Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə6/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

QONAQ
Basqallı balası Allahverdi universitetin geologiya fakültəsində bir aydan artıq idi ki, oxuyurdu. Başını qaldırıb macal tapmırdı ki, atası Hümmət kişinin tapşırığı ilə qohumu Məşədi Fazilə dəysin.

Allahverdi dağ adamına xas olan hündür boylu, enli kürəkli, məğrur baxışlı, gözəl qamətli bir gənc idi. Boy-buxunu ilə tələbələrin arasında seçilirdi.

Universitetə gələn kimi onu boks dərnəyinə yazmışdılar. Bircə ayın içində elə məşhurlaşmışdı ki, hamı onu daha idmançı kimi tanıyırdı.

Allahverdi "İçəri şəhərdə" kirayənişin qalırdı. Aldığı təqaüdün yarısını ev kirəsinə verirdi, qalanı dolanmasına bəs etməsinə baxmayaraq, varlı ailədən olduğundan azlıq edirdi.

Atası Hümbət kişinin var-dövləti az deyildi. Allahverdi Basqal balalarına xas olan adətə görə heç vaxt atasından pul istəməz, özü-özünü dolandırmağa çalışardı.

Universitetə girənə qədər Basqaldakı kəlağayı dəzgahlarını işlədirdi və həmişə cibində pul olardı. Ancaq idi, Bakıda təkcə təqaüdlə dolanmalı idi. Odur ki, dərsdən sonra iş tapıb işləmək qərarına da gəlmişdi.

Atası Hümbət kişi oğlunun fərasətinə bələd idi. Bununla belə oğlunu Bakıda tək qoymaq istəmirdi. Allahverdiyə təkrar-təkrar demişdi ki, çalış Məşədi Fazilin uşaqlarına yaxın ol.

Məşədi Fazil uşaqları Allahverdi çox yaxşı tanıyırdı. Basqala gələn Əlisəttar və Nərimanla həmişə birlikdə oynayırdılar.

Yaşda onlardan cavan olmağına baxmayaraq Allahverdininki onlarla tuturdu. Dostları üçün yamanca darıxmışdı.

Təqaüdü alan kimi özünü "Ağ şəhərdəki" Qastronoma verdi. Bir qutu şokolad aldı ki, "Əliboş qonaq getmək ayıbdır! - atasının verdiyi iki dənə "Heyratı" kəlağayını da onun üstünə qoydu. Sanballı hədiyyə olduğunu düşündü. Axşam qonaq gedəcəyini qərara aldı.

Stolun üstündə gözünə dəyən dərsliyi götürüb, çarpayıya atıldı, oxumağa başladı. Kitab oxumağa başı elə qatışmışdı ki, haçan axşam düşdüyünü hiss etmədi. Tez ayağa qalxdı. Həyətə çıxdı, həyətdəki kranı açdı, əl-üzünü yudu, çəkmələrini sildi və evə keçib geyindi.

Xozeyinin həyat yoldaşı Sona arvad onun əlində bağlama olduğunu görüb, hara getdiyin soruşdu.

-Yuxarı məhəlləyə, dayımgil orada olur. Onlara dəyməliyəm! - dedi.

-Hara? Hara?

-Yuxarı məhləyə.

-Bala, otur yerində! Gecə vaxtı ora cin-cinliyinlə getmir, sən hara gedirsən?

Allahverdi onun nə demək istədiyini anlamadı, çünki şəhərlə yaxşı tanış deyildi.

-Sona xala, heç nə olmaz! -deyə həyətdən çıxdı.

Qala divarlarından aşağı, Baksovetə enən pillələrlə universitetin binasının yanından keçdi. Dağlıq məhəlləsinə aparan "Qırx piləkan " tərəfə yol aldı.

Allahverdi iki-üç il bundan əvvəl Məşədi Fazilgildə qonaq qalmışdı. Baksovetdən onlara gedən yolu yaxşı tanıyırdı. Ancaq birinci dəfə idi ki, gecə vaxtı tək qonaq gedirdi.

“Qırx piləkanın” axırı Sovetski küçəsiylə qurtarıdı. Buradan Sovetski küçəsinin axırı, Dağlıq məhəlləsinin əvvəli başlanırdı.

Dağ oğluna xas olan iri addımlarla bir anın içində "Qırx piləkanı" qalxdı. Bir azca belə yorğunluq duymadı. Arxaya döndü, bütün şəhər ayağının altında idi.

“Qırx piləkandan” Bakı axşamının gözəl mənzərəsi açılırdı.

Əlindəki bağlamanı daş söykənəcəyin üstünə qoydu. Sərin payız mehi onun üzünə vurdu. Bir neçə dəqiqə şəhərin bu cazibədar mənzərəsini seyr etdi. İdmançıya xas olan bir neçə hərəkət etdi, dərindən nəfəs aldı. Aşağıda həyat qaynayırdı, yuxarılar da isə tam qanlıq və sakitlik idi.

“Qırx pilləkənin” üstü sanki qaranlıq dünya ilə işıqlı dünya arasında fərqi xatırladırdı.

Uzaqdan gələn tramvaylar otuz-qırx metr aralı elə tez fırlanıb keçirdilər ki, onların haradan gəlib, hara getdiklərini görmək belə mümkün olmurdu.

Gecənin qaranlığını və sakitliyini nadir halda ötüb keçən tramvayların " tapbatrupu" pozurdu.

Allahverdi söykənəcəkdən bağlamanı götürdü və "Pojarnik" tərəfə irəlilədi. Qaranlıq küçəylə üzü yuxarı qalxdı. Küçənin tininə çatar - çatmaz, birdən arxadan ucu iti bir əşyanın belinə dirəndiyini hiss etdi. Qarşısına qaranlıqda peyda olan dörd adam çıxdı.

-Qədeş, nə etmək lazım olduğunu bilirsən də? - deyə onlardan biri amiranə dilləndi.

Özündən, gücündən həmişə razı olan, əməli işi düz olan Allahverdinin ağlına belə gəlməzdi ki, onun qabağını kim isə kəsə bilər. Ona güldən artıq söz deyə bilər.

-Başa düşmədim? - deyə, Allahverdi özünü itirmədi.

-Başa salaq? - deyə, dördü də bellərindən tapançalarını çıxartdı. Arxadakı isə az qaldı ki, bıçağı böyrəyinə soxsun.

- Soyun!

Allahverdi anladı ki, əlindəkiləri və cibindəkiləri onlara verməsə, yaxasını sağ-salamat qurtarmayacaq. Ətrafda qaranlıq və qorxu yaradan sakitlik hökm sürürdü. Köməyinə gələ biləcək heç kim yox idi. Cibindəki pulları və bağlamanı onlara uzatdı:

-Daha heç nəyim daha yoxdur! - dedi.

-Bəs pencək?

-Onu neynirsiz?

-Geyəcəyik! Təzə şeydir.

Allahverdinin pencəyi, doğrudan da, təzə idi. Heç bir həftə deyildi ki, almışdı.

Pencəyi çıxarıb onlara ötürmək istəyəndə, Allahverdinin yadına düşdü ki, bu məhəllədə Əlisəttarın adını çəksə, hər şey yaxşı qurtaracaq. Hələ beş-altı il bundan əvvəl Nəriman ona demişdi.

Pencəyi çıxarıb qarşısında durana uzatdı:

-Qədeş, adamınızı tanımadınız! Al! Beş-on dəqiqədən sonra özün evimizə gətirəcəksən. Mən, Əlisəttarın dayısı oğluyam! - Allahverdi qətiyyətlə dedi.

-Kimin? Kimin?

-Əlisəttarın!

Allahverdi hiss elədi ki, belə dirənmiş bıçaq götürüldü. Qarşısındakı oğlan pencəyi ona uzatdı:

-Bağışla qədeş, tanımamışıq! - başqa birisi ona bağlamanı qaytardı.

-Bəs pulu? – deyə, qarşısındakı oğlan yoldaşlarından soruşdu.

Allahverdi hiss etdi ki, cibinə nə isə qoydular.

-Bir daha bağışla, tanımamışıq! Xahiş edirik, Əlisəttar bilməsin!

Allahverdi onlardan uzaqlaşıb yolunu davam etdi, əlini pencəyinin cibinə saldı. Cibi pulla dolu idi. Ətraf qaranlıq olduğundan saya bilmədi. Yolunu davam etdi.

Məşədi Fazilgilin evinə çatdı, darvazanın qapısını döydü. Üzünə Seyid Bikə açdı və təəccübləndi:

-Allahverdi, mənim balam, bu vaxt sən hara bura hara?-deyə soruşdu.

-Bikə xala, sizə qonaq gəlmişəm!

-Xoş gəlib, səfa gətirmisən! Buyur içəri, mənim balam!

Allahverdini gecəynən qayıtmağa qoymadılar. Onlarda qaldı. Səhər geyinəndə əlini pencəyinin cibinə saldı. Cibi pul ilə dolu idi. Utandı, orda saysın. Ancaq Məşədi Fazilgildən çıxıb universitet tərəfə addımlayanda imkan tapıb saymağa başladı. Cibindəki pul dünən cibində olandan on dəfə artıq idi. Əlisəttar adını eşidən quldurlar öz ciblərindəkiləri də çıxarıb onun cibinə qoymuşdular ki, Əlisəttara o heç nə deməsin.

Səhər dərsdən gələndə Sona xanımın ürəyi yerinə gəldi. Birinci dəfə idi ki, xam adamın yuxarı məhəlləyə gecə qalxıb, sağ-salamat qayıtdığını görürdü.

***

ЯНЗЯЛИ
Payızın sonunda Ənzəlidə yay davam edirdi. Havanın istisini dağlardan gələn sərin meh mülayimləşdirirdi. Günəşin çıxmasıyla sakitləşmiş dəniz dalğalarında hərdən bir külək öz rəsmini çəkir və sularla şıltaqlıq edirdi.

İki saatdan artıq körpüyə yan almış "Dərbənd" gəmisi karantini keçməyi gözləyirdi. Adətən karantinə formal şəkildə əməl edən İran gömrükçüləri bu gün nədənsə daha ciddi və daha tələbkar görünürdülər. Geyimləri də dəyişmişdi. Hamısı parad formasında idilər.

Kapitan Əsədov Əlisəttarla birlikdə göyərtədə gəzişən gömrükçülər və onları müşahidə edənləri gəminin anbarına aparır, İrana gətirilən maşınlar, cihazları və s. onlara göstərirdilər.

Kapitan iranlıların bu hərəkətindən narahatçılıq keçirmirdi, ancaq anlamaq istəyirdi: nə baş verib ki, gəminin yükünü boşaltmırlar.

Hamının başı ciddi şəkildə öz işinə qarışmışdı. Gömrükçülərin isə gözündən heç nə yayınmırdı.

-Sən bilən bunlara nə olub?- deyə Kapitan Əsədov Əlisəttardan soruşdu.

-Mən də bayaqdan bunu düşünürəm: Paradnı geyimdə, gözlərində qorxu... Elə bil İranın "şişkalarından" kim isə buradadır.

-Mənə də elə gəlir.

Gömrük xidməti işini qurtarıb, yenicə getmişdi ki, Nağıyev Fikrət komandanı yeməkxanaya yığıb, onlarla siyasi dərs keçmək üçün kapitandan icazə istədi.

-Keçirə bilərsən! - deyə Kapitan Əsədov razılığını bildirdi.

-Bəs o? - deyə Fikrət gəminin bortuna söykənmiş Əlisəttarı göstərdi.

-O mənə lazım olacaq!

Fikrət daha bir söz deməyib ordan uzaqlaşdı.

Sahildən gəmiyə doğru iri addımlarla iki nəfər rəsmi şəxs yaxınlaşırdı. Kapitan Əsədov onları Əlisəttara göstərək dedi:

-Əlisəttar, sən deyəndir. İranın "şişkaları", deyəsən, burdadır. Şah qvardiyasının zabitləri bizə yaxınlaşır. Yaxşı deyil, gəl düşək qarşılayaq.

Kapitan Əsədov Əlisəttarın müşahidəsi ilə trapla enməyə başladılar. Onların ayağı yerə dəyən kimi rəsmi şəxslərlə üz-üzə gəldilər:

-Kapitan Əsədov cənabları, biz sizi və tərcüməçinizi salamlayır və porta dəvət edirik, sizinlə bizim rəhbərlik arasında söhbətimiz olacaq.

-Sizin qulluğunuzda hazırıq! - deyə Kapitan Əsədov cavab verdi.

-Elə isə bizimlə getməyinizi xahiş edirik! - dedi və əlilə yol göstərdi.

Qabağa keçən Kapitan Əsədovun ardınca Əlisəttar və rəsmi şəxslər irəliləməyə başladılar.

Limanın nəzarətçi budkasının yanından keçəndə gözətçilər dik durdular və hərbi qaydada onları salamladılar.

-Ты прав Алисаттар, мы будем имет дело с иранскими "шишками", вот увидишь! -deyə Kapitan Əlisəttara onları gözləyən ciddi görüşə işarə etdi.

Limanın müdiriyyəti yerləşən ikimərtəbəli bina da sanki öz görkəmini dəyişmişdi. Həmişə tör-töküntülü olan bu binanın foyesindən tutmuş dəhlizlərinə qədər hər şey dəyişmişdi: yeni xalçalar döşənilmiş, divarlar silinmiş, çırçıraqlar dəyişdirilmiş, hər tərəf görkəmini təzələmişdi.

Limanın rəisinin oturduğu kabinetin qabağı da öz görkəmini müsbət mənada dəyişmişdi. Hətta katibə də cavan qızla əvəz olunmuşdu.

Limanın rəisi Əbid Acizi qoca olduğundan belə tam-təraq onu maraqlandırmırdı. Adətən belə dəyişikliklər rəhbərlik başqası ilə əvəz olunanda olur. Yeni gəlmiş rəis öz zövqünə uyğun olaraq dəyişiklər edir.

Ancaq Əbid Acizi bu gün adəti üzrə gəmini birinci qarşılayanların arasında idi. "Bəs baş vermiş bu yeniliklərin səbəbi nədir? - istər Əlisəttar, istərsə Kapitan Əsədov düşündükcə, bir fikrə gəlirdilər ki, Ənzəliyə böyük adamlar gəlib və onların liman maraq dairəsinə daxildir.

Rəsmi şəxslər onları limanın rəisini qapısına qədər müşahidə etdilər və qapını açıb içəri keçmələrini xahiş etdilər.

Liman rəisinin kabineti iranlılara xas olan gen-genişliyilə fərqlənirdi. Baş vermiş dəyişiklər Kapitan Əsədovun nəzərindən qaçmadı, qarşısında duranların kimliyini nəzərə almayaraq, bir başa üzünü limanın rəisinə tutdu və gülərəkdən dedi:

-Ağaye Acizi, bir-iki həftə ərzində limanda baş vermiş dəyişikliklər bizi valeh edib, qoy hər dəfə biz bura gələndə belə işlərin şahidi olaq.

Limanın rəisi heç nə demədi. Yanında durmuş qara kostyumlu adamın üzünə baxdı, sanki nə deyəcəyini gözlədi.

Günəş şüaları pəncərədən düz kapitanın və Əlisəttarın gözlərinə düşdüyündən limanın rəisinin yanında dayanmış adamın sifətini görə bilmədilər.

-Bundan sonra, həmişə belə işlər davam edəcək, mən isə sizi salamlayıram. - deyə Ağaye Acizinin yanında durmuş qara kostyumlu adam sözə qarışdı. Bir neçə addım qabağa keçərək Əlisəttarın qarşısında dayandı və diqqətlə onu süzməyə başladı.

Həssas diqqətə malik olan Kapitan Əsədov isə indi onların hər ikisinin üzünü görürdü. Bir daha qara kostyumlu adamı gözüylə süzdükdən sonra üzünü Ağaye Aciziyə tutdu:

-Ağaye Acizi, atalar düz deyiblər "Yaxşı igid dayısına oxşar!" - deyə Əlisəttarı və qara kostyumlunu göstərdi.

Ağaye Acizidən bir kəlmə də çıxmadı. Hətta hiss olundu ki, Kapitan Əsədovun bu cür danışığı onu təşvişə salır.

Yan-yana durmuş Əlisəttarla Mir Kamil ağanın arasında nə boy, nə buxun, nə göz, nə sifət fərqi yox idi. İkisi də yarı bölünmüş almanı xatırladırdılar. Təkcə Mir Kazmil ağanın saçlarındakı azca çallaşma onları fərqləndirirdi.

-Xoş gördük, bacı oğlu! Gəl, dayın səni bağrına bassın! -deyə Mir Kamil ağa ona əl uzatdı.

Əlisəttar bir kəlmə də olsun dinmədi. Heyrətlə dayısına baxırdı. 24 yaşına çatsa da Mir Kamil ağa haqqında bir neçə ay bundan qabaq Ağaye Heybətdən eşitmişdi, sonra anası bunun həqiqət olduğunu demişdi, ancaq onunla belə tezliklə görüşəcəyinin mümkünlüyünü heç ağlına belə gətirə bilmirdi.

Bununla belə qarşısında duran adamın neçə ona oxşadığına özü də heyran qalmışdı. Əlisəttar deməyə söz axtarırdı, ancaq tapmırdı.

-Bacı oğlu, İranda yaşayan hər kəs arzu edər ki, onun mənim kimi dayısı olsun. Sənə nə olub, dilin söz tutmur? - deyə Mir Kamil soruşdu.

-Doğrusu, mən özüm də şaşqın qalmışam. Gözlərimə inana bilmirəm. Mənimçün gördüklərim yuxudur. Anama danışsam, inanmayacaq! - deyə Əlisəttar gülümsündü.

-Bikə xatın, inanacaq. Əsası odur ki, mən hamınızdan indi arxayınam. O tay xoşunuza gəlmirsə, bu taya keçin! Mir Hüseyn nəsli qırılmayıb, ağa olub olacaqdır. Mənim balam, dayın sənin qulluğunda hazırdır.

-Dayı, çox sağ olun! Sizi görməyim özü xoşbəxtlikdir. -deyə bu dəfə Əlisəttar onu qucaqladı. Hər ikisinin gözü yaşardı. Mir Kamil ağanı və Əlisəttarı tanıyanlara desəydilər ki, onların gözlərindən yaş axıb, heç kim inanmazdı.

Mir Kamil ağa əlini Əlisəttarın çiyninə qoydu və sonra üzünü Kapitan Əsədova tutdu:

-Ağaye kapitan, Fərhadi dedi ki, ona dayıoğlusan və bizim ailəyə yaxınsan. Məşədi Fazilin oğlu hər iki həftədən bir Ənzəliyə gəlir. Dayıoğlunun tərcüməçisidir. Gəldim, səninlə şəxsən tanış olum və çörək kəsim.

-Mən də sizin haqqınızda çox eşitmişəm. Xoşbəxtəm ki, sizinlə görüşmək qismət oldu.

-Bilirəm ki, sizin gəmidən yüklərin boşaldılması ilə əlaqədar bəzi işləriniz var! Onları qaydasına salarsınız və günorta, Fərhadigildə sizi gözləyirəm, dalınızca maşın gələcək. Görüşənə qədər! - deyə Əlisəttarı bir daha bağrına basdı, sonra isə şahanə addımlarla limanın rəisinin kabinetindən onu müşahidə edənlərin əhatəsində tərk etdi.

Gəmiyə qayıdarkən Kapitan Əsədov Fikrət Nağıyevin hələ də siyasi dərsinin davam etdiyini gördü. Onun gəlişi hər şeyi dəyişdi.

Komanda ayağa durub, kapitanın nə deyəcəyini gözləyirdi. Təkcə Nağıyev öz yerində oturmuşdu və yerindən tərpənmirdi. Hamının ona baxdığını və kapitanın gəldiyini bosman əlilə ona işarə etdi. Kapitan Nağıyevin ayağa durduğunu görüb, üzünü bosmana tutdu:

-Bosman, yükləri boşaltmaq üçün komandanı hazırlayın, bu dəqiqə İranın kranovşikləri işə başlayacaqlar. İşi tez qurtarsanız, şəhərə çıxmağa da imkanınız olacaq.

-Bəs siyasi dərs? - deyə Nağıyev soruşdu.

-Kapitalist ölkəsinin əyintilərini öz gözünlə görməkdən yaxşı, hansı nə dərs ola bilər? Bu elə siyasi dərsdir də!

-Yoldaş kapitan, komandada çoxunun siyasi səviyyəsi aşağıdır, axı?

-Siyasi səviyyəsi aşağı olanları zaqranpoezkalara götürmürlər Bir də ki, sən də bu komandanın üzvüsən, onun haqqında pis danışmağın səninlə komanda arasında soyuqluq yaradır. Bizim kollektivdə isə birliyi sən təmin etməlisən! Sənə xəbərdarlıq edirəm! Bil ki, mən burada Sovet dövlətinin təmsilçisiyəm və razı ola bilmərəm ki, komandam haqqında belə sözlər deyilsin! Qurtardı! İndi isə işlə məşğul olmaq lazımdır! - dedi və kayutasına keçdi.

Nağıyev Əlisəttarı qırağa çəkdi və soruşdu:

-Hara getmişdiniz?

Onun bu hərəkəti Əlisəttarın xoşuna gəlmədi. Yuxarı məhəllədə ona bir adam belə müraciət edə bilməzdi. Bakida özgənin nə ilə məşğul olmasını öyrənmək binamusluluq sayılardı. Odur ki, istədi Nağıyevi aclasın, ancaq Kapitan Əsədovun dedikləri yadına düşdü:

-Əlisəttar, bala, səndən nə soruşsa, cavab ver, ağılla cavab ver. Sonra fikirləş ki, onu nə maraqlandırır, daha doğrusu, kim? Paqon adamının xasiyyətidir. Müəyyən tapşırığı yerinə yetirir.

Əlisəttar diqqətlə onun gözünün içinə baxdı, ağır baxışlarıla Nağıyevin başını aşağı saldı.

-Heç, limanın rəisinin yanına çağırmışdılar. Yüklərin boşaldılması ilə əlaqədar məsələləri həll edirdik.

-Bəs kapitan soruşmadı ki, bu günkü yoxlamalar nə ilə əlaqədardır?

-Soruşdu. Dedilər ki, Tehrandan bura komissiya gəlib. Odur ki, bu gün belə oldu.

-Bəs sənin şəxsi müşahidən?

-Mənə elə gəlir ki, İran ilə Amerika dostlaşdıqca, bizə qarşı münasibətləri pisləşir! - deyə Əlisəttar Nağıyevin siyasi dərslərdə tez-tez təkrar elədiyi sözləri ona qaytardı.

-Mən də elə bu fikirdəyəm! -dedi və ondan uzaqlaşdı.

Günorta limanın rəisi yenidən kapitanı yanına çağırdı. Əlisəttar da onunla getməli oldu.

Onları idarənin qabağında Fərhadi qarşıladı və maşına oturtdu və yola düşdülər.

“Ford” Ənzəlidən dağlara tərəf hərəkət edirdi. Dağlara yaxınlaşdıqca təbiət sanki bütün gözəlliyi ilə qarşılarında açılırdı, onları məftun edirdi.

Əlisəttara dağ ətəyi yollar "Qurd təpəsini " xatırladırdı. Hər tərəf yaşıllığın içərisində idi.

Dağ ətəyi boyu bir az hərəkət etdikdən sonra əsas yoldan ayrıldılar və başqa yola keçdilər. İki yüz, üç yüz metr getmişdilər ki, maşın meşənin içərisinə girdi və sürətlə irəliləməyə başladı. Birdən onların qarşısını şlaqbaum kəsdi.

Yolun ortasında şlaqbaumun qarşısında duran hərbi geyimli gözətçi bir söz soruşmadan şlaqbaumu qaldırdı və maşın hərəkətini davam etdi. Bir-neçə dəqiqədən sonra meşə seyrəkləşdi və onların gözü qarşısında böyük bir imarət göründü. Bayaqdan dinməyən Fərhadi üzünü Əlisəttara tutdu:

-Dayının mülküdür. Biz onun qonağıyıq. - dedi.

Dağın ətəyində yüksək zövqlə və ustalıqla İsveçrənin villa üslubunda tikilmiş bu üç mərtəbəli saray hər şeydən əvvəl zadəgan yuvasını xatırladırdı.

Sarayın qarşısında yenə də avropalılara xas olan dəbdə geniş hovuz salınmışdı və ətrafına oturacaqlar qoyulmuşdu. Hovuzu çoxillik ağaclar əhatə etdiyindən, maşın sarayın qarşısına yaxınlaşdıqca o ağacların arasında gizlənirdi, görünməz qalırdı.

Bina ağ mərmərdən tikilmişdi. Odur ki, günəşin şüaları divarlarda əks olunur, göz qamaşdırır və büllur kimi rəngarəng çalarlar yaradırdı. Ətrafda isə səliqə-sahman hökm sürürdü.

Maşın sarayın qarşısında dayananda, qapıdan Mir Kamil ağa və onun iki oğlu çıxdı. İri addımlarla onlara yaxınlaşdılar. Mir Kamil gələnləri salamladı:

-Xoş gəlmisiniz! Əlisəttar, tanış ol, qardaşlarındır: Mir Hüseyn, Mir Mahmud! - dedi.

Əlisəttar hər ikisi ilə qucaqlaşıb görüşdü. Mir Kamil ağa cavanların görüşüb, qurtardığını görüb:

-Tanış oldunuz? İndi isə buyurun yuxarı! - deyə qonaqları evə dəvət etdi.

Kapitan Əsədov və Fərhadi Mir Kamil ağa ilə birlikdə qonaq otağına qalxdılar, Mir Hüseynlə Mir Mahmud isə Əlisəttarı anası və bacısının yanına apardılar.

Venesiya bülluru ilə bəzədilmiş böyük bir zala daxil oldular. Pəncərələrdən günəşin parlaq şüaları mərmər döşəməyə dəyib Əlisəttarın gözlərinə düşürdü, qarşısındakıların sifətlərini güclə ayırd edirdi.

Xalidə xatın Əlisəttarı gördükdə gözlərinə inanmadı. Heyrətlə ona baxıb üzünü Fatiməyə tutdu:

-Fatimə, elə bil atandır, cavanlıqda. İnsan insana necə oxşayarmış!? - deyə əlini əlinə vurdu. Sonra üzünü Əlisəttara tutdu:

- Mənim balam, gəl xalan üzündən öpsün! Sənə baxıram, cavanlığım yadıma düşür.

Xalidə xatın Əlisəttarın üzündən öpdü. Fatimə isə iri gözlərini Əlisəttardan çəkmirdi. Qız yerində donub qalmışdı. Qarşısında olan oğlanın gözəlliyi bir tərəfdən onu valeh etmişdi, digər tərəfdən atasına oxşadığından nə deyəcəyini bilmirdi. Əlisəttarın ona baxıb gülümsədiyini görüb, axır ki, dilinə söz gəldi:

- Bibioğlu, xoş gəlmisən! - dedi və ona əl uzatdı.

Sonra qonaq otağına keçdilər. Kapitan Əsədov, Fərhadi və ev yiyəsi böyük bir dəyirmi stolun arxasında oturmuşdular. Xalidə xatının gəldiyini görən Mir Kamil ağa ayağa qalxdı, keçib onun oturacağı stulu geri çəkdi, xanımını otuzdurdu.

Əlisəttar da dayısı kimi Fatimənin stulunu geri çəkdi və onu otuzdurdu, sonra özü oturdu.

-Hörmətli Həmid ağa, mən xoşbəxtəm ki, sənin kimi insanın sayəsində bacım balasıla görüşürəm. Arxayın ola bilərsən ki, nə qədər mən bu ölkədə varam, sənin qulluğunda hazıram və sənə minnətdaram. Süfrəyə yemək gələnə qədər isə icazə verin bacım oğlu özündən danışsın. - deyə Mir Kamil ağa üzünü Kapitan Əsədova tutdu.

Hamının gözlərinin ona dikildiyini görən Əlisəttar özünü itirmədi və ona məxsus olan qürurla danışmağa başladı:

-Universiteti bitirmişəm. Evliyəm. Bir qızım var. Böyük qardaşım Əşrəfin isə onunla bir gündə anadan olmuş oğlu və bir qızı var. Aşıq Şakir bizim uşaqlara şərəfinə mahnı yazıb. Plastinkasını sizə hədiyyə gətirmişəm. Gəldiyimiz maşının arxasına qoymuşdum, yaddan çıxıb orda qalıb. Mümkünsə gətirsinlər.

Mir Hüseyn ağa zəngi çaldı, qulluqçu qapıda göründü, ona yaxınlaşdı, qulağına nə isə pıçıldadı. Qulluqçu otağı tərk etdi və bir anın içində qayıtdı. Əlindəki iki plastinkanı Mir Kamil ağaya, o, isə qızına uzatdı:

-Fatimə, al bunu oxutdur!

Fatimə ayağa qalxdı zadəgan qızlarına xas olan incəliklə patefona yanaşdı və əlindəki plastinkanı diskin üstünə qoydu.

Hamı Fatimənin hərəkətinin nə ilə qurtaracağına tamaşa edirdi. Bir-neçə xışıltıdan sonra zala Aşiq Şakirin dühasından yaranmış musiqi sədaları yayılmağa başladı. Mahnının şuxluğu zala şirinlik gətirdi.

Hər şeylə maraqlanan Fatimə üzünü atasına tutdu:

-Dədə, qoy bibioğlu bu nəğmənin məzmunun açıqlasın, çünki burda bəzi məqamlar var ki, bizə aydın deyil. Məsələn, nə üçün aşıq deyir ki, "Sən Tahiri kəsdiribsən? Necə gedim yola Nərgiz?"

Mir Kamil ağa nəğmənin hər sözünə diqqətlə qulaq asmışdı, qızı kimi ona da bəzi məqamları başa düşmək lazım idi. Çünki burada adı çəkilənlərin hamısı onun ürəyinin bir parası idi.

-Fatimə düz söyləyir. Bacıoğlu, gərək burada nədən bəhs olunduğunu bizə danışasan! - deyə Əlisəttara müraciət etdi.

Əlisəttar kapitanın üzünə baxdı, ona da aydın olmayan məqamlar olduğunu anladı və xudsovetin də niyə görə bu mahnını səhnəyə buraxmamağının səbəbi indi başa düşdü.

Çünki mahnının sözlərinin arxasında podtekst olduğundan, bu podteksti bilmədən, onu başa düşmək mümkün deyildi. Odur ki, Əlisəttar onun açıqlamasını verməyə başladı:

-Bu mahnını üz-dörd ay yaşı var. Əşrəfin oğlu Tahirin kiçik toyunda ailəmizin istəklisi Aşıq Şakir onu bizə hədiyyə etmişdir.

Əşrəf dəmiryolçudur, Nərgiz isə onun istəkli qızıdır. O, yola gedəndə həmişə arxasınca su atır. Tahir "kəsdirildiyindən " Əşrəf soruşur ki, "Necə gedim yola Nərgiz? "

"Zöhrənin gözü yoldadır" Zöhrə mənim qızımdır, Tahirdən bir saat sonra anadan olub. Bu mahnı mənim böyük qardaşımdan, onun ailəsindən danışır.

Fatimə əlilə qulluqçuya işarə etdi, qulluqçu plastinkanı yenidən patefona qoydu. Musiqi sədaları yenidən zala yayıldı. Qız ayağa qalxdı oynaya-oynaya bibisi oğlunu rəqsə dəvət etdi. Özündən asılı olmayaraq Əlisəttar ona qoşulub rəqs etməyə başladı. Hamı əl çalırdı.

Mir Kamilin evindən şən musiqi və gülüş sədaları ucalırdı. Əsası o idi ki, Mir Kamilin üzü gülürdü.

-Qızım, sən bilən, Mustafa Payan bu nəğməni oxuya bilər ya yox? - deyə Mir Kamil ağa Fatimədən soruşdu.

-Mustafa Payan? Əlbəttə dədə! Onun ifasında daha yaxşı səslənər.

-Onda Tehrana qayıdanda ona xəbər göndər, gəlib həm dinləsin, həm də oxusun! Qoy, bu nəğmə İranda da yayılsın.

Nahardan sonra Mir Hüseynlə Mir Mahmud Əlisəttarı bağı gəzdirməyə apardılar. Qardaşların sayının biri də artdı. Əlisəttar onların arasında böyüklüyü ilə seçilsə də, cavanların ona münasibətində qeyri-adi səmimiyyət hiss olunurdu. Əllərindən gələni edirdilər ki, Əlisəttarın xoşuna gəlsinlər və onun ürəyindən keçəni bilsinlər. Əlisəttar isə onların atası kimi heç nə demirdi və onun ürəyindən keçəni öyrənə bilmirdilər.

Mir Kamil ağa Kapitan Əsədov, Fərhadi balkonda oturub çərəzlə çay içirdilər. Ağaye Heybət bağda gəzən cavanları Mir Kamilə ağaya göstərərək deyirdi:

-Həmişə belə olsaydı, nə dərdimiz vardı? Gediş-gəliş açılsaydı bu cavanlar gözəl həyat sürərdilər.

-Şah da bunu istəyir, ancaq Sovet tərəfi bizimlə dostluq etmək istəmir. Cürbəcür inqilabçıları bura göndərir ki, İranda aləmi bir-birinə qatsınlar. Mənə elə gəlir ki, bu dostluğumuza son qoyacaq. Çünki Amerika ilə SSSR-nin münasibətlərinin istifadə edib, Şah Şərqdə öz mövqeyini möhkəmlətmək məcburiyyətində qalacaq. Ola bilsin, İranın təşəkkül tapması üçün bu onun yeganə yoludur.

-Bizim xüsusi şöbədə Nağıyev adlı birisi var, o da bu cür danışır! - deyə Kapitan Əsədov Mir Kamil ağanın dediklərinə əlavə etdi.

-Hamının bildiyini gizlətmək də mümkün deyil. Bir də böyük siyasət oyunu günəşin çıxması kimi bir şeydir, hər tərəfdən bir cür görünür. O tərəfdə də bu cür düşündüklərinə inanıram. Sadəcə olaraq, bizim üçün başqa çıxış yolu qalmır. Selə qarşı getmək olmaz. Ağıllı adamlar selin qarşısını alıb, ondan faydalanırlar. Şahımız da bu fikirdədir.

-Apardığı siyasətin düzgünlüyü və yaxud düzgün olmamasını nə ilə müəyyən edəcəksiniz?

-İranın istər daxili, istərsə xarici siyasətində yaxından iştirak edən bir adam kimi deyə bilərəm ki, bu ölkəyə sadə gözlə baxmaq lazım deyil. Buranın üçminillik diplomatiya tarixi vardır və bu tarix müdriklik yoludur. Arxayın ola bilərsiniz! İran hiss eləsə ki, Sovetlərdən ona təhlükə var, o saat siyasətini 360 dərəcə dəyişdirər. Ayılıb görərsiniz ki, ona can-ciyərik. İndi isə hər şey əksinə getməlidir.

Mən özüm istərdim ki, heç olmasa Azərbaycanla əlaqələri möhkəm saxlayaq. Nə isə, mümkün olmayacaq.

-Sizə elə gəlmir ki, çox açıq danışırsınız? - deyə Kapitan Əsədov soruşdu

-Mən döyüşkən general olmuşam. Heç vaxt heç kəsə və heç kimə əyilməmişəm. Mərdi mərdanə vuruşmuşam. Sözü üzə demişəm, dediyim sözə əməl etmişəm. Odur ki, İran əhli xətirmi, hörmətimi saxlayır. O ki qaldı mənim dediklərimə, bu bir həqiqətdir və bunu hətta sizin Nağıyev bilirsə, deməli, bu belə də olmalıdır. Bunun qarşısını almaq qeyri-mümkündür. Bizim yaxınlaşmağımız isə bir daha SSRİ dağıldıqdan sonra mümkün olacaq. Onu isə bəlkə biz görmədik. Açıq danışmağımın səbəbini odur ki, Fərhadi mənim ən istəkli dostumdur, sən isə onun dayısı oğlusan, mənim bacım oğlunun kapitanısan. Mən əlimdən gələni edəcəyəm ki, bu dostluğumuz davam etsin. Ehtiyatlı olmağı isə siz məndən yaxşı bilirsiniz! -deyə Mir Kamil ağa dərin fikrə daldı.

Xalidə xatın balkondan bağdakılara əl elədi ki, evə dönsünlər. Əlisəttar qapıda görünəndə, onu özü qarşıladı və otağına apardı. Fatimə də orada idi.

-Biz səhərdən fikirləşirik ki, kimə nə göndərək? Bizə kömək et!

-Xalidə xatın, heç nə lazım deyil! - deyə Əlisəttar heç nə götürmək istəmədi.

-Belə olmaz! Bikə xatın məndən inciyər, deyər baldızı onu saymır. Mən ona bu bilərziyi və boyunbağını qoymuşam, qızım isə Nərgiz üçün başqa birisini. Bu zəncirləri isə gəlinlərimizin boynuna taxarsan. Bu qızıl pulları isə Məşədi Fazil üçün ... Lazımı olar. Mir Kamil deyir ki, dədənin milyon qazansa da, o ürək ki onda var, həmişə pulsuz qalır! - deyə qızılları balaca bir qutuya qoydu və Əlisəttara uzatdı.

-Bunlar isə, keyim və pal-paltardır. Sənin gələcəyini bildiyimdən hamınız üçün alıb yığmışıq. Bu çamadanların içindədir. - deyə qarşısındakı çamadanları göstərdi.

-Bu isə Kapitan Əsədov üçündür. - deyə başqa çamadana işarə vurdu və Əlisəttarın razılığını almadan qulluqçuya göstəriş verdi ki, bunların hamısını Fərhadinin maşınına yığsın.

Sonra Xalidə xatın və Fatimə Əlisəttarın qoluna girərək qonaq otağına keçdilər və Mir Kamil ağanın qarşısında dayandılar.

-Mir Kamil, elə bil səninləyəm, ancaq iyirmi il bundan qabaq. Fikir verirəm, bu uşağın xasiyyəti də sənə oxşayır. Allah taleyini sənin ki, kimi xoşbəxt eləsin!

Mir Kamil ağa Əlisəttarı bağrına basdı. Yenə də gözləri yaşardı. "Şahın aslanı" ləqəbini qazanmış insanın göz yaşlarını İranda hələ bir insan görməmişdi. Əlisəttarın da gözündən sel axırdı. Xalidə xatınla, Fatimənin də gözləri yaşlı idi Təkcə Mir Hüseyn ağa ilə Mir Mahmudun gözləri gülürdü.

***

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə