Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə5/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

SƏMƏRQƏND
Qatar günorta çağı çaqqa-çurukla Səmərqənd vağzalının ortasında dayandı. Parovozun tüstüsü və buxarından qabaq vaqonlardan düşənləri seçmək mümkün deyildi.

Havanın istiliyi buxarı göyə yüksəlməyə qoymurdu. Ağ dumandan bir-birinin ardınca çıxan sərnişinlərin arasında Əsədlə Namiq əkə Məşədi Fazili axtarırdılar. Dünən o, Krasnovodskdan kombinata zəng vurmuşdu.

Namiq əkə bilirdi ki, Məşədi Fazil heç vaxt tələsməyən, aram-aram işini görən, asudə davranan bir insandır. Odur ki, hamıdan sonra düşəcəyinə əmin idi.

Doğrudan da, Məşədi Fazil qatardan düşüb astaca qapıya tərəf irəliləyəndə, onun arxasınca gələn yox idi. Əsəd buxarın arasından görünən Məşədi Fazili Buxara papağından tanıdı.

-Fazil dədə! - deyib qabağına qaçdı.

Məşədi Fazil Əsədin səsi tərəfə başını çevirdi, gülümsündü:

-Salam əleyküm, mənim balam! - dedi. Onu bağrına basdı: - Bəs atan necədir?

Adının çəkildiyini eşidən Namiq əkə buxarın arasından göründü.

-Bıy, sən də burdasan? - deyə Məşədi Fazil qollarını açdı.

-Qardaş, səni qarşılamasaydım ürəyim parçalanardı. Sənsiz günümüz olmasın! Məşədi, fəhlələr yolunu gözləyir. Camaatın çörək ağacısan.

-Namiq əkə, de görüm, ruslar çoxdan gəlib?

-Dünəndən sənin düzəltdiyin maşınlara baxırlar-baxırlar, başları çıxmır ki, çıxmır. Layihələri istəyirlər ki, başa düşsünlər.

-Burda nə var ki, dəzgahlarda çox az dəyişiklik etmişik.

-Elə iş burasındadır da, başa düşə bilmirlər ki, nə etmiziniz? Maşın onların buraxdığı maşındır, ancaq bizimkilər onlarınkından daha sürətli və keyfiyyətli işləyir.

Təzələrini də quraşdırıblar. Təkmilləşdirdiyiniz maşınların yanındadırlar. Təzələri də bizimkilər kimi işləyə bilmir. Maraqlısı budur ki, nə etmişsinizsə, heç birinin başı çıxmır.

Moskvadan gələnlərdən biri bu maşınların baş konstruktorudur. Bütün günü oturub gözləyir ki, bizim maşınlar nə vaxt qırılacaq. Ancaq qırılmır. Kişinin üç-dörd gündür boğazından çörək getmir.

Onların maşınların ikisi sıradan çıxıb. Danışılası deyil, səni yormayım. Gedək, indi özün görərsən.

-Namiq əkə, bir balaca dayan! Məni bu saat nə zavod, nə fabrik, nə Moskva, nə bilim, baş konstruktor, nazir heç biri düşündürmür.

Mən də, sən də bu gün Əsədlə olacayıq, onun qələbəsini bayram edəcəyik. Uşaq məktəb qurtarıb.

-Özü də "Qızıl medalla!"-deyə Əsəd gülərək əlavə etdi.

-İstəyirsən get, moskvalıları da gətir, yeyək-içək. Deyirsən ki, başları çıxmır? Çıxmaz da! Rus dəm olmasa, başı işləməz! - bu inkarolunmaz faktdır, Namiq əkə!

Biz gedirik Mərkəzə, sən isə qonaqları götür, gəl" bizim laboratoriyaya! "

Məşədi Fazil "bizim laboratoriyaya " dedikdə, Namiq əkə anladı ki, yenə də Moskvadan gələnlərlə yeyib içmək olacaq.

-Bəs onda siz maşınsız qalırsınız? - deyə Namiq əkə soruşdu

-Namiq əkə, icazə ver, dünya mədəniyyətinin beşiyində rahat gəzək! Səmərqənd üçün darıxmışam.

Rusların xasiyyətinə, psixologiyasına, dostluğuna yaxşı bələd olan Məşədi Fazil onlardan bu və digər maşını və cihazı almaq üçün əvvəl onlarla yeyib - içirdi, dostlaşırdı, sonra isə yeni dostlarına təsadüfən ağzından qaçırdırdı ki, fabrikdə hansı işləri görmək lazımdır. Hansı maşınlar lazımdır. Faydası böyükdür, bilmir neynəsin?

Ona qulaq asan yeni, çörəyə sadiq dostları o saat söyləyirdilər ki, "Net problem!- yəni ki, boş şeydir, edərik.

Səhəri günü, yenə də yeyib-içmək. Məşədi Fazil dünənki söhbətə daha qayıtmaq belə istəmirdi. Üçüncü günü - yenə yeyib-içmək.

Qonaqların çıxıb getmək vaxtı çatır. Birdən ağıllarına gəlir ki, Fazil Djafaroviç nəyisə xahiş etmişdi. Ancaq yadlarına düşmür. Onun özündən soruşurdular. "Vallah bilmirəm! Qoy, poxmeldən ayılaq, bəlkə yadıma düşdü. Boş şeydir." -deyə Məşədi Fazil cavab verirdi.

"Biz razı ola bilmərik ki, sənin problemini həll etməyib, burdan gedək! - deyə nə lazımdırsa edirdilər.

Ümumiyyətlə Məşədi Fazil insanlarla rahatlıqla dil tapırdı. Anadan gəlmə diplomat idi. Əslində, doğurdan da, diplomat idi. Çünki İstanbul universitetində bu sənəti öyrənmişdi, toxuculuq isə onun qanında idi, bütün basqallılar kimi...

Məşədi Fazil nadir hallarda sexlərə gəlirdi. Çox ağır adam idi. Yerini, sözünü bilən idi. Odur ki, bir adam onun sözünü yerə salmazdı.

Kimin işi dara düşərdisə onun yanına gələr, dərdini danışar, əlbəttə ki, kömək alardı. Neçə-neçə fəhləsinin toyunu, şərini yola vermişdi Məşədi Fazil.

Şəhərin mərkəzinə çatdıqda ətrafa boylandı. Sonra üzünü Əsədə tutdu:

-Əsəd, bala, Namiq əkəyə hansı restoranı dedik?

-Fazil dədə, zənimcə heç birinin adını çəkmədiniz.

-Qocalırıq, mənim balam! Eybi yoxdur, gəl, Feyzinin restorana gedək.

Namiq əkə bilir ki, oranın yeməklərini xoşlayıram. Dədənə dedik də, Mərkəzə gəlsin.

-Dedik!

-Onda arxayın ola bilərsən, bizi Feyzinin restoranında tapacaq.



Səmərqənddə elə bir xalq yoxdur ki, yaşamasın. Vaxtilə Şərqin möhtəşəm paytaxtlarından biri olan bu şəhər özündə bütün mədəniyyətləri, dilləri, adət-ənənələri birləşdirirdi. Hindlidən tutmuş, çinliyə qədər, moltanı, fars, ərəb, yəhudi, slavyan, monqol, tatar və sairə və sairə xalqların sığınacağı və paytaxtı olub bu şəhər.

Müdrik əmrlər və şahlar görmüşdür bu şəhər... Bəlkə onların qoyduğu mədəniyyətdən irəli gəlirdi Səmərqəndin süfrə mədəniyyəti, başqa sözlə desək, süfrəsinin ləzizliyi və bolluğu...

Feyzinin restoranı Səmərqəndin qədim binaları ilə həmahənglik təşkil edirdi. Kaşı daşından hörülmüş qədim binanın qoz ağacından düzəldilmiş ağır qapıları vardı. Qapının özü bir sənət əsəri idi. Səmərqəndlilər nəql edirdilər ki, bu qapının üzərindəki ornamentləri ustalar bir-neçə ilə işləmiş, təbii boyadan hazırlanmış laklarla boyamış və sonra yerinə asmışdılar. Qapının cəftələrini dəmirçilər bir-neçə aya hazırlaya bilmişdilər. Qapının tutacağı qızılı suya salınmış misdən olsa da, hamı buranı “Qızıl qapılı restoran” adlandırırdı.

Restorana daxil olar-olmaz onları balaca boy, girdə qarın, əynində özbək xalatı, başında araqçın, üzündə bir dənə də qırış olmayan, qırmızı yanaq, 60-65 yaşlı bir kişi qarşılayırdı.

Feyzi əslində fars idi, hamı onu tacik bilirdi. Farslığını boynuna alsaydı, onu da 36-cı ildə İrana köçürəcəkdilər. Başı min bəla çəkmiş Feyzi müdrik bir insan idi.

-Məşədi, sənin gələn ayaqlarına qurban kəsim! A kişi, üzünü görək! - deyə Məşədi Fazilin əlini iki əliynənə sıxdı.

-Feyzi, tanış ol! Kürəkənimdir. Bu gün burda məclisimiz olacaq. İndi bura qonaqlarım gələcək. Beş-altı adamdır. Elə edirsən ki, üzümüz ağ olsun! Gələnlər Moskvadandır. - deyə Məşədi Fazil tapşırığını verdi.

-Arxayın ola bilərsiniz! Hər şey yüksək səviyyədə olacaq.

Feyzi onları restoranın estradasından aralı hücrə şəklində düzəldimiş balaca banket zalı deyilən yerə apardı.

-Bura sakitlikdir, həm də hər şey buradan görünür. Musiqiçilər də bir azdan gələcəklər.

-Feyzi, sən içəridə hələlik hazırlığını apar, mən belə görürəm ki, bir saata bizimkilər burda olacaqlar, bir də ki, hələlik bizə çay göndər! - deyə Məşədi Fazil Əsədə stolun arxasında yer göstərdi. Özü də keçib oturdu.

-İndi danış görüm, burda nə var, nə yox?

-Atestatı aldım. Sənədlərimi universitetə vermişəm. Hüquq fakültəsinə. Gecə-gündüz imtahanlara hazırlaşıram.

-Allah qoysa, verərsən. İmtahanı verib, Bakıya gedərsən! Səni gözləyirlər! Bikə nənən sənin üçün yaman darıxıb. Bir də Bakıdan bura elə qaçmışam ki, hamı nigaran qalıb. Sən gedib, gərək onları sakitləşdirəsən.

Restoranla üzbəüz poçt var, Nərgizə teleqram vur. Üstəlik yaz ki, baba da mənim yanımdadır, hər şey qaydasındadır.

Əsəd ayağa qalxdı. Restorandan çıxdı. Poçt tərəfə üz tutdu.

Orda çox ləngimədi. Bir anın içində teleqramı doldurdu, poçtalyona verdi. Bayıra çıxdı. Restoranın qabağında iki "Pobedanın" dayandığını gördü.

Dayanan maşınlar onlarınkı idi. Ora tərəf getdi. Ətrafa boylanan Namiq əkəyə əl elədi, özünü atasına yetirdi.

-Tanış olun, bu mənim oğlumdur! - deyə Namiq əkə onu qonaqlara təqdim elədi.

Əsəd qonaqlarla salamlaşdı. Qonaqlardan dördü ona tanış deyildi. Ruslar idi. Qalan iki nəfər isə toxucu kombinatının direktoru və baş mühasibi idi.

Direktor Əsədi yaxşı tanıdığından üzünü ona tutdu:

-Əsəd bala, bəs Fazil əkə haradadır?

-Buyurun içəri, sizi restoranda gözləyir! - dedi və gələnlərə yol göstərdi.

Qonaqlar adəti üzrə Feyzi qarşıladı və Məşədi Fazilin oturduğu hücrəyə apardı.

Kombinatın direktoru Hüsi əkə qonaqları ona təqdim etdi:

-Stepan Andreyeviç, baş konstruktordur. Qlavkadan Aleksey İvanoviçdir, Petr Mixayloviçdir və Mərkəzi komitədən kuratorumuz, Vasiliy Valintinoviçdir! - dedi. Sonra isə Məşədi Fazili təqdim etdi:

-Onun haqqında eşitmisiniz, bu bizim Fazil Djafaroviçimizdir.

Gələn qonaqlar öz mumunluğunu bildirdilər.

Gələnlərin hamısı eyni yaşlı adamlar idi. Ancaq aralarında Stepan Andreyeviç seçilirdi, hər şeydən əvvəl o narahat adama oxşayırdı. Sir-sifətindən ziyalılıq hiss olunurdu. Adətən belə adamlar çox vaxt talantlı və yaradıcı insanlar olurlar.

-Biz sizi kombinatda gözləyirdik. Siz isə bizi bura dəvət etmisiniz. Bunun bir səbəbi olmalıdır? - deyə Stepan Andreyeviç üzünü Məşədi Fazilə tutdu: - Dünyada səbəbsiz heç nə olmur.

-Elədir! Səbəb: ailəmizdə baş vermiş bir hadisəni yumaq istəyirəm. Əsədin məktəb qurtarması və nəvəmin ona ad edilməsini. Qalan işlər isə, o qədər vacib deyildir.

-Fazil Djafaroviç, necə yəni vacib deyil? Bizim dəzgahın üzərində apardığınız təkmilləşmə işləri boğazımızdan çörək getməyə qoymur. Baxıram dəzgaha, özüm öz əlimlə yığdığım dəzgahdır. Gözə heç nə dəymir. Qaykasından tutmuş, şurupuna qədər hər şey yerindədir. Ancaq siz nə etmişsinizsə, mənimkindən yaxşı işləyir. Faydalı iş əmsalı da sizin dəzgahlarda bizimkindən üstündür. Bunu mənə başa salınız! Xahiş edirəm!

-Stepan Andreyeviç, biz qədim dünyanın möhtəşəm şəhərindəyik. Gəlin, əvvəl yeyək-içək, qalanları çox asandır. Heç fabrikə getmək də lazım olmayacaq. İki kəlmə ilə başa salacağam.

İndi isə bu şəhərin təkrarolunmaz mətbəx mədəniyyəti ilə tanış olaq! Bir də başımız yaxşı işləsin deyə, gərək vurasan, zənimcə, bunu Birinci Pyotr deyib.

Feyzinin süfrəyə yeməyi göndərməsi ilə eyni anda estradadan musiqinin sədaları ətrafa yayılmağa başladı.

Məşədi Fazil qədəhlərə araq süzüləndən sonra ayağa qalxdı:

-Mən ilk badəmi qədim Türkistan torpağına qədəm basmış moskvalı qonaqlarımızın sağlığına qaldırmaq istəyirəm. Sizin sağlığınıza!

Məşədi Fazil bilərəkdən Türkistan sözünü işlətdi. O zamanlar buralarda bu sözü işlətmək qadağan idi. Mərkəzi komitənin işçisinin üzünə baxdı. Başları yeməyə qarışmışdı.

Bir neçə dəqiqə heç kim dinmədi. Ecazkar özbək musiqisi hamının diqqətini cəlb edirdi. Musiqi kəsilən kimi Stepan Andreyeviç ayağa durdu və badəsini qaldırdı:

-Dörd gündür ki, dövlət komissiyasının tərkibində sizin sexlərdəyəm. Ancaq nə baş verdiyini nə mən, nə də komissiyanın üzvləri başa düşə bilmirlər. Dəzgah həmən dəzgah, ancaq bizimkindən iki dəfə yaxşı işləyir, keyfiyyətli işləyir, bu nə sirdir?

-Səmərqənd möcüzələr şəhəridir! - deyə Namiq əkə zarafata keçdi və güldü.

-Sizə nə var ki? Gülə bilərsiniz. Çünki, doğrudan da, gülməlidir. Mən bu dəzgahı yaratmışam. Nə sirdir, başa düşə bilmirəm. Odur ki, icazə verin, bu badəni Fazil Djafaroviçin sağlığına içim ki, məni savadlandırsın.

-Hələ tezdir! - deyə yerindən Məşədi Fazil əlavə etdi - Rus yaxşıca vurmasa, başı işləməz!

-Fazil Djafaroviç, siz zarafat edirsiniz, ancaq biz bu möcüzəni başa düşməliyik.

-Stepan Andreyeviç, rusların bir atalar sözü var. "Vse qenialnoe - prosto!"- siz bu pozisiyadan yanaşın! Onda hər şey aydın olar.

Stepan Andreyeviç bir balaca fikrə daldı. Sonra yenidən ayağa qalxdı.

-Sizin sözünüzdən belə çıxır ki, elə buradaca mənə hər şeyi başa sala bilərsiniz.

-Belə olmasaydı, sizi niyə restorana çağırırdım, elə sexə gələrdim. Bunu başa düşmək üçün vurmaq lazımdır. Görürəm ki, əməlli-başlı vurmusunuz

-Elədirsə, onda başa sal! - deyə Stepan Andreyeviç təkid etdi.

Bayaqdan sakitcə yeyib içən direktor da xahiş etdi:

-Fazil əkə, qonaqların xətrinə dəymə!

Məşədi Fazil qonaqları diqqətlə süzdü, bir az susdu. Hamının diqqətinin onda olduğunu görüb sözə başladı.

-Stepan Andreyeviç, mən Azərbaycanın Basqal qəsəbəsində anadan olmuşam, bu qəsəbə qədimidən Şərqin ipəkçilik mərkəzlərindən biri olub. Basqallılar anadangəlmə toxuculardır.

Sizin isə hazırladığınız dəzgahın misli bərabəri yoxdur. Hər şey dəqiqliklə hesablanıb. Ancaq bu hesablamalar, heç nə vermir. Dəzgahı başa düşmək, hiss etmək lazımdır. Bu basqallıların qanındadır.

Mən sizin dəzgahda iki detalı təkmilləşdirmişəm, beləliklə sürətini və gücünü artırmışam. Elektrik mühərrikinə qoşulan böyük çarxın diametrini azaltmışam. Belə olduqda, elektrik mühərrikinə az yük düşür, mühərrik yaxşı işləyir, mexaniki hissələrin gücü artır, odur ki, alınan material da keyfiyyətli olur.

-Deməli, Siz təkərin diametrini azaltmısız?

-Çox az, on beş santimetr. Odur ki, heç bir dəyişiklik hiss etməmisiniz.

-Siz dahisiniz! - deyə Stepan Andreyeviç ovcunun içini bərkdən alnına vurdu: - Düz dörd gündür ki, biz baş sındırırıq.

-Ona görə sizi bura çağırdım ki, bu iş sexlik deyil, yeyib-içməklikdir.

- Sizi öz institutumuza dəvət etmək istəyirəm, buna necə baxırsan?

-Stepan Andreyeviç, mən qoca kişiyəm. Vətənsiz yaşaya bilmərəm. Sadəcə olaraq, oradan bizə yaxşı maşınlar göndəriniz, biz də onları təkmilləşdirək.

-Razılaşdıq. Ancaq bu maşınları təkmilləşdirən adama komissiyanın qərarı ilə müəyyən mükafatlar veriləcəyi haqda nazirliyin kollegiyasının qərarı var. Buna necə baxırsınız?

-Nazirlik Sizi mükafatlandırmalıdır ki, bu incəlikdə parça toxuyan maşın icad etmisiniz. Bizim üçün isə ən gözəl mükafat buradakı sexləri bu maşınlarla təmin etməyinizdir.

-Bizə çətin bir tapşırıq verdiniz. Ancaq çalışmalıyıq! - deyə qlavkadan gəlmiş əlavə etdi.

-Sizə necə xoşdur, bizə də elə. Bizim qonağımızsınız. Qonaq sözü isə bizim üçün qanundur! - deyə Məşədi Fazil həmişə effekt verən frazaya əl atdı. Çünki bilirdi ki, onun bu sözündən sonra rusların qəlbində bu süfrə ətrafında oturanlara qarşı məhəbbət oyanacaq, digər tərəfdən, kombinata heç olmasa bir neçə yeni dəzgah göndərəcəklər. Bu isə onların verdikləri mükafatdan qat-qat üstündür.

***


TƏLƏBƏ BİLETİ
Avqustun ortalarına qədər Məşədi Fazilin başı Moskvadan gələn qonaqlara qarışmışdı. Əsəd haqqında Namiq əkədən soruşar, imtahanını necə verdiyini öyrənər, işi çox olduğundan onunla görüşə bilmirdi.

Avqustun ortalarında məlum oldu ki, Əsəd bütün imtahanları müvəffəqiyyətlə verib, indi isə daxil olması haqda əmrin çıxacağı günü gözləyir.

Axır ki, gözlənilən gün gəlib çatdı və Əsəd öz adını tələbə siyahısında gördü. Sevincindən nə edəcəyini bilmirdi. İlk növbədə qaçıb Məşədi Fazilgilə gəldi və qapısını döydü.

Qapını açan qulluqçu dedi ki, üç gündür ki, Daşkənddədir və iki gündən sonra gəlməlidir.

İki gündə belə keçdi. Əsədə universitetdə tələbə biletini verdilər və onu alan kimi düz kombinata qaçdı.

Fəhlələr Məşədi Fazilin yeni sexdə olduğunu dedilər. Sexdə atasını da Məşədi Fazilin yanında gördü.

Əsəd anladı ki, atası Məşədi Fazilə universitetə qəbul olduğunu çatdırıb, ancaq hər ikisinin tələbə biletini görmədiklərini düşünüb alıb, biletini Məşədi Fazilə uzatdı.

Diqqətlə biletə nəzər saldıqdan sonra, Məşədi Fazil Əsədin alnından öpdü, sonra əlini cibinə saldı. İri yüzlüklərdən beş-onunu çıxarıb biletin içinə qoydu, Əsədə qaytardı.

-Fazil dədə, bu lazım deyil! - deyə pulu qaytarmaq istədi.

-Bizdə adətdir, tələbə biletini alana şirinlik vermək. Bir də ki, daha kürəkənimizsən. Adımız var, şanımız var. Namiq əkə deməz ki, oğlumuzu narazı salırlar. Danış imtahanları, necə verdin?

-Fazil dədə, iki dörd almışdım, üçüncünü də güclə dörd aldım. Dördüncüdən beş almasaydım, keçməyəcəkdim. Konkursa düşəcəkdim. Ölsəydim, ondan yaxşıdır. Şükür Xudaya ki, indi hər şey qaydasındadır.

-Namiq əkə, nə baxırsan? Millət səndən qonaqlıq istəyir.

"Millət səndən qonaqlıq istəyir!" kəlməsini ətrafdakı fəhlələr tutdular və hamısı onların ətrafına yığışdı.

Kombinatın baş slesarı Vasya əlinə bəhanə düşdüyünü anladı və Namiq əkənin qarşısında durdu.

-Bratişka, bu cür hadisəni yumaq lazımdır.

-Mən hazır! Bəs iş?

-Biz ruslar deyirik ki, "İş ayı deyil, meşəyə qaçmaz! ".

Vasya orta yaşlı dəmir bədənli, uca boylu rus balası idi. Müharibədən sonra Səmərqəndə gələn “dembillərdən” idi. Əlləri qızıl idi. Hər şeydən başı çıxırdı. Ancaq vurmasaydı, işləyə bilmirdi. Bütün günü gözləri axırdı. Ancaq insan kimi çox qanacaqlı, ürəyi açıq, mərifətli və sözü düz adam idi. Vasyanın xətrini hamı istəyirdi.

-Belədirsə onda getdik! - deyə Namiq əkə hamını arxasınca çağırdı. Az adam gəlmədi, iyirmi, iyirmi beşə qədər fəhlə sexi tərk etdi.

Kombinatın qarşısındakı ağaclığın arasından görünən balaca bir yeməkxananın içinə doluşduqda, müdir dedi ki, bu qədər adamı yerləşdirə bilməyəcək. Bəlkə stolları küçəyə çıxardaq?

-Nə edirsən et! Ancaq fəhlələrə lazım olan hörməti etməlisən, hesabını isə mən özüm verəcəyəm! - deyə Namiq əkə müdiri arxayın etdi.

Fəhlələrlə vidalaşdıqdan sonra Namiq əkə kombinatın qarşısında onu gözləyən Məşədi Fazillə Əsədə yaxınlaşdı.

-Bəs biz nə edək?

-Özümüzü verək Feyzinin yanına! - deyə Məşədi Fazil keçib «Pobedaya» oturdu. Elə də etdilər.

Feyzi Məşədi Fazili görən kimi eyni bir sxemlə işləyirdi: Əvvəl çay gətirirdi, sonra dinməzcə bişirdiyi ləziz yeməkləri onların qarşısına qoyurdu. Nə yeyəcəklərini soruşmurdu da.

Məşədi Fazil Əsədin yemədiyini görüb üzünü ona tutdu:

-Əsəd, bala niyə yemirsən?

-Fazil dədə, iştaham yoxdur! - deyə yenə fikrə qərq oldu.

Məşədi Fazil bir söz demədi, yeməyini davam etdi. Sonra üzünü Namiq əkəyə tutdu:

-Namiq əkə, bəlkə səni Bakıya yollayaq! - dedi.

-Məni niyə, Məşədi?

-Ordakılar nigarandır ki, kürəkənimiz universitetə daxil olub ya yox?

-Doğrudan a! Onda hazırlaşım getməyə! - deyə Namiq əkə Məşədi Fazilin qurduğu oyunun şərtlərini başa düşdü. Ayağa qalxdı.

-Otur! Bu tezliklə Krasnovodskya qatar getmir!

-Nə qatar? - deyə Əsəd fikirdən ayıldı.

-İstəyirəm atanı Bakıya göndərim! Gedib ordakılardan muştuluq alsın!

-Fazil dədə, atama əziyyət olar! Məsləhətdirsə, mən özüm gedim.

-Ay qırışmal! Dörd gündür universitetə girmisən, nişanlının, qaynananın, qayınatanın bundan xəbəri yoxdur. Ağlına da gəlmir ki, onlara xəbər göndərəsən. Nə fikirləşirsən: biz bununla razılaşmalıyıq?

-Fazil dədə, mən Bakıya getmək istəyirəm, ancaq...-deyə atası tərəfə baxdı.

-Nə ancaq? Hazırlaş yola. Seyid Bikə də narahatdır. Nərgizin də gözləri yoldadır. - deyə Namiq əkə onun üstünə çımxırdı.

Əsəd yeridən sıçradı:

-Olar, mən gedim?

-Bəs biz nə istəyirik? - deyə Məşədi Fazillə Namiq əkə gülüşdülər.

***


XUDSOVET2 VƏ XALQ
Bakıda avqustun axırı bir adət olaraq küləkləri ilə yadda qalır. Yuxarı məhəlləni toz-torpağa bürüyən xəzri çəmənlikdən elə sürətlə evlərin divarlarına və pəncərələrinə güc gəlirdi ki, elə bil yerindən çıxartmaq istəyirdi.

Çürümüş otları, dəvətikanını, kağız-kuğuzu çəmən boyu o yana bu yana qovurdu. Tozanaq o qədər güclü idi ki, insan başını qaldırıb qabağa baxa bilmirdi.

Əsəd gəmidən düşən kimi bunu hiss etdi. Taksi Məşədi Fazilgilin evinin qabağında saxlayan kimi, o maşının qapisini açıb, tez özünü həyətə saldı, ancaq ona elə gəldi ki, arxasınca gələn var.

Geriyə baxdı. Taksinin şoferini gördü. Külək onu elə çaşdırmışdı ki, taksinin baqajnikinə qoyduğu çamadanları yaddan çıxmışdı.

-Qədeş, belə olmaz? Var - dövlətini qoyub gedirsən! -deyə əlindəki çamadanları yerə qoydu.

-Çox sağ ol, qardaş! - deyə əlini yenidən cibinə saldı ki, ona yenə də pul versin.

-Verdiklərin bəs eləyir! Lazım deyil! - deyə sürücü pulu götürmədi.

-Onda minnətdaram! - deyə, Əsəd cavab verdi.

Küləyin uğultusundan qapının açılıb içəri girən olduğunu heç kim hiss etmədi.

Dəhlizdə Əsəd üst başını qaydaya saldı, tozunu sildi və qapıya yaxınlaşıb döydü. "Buyurun" sözünü eşidib, içəri girdi.

Stolun arxasında Əşrəf, Aşıq Şakir və Seyid Bikə oturmuşdular.

Əsədi görən Əşrəf, ayağa qalxdı, tərs-tərs onu altdan yuxarı süzdü. Gözləri gözlərinə dəydikdə, Əsəd başını aşağı saldı.

Seyid Bikə isə durub, adətinə görə onu bağrına basmaq istədi. Ancaq Əşrəfin qətiyyətli baxışlarını onu yerindən tərpənməyə qoymadı.

Əsəd dinməzcə durub nə edəcəyini bilmirdi.

Əşrəf özü sakitliyi pozdu. Üzünü Aşıq Şakirə tutdu:

-Şakir, tanış ol nökərimiz olmaq istəyən budur. Necədir? Verim qızı buna, ya yox? - deyə qətiyyətlə soruşdu.

Aşıq Şakir Əsədi bir-neçə dəfə görmüşdü, Namiq əkənin oğlu olduğunu da bilirdi. Əşrəfin qızının hərisini aldığını da bilirdi. Dostunun niyə kürəkəni bu hala salmağının səbəbini anlardı.

-Nərgizə layiqli oğlandır! - deyə Şakir cavab verdi.

-İndi yoxlayarıq! - deyə Əşrəf yenə də iri və dərin gözləri ilə onu süzdü:

-Hanı tələbə biletin?- deyə, ondan soruşdu.

Əşrəfin bu sualından özünü itirən Əsəd tez əlini yan cibinə saldı. Tələbə bileti orada deyildi. Şalvar ciblərinə əllərini saldı. Orada da əlinə bir şey keçmədi.

-Əşrəf dayı, axı indicə cibimdə idi. Nə oldu, bilmirəm?

-Deməli, universitetə girməmisən?

-Vallah girmişəm!

-Onda isbat et!

-Əşrəf dayı, deyəsən, tələbi biletini itirmişəm. Ancaq girmişəm. Hüquq fakültəsinə! - deyə Əsəd döş cibinə əlini saldı, yenə də nəticəsiz.

Əşrəf isə keçib dostunun yanında oturdu.

-Deyirsən, layiqli oğuldur? - deyə Şakirdən soruşdu.

Şakir gülümsündü.

-Mən də elə hiss edirəm. Ancaq bileti yoxdur. Bezbiletdir. Biz dəmiryolçular bezbiletləri vaqona qoymuruq.

-Bilirsən, nə var? - deyə Seyid Bikə ayağa qalxdı:

-Heç kim mənim balamın xətrinə dəyə bilməz! Gəl, mənim balam, nənə səni bağrına bassın və təbrik etsin.

İtirdiyin biletin təzəsini Səmərqəndə qayıdanda alarsan! - deyib Əsədin alnından öpdü və stolun arxasına otuzdurdu.

Əsədin oturduğunu görən Əşrəf əlini öz cibinə saldı və tələbə biletini çıxartdı. İçinə şəlpə yüzlükləri qoydu. Tələbə biletini Əsədə qaytardı:

-Sən, doğrudan da, layiqli oğulsan! Oğul, səni təbrik edirəm! Bir də biletini itirmə! - dedi.

Aşıq Şakir gördüklərindən heyrətə gəlsə də, qəhqəhə çəkib güldü.

Əlini Əsədə uzadıb tələbə biletini istədi. Stolun üstündəki sazın qutusunun içindən üç dənə plastinka götürdü və tələbə biletini içinə qoydu:

-Bu da mənim muştuluğum! Nişanlın haqqında yazdığım mahnının plastinkasıdır. Səni təbrik edirəm. - dedi. Başqa bir plastinkanı götürüb, qarşısındakı "Ural" radioqəbuledicisinin qapağını açdı və ora qoydu.

-Bəy gərək oynasın! - dedi.

Otağa Aşıq Şakirin "Bala Nəgiz" nin sədaları yayıldı. Yerində cınqırlığını çıxartmayan Əsəd birinci dəfə idi ki, Əşrəfin gözlərinə baxdı. Onun gözləri gülürdü.

-Nə baxırsan, oğul? Oynamaq lazımdır. - deyə Əşrəf onu ürəkləndirdi.

Kürəkənin tutulduğunu görən Seyid Bikə ayağa qalxdı və onu özü rəqsə dəvət etdi.

Musiqinin sədasına yan otaqdan Raziyə ilə Nərgiz çıxdılar.

Əsədi görən Nərgiz atasından çəkinib geri qayıtdı, ancaq qonaq otağına çıxan pəncərədən nə baş verdiyini müşahidə etməyə başladı.

Küləyin uğultusunu pozan gözəl aşıq musiqisi Əsədin iliyinə işləyirdi, sümüyünə elə düşmüşdü ki, nə baş verdiyini anlamırdı. Musiqinin tempinə uyğun olaraq Seyid Bikənin qəhqəhəsinə qoşulub rəqs edirdi.

Musiqi kəsildi. Seyid Bikə yerinə oturdu. Otaqdan çıxan Raziyə isə keçib Əsədin alnından öpdü, əlindəki qızıl Quranqabılı zənciri onun boynuna taxdı:

-Əsəd, bala, bu mənim hədiyyəmdir. Təbrik edirəm! -dedi.

Seyid Bikə musiqidən həzz aldığını gizlətmədi:

-Şakir, mənim balam, bu mahnı bizim hamımızdan çox yaşayacaq. Çünki gözəl sənətkarın yaratdığı əsərdir.

Gündə bir nəğmə yaranır. İllər keçir, bu nəğmələr unudulur. Çünki ürəkdən gələn musiqi deyil. Sənin yaradığın isə həqiqi həyat səhnəsidir. Nə qədər Azərbaycan var, bu mahın da yaşayacaq.

-Əsəd balamız üçün isə ən gözəl hədiyyədir. - deyə, Aşıq Şakir təvazökarlıq edib sözü dəyişdirmək istədi.

Aşıq Şakir Seyid Bikənin necə geniş dünya görüşünə, biliyə malik olduğunu bilirdi, dediklərinin nə qədər əhəmiyyətli olduğunu da anlayırdı. Ancaq bu nəğmənin tezliklə populyarlaşacağını özü də əmin deyildi. Xalqın çoxu onu eşitməmişdi. Radioda da çaldırmağa icazə vermirdilər.

Səsyazma studiyasında işləyənlərin musiqi o qədər xoşuna gəlmişdi ki, xudsovetdən xəbərsiz onun səsini plastinkaya yazmışdılar, özləri üçün.

Aşıq Şakirə də bir-neçə paçka vermişdilər ki, «Aşıq Şakir, al bunları dostlarına-aşnalarına paylayarsan!»

Xudsovetdən plastinkalararın tirajlanmasını istədikdə, bu təşkilat mahnının məzmunsuz olduğunu iddia etdi. Səs studiyasında yazılmış nümunələri ləğv etməyi göstəriş verdi.

Səsyazma studiyası onunla müqavilə bağlamamışdı. Yazdırdığı plastinkalar odur ki, hələ satışa buraxılmamışdı.

Seyid Bikə Şakir pərişan olduğunu hiss etmişdi. Düşünürdü ki, o, nəyisə demək istəmir. Onu danışdırmaq qərarına gəldi.

-Deyəsən sözlərim xoşuma gəlmir? - soruşdu.

-Ana, xudsovet bu nəğməni məzmunsuz saydığından, bu plastinkaları ləğv etməyi tələb edib.

-Mən də deyirəm, Şakirin halı niyə pərişandır! Allah səndən razı olsun, Əsəd! Sənin gəlişin olmasaydı, Şakir bu karobkalarada plastinka olduğunu deməyəcəkdi.

Şakir, mən tam əminliklə deyirəm: bu mahını azərbaycanlıların əbədi mahnısına çevriləcək!

Sənin yaratdığın ən gözəl əsərdir. Baxarsan! Biz gəldi, gedərik. Bu isə həmişə yaşayacaq. Xalqın dilindən düşməyəcək!

Nərgiz otaqdan çıxıb süfrəni dəyişdirdi və qab-qacaq düzməyə başladı.

Nahar vaxtı idi. Əşrəflə bir-neçə qədəh rus arağı vurduqdan sonra Aşıq Şakirin halı özünə gəldi.

-Ana, mən də bilirəm, bu gözəl əsərdir. Ancaq xalqın eşitməsinə əngəl yaradırlar. Mənə deyiblər ki, sabahı filarmoniyadakı konsertimdə bu mahını oxumayım. Səviyyəsiz mahnıdır. Nə məsləhət görürsünüz? Mən nə edim?

-Mənim balam, onu tapşır bizim Əşrəfə! Onsuz da, bütün günü sənin konsertinə biletləri dostlarına, tanışlarına paylayıb. Bütün məhəllə sənin konsertinə bilet axtarır. Adam əlindən yer olmayacaq.

-Bunun "Bala Nərgizə" nə dəxli?

-Allah qoysa, sabah görərsən! İndi isə yemək-içmək vaxtıdır. Mən dua edəcəyəm ki, sabah hava yaxşı olsun, evdən çıxa bilək.

***

Səhəri günü külək də dayandı. Bakının yay havasını özünə qaytardı. Aşıq Şakir gözünü açanda dünən uğuldayan küləyin səsini eşitmədi. Bunu xoş əlamət kimi qəbul etdi.



Dünəndən başqa dilxorçuluğu vardı: filarmoniyanın açıq yay zalında keçəcək konsertin qabağını qasırğalı Bakı küləyinin alacağından qorxurdu. O, yaxşı bilirdi ki, belə küləklərin dərdindən neçə-neçə məşhur sənətkarların konsertləri təxirə salınmışdı.

Şakirin oyandığını görən Əşrəf də ayağa qaldı.

-Sabahın xeyr, qardaş! Görürəm, küləyə baxırsan.

-Elə bil, dünənki hava deyil. Seyid ananın duasıdır! Allah, onu bizə çox görməsin!

-Bəxtin var! Seyid Bikənin hələm-hələm adam xoşuna gəlmir. O, da konsertə gələcək.

***


Günorta Volodya anası ilə birlikdə Məşədi Fazilgilə gəldilər. Nataşa Seyid Bikənin konsertə getməyə hazırlaşdığını görüb, öz incikliyini bildirdi:

-Bəs mən? Niyə mənə deməmisən? Məndə getmək istıyirəm!

-Наташка, будь умницей, посиди с Таиром. Концерт нашего ашуга. Не русская музыка.

-Пика, ты не темни! Разве я не знаю вашу музыку. Мне понравилась песня, посвященная твоим внукам. Еще раз хочу ее услышать.

-Тогда готовься.

-Мне надо дамой!

-Почему?

-Одеться, как полагается!

-Постой, ты и в них неплохо смотришься. Володь нужен Шакиру. Его он должен отвести в филармонию. Потом приедет за нами и за детьми.

Volodya Aşıq Şakiri filarmoniyaya aparıb qayıdana qədər Seyid Bikəylə Nataşa doyunca ürəklərini boşaltdılar. Volodyanın qayıtdığını görən Əşrəf üzünü Əsədə tutdu:

-Əsəd, nənəni və Nataşa xalanı götürüb "Gömurnat" bağına apar və fontanın yanında bizi gözləyin!

Raziyələ və Nərgizin hazır olduqlarını görən Əşrəf, onları maşına mindirdi, Əsədi isə yanına çağırdı:

-Biz, səninlə, ata-bala piyada gedib ora çatarıq.

Həyətdən çıxanda məhəllədən bir-neçə nəfər onlara qoşuldu. "Qırx pilləkənə" yaxınlaşdıqca qoşulanların sayı daha da artırdı. Hamı Aşıq Şakirin konsertinə gedirdi. Onlara qoşulanlara Əşrəf göstəriş verirdi ki, konsert zamanı nə etmək lazımdır.

Filarmoniyanın yanına çatana qədər Əşrəf onlarla adamla görüşdü.

"Gömürnat" bağının qarşısında Çin üslubunda tikilmiş budkanın yanında Əsəd onlardan ayrıldı və fontana tərəf üz tutdu.

Dairəvi fontan boyu düzülmüş daş qurbağaların ağzından su püskürürdü və iri akasiya ağaclarının kölgəsinə sərinlik gətirirdi.

Tahiri fontanın qırağında otuzdurmuş Nərgizin başı uşağa qarışdığından arxadan gələn Əsədi hiss etmədi.

-Ehtiyatlı ol! Uşağı suya salarsan! - deyə Əsəd səsini ucaltdı.

Onun səsinə arxaya boylanan Nərgiz, əvvəl gülümsündü, sonra isə əllərini Tahirin belindən buraxıb üzünü Əsədə tutdu:

-Əsəd, bu uşaq qorxu nədir bilmir. Görürsən, nə edir?

Nərgizin onun belindən tutmadığını hiss edən Tahir ayağa qaldı və fontanın qırağı ilə qaçmağa başladı.

Əsəd bir anın içində onun arxasınca tullandı. Ancaq çatmadı. Seyid Bikə iki əli ilə uşağı fontanın qırağından götürdü.

-Sizə uşaq həvalə etmək olmaz! Gedin, işinizlə məşğul olun! - dedi.

-Bikə nənə, Vallah, hər şey bircə anın içində baş verdi .-deyə Əsəd istədi ki, Nərgizi müdafiə etsin.

-Elə hər şey bircə anın içində baş verir də! - deyə Seyid Bikə cavab verdi. Sonra üzünü Tahirə tutub tərs-tərs ona baxdı:

-Dəcəl oğlu, dəcəl! Gəl dalımca! - dedi. Həmişə nənəsinin qətiyyətli əmrlərini yerinə yetirən Tahir dinməz söyləməz nənəsinin arxasınca getməyə başladı.

Fontandan azca aralı Raziyə Nataşa xalayla oturub söhbət edirdilər. Tahir keçib Nataşa xalanın yanında oturdu. Belə anlarda nənəsinin qəzəbindən qorunmaq üçün Nataşa xaladan başqa heç kimə arxalanmaq mümkün deyildi. Onun isə həmişə xilaskarı olduğundan, başını dizinin üstünə qoydu.

Nataşa Tahirin o üzündən-bu üzündən öpdükdən sonra, onu qucağında oturtdu.

-Gördün, nə olmuşdu? Az qalmışdı ki, fontana düşsün. Nataşa, onu mənə ver, yumşaq yerini hamarlayım.

-Тет Наташа не хочу! Я хочу, чтобы вы рассказали мне сказку про Ивана-дурачка.

-Пускай, бабуля тебе расскажет. Она знает больше, чем я.

-Бабуле щас не хочу. Она видишь, сердиться. А когда она сердится, мне поподает.

-Görürsən bunu! Bunun danışığına bax! - deyə Seyid Bikə üzünü rəfiqəsinə tutdu.

-Милая, твой внук не по годам, а по дням растет. Четерехлетнего мальчугана заставляете читать, писать. А ему надо резвиться и резвиться.

-Наташка, он должен быть мужчиной. Поэтому его надо учить порядку.

Nataşa rəfiqəsini bu sözlərinə heç nə demədi. Çünki bilirdi ki, Tahiri Seyid Bikə qədər heç kim istəyə bilməzdi. O ki, qaldı, dəcəlin qaçıb ona söykənməsi, Seyid Bikənin gülər üzlə "Mənim balam, mənim balım!" - deməsi ilə qurtaracaqdı. Balaca provokator onun dizindən Seyid Bikənin qucağına tullanacaqdı.

Raziyə Əşrəfin onlara yaxınlaşdığını görüb Nərgizlə Əsədin durduğu yerə getdi. Qızla oğlanın toya qədər bir yerdə olmasına yuxarı məhəllələrdə çox pis baxırdılar. Əsəd də bunu bilirdi.

Raziyənin onlara yaxınlaşdığını görüb, Nərgizdən ayrıldı, keçib Seyid Piykəylə Nataşa xalanın qoluna girdi.

Atasının uzaqdan gəldiyin görən Tahir isə göz qırpımında qaçıb atasının qarşısında dayandı ki, onu qucağına götürsün.


***

Filarmoniyanın yay zalında üç gün Aşıq Şakirin konserti olmalı idi. Bilet kassasının qabağında yığışanlar bilet tapmaq üçün gözləri ilə alverçiləri axtarırdılar. Onlarda da bir dənə olsun bilet qalmamışdı. Bilet tapmayanlar filarmoniyanın arxa divarına yığışırdılar ki, Aşıq Şakirin özünü də görməsələr, nəğmələrini eşitsinlər.

Əvvəlcədən işlərini bilən "İçəri şəhər " uşaqları, ağır palıddan və tökmə çuqundan hazırlanmış skamyaları divarın arxasına söykəyir və oturub konsertin başlamasını gözləyirdilər.

Filarmoniyanın yay zalında isə iynə atmağa yer yox idi: bütün yerlər tutulmuş, ətraflara əlavə stullar qoyulmuşdu. Hamı xalqın həqiqi musiqisini onlara çatdıran, sevimli sənətkarını gözləyirdi.

Başında buxarı papaq, qəhvəyi rəngli geyimdə, şalvarının balaqları qara rəngli, par-par parıldayan sapoğunun içində, əlində saz estradanın arxasındakı qapıdan çıxan Aşıq Şakir göründü və tamaşaçılara əl elədi.

Zal ayağa qalxdı və gurultulu alqışlar altında onu salamlamağa başladı. Bu alqışlar altında onun dəstəsi də estradaya çıxdı, ancaq alqışlar hələ də davam edirdi.

Heç nəyə fikir vermədən sazını sinəsinə basdı. Sazın birinci cingiltisindən zala sükut çökdü. Bir neçə saniyə aşıq sazını köklədi və heç nə elan etmədən oxumağa başladı.

Oxuduğu mahnılar xudsovetdə razılaşdırılmış, proqrama salınmış mahnılar idi. "Səhər-səhər bağa girdim". "Kəndimiz " və s.

Hər nəğmədən sonra gurultulu alqışlarla səhnəyə qaytarılan Aşıq Şakir daha nə oxuyacağını bilmirdi.

Yerdən kim isə qışqırdı:

-Aşıq, "Bala Nərgiz!"

Bu səs bir də təkrar etdi: "Bala Nərgiz!"

Bu səs bircə anın içində hamını susdurdu. Hamıya "Bala Nərgiz!" kəlməsi çatdı. Səs üçüncü dəfə "Bala Nərgiz!" dedikdə, zal bu səsə qoşuldu. Xorla "Bala Nərgiz! Bala Nərgiz!" qışqırmağa və təpiklə ayaqlarını yerə vurmağa başladılar.

Birinci sıradan Əşrəf Aşıq Şakirə baxıb gülürdü. Konferansyeni səhnə arxasına çağıran filarmoniyanın direktoru üzünü ona tutdu:

-Tez ol, elan et " Bala Nərgiz"! Yoxsa zal dağılacaq. Görmürsən hay-küyü? Hamısı yuxarı məhəllənin uşaqlarıdır.

Aşıq Şakir başını aşağı salıb yerində donub qalmışdı. Xudsovetinin tərtib etdiyi proqramdan qırağa çıxmaq, cinayət sayılırdı. Bir də onu səhnəyə çıxmasına qadağa qoya bilərdilər - düşünürdü.

Ancaq konferansyenin mikrofona yaxınlaşıb "Bala Nərgizi" elan etməsi, zalı o saat sakitləşdirdi.

-İndi oxu, aşıq, oxu! - yenə də birinci cərgədən tanış səs eşidildi.

Aşıq Şakir üzünü zaldakılara tutdu:

-Bala Nərgiz" mənim dostuma və onun balalarına həsr etdiyim nəğmədir. Qoy, bu nəğmə dostluğumuz qədər uzun ömürlü olsun! Bunu zalda oturan Nərgiz balam üçün oxuyuram.

Aşıq Şakir Nərgiz tərəfə boylandı. Camaatın ona baxdığını hiss edən qız başını aşağı saldı.

Aşıq Şakirin oxuduğu "Bala Nərgiz" bu konsertdən sonra həyata vəsiqə aldı.

***

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə