Budur gəldi bahar fəsli



Yüklə 1.67 Mb.
səhifə11/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

***

VOLODYA
Səhərin açılması ilə yuxudan oyanan Seyid Bikənin nəzərini gəminin ilüminatorundan görünən ağ duman cəlb etdi. Ağ duman dənizin dalğalarına toxunaraq gəmini mühasirəyə almışdı. Elə bil yerlə göy birləşmişdi. İrəliyə gedən gəminin motorlarının metodik səsi bu fantastik hissiyatı pozurdu. Səhər açıldıqca duman itsə də, qarşıdan əsən küləyin təsirindən kayuta soyuyurdu.

Məşədi Fazil yuxudan oyananda, soyuq daha da hiss olunurdu. Şimal küləyi Bakı tərəfə əsirdi və az-az qarlayırdı. Bakıya bir-iki saatlıq yol qalırdı. Gəmini əhatə edən duman itsə də indi onun üstünə sıx qar dənəcikləri tökülürdü.

Bakıya qar yağırdı. Qar yağanda Bakıda hər şey pozulurdu. Nəqliyyat işləmir. Gediş-gəliş dayanır. Məktəblər bağlanmasa da, dərslər olmurdu. Çörək növbəsi, elə bil müharibə illərini xatırladırdı. Düzdür çörək zavodları hamısı işləyirdi, ancaq yollar sürüşkən olduğundan çörək daşıyan maşınlar qarajlardan çıxa bilmirdi. Təkərləri üçün zəncir tapan sürücülərin sayı isə çox az olurdu.

Yuxarı məhəllədə belə hallarda həyətlərdəki təndirlər işə salınır, çörək bişirirdilər.

Gəmi Bakı buxtasına yaxınlaşsa da, qar dumanından şəhər görünmürdü. Bir şey aydın idi ki, şəhərə güclü qar yağıb. Şəhərdə bu saat gediş-gəliş olmayacaq...

Məşədi Fazil Səmərqəndən çıxmamışdan iki gün əvvəl gələcəkləri haqda Nataşagilə teleqram göndərmişdi ki, Volodya onları qarşılasın.

-Fazil, sən düz iş görmədin. Bu havada it-itliyinən bayıra çıxmaz. Yazıq balam, necə gəlib çıxacaq?

-Volodya bacarıqlı sürücüdür. Gələcək. Bir də xalasını, küçədə qoymaz.

Gəmidən aşağı enəndə hər ikisinin nəzərindən Volodyanın “Pobedası” qaçmadı. Ancaq onları Volodya yox ortancıl oğulu Eyyub və Abbas qarşıladı. Hər ikisini elə bil gəmisi batmışdı. Dixorçuluqları o saat gözə dəyirdi. Məşədi Fazil nəsə baş verdiyini o saaat anladı:

-Bəs, Volodya hardadır?

-Xəstələnib.

-Nə olub?

-Vərəmi açılıb...

-Harda yatır?

-Əşrəfnən Raziyə götürüb Moskvaya aparıblar ki, müalicə etsinlər. Vəziyyəti ağırlaşmışdı...

-Bəs mənə niyə xəbər verməmisiniz? - deyə, Məşədi Fazil səsini qaldırdı.

-Dədə, Volodya yalvardı ki, sizə deməyək. Deyirdi ki, onun gözünə baxa bilmərəm. Günah məndədir ki, sözünə əməl etməmişəm. Bikə xalaya deyin ki, əgər sağalsam, məni evləndirər.

Seyid Bikənin gözləri yaşardı. Volodyanı Cəfərlilər ailəsi öz balalarından çox istəyirdi. Aralarında fərq qoymurdular.

Maşın üçün can qoyduğunu görüb Fazil onu sürücülük məktəbində oxutdurmuşdu. “Pobedanı”da onun üçün almışdı ki, Seyid Bikəynən Nataşanı gəzdirsin...

Vərəmə tutulduğundan əsgərliyə də aparmamışdılar. Bakıda əllərindən gələni edirdilər ki, Volodyanın xəstəliyinin qarşısını alsınlar.


Yeni çıxmış dərmanlarla xəstəliyinin qarşısı bir təhər alırdılar.

Hələ keçən il onu Moskvaya aparmaq qərarına gəlmişdilər. Qəzetdə oxumuşdular ki, Sovet alimləri daha vərəmə qalib gəliblər. Sovet İttifaqında isə yüz minlərlə, bəlkə də milyonlarla adam bu xəstəliyin əsiri idi.

-Hansı klinikaya aparıblar?

-Dünən Moskvaya zəng etmişdim. General Morozovgilə. Raziyəynən danışdım. General onu hərbi hospitala yerləşdirib. Gəlin bacı deyir ki, dədəyə deyin ki, qəzetdə yazılan alimlər onu müalicə edirlər. İndi vəziyyəti yaxşıdır. Bir balaca da gec gəlsəydilər, onu itirəcəkdik. Narahat olmasınlar.

-Mən sabah özüm Moskvaya uçacağam! - deyə, Məşədi Fazil üzünü Seyid Bikəyə tutdu.

-Səbirli ol! Fazil, buna ehtiyac yoxdur. Gəlinin nə deyir? Deyir qorxu arxadadır. Yaxşı olar, sən də generalnan danışasan.

Maşında ərinən arvadın səsi belə çıxmırdı. Arxada oturub hər ikisi üzünü pəncərəyə çevirib ətrafı seyr etmək təəssüratı yaradırdılarsa da, gözləri heç nə görmürdü. Fikirləri Volodyanın yanında idi.

Məşədi Fazil Seyid Bikənin son günlər narahatçılığının səbəbini Volodyaya ilə əlaqəli olduğunu da anladı.

Yaşadıqları qırx il ərzində bu insanın heç nədən narahatlıq çəkmədiyini bilirdi və anlayırdı ki, yaxınlarıdan kiminsə başına nə isə iş gəlmişdir.

Məşədi Fazil arvadının heç nədən depresiya düşdüyünü gördükdə, özü də dilxor olurdu. Adətən gülərüz, dar anda özünü itirməyən Seyid Bikə birdən uşaq kimi narahatçılıq keçirir, özünə yer tapa bilmir, qohumlardan, tanışlardan tez-tez birinin adını çəkir və maraqlısı budur ki, adını çəkdiyi adamla bağlı nə isə bir hadisə baş verirdi.

Səmərqəndə olanda da Volodya onun ağzından düşmürdü. “Bircə sağalsın, onu özüm evləndirəcəyəm!” -deyirdi

“Pobeda” sürüşə-sürüşə aşağı məhəllələrdən yuxarı məhəlləyə dırmaşırdı, qar təmizlənmədiyindən küçələrdə hərəkət dayanmışdı. Nadir hallarda küçədə ötüşən Qaz 51-lərə rast gəlmək mümkün idi. Bunlar da təkərlərinə zəncir bağlamış çörək maşınlarıydı.

Küləyin əsməməsi uşaqları küçələrə tökmüşdü. Məktəbə dərsə gedən isə yox idi. Hamısı birləşib qartopu oynayırdılar. Onların arasından şütüyən maşınları qartopuna tuturdular, çünki oyunlarına mane olurdu.

4-cü xrebtovudan yuxarılar ağappaq qarla örtüldüyündən şəhərin burda qurtardığı aydın görünürdü. Birmərtəbəli binaların bacalarından havaya qara tüstü yuksəlirdi.

Qarla örtülmüş düzənlikdə də uşaqların hay-küylərinin əks-sədası buralarda həmişə hökm sürən sakitliyi pozurdu.

Seyid Bikə otaqda Nərgizlə Tahiri “Burjuykanın” ətrafında oturub qızındığını gördü. Balaca Tahir başını Nərgizin dizinə qoyub iki taburetkanın üstündə uzanmışdı.

Bacısı onun uzun saçlarını sığallayır, sanki sakitləşdirirdi. Nərgizin bu hərəkətindən balacanın gözləri yumulurdu.

Nənəsiynən babasının gəldiyini görən Nərgiz qardaşını başını astaca dizinin üstündən götürdü, balaca döşəkçəni balacanın başı altına qoydu və nənəsinin qucaqladı:

-Ay nə, xoş gəlmisən!

Sonra babasının üzündən öpdü.

Seyid Bikə Tahirin alnından öpmək istəyirdi ki, balacanın gözləri açıldı. Uşaq iki əliynən nənəsinin qoynunu qucaqladı. O üzündən bu üzündən doyunca öpdükdən sonra babasının üstünə tullandı:

-Baba, baba, can baba! Xoş gəlmisən! Bilirsən, nə qədər sənin üçün darıxmışam. Verdiyin kitabların hamısını oxumuşam. İstəyirsən, danışım!?

On beş-iyirmi gün ərzində Nərgizin nə qədər dəyişdiyi Seyid Bikənin gözündən qaçmadı. Dərin iri gözlərindən daha uşaqlıq duyulmurdu. Hətta gülüşü də başqa cürə idi.

Həmişə sevincini büruzə verən Nərgizin elə bil daxilində onu idarə edən ağıl mərkəzi yaranmışdı, hisslərini idarə edirdi. Tahirdən də çox sevinməsinə baxmayaraq, sakitcə dayanması, uşaq kimi onların üstünə cummaması qızın daha böyüdüyündən, təmkinli bir insana çevrildiyindən xəbər verirdi.

Nəvəsini adətinə görə bağrına basan Seyid Bikəni qızcığazın üzündəki sevinc daha çox valeh edirdi.

Baba da nəvəsindəki bu dəyişikliyi hiss etmişdi.

Bu il Nərgiz məktəbi qurtarırdı. On yeddi yaşı yanvar ayında tamam olurdu.

Bir-neçə dəfə Səmərqəndə Namiq əkə Nərgiz də ali məktəbə girən kimi oğlunun toyunu edəcəyini demişdi. Onun sözünə gülən Məşədi Fazil indi qızın bu cür dəyişdiyini görüb, toyun qabağını ala bilməyəcəyinə peşmanlıq belə çəkmirdi. Hər şey Allahın qoyduğu qaydaynan gedirdi.

-Nataşaya kim baxır? Heç xəbərin var?

-Ay nə, Nataşa xala indicə harasa çıxdı, o, bizimlə qalır və bizə baxır! - deyə Nərgiz nənəsinin narahatçılığına son qoydu.

-Bəs bu arvad haradadır?

-Nənə, mən nə bilim? Allah bilə, həyətin hansı arvadıynan mırt vurur.

Seyid Bikənin belə cavab xoşuna gəlmədi, odur ki, Nərgizin üzünə çımxırdı:

-Nataşa mənim bacılarımdan mənə əzizdir. Bunu yaddan çıxartma! Onun haqqında bu cür danışma!- deyə xəbərdarlıq etdi.

Arvadının nəvəsinə çımxırdığını görən Məşədi Fazil Nərgizinn çiynini qucaqladı:

-Mənim balam, fikir vermə, nənələr qocaldıqca deyingən olurlar. Sənin nənən isə anadangəlmə deyingəndir.

Məşədi Fazilin sözləri Seyid Bikəni bərk tutdu:

-Mənəm deyingən?

-Bu dəqiqə - sən! Səndən başqasını görmürəm.

Məşədi Fazilin incə yumorundan Seyid Bikə cızığından çıxdığını başa düşdü, nəvəsinə qarşı sərtlik etdiyini anladı, keçib Nərgizi qucaqladı:

-Mənim balam, Volodyanı eşidib, özümə gələ bilmirəm, ancaq Nataşa xala haqqında, ümumiyyətlə heç kim haqqında bu cür danışma. Bizim nəslə yaraşmaz!

Nənəsinin ona qarşı haqsızlığına baxmayaraq, Nərgiz mətin dayanmışdı. Ancaq iri gözləri yaşarmışdı.

-Ay qız niyə ağlayırsan?

-Volodya əmiyə görə...

-Atan xəbər göndərib ki, qorxulu heç nə yoxdur.

-Nənə, söz verirsən ki, o, gələn kimi evləndirəcəksən?

-Evlənməsə, şalvarını çıxardacağam! - deyə, Seyid Bikə Nərgizi bağrına basdı.

Seyid Bikə indi həyətdə buxarlanan samovarın tüstüsünü gördü.

-Mənim balam, samovar qaynatmısan? Gəlməyimizi bilirdin?

-Hm!- deyə Nərgiz qımıldandı.

-Hardan bilirdin?

-Əsəd teleqram göndərmişdi. - Nərgiz Əsədin adını bu dəfə çox ürəklə çəkdi. Oğlanın adına olan həmişəki etinasızlıqdan ələm-əsər qalmamışdı. Qız sanki onun adını çəkməklə fəxr edirdi.

-Əsəd ağıllı oğlandır! Ancaq səni kimi qızı niyə alır, indiyə qədər başa düşə bilmirəm? Səmərqənd özbək gözəlləriynən doludur.

Nənəsinin ciddiliklə dediyini zarafat sanmasa da, özündən arxayın olan Nərgizin halı belə dəyişmədi.

Qız, doğurdan da, xanımlaşmışdı. Onun sözlə xətirinə daha dəyə bilməzsən. Seyid Bikəni sevindirən də elə bu idi.

Raziyəylə ləyaqətli, abırlı, özünü idarə edə bilən, dara düşəndə təmkinini itirməyən gözəl bir qız böyütmüşdülər.

Nərgiz samovarı Tahirnən birlikdə içəri keçirtdi.

-Maşallah, bu da böyüyüb!- deyə, Seyid Bikə altı yaşlı nəvəsinin saçını tumarladı.

Nataşanın qapının ağzında səsi eşidildi, içəri girən kimi Seyid Bikənin boynuna sarıldı:

-Как тебя не хватало!? Как ты была нужна мне!?

-Что с Володией?

-Он начал харкать кровью. Ашраф с Разией cразу взяли его в Москву. Я только что с почты. Поговорил с генералом Морозовым. Виктор Владимирович, сказал что утром его оперировали. Ребята все там. Слава богу все обощлось!- Наташа аьламаьа башлады

-Виктор Владимирович всегда говорить правду. Аллаща мин шцкцр! Не плачь его же спасли!-дейя, Мяшяди Фазил ону сакитляшдирмяк истяди.

-Фазил, он моя единственная надежда

-Поэтому его надо женить.

-На кого?

-Найдется девушка. Он же встречается с одной хохлушкой. Красавицей. Даже мне показал.

-Səndə sözlər var?- deyə, Seyid Bikə üzünü ərinə tutdu.

-Məgər bilmirsən, mən bacıoğluynan bazlığa gedirəm?-deyə, Məşədi Fazil zarafata keçdi. Onun zarafatı evə gülüş gətirdi. Ancaq Məşədi Fazilin tezliklə halı yenə də pərişanlaşdı.

-Nərgiz, qızım, geyin, gedək poçta!-dedi.

Nərgizi gözləmək çox çəkmədi. Qız bir anın içində geyinib babasıynan küçəyə çıxdı.

Qar yağmaqda davam edirdi. Uzaqda Politexnik institutunun binası, onun ətrafındakı və arxasındakı binalar görünmürdü. Qar sanki onların üstünə pərdə çəkmişdi.

Dördüncü xrebtovu küçəsinin qarşısında salınacaq yeni beşmərtəbəli yaşayış binalarının təməlləri üzərində hələlik üçüncü, dördüncü mərtəbələri tikilib qurtarmaq üzrə idi.

Almanların isə tikib qurtardığı iki qəşəng bina isə neftçilərə və hərbiçilərə verilmişdi. Bu binaların birinin altında poçt açılmış, şəhərlərarası telefon şəbəkəsi işləyirdi.

Binanın qarşısındakı küçə Nərimanov prospekti adlandırılmışdı. Bu iki bina gələcəkdə bütün tikintilər qurtarandan sonra prospektin çox yaraşıqlı bir küçəyə çevriləcəyindən xəbər verirdi. İndi bu prospektdən şəhərin yuxarı sərhədi keçirdi, daha doğrusu Bakı burda qurtarırdı.

Yeni prospektin salınması yuxarı məhəllədə yaşıyanların bir çox problemlərini həll etmişdi. İndi küçələrə işıq çəkilmiş, bəzi evlər isə hətta qaz xəttinə qoşulmuşdu.

Poçtun daxilində qoyulmuş kabinələrin qarşısında oturub gözləyənlərin sayı həmişə çox olurdu.

Poçtda işləyənlərin çoxu yuxarı məhəllənin adamları idi. Məşədi Fazilin içəri girdiyini görən poçtalyon ayağa qalxdı, məhəllə ağsaqqalını salamladı.

-Bala al, bu telefonu Səmərqəndlə cala, sonra bununla Moskvanı alarsan! – dedi.

Poçtayon “Baş üstə!”- deyib o birisi otağa keçdi. İkicə dəqiqə keçməmişdi ki, poçtda qoyulmuş reproduktor vasitsiylə “Səmərqənd, ikinci kabinə!” elan etdilər.

-Nə gözləyirsən, keç içəri! Adaxlına denən ki, sağ salamat çatmışıq! Hər şey qaydasındadır. Nə qədər istəyirsən danış! - deyə, Məşədi Fazil Nərgizi ikinci kabinəyə saldı. Özü isə oturub gözləməyə başladı.

Yerinə qayıdan poçta işçisi Məşədi Fazili gözləyən görüb, üzünü ona tutdu:

-Fazil dayı, niyə danışmırsınız?

-Nərgiz danışır.

-Onda Moskvanı calayım?

-Calasan pis olmaz.

Poçtalyon yenə də əvvəlki otağa keçdi. Bir-neçə dəqiqədən sonra reproduktor: “Moskva, birinci kabinə!” elan etdi.

Məşədi Fazil təmkinlə ayağa qalxdı və kabinənin qapısını açdı.

Telefonun o birisi xəttində general Morozov dəstəyi qaldırmışdı.

-Добрый день, Виктор Владимирович! Это Фазил Джафарович.

-Добрый день,Фазил дайы, рад слышать ваш голос.

-Витя, как там Вова? Мы здесь уже с ума сходим.

-Нет основания для беспокойства. Он очнулся. Рая с Ашрафом только что вернулись оттуда. Марина сейчас дежурит у его постели.

-Скажи правду, как он?

-Серьезное уже позади. Его вылечат. И он вернется к вам совсем здоровым. Врач наш франтовой друг. Даже вы его хорошо знаете. С ним в шахматы играли. Помните, он поставил себе целью выграть вас. И у него не получалось.

Когда он узнал, что вы Володин дядя, сказал, что пускай приедет играть в шахматы. Не беспокойтесь, он полностью вылечит его. Шахматы его слабость, а в своей области он гений. Передаю трубку Ашрафу.

-Dədə, axşamın xeyr!

-Necədir?

-Hər şey yaxşı olacaq. Biz hələ bir həftə burda qalacağıq. Volodya isə operasiyadan sonra burada bir ay qalıb müalicə olunmalıdır. Professor Sidrov söz verib ki, onu sağaldacaq.

-Hansı Sidrovdu o?

-Qəzetdə oxumuşduq ha!? Səni yaxşı tanıyır.

-Sizə nə göndərim?

-Dədə, Şamaxı çaxırı. Abasa deyin, evindəki iki-üç dənə balaca boçkası var, provodniklərlə bura göndərsin. Yola salanda, zəng etsin ki, qarşılayım.

-Yenə də içkiyə daraşmısız?

-Yox dədə, Vityanın anadan olan gün yaxınlaşır. Demək olar ki, hər gün həkimlərləyik. Hamısı Vityanın dostlarıdır. Hamısı da onunla Voennı qorodokda yaşayırlar.

-Yaxşı deyərəm. Özünüzdən muğayat olun!

Məşədi Fazil trubkanı yerinə qoyub kabinədən çıxdı. Nərgiz isə hələ də telefonla danışırdı.

Məşədi Fazil dinməzcə keçib yerində oturdu və qızın danışıb qurtarmasını təmkinlə gözləməyə başladı. Beş dəqiqədə beləcə ötdü.

Nərgiz kabinənin qapısından çıxanda Məşədi Fazil poçt işçisinə yaxınlaşdı:

-Nə qədər ödəməliyik?

Məşədi Fazil poçtalyonun dediyi məbləği ödədi.

-Baba, bəs Moskvaynan danışmırsan?

-Mənim balam, mən çoxdan danışmışam! Sənin isə heç xəbərin olmayıb.

Poçtu tərk edib qar basmış cığırlarla qol-qola irəliləyən babaynan nəvə, hər ikisi susurdu. Məşədi Fazil, öldür onu, heç nə soruşmazdı. O, Nərgizə danışmağı təklif edəndə bilirdi ki, xəttin o biri tərəfində Əsəd olacaq.

Səmərqəndə olanda şəhərlərarası telefonun zənginə o saat Əsəd yerindən sıçrayırdı. Nərgizin zəngini gözləyirdi, onları bir-birinə birləşdirən telefondan uzağa qaçmırdı.

Şəhərlərarası telefon zənginin başqa zənglərdən fərqlənməsi Əsədi müəyyən mənada təmkinini saxlamağa kömək edirdi. Əks halda hər zəngə görə yerindən tullanıb, telefon səmtə qaçardı.

Məşədi Fazil arxayın idi ki, bu dəfə də eyni hadisə baş verəcək. Əsəd telefonun yanında oturacaq, çünki onsuz da zəng vuracaqlarından xəbərdar idi. Digər tərəfdən, arxayın idi ki, Bakıdan zəng olacaq.

Nəvəsinin nədən danışdığı isə Məşədi Fazili maraqlandırmırdı. Sadəcə olaraq, Nərgizin üzündən qəm-qüssəni silmək istəyirdi.

Nərgizin gözləri indi gülsə də, təmkinini itirmirdi. Babasından heç nə soruşmurdu. Birdən Voloya əmisi yadına düşdü:

-Baba, Volodya əmi necədir?

-Allaha min şükür, qızım! Hər şey yaxşı olacaq.

Bununla da onların söhbətləri bitdi. Evə çatana qədər hər ikisi susdu.

Qar lopa-lopa onların başlarına tökülürdü. Külək əsmədiyindən hava sakit idi. Ətrafda oynayan uşaqların səsləri sakitliyi pozurdu.

Bir-birini qartopuna tutan uşaqların gülüşlərinin əks-sədaları dağlardan gəlirdi. Bakıda nadir hallarda qar yağırdı. Qar yağışı şəhəri dondursa da, uşaqların hay-küyü şəhəri yuxudan oyadırdı.

Qar yağışından sonra şəhərin abı-havasını da dəyişirdi. Yoluxucu xəstəliklər yoxa çıxırdı. Qar yağışı sanki Bakını dezinfeksiya edirdi. Xəstəliklər itirdi.

Yuxarı məhəllənin uşaqları küçənin qarşısında sürüşkənlik düzəltmişdilər. Nərimanov prospektindən dördüncü xrebtovı küçəsinə gedən yol boyu yüxarıdan aşağı uşaqlar yıxıla-yıxıla sürüşərək gülüşürdülər. Uşaqların həqiqətən bayramı idi.

Məşədi Fazil yıxılmasın deyə Nərgizin qoluna girib evlərinə tərəf irəliləyirdi. Birdən onun ayaqlarından kim isə sarıldı. Uşağın başını əllərinə alan Məşədi Fazil nəvəsi Tahirin onu qucaqladığını gördü.

-Bala, sən haradan çıxdın?

-Dədə, Aslanla sürüşürəm.

Aslan qonşu uşağı idi. Tahirdən bir-iki yaş böyük olardı.

-Soyuqdan qorxmursan? - deyə, Məşəd Fazil nəvəsinin şaxtadan qızarmış yanaqlarını əllərinə aldı.

-Yox, dədə! Ləzzətdir.

-Gördün, soyuqdur, evə qayıt!

-Baş üstə, dədə! - deyə, Tahir yerdən bir lopa qar götürdü və bacısının üzünə atdı.

-Dədə, görürsən nə edir?- deyə Nərgiz şikayət etdi.

Nəvə və baba gülüşdülər. Nərgiz Tahirin dəcəlliyi qarşısında öz köməksizliyini büruzə verdi.

-Qızımız hələ uşaqdır! Hələ Tahirnən bacarmır. O, hələ oxumalıdır! - deyə öz-özünə düşündü.

Həyətin qapısını qar basmışdı. Nərgiz bir-neçə dəfə qapını itələdi. Qapı açılmadı. İncə əlləri dəmir qapının soyuqluğundan keyidi. Məşədi Fazil bunu hiss etdi: nəvəsinin əllərini əlinə alıb ovuşdurdu:

-Bir də əlcəksiz bayıra çıxma! - dedi. Sonra ayaqıyla qapının ağzındakı qarı təmizlədi. Qapını özü tərəfə çəkdi. Qapı açıldı.

Həyətin evlərinin damındakı bacalardan qarın üstünə qara hiss tökülürdü. Bütün həyət daş kömürə keçmişdi. Soyuq olanda “maşınkalar” evi qızdırmırdı. Evdəki “burjuyka” daş kömürün təsirindən qıpqırmızı qızarırdı.

İçəri girən kimi Nərgiz qaçıb “burjuykanın” turbasını əlləri ilə qucaqladı. Qızcığaz, doğrudan da, donmuşdu.

Nataşa stolun arxasına oturub pip yarpağına dolma bükürdü. Seyid Bikə isə ona kömək edirdi. O, əlindəki dolmanı qazanın içinə qoydu və onlara qarşıladı.

Seyid Bikə “burjuykanın” üstündən çaynikləri götürdü və stolun üstündəki stəkanlara çay tökdü.

-Ay qız, keç, bir stəkan çay iç! Titrəmən keçsin! - deyə Seyid Bikə Nərgizə əmr verdi.

Məşədi Fazilin iki əli ilə stəkanı tutub əllərini qızdırdığını görüb, üzünü ona tutdu:

-Niyə içmirsən?

-Yaman istidir!

Məşədi Fazilin sakitliyi otaqdakı söz-söhbətə son qoydu. Nataşanın ana ürəyi dözmədi. Əlində qalmış ətin qalıqlarını qarşısındakı dəsmalla sildikdən sonra keçib Məşədi Fazilin oturduğu stolun arxasına əyləşdi:

-Fazil, Volodya necədir? - soruşdu.

-Sakit ol! Hər şey qaydasındır.

-Gərək, mən də gedəydim! Əşrəf aparmadı.

-Əşrəf düz iş gördü. Elə sənin xəstə ürəyinə yaraşır! - deyə, Məşədi Fazil cavab verdi.

-Raziyəyə əziyyət olacaq!

-Gəlin nə üçündür? Evin qayğısını çəksin! Sabah qaynana olacaqsan, gəlinə çox üz vermə! Səni yiyər! - deyə, Seyid Bikə sözə qarışdı.

-Elə danışırsan ki, elə bil gəlinlərinə qan uddurursan!

-Nataşa, qaynana olarsan, onda gəlinin nə olduğunu görərsən.

-Nənə, qaynana olanda nə olur? - indi Nərgiz sözə qarışdı.

-Qaynana olanda nənə olursan! Qocalırsan.

Hamı gülüşdü. Nataşanın ürəyi yerinə gəldi. Bu zaman qapı açıldı. İçəri üst-başı qar içində Tahir daxil oldu. Tez qaçıb Nərgizin üstünə atıldı.

-Nərgiz, məni soyundur! İslanmışam.

Nərgiz dinməzcə qardaşının paltosunu soyundurdu, papağının qarını “burjuykanın” üstünə çırpdı. Peçin üstünə düşən qar dənəcikləri peçin üzərində cırıldaya-cırıldaya əriyərək qaçışmağa başladı.

Tahir yüngüllük hiss edən kimi qaçıb nənəsinin qucağında oturdu və iki əliylə onun boynunu qucaqladı.

-Nənə, mənim boğazım gəlib. Mənim boğazımı ovxala!

Seyid Bikə sağ əliylə nəvəsinin boğazını çəngə aldı. Bir-neçə dəfə ovxaladıqdan sonra:

-Get kafir! Qayıt kafir! - deyərək onun boğazına bir-neçə dəfə əliylə yüngül zərbələr endirdi.

Bu zərbələrdən Tahir atılsa da, boğazının ağrısının getdiyini hiss etdi, dözümlülük göstərdi. Nənəsinin sakitləşdiyini görüb onun üzündən öpdü:

-Nənə, daha ağrımır! - dedi, keçib babasının yanında oturdu. Əlini uzadıb latın qrafikasıyla yazılmış kitabı qabağına qoydu.

-Dədə, sənin kitabındır. “Hopopnamədir” Hamısını oxuyuruq. Bu əlifbanı da öyrənmişəm. İndi əskini nənə mənə öyrədəcək. Nənənin də kitablarını oxuyacağam.

Məşədi Fazil nəvəsinin nə dediyini eşitmirdi. Gözləri pəncərəyə dikilmişdi. Bayırda lopa-lopa qar yağmaqda davam edirdi. Həyətin darvazasının işığında parıldayıb sakitcə yerə enirdi.
MARİNA
57-ci ilin şaxtalı qışı və qarı qatarı qarşılamağa gələnləri vağzalın gözləmə zalına yığmışdı. Perronda nadir halda gözə dəyən tapılardı. Moskva-Bakı qatarının gəlməsinə hələ on dəqiqə qalırdı, amma zalda adam əlindən tərpənmək mümkün deyildi.

Məşədi Fazil, Seyid Bikə, Nataşa qapının ağzındakı pəncərədən perronu seyr edirdilər. Qardan yer ağappaq olsa da, qar daha yağmırdı. Əsən kəskin xəzri camaatın üz-gözünü dondurur, başını qaldırmağa qoymurdu.

Perronun kənarında qara paltosunun yaxasını qaldırıb gözlərini qatar gələn tərəfdən çəkməyən cavan qız Seyid Bikənin nəzərindən qaçmadı.

-Fazil, o qəşəng qıza bax! Görəsən kimi gözləyir?

Məşədi Fazil pəncərədən boylandı və diqqətlə perronda tək durub gözlərini yoldan çəkməyən qıza baxdı.

-Ay arvad, gəlinimizdir də?

-Nə gəlin, a Fazil? - deyə Nataşa ondan soruşdu.

-Volodyanın, sevdiyi...

-Sən zarafat elə! - deyə Seyid Bikə üzünü ona tutdu.

Məşədi Fazil daha bir söz demədi. Onlardan uzaqlaşıb qapıdan bayıra çıxdı və perrondakı qıza yaxınlaşdı. Qızın qoluna girib zala gətirdi.

Seyid Bikəynən Nataşanın qarşısında mavi iri gözlərilə, boy-buxunuynan hamının nəzərini cəlb edən bir gözəl dayanmışdı.

-Tanış olun, Marinoçka! - deyə, Məşədi Fazil qızı onlara təqdim etdi. Sonra isə əksinə:

-Mənim balam, tanış ol! Nataşa xanım, Vovanın anası. Bu isə onun xalası - Seyid Bikə.

Marina başı ilə onları salamladı.

Seyid Bikə onun boynunu qucaqladı və qızın üzündən öpdü. Nataşa da rəfiqəsindən geri qalmadı.

-A kişi, sizin gizli işləriniz varmış? - deyə, Seyid Bikə üzünü ərinə çevirdi.

-Bəs siz nə bilirdiniz? Mən balamı subay qoyacağam!? Allah qoysa, elə bu gün toylarını edəcəyəm.

-Bu gün nə toy? Sən zarafat elə!

-Mən söz vermişəm, edəcəyəm!

Sonra üzünü məəttəl qalmış Nataşaya tutdu:

-Nataşa, Marinoçkanın bir maması var! Məlakədir.

-Sən onun anasını haradan tanıyırsan? - deyə, Seyid Bikə zarafata keçdi.

-Ay arvad, məgər bilmirsən ki, mən gəlin seçəndə, hər tərəfli seçirəm.

-Ona görə oğlanların hamısı götürüb, istədiklərini qaçırlar.

-Bu səfər belə olmayacaq. Marinanın elçiliyini özün edəcəksən.

-Təki sən deyən olsun!

Onların bu söhbətlərinə qarışmayan Marinanın fikri perrona girən qatarda qalmışdı. Qatarın gəldiyini görənlər isə perrona tökülüşürdülər.

Volodyanın perrona düşüyünü hamıdan əvvəl görən Marina onun tərəfə iri addımlarla addımlamağa başladı.

Məşədi Fazil Seyid Bikəylə Nataşanı tələsməyə qoymadı. Yəni “Dayanın, baxın!”.

Qız Volodyanın boynuna sarılmışdı. Hamı onlara tərəf baxır, elə bil bu iki gəncin görüşünə həsəd aparırdılar.

-Deyəsən, sənin sakitliyin pozuldu! - deyə, Seyid Bikə üzünü Nataşaya tutdu.

-Oğula bir bax! Düz deyirsiz: yar yarı görər, yarmalar yavan qalar.

-Anadan, atadan yar şirin olur - şirin!

Hər üçü sakitcə durub, Volodyaynan Marinaya baxırdılar. Əşrəfnən Raziyənin vaqondan düşəcəyi yadlarından çıxmışdı.

-Ay na, xoş gördük! - deyə, Raziyə Seyid Bikəni qucaqladı.

Nataşa xala Əşrəfin boynundan sallandı:

-Əşrəf, necədir? - deyə, oğlunu soruşdu.

-Görmürsünüz? Daha evlənə bilər. Toya hazırlaşın!

-Spasibo, mənim balam! Sən onu həyata qaytardın.

-Mən yox! Moskva həkimləri.

-Sən olmasaydın, balam əldən getmişdi.

-Nataşa xala, Volodya bizim qardaşımızdır. Mən onu səndən çox sevinirəm. Gəlinimizi görürsən də!?

-Bu köpək oğlu, bunu haradan tapdı? - deyə, Nataşa xala zarafata keçdi.

-Bunu dədəmdən soruş! Bu onun işidir.

-Atan-xatakarda sözlər var.

Əşrəf keçib əlini Volodyanın çiyninə qoydu:

-Bəsdir! Qohum-əqrəba səni gözləyir.

Volodya Marinadan aralandı, geri çevrildi. Anası oğlunu qucaqladı. Hamının gözləri yaşarmışdı. Seyid Bikə gözünün yaşını silib üzünü Volodyaya tutdu:

-Bəs mən?

Volodya əllərini Seyid Bikənin boynuna saldı və üzündən öpdü:

-Bikə xala, mənim canım, ciyərim! Səni hamıdan çox istəyirəm.

-Marinadan da?

-Marinadan da.

-Onda əsl kişisən!

***

Vağzaldan qayıdanlar həyətə girən kimi Nərgizlə Tahir boynuna qırmızı lent bağlanmış qoyunu dartıb onları qarşıladılar. Bir anın içində Abbas qoyunu yerə yıxdı.



Volodya Marinaynan Bakı adətiynən ayaqlarını qoyunun üstünə qoydular. Bircə anın içində al-qırmızı qan həyətə düşmüş qarın üstünə töküldü. Seyid Bikə barmağını qana batırıb əvvəl Volodyanın sonra Marinanın alnına xal qoydu.

Məşədi Fazil Əşrəfi qırağa çəkdi və qulağına nə isə pıçıldadı. Abbas işini qurtaran kimi maşınına oturub harasa çıxıb getdilər.

Volodyanın qayıtma xəbəri bircə anın içində məhəlləyə yayıldı. Bir-birini ardınca dostlar, tanışlar gəlib onlara gözaydınlığı verirdilər.

Günortadan sonra Hüseynağa da dəstəsiynən gəldi. Gələn kimi də həyətdə toyxana qurmağı həyətin cavanlarına tapşırdılar.

Nə baş verdiyini anlamayan Seyid Bikə Hüseynağanı kənara çəkdi.

-Bala, bu nə toyxanadır.

-Ana, Məşədi Fazil dayı bu gün Kömür meydanına gəldi və mənə dedi ki, dəstəni götür apar həyətimizə və uşaqlarnan toyxana qurun. Bu gün çalıb-oynayacağıq.

-Yenə də kişinin başına nə girib?

-Bikə xala, onu bir özü bilir.

Burdan kababçı İbad da dəstəsiynən həyətə girdi. Qab-qacaqlarını, manqalını və s. həyətin mətbəxi deyilən yerində qurmağa başladı.

-Ay İbad, sən niyə gəlmisən? - deyə Seyid Bikə soruşdu.

-Məşədi Fazil deyib.

Həyətə gələn dostlar Hüseynağadan tapşırıq alıb hərə bir tərəfə dağılışırdı.

Qar daha yağmırdı. Qışın soyuğuna baxmayaraq həyətdə bir qaynaşma vardı ki, gəl görəsən. Hərə öz evindən xalça-palazını həyətə tökürdü. Cavanlar xalçalarla toyxananın ətrafını bağlayır, damına çadır çəkirdilər.

Uzunluğu 25 metr, eni on metr olan üstü örtülü bir toyxana alındı. Ortaya stollar və stullar daşındı. Həyətin sakinləri axşama hazırlaşırdılar. Hamı bir ritmlə hərəkət edir, nə çatışmırdısa gətirirdi.

Yuxarı məhəllənin hər həyəti bir orqanizmi xatırladırdı. Birinin sevinci hamının sevinci, kədəri hamının kədəri olurdu.

Toyxananın ortasına taxtaynan yanan yekə bir “burjuyka” gətirdilər. Uşaqlar peçə od vurdular.

Axşam üstü Əlisəttar ailəsiynən həyətə daxil oldu. O, yenicə ayaq açıb gəzən oğlu Raufun əlindən tutub içəri girəndə gözlərinə inanmadı. Həyət adamla dolu idi.

Uşağı Şeydaya verib həyətin ortasında dayandı, həyətdəkilərə göstəriş verən qardaşı Əyyubdan soruşdu:

-Nə baş verir, qardaş?

-Onu dədə bilir. Dədə nə deyib, onu edirəm. Bu gün burda çalıb-oynamaq olacaq.

-Vovanın gəlişiynən əlaqədardır?

-Mənə də elə gəlir. Sən də dostlarını yığ bura. Dədə dedi. Bax, gör nə çatışmır? Təşkil et!

Əlisəttar İbada yaxınlaşdı. Həyətin qadınları ona qoşulub aş qazanlarını daşın üstünə qoyurdular.

-İbad, nə çatışmır? - deyə, Əlisəttar ondan soruşdu.

-Narahatlığa əsas yoxdur. Hər şey qaydasıynan gedir.

Axşam yaxın Abasın “Pobedası” qapının qarşısında dayandı. Maşından Məşədi Fazilnən birlikdə 40-45 yaşlı orta boylu bir rus qadını və 45-50 yaşında hündür boylu, görkəmindən ziyalılıq yağan bir rus kişisi düşdü.

-Buyurun! - deyə, Məşədi Fazil onlara bələdçilik etdi. Həyətə girən kimi Məşədi Fazil Hüseynağa əl elədi. Musiqi sədaları bütün həyətə yayılmağa başladı. Musiqinin səsi sanki qonaqları diksindirdi.

-Sən deyəsən zarafat etmirsən? - deyə rus kişisı üzünü Məşədi Fazilə tutdu.

-Bir adam tapılarmı ki, desin: Məşədi Fazil deyib etməyib!?

-Mən eşitmişdim, ancaq indi gözümlə görürəm.

Onlar gəlib toyxanaya girdilər. Toyxana adamla dolu idi. Stolların arxasında həyətinin ailə başçıları, Əşrəfin dostları, öz həyat yoldaşlarıyla. Əlisəttarın bir neçə dostu. Raziyənin atası, anası, qardaşları, məhəllədəki Məşədi Fazilin dostları oturmuşdular.

Toyxanın yuxarı başında bir böyük stol boş qalmışdı. Məşədi Fazil onları stolun sol tərəfinə otuzdurdu.

-Biz toya gəlmişik? - deyə, rus soruşdu.

-Elədir, özü də öz balanızın toyuna!

Ər-arvad bir-birinin üzünə baxdı. Məşədi Fazil toyxanın ortasına keçdi. Məclisə gələnlərə üzünü tutdu:

-Mən qızım Marinaya və bacım Nataşa söz vermişdim ki, Volodya Moskvadan qayıdan kimi onların toylarını edəcəyəm. Bilin və agah olun, siz Volodyaynan Marinanın toyuna dəvət olunmusuz. Gəlin, onlara xoşbəxtlik arzu edək!

Yerlərdən:

-Allah xoşbəxt eləsin!– sədaları eşidilməyə başlandı.

-Hüseynağa, bir vağzalı!

“Vağzalının” yanıqlı sədası ətrafa yayıldı. Hüseynağa çala-çala Məşədi Fazilgilin eyvanın yaxınlaşdı. Onu toyxanadakılar müşayiət edirdilər.

Dəstə eyvanın pilləkənlərinə çatanda, qapı açıldı. Nərgiz əllərində yanan qırmızı şamlarnan, onun arxasınca Volodya və Marina və evdəki qız-qadınlar eyvana çıxdılar. Marina ağ gəlinlik paltarında, Volodya isə qara kostyumda idi.

Məşədi Fazil Marinanın ata və anasını eyvana dəvət etdi:

-Andrey Petroviç, necədir? Marqarita İvanovna, yaraşırlar? - deyə soruşdu.

Məşədi Fazilin səhərdən onlara dediyi sürprizin nə olduğunu qız atası və anası indi anladı.

-Fazil, bu tezliklə? Bəs problemlər? - Marinanın atası soruşdu.

-Onların heç bir problemı yoxdur və ola bilməz. Uşaqlar bir-birini sevirlər. Hər şeyləri var və olacaq. Halallaşın!

Ata və ana keçib, əvvəl Volodyanın sonra isə qızlarının alnından öpdülər. Dəstə yenə də “Vağzalı” sədaları altında toyxanaya qayıtdılar.

Bəylə gəlini yuxarı başda otuzdurduqdan sonra Məşədi Fazil toyxananı nəzərdən keçirtdi. Nərgizi gözləriynən axtardı. Qız anasıyla Marinanın yanında oturmuşdu. Əl elədi ki, ayağa qalxsın. Nərgiz ortaya tək çıxmadı. Tahirnən Zöhrənin əlindən tutub babasının qarşısına durdu. Əşrəf də onlara qoşuldu.

-Hüseynağa “Bala Nərgiz”- deyə, üzünü çalanlara tutdu. Şakirin ürək açan musiqisi həyəta yayıldı.

Məşədi Fazil əllərini yuxarı qaldırdı və ona xas olan müdrikliklə balalarının əhatəsində rəqs etməyə başladı.

Seyid Bikəylə Nataşanı ürəkləri gülsə də, sevincdən gözləri yaşarmışdı.

-İlahi, sən balalarımı saxla! Qoy, pis günlərimiz belə olsun! - deyə Seyid Bikə ürəyində dua edirdi.

***



Yüklə 1.67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin