Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə3/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

TİN UŞAQLARI

Bakılılar "Yuxarı məhəllənin uşaqları" dedikdə uşaqlıq çağı çoxdan ötmüş yuxarı məhəllələrin tinində yığışıb bütün günü veyl-veyl hərlənən işsiz-gücsüzləri başa düşürdülər. Àíúàã ùÿãèãÿòäÿ èñÿ áó áåëÿ äåéèëäè. Òèí éóõàðû ìÿùÿëëÿíèí ýÿíúëÿðèíèí éûüûøäûüû, ñþùáÿò åòäèéè éåð èäè.

Tində böyüklər yığışanda, uşaqlar ora yaxınlaşmazdı. Şər qarışan kimi hamı evlərinə dağılışardı. Bir adam bundan sonra küçəyə çıxmazdı. Bu yuxarı məhəllələrin yazılmamış qanunu idi. Hamı buna əməl edərdi. Hər tərəf qaranlığa və sükuta qərq olardı. Gecələr bu sükutu qışqırıq və atışma səsləri pozardı. Ancaq bir adam belə başını qapısından çıxartmazdı.

Yuxarı məhəllə Sovetskiy küçəsindən başlanırdı və Dağlı məhəlləsindən Politexnik institutnun qarşısına qədər sayılardı. Odur ki, "yuxarı məhəllənin uşaqlarına" "sovetskinin uşaqları” da deyirdilər.

Sovetskiin uşaqlarından isə bütün Bakı qorxurdu. Onlara heç kim sataşa bilməzdi. Bir də gördün şəhərin "Erməni kəndini" dağıdırlar. Nə var ki, futboldan qayıdanda "Neftyanikin" uduzmasına gülüblər. Və yaxud "Cuudlar məhəlləsində" "atanşiki" axtarırlar ki, " Kim bizim məhəllənin xanımına "Kubinkada" "paçka" basıb?" Ya gətirin, pulu qaytarın, ya da gününüz olmayacaq!"

Bircə anın içində "cuudlar" məsələnin nə cür olduğunu öyrənir, o adamı tapır, pulu ondan alıb gələnlərdən üzr istəyib, onlara qaytarırdılar.

Gələnlər isə "Nə edirsiniz edin, məhəlləmizə sataşmayın, pis olar!" - deyib "Cuudlar məhəlləsindən” uzaqlaşırdılar.

Yuxarı məhəllənin uşaqlarında olan birlik və mətinlik milisi də yaman qorxuya salırdı. Ancaq niyə belə etdikləri məlum olduqda, "Bığlı Əli»nin sözülə desək, son nəticədə «bu hərəkətləri ilə haqqı-ədaləti bərpa edirdilər»!

Əllinci illərdə təkcə Sovetski küçəsində işıq vardı. "Pojarnik" deyilən yerdən yuxarılara isə hələ nə işıq, nə də qaz çəkilmişdi.

Milis deyilən asayiş keşikçiləri isə axşamlar bura burunlarını belə soxmazdılar. Səhər açılanda isə "3-cü otdeleninin" "atlı kazakları " çəmənliyi "obxod" edər, dünənki "razborka" atışmasının nə ilə nəticələndiyini və yaxud izlərini axtarırdılar.

"3 otdelenie" Sovetski küçəsindən bir az aşağı yerləşsə də, gecənin sakitliyini pozan qışqırtılar, güllə səsləri bura tez çatırdı.

Yuxarı məhəllələrdə milisioner ailələri yaşamırdı. Yaşaya da bilməzdilər. Təkcə Bığlı Əlinin ailəsindən başqa.

Bığlı Əli dağlı idi. Müharibədə kommunist partiyasına qəbul olduğundan, Bakıya dönən kimi asayişi qorumaq üçün ona "partiya tapşırığı " adıyla paqon taxdırmışdılar.

Yuxarı məhəllədə yaşayan hörmətli-izzətli qohum-əqrəbaları bunu faciə kimi qarşılamışdılar.

Buna baxmayaraq "Bığlı" yuxarı məhəllənin ahənginə və yazılmamış qayda-qanununa uyğunlaşaraq "cızığından" çıxmırdı.

Milisioner Əlinin adına və özünə yaraşıq verən bığlarıydı. Budyonuya oxşayırdı. Məhəllə uşaqları onu "Bığlı" çağırırdılar, həm də qorxurdular. Uşaqları qumar oynayan görəndə hirslənirdi.

Tində qumar oynayan yeniyetmələr bir də görürdülər ki, başlarının üstünü "Bığlı" alıb, o saat əllərindəki aşıqları və "banka" yığılmış pulları ona uzadırdılar. Əlindən qaçıb qurtarmaq qeyri-mümkün idi. Elə bil qaçmırdı, quş kimi uçurdu, qaçanın üstünə şahin kimi şığıyırdı.

Yuxarı məhəllələrdən atışma və qışqırıq səsi gəlməsi haqqında hər səhər, əlbəttə ki, rəisin stolunun üstündə raport olardu. Belə hallarda Bığlı Əliynən birlikdə "atlı kazakları" yuxarı məhəllələrə göndərirdilər.

Səhərin işığı hər şeyi yerinə qoysa da, Bığlı Əli nə baş verdiyini o saat təfərruatı ilə öyrənərdi. Çalışırdı ki, məhəllənin sakinlərinə zərər dəyməsin. Odur ki, "Bığlıya"da heç kim demirdi.

Məhəllənin bütün "razborkalarında" tutduğu vəzifədən, gördüyü işdən asılı olmayaraq bütün gənclər iştirak edirdilər.

Onları arasında Əlisəttarın hörməti həddindən artıq idi. Hamı onun hörmətini saxlayır, eyni zamanda yanında özlərini yığışdırırdılar.

Əlisəttar zarafat xoşlamaz, sakitləşdirmək istədiyi adama sözü bir dəfə deyər, ikinci dəfə təkrar etməzdi. Ətrafdakılar bir də görərdi ki, kimsə tir-tap uzanıb. O, elə zərbə endirərdi ki, yıxılan iki-üç saat özünə gəlməzdi. Əlisəttar isə sanki heç nə olmamış kimi oradan uzaqlaşardı.

Əlisəttarın adını Bakının bütün məhəllələri tanıyırdı. Oğrusundan tutmuş, doğrusuna qədər hörmətini saxlayırdı.

"Kasparda" işləməsi, evlənməsi, məhəllədən "Ağ şəhərə" köçməsi onu dostlarından ayırmamışdı. O, vaxt tapıb atasıgilə gəldikdə tez tinə gedər, uşaqlıq dostları ilə oturub, ordan-burdan sör-söhbət edərdilər.

Əlisəttarın ağlına, biliyinə, savadına bəlli olanlar heç cürə anlaya bilmirdilər ki, onun tin uşaqları ilə nə birləşdirirdi. Bunu isə təkcə Əlisəttar bilirdi. Çünki onlar Əlisəttarın sınanmış dostları və sirdaşları idi. Onlara inanırdı.

Heç kimdən və heç nədən çəkinməyən, qorxmayan Bığlı Əli də Əlisəttara çox hörmətlə yanaşırdı. Eşidəndə ki, "razborkada" o, da iştirak edib, üzünü rəisinə tutub deyirdi ki, döyülən günahkardır. Elə olmasaydı, "Əlisəttar qoymazdı". Doğurdan da, həqiqət ortaya çıxanda məlum olurdu ki, məhəllə uşaqları qanunu pozsalar da, düz iş tutublar.

Bığlı Əlisəttarı öz qardaşı qədər istəyirdi. Əlsəttar tələbə olanda ona demişdi:

-Qaradaş oğlu, sən universitet tələbəsisən, bunlara qoşulma, səni bədbəxt edərlər. Sənin parlaq gələcəyin var.

-Əli dayı, mən nə edirəm? Çalışıram ki, məhəllədə dava olmasın. Burdan uzaqlaşsam, uşaqları "Kubinka"dakılar yoldan çıxardarlar.

-Sən onu düz edirsən! Ancaq özünü də düşün!

Əlisəttar universiteti qurtarıb "Kaspara" təyinat aldıqdan sonra, Bığlı Əli onun yanına gəlmişdi:

-Əlisəttar, bax, səni məndən soruşdular, deyəsən, səni "zaqranpoezkalara" salacaqlar. Bilirəm, möhkəm oğlansan, ağzından söz qaçırtmayacaqsan. Ağıllı ol! Bütün işlərin yaxşı olacaq!

Əlisəttar yaxşı başa düşürdü ki, söhbət nədən gedirdi. "Kasparın" rəhbərliyi də ona demişdi ki, səni yoxlayacaqlar. Özünü yaxşı apar ki, səni əhatə edənlər sənin barədə yaxşı rəy versinlər.

"Deməli, Bığlıdan da soruşublar!" - deyə Əlisəttar düşündü.

-Əli dayı, çox sağ olun! Vallah, poqonun olmasaydı, bütün məhəllənin ağsaqqalı indi sən idin! Buna baxmayaraq, bütün məhəllə səni sevir.

-Əlisəttar, bilirəm, bu sənət mənə yaraşmır! Nə edim, partiyanın tapşırığıdır.

Əlisəttar yaralı tərəfinə toxunduğundan peşman oldu. "O, sənə yaxşılıq edib, sən isə ona sataşırsan! Adamın insafı olar" - deyə düşündü. Özü də Qələbə bayramı ərəfəsində.

-Əli dayı, indi formada deyilsən, gəl, gedək Abasın dükanına, səni təmiz pivəyə qonaq edim! - deyə, onun könlünü almaq istədi.

Bığlı Əli pivə aşiqi olsa da, məhəllədə "pivənoya" pivə içməyə girməzdi.

-Bilirsən də, mənə burda olmaz!

-Bilirəm, odur ki, səni İnturistə dəvət edirəm, gedək çex pivəsi içək.

-Mənə ora girmək olmaz! Sən ki görürsən, oranı "qrajdanskilər" qoruyurlar.

-Əli dayı, sovet vətəndaşı gərək heç nədən qorxmasın! Oradakıların səndən nəyi artıqdır? Müharibəni Berlində qurtarmısan, "qrajdanskilər" isə tin uşaqları kimi "molokososlardır". Çəkinmək, lazım deyil. Səndən çəkinməlidirlər. - deyə Əlisəttar onu başa salmağa çalışdı.

Bığlı Əli onun arqumentlərinin qarşısında bir söz deyə bilmədi. Evə girib paltarını dəyişdi. Kostyümda bayıra çıxdı:

-Getdik, qardaş oğlu!.

Bığlı Əli ömründə birinci dəfə idi ki, İnturistə girirdi. Ona elə gəldi ki, başqa dünyaya düşmüşdür. Zala girəndə büllur çırçıraqların işığından gözləri qamaşdı.

Axşamın düşməsinə baxmayaraq, çılçıraq buranı çıraqbana çevirmişdi. Çalan kim? Oynayan kim? Qəşəng-qəşəng xanımlar, yaşlı-yaşlı "partokratlar" burada vaxt öldürürdülər. Rəqqasələr onların qarşılarında oynayırdılar. Sovet vətəndaşlarına xas olmayan azğınlıqla pul yandırırdılar.

Bığlı Əlinin gözü kəlləsinə çıxdı:

-Mən haradayam, Əlisəttar? Məni hara gətirmisən?

-Bakıdasan, Əli dayı, Bakıda! İstəyirəm öz gözünlə görəsən: Vuruşan kim, yeyən kim?

-Mən gördüklərimə inanmıram? Sovet dövlətində belə işlər.

Əlisəttar istədi desin ki, "Sən yazıq nə görə bilmisən? Xızıda çoban olmusan. Tutub aparıblar müharibəyə, ediblər bolşevik, göndəriblər canımıza! Elə bilirsən ki, bu quruluşda haqq-ədalət var?"

Əlisəttar gördü ki, boğazından heç nə getmir, üzünü ona tutdu:

-Əli dayı, onlara baxma, tezliklə hamı onlar kimi kommunizmdə yaşayacaq. Burdakılar kommunizmdə yaşamağı "trenirovka" edirlər. Görmürsən, necə bolluqdur.

Bığlı Əlinin fujerinə ofisiant pivə tökdü.

-Əli dayı, içirəm, sənin sağlığına. Sənin simanda bütün müharibə iştirakçılarının sağlığına. Sabah Qələbə bayramıdır. Bu bayramı səni kimi igidlər bizə bəxş ediblər!

Əlisəttar bu sözləri elə qürurla və gözəl diksiya ilə dedi ki, "partakratların" qulağına çatsın.

Partakratların arasından kim isə fujerini qaldırdı. Hamı ayağa durdu. Bütün İnturist qəhrəmanların sağlığını badə qaldırdı. Bu isə Bığlı Əlinin daxili etirazını söndürdü. Axıra qədər badəsini içdi. Yerinə oturanda ofisiant qarşıdakı stoldan onlara iki şampan göndərildiyini dedi.

Əlisəttar təşəkkürünü bildirdi və ofisianta dedi ki, «Onlara iki dənə "erməni" konyakı apar!». Ofisiant o, dediyinə əməl etdi.

Gecə evə qayıdanda içkinin təsirindən "Bığlı" Əli gördüklərin həqiqət olub olmadığına inanmırdı.

-Əlisəttar, qardaş oğlu, məni hara aparmışdın? - deyə yellənə-yellənə soruşurdu.

-Kommunizmə! Əli dayı! Kommunizmə!


***

KİÇİK TOY
Bütün həyət toya hazırlaşırdı desək, düzgün olmazdı. 12 iyuna bütün məhəllə hazırlaşırdı. Toy ərəfəsində həyətə uzun-uzun taxtalar daşınılır, toyxananın planı çəkilir, taxtalar kubik daşların üstünə qoyulur, oturacaqlar düzəlirdi. Bütün bu işlərə Məsumənin oğlu dülgər Əlislam rəhbərlik edirdi.

Toyxana buralarda adətən iki hissədən ibarət olurdu. Meydan və Yeməkxana. Meydanda musiqiçilər və toyda şənlənmək istəyən qonaqlar olardı.

Yeməkxanada qonaqlar yeyib içib, toyxanaya keçərdilər. Toylara kişilər qadınsız gələrdilər, bununla belə qadınlar və qızlar toyxananın arxasından toya tamaşa edərdilər.

Toya bir gün qalmış Abas pivə zavodundan dörd dənə içi təmiz pivə ilə dolu iki yüz əlli litrlik boçkaları gətirdi.

Abas Tahirin kirvəsi olmalı idi.

Məşədi Fazil Tiflisə, Basqala, Şamaxıya, Səmərqəndə, Aşqabada, Məribə və sairə şəhərlərdə olan qohum-əqrəbalara, dostlara xəbər çatdırmış, onları toya dəvət etmişdi.

Fazilin fikrincə toy çox izdihamlı olmalı idi. Odur ki, ayın 11-dən toyu başlamaq nəzərə tutulmuşdu, dəvətnamədə isə ayın 12-sini yazdırmışdı.

Əlağa Vahid Ağahüseynə xəbər göndərmişdi ki, ayın 11-i heç yana getməsin, Məşədi Fazilin nəvəsinin kiçik toyunu yola vermək lazımdır.

Əşrəfin dostları və onunla müharibədə olmuş bütün "frontoviklər" hamısı işə qarışmışdı.

Məşədi Fazil gözünü açınca həyətə toyuq-cücə, hinduşkalar, beş-altı qoyun və bir neçə inək gətirmişdilər.

Dadaş xan Xaçmazdan o qədər mer-meyvə göndərmişdi ki, bütün məhəlləni yedizdirsəydin, artıq qalardı.

Aşqabaddan tələm-tələsik gəlmiş Namiq əkə ilə qardaşı Səlim bir-neçə torbanı taksidən qapının qarşısında düşürtdü və həyətə daşıtdı. Onları qarşılayan Nərgiz Əsədi görməyib məyus oldu, ancaq özünü ələ aldı, gülümsədi:.

-Namiq dayı, xoş gəlmisiniz! Buyurun eyvana!

Əşrəf Namiq əkəni ən yaxın adamı kimi qarşıladı. Nərgiz atasının Namiq əkəyə olan xoş münasibətini o saat hiss etdi. Qəlbən sevindi. İçəri keçib nənəsinə qonaqların gəldiyini xəbər verdi.

Namiq əkə ilə Səlim Dadaş xanla Məşədi Fazilin oturduğu eyvana qalxdılar, onlarla görüşdülər.

Həyət adamla dolub boşalırdı.

-Bunları kim qarşılayır, kim yola salır? - deyə Məşədi Fazili narahatlıq keçirirdi.

Dadaş xan Məşədi Fazilin narahatçılığını hiss etdi. Əşrəfi yanına çağıraraq malı-qaranı, toyuq-cücəni ona göstərib soruşdu.

-Əşrəf bala, bunların hamısını neynəyəcəksən?

-Qəssab Əhədi çağırmışıq, özülə bir-neçə qəssab da gətirəcək, hamısını kəsib tökəcəklər. Toyuq-cücəni arvadlar təmizləyəcək. Hər şey qaydasına düşəcək.

-Bəs çörək?

-Dadaş dayı, çörəyi Dağlı Soltana tapşırmışam. Həyətdəki təndir bütün günü işləyəcək! Çörək məsələsi çoxdan həll olunub.

-Bəs işıq? - deyə Meşədi Fazil sözə qarışdı.

-Hərbi hissədən Kamal axşama dartıb generatoru gətirəcək. İşıq məsələsi də yaxşıdır.

Kamal Bədirxanov, hərbiçi idi. Salyanski kazarmasında qulluq edirdi. Kapitan idi. Əşrəfin anasının dayısı uşaqlarından idi. Tez-tez Məşədi Fazilgilə gəlib gedirdi. Əşrəfgillə yaman dostlaşmışdı. Boş vaxtlarını onlarda keçirirdi.

Axşama yaxın Kamal həyətdə göründü. Generatoru gətirdiyini dedi. Qərara gəldilər ki, onu həyətə salmasınlar, səs-küydən durmaq olmaz. Odur ki, generatoru toyxanadan aralı olan qonşu həyətlərin birinə salıb ordan şunur çəksinlər.

Bir-neçə saatdan sonra həyətə qaranlıq düşdükdə "İliç lampaları" işıq saçmağa başladı.

-Toydan sonra, gərək bütün məhəlləyə işıq çəkdirək! -deyə Məşədi Fazil üzünü Dadaş xana tutdu.

-Mən də kömək edərəm! SeKa-da danışaram. Qalanların sən özün edərsən! - deyə Dadaş xan razılaşdı.

-İcazəni al, çəkdirmək, mənim boynuma.

Hüseynağa öz dəstəsi ilə ayın 11-də gəlməli idi. Ancaq özü bütün günü elə Əşrəfgillə idi. Onun dostları həyətdən əl çəkmirdilər. Bütün günü həyətdə yemək içmək idi. Kimin əlinə nə gəlirdisə ortaya gətirirdi.

Abasın təzə "Pobeda"sı vardı, buna baxmayaraq birini də almışdı.

Söz-söhbət olmasın, deyə Əşrəfgilin həyətinə gətirib Əlisəttar adına və onun üçün aldığını demişdi. Həyətin axırında olan köhnə fayton qarajında saxlamışdı, üstünü brezentlə ötmüşdü.

-Abbas, istəyirsən, itləri özünə ilişdirəsən? Birini heç üç ay deyil almısan. - deyə Məşədi Fazil tənə etdi.

-Fazil dayı, Əlisəttar deyib, odur ki, onun üçün gətirmişəm, onun adınadır.

-Əlisəttara hələ maşın lazım deyil.

Məşədi Fazil başını yellədi. "Bunlarla bacarmaq mümkün deyil! İstədiklərini edirlər! Şeytanlar od parçalarıdır, qazanmağı bacarırlar. - deyə düşündü.

Ayın 11-inin səhəri həyətdə adam əlindən tərpənmək mümkün deyildi. Tiflisdən, Səmərqənddən, Məribdən, Aşqabaddan, Basqaldan və s. yerlərdən dəvət olunmuş qonaqlar həyətdəki evlərə yerləşdirilmişdilər.

Qonaqların sayı-hesabı yox idi. Kababçı İbadın dünəndən manqalı sönmürdü. Cavanlar səhərə qədər yeyib içirdilər. Həyətin təndir yeri qazanlarla dolu idi. Gəlmiş qonaqları yedizdirmək üçün isə qazanların hamısı qaynayırdı.

Günortadan pivə boçkalarından biri ortaya gətirilmiş, kranı və nasosu ağzına keçirilmişdi. Boçkanın üstünə qoyulmuş kruşkalara cavanlar pivə töküb yeməkxanaya daşıyırdılar.

Saat dördə Hüseynağanın dəstəsi gəldi, gələn kimi klarnetin səsi məhəlləyə yayıldı. Musiqinin sədasına camaat Məşədi Fazilgilə axışmağa başladı. Toy beləcə bir gün əvvəldən başladı.

Babəli Kamillə həyətə girəndə bir vur-çatlasın vardı ki, gəl görəsən.

-Kamil, deyəsən dünənki yeyib-içməkdən sonra Əşrəf toy gününü səhv salıb. Həyətə bax adamla doludur.

-Cəfərlilərin özləri azdır? Yeddi qardaşın nəslidir. Bunların qabağına çıxmaq olar? Gəl içəri, odur, yeməkxanada oturub pivələyirlər.

Toyxanada Hüseynağa "Qoç Əli" çalırdı. Ortada Məşədi Fazillə Dadaş xan rəqs edirdilər. Bütün qohum-əqrəba toyxanada idi. Yer şabaşdan pul ilə örtülmüşdü.

Bu vaxt Səməd ağa ailəsilə həyətə daxil oldular.

Fazilgili toyxanada rəqs etdiklərini görüb onlara qoşuldu. Əlini cibinə atıb bir paçka yüzlüyü göyə atdı. Əlini qaldırıb onlara qoşuldu.

Əşrəfin başı gələnlərə elə qarışmışdı ki, Abas yaddan çıxmışdı.

-Babəli, bəs Abas hanı?

-Biz gələndə dükanda, Vahid dayı, Ağa Hüseynlə oturub pivə içirdilər.

-Kamil, Volodyanın dallarınca göndər. Bir də ləzginin getməliydi.

Hüseynağa elə yorulmuşdu ki, dincələk üçün özünü yeməkxanaya verdi.

-Canım çıxdı. Vermisiniz özünüzü isti yerə, kefə baxırsınız.

-Sən özün qızışıb, düşdün ortaya, sonra da bizi günahlandırırsan. - deyə Əşrəf cavab verdi

-Bircə Şakir gəlsəydi.

-Hüseynağa, Şakir sabah gələcək!

-Niyə sabah?

-Çünki toy sabahdır!

-Bəs niyə mən ortaya düşmüşəm. Məgər bu gün ayın 12-si deyil?

-Sənin üçün 12-sidir, bizim üçün 11-i.

-Əşrəf, neçə gündür yeyib içirik? Vallah, unutmuşam. Raz başlamışıq, axıra çatdırarıq.

-Nə deyirəm, ancaq dincəl. İndi Əliağa dayı gələr, səni xilas edər.

Yarım saata qədər həyətdə musiqi sədaları eşidilmədi. Qaranlıq da düşmüşdü.

Kamal soldatlarını yedizdirib içirəndən sonra, generatoru işə saldırdı. Həyət çılçıraqbana çevrildi. Yuxarı məhəlləyə aşağıdan baxanda bura işığa qərq olmuş kiçik adacığı xatırladırdı.

Hüseynağa toyxanaya qayıtdı.

Abasın dalınca getmiş Kamil "Pobedada" Əlağa Vahidi və Ağahüseyni gətirdi. Evin adamları kimi hamı Məşədi Fazil, Dadaşxan və Səməd ağanın oturduğu eyvana qalxdılar.

Əlağa Vahidin gəlmə xəbəri toyxanaya yayıldı. Hamının gözlədiyi an yaxınlaşırdı. Hamı arxayın idi ki, Vahidlə Ağahüseyn əvvəl - axır toyxanaya düşəcək və, əlbəttə ki, şairin və onun şair dostunun dadlı-duzlu meyxanalarını eşidəcəklər.

Volodyanın maşınında isə “ləzgilə” Abas qayıtdı. Eyvanda oturmuş ağsaqqalar bir-birin ardınca Tahir olan otağa keçdilər.

Uşaq Zöhrənin dalınca qaçıb hörüklərini dartır, onu cırnadırdı. Nərgiz Abasın içəri niyə girdiyini bildiyindən Tahiri qucağına aldı və ona ötürdü. Beləliklə canını ondan qurtardı.

Uşaq nə baş verdiyini bilmirdi və ağlına belə gəlmirdi ki, onu burada incidə bilərlər.

Abas isə "ləzginin" göstərişi ilə uşağı qucağına alıb möhkəm tutdu. Bir anın içində Tahirin ayağının arasından yerə al qan süzülməyə başladı.

Çınqırığını belə çıxartmayan uşaq sanki nə baş verdiyini anlamadı, ağrıya dözdü. Ancaq qanının axdığını görüb əlini yaxınlığındakı stolun üstündəki qəndqabıya uzatdı və onu qapıb Abasın başında sındırdı.

İndi Abbasın başından qan axırdı. Hamı gülüşürdü. Uşaq yaddan çıxmışdı.

Ürəyi yumşaq olan Seyid Bikəylə Raziyə uşağın ağlamadığını görüb içəri keçdilər. Nərgiz Tahirin yarasını sarıyan "ləzgiyə" kömək edirdi.

Abasın nə hala düşdüyünü görən Seyid Bikə isə kağız yandırıb külünü Abbasın başındakı yaranın üstünə qoydu ki, qanın qabağını alsın.

“Ləzgi” üzünü Əşrəfə tutdu:

-Əşrəf qədeş, mən yüzlərlə sünnət etmişəm, ancaq bu cür dözümlü uşağa birinci dəfə rast gəlirəm.

Məşədi Fazil qabağa çıxdı. Bir paçka yüzlüyü "ləzginin” cibinə qoydu.

-Məşədi, verən əlin var olsun!

Sonra Dadaş xan, Səməd ağa onun cibinə pul basdılar.

Seyid Bikə o birisi otaqdan hədiyyələri gətirdi. Abbasın boynuna ipək şərf saldı və köynəyinin cibinə "heyratı" dəsmalı qoydu.

“Ləzgi” üçün xonçanı Raziyə gətirdi.

Nərgiz Tahiri qucağında götürüb yataq otağına keçdi və onu çarpayıya uzatmaq istədi. Zöhrə Tahirə dilini göstərirdi. Tahir Nərgizin qucağında dartındı:

-Qaqaş, indi olmaz! Səni sünnət ediblər. Yaran açılar. Sonra cavabını verərsən.

-Nərgiz, görmürsən? Məni dolayır. Öldürəcəyəm onu.

-Öldürmə, o, axı sənin bacındır.

-O mənim bacım deyil, mənim bacım sənsən. O, isə şeytandır. Dədə nə deyir? Deyir ki, qızlar şeytandır.

-Belə çıxır mən də şeytanam?

-Sən yox, Zöhrə kimi qızlar. Görmürsən mənə necə gülür. Dayan, yaram sağalsın! Gör sənin başına nə oyun açacağam.

Həyətdə isə çalıb-oynamaq davam edirdi. Hamı Əlağa Vahidlə Ağahüseynin toyxanaya gəlməsini, meyxananın başlanmasını gözləyirdi.

Tahir isə başını Nərgizin dizi üstünə qoyub mürgüləyirdi. Qız hərdən bir onun tərləmiş alnını dəsmalla silir, saçlarını sığallayırdı. Çox vaxt Tahir elə beləcə onun dizində yatırdı. Qardaşı həmişə özü qaçıb başını Nərgizin dizi üstünə qoyardı ki, başını sığallasın.

***
SƏHƏRİ VƏ O BİRİSİ GÜN


Səhəri günü qohum-əqrəbanın, dost-tanışın əlindən həyətdə tərpənməyə yer yox idi. Həyətdə nə baş verdiyini heç kim bilmirdi. Təkcə Seyid Bikə və həyətin başqa qadınları hər şeyi ələ almışdılar, kişiləri isə iki gün ərzində yeyib-içməkdən və qonaq qəbul etməkdən başlarını qaşımağa macal tapmırdılar.

Seyid Bikə və Raziyənin göstərişi ilə qazanalar odun üstünə qoyulur, süfrələr dəyişdirilir, çatışmayan nə varsa qonşulardan götürülür və yaxud gətizdirilirdi.

Yorğunluq bilməyən "Seyid qızının" və Raziyənin sayəsində həyətdə elə qayda-qanun yaranmışdı ki, stolların üstü dolub, boşalırdı və o saat yenilərilə əvəz olunurdu.

Belə yeyib - içməyi Seyid Bikənin yadında idi, atası Mir Hüseyn ağa Milli ordu yarananda vermişdi.

Onda Mir Kamilin dostları - Azad Azərbaycanın ilk qoşun dəstəsinə Qala divarının qarşısında elə bir şənlik verirdilər ki, indiyə qədər çoxlarının yadından çıxmamışdı.

Qonaqların bu qədər olacağını heç ağıllarına belə gətirmirdilər. Sadəcə olaraq, qohum-əqrəba, bir də yaxın dostlar çağırılmışdı.

Oğlanlarının bu qədər dostları olduğundan xəbərsiz ana qəlbən sevinirdi və gəlinlərinə dönə-dönə deyirdi. " Aşpazlara nə lazımdır, o saat verin! Süfrələrdə hər şey olmalıdır ".

Abasla Volodya Seyid Bikənin əlinin altından çıxmırdı. Nə azalırdısa o saat Abasa çatdırırdılar, o ,isə Volodyanı bu və ya digər zavmağın yanına göndərir, nə lazımdırsa o saat gətirirdilər.

Dünəndən başlamış toydan 3 – cü otdelenin xəbəri vardı. "Bığlı" Əlini ora göndərmişdilər ki, gözdə qulaqda olsun.

Səhəri günü işə gələndə Naçalnik onu yanına çağırdı:

-Orada nə baş verir?

-Toydur! - deyə "Bığlı" cavab verdi.

- Raykomdan zəng vurmuşdular. Belə də toy olar? Xan-bəy zaddılar?

-Bəs kimdirlər? Özü də, anadan gəlmə.

-Sovet dövlətində nə xan var, nə bəy? - deyə naçalnik ciddiləşdi.

-Mən də elə düşünürdüm, yoxdur. İndi isə bilirəm ki, var. Özü də əldə qayrılmış gədadan bəy...

-Kimi nəzərdə tutursan?

-Partbilet cibində yüksək vəzifəli şəxsləri. Gecə-gündüz İnturistdə sekretarşaları ilə xalqın puluna caz vuranları. O ki qaldı, yuxarıdakı toya, məhəllə nə qədər istəyir, o qədər edəcək. Raykomunun kişiliyi çatırsa getsin, desin ki, toyu kəssinlər.

-Əli, sənə çox inanıram. Ancaq bu haqda daha başqa yerdə danışma.

-Naçalnik, biz buna görə vuruşmuşuq ki, partbileti cibinə qoymuş uşaq-muşaqlar xalqın əmlakını dağıtsınlar?

Məşədi Fazil isə məhəllənin ağsaqqalıdır. Hamı onların xətrini hörmətini saxlayır. Bu toy bütün məhəllənindir və orada heç nə ola bilməz.

-Sən canın, orada ol, mən də onlara deyim ki, adamlarım toyxanadadır, hər şey kontroldadır. - deyə naçalnik barmağı ilə tavanı göstərdi.

Bığlı Əli 3-cü otdelenidən çıxıb asta-asta Şors küçəsi ilə məhəlləyə tərəf irəliləyirdi. "Həmşəri palanının" yanından keçəndə tində durmuş qədeşlər özlərini yığışdırdılar.

-Əli dayı, sabahınız xeyr! - dedilər.

Əli onlara başını yelləyərək fikirli-fikirli oradan uzaqlaşdı. Qələbə günü İnturistdə gördükləri gözünün qabağından keçmirdi.

Xalqın bütün günü canı çıxır: dəzgahların, sobaların qarşısında, palçıqlı, tozlu tarlalarda sərvət yaradır, kommunist libası geymiş vəzifəli şəxslər bu sərvəti dağıdırlar. Dəhşətlisi odur ki, özləri əxlaqsız olduqları halda, camaata necə yaşamağı öyrətmək istəyirdilər.

Əli toyxanaya girəndə dilxorçuluğu o saat gözə dəydi. Ancaq bir neçə dəqiqədən sonra yeməkxanada oturub məhəllənin adamlarına qoşulduqdan sonra, anladı ki, onun kommunist partiyasından da, Lenindən də, Stalinindən də, burada oturan insanlar ona daha yaxın və əzizdirlər. Bunlarla bir olmaq, onlara kömək etmək, qorumaq - budur əsl şərəfli iş. Çünki bu insanlar Azərbaycan xalqıdır. Onun gücü-qüvvəsi, namus-qeyrətidir. Məhəllədə nə olmasa da, böyük kiçiklik var. Bu isə hər şey deməkdir.

Uşaqlar onun qabağına bir kruşka pivə qoydular. Əli onu bir nəfəsə içdi. Birini də gətirdilər.

Əlisəttarın içəri girdiyini görüb ona əl etdi.

-Əli dayı, xoş gəlmisən! - deyə Əlisəttar özünü "Bığlının" yanına verdi.

-Sağ ol, bala!

-Əli dayı, gözümə pis dəyirsiz? Kefsizsən.

-Heç, elə belə.

-Toyu başa verib, səni yenə də İnturistə aparacağam.

-Əlisəttar, hara aparırsan apar, təkcə ora yox!

-Niyə ki?

-Gördüklərim, bəsdir.

-Onda dur, bir "Şalako" oynayaq.

Huseynağa Əlisəttarın "Bığlı" Əli ilə Toyxanaya girdiyini görüb, çalmağı dayandırdı. Ortada oynayan məhəllə cavanları onları görən kimi kənara çəkildilər.

Əlisəttar iri gözləri ilə ətrafı bir-bir seyr edib salamlaşdıqdan sonra üzünü Hüseynağaya tutdu:

-Qardaş, mənim havamı! - dedi.

Hüseynağa "Şalakonu" çaldı. "Bığlı" Əli rəqs etdikcə, üzü gülməyə başladı. Hamı əl çalırdı. Başlarına şabaş yağdırırdılar.

Əlisəttar "Bığlının" üzünə gülüşün qayıtdığını görüb toyxanadan çıxdı. Əli isə hələ də rəqs edirdi.

***


Əlisəttarın İrandan Tahir üçün alıb gətirdiyi maqnitofonu, iş yoldaşları onun "Etibarnaməsi" ilə kömrükdən alıb gətirdilər.

-Bu nədir?- deyə Əşrəf Əlisəttarın yoldaşlarından soruşdu.

-Maqnitofon, Əlisəttar Ənzəlidə alıb. Deyirlər bununla səs yazmaq olur. Necə işləyir, bilmirik. Bizdə olmayıb, qonşuda görməmişik. Bir nəfər bilən lazımdır ki, quraşdırsın.

Səhərdən ortadan çıxmayan və hamının şəklini çəkən Məmmədağanın daha çəkməyə lenti qalmamışdı. Uşaqları Univermağa göndərmişdi, onlar da əliboş qayıtmışdılar. Deyirdilər ki, Bayıldakı Kulttovarda var. Gərək səhər tezdən alsın. Məmmədağanın hələ bu qədər kliyenti olmamışdı.

Əşrəf fotoqraf Məmmədağanı yanına çağırdı, maqnitofonu göstərdi:

-Məmmədağa, sənin başın çıxar! Gör, nə edirsən?

Məmmədağa maqnitofonu karobkadan çıxartdı. Səliqə ilə aparıb musiqi çalanların stolunun üstünə qoydu. Mikrofonu quraşdırdı. Cihazı toka qoşdu. “Hazırdır! Yazmaq olar!” - dedi.

Məhəllədə kimin nə cihazı vardı, sınan kimi Məmmədağanın yanına qaçırdı, o, hər şeyi düzəldə bilirdi. Onun necə fotoqraf olması isə hamıya məlum idi. Məmmədağanın başı çıxmadığı şey yox idi. Karobkadan iki dənə lent çıxdı.

-Əlisəttar, bu bizə azlıq edəcək! İki saata çatacaq. Univermaqda bu lentlər başlı-başına qalıb, uşaq göndər, gedib alsınlar. Maqnitofon olmadığından alan yoxdur. Bunu isə quraşdırdım, Amerika malıdır.

Məmmədağanın sayəsində toyda nə baş verəcəkdisə hamısını lentə yazmaq olacaqdı.

***

Məşədi Fazil, Səməd ağa, Dadaş xan, Əlağa Vahid Ağahüseyn eyvanda oturub, toyxananı seyr edir, gələn qonaqları salamlayır, gedənlərlə isə vidalaşırdılar.



Günorta Aşıq Şakirlə Aşıq Pənahın dəstəsi maşınlardan düşəndə, toyxanada vur-çatlasın davam edirdi. Hüseynağanın klarnetinin səsi aləmi bürümüşdü.

Dörd tərəfdən evlərin damları adamla dolu idi. Həyətdə yer olmadığından məhəllənin cavanları, uşaqları damlara dırmaşmışdılar. Həyət yunan amfiteatrını xatırladırdı.

Aşıqları qapının ağzında Əşrəf qarşıladı və Babəli ilə birlikdə eyvana dəvət etdi. Ağsaqqalarla salamlaşıb, stolun arxasına keçdilər.

Nərgiz süfrəni dəyişdi və bəzəməyə başladı. Qabqacağı yerbəyer etdi. O, durna kimi stolun bir tərəfindən o biri tərəfinə keçir, Seyid Bikənin yanına qayıdıb, göstərişlər alır, yenidən stolun üstünə nə isə qoyurdu. Çəkilib qıraqdan tamaşa edirdi.

Süfrəyə yemək gətirildi. Aşıq Şakirin isə boğazından bir tikə də keçmirdi. Dərin xəyala dalmışdı: "Nərgiz nə qədər böyümüşdü… Əşrəfgilə ilk dəfə gələndə Nərgizin yeddi-səkkiz yaşı olardı. Maşallah, necə boy atıb! Atalar düz deyirlər ki, qız xeylağı tez böyüyər. Əşrəf qızıla nəfəs alır. Onu yola ancaq Nərgiz salırdı. Əlinə Lahıc camı alıb arxasınca su atırdı.

Dostu deyirdi ki, Nərgiz onu yola salmasa, evdən bayıra çıxmazdı. Çox düşərli üzü vardı.

Bir gün Nərgiz yıxılmışdı, dizləri siyirilmişdi. Qızın iri gözlərindən sel axırdı. Əşrəf isə onu heç cür sakitləşdirə bilmirdi. Yola da getməli idi.

-Bala, Nərgiz, sən ağlayırsan? Onda mən yola necə gedim?

Qız o saat ağrısını boğmuş, özünü ələ almış, otağa keçib "Lahıc camını " çıxarmışdı. Ona əl edən atasının arxasınca əvvəlki kim su atmışdı.

"Mən bu qıza, bu təmiz ailəyə bu şən gündə nəsə hədiyyə etməliyəm. Aşıq əlindən nə gəlir? Nəğmə. Elə bir nəğmə ki, bu evin uşaqlarına sevinc gətirsin: Tahirə, Zöhrəyə, gül balamız Nərgizə...

Şakirin yadına yenidən Əşrəfin qızına dediyi sözlər düşdü. Əlini cibinə salıb cib dəftərini götürdü. İri həriflərlə başlıq yazdı:

Necə gedim yola, Nərgiz?

Ay qız, ay qız, bala Nərgiz?"

Bu sözləri Şakir qədim bir nəğmədə eşitmişdi. Ancaq qəlbində oyanmış musiqi yeni idi. Qədim nəğməyə yeni sözlər və musiqi əlavə etmək qərarına gəldi. Bu çoxdan unudulmuş nəğmənin sözləri idi. Ona yeni həyat və yeni sözlər əlavə etmək üçün dərin fikrə daldı.

Aşıq Şakirin dostları bilirdi ki, o, nəsə yazanda, onu danışdırmaq olmaz, onsuz da mənasız bir işdir. O. heç kimi eşitmirdi: bu saat öz dünyasında, öz şer aləmindədir. Heç kimi, heç nəyi görmür, hiss etmirdi. Qələmdən ayrılana qədər o, hələ öz aləmində olacaqdı.

Aşıq Pənah Şakirin yemədiyini görüb üzünü ona tutdu:

-Şakir, xörəyin soyudu. Sonra yazarsan!

Şakir onu elə bil eşitmədi, başını belə qaldırmadı. İzzatalı Aşıq Pənahın inciyəcəyini görüb, üzünü ona tutdu:

-Pənah, Şakir belə hala düşəndə, həmişə gözəl bir şeyr yazır. İndi o, sanki tərki-dünyadır.

Pənahın özü də tez-tez bu hala düşürdü. Şakirin vəziyyətini anladı.

Şakir süfrədən durub sazını götürdü, Məşədi Fazilə yaxınşlaşdı.

-Məşədi, mənim balacaya hədiyyəm var, icazə versən, bu nəğməni evin içində oxuyardım, sonra toyxanada.

Şakirin sözünü eşidən dəstəsi ayağa qalxdı. Otağa daxil oldular.

Nərgiz Tahirin başını dizinin üstünə qoyub sığallayırdı. Zöhrə isə divara söykənib onlara baxırdı.

Aşıq Şakirin babası ilə otağa daxil olduğunu görən qız ayağa qalxdı. Tahiri də dikəldib, kürəyini çarpayının kənarına söykədi.

Aşıq Şakir çarpayının yanında dayanmış Zöhrəni yerdən qaldırıb Tahirin yanında oturtdu.

-İndi hamı burdadır: Nərgiz də, Tahir də, Zöhrə də. Bəs Əşrəf? Onu bura çağırın! - dedi.

Əşrəf otağa daxil oldu. Aşıq Şakir isə sazını kökləyirdi. Hamının fikri onda idi.

Toyxanada Hüsenağanın klarneti də susmuşdu. Həyətə sakitlik çökmüşdü. Hamı sanki möcüzə baş verəcəyini gözləyirdi. Möcüzə isə doğrudan da baş verdi. İlk dəfə " Bala Nərgiz" mahnısı səsləndi. Aşıq Şakirin "Bala Nərgizi":

Sən Tahiri küsdürübsən

Tuti dilin susdurubsan.

Yol-irizin kəsdiribsən,

Necə gedim yola Nərgiz?

Ay qız, ay qız, bala Nərgiz!

Dostuna bundan böyük hədiyyə olmazdı. Bu ürəkdən gələn hədiyyə idi. Sönməz bir şair ilhamından yaranmışdı.

Məşədi Fazil Aşıq Şakiri bağrına basdı. Otaqdan çıxmaq istəyən Şakiri saxladı:

-Şair, dayan! Bu sənin hədiyyən idi. Bəs bizim hədiyyə? Dost-aşna nə deyər?

Üzünü Nərgizə tutdu:

-Mənim balam, get mənim şkafımdakı açarları gətir! - dedi.

Bir anın içində Nərgiz geri döndü. Açarları babasına uzatdı. Məşədi Fazil üzünü otaqda olanlara tutdu:

-İndi getdik!

Səməd ağa başda olmaqla Əlağa Vahid, Ağahüseyn, Aşıq Şakir, Aşıq Pənah və s. həyətin aşağısındakı fayton saxlanılan yerə gəldilər.

Məşədi Fazil qapını açdı və içəri keçdilər. "Pobedanın" üstündən brezenti çəkdi. Üzünü Şakirə tutdu:

-Şakir, bu mənim hədiyyəmdir. Bir həftədən artıqdır ki, yiyəsini gözləyir. Yağın içindədir. Bilirdim ki, könlündən çoxdan keçir. Al, bu da açarları! Ancaq yox demə!

Aşıq Şakir bir kəlmə belə demədi, keçib müdrik insanın əlindən öpdü.

-Verən əlin var olsun! - deyə keçib maşının qapısını açdı, sükanın arxasına keçdi.

-Pənah, buna deyərəm kişi maşını, yoxsa "Moskviç"?

Hamı toyxanaya qayıtdı. Aşıq Pənah üzünü dostuna tutdu:

-Şakir, bayaqkı mahnını bir də oxu! Qoy camaat eşitsin! - deyə Aşıq Pənah xahiş etdi və sazını kökləməyə başladı.

Aşıq Şakirin Cəfərli ailəsinə məhəbbət və hörmət rəmzi olan "Bala Nərgiz" bir də səsləndi.
***

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə