Budur gəldi bahar fəsli



Yüklə 1.67 Mb.
səhifə12/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

NAĞIYEVİN İTMƏSİ
İranda baş vermiş siyasi böhran İran-Sovetlər İttifaqı arasında soyuqluq yaratmış, Şahın komandası böhranın baş verməsində kommunistləri günahlandırmışdı. Odur ki, yenə də Azərbaycanla İran arasında əlaqələr kəsilmiş, gəmilərin gediş-gəliş məhdudlaşdırılmışdı. İndi Bakıdan İrana ayda bir dəfə və yaxud iki dəfə gəmi gedirdi.

Əlisəttar əvvəlki kimi Ənzəliyə ayda bir dəfə gəlsə də, bir ildən yuxarıydı ki, dayısıgillə görüşə bilmirdi.

Bir il bundan qabaq dayısı uşaqları Mir Hüseyn və Mir Mahmud onunla Fərhadinin evində görüşəndə demişdilər ki, bacısıyla birlikdə xaricə oxumağa gedirlər: Mir Hüseyn Amerikada, Mir Mahmudla Fatimə isə Almanda oxuyacaqlar.

Dayısı uşaqları Seyid Bikəyə Amerikadan da, Almandan da məktub yazırdılar, ancaq Əlisəttar onlara məktub yaza bilmirdi. İranda qohumları olduğunu bilsəydilər, onu “zaqranpoezkaya” buraxmazdılar. Bunu ona kapitan Həmid Əsədov başa salmışdı.

Bakıda qış öz taxtı-tacını asanlıqla bahara vermək istəmirdi. Soyuq şimal küləkləri torpağı qızdırmaq istəyən günəşin qarşısına buludlar çəkir, tozanaq qaldırır və qışla belə asanlıqla uzaqlaşmağın qeyri-mümkünlüyünü göstərirdi.

Bakının mart ayı qədər dəyişkən və aldadıcı havası olan yer ola bilməzdi. Köklü bakılılar mart ayının çıxmasını səbirsizliklə gözləyir, yaz geyiminə keçməkdən çəkinirdilər. Tez-tez işlətdikləri sözlər isə bu idi: Mart çıxacaq, dərd çıxacaq! - deyirdilər və yaxud “Mart çıxdı dərd çıxdı!”

Ənzəliyə səhər sübhdən çatan gəmi elə bil Bakının dünənki tufanlı və dalğalı qış dənizindən yaxasını qurtarıb, sakit və bahar ətirli bir limana dincəlmək üçün yan alırdı.

Bakı limanından fərqli olaraq, bura bahar təravətilə nəfəs alırdı. Hər tərəf yamyaşıl, ağaclar isə al, çəhrayı çiçəklərə bəzənmişdi.

Sahildən gəmiyə əsən mehdə yazın ətri duyulurdu.

Kapitan Əsədov göyərtədən üfüqü seyr etdikdən sonra, aşağı körpüyə baxdı və bosmanın limanın rəis müavini ilə danışdığını gördü.

-Kapitan yuxardadır!- deyə, bosman göyərtədə dayanmış kapitanı göstərdi.

Liman rəisinin müavini onun adını çəkdiyini eşidən Kapitan Əsədov tələsmədən aramla göyərtədən keçib, trapla aşağı enməyə başladı.

Müavin onu görüb aşağıdan ona amerikansayağı “çest” verdi. Yuxarıdan onun “çestinə” fikir verən Əlisəttarın başına gələn ilk fikir bu oldu ki, “həmşərilər” doğurdan da, amerikanlaşıblar.

Əlisəttarın atasının dediyi sözlər yadına düşdü: “İran tarixi boyu bircə anın içərisində bu müstəvidən başqa müstəviyə keçmək bacarığı və qabiliyyəti olan bir dövlətdir. Dövlətçilik təcrübəsindən irəli gəlir bu cür dəyişkənlik.

İranlılar onlara qarşı gələ biləcək qüvvələri həmişə qabaqlayıblar və bundan istifadə ediblər. İran indi iki böyük dövlətin arasında qalmağına baxmayaraq, seçimdə obyektiv reallıqdan çıxış edəcək, güclənməkdə olan ölkənin tərəfində olacaq, güc mərkəzi dəyişən kimi o saat orientasiyasını dəyişəcəkdir. ”

Onu fikirdən aşağıdan Kapitan Əsədovun əl eləməsi ayırdı. Kapitan onu aşağıya çağırırdı.

Əlisəttara xas olan cəldliklə o dəmir piləkanları düşdü. Bircə anın içində Kapitanın qarşısında dayandı.

-Əlisəttar, hazırlaş, limanın rəisi bizi yanına çağırır! Orada mənə lazım olacaqsan.

Əlisəttarı yuxarı qalxıb düşməsi beş dəqiqə çəkmədi ki, rəisin göndərdiyi maşın gəlib çıxdı.

Kapitan Əsədov Əlisəttarnan maşına mindilər, rəisin müavini isə limana baxış keçirtməyini davam etdi.

Sakit səhər mehi baharın istiliyinə verdiyi təravəti maşının açıq pəncərələrindən içəri vurmağa başladı. Limandan idarəyə qədər yolun çox da uzaq olmamasına baxmayaraq maşında təmtəraqla getməyin müəyyən dərəcədə ləzzətini hər iki sovet vətəndaşı duyurdu. Ətrafda işləyən və onlara baxan fəhlələr nə qədər böyük adam olduqlarını düşünürdülər.

Maşın idarənin qarşısında dayandıqda, qapının ağzında durmuş növbətçi qaça-qaça gəlib maşının qapısını açdı. Kapitan Əsədovla Əlisəttar maşından düşüb idarənin qapısından içəri girdilər.

Həmin koridorlar, həmin otaqlar ... Bəs dəyişən nədir? Əlbəttə ki, divardakı şəkillər. İndi divarları Şahənşahla Amerika prezidentinin şəkilləri bəzəyirdi.

Rəis Acizi onları kabinetinin qapısının ağzında qarşıladı. Otağında dərin kreslonun içində itmiş Heybət Fərhadinin arxaya daranmış saçları görünürdü.

Qonaqların gəldiyini duyub Fərhadi ağır bədənini rahat kreslodan tələsik qaldırdı və onlara qarşı gəldi.

-Qardaşlar, xoş gəlmisiniz! Necə də şadam sizi görməyimə! - deyə, əlini görüşmək üçün əvvəl Əlisəttara, sonra isə Kapitan Əsədova uzatdı.

Fərhadi qonaqları yerbəyer etdikdən sonra Ağaye Acizi otağı tərk etdi. Acizini gedişi ondan xəbər verirdi ki, onların söhbətinə mane olmaq istəmirdi.

-Dayın, Tehrandadır. Uşaqlar isə xaricdə. Dayıdostun gəlmək və sənin bayramını təbrik etmək istəyirdi. Anası xəstələndiyindən o, da Tehrandan çıxa bilmədi. Mənə zəng elədilər ki, Əlisəttarı görüm və bayramlaşım. Seyid Bikəyə nə lazıdırsa göndərim.

Əlisəttar nə cavab verəcəyini bilmirdi. Bir də anası ona heç bir tapşırıq verməmişdi. Sadəcə olaraq demişdi ki, qardaşımı bağrına bassın və bayramını təbrik etsin.

-Xəbər göndərən də sağ olsun, xəbər gətirən də! - deyə Əlisəttar sözə başladı: - Dayıma deyin ki, hər şey qaydasındadır. Atamın və anamın ona salamı var. Biz isə pis dolanmırıq. Hər şeyimiz var. Narahat olmasınlar. Bayramlarını isə səmimi qəlbdən təbrik edirik.

Fərhadi elə bil bu cavabı gözləyirdi. Ancaq Xalidə xatın ona iki çamadan verib demişdi ki, Əlisəttara çatdırsın, Bakıdakılar üçün bayram hədiyyələridir.

-Əlisəttar, dayıdostun Seyid Bikə üçün bir-iki çamadan geyim-keçim qoyub ki, ona çatdırasan. Buna necə baxırsan?

-Nə deyə bilərəm? Hər şey kapitanımdan asılıdır. O, nə desə, onu da edə bilərik. - deyə Kapitan Əsədovu göstərdi.

-Kapitan mənim canımın parasıdır, o nə deyə bilər? -deyə əlini kapitanın çiyninə qoydu.

-Problem yoxdur! - deyə kapitan da onun sözünə şərik çıxdı.

-Madam ki, belədir, onda getdik bizə, nahara!

Onları üçü də otaqdan çıxdılar. Kabinetin ağzında Acizi katibəsiylə söhbət edirdi. Onların çıxdığını görən kimi farağat dayandı və Fərhadini nə deyəcəyini gözlədi.

-Denən, maşın gəlsin! Gedirik bizə! - deyə, Fərhadi ona müraciət etdi.

-Be fərmayiş! - deyə, Acizi iri addımlarla qapıya tərəf irəlilədi.

Bir anın içində cağbacaq “Ford” qapının ağzında dayandı.

-Acizi, sən də bizimlə gəl! - deyə, Fərhadi onu da maşına dəvət etdi.

Fərhadi qonaq qəbul etməyi bacaran adam idi. Bu insanın bir dəqiqəsi də boş olmamağına baxmayaraq, qonaq qəbul edərkən hər şeyi atırdı. Ancaq qonaqlığı düşünürdü. Bütün günü fikrinə və ağlına gələn nə vardırsa onu stolunun üstünə gətirmək istəyirdi. Evinə gələn qonaqları həmişə yüksək servizlə təəccübləndirərdi.

Mətbəxində işləyən aşpazlar istədiyin yeməyi hazırlayır, dediyini bir anın içində həyata keçirirdilər.

Bakının ən gözəl günlərini yaşamış Fərhadi oranın mətbəxindən çıxan bütün yeməkləri bura gətirmiş, ən yaxşı aşpazları başına yığmışdı. Boş vaxtlarında onların yanına çağırır və ağlına gələn yeməkləri onlara tapşırar, aşpazlar əgər dediyi yeməyin necə hazırlandığını bilmirdilərsə, o, özü ocağın arxasına keçərdi.

Məşədi Fazil eşidəndə ki, Əlisəttar onun tez-tez qonağı olur, üzünü Seyid Bikəyə tutub demişdi “Bir dəli şeytan deyir ki, özünü verəsən Fərhadinin yanına yeyib-içməyə!”.

Seyid Bikə isə gülərək “ Daha keçdi o günlər” - deyə cavab vermişdi.

Bu gün isə Fərhadinin aşpazları iki qat çalışmışdılar. Kapitan Əsədov bir kəlmə demədən süfrənin arxasına keçdi və üzünü Əlisəttara tutdu:

-Bala, nə baxırsan? Bura öz evimizdir. Özünü ver süfrə arxasına.

Kapitan Əsədovun naharı çox da uzun çəkmədi. O, da Əlisəttar kimi süfrənin arxasından tez durdu. Qulluqçular mizin üstünə “xor-xor” qəlyan qoydular və otağı tərk etdilər.

Fərhadi onların qəlyana əl uzatmadığını görüb təəccübləndi:

-Siz ki, siqaret çəkirsiniz? Bir bunun dadına baxın! Bunun tütününü Xoy gölünün ətrafında olan Gülzari kəndindən gətizdirirəm. Ona gözümün qabağında ədvalar qatdırıb, qurutdururam, sonra isə doğratdırıram. Min cür buna ətr, gül qatdırıram. Tüstüsünün iyinə baxın! Belə şey görməmisiz!

Doğurdan da, otağa qeyri-adi ətir qoxuları yayılmaqda idi. “Xor-xor” qəlyan tüstüləndikcə məst olduqlarını hiss edirdilər.

-Qədim kişilər nahardan sonra həmişə qəlyan çəkərdilər. Bu adamı yeməkdən sonra rahatlandırır. Şirin yuxu gətirir, bədənə güc verir. Yaxşı qəlyan hazırlayanları qəlyançı adlandırırdılar. Hər qəlyançının öz reseptləri vardı və onlar bunu ailə sirri kimi saxlayırdılar. Elə indi də İranda eyni cürə qəlyan çəkə bilməzsən.

Qəlyan dəmləyənlərin çoxu qədimdən qalma reseptlərdən xəbərdardırlar. Ancaq özlərinə əziyyət vermirlər. Tütünə, tiryək qatıb müştərinin qabağına qoyurlar. O təravət alınmır.

İbn Sina və onun qabilindən olan həkimlər qəlyanda yandırdığı bitkilərlə xəstələrinə şəfa gətirirdilər.

-Maraqlıdır! - deyə, Əlisəttar sözə qoşuldu.

-Bunların sizə danışmağımın bir səbəbi də odur ki, Sizə və mənim dostum Məşədi Fazilə “xor-xor” qəlyan və mənim reseptimlə hazırlanan tütündən hədiyyə vermək istəyirəm. Necə baxırsınız? - deyə, Fərhadi stolun üstünə qoyulmuş üç dənə iri qutunu onlara göstərdi: - Məşədi sevinəcək!

Əlisəttar nə deyəcəyini bilmədi, üzünü Kapitan Əsədova tutdu, onu gözlədi.

-Allah verən əlini qorusun! Sən mənim ürəyimdən keçən hədiyyəni verirsən!

-Bilirəm ki, Bakıda belə şeylər yoxdur. Əl işləridir. İsfahan zərgərləri hazırlayıb. - deyə, Fərhadi ayağı durub qutunu açan Kapitan Əsədova izahat verdi.

-Qardaş, əladır! - deyə, Kapitan Əsədov qəlyanı yerinə qoydu:- Payın artıq olsun!

-Çox sağ olun! -deyə, Əlisəttar da öz təşəkkürünü bildirdi: -Dayıma deyin ki, Bakıda hər şey öz qaydasındadır. Narahatçılığa heç bir əsas yoxdur.

Fərhadigildən ayrılanda axşama yaxınlaşırdı. Səhərki havadan fərqli olaraq günəş havanı daha da qızdırmış, dənizin soyuq sularını buxarlandırdığından hava ağırlaşmışdı. Şəhərdən fərqli olaraq limanda bürkü hökm sürürdü.

Gəmi çoxdan yüklənmiş, kapitanın gəlməsini və qəbul etməsini gözləyirdi. Yola düşməsinə isə beş-altı saat qalırdı.

Kapitanın trapla qalxdığını görən matroslar sevindiklərindən bilmirdilər ki, nə etsinlər.

Nağıyev bosmana matrosları sahilə buraxmasına icazə vermirdi. Matroslar hirslərindən partlayırdılar.

Adətən bütün işləri qurtardıqdan sonra matroslar iki-üç saatlıq sahilə buraxılır və onlar üçün bar-bazarlıq etməyə şərait yaradılırdı. Bu səfər isə onların qabağı alınmışdı.

-Bunlar burada nə edir? - deyə, Kapitan Əsədov matrosları bosmana göstərdi: -Niyə sahildə deyillər.

-Yoldaş Nağıyev icazə vermir.

-Məgər sənin Nağıyevin bilmir ki, dənizçi hansı sahilə yan alıbsa, o, ora çıxmalıdır. Bu dənizçilərin yazılmamış qanunudur. Bütün dünya buna əməl edir. Niyə ona başa salmamısan? Bir də gəmidə kimdir kapitan?

-Mənə dedi ki, cavabdehliyi öz üzərinə götürürsən?

-Bəs sən?

-Mən...

-Sovet matrosu sahilə xoşagəlməz nə edə bilər ki? Əksinə, qoy dünya görsün ki, bizim necə matroslarımız var. Nağıyev isə öz işiynən məşğul olsun! Gəminin “rasporyadokını” pozmasın!



-Baş üstə! -deyə, bosman ondan uzaqlaşdı və geriyə qayıtdı:

-Bəs matroslar?

-Matrosları isə sahilə buraxmaq üçün hazırla!

Nağıyev kapitanın sözlərini kayutasından eşitdi və gözə görünmədi.

Əlisəttar kapitandan kayutasında soruşdu:

-Nağıyev hamın başına bəladır, özünüz də həmişə deyirsiniz. Bəs niyə uzaqlaşdırmırsınız?

-Gəmidə hamının ixtiyarı mənim əlimdədir, onun ki, isə KQB-də. İstəsəm də, istəməsəm də o, burda olmalıdır. Bir də ki, qorxaq xarakterinə bələdəm. Lazım olanda gözünün tovunu alıram. Elə indiki kimi.

***


Gəmi Ənzəlidən yenicə aralanmışdı. Dalğaları yara-yara irəliləyən dəmir nəhəng Şimala üz tutmuşdu. O elə sürətlə gedirdi ki, borulardan qalxan ağ buxar və qara tüstü onun yaratdığı hava təzyiqindən gəminin göyərtəsinə əyilir və quyruğuna dəyirdi.

Şimaldan gələn hava axını gəmini yellətsə də, onun sürətini azalda bilmir və o daha da sürətlə irəliləyirdi.

Dalğaların soyuqluğu gəminin göyərtəsindəki havanı sərtləşdirirdi. Adamda elə təəssürat yaranırdı ki, elə bil istidən soyuğa düşürsən.

Ənzəlin havası isti olsa da, dənizinki yaman soyuq idi. Soyuq axın dalğalarla gəminin burnuna toxunaraq damcılara çevrilib havaya qarışır və onu soyuqlaşdırırdı.

Bu aylarda həmişə belə olurdu. Səhərə qədər dalğalarla gəminin döyüşü davam edir, səhər çağı isə Bakı körfəzinə çatar-çatmaz bu mübarizə qurtarırdı.

Ənzəlidən uzaqlaşanda gəmidə Nağıyevdən başqa hamı işlə məşğul idi. Ancaq onun hamını güdən gözləri sakit durmurdu. Görənlər ona salam verib uzaqlaşırdılar. Bir adam onunla oturub durmurdu. Necə murdar adam olduğunu hamı yaxşı bilirdi.

Əlisəttar kayutasında koykaya uzanıb matrosların Ənzəlidən alıb gətirdikləri jurnalları varaqlayırdı. Maraqlandığı məqalələri oxuyurdu.

Dalğaların gəmini yelləməsi ona sanki layla çalırdı. Gözləri yumulurdu. Şirin bir yuxu onu qucağına alırdı.

Gecənin bir aləmi Əlisəttar kayutasında kiminsə eşələndiyini hiss etdi. Gözlərini açdı. Bir nəfərin ayağını onun çarpayısına qoyub koykanın ikinci mərtəbəsindəki çamadanların içində nə isə axtardığını gördü.

Əlisəttar durub koykasının qırağında əyləşdi. Əliylə oğrunun belindən yapışıb yerə saldı. Qarşısında Nağıyevin gördü:

-Sən burda nə edirsən? - deyə Əlisəttar onun yaxasında yapışdı. Qapını açdı və qapıdan bayıra tulladı və qapını ötdü.

Kayutasının qarşısındakı söykənəcəkdən qapının arası metrə yarımdan artıq deyildi.

Qapının qarşısındakı söykənəcəyin boruları hər iki tərəfdən qurtarırdı və onları bir-birinə birləşdirən zəncirlər bağlanırdı.

Lazım olanda, bu zəncirlər açılırdı. Təlimata görə gəmi yola düşəndə, bu zəncirlər həmişə bağlı qalmalıdır.

Söykənəcəyə bağlanmış zəncirlər Nağıyevi saxlamadı və o, mayallaq ataraq dənizə düşdü. Gəminin mühərrikinin səsi, qaranlıq və dalğalar onun harayını boğdu.

Əlisəttar isə nə baş verdiyin görmədi, yerinə girdi, durub qapını arxadan bağladı. Səhər açılana qədər rahatlıqla yatdı.

Səhərin açılmasıyla ayağa durdu, qapının ağzındakı söykənəcəyin zəncirinin açıq olduğunu gördü, bağladı və göyərtəyə çıxdı, hamıya qoşulub idman etməyə başladı.

İdmanı ciddi hazırlıq sayan və həmişə matrosları yuxudan durğuzub göyərtəyə çıxaran, Nağıyev bu səfər idmana gəlmədi. Niyə gəlmədiyi, birini də maraqlandırmadı.

Bosman idmanı qurtaran kimi komandanı səhər yeməyinə dəvət etdi və yeməkdən sonra növbəyə kimin çıxacağını elan etdi.

Əlisəttar kayutaya qayıtdı, dünənki əhvalat yadına düşdü. Nağıyevin kayutasında eşələnməsi haqqında kapitana heç-nə deməməyi qərara aldı. Bakıya çatanda özü Nağıyevlə haqq-hesab çürütməyi qərara aldı.

Səhər onun idmana gəlməməsini isə Əlisəttar dünənki hadisəylə əlaqələndirdi, düşündü ki, qorxusundan göyərtəyə çıxmayıb.

Koykanın kənarına əyləşdi, balaca stolçanın üstündən dünən oxuduğu jurnalları götürdü və yarımçıq qoyduğu məqaləni tapdı və oxumağa başladı.

Bir neçə saat beləcə keçdi. Bosman adəti üzrə işini qurtarmış matrosları siyasi dərsə çağırdı. Əlisəttar da onlara qoşulub yeməkxanada Nağıyevin gəlməsini gözlədi.

Dünən növbədə olmuş matroslar yorğun-arğın idilər. Çoxları stolun üstünə başını qoyub mürgüləyirdilər, dincəlmək əvəzinə Nağıyevin siyasi dərsinə qulaq asmalı idilər. Bəziləri açıq-açığına onu söyürdülər.

-Bosman, olmazmı ki, dincələndən sonra bizə politika kaçat eləsin? - deyə, növbə rəisi Andrey yarı rusca yarı azərbaycanca təklif etdi: - Görmür ki, fəhlə sinfi necə yorğundur?!

-Andrey, bu cür danışma, siyasi don geydirər.

-Mənə? Niyə? Mən Berlini alanda Nağıyev anasının yubkasının altında gizlənirdi. Bosman, siz ona çox böyük səlahiyyətlər verirsiniz! Yerini bilsin!

-Yaxşı, yaxşı! Boş-boş danışmaqdansa, gedin onu çağırın.

Matroslardan ən cavanı ayağa qalxdı, qapıdan çıxdı, iki dəqiqə keçmədi ki, geri döndü:

-Yoldaş Nağıyevin qapısı açıqdır, ancaq özü yoxdur.

-Bəlkə kapitanın yanındadır. Qalx, kapitan rubkasına, denən ki, matroslar gözləyir. - deyə Bosman onu geriyə göndərdi.

Matros qayıtdı:

-Kapitan dedi ki, dünəndən onu görməmişəm.

Hamı bir-birinə baxdı. Heç kim onu gördüyünü demədi. Səhər idmana da gəlmədiyini, matroslar sahilə çıxanda, onları yola salmadığı, gəmi yola düşərkən göyərtədə olmadığını hamı qeyd etdi.

-Bəs o, haradadır?

-Köpək oğlu, əlbət, İrana qaçıb! - deyə Andrey yerindən dilləndi: - Ondan nə desən çıxar! O, dildə kommunistdir, əməldə faşist!

Bəsdir! Bəsdir! - deyə, bosman fikrə daldı. Sonra üzünü gəmi heyətinə tutdu:

-Sizə beş dəqiqə vaxt verirəm! Gəmini alt-üst edirsiniz! Ya ölüsünü ya da dirisini tapırsınız! Mən isə onun yoxa çıxmağını qalxıb kapitana xəbər verirəm.

Bosman qapını açıb göyərtəyə və ordan dəmir pillələrlə kapitanın rubkasına çıxdı, baş vermiş insidenti ona danışdı. Komandanın onun qaçdığın dediyini danışdı.

-Ola bilməz, bosman?! Bir də ki, nə bilmək olar, insan çiy süd əmib! - deyə, Kapitan rubkadan aşağı endi. Bosmanla kambuza daxil oldu.

-Nə xəbər var?

-Kapitan, bütün gəmini alt-üst etmişik! Yoxdur ki, yoxdur! - deyə, içəri girən matroslar Nağıyevin yoxa çıxması haqqında xəbər çatdırırdılar.

Əlisəttar da onlara qoşulub Nağıyevi axtarsa da, nə baş verdiyini indi anlamağa başlamışdı. Səhər sübhdən qapısının qarşısındakı zəncirlərin açıq olması, onu şübhələndirdi.

O, kayutasının qarşısındakı söykənəcəyə nəzər saldı. Zəncirlərin dartınıb açıldığın başa düşdü. Bütün bunlar Nağıyevin kəlləmayallaq dənizə düşməsini göstərirdi.

Əlisəttar kayutasına girdi və koykasına uzanıb üzünü tavana tutaraq nə edəcəyini düşünürdü.

Gəmidə elə bir adam yox idi ki, Nağıyevdən zəhləsi getməsin. Demək olar ki, hamı onunla dalaşırdı. Hamı onu yeməyə hazır idi. Əlisəttar isə onu bir-neçə dəfə mədəni şəkildə yerində oturtmuşdu.

Bir adam deyə bilməzdi ki, o, Əlisəttarnan əlbəyaxa olub. Baxmayaraq ki, çoxları onun yaxasından tutub əzişdirmək istəmişdilər.

Əlisəttar qərara gəldi ki, baş vermiş hadisədən heç kimə danışmasın və hər şeydən xəbərsiz olduğunu göstərsin. Odur ki, indi qırağa çəkilməməyi və matroslara birlikdə olmağın düzgün olduğunu fikirləşdi.

Əlisəttar baş vermiş faciəyə görə heç bir vicdan əzabı belə çəkmirdi. Ürəyi buz kimi idi. Dünən olanlar isə ona yuxu görünürdü. Sinirləri sakit idi, özünü çox soyuqqanlı aparırdı.

Kapitan Əsədov onu matrosların arasında olduğunu görüb yanına çağırdı.

-Xəbərdən xəbərin var da? - deyə, ona müraciət etdi.

-Xəbərdaram!

-Ağıla gələsi iş deyil! Hamı onun İrana qaçdığını deyir.

-Elədir!


-O, cəhənnəmə, bizim hamımızı bəlaya salacaq. Mən indi Bakıynan danışacağam, bir-iki saata ora çatırıq! Aləm qatışacaq, məzhəb itəcək! Bütün kayutaları yoxlayacaqlar. Odur ki, ehtiyatı əldən verməyək. Kayutanda olan çamadanları bura gətir.

Əlisttar çamadanları kapitanın kayutasında yerləşdirdikdən sonra, gəminin klubuna keçdi və qarşısına kitabları töküb fikrini dağıtmağa çalışdı. İki saatın necə keçdiyini hiss etmədi.

Gəminin fiti Bakı buxtasına girmək xəbərini verdi. Əlisəttar klubdan göyərtəyə çıxdı.

Bakı tərəfdən sakit külək əsirdi. Dəniz dalğalansa da, o günki kimi qorxulu deyildi. Uzaqdan bulvarın ağacları yaşıl bir limana yan alacaqlarını göstərirdi. Günəş parlaq şüalarıla baharı qışın yaxasından qurtarıb Xəzərin sahillərinə gətirirdi.

Yuxarı məhəllənin təpəcikləri yam-yaşıl otlarla örtülmüşdü. Oralara baxdıqca Əlisəttarın gözləri dincəlirdi. Qəlbi sakitləşirdi.

Gəmi limana yan aldı. Bir anın içində sərhədçilər gəmini mühasirəyə götürdülər. Bu həmişə belə idi. Əvvəl sərhədçilər gəmiyə qalxırdılar.

Sərhəd yoxlanışı qurtardı. Nağıyevin yoxa çıxdığını qeyd etdilər. Onlar getdikdən sonra adətən komandanın növbətçi hissəsi gəmidə qalırdı, qalanları isə evlərinə dağılışırdı.

Bu dəfə kapitan hamının kluba yığışmasına göstəriş verdi.

Kapitanın rubasından KQB-nin işçiləri, daha doğrusu, müstəntiqləri aşağı düşdülər və kapitanla birlikdə kambuza girib yuxarı başda qoyulmuş qırmızı örtüklü stolun arxasında oturdular.

Onlardan biri ayağa qalxdı, deyəsən böyükləri idi:

-Yoldaşlar, Sovet gəmisində insident baş vermişdir. Əməkdaşımız leytenant Nağıyev yoxa çıxmışdır. Sizdən xahiş edirəm, bir-bir kapitanın rubkasınına qalxasınız və sonuncu dəfə onu harada və necə görməyiniz haqqında danışasınız! Biz bilirik, yorğunsunuz! Evdəkilər yolunuzu gözləyir, hətta bəziləri gəliblər ki, sizi qarşılasınlar da. Ancaq buna baxmayaraq, biz nə baş verdiyini bilməliyik. Dediklərinizi bizim müstəntiqlər protokollaşdıracaqlar.

Bir-bir içəri keçib suallara cavab verməlisiniz! Kim birincidir?

Növbə rəisi Andrey ayağa qalxdı, ətrafına boylandı, matrosların üzünə baxdı, sonra kambuzdan çıxdı.

Kapitanın kayutasında iki müstəntiq oturub onu gözləyirdi:

-Sonuncu dəfə yoldaş Nağıyevi haçan görmüsən? - deyə onlardan biri soruşdu.

-Sonuncu dəfə mən onu gəmi Ənzəlidən yola düşəndə, göyərtədə görmüşəm. Qaranlıqda hamını qabağında tələsərək keçdi və kayutasına tərəf addımladı. Çox “strannı” sir-sifəti vardı. Uşaqlar təsdiq edə bilərlər. O, uzaqlaşandan sonra matros Vaqif məndən soruşdu ki, Naqiyevə nə olub, elə bil özündə deyil? İnanmırsınız, Vaqifin özündən soruşun?

-Sonra necə? Onu görmüsən?

-Yox, yoldaş müstəntiq!

-Bura qol çək! - deyə, müstəntiq protokolu uzatdı: -. İndi səni kayutana aparacaqlar oradan bayıra çıxmırsan!

Andrey kağıza qol çəkdi, bayıra çıxdı və kayutasına qədər onu müşayiət etdilər.

Andrey anladı ki, gəmi tam nəzarət altındadır. Hər mərtəbədə nəzarətçilər qoyulmuşdu.

Kapitan rubkasına matros Vaqifi çağırdılar.

-Vaqif, Andrey dedi ki, sonuncu dəfə Nağıyevi səninlə birlikdə göyərtədə görüb. Deyilənlər düzdür? - deyə, müstəntiq soruşdu.

-Elədir, yoldaş müstəntiq. Nağıyev elə bil özündə deyildi.

-Sən onu sonuncu dəfə haçan görmüsən? - deyə o, birisi müstəntiq soruşdu

-Elə Andrey dayıynan birlikdə, gəmi Ənzəlidən yola düşəndə.

-Bəs sonra?

-Sonra hamı necə, mən də elə. Hamımız onu sonuncu dəfə göyərtədə, Ənzəlidən çıxandan sonra görmüşük. Öz kayutasına çəkilib.

-Al, bura qol çək! Sonra gedirsən kayutana, bayıra çıxmırsan!

Matros Vaqif protokola qol çəkdi və otaqdan çıxdı. Kayutasına keçdi.

Bir-birini ardınca matroslar klubdan çıxıb, bir də geri qayıtmırdılar. Növbə Əlisəttara çatdı.

-Siz sonuncu dəfə Nağıyevi harada görmüsünüz? - deyə müstəntiq soruşdu.

-Ənzəlidən çıxanda, göyərtədə. Mənim və matrosların yanından tələsik ötdü və kayutasına girdi. - deyə, Əlisəttar düşünmədən cavab verdi.

-Siz bilən, onun burada düşmənləri var mı?

-İnanmıram! Hamı onun sözünü eşidirdi. Hamıynan yaxşı münasibətdə idi.

-Bir adamla dalaşdığını, mübahisə etdiyini görmüsünüz mi?

-Heç vaxt! Bizim kollektiv çox mehriban kollektivdir.

-Özünü necə aparırdı?

-Heç kimnən yaxınlıq etmirdi.

-O, İrana qaça bilər mi?

-Deyə bilmərəm?! Öz gözümnən görməmişəm.

-Alın, bura qol çəkin! Sonra düz kayutanıza gedin!

Əlisəttar da öz kayutasına qayıtdı. Hamı kimi o, da oturub gözləyirdi. Bir saatdan artıq vaxt keçdi. Kayutanın qapısı açıldı. Qapının qarşısında durmuş sərhədçi əsgər kambuza çağırıldığını dedi.

Kambuza yenə də bütün matroslar yığılmışdı. Sakitlik yarandıqdan sonra baş müstəntiq üzünü onlara tutdu:

-Yoldaşlar, sizin dəyərli vaxtınızı aldığımıza görə, üzr istəyirəm. Bilirəm ki, sizin üçün yoldaşınızın itkin düşməsi nə qədər ağırdır! Nə etməli, həyatdır?!

İndi hamınız evinizə gedə bilərsiniz! Ancaq Nağıyevlə bağlı yadınıza nə düşsə, mənə çatdırın! Biz hələ gəmidə çox işləyəcəyik.

Kapitan ayağa qalxdı və onunla birlikdə hamı kambuzdan çıxdı, kayutalarına qalxıb çamadanlarını götürüb gəmini tərk etməyə başladılar.

Əlisəttarın həmişə kapitanla birlikdə gəmini tərk edirdilər, onların dalınca gəlmiş Volodya maşınında evlərinə aparırdı.

Kapitan Əlsəttarın onu gözlədiyini gördü.

-Əlisəttar, mənim burada bir-iki saatlıq işim var! Volodyaya denən bir-iki saatdan sonra məni aparmağa gəlsin! Sən isə gedə bilərsən!

-Oldu! - deyə, Əlisəttar trapla aşağı endi.

Körpünün qırağında Volodyanın “Pobedası” onun yolunu gözləyirdi.

***

Kapitan Əsədovla Volodya Seyid Bikənin Əlisəttarla oturub şirin-şirin söhbət elədikləri eyvana qalxanda Nərgiz aşağıda samovarı odlayırdı. Məşədi Fazil isə içəri otaqda kitablarıynan məşğul idi. Tahir də onun yanında idi. Babasıyla “Qarqantua və Pantaqrueli” vərəqləyirdi.



-Baba, Kapitan Əsədov bizə gəldi! - deyə, Nərgiz onları işlərindən ayırdı.

-Tahir, sən kitabını oxu! Sonra mənə danışarsan! - deyə, Məşədi Fazil nəvəsinin başını sığalladı.

Tahir hələ bu il məktəbə gedəcəkdi, ancaq oxumadığı uşaq kitabları qalmamışdı.

Kapitan Əsədov Məşədi Fazilin eyvana çıxdığını görüb ayağa qalxdı.

-Əyləş, Həmid! Sən bizə xoş gəlmisən! - deyə, Məşədi Fazil onu salamladı, keçib dəyirmi stolun arxasında oturdu.

-Sizə Fərhadidən hədiyyə gətirmişəm. İndi Volodya gətirər. Dilindən düşmürsən! Deyir ki, Məşədi Fazilin çörəyini yeyirəm! - deyə, Həmid Məşədi Fazilin üzünə baxdı.

-Fərhadi yaxşılıq itirməyən dostdur. O, dar günün dayağıdır.

-Məşədi, o, da sizin haqqınızda bu sözləri deyir!

-Deməli, onların ikisi də eyni yuvanın quşlarıdırlar! - deyə, Seyid Bikə zarafat elədi.

-Ay arvad, görürsən də ərinin hörmətini! - deyə, Məşədi Fazil söhbəti köhnə məcrasına qaytardı.

Volodya əlində iki çamadan və qoltuğuna vurduğu böyük bir qutuyla eyvana qalxdı. Çamadanları yerə qoyduqdan sonra qutunu Kapitan Əsədova uzatdı.

Kapitan qutunun ipini qırdı və içindəki “Xor-xor” qəlyanı çıxartdı.

-Volodya, qutunu atma, içindəkini stolun üstünə qoy! -dedi və üzünü Məşədi Fazilə tutdu:

-Bunu sizə Fərhadi bayram hədiyyəsi göndərib, qızıl və gümüşdəndir. Deyirdi ki, vaxtiykən Məşədi Fazilin atasıgildə belə qəlyan görmüşdüm. Fazil sürgün olunanda, onu da müsadirə etmişdilər. Qoy, bu itirdiyinin əvəzi olsun! İsfahan zərgərlərinin işidir.

-Pay göndərən də, pay gətirən də sağ olsun! Ancaq bunun ləzzəti onun tütünündədir!

-Fərhadi, tütününü də göndərib, qutunun içindədir! - deyə Kapitan Əsədov qutudan tütünü çıxartdı.

Məşədi Fazil ayağa qalxdı, tütünü götürdü doyunca iylədi. Qəlyanın ağzını açdı, üzünü Nərgizə tutdu:

-Nərgiz, mənim balam, oradan su gətir! - dedi.

Nərgizin gətirdiyi suyu qəlyanın yaşıl şüşəli qabına tökdü, ağzını bağladı, bir ovuc tütünü kösöv yerinə tökdü. Sonra Volodyaya üzünü tutdu:

-Volodya, həyətdən bir-iki dənə kömür parçası gətir! Yandıraq!

Məşədi Fazil kömür parçanı tütünün üstünə qoydu, stolun üstündəki samovarın altını açdı, podnosa tökülən yanar kömürü dənəciklərini qaşıqla götürüb qəlyanın kösöv yerinə qoydu və qəlyanın elastik borusunun müştüyünü bir-neçə dəfə sordu.

Qəlyan xoruldadı və üstündəki kömürlər qızarmağa başladı.

Evə ədva ətri yayıldı. Məşədi Fazil qəlyanın borusundan müştüyünü çıxartdı, yerinə yenisini taxdı və Kapitan Əsədova uzatdı:

-Bir bunun dadına bax, məcundur.

Kapitan Əsədov bir-neçə qullab vurduqdan sonra, müştüyü qəlyanın qırağında bunun üçün düzəlmiş yerdən asdı.

-Doğurdan da, əla şeydir! Fərhadi dedi ki, hər dəfə biz ora gələndə tütünümüzü göndərəcək! Çamadandakıları isə Mir Kamil ağanın yoldaşı Xalidə xatın Seyid Bikəyə göndərib.

-Çox sağ olsun!- deyə, Seyid Bikə təşəkkürünü bildirdi.

Onlar söhbət edə-edə Nərgiz stolun üstünü bəzəyirdi. Novruz bayramı üçün bişirilmiş şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlarla dolu qabları düzürdü.

-Bəyaq gecikməyinizin səbəbini Əlisəttar danışdı! Dedi ki, gəmidə bir nəfər itkin düşüb! - deyə, Seyid Bikə söhbəti təzələdi.

-Hamı belə deyir ki, İrana qaçıb. Mərdiməzar adam idi. Bir-neçə dəfə ona özünü yığışdır, demişdim! Hamıya sataşırdı. Mən elə gəlir ki, kimsə onu dənizə atıb.

-Əlisəttar dedi ki, hamını dopros edirdilər.

-Elədir! Maraqlısı budur ki, hamı eyni sözü deyib: “Ənzəlidən çıxandan sonra onu görməmişik! Hamımızın istəklisidir! ”. Biri də onun haqqında bir kəlmə də pis söz deməyib. Elə bil, hamısı sözləşib.

-Həmid müəllim, axı mən də o cür cavab vermişəm! - deyə Əlisəttar söhbətə qoşuldu.

-Məni də maraqlandıran budur!

-Belə şey olmayıb!

-KQB-çilər belə versiya ilə razılaşdılar ki, Nağıyev İrana qaçıb. Mən isə əminəm ki, onu kimsə dənizə atıb! Atılası köpəkoğlu idi. Odur ki, üç-dörd gündən sonra meydi suyun üzünə çıxa bilər, bax, onda komandanın qanı getdi. Bizdən əl çəkməyəcəklər.

-Siz dediklərinizə əminsiniz? - deyə, Məşədi Fazil soruşdu.

-Məşədi, ölüm-itim olduqda, bizi ora-bura çəkəcəklər... İrana qaçmaq versiyası günahı komandanın üstündən götürür, yıxır KQB-nin üstünə, çünki Nağıyev onların əməkdaşıdır, komandaya aidiyyəti yoxdur.

-İran qəzetində onun İrana keçməsi haqda məqalə çıxsa necə? - deyə, Məşədi Fazil təklif etdi.

-Bütün nöqtələri yerinə qoyur. Qəzeti səfirlik oxuyacaq! Bakıya xəbər çatacaq! "Otboy" verəcəklər.

-Əlisəttar tez ol, Mir Kamil ağaya məktub yaz! Yaz ki, Tehran qəzetlərinin birində informasiya versin ki, Nağıyev İran tərəfə keçib, oradan isə Türkiyəyə qaçmışdır. Ölüsü dəniz sahillərinə çıxarsa, hay-küy qaldırmasınlar.

-Bəs məktubu kim çatdıracaq? - deyə, Əlisəttar soruşdu.

-Sən məktubu yaz, Volodya isə gedib mənim üçün Aşqabada uçmağa bilet alsın.

-A kişi, nə etmək fikrindəsən?

-Namiq əkənin qohumlarına məktubu verib qayıdacağam. Qalanların özləri bilərlər! - deyə cavab verdi.

Bir-neçə dəqiqə eyvanda sakitlik hökm sürdü. Məşədi Fazil qəlyanın bir neçə dəfə xoruldatdı və müştüyü Kapitan Əsədova uzatdı.

Kapitan Əsədov da bir-neçə dəfə qullab vurdu. Bayaqdan başı ağrıyırdı. Düşünə bilmirdi. Qəlyan baş ağrısını kəsdi. Ağsaqqalın dedikləri indi ona çatdı.

-Sizin qurduğunuz plan, bizi xilas edə bilər. Başqa cürə olsa, hamımız cavabdeh olacağıq.

-Arxayın ola bilərsən! Üç-dörd gündən sonra Nağıyevin sorağı İrandan çıxacaq.

Nərgiz samovardan çay süzdü. Çaydan sonra Kapitan Əsədov onlarla vidalaşdı.

***

Məşədi Fazil hələ Aşqabaddan qayıtmamışdı. Əsəd Nərgizi telefona çağırıb demişdi ki, atası da Aşqabaddadır. Gəlib ki, Məşədi Fazilnən görüşsün.



Dədə hələ bir həftə Namiq əkəynən olacaq. Arxayın olsunlar, hər şey qaydasındadır. Həmid müəllimin işini qaydasına salıb.

Bayramdan bir-neçə gün keçmişdi. Axşam üstü Kapitan Əsədov Volodya ilə birlikdə həyətə girdilər.

Onları Seyid Bikə qarşılayıb, eyvana dəvət etdi. Əlisəttarı soruşdular.

- Çəməndədirlər! Lazımsa çağırım!

- Pis olmaz!

-Tahir, mənim balam! Bəri gəl! Qaç, atanla Əlisəttar əmini çağır gəlsinlər! De ki, qonağımız gəlib.

Uşağın getməyinən qayıtmağı bir oldu.

-Tahir, sənə nə dedim? - deyə, Seyid Bikə uşağı danlamaq istədi.

-Ay nə, bu dəqiqə gəlirlər. Papaynan əmi qapının ağzındadırlar.

Onlar eyvana qalxdılar, Həmidnən görüşdülər.

-Nağıyev üzə çıxıb! Al bu qəzeti oxu! Gör “ Əxbare-Tehran” nə yazır. Bunu tərcümə edib mənə ver! Müstəntiqlər gözləyirlər! - deyə, Həmid müəllim qəzeti ona uzatdı.

Qəzet fars dilində idi. Nərgiz otaqdan qələm və dəftər gətirdi. Əlisəttar qəzeti açıb göstərilən məqaləni oxumağa başladı və cümlə-cümlə tərcümə etdi. Məqalənin məzmunu belə idi:

“Dünən İran sərhədçiləri Ənzəli limanında Sovet vətəndaşı Fikrət Nağıyevi saxlamışlar. Fikrət Nağıyev “Dərbənd” gəmisindən qaçdığını və İranda və yaxud başqa bir ölkədə sığınacaq istəyəcəyini qəzetçilərə bildirmişdir. Özünü KQB-nin əməkdaşı kimi qələmə verən F. Nağıyev, onu da qeyd etmişdir ki, onu İrana qarşı işləməyə vadar edirdilər.

İran onun vətəni olduğundan, gəmi Ənzəlidən yola düşəndən sonra özünü dənizə atıb və sahilə üzmüşdür.

Nağıyevnən Sovet səfirliyinin nümayəndəsi görüşmək istəmiş, Nağıyev bundan imtina etmişdir.”

-Kimin ağlına gələrdi? - deyə, Həmid tərcüməni və qəzetin bu yazı olan hissəsini götürdü. Qəzetin qalan hissəsini Əlisəttara verdi.

-Qalan hissəsində də maraqlı məlumatlar var! Səni maraqladıracaq! – deyə, ayağa qalxdı: -Mən gedim bunun müstəntiqə çatdırım.

-Həmid müəllim, belə olmaz! - deyə, Əşrəf əliynən narazılığını bildirdi.

-Gedim, bunların başını xətadan qurtarım, gəlirəm. Vova getdik! - deyə, Volodyanı harayladı.

Kapitan Əsədov həyəti tərk etdi. Əlisəttar isə stolun üstündə qəzetin qalan hissəsini əlinə aldı və varaqlamağa başladı. Bir başlıq onun diqqətini cəlb etdi.

“Dünən Ənəzəlinin 45 km-də dənizdə boğulmuş bir cəsəd tapılmışdır. Cəsədin kimliyi məlum deyildir. Meyit şişdiyindən, balıqların və dəniz quşları onun üzünü diddiyindən kimliyini müəyyən etmək mümkün olmamışdır!”.

Əlisəttar qəzeti bağladı və dərin fikrə daldı. Kapitan Əsədovun qəzetin bu hissəsinin niyə qoyub getdiyini başa düşdü.

***

1957-ci il, iyun ayının axırı Nərgizin oxuduğu 172 nömrəli məktəbdə buraxılış mərasimiydi.



Seyid Bikə, Raziyə və Əsəd birinci sırada oturub məktəbin direktoru, əməkdar müəllim Hacıyev Mahmudun xeyr-duasını dinləyirdilər.

Direktorun alovlu çıxışından sonra məktəbin direktor müavini Əli Zərgərli də öz xeyr-duasını verdi.

Əli müəllimi sevməyən şagird yox idi. Dadlı duzlu sözlərilə, alicənab davranışıynan hamının istəklisinə çevrilmişdi.

Əli müəllimin çıxışından sonra başqaları danışmağa cürət etmədi. Yenə də Mahmud müəllim danışmalı oldu.

Direktor ilk növbədə “Qızıl medal” almışların adlarını çəkdi və birinci onları yuxarı çağırdı. Medal alan dörd nəfərin arasında Nərgiz də vardı.

Nərgiz medalı alıb aşağı endi, anasının üzündən öpdü, medalı və attestatı ona verdi.

Hər iki qadın özlərini saxlaya bilmədilər. Seyid Bikənin də, Raziyənin də gözlərindən sel axırdı.

-Allah səni xoşbəxt eləsin, mənim balam! Bizim adımızı ucaltdın! - deyə, Raziyə qızının üzündən öpdü.

Marasim çox çəkmədi. Evə qayıdan da evin kişiləri onların gəlməsini gözləyirdilər.

İbad kişi qurbanlıq qoyunu Nərgizin ayağının altına saldı və bıçağı qoyunun boynuna çəkdi.

Nərgiz heyvanın üstündən atlanıb babası tərəfə keçdi. Əlindəki “Qızıl medalı” və attestatı ona uzatdı.

Məşədi Fazil attestatı öpdü və Namiq əkəyə uzatdı, medalı isə Əşrəfə verdi.

-O gün olsun, instituta girəsən! - deyə, Nərgizin alnından öpdü. Əşrəf də, Namiq də eyni hərəkəti etdilər.

-Mənim qızım, nə istəyir? - deyə, Əşrəf soruşdu

-İnstituta girmək və səninlə Moskvaya getmək! Tahir qaqaşa da söz vermisən ki, birinci sinfə gedəndə, onu Moskvaya aparacaqsan!

-Mən hazır, amma əvvəl instituta gir, sonra baxarıq!

-Yaxşı! Gəl şərt kəsək: mən instituta girsəm, bizi Moskvaya aparırsan!

-Razılaşdıq, mənim şeytanım! - deyə, əlini uzatmış Nərgizin əlini əlinə vurdu.

-Oldu!- deyə, Nərgiz eyvana çıxdı.

-Uşaqkı, uşaq! - deyə, Namiq əkə Məşədi Fazilə üzünü tutdu.

-Bunu mən demədim! Bunu sən dedin! - deyə, Məşədi Fazil gülüşdü.

-Yox, doğrudan da belədir! Nərgiz hələ uşaqdır! Allah qoysa, instituta girsin, ondan sonra danışarıq! - deyə Namiq əkə eyvana keçdi.

***

Avqustun ikisi günü elə bil günəş göydən yerə enmişdi. Səhər saatları olmağına baxmayaraq istidən adamı tər yuyub aparırdı.



Tibb institutunun qabağında adam əlindən tərpənməyə yer yox idi. Valideynlər adları çəkilən abituriyent-balalarını qapıdan içəri salıb günəşdən gizlənmək üçün özlərinə yer axtarırdılar.

Kimi özünü uzaqda olan ağacların, kimi isə binaların gün düşməyən tərəfinə verirdi. Günəş səmada mövqelərini möhkəmləndirdikcə isti daha da şiddətlənirdi.

Yuxudan durmamış Tahirin yanında Marina qalmışdı. Evin kişiləri hərəsi öz işinin dalınca getmişdi. Əşrəf yolda idi.

Nərgizi, Seyid Bikəni, Nataşa xalanı və Raziyəni Tibb institutunun qabağına Volodya gətirdi. Əsəd hələ gəlib çıxmamışdı. Nərgizə telefonla danışarkən gələcəyinə söz vermişdi. Bunu ancaq Nərgiz bilirdi.

Qız məktəbli formasının yay geyimində idi, iki yerə bölünüb arxaya atılan hörükləri topuğuna dəyirdi. Qızın adı çəkiləndə hamın gözləri onun hörüklərində qalmışdı.

Qız qapıdan içəri girməmişdən əvvəl gəlib anasını nənəsini və Nataşa xalanı öpdü.

-Allah əmanətində! - deyə, Seyid Bikə xeyr-dua verdi. Raziyə əlindəki əncir yarpağını qızına ötürdü.

-Al bala, bu talismandır. Deyirlər ki, bununla içəri girən beş alıb çıxır.

***

Günorta “Volodyanın komandası” evə gülər üz qayıtdı. Birinci imtahandan Nərgiz beş almışdı.



Komanda stolun arxasında oturub Marinanın hazırladığı naharı ləzzətlə yeyirdilər.

Seyid Bikə Nataşa xalanı qıyqacı süzərək əlindəki qaşığı yerə qoydu:

-İndi başa düşürəm ki, Nataşka niyə özünə gəlib? Bu cür qayğıkeş gəlini olan qaynana qocalmaz. Gəl, mənim balam, bir sənin üzündən öpüm! - deyə, Marinanı yanına çağırdı.

-Bikə xala, məni niyə öpmürsən? Gəlini alan mən, saxlayan mən! - deyə, Volodya zarafata keçdi.

-Sən elə vələdəznahsan ki, səndən evlənən çıxmazdı, Quraban olasan Fazilə! - deyə, Nataşa Seyid Bikənin əvəzinə cavab verdi.

-Nataşka, xahiş edirəm, bizim aramıza girmə! Gəl mənim balam, xalan səni də öpsün! Halal olsun gəlinimizə!

Volodya qürurla ayağa durdu və özünü xalasının yanına verdi. Seyid Bikə onun yanağından dişlədi. Volodyanın uşaqlıqda pompuş yanaqlarını həmişə dişləyərdi ki, çığırsın.

Volodya uşağlıqdakı kimi "Oy!"- deyə qışqırdı.

Elə bu zaman əlində bir dəstə al-qırmızı qızıl güllə Əsəd özünü həyətə saldı. Eyvandakılar gülüşdülər.

Nərgiz stolun arxasından durub otağa keçdi.

-Mən bir təhər özümü çatdırdım. Təyyarə iki saat gecikdi! - deyə, gülləri Seyid Bikəyə verdi.

-Mənə niyə verirsən? Apar adaxlına ver! Bu gün sən gəlmədiyinə görə, imtahana getmədi, hamımızı pərt etdi...

-Necə yəni getməyib?

-Dedi, Əsəd gəlməsə getməyəcəyəm. Gördün, səni görən kimi acıq eləyib getdi. Bilirsən də xasiyyətini. - deyə Seyid Bikə qızıl gülləri Əsədə qaytardı.

Eyvanda oturanlar Seyid Bikənin hərəkətindən və zarafatının tonundan sir-sifətlərini turşutdular.

Əsəd keçib stula əyləşdi və başını aşağı saldı. Nərgiz isə otaqdan bütün bunları eşidirdi. Nənəsinin zarafatına gülürdü.

Bir-iki dəqiqə eyvanda sükut hökm sürdü. Hamının gözü başını aşağı salmış Əsəddə idi. Daxilən hamı gülürdü. O, isə bu vəziyyətdən necə çıxacağını düşünürdü ki, Məşədi Fazil qapıdan içəri girdi.

-Hanı mənim gül balam? Bir babasının yanına gəlsin! - deyə, Nərgizi çağırdı. Əsəd babanın gəldiyini görüb əlindəki gül ilə ayağa qalxdı.

Otağının açıq qapısından Nərgiz sıçrayaraq babasının boynuna sarıldı, Əsədin isə üzünə güldü.

-Baba, beş, baba! - deyə, babasının üzündən öpdü.

-Sən nə baxırsan? Təbrik elə! - deyə, Seyid Bikə Əsədi arxadan itələdi.

-Təbrik edirəm! - deyə, Əsəd başını yerdən qaldırmadı.

-Çox sağ ol! -deyə, Nərgiz incikli səslə cavab verdi, Əsədin ona uzatdığı gülləri aldı, otağına keçdi. Əsəd otağın ortasında qaldı.

-Gecikən bəy həmişə necə qalır? Ruslar necə deyirlər, Nataşa? - deyə, Seyid Bikə rəfiqəsindən soruşdu.

-Azərbaycanca alınmır, rusca desək: “Ocтается с носом.”

-Sən deyirsən ki, mənim balam “oстается с носом»?

-Tak получается! –deyə Nataşa Seyid Bikənin oyununu davam etdi.

-Bilirsən, nə var? Balama sataşanın qulağını burram!

-Чего ждешь Иди дергай за ухо! Вот там тот, кто обидел твоего бала! -deyə, Nataşa Nərgizin otağını göstərdi.

-Bu arvadlara qulaq asma! Bu gün mənim ən xoşbəxt günümdür. Balam instituta girir. Birinci imtahandan beş alıb. Bunlar isə başımızı ağrıdırlar! - deyə, Məşədi Fazil əliynən Əsədə stulu göstərdi:

-Əyləş, mənim balam! Kişilər qadınların kölgəsidir. Ağlın varsa düşün, bu nə deməkdir.

-Vallah, özümü çatdıra bilmədim!

-Özünü ələ al! O boyda Səmərqənвdən tullana-tullana gəlməmisən ki, sənin üzünə əyri baxsınlar.

Otaqdan Raziyə və əlində mer-meyvə dolu podnos Nərgiz çıxdılar.

-Əsəd, bala, xoş gəlmisən! Bayaqdan nigaran qalmışdıq!

-Raziyə xala, təyyarə gecikdi. Məndə günah yoxdur.

-Bilirəm, bala! Nərgiz ərköyünlük edir. Qızların adətidir.

Nərgiz podnosu stolun üstünə qoya-qoya altdan yuxarı Əsədi süzürdü. O, yazıq doğurdan da, çaşıb qalmışdı.

-Mənim balam, özünü ələ al! - deyə, Seyid Bikə bir salxım kişmişi üzümü ona uzatdı. Nərgizin isə əlindən dartıb düz onunla üzbəüz oturtdu:

-Dava qurtardı! Axşam sərini düşsün, gedin gəzməyə!

-Bəs imtahan?

-Bu gün dincəl, sabahdan evdən bayıra çıxdı yoxdur.

Nənəsinin bu sözündən sonra Nərgiz babasının üzünə baxdı. Çünki nənəsinin sözündən çıxmaq üçün babasının dayaq olması lazımdı.

-Nənən düz deyir, bu gün dincəl, sabahdan bayıra çıxdı yoxdur! - deyə, Məşədi Fazil Seyid Bikənin dediklərini təkrar etdi.

Nərgiz kor-peşman otağına qayıtdı. Məşədi Fazil Əsədə göz vurdu. Eyvandakılar gülüşdülər.

Əsəd isə baş vermişləri izləyərək daxildən sevinirdi. Hər şeyin onun xeyrinə olduğunu anlayırdı.

***

Taksi şəhərin düz mərkəzində saxladı. Nərgizlə Əsəd maşından düşdülər Nizami kinosundan bir az aralı, bakılıların sevdikləri, gəzdikləri Torqovıy küçəsində dayandılar.



Bayaqdan Nərgizin ağzından bir kələmə belə çıxmamışdı.

Küçə boyu dinməzcə irəliləyirdilər. Nərgiz qabaqda, arxasınca kölgə kimi Əsəd addımlayırdı. Qız hərdən birdən arxaya boylanır, sanki Əsədin arxada gəlib-gəlmədiyini bilmək istəyirdi.

O, arxaya boylandıqda Əsədin ürəyi düşürdü. Elə düşünürdü ki, Nərgiz dönüb ona nə isə deyəcək və onlar barışacaqlar. Nərgizin qaş-qabağı Əsədi susdururdu.

Torqovıy küçəsini beləcə ötdülər, “Parapet” bağını keçib Nizami muzeyinə tərəfə çıxdılar. Nizamini heykəlinin qarşısındakı bağa çatdılar.

Nərgiz skamyaların birində oturdu. İki dirsəyini dizlərinə qoyub, başını iki əliylə tutub, irəliyə baxırdı.

Əsəd skamyanın arxasına keçib əlini onun çiyninə qoydu. Qız onun bu hərəkətindən diksindi və başını arxaya çevirdi.

-Tərslik etməyin qurtarmadı? - deyə, Əsəd qətiyyətlə soruşdu.

Əsədin daha onun nazıyla oynamayacağını səsinin qətiyyətindən hiss edən Nərgiz gözünü onun gözlərinə dikdi:

-Səni yaman gözləyirdim... İmtahanda da fikrim yanında qalmışdı ki, harda qaldı? Axı zəng etmişdin, gələcəksən! -deyə, Nərgiz başını aşağı saldı.

Əsəd indi anladı ki, gecikməyi nə deməkdi. Digər tərəfdən onun gecikməyinin səbəbkarı da özü deyildi.

-Mənim heç bir günahım yoxdur!

-Bilirəm! Ancaq özünü mənim yerimə qoy!

Əsəd nə deyəcəyini bilmədi. Keçib onun yanında oturdu, və dinməzcə gözlərini yaxınlıqlarında olan Qala qapılarına dikdi.

Birdən əlinin üstündə Nərgizin əlini gördü. Diksindi.

-Əsəd, gedək evə! Tahir indi aləmi dağıdır. Nənə də nigarandır.

***


Avqustun 18-i Nərgiz sonuncu imtahandan da "beş" aldı. Bütün göstəricilərə görə qızın aldığı qiymətlər onun tələbə siyahısına düşəcəyindən xəbər verirdi. Sonuncu imtahan Cəfərli nəslinə və həyətin sakinlərinə sakitlik gətirdi.

İmtahan günü adətən bütün həyət nervoz vəziyyətində olurdu. Qızın necə imtahan verəcəyini gözləyirdilər. Bütün həyət onu öz qızı hesab edirdi. Digər tərəfdən, isə Cəfərlilər həyət adamlarını özününkülərdən artıq tutmurdular. Seyid Bikə həmişə deyirdi: Yaxın qonşu qardaşdan yaxındır.

Yuxarı məhəllənin camaatını psixologiyasında bu əsas prinsip idi. Köhnə həyətlərin adamları bir icmaya çevrilirdilər.

Nərgiz həyətin birinci qızı idi ki, ali məktəbə girirdi.

Günorta çağı Əsədlə qayıdın Nərgizin gülər üzündən aydın oldu ki, sonuncu imtahanı da müvəffəqiyyətlə verib. Birinci onları Narınc qarşıladı.

Narınc orta yaşılı, çox kök, iki zırpı kişi enliliyində bir qadın idi. Yeriyəndə yer titrəyirdi. Şad xəbəri eşidən kimi mətbəx tərəfə elə götürüldü ki, elə bil quş kimi uçurdu, sanki uşaqdır. Nərgiz Əsədlə onun qaçışına baxıb gülüşdülər.

-Bikə xala, Bikə xala! Muştuluğumu ver! Nərgiz yenə “beş” alıb! - deyə, Narınc ləhləyə-ləhləyə özünü həyətin aşağısındakı mətbəxə saldı.

Əli xəmirli mətbəxdən sevinə-sevinə çıxan və oradakı arvadları arxasına salıb gətirən gəlin və qaynana yol boyu əllərini balaqlarına silə-silə:

-Balalarıma qurban olum! - deyə, onlar tərəfə gəlirdilər.

Həyətin arvadları gah Nərgizin, gah da Əsədin üzündən öpürdülər. Hamı onları təbrik edirdi.

Narınc onlardan ayrılıb eyvana çıxdı. “Ural” radiolasının qapağını açdı və “Aşıq Şakirin mahnıları” plastinkasını çaldırdı. İri vücudilə eyvanda oynaya-oynaya taxta pillələrlə aşağı düşdü və Nərgizlə Əsədin qarşısında dayanaraq, onları da rəqsə dəvət etdi.

Həyətin qadınları Narıncın nə istədiyini başa düşdülər, Nərgizlə Əsədi dövrəyə aldılar. Əl çalmağa başladılar.

Seyid Bikə gənclərin karıxdığını görüb, özü ortaya düşdü, Narıncla oynaya-oynaya Əsədlə Nərgizi ortaya saldı. Belə anlarda çox utancaq olan Əsəd adaxlısının heç də çəkinmədiyini görüb o, da ürəkləndi və ortaya düşdü.

Məşədi Fazil axşamüstü evə qayıdanda. həyətdəki təmtərağı, şadyanalığı və qadınların bir stol arxasında olduğunu görüb başa düşdü ki, Nərgiz imtahanını verib.

Babasının gəldiyini görən Nərgiz qadınlardan ayıldı və eyvana tərəfə qaçdı.

Eyvanda oturmuş Əsədin nəzəri qızın üstündə olduğundan avtomatik şəkildə o, da ayağa qalxdı və Məşədi Fazili gördü. Nərgiz babasının yanına çatanacan, Əsəd Məşədi Fazildən muştuluq istədi:

-Fazil dədə, muştuluğumu ver! - dedi.

Babasının boynuna sarılan Nərgiz Əsədin dediyi sözləri eşitdi.

-Baba, muştuluq mənə düşür! Onun ixtiyarı yoxdur.

-Niyə, mənim bala?

-Çünki imtahanı mən vermişəm!

-Sən imtahanı verdiyinə görə məndən hədiyyə alacaqsan, o, isə xəbər verdiyinə görə. Bir də bundan sonra fərqi nədir? Kimə nə versəm ikinizindir! - deyə, hər ikisini şaşqın saldı.

Seyid Bikəylə Raziyə özlərini onlara yetirdi. Məşədi Fazilin sevinci yerə-göyə sığmırdı. O, keçib Raziyənin alnından öpdü:

-O gün olsun, Tahir böyüsün, instituta girsin! Beləcə də sevinək!

Babasının sözlərini göydə tutan Tahir aşağıdan yuxarı babası tərəfə baxdı:

-Girəcəyəm, baba! Məktəbə girdiyim kimi.

Balacanın hazırcavablığına hamı gülüşdü.

***


Əşrəfin gəlişi həyətin abı-havasını dəyişdi. Volodya anasının, arvadının, qaynana və qayınatasının dalınca getdi. Abbas və Babali külfətini həyətə tökdü.

Dağlı Möhüb kişi tövlələrə qalxdı ki, iki dənə quzu alıb həyətə gətirsin. Kimsə İbadın dalınca getdi.

Nataşagilin gəlişiynən həyətin ortasına stollar düzüldü. Arvadlar Seyid Bikənin və Nataşanı rəhbərliyilə süfrəni bəzəməyə başladılar. Kimin evində nəyi vardı stolun üstünə düzməyə başladı.

-Qızlar! Ancaq qab-qacaq, başqa heç nə lazım deyil. Nərgizə institut qonaqlığı edirik. Yemək, içmək hər şey olacaq. Hüseynağa da gələcək! Oynamağa hazırlaşın. Ərlərinizə deyin ki, heç yana getməsinlər.

İnstitut qonaqlığı səhərə qədər çalıb-oynamaqla keçdi. Əsədlə Nərgiz bütün gecəni eyvandan aşağı düşmədilər. Uzaqdan tamaşa etdilər. Şənlik boyu iki dəfə atası onları süfrəyə çağırdı və hər ikisinin sağlığına badə qaldırdı. Əsası odur ki, sabahdan “otpuskaya” çıxacağına və ailəsinə söz verdiyinə görə Moskvaya aparacağını dedi.

-Hər ikiniz hazırlaşın! Yazıq tələbələrsiniz! Sizi gərək gəzdirim. Viktor Vladimiroviç də Moskvada hazırlıq görür! -deyə, Əşrəf badəni qaldırdı.

-İçirəm dostların sağlığına! O gün olsun bu fərəh hissini siz də keçirəsiniz! Balaları oxutmaq lazımdır. Bizim əsr savad və bilik əsridir.

****



Yüklə 1.67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin