Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə4/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

NAMİQ ƏKƏ
Toyun səhəri günü bütün qonaqlar evlərinə qayıtmağa hazırlaşırdılar. Toyxana yığılsa da, həyətin ortasındakı yeməkxana hələ yerində dururdu. Səhər açılandan həyətin qadınları-qızları qonaqlara qulluq edirdilər.

Günortaya qonaqların çoxu çıxıb getmişdi.

Namiq əkə isə Məşədi Fazil və Əşrəfin başının açılmasını gözləyirdilər. Bir neçə dəfə birlikdə oturmalarına baxmayaraq, dostu ilə bir kəlmə belə kəsə bilməmişdi.

Əşrəf bütün günü günortaya qədər yeməkxanada, aşıqlarla idi. Allah bilir, nə qədər yeyib içdilər, maqnitofonu qoyub doyunca "Bala Nərgizi" çaldırdılar.

-Namiq əkə, eşidirsən? Gəlininə həsr olunub! Necədir? Qiyməti artır. - O, arxadan Seyid Bikənin səsini eşitdi.

-Seyid qızı, istəyirəm elçiliyini eləyim. Nə fikirdəsən?

-Qoy ara sakitləşsin! Camaat dağılışsın. Fazillə məsləhətləş. Hər şey yaxşı olacaq!

Seyid Bikənin bu sözlərini eşidən Namiq əkə eyvandan aşağı endi. Yeməkxanaya gəldi. Stolun arxasında oturan Əşrəf, Əyyub, Əlisəttar və qonaqların hamısı ayağa qalxdı və türkmən ağsaqqalını salamladılar və stola dəvət etdilər.

-Namiq əkə, buyurun! - deyə Əşrəf yanında yer göstərdi.

Namiq əkə aramla keçib stolun arxasında oturdu. Hamının gözü ona dikilmişdi. Sanki nə isə deyəcəyini gözləyirdi.

-Mənim tay-tuşum olmadığınıza baxmayaraq, mən bu stola ona görə oturdum ki, gözəl musiqini bir daha dinləyim və onu yaradan sənətkara öz təşəkkürümü bildirim. Bir-neçə ildən sonra Səmərqəndə olacaq oğul toyuna dəvət edim.

Şakir, mənim sözünü yerə salma. Çünki mən bilirəm ki, burda oturanların çoxu, Allah qoysa, o toyda iştirak edəcəklər. Buna arxayınam, sənin razılığını halal çörək kəsdiyim bir həyətdə almaq istəyirəm. - dedi

Aşıq Şakir bu sözlərdən sonra ayağa qalxdı:

-Mən hazır. Təki toy olsun! - dedi.

Namiq əkə stolu arxasında oturmuş qardaşını amiranə yanına çağırdı. Səmərqənd ipək yaylığına bükülmüş iki paçka yüzlüyü ona verdi ki, stolun o biri başında oturmuş Aşıq Şakirə çatdırsın.

Səlim bağlamanı götürüb Şakirə uzatdı:

-Şakir, bu toyun behi deyil, yazdığın gözəl musiqiyə görədir. Xahiş edirəm ki, götürəsən.

Süfrənin arxasında oturanlar əl çalmağa başladılar.

Namiq əkə gəldiyi kimi aramla stolun arxasından durdu və Məşədi Fazillə Səməd ağanın oturduğu eyvana qalxdı.

Səməd ağa dostunun qayıtdığını görüb onu söhbətə tutdu:

-Namiq əkə, niyə Əsədsiz gəlmisən?

-Əsəd universitetə hazırlaşır. Girən kimi sizə elçiliyə gələcəyəm.

-Əsəd kimi oğula kimi istəsən, alacaqsan. Məşədi Fazil dedi ki, Nərgizdə gözünüz var. Yaxşı seçimdir. Mən razı.

-Hamı razıdır. Bircə Əşrəfə deməyə qorxuram.

-Əşrəf kimdir, biz olan yerdə? Nə desək, o da olacaq! Səbir elə, qoy camaatı yola verək, danışarıq.

Səməd ağanın sözləri Namiq əkəni daha da qanadlandırdı. Əgər Namiq əkənin sözündən Məribdə, Aşqabadda, Səmərqəndə və Orta Asiyanın sairə şəhərlərində çıxmırdılarsa, Səməd ağanın sözündən kimin cürəti çatardı ki, burada çıxsın? Ancaq Əşrəf! Qabağından yeməyən Əşrəf! Namiq əkə insanları çox yaxşı tanıyırdı.

Keçdiyi qanlı-qadalı illərdə hər şeyi görmüşdü. O, ölümündən də qorxan igid deyildi. Ancaq Əşrəfdən qız istəmək, göz bəbəyi kimi qoruduğu qızı istəmək, hələm-hələm kişinin işi deyildi.

Əşrəf Namiq əkəyə öz əmisi kimi baxırdı. Namiq əkə isə öz oğlu kimi. Aralarında olan pərdəni götürmək istəmirdi.

-Səməd ağa, sən canın, nə qədər Tiflisə getməmisən, bu işi qaydasına qoy.

-A kişi, özünü ələ al! Əsəd mənim öz balamdır. Arxayın ol, qız sənindir. Bunu mən deyirəm, Səməd ağa! Verməz, özüm götürüb balam üçün qaçırdaram. Sakit ol! Qoy ara sakitləşsin.

Günorta yeməyindən sonra Aşıq Şakir təzə maşınına minib həyətdən çıxanda camaat onu mühasirəyə almışdı. Hamı onu alqışlayır, təşəkkürlərini bildirirdi. Birdən maşını əhatə edənlər aralandı,

Nərgiz əlində Lahıc camı maşının arxasında göründü. Maşının qarşısı açıldı, camaat iki yerə bölündü. Aşıq Şakirin gözü arxada, qızda qalmışdı.

Maşının evin qarşısından aralandığını görən Nərgiz cam dolu suyu onların dalınca atdı.

***


Axşam Səmədin oğlanları və gəlinləri Tiflisə yola düşəndə, Səməd ağa üzünü Barat xatına tutub dedi:

-Biz isə qalırıq! Namiq əkə ilə bir-iki işimiz var.

Şam yeməyində məlum oldu ki, qonaqlardan təkcə Səməd ağa Barat xatınla deyil, Namiq qardaşı Səlimlə də qalıblar.

Əşrəf hələ gəlib çıxmamışdı. Xəbər gəldi ki, Abbasgildə yeyib içməkdədirlər. Bütün dostlar ordadır.

Süfrənin arxasında, ancaq kişilər oturmuşdu. Səməd ağa hamının yeməyi yeyib qurtardığını görüb, Namiq əkə ilə başladığı səhərki söhbətə qayıtdı:

-Məşədi, bilirsən də Namiq əkənin arzusunu? Mən də bu arzuya qoşuluram. Bu süfrənin arxasında, bir ağsaqqal kimi razılığını istəyirəm!

-Səməd, bu nə ciddi danışıqdır? Məgər "yox" deyən var? Biz hamımız razı. Qoy, Əşrəfin başı açılsın, onu da ipə-sapa yatırdım. Əşrəfin qorxusundan, məhəllənin gəncləri başını qaldırıb Nərgizin üzünə baxa bilmirlər. Canı-gözü odur. Xasiyyətini də ki, bilirsən.

-Onda sabahı gözləyək. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. - deyə Səməd ağa bu söhbəti son qoydı.

***

Səhər saat onda Məşədi Fazilin ailəsi və qonaqlar yeməkxanada çay içirdilər. Səməd ağa Əşrəfin yanında oturub Namiq əkəyə göz vurdu ki, indi başlamaq olar.



-Əşrəf, oğul, bir yükün altından şərəflə çıxdın. İndi qalır ən ağır yükün-qız yükü. - deyə Səməd ağa söz açdı.

-Allah qoysa, onu da edəcəyik, bundan da yaxşı! - deyə Əşrəf cavab Verdi.

-Nərgizin toyunu özüm edəcəyəm!

-Mən nə deyirəm, böyüyümüzsünüz!

-Onda qulaq as! Mən Nərgiz qızımıza elçilik etmək istəyirəm.

Səməd ağanın bu sözləri Əşrəfi elə bil ilan kimi çaldı. Yerindən qalxdı. Qarşısında kimin olduğunu görüb özünü ələ aldı.

-Otur! Əvvəl qulaq as! Sonra sözünü deyərsən!

Əşrəf dinməzcə yerinə oturdu. Əşrəfin sakitləşdiyini görən Səməd ağa davam etdi.

-Qız quş kimi bir canlıdır, qanad açdı, uçmalıdır. Bunun qabağını heç kim ala bilməz. Allahın yaratdığı qayda-qanundur. Əsas odur ki, buna əməl edərkən, qızın hansı ocağın başına qonacağını biləsən. Elədir bala? - deyə üzünü Əşrəfə tutdu.

Əşrəf etiraz etmədi.

-Mən də istəyirəm ki, Nərgiz balamız xoşbəxt olsun! Özün də bilirsən ki, mən heç vaxt boş-boşuna danışmıram, əgər danışıramsa, deməli, nəticə mən dediyim kimi olmalıdır.

Mən də, atan Fazil də, bacım Bikə də, xalan Barat da, hələ üstəlik qızım Raziyə də razılığın verib, indi növbə sənindir.

Əşrəf Raziyə tərəfə baxdı. Ağır gözləriynən onu süzdü. Hamının ona baxdığın görüb, üzünü Səməd ağaya tutdu:

-Səməd dayı, elçinin kim olduğunu dedin! Ancaq bəyin kim olduğunu demədin. Axı bilməliyəm, qızımı kimə verirəm? Bir də Nərgiz hələ uşaqdır.

-Əşrəf, biz hər şeyi ölçüb - biçmişik. Odur ki, sənin "yox" deməyin üçün heç bir bəhanən olmayacaq.

-Səməd ağa, mən nə deyirəm? Kim olduğunu deyin!

Səməd ağa Əşrəfin bu cavabından anladı ki, o geri çəkilməyə başlayıb, ayağa qalxıb əlini onun çiyninə qoydu.

-Biz hamımız qızımızı Əsəd balamıza vermək istəyirik! - dedi.

Əşrəf ayağa qalxmağa səy göstərdi. Ancaq Səməd ağanı ağır əli qalxmağa qoymadı.

-İndi anladım ki, Əsəd niyə gəlməyib? - deyə Əşrəf susdu. Başını iki əli ilə qucaqlayıb gözünün stolun üstünə dikdi. Stolun arxasında oturanların çınqırığı da çıxmırdı. Bir sakitlik yaranmışdı ki, gəl görəsən.

Hamı Əşrəfdən cavab gözləyirdi. Onun başından isə hələ müharibə havası çıxmamışdı. Hamı bilirdi ki, o, hirsləndi - dədəsini də tanıyan deyildi.

Raziyənin rəngi-ruhu qaçmışdı. Bu hadisənin dava ilə qurtaracağından qorxurdu.

Əşrəf isə başını aşağı dikib nəyisə düşünürdü. Başında Əsədlə bağlı fikirlər qaynayırdı. Əslində ona qarşı bir pis fikir yox idi. Gözündə qabiliyyətli, düşüncəli, ağıllı bir bala idi. Bundan yaxşı kimə verəcəkdi? «Bəs qız? Onun fikrini bilməsəm, qəlbini sındıraram. Bir də axı yaşı çatmır. - deyə düşündü.

Əşrəf başını qaldırdı. Tərs-tərs Namiq əkə tərəfə baxdı, sonra üzünü Məşədi Fazilə tutdu:

-Dədə, sən nə deyirsən?

-Mənim nə dediyimi, sənə Səməd ağa çatdırdı. Hamı sənin cavabını gözləyir.

-Mənlik burada heç nə yoxdur. Qızımın könlü olmasa, cavab verən deyirəm. Nərgiz, qızım bura gəl! - deyə çağırdı.

Nərgiz otaqdan çıxdı. Seyid Bikə stoldan durub onu geri qaytardı. Özü oğlunun yana gəldi və üzünü ona tutdu:

-Sən burdakıların sözünü yerə salmaq istəyirsən? Qızının nə yaşı var ki, onunla məsləhətləşirsən? Yoxsa bizim evdə böyük-kiçiklik qalmayıb? Müsəlman ailəsi deyilik? Ağsaqqallar ölçüb-biçəndən sonra, sən hələ uşaqdan soruşmaq istəyirsən? Səni belə tərbiyə etmişəm? Denən, Allah xoşbəxt etsin!

Anasının qətiyyətli təkidindən Əşrəf geri çəkildi:

-Ana, mən nə deyirəm? Allah xoşbəxt eləsin! Ancaq bir şərtim var. Qız məktəbi qurtarmalı və instituta da girməlidir. Əsəd də instituta girməsə, qızı verən deyiləm. Zəmanə oxumaq zəmanəsidir, ali təhsil zəmanəsidir...

Əşrəfin bu sözlərindən sonra Namiq əkə cürətləndi, stolun arxasından qalxdı, ona yaxınlaşdı:

-Seyid Bikə Əsədə deyəndən sonra ki, instituta girməsən qızımı sənə verməyəcəyəm! O, gecə-gündüz Səmərqənd universitetinə hazırlaşır. Allah qoysa, avqustun axırında yaxşı xəbər eşidəcəyik. Nərgizi özüm oxutduracağam. Mənə savadsız gəlin lazım deyil. Əlbəttə ki, qızımızın məktəbi qurtarmağını gözləməliyik. Bir üç ildən sonra toylarını edərik! - deyə Namiq əkə Əşrəfi qucaqladı.

-Eşitdiniz, üç ildən sonra, toy olacaq! - deyə Əşrəf səsini qaldırdı.

-Bəs nişan? - deyə bu sözdən təşvişə düşən Namiq əkə soruşdu.

Onların ikisini də arxadan qucaqlayan Səməd ağa Əşrəfin əvəzinə cavab verdi:

-Nişan elə sabah! - dedi.

Ancaq Namiq əkə razılaşmadı. Nişanı sentyabr ayında edəcəklərini dedi.

Çeçələ barmağından tək qaş brilyant üzüyü çıxartdı. Hamıya göstərdi. Nərgizi səslədi.

Otaqdan səs gəlmədi. Raziyə içəri girib qızının əlindən tutub bayıra çıxartdı. Namiq əkənin yanına gətirdi.

Namiq əkə bəxt üzüyünü Nərgizin barmağına taxdı:

-Qızım, təbrik edirəm! Bunu sənə Əsəd göndərib! - deyə, onun alnından öpdü.

Namiq əkənin bu sözlərindən Əşrəfə aydın oldu ki, qızının ürəyi elə Əsədlədir.

"Qocalırsan, Əşrəf! Qocalırsan! Bu gün sabah sən də baba olacaqsan! - deyə düşündü.

Nərgiz atasının üzünün gülmədiyini görüb başını aşağı dikdi.

-Bəri gəl, qızım, atan sənə xoşbəxtlik arzulayır. Atanın-babanın adına layiq ol, deyir! – deyə Əşrəf də qızının alnından öpdü.

Nərgizin gözləri yaşla dolmuşdu. Başını aşağı salıb otağa qayıtdı. Namiq əkənin isə sevincinin həddi-hüdudu yox idi.

***

TOYDAN SONRA
Toydan bir həfətədən çox vaxt ötmüşdü. İyun ayı çox sakit və küləksiz keçirdi. Qarşıdakı çəmənlik gül-çiçək içində üzürdü. Otların hündürlüyü dizdən yuxarı qalxdığından çəmən güllərinin saplaqları otlara söykənərək günəşə sarı can atırdı.

Səhər çağı günəşin ilk şəfəqləri ilə oyanan gül-çiçəklərin üzərində bal arılarının və başqa uçan həşəratların nəğmələri eşidilirdi.

Təbiətin yaya tərəf addımları yaxınlaşdıqca həyətlərdə və həyət ətrafı əkilmiş meyvə ağaclarının çiçəkləri tökülür və püxtələşmiş tumurcuqlar meyvələrə çevrilməyə başlayırdı.

Yaz bu il tez girdiyindən bazarlarda iyun ayında dəyən meyvələrin əlindən yer yox idi. Bütün bunlar bolluq olacağından xəbər verirdi.

Bakı təbiətinin bu təravətli səhərində Məşədi Fazil eyvanda oturub Seyid Bikəylə çay içirdi. Qarşılarında Tahir ora-bura qaçır, kitab oxuyan Nərgizə sataşırdı. Qızın əlindən kitabı alıb yerə atırdı.

-Nənə, bunu görürsən, oxumağa qoymur! - deyə qızcığaz şikayət edirdi.

Seyid Bikənin sərt baxışları Tahiri gözünə sataşan kimi o, özünü yığışdır, eyvandan qaçıb otağa girirdi. Bir-neçə dəqiqə orada anasının qucağında oturub, yenidən bayıra çıxır, birdən Nərgizin üstünə şığıyır, əlindən kitabı alıb qaçırdı.

-Nənə, görürsən nə edir?

Seyid Bikə başını Tahirə tərəf çevirir, ciddi baxışları ilə onu yığışdırmaq istəyir, ancaq heç cürə ciddiliyini saxlaya bilmirdi. Üzünü ona tutub deyirdi:

-Mənim balam, qoy bacın oxusun!

-Nənə, mən çəməndə oynamaq istəyirəm.

-Hələ olmaz! Yaran sağalmayıb!

Tahir nənəsinin bu sözündən incimiş kimi düz otağa keçirdi. Nənə ilə baba onun bu hərəkətinə baxıb gülüşürdülər.

Məşədi Fazil bir həftədən sonra Aşqabada, oradan isə Səmərqəndə yola düşməli idi. Məzuniyyətdən tez getməsinin bir səbəbi vardı: onun işlədiyi kombinatın ipək sexlərində yeni maşınlar qurulmalı idi, o, bu işə rəhbərlik edirdi.

Hətta toya gəlmiş Namiq əkə Məşədi Fazilin heç olmasa bir neçə günlüyə Səmərqəndə qayıtmasını xahiş etmişdi, gəlməsinin vacib olduğunu demişdi. Odur ki, Seyid Bikə hazırlıq işləri görürdü.

Seyid Bikə qarşısındakı çayı yenicə təzələmişdi ki, qapıdan 3-cü otdeleninin rəisi mayor Qəhrəmanov və iki nəfər mülki geyimdə şəxs içəri girdilər. "Qarjdanskidə" gələnlər orta yaşlı adamlar idi.

Məşədi Fazil mayor Qəhrəmanovu çox yaxşı tanıyırdı. Əşrəf yaşında, uca boy, enli kürək bir adam idi. Məhəllədə də hörməti vardı.

Bir-neçə dəfə ona məhəllə uşaqlarına görə ağız açmışdı, sözünü nəinki yerə salmamışdı, əksinə tutulmuş məhəllə uşaqlarını buraxdırıb, demişdi ki, sizi ağsaqqala tapşırıram, elə edin ki, bir də bura düşməyin!

Məşədi Fazil ayağa qaldı, gələnləri salamladı və eyvana dəvət etdi. Dəyirmi stolun arxasına keçib oturandan sonra o, Seyid Bikəyə "Çay gətir!"- dedi və üzünü Qəhrəmanova tutdu:

-Mayor, xeyr ola? - soruşdu.

Mayor Qəhrəmanov bir neçə an susdu, Sanki nədən başlayacağını və nə deyəcəyini düşünürdü. Ancaq "qrajdanski" geyimində olanların Məşədi Fazili tanımadığını gördü və onları təqdim etməyi özünə borc bildi:

-Ağsaqqal, qarşında oturanlar Səlim Hüseynov və Nadir Xəlilov Respublika prokurorluğunun xüsusi işlər üzrə müstəntiqləridir, sizə bir neçə sualları olacaqdır.

Dünya görmüş Məşədi Fazil belə insanların gəlişinin təsadüfi olmadığını o saat anladı, ancaq büruzə vermədi. Özünü çox soyuqqanlı apardı. Elə bil heç nə baş verməyib, gülər üzlə müraciət etdi:

-Tanışlığa çox şadam, qulluğunuzda da hazıram. Buyurun!

Müstəntiqlər bir-birin üzünə baxdılar. Bu cür etinasızlığı gözləmirdilər. Elə fikirləşdirdilər ki, “Xüsusi işlər üzrə müstəntiq” sözünü eşidib, Məşədi Fazil çoxları kimi təşvişə düşəcək, onlar da öz növbəsində istədiklərinə nail olacaqlar.

Müstəntiq Səlim Hüseynov yoldaşının susduğunu görüb, sakit səslə danışmağa başladı:

-Bizə məktub gəlib ki, siz nəvənizin toyu günü Aşıq Şakirə bir "Pobeda" maşını bəxş etmisiniz və üç gün üç gecə toy keçirimisiniz. Bu qədər pul sizdə hardan?

Məşədi Fazilə bu sual heç də pis təsir etmədi. Mayor Qəhrəmanovun üzünə baxıb güldü, sakitcə dedi:

-Pul məndə, bir də ingilisdə!

-Biz bura zarafat etməyə gəlməmişik?! - deyə Nadir Xəlilov söhbətə qarışdı.

-Cavan oğlan, mən də zarafat etmirəm! Qazandığım pullardır, xərcləyirəm! Qanun məgər pul xərcləməyi qadağan edir?

-Niyə ki, qanunu yolla qazandığın pulu nə cür istəyirsən, xərcləyə bilərsən! - deyə Səlim Hüseynov cavab verdi.

-Elədirsə, mən nə qəbahət etmişəm? Qazandığım puldan Aşıq Şakirə hədiyyə vermişəm.

-Bilmək olarmı, niyə vermisiniz?

-Əvvəla Aşıq Şakir mənim oğlanlarımın dostudur, ikincisi mənim nəvələrim Nərgiz, Tahir və Zöhrəyə mahnı həsr edib. Elə mahnı ki, Azərbaycan xalqı yaşadıqca bu mahnı yaşayacaq! Üçüncü, o ki qaldı, niyə üç gün toy etmişik. Məgər buna qadağa var?

-Deyirlər ki, toyunuzda yarım milyona qədər pul yığılıb! - deyə Nadir Xəlilov soruşdu.

-Deyənləri gətirin, desinlər o pullar haradadır? Götürək xərcləyək! – deyə Məşədi Fazil gülümsündü.

Bu sözlərdən sonra Nadir Xəlilov susdu. Qarşısındakı insanın dərin ağla malik olduğunu anlayan Səlim Hüseynov yoldaşını pis vəziyyətdən çıxartmaq üçün söhbətin tonunu dəyişməyə çalışdı:

-Bizi "Pobedaya" verilən pul maraqlandırır. Kim isə yazıb ki, sizi Məribə 27-ci ildə sürgün ediblər, indi isə qayıdıb göyə pul səpələyirsiz!

-Yazan düz yazıb, məni doğurdan da Məribə sürgün etmişdilər. Ancaq məni haqsız sürgün etmişdilər. O, ki, qaldı pula, halal zəhmətlə qazandığım puldur. Bu pula on dənə "Zim" ala bilərəm. Gələn səfər aşığa "Zim" hədiyyə edəcəyəm! –deyə Məşədi Fazil səsini qaldırdı.

-Bütün dediklərini icazə versəydin protokollaşdırardıq! - deyə Nadir Xəlilov söhbətə qoşuldu.

-Buyur, cavan oğlan!

-Biz bilmək istəyirik, bu qədər pul sizdə haradan?

-Əvvəla, mən Səmərqəndə ipəkçilik kombinatının direktor müaviniyəm. Yüzlərlə insan mənim rəhbərliyim altında işləyir. Maaşım, premyam o qədərdir ki, təkcə Əmanət kitabçama dörd yüz əlli yeddi min pul yığılıb. Bu bəsdir? - deyə Məşədi Fazil gülümsündü.

-Əmanət kitabçanızı bizə göstərə bilərsiniz mi?

-Niyə göstərmirəm? Bu dəqiqə! - deyə Seyid Bikəni harayladı: - Seyid qızı, Nərgizə denən şkafdan mənim Əmanət kitabçamı çıxartsın.

Bir anlağa aralığa sükut çökdü. Hamı Nərgizin gətirəcəyi kitabçanı gözləyirdi. Qız kitabçanı gətirib babasının qarşısına qoydu və otağına qayıtdı.

Məşədi Fazil kitabçanı mayor Qəhrəmanova uzatdı. O, kitabçaya baxdıqdan sonra müstəntiq Səlim Hüseynova uzatdı:

-Burada düz dörd yüz əlli yeddi min pul var!

-Qəhrəmanov, bu mənim bir ildə qazandığım puldur.

Səlim Hüseynov diqqətlə Əmanət kitabçasına baxdı və öz növbəsində yoldaşına ötürdü.

-Bizə icazə versəniz, biz bu kitabçanı prokurorluğa aparardıq, bir neçə gündən sonra mayor Qəhrəmanovla göndərərdik.

-Buyurun! - deyə Məşədi Fazil razılığını verdi.

-Siz bizdən "raspiska" istəmirsiniz?

-Nəyimə lazımdır! Sizə inanıram.

Mayor Qəhrəmanov ayağa qalxmaq istədi. Ancaq Məşədi Fazil qoymadı. Nərgiz əlində podnos stolun üstünə mer-meyvə, çərəz və çay gətirdi.

-Mənə elə gəlir ki, gəlişinizin rəsmi hissəsi qurtardı, indi isə qonaq hissəsi başlayır! -deyə onları çaya dəvət etdi.

Mayor Qəhramanov əlini uzadıb armudu stəkanı qabağına qoydu. Müstəntiqlər də ona baxıb çayı qabaqlarına çəkdilər.

-Ağsaqqal, bizi bağışlayın ki, sizi narahat etdik. Vallah, bizdə günah yoxdur. İnsanların paxıllığıdır. Bu kitabçanın əsasında biz hər şeyi qaydasına salacağıq! - deyə Səlim Hüseynov sülhə gəldi.

-Şakirə hansı mahnısına görə hədiyyə vermisiniz? - deyə Nadir Xəlilov soruşdu.

-"Bala Nərgiz"- deyə mayor Qəhrəmanov cavab verdi.

-Mən hələ onu eşitməmişəm! -deyə Nadir Xəlilov əlavə etdi.

- Tezliklə eşidərsən! - deyə Qəhrəmanov cavab verdi.

Mayor Qəhrəmanovun dəstəsi getdikdən sonra, Seyid Bikə stolun arxasına keçdi. Məşədi Fazilin dərin xəyala qaldığını görüb, onu fikirdən ayırmaq istədi:

-Nə fikirdəsən?

-Mən elə bilirdim ki, keçdiyimiz bu faciələrdən sonra insanlar paklaşacaq, təmizləşəcək. İnasan kimi yaşamağı öyrənəcək. Sən demə, necə var, elə də qalıblar. Rəhmətlik Mir Hüseyn ağa deyirdi ki, quyunun dibində gərək su olsun, quyuya su tökməklə quyu dolmaz. Gomuşu palçıqdan çıxarıb yuyub təmizləyirsən, gomuş isə təzədən palçıqlığa qaçır. Bizim adamlar bu gomuşlar kimidir.

Bir neçə gün keçdi, ancaq mayor Qəhrəmanovdan bir xəbər olmadı. Dörd gündən sonra Məşədi Fazili yenidən prokurorluğa çağırdılar. Təyin olunmuş saatda Volodyanın “Pobedasına” minib respublika prokurorluğuna gəldi.

O gün gələn müstəntiqlərdən biri ondan Əmanət kitabçasındakı pul haqqında izahat da aldı.

-Mən anlaya bilmirəm, bu izahat nəyə gərəkdir? - deyə Məşədi Fazil öz etirazını bildirdi.

-Bizlik deyil! Bizə deyiblər, biz də alırıq. - deyə Səlim Hüseynov cavab verdi: -Bu Sizin xeyrinizədir.

-Mənim başım çıxmır. Burada kriminal nə var? Halal yolla qazandığım pulun bir hissəsini gəlib, Bakıda xərcləmişəm, yenə də xərcləyə bilərəm. Məni bura niyə çağırırsınız?

-Açığını deyim? - deyə Səlim soruşdu.

-Siz dünya görmüş bir insansınız. Nəvənizin xətrinə bu təmtərağı etmisiniz. Bunu hamı anlayır və bilir. Ancaq yuxarılarda istəmirlər ki, başqaları da belə etsin! Odur ki, sizi bura gətirib aparırlar ki, qalanlara dərs olsun.

-Aydındır! Başa düşdük. İndi isə mənə deyin: mən Bakını tərk edə bilərəm mi? Mənim yolumu fəhlələrim gözləyir. Səmərqəndə təzə cihazlar quraşdırmalıyıq, burda olmağım işləri pozur.

Böyüklərinə denən ki, bunun üçün sözün həqiqi mənasında məsuliyyət daşıyacaqlar. SSRİ Yüngül sənaye nazirliyinə teleqram verəcəyəm ki, Səmərqənd proyektini Bakı çinovnikləri pozur, respublika prokuroru başda olmaqla, məni Səmərqəndə dönməyə qoymurlar.

-Siz həqiqəti deyirsiz?

-Məni tanıyanlar bilirlər ki, heç vaxt yalan danışmıram. Al, bu da Səmərqənddən gələn teleqram.

Müstəntiq Səlim Hüseynov teleqrama diqqətlə baxdı. Hökumət teleqrammı idi. Orda Moskva mütəxəssislərinin Səmərqəndə gəldiyi və layihənin müəllifi Fazil Cəfərlini gözlədiklərindən və onun təcili Səmərqəndə gəlməsinin vacibliyindən danışılırdı. Müstəntiq Səlimov ayağa qalxdı:

-Fazil müəllim, bir dəqiqə gözləyin, gəlirəm! - dedi.

Bir-neçə dəqiqə belə keçdi. Prokuror özü aşağı düşdü.

-Fazil müəllim, hər şey aydınlaşdı. Biz Sizdən üzr istəyirik. Sizi gecikdirdiyimizə görə! - deyə prokuror əl də uzatdı.

Məşədi Fazil isə əl vermədi. Əmanət kitabçasını müstəntiq Səlimovun stolunun üstündən götürdü.

-Sizi kimi çinovniklər hələ çox adamın evini yıxacaq, yüzlərlə günahsız ailələri gözüyaşlı qoyacaqsınız. Buna vərdiş etmisiniz. Bu vərdişi tərgitin, həqiqətə, düzlüyə, halallığa xidmət edin! Harınlaşmayın! Sizi kimilərin harınlaşması Azərbaycanı heç edəcək. Heç olmasa başqa xalqlara baxıb öyrənin!

Əfsuslar olsun ki, mən sizin kimi evyıxan deyiləm. Yoxsa sizin pişiyinizi divara dırmaşdırardım. Nə isə, sağlıqla qalın! - deyib, ağzı açıla qalmış respublika prokurorunun yanından ötüb otaqdan çıxdı.

Respublika Prokurorluğundan küçəyə çıxmış Məşədi Fazili daha baş vermiş hadisələr düşündürmürdü. Pasaj bazarının qarşısında dayanmış "Pobedaya" yaxınlaşdı. Maşının qapısını açmaq istədi. Qapı bağlı idi. Ətrafa boylandı, gözülə Volodyanı axtardı. Görmədi. Maşına söykənib gözləməyə başladı.

Bazardan qapısında əlində isti təndir çörəyi Volodyanı göründü.

-Mənim balam, haradasan? - deyə Məşədi Fazil soruşdu.

-Fazil dayı, sən özün demədin, işimiz çox olacaq! Mən də getdim, bazarlıq etdim. - deyə cavab verdi.

Volodya bilirdi ki, Məşədi Fazil deyəndə ki, " İşimiz çox olacaq!" ən azı beş-altı saat çəkirdi. Əlindəki təndir çörəyini və balaca kulyoku ona uzatdı. mühərriki işə saldı.

Məşədi Fazil dinməzcə təndir çörəyini götürdü, çörəkdən kəsdi, kulyokun içindən pendir çıxardı və yeməyə başladı.

Volodya maşını sürə-sürə dinməzcə dal güzgüsü ilə ona baxırdı. Sanki nə isə deyəcəyini gözləyirdi.

-Evə sürmə, sür Binə aeroportuna! - dedi: - Tez ol! Mən təyyarəyə çatmalıyam.

***

Binə aeroportu bir mərtəbəli binadan ibarət idi. Rusiyanın balaca bir kənd vağzalını xatırladırdı. Əllinci illərdə təyyarə ilə uçuş çox az olardı və çox yaxın məsafələri qət edərdi. Buna baxmayaraq, Azərbaycanının paytaxtının belə bnr aeroportun olması, əlbəttə ki, dözülməz hal idi.



Aeroportun özü ora gedən yol kimi biabırçı halda idi. Baxımsızlıq bu hər yerdə hiss olunurdu.

Təyyarələrin uçuşları tez-tez hava şəraiti adıla dayandırılır, nadir hallarda vaxtında uçurdu və yaxud uçub gəlirdi.

Bakı aeroportunun maraqlı iş ritmi vardı. Dəmir yolundan fərqli olaraq, burada sahibsizlik hökm sürürdü.

Digər tərəfdən, təyyarədə uçanları sayı da o qədər çox deyildi. Bunun cürbəcür səbəbləri vardı. Uzaqdan bu təyyarələrə baxan sərnişinlərdə uçuşa həvəs sönürdü. Yerdə qalmağı özlərinə rəva bilirdilər. Kassalarda istənilən vaxt bilet olardı.

Məşədi Fazil Krasnovodskya bilet aldıqdan sonra, elan etdilər ki, onun reysinə ayrılmış təyyarə vaxtında uçacaq və sərnişinlərdən xahiş olunur ki, qeydiyyatdan keçsinlər.

Trap deyilən taxtadan düzəldilmiş pillələrlə biplana qalxdıqda, Məşədi Fazil anladı ki, özünü Allaha tapşırmaqda haqlı iş görür. O, əlbəttə ki, gəmi ilə Krasnovodskaya getməyi həmişə üstün tutardı, ancaq son günlər boş-bekar oturması onu darıxdırırdı. Onun üçün ikinci vətənə çevrilmiş Orta Asiyaya can atırdı. Bir də ki, Bakıdakı bekarçılıq onu yorurdu.

Düzdür, evdə olan kitabları ləzzətlə oxumağa şərait yaranmışdı, ancaq həmişə fəhlələrin arasında olmaq, onların məsələlərini həll etməyə adət etmiş bu insanı evdə saxlamaq mümkün deyildi.

Məşədi Fazil söz vermişdi ki, Seyid Bikənin də özülə aparacaq. "Qoy, uşaqlar bildikləri kimi yaşasınlar, böyük oğlan olublar. Hamısının ailələri!" - deyə düşünürdü.

Birdən təyyarənin pəncərəsinin qarşısında Volodyanın durub ona əl etdiyini gördü. Təyyarənin uçmasına hələ beş-on dəqiqə qalırdı. O, oturduğu yerdən durdu. Qapıya yaxınlaşdı. Stüardessaya dedi ki, Volodyanı içəri buraxsın.

-Fazil dayı, nə tapşırıq? - deyə tələm-tələsik trapın üstündən Volodya soruşdu.

-Xalana denən ki, Səmərqəndə getdi. Hər şey qaydasındadır. Əsədi dalınca göndərəcəyəm.

Təcili getməliyəm. Narahatçılığa heç bir əsas yoxdur. Hə, al bu pulu xərclərsən! Elə et ki, mən Bakıya dönəndə Nataşa səndən şikayət etməsin.

Mənə elə gəlir ki, hələlik bu sizə bəs edər, işdi-şayətdi, çatmasa, mamana denən Bikə xalandan götürsün. İçkiyə xərcləsən, gözünü deşərəm! -deyə Məşədi Fazil bir paçka yüzlüyü Volodyaya uzatdı.

-Yaxşı yol, Fazil dayı! - deyib, Volodya trapdan tullandı. Onun düşməsilə trapı götürdülər.

-İlahi, sən özün uçanlara kömək ol! - deyə Məşədi Fazil yerinə keçdi.

***

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə