş böyük idi. Məktəbə gedirdi. Tahir həyətdə tez-tez onunla oynayırdı.

-Mənim balam, bunun səbəbini, Allah qoysa, böyüyəndə biləcəksən. İndi isə nənə nə deyir, onu öyrənməlisən.

-Mən, Mişanın əlifbasına oxşayan əlifbanı daha çox xoşlayıram.

-Niyə mənim balam?

-Baba, bilirsən, mən baxmışam, evdəki kitabların çoxu bu əlifbadadır. Nağıl kitablarım da bu əlifbadadır. Bilirsən, Əlisəttar əmi, mənim üçün nə qədər nağıl kitabı gətirib, bu əlifbadadır, hamısını oxuyacağam.

Qıraqdan nəvə ilə babanın söhbətinə diqqətlə qulaq asan və həzz alan Seyid Bikə Məşədi Fazilin susduğunu görüb, stolun arxasına keçdi:

-Fazil, nəvən deyəsən səni bağladı?

-Seyid qızı, bu uşağa məktəbdə oxumaq maraqsız olacaq! Oxumadığı uşaq kitabları qalmayıb.

-Bu Nərgizin işidir. Odur onunla gecə-gündüz çalışan. Yuxarı çıx, yenə də oturub sənin kitablarını oxuyur.

-Nəyi oxuyur?

-Qumrunu.

-Afərin, qızım! Bikə, bu qızın gözəl taleyi olacaq. Ağıllı baladır.

-Namiq əkə odur ki, papağını göyə tullayır.

-Əsəd pis oğul deyil, nişanlısından da geri qalmır.

-Nərgiz mənim gülümdür. Heç kim mənim üçün Nərgiz ola bilməz! - deyə Seyid Bikə hirsli-hirsli cavab verdi.

Həyat yoldaşının səsinin tonundakı acını hiss edən Məşədi Fazil üzünü Seyid Bikəyə tutdu:

-Seyid qızı, öz istəyin deyildi, Əsəd?

-Fazil, Əsədə mənim canım qurban! Ancaq heç cürə ağlıma gəlmir ki, mən Nərgizdən ayrılacağam.

-Bu həyatdır. Hər quş öz yuvasına uçmalıdır. Bizim balamız da onlar kimi... Birdə, hələ bir neçə il var... Sən Tahirədən möhkəm yapış, bizə o, qalacaq. Qızlar uçarı quşlardır.

Seyid Bikə dinmədi. Mətbəxə qayıtdı. Nərgizi harayladı ki, stolun üstündəki süfrəni dəyişsin və içi tutla dolu böyük tabağı gətirib babasının qarşısına qoysun.

-Baba, tutdur. Sən xoşlayırsan. Bir saat olar ki, çırpmışıq. Nənə, hər gün səhər bizə yığdırır ki, baba gələndə süfrədə tut olsun.

Məşədi Fazil aramla bir-neçə tut dənəsini ağzına apardı, sonra ayağa qalxdı.

-Mənim balam, bunu götür, qalxaq yuxarı, həm kəndə tamaşa edək, həm də tut yeyək. - dedi və pillələrlə eyvana çıxdı.

Nərgiz süfrədən tabağı götürdü və Tahiri arxasına salıb eyvana qaldırdı. Özü isə nənəsinə kömək etmək üçün aşağı endi. Tahir isə babasına həmsüfrə olub, tabaqdan tut yeyirdi.

Seyid Bikə qapıdan içəri girən Basqal ağsaqqallarını gördü. Kəlayağısını başına çəkib, eyvana qayıtdı.

Məşədi Fazil aşağı baxdı. ağsaqqalları və onların böyük uşaqlarını tut ağacının altında oturduqlarını gördü.

Məşədi Fazil Tahirə dedi ki, bacısının yanında getsin. Uşaq dinməzcə, ondan qabaq aşağı endi.

Məşədi Fazil gələnlərlə görüşdü, ancaq onların üzlərində sevinci hiss etmədi. Hamısı başını aşağı salıb dinmirdi. Məşədi Fazil o saat nə isə baş verdiyini anladı:

-Deyin, görüm niyə başınız aşağıdır? Nə olub?

Məşədi Fazilin qardaşı oğlu Sadıq başını qaldırıb əmisinin üzünə baxdı. Sonra yenidən başını aşağı saldı.

-Sadıq, nəsə bilirsən, ancaq demək istəmirsən!

Sadıq yenə də dinmədi. Əvəzinə Qüdrət dilləndi:

-Əmi, Tiflisdən teleqram aldıq, Səməd ağa keçinib. Gəldik sizə deyək...

Məşədi Fazil bəd xəbərdən yerində dik atıldı. Qulaqlarına inanmadı. Yenidən üzünü Qüdrətə tutdu:

-Nə dedin? Nə?

-Əmi, səni Tiflisə çağırırlar. Səməd ağa keçinib.

Məşədi Fazilin başı gicəlləndi. İldırım vurmuş quş kimi elə bil yerində çırpınmağa başladı.

Yerinə oturdu. İki əli ilə başını tutub dinməzcə yerə baxırdı.

Cəfərlilərdən daha biri də danışmağa cürət etmədi. Hamı Məşədi Fazilin nə deyəcəyini gözləyirdi.

O, ətrafa boylandı. Seyid Bikəni həyətdə görmədi. Kişilər həyətə gəldiyindən o, Nərgizlə mətbəxə keçmişdilər. Basqalda kişilərin oturduğu yerdə qadınlar olmazdı.

-Sadıq, gör Volodya haradadır? - soruşdu və yenə də başını aşağı saldı.

Sadıq yerindən sıçradı, küçəyə çıxdı. Stol arxasında oturanların biri də hiss etmədi ki, nə qədər keçdi. Sadıq Volodya ilə qayıtdı.

- Volodya, tez Bakiya get, ananı bura gətir! Beş saatdan sonra burada olun! Əşrəfə də xəbər çatdır, Səməd ağa vəfat edib. Bizimkilər bilsinlər və Tiflisə gəlsinlər. Anana bir kəlmə də demə! Bildin!? Sən qayıdan kimi burdan çıxırıq. Yolda ehtiyatlı ol! Yaxşı yol!

Volodya ildırım sürətilə həyətdən çıxdı. Məşədi Fazil üzünü onu gözləyən basqallılara tutdu:

-Mən Seyid Bikələ gecə yola çıxacağıq, iki adam da bizimlə gedə bilər.

Başqalar da getmək istəyəcək, odur ki, çıxın Şamaxı yoluna bir avtobus tutub bura gətirin.

Birdən Məşədi Fazil arxadan yerə düşüb sınan şüşə səsləri eşitdi. Kişilərin arxasında əlindəki podnosundan çay dolu stəkanları yerə salmış Seyid Bikəni gördülər.

-Yenə nə olub, Fazil? - deyə, Seyid Bikə əsirdi.

Bir adamın çınqırığı çıxmadı. Sadıq ayağa qalxdı, keçib əmidostunun qolundan tutdu və stula oturtdu.

Məşədi Fazil bilmirdi ki, Seyid Bikəyə necə desin. Ancaq demək lazımdır. " Nə qədər acı olsa da, bilməlidir!" - düşündü.

-Özünü ələ al! Hazırlaş, biz Tiflisə getməliyik. Bizi gözləyirlər. Səməd ağanın vəziyyəti ağırdır..., dedi və Seyid Bikənin üzünə baxdı.

Ona iynə vursaydın qanı çıxmazdı. Məşədi Fazil ayağa qalxdı, bu o demək idi ki, Seyid Bikə də qalxmalı idi. Hamı durdu, ancaq Seyid Bikə yerindən tərpənmədi.

-Siz gedin, mən dediklərimi edin! Maşının dalınca gedin. Bir iki saata mən də Əhmədli bağına gələcəyəm.

Məşədi Fazil birdən anladı ki, o özünü itirib. Volodya gərək bunlardan birini Şamaxı yoluna qədər aparardı.

-Eybi yox, Basqalda az maşın yoxdur! Gedib, gətirərlər düşündü.

Basqallılar həyəti tərk etdikdən sonra Seyid Bikənin qoluna girdi və evin yuxarı mərtəbəsinə qaldırdı. Nərgiz də tələsik eyvana özünü yetirdi.

-Mənə düzünü de! Hiss edirəm ki, sən nəyi isə gizlədirsən? - deyə Seyid Bikə sakitləşmək istəmədi.

-Biz Tiflisə getməliyik! Qurtardı, yığış! Gecə çıxırıq! - deyə Məşədi Fazil səsini qaldırdı.

-Bəs uşaqlar?

-Nataşa gələr, onlara baxar. Hazırlaş, gedirik! - dedi və eyvandan aşağı endi. Bir neçə dəqiqə tut ağacının altında oturdu, sonra nə isə ağlına gəldi, küçəyə çıxdı. Bazar tərəfə irəlilədi.

Basqal bazarı əsasən bazardan-bazara işləyirdi. Bazar günü bütün kəndlərdən bura axışıb gəlirdilər. Belə günlərdə mal əlindən yer olmurdu.

Kəndlilər əkdiyi məhsulu Basqala aparırdılar, İsmayıllıya getmirdilər. Həmişə ciblərində pul oynayan basqallılar onları cibiboş yola salmırdılar. Nə gətirmişdilər alırdılar. Başqa günlərdə isə bazar camaatın yığıncaq yerinə çevrilirdi.

Məşədi Fazil həyətdən çıxanda beyninə gələn ilk fikir o oldu ki, hamıya xəbər çatdığından camaat bazara yığılacaq. “Bütün Basqal bir-birinə qohumdur!” - düşündü

Doğurdan da, vəziyyət onun düşündüyü kimi oldu. Çayxananın qabağı adamla dolu idi. Yüzdən artıq adam yığışmışdı. Hamı Tiflisdən gələn xəbəri müzakirə edirdi.

Məşədi Fazil çayxanaya yaxınlaşdı, onu görənlər aralandılar və ağsaqqala yol verdilər. O, hamı ilə salamlaşdı və adəti üzrə aramla ağacın altındakı stolun arxasına keçdi. Hamının gözü onda idi, nə deyəcəyini gözləyirdi.

-Avtobus tutmağa adam göndərdiniz mi? - deyə üzünü ora yığışanlara tutdu.

-Göndərməyə, göndərdik, ancaq deyəsən bir avtobus azlıq edəcək. Gedənlərin sayı çoxdur. Səməd ağanın üstümüzdə haqqı var. Hamımız getmək istəyirik. Neynəyək?- deyə kənd ağsaqqallarından biri soruşdu.

-Onda gedin, birini də gətirin! - deyə Məşədi Fazil sakit səslə cavab verdi.

-İkisi də azlıq edəcək.

-Onda birini də gətirin! Nə qədər tez tərpənsək, bir o qədər tez çatarıq! Allah əmanətində! - dedi, ayağa qalxdı, gəldiyi yolla evə qayıtdı.

Heç düşünmədi ki, bu qədər adamı Tiflisdə harada yerləşdirəcək? Bu ağlına belə gəlməzdi. Çünki "Orta çalanın" yarısından çoxu basqallılar idi.

Dörd avtobus adam axşamın sərinində Tiflisə yola düşdülər, Məşədi Fazil isə Volodyanın gəlməsini gözləyirdi. Eyvandan Əhmədli bağı tərəfə baxır, gözünü yoldan çəkmirdi.

Qəsəbə Sovetini sədri bazarın ortasında qoyulmuş radionu da susdurmuşdu.

Basqalda matəm vaxtı heç kim çalıb oynamazdı. Birinin qəmi hamınınkı idi. Hörmətsizlik sayılardı. Odur ki, qəsəbənin sakinləri ürək edib radionu oxutdurmazdılar. Qəsəbənin adətinə qarşı getməzdilər.

Qəsəbə sükuta qərq olmuşdu. Təkcə cırcıramaların səsi bu sakitliyi pozurdu.

Basqalın girəcəyində qaranlığı yara-yara irəliləyən maşının farasının işıqları görünməyə başladı. Məşədi Fazil görünən işıqları Seyid Bikəyə göstərdi:

-Allaha min şükür! Sağ salamat gəlib çatdılar. Bikə hazırlaş! Onlar gələn kimi gedirik.

Nataşanı tələm-tələsik qəbul edən Seyid Bikə Səməd ağanın ölüm xəbərini ona demədi, sadəcə olaraq Tiflisə çağırıldığını və oradan tezliklə qayıdacağını söylədi.

-Fazil, mən sizi başa düşə bilmirəm? Səhər çıxa bilməzsiz? - deyə Nataşan təəccüblə Məşədi Fazildən soruşdu.

-Наталья, так надо! Мы должны ехать. Ты останишься с детьми. - deyə Məşədi Fazil qətiyyətlə cavab verdi.

Onun bu sözündən sonra Nataşa susdu və rəfiqəsinə kömək etməyə başladı.

Seyid Bikə onun narahat qalacağını bilirdi. Bununla belə, Səməd ağanın ölüm xəbərini ona deməyin yersizliyini anlayırdı.

Nataşa xəstə qadın idi. Bu bəd xəbəri pis qarşılayardı. İndi isə burada uşaqlarla qalması daha məqsədə uyğun idi.

Seyid Bikənin bayaqdan özünü ələ aldığından sifətində narahatsızlıq görünmürdü. Ona baxıb, Nataşa daxilən sakitləşir və rahatlanırdı.

-Что задумал твой муж? Я его не понимаю!? - deyə Nataşa bir daha rəfiqəsindən soruşdu.

-Наташка, я знаю его столько, сколько и ты. Он сказал собрайся, я, как солдат, выполняю приказ командира. Мы скоро вернемся! Отдохни, как следует.

Maşın Cəfərlinin evinin qarşısında çox dayanmadı. Gəlməyilə tərmənməyi heç on dəqiqə çəkmədi.

Nərgiz əlindəki su dolu camı yerindən tərpənən maşının arxasınca atdı.

1   2   3   4   5   6   7   8   9   10   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə