Budur gəldi bahar fəsli




Yüklə 1.67 Mb.
səhifə10/15
tarix22.02.2016
ölçüsü1.67 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

***

GÖZƏLLİK ONDUR
Payızın gəlməsinə baxmayaraq Bakıda hələlik külək əsmirdi. Ətraf bir-neçə gün bundan əvvəl yağmış yağışdan sonra düşmüş istinin təsirindən yenidən oyanmağa başlayırdı. Yasamal təpələrinə, oradan isə Şubanı dağlarına tərəf boylanan günəş axşama doğru getdiyindən xəbər verirdi.

Nərgiz məktəbdən qayıdanda babasının qapının ağzındakı skamyada oturub sakitcə çəməni seyr etdiyini gördü. Nərgiz əlindəki çantanı yelləyə-yelləyə keçib babasına yanında əyləşdi.

Məşədi Fazilin üzü dağlara tərəf dikilmişdi. O, dərin fikrə dalmışdı.

Nərgiz babasının fikrə daldığını görüb bir kəlmə də dinmədi. Qız bilirdi ki, belə hallarda onu fikirdən heç kim ayıra bilməzdi. Gözləri uzaqlara dikilsə də, bu saat o, heç nə görmürdü. Odur ki, Nərgiz sakitcə skamyada oturub onun fikirdən ayılmasını gözlədi.

Nərgiz başını babasının çiyninə söykədi. Qızın ona toxunması da onu fikirdən ayırmadı.

Açılan küçə qapısının cırıltısının da heç bir təsiri olmadı. Məşədi Fazil divara söykənmiş heykəli xatırladırdı.

Seyid Bikə qapıdan görünsə də, Məşədi Fazil qımıldanmadı.

-Görəsən, baba nəyi fikirləşir?- deyə qız nənəsindən soruşdu.

-Allah bilir, mənim balam!

-Mənə elə gəlir, o, səni fikirləşir, nənə!

-Məni niyə bala? Məni fikirləşmək vaxtı keçib. Baba indi səni fikirləşir.

Seyid Bikənin səsi Məşədi Fazili fikirdən ayırdı:

-Siz, burdasız?

Nəvə və nənə gülüşdülər.

-Nə səs-küy salmısınız?- deyə Məşədi Fazil soruşdu.

-Baba, nəyi belə düşünürdün?

-Səni, mənim balam!

-Gördün, qızım? - deyə Seyid Bikə Nərgizin çiynini qucaqladı.

Hər üçü gülüşdü. Uzaqdan onlara yaxınlaşan Əsədi qapını açıb çıxan Tahir gördü. Uşaq qapıdan ona tərəf elə götürüldü ki, Məşədi Fazilnən Seyid Bikə ayağa qalxdılar:

-Nərgiz, bax, o hara qaçdı?

Əsədi görən Nərgiz dinmədi. Babaynan nənə nəvələrinin uzaqda kiminsə qucağına atıldığını gördülər:

-Ay şeytan, dostunu tapıb!- deyə Seyid Bikə qımıldandı.

Əsəd Tahirin əlindən tutub onlara yaxınlaşırdı.

O, Məşədi Fazilllə salamlaşdı, Seyid Bikənin əlindən öpdü. Nərgizə isə bir söz deyə bilmədi. Ancaq gözü qızda qalmışdı.

Qız Əsədin baxışlarına tab gətirə bilmədi, nənəsi və babasından utanıb içəri keçdi. İndi hər üçü qapının ağzındakı otracağa əyləşdilər.

-Niyə piyadə gəlmisən?- deyə Məşədi Fazil soruşdu.

-Fazil əmi, maşın aşağıda xarab oldu, düşüb piyada gəldim. Çamadanım da onun içindədir. Sürücü məhəllə uşağıdır. İndi gətirər.

Seyid Bikəni onun qətiyyətlə “İndi gətirər!” sözü bir an sakitləşdirsə də, narhatçılıq keçirdi:

-A bala, müharibədən sonra Bakıya o qədər adam köçüb ki, it yiyəsini tanımır. Çamadanını apararlar, heç xəbərin də olmaz.

-Ay arvad, dayan! Nə yapışmısan uşaqdan? Əsədi aldatmaqmı olar? O, deyirsə ki, məhəllə uşağıdır, deməli elədir. Məhəllə adamı isə heç vaxt məhəllə adamının malına göz dikməz! Arxayın ol! İndi gətirərlər.

Məşədi Fazil yaxşı bilirdi ki, məhəllənin yazılmamış qanunu vardır. Hamı-hamını tanıdığından sanki bir icmanı təşkil edirdilər. İcmada isə kimin kim olduğunu hamı bilirdi. İcma daxilində düzlük hökm sürürdü.

Taksi qapının ağzında dayandı. Taksist Səftər maşından düşdü. O, orta yaşlı, kürən bir insan idi. İki küçə onlardan aşağıda olurdu. Kasıb bir ailənin övladı idi. Təzəcə evlənmişdi. Əlisəttarın dostlarından idi. O, Məşədi Fazinən salamlaşdı, “Pobedanın” baqajnikini açdı və çamadanı oradan çıxartdı.

Əsəd əlini salıb ona pul vermək istəyəndə götürmədi.

-Ayıb deyil!- dedi.

-Səftər, mümkünsə tələsmə!- deyə, Məşədi Fazil onu saxladı:- Adam qismətindən qaçmaz! Al bu pulu, cibinə qoy!.-dedi və sonra ona bir onluq uzatdı.

-Fazil dayı, axı biz...

-Bilirəm, mənim balam! Sən hökumətə plan verirsən. Allah qoysa, öz maşının olar, havayı gəzdirərsən!

Səftər ağsaqqalın əlini geri qaytarmadı, pulu onun əlindən alıb cibinə qoydu, sağollaşıb maşına mindi və oradan uzaqlaşdı.

-Mənim bala, bu tezliklə niyə gəlmisən?- deyə Məşədi Fazil ondan soruşdu.

-Atam yolladı ki, deyim, dəzgahlar kombinata çatıb!

-Mən səni ağıllı oğlan bilirdim. Özünü niyə əziyyətə salmısan! Teleqramm verərdin, gələrdim. Dərslərini də buraxmazdın! - deyə Məşədi Fazil Əsədi danladı.

Məşədi Fazilin dediyi sözlərdən Əsəd başını aşağı dikdi.

-A kişi, uşağın üstünə niyə düşmüsən? Cavan olmamısan? Bu saat onun fikri-zigri məgər sənin kombinatındır? Odur səbəbkarı qapı arxasından boylanır! -deyə Seyid Bikə gülərək qapını göstərdi.

Arvadının dediklərini indi anlayan Məşədi Fazil üzünü Əsədə tutdu:

-Götür çamadanları, keç içəri! Qaynananla görüş, biz indi gəlirik.

Əsəd gözdən itən kimi Məşədi Fazil üzünü Seyid Bikəyə tutdu:

-Mən də belə axmaqlıqlar eləmişəm?

-O qədər! Deyiləsi deyil! Dur, keçək içəri! Uşaqlar bizi gözləyir.

Eyvanda yenə də böyük stolun üstünə süfrə çəkilmişdi. Havanın mülayim olması hamını həyətə çıxartmışdı: hərə öz mənzilinin qarşısında çəpərə aldığı balaca eyvanında oturub dincəlirdi.

Raziyə əlində meyvə ilə doldurulmuş vazaları Nərgizə verirdi ki, stolun üstünə qoysun.

Həyətin o biri başında qonşu uşaqlarıynan Məşədi Fazilin kiçik oğlu Nəriman nərd oynayırdı. Atasını eyvanda görən kimi nərdtaxtanın arxasından durdu və evə tərəfə üz tutdu.

-Ay mə, “Tarzana” iki bilet almışam! İcazə versəydin, gedərdim!-deyə Seyid Bikədən icaza istədi.

-Neçə dənə biletin var?

-İki dənə!

-Apar onları Əsədə ver, qoy öz nişanlısıynan getsinlər. Sən sonra gedərsən!

-Məgər Əsəd gəlib?

-Hay-hay!? Məndə elə bilirəm, evimdə kişi var? Kimin gəldiyini, kimin getdiyini bilir.

-Ay mə! Vallah görmədim.

-Elə isə keç Əşrəfgilə, görüş və biletləri Əsədə ver!

Otaqdan əlində Cərco yemişiynən çıxan Əsədlə az qalmışdı ki, qapının ağzında toqquşsunlar.

-Qardaş, xoş gəlmisən!- deyə Nərman onu salamladı, ancaq qucaqlaşa bilmədilər, çünki Əsədin əlindəki yemiş məne olurdu.

Əsəd əlindəkini stolun üstünə qoyandan sonra Nərimanla qucaqlaşdı və hər ikisi keçib stolun arxasında oturdular.

Raziyə podnosdan çayla dolu istəkanları stolunun üstünə düzdükdən sonra Seyid Bikə üzünü gəlininə tutdu:

-Nərgizi geyindir! Əsəd “Tarazana” bilet alıb, onunla getmək istəyir!

Seyid Bikənin bu təklifi Əsəd üçün qəfil olduğundan o, yerindən dik atıldı. Ancaq Seyid Bikənin mülayim baxışlarından anladı ki, belə lazımdır, dinmədi. Seyid Bikə ona biletləri ötürdü.

-Bəs Nəriman? O, bizimlə getmir?

-Nərimanın vaxtı yoxdur. Əmin ona iş tapşırıb.

Əsədin Nərgizi kinoya aparması təklifi Raziyənin ürəyindən idi. Qız on yeddi yaşın içərisində idi. İki ildə yaxın idi ki, Əsədə nişanlanmışdı. Bu il məktəbi qurtarırdı. Ancaq bir dəfə də olsun Raziyə onların birlikdə gəzməyə getdiklərini görməmişdi.

Nərgiz bakılı diliynən desək “mamlımatan” bir qıza çevrilmişdi. Hər dəfə o, qızından “Əsədi sevirmi?” soruşanda, Seyid Bikənin abır-həya məktəbini keçmiş Nərgiz dinmirdi. Bu isə Raziyəni narahat salırdı. Qızının üzünə vurmurdu. Amma öz-özündə fikirləşirdi ki, səhvə yol vermişlər. Qızın könlü olmaya-olmaya onu nişanlamışlar.

Cəfərlilər ailəsində gəlinin sözü eşidilirdi. O, isə qəlbində olan bu şübhələri büruzə vermirdi. İnanmaq belə istəmirdi ki, Məşədi Fazilnən Seyid Bikənin verdikləri qərar əsassız ola bilər.

Raziyənin gözündə Əsəd çox ləyaqətli bir oğlan idi. Öz evinin, demək olar ki, övladı idi. Digər tərəfdən, qızının tərsliyndən qorxurdu ki, Əsədin xətrinə dəyər.

Raziyə otağa keçdi, Nərgizi güzgünün arxasında oturduğunu gördü. Güzgüyə nadir hallarda baxan qızının birdən-birə onun arxasına keçməsini yaxşı əlamət kimi başa düşdü. Qızını arxadan qucaqladı:

-Mənim balam! Hazırlaş, beş-on dəqiqədən sonra Əsəd səni kinoya aparmaq istəyir! Nə deyirsən? Gedirsən?

-Bəli, ana! - Birinci dəfə Nərgiz düşünmədən cavab verdi.

Raziyə qızını bağrına basdı:

-Ay şeytan! Səndə az yoxdur. Səni özüm geyindirəcəyəm. - dedi. Hər ikisi gülüşdülər..

Nərgizlə Raziyənin eyvana çıxmaqları az çəkmədi. Əsədin gözü qaynanasının ardinca qalmışdı.

Nərgizin qapı ağzında onu belə soyuq qarşılaması ürəyindən deyildi. Beyninə min cür şey gəlirdi. Əsədin narahaçılığını Seyid Bikə duymuşdu. Onun halına acısa da, nəvəsinin ağlına heyran qalırdı. Ürəyində “Mən tökdüklərimi yığmışdır!”- düşünürdü.

Qızın özünü ağır aparması bu ailənin abır-həyasından və ona verilən tərbiyədən irəli gəlirdi.

Nişanlı olandan sonra birinci dəfə idi ki, Nərgiz Əsədlə gəzməyə gedirdi. Anasının bayaqdan bəri nəsihətlərini səbrlə dinləyir, bir kəlməsini belə kəsmirdi. Qəlbən tələssə də, zahirən bunu büruzə vermirdi.

Axır ki, Raziyə öyüd-nəsiyyətini qurtardı. Hər ikisi bir daha güzgüyə baxıb otaqdan çıxdılar.

İstər Seyid Bikə, istərsə Məşədi Fazil, Əsəd və Nəriman qarşılarında duran qızın Nərgiz olduğuna az qalmışdı ki, şübhə etsinlər. Onların gözü önündə həddi-budlağa çatmış gözəl-göyçək gəlin dayanmışdı. Doğrudan da, gözəllik ondur.

Seyid Bikə hamıdan birinci olaraq nəvəsinin üzündən öpdü:

-İlahi, bu qız nə tez belə boya-buxuna çatdı. Gözlərimizi açmağa imkan belə tapmadıq!

Məşədi Fazil nəvəsini belə geyim-keçimdə birinci dəfə gördüyündən Seyid Bikəylə razılaşdı və sonra keçib Nərgizin alnından öpdü:

-O gün olsun, toyunuzda oynayım! Əsəd bil, Nərgiz qəlbimin bir parasıdır, onu sənə həvalə edirəm. Həmişə mehriban olun!- dedi.

Əsəd bu qeyri-adi dəyişikliyə heyran qalsa da, qarşısındakı qızın daha həmişə gördüyü Nərgiz olmadığını anladı. Uşaqlıqdan əsər-əlamət qalmamışdı. Təkcə iri gözlərindən uşaqlara xas olan sevinc hiss olunurdu.

O, nə edəcəyini bilmirdi. Donub yerində qalmışdı. Hamının gözləri indi onda idi. Nə sözləyəcəyini, deyəcəyini gözləyirdilər. Onun isə elə bil dili-ağzı bağlanmışdı.

-A bala, nə durmusan? Nişanlın səni gözləyir! - deyə Seyid Bikənin səsi Əsədi fikirdən ayırdı.

Əsəd yenə də yerindən qımıldanmadı. Nərgizin üzünə baxdı. Qız boynunu sağa əyib gözlərini onun gözlərini dikib, sanki deyirdi ki, bir qərara gəl. Nahayət ki, üzünü Məşədi Fazilə tutdu:

-Fazil dədə, icazə verirsinizmi? – soruşdu.

Məşədi Fazil bu rolda birinci dəfə idi ki, iştirak edirdi. O, da nə deyəcəyini bilmirdi. Uşaqlar özlərini əsil avropalı kimi aparmağa başlayırdılar. Bu pis deyildi. Burada heç bir qəbahət yoxdur. Bununla belə, o, buna icazə verməliydi.

İşi quran Seyid Bikə olduğundan Məşədi Fazil ona tərəf baxdı.

-A kişi, sözünü denən! Uşaqlar icazə istəyirlər!-deyə Seyid Bikə ərinə müraciət etdi.

Məşədi Fazili “Uşaqlar icazə istəyirlər!” kəlməsi də elə bil fikirdən ayırmadı.

“Kimdir bu uşaqlar? Hər ikisi öz balam! Hər ikisi gözümün parası! Məgər o istəmir ki, bu uşaqlar xoşbəxt olsun? Həmişə bu arzuyla məgər yaşamayıblar?”- düşünürdü.

-Mənim balalarım, kimi gözləyirsiniz? Həmişə gəzməkdə! - dedi, keçib gəlinin və Seyid Bikənin qollarına girdi. Bununla Əsədə başa saldı ki, sən də belə edə bilərsən.

Həyətdən qol-qola bayıra çıxsalar da küçədə Nərgiz Əsədin qolunu qolundan çıxartdı. Dinməzcə “Pojarnikin” yanına qədər addımladılar. Baxtlarından qarşılarına boş taksi çıxdı.

Əsəd əl eləyib taksini saxlatdı. Mindilər. “Nizami” kinoteatrına qədər bir kəlmə belə dinmədilər.

Maşından düşəndə kino-teatrın qabağı adamla dolu idi. Camaat bilet kassasının qarşısında növbəyə durmuşdu.

-Bir biletə bax! Vaxtında gəlmişik ya yox?- deyə Nərgiz soruşdu. Əsəd Nərgizin nə vaxt onun qoluna girdiyini hiss etmədi

Tələm-tələsin əlini cibinə saldı. Biletləri çıxartdı. Diqqətlə baxdıqdan sonra Nərgizə verdi:

-Saat 6-da!

-İndi neçədir?

-Hələ beş yoxdur!

-Nə edək?

-Özün fikirləş!

-Bəlkə qayıdaq?

-Yox! Yox!

-Bəs onda nə edək?

-Gəl, şəhəri gəzək! Mənə şəhəri göstərərsən!

-Sən ki, Bakını məndən yaxşı tanıyırsan.

-Doğurdan a.

-Gəl, bulvara gedək. Burdan yaxındır. Hava da qəşəngdir.

-Evə gec qayıtsaq, bizi danlamazlar?

-Atam evdə olsaydı, məni doğrasaydılar belə bayıra çıxmazdım. Dədəynən nənə bizim mütəfiqimizdirlər.

-Bilirsən, sənin üçün necə darıxmışdım?

-Bilirəm?

-Hardan?

-Belə olmasaydı, burada nə gəzirdin?

-Elədir.

Bulvar həmişəki kimi adamla dolu idi. Buna baxmayaraq hamının gözləri bu iki gəncdə idi. Onların zövqlə geyimi, bir-birin yaraşmaları, aristokrat münasibətləri ətrafdakıları cəzb edirdi.

Sakit addımlarla dənizin sahilinə yaxınlaşan bu iki gəncin yadına eyni vaxta Krasnovodsk düşdü.

-Yadına gəlir o sahil?- deyə Nərgiz əliynən Şərq tərəfi göstərdi.

Söhbətin Krasnovodskdan getdiyini Əsəd o saat anladı. “Demək hər şey hələ Nərgizin yadındadır!” düşündü. Bu Əsədin cəsarətini özünə qaytardı.

-Bunu heç unutmaq olarmı?- gülümsündü.

-Sən nə hala düşmüşdün? Fikrindən dönməmisən?

-Nərgiz! Bu nə sözdür? Mən ancaq səni sevirəm!

Qızdan bir səs çıxmadı. Söykənəcəyə arxalanıb onun üzünə baxırdı.

Əsəd başını əyib onun üzündən öpdü. Bu elə təbii alındı ki, Nərgiz heç bir müqavimət belə göstərmədi. Yenidən keçib qolunu onun qoluna saldı, Nərgiz isə boynunu onun çiyninə qoydu.

Nərgizin belə mülayim rəftarından Əsəd daha da ürəkləndi:

-Bəs, sən, necə? Məni sevirsənmi?- soruşdu.

Nərgiz isə azğına su alıb dinmədi. Sadəcə olaraq başını çiynindən götürüb onun üzünə baxıb güldü.

-Mənə bir cavab verəcəksən ya yox?

-Hər şey aydın deyil? Qıza bu sözləri ağzına gətirmək yaraşmaz!- deyə gülümsündi.

Əsəd daha bir söz demədi. Ancaq qəlbi daha arxayın idi. Nərgizin dili də deməsəydi, gözləri hər şeyi deyirdi.

Kinoya getmədilər. “Tarazana” Aşqabadda baxmışdılar. Kinoteatrın qarşısında biletləri növbəyə duran qızla oğlana verdilər, özləri isə şəhərin mərkəzinə tərəf addımladılar.
***
SEX HAQQ-HEYSABI
Səmərqənd - qüdərətli hökmdarlar şəhəri! Şərqin şəfəqli paytaxtı, Parisi. Dünya mədəniyyətinin beşiyi. Solmayan gözəllik. Nələr deyilməyib bu şəhər haqqında. Avropanı Avropa edən ölkə. Dünya səndən öyrənib elmi, mədəniyyəti, memarlığı. Sənin Birunnin Yerin Günəş ətrafında fırlanmasını biləndə, Avropada mövhumat və vəhşilik höküm sürürdü. Avropaya altı yüz il lazım oldu ki, Biruninin yazdığlarını öyrənib, onun ləqəbini götürmüş italyan monaxı Bruno Avropanı qəflət yuxusundan ayıltmaq istəsin. Ancaq onu inkvizisiya tonqalında yandırdılar.

İndii Brunonu avropalılar əbədiləşdirdilər, Biruninin elmini və adını öz adlarına çıxartsalar da, fakt-faktlığında qalırdı.

İbi Sina dühası avropalılara təbabətin qanunlarını öyrətdi, Uluqbəy astronomiyanı. Səmərqənd memarlarının, riyaziyyatçılarının yaratdıqları nümuniyə çevrildi.

Əmir Teymurun böyüklüyünü, onun idarəçiliyindəki –elmə, mədəniyyətə yer verməsində görən avropalılar, dünyaya başqa cürə baxmağa başladılar. Əfsuslar olsun ki, Şərq sultanları və şahları bunu anlamadılar. Onlar mövhumata daha çox uydular.

O böyüklükdən Səmərqəndə təkcə möhtəşəm binalar və toz basmış qalın-qalın kitablar və kitabələr qaldı. Bu kitablar və kitabələr, kitabxanalar və nadir mədəniyyət inciləri otuzuncu illərdə haraya daşındı indi bir adam da bilmirdi.

Əmr Teymurun böyüklüyünü görmək istəyənlərə Səmərqəndə baxmaqları bəsdir.

Bütün bunları düşünən Seyid Bikə səliqə ilə döşənmiş daş plitələrin üstü ilə irəlilədikcə, Əmr Teymurun zövqünün nə qədər böyük olduğunu anlamağa çalışırdı.

Deyilənə görə, küçələrin təmizliyindən tutmuş, kanalizasiya xətləri, su təchizatı, xəstəxana, mədrəsə, binaların bəzəldilməsi, alimlərin Səmərqəndə dəvət olunması - daha nə bilim nələr?- Teymurun diqqətindən yayınmırdı. Onun təşkilatçılığı sayəsində yaranmış bu əbədi şəhərin hər abidəsinin öz tarixçəsi vardır ki, bunlar da Teymurun müdrikliyindən xəbər verirdi.

Səmərqəndə ərinin təkidi ilə gələn Seyid Bikənin Əsəd kimi fikri Nərgizin yanında idi.

Bura gələn günün səhəri ərilə gəzməyə çıxan Seyid Bikəni Səmərqəndin memarlıq abidələri valeh etmişdi.

-A kişi, indi anlayıram ki, sənin ev-eşik niyə yadına düşmür? Bu gözəlliyin seyrində olanlar hər şeyi unudurlar.

-Hələ bu harasıdır. Səni Səmərqəndin elə yerdərinə aparacağam. Ömüründə belə yerləri görməmisən.

-Baxarıq.

***


Səhərisi günü Məşədi Fazili kombinatın həyətində görən fəhlələrin sevincinin həddi-hüdudu yox idi. Hamı onun gəlişini gözləyirdi. Onların çörək ağacı idi Məşədi Fazil.

O, Səmərqəndə gələnə qədər dəzgahların hamısı quraşdırılmış, təkcə işə salmağı qalırdı. İşə salmaqdan əvvəl isə Məşədi Fazil bu dəzgahları ustaların köməyi ilə təkmilləşdirməli idi. Üç-dörd günlük vaxt lazım idi.

Məşədi Fazil Namiq əkəyələ bütün tokar və ustaları toplayıb əvvəlki dəzgahlarda apardıqları təkmilləşmə işlərini görməyə başladılar.

Direktor, sən demə dəzgahlar yerinə qoyulan kimi, yuxarılara hər şeyin hazır olduğunu demişdi. Məşədi Fazilin dəzgahları yenidən sökdüyünü görəndə gözü kəlləsinə çıxdı.

-Fazil əkə, sabah açılışdır. Gələnlərə nə deyəcəyik?

-Onlara plan lazımdır. Öhdəçilik götürərik ki, dəzgahları sazlamaqla əlaqədar, itirdiyimiz günlərin əvəzinə gecə-gündüz işləyəcəyik, ancaq planı birə-iki yerinə yetirəcəyik.

-Mən onları necə başa salım ki, biz geriyə qalmayacağıq.

-Bunu mənə tapşır. Narahatçılığa isə əsas yoxdur. Öz dostlarımızdır. Yola verərəm.

Direktor gedəndən sonra Namiq əkə başını yellədi:

-Bunun bir gülləsi çatmır. Qanmazlığını görürsən. Ortada heç nə yoxdur. Hamını töküb bura. Üstəlik məsuliyyəti də sənin üstünə atır. Fəhlələrin də onu görməyə gözü yoxdur. – deyə Namik əkə hirsləndi.

-Namiq əkə, bilirsən, bu dövlət niyə dağılmalıdır? Çünki burada dəvəni eşşəyin quyruğuna bağlayırlar.
***

İki gün sonra Mərkəzi komitədən və Səmərqənd şəhər rəhbərliyindən gəlmiş komissiya kombinata ayaq basanda, dəzgahların yarısı işlək vəziyyətdə idi.

Qalanlarının niyə işləmədiklərini komissiyanın başçısı soruşduqda, Məşədi Fazil irəli çıxdı:

-Dəzgahların qalanlarının bəzi detalları gəlib çıxmayıb. Odur ki, gərək onları tələb edək və gedək, gətirək.

-Siz bilən, bu nə qədər çəkər?

-Əgər yazıb tələb etsəniz bir-iki ay ərzində hər şeyi qaydasına sala bilərik.

-Bəs plan? Axı sizin direktorun məruzəsi əsasında dəzgahların verdiyi məhsuldarlıq plan komitəsi tərəfindən qəbul edilmiş və yuxarıya göndərilmişdir. Plan verilməlidir!

-Çalışarıq, öz imkanlarımza arxalanıb bu dəzgahları işə salaq. Planı isə tamlığı ilə yerinə yetirəcəyik. Söz veririk.

-Razılaşdıq, Fazil əkə! Sözü möhkəm adam olduğunuzu bilirik. Sizə inanırıq.-deyə komissiyanın sədri razılaşdı.

Komissiya gedəndən sonra Namiq əkəynən Məşədi Fazil direktorun kabinetinə girdilər.

-Sən nə edirsən, qoduq balsı?- deyə Namiq əkə direktorun boğazından yapışdı: –Səni öldürmək də azdır. Deməmişik ki, bizsiz heç nə etmə! Fazil əkə, Vallah, məndən xəbərsiz məlumat verib.

Məşədi Fazil direktoru Namiq əkənin əlindən aldı və yerində oturtdu. Yazığın rəngi-rufu qaçmışdı. Namiq əkəylə “zarafatın” necə qurtardığından xəbərdar idi.

-Qoduq oğlu, qoduq! Səni bura ona görə qoymuşuq ki, biz deyəni edəsən! Fəhlələri dolandırasan! Sən nə ilə məşğulsan? Olmayan dəzgahların məhsuldarlığını yuxarılara söz verirsən. Bilirsən, bu nə deməkdir? Yüzlərnən fəhləni gecə-gündüz işlədəcəksən, maaşları beş-altı qəpik olsun.

Namiq əkənin yenidən onun üstünə çımxırdığını görən direktor az qalmışdı stolunun altına girsin.

Onu bu vəziyyətdə görən Məşədi Fazil əvvəl istədi ki, yenə də köməyinə gəlsin, ancaq Namiq əkənin təcavüzünün qorxutmaq üçün olduğunu görüb, ürəyində gülümsündü və hadisələrin öz axarı ilə getməsini gözlədi.

-Namiq, daha bəsdir! Bundan sonra məsləhətsiz iş görməz! - deyə Məşədi Fazil sakitləşməyən dostunu təkminli olmağa çağırdı.

-Fazil əkə, mən onun bir aylıq haqqını kəsəcəyəm və fəhlələr verəcəyəm. Yoxsa burada işləyən qalmaz.

-Mən razıyam, Namiq əkə! Mən səhv etmişəm...., məni bağışlayın! Qoy, siz deyən kimi olsun! –deyə, direktor stolun altından başını çıxartdı.

-Sən bundan sonra Namiq əkəsiz bir iş görmə! Yoxsa hər şeyi batırarsan! - deyə, Məşədi Fazil kabinetin qapısı tərəfə irəlilədi, Namiq əkə isə onu müşahidə etdi.

Hər ikisi dəzgahların yanına qayıtdılar. Bayaqdan onların gəlmələrini gözləyən ustalar dominonu yığışdırdılar.

-Neçə günlük işimiz qalır?- deyə, Məşədi Fazil üzünü briqadirə tutdu.

-Belə getsə bir həftəlik... Biz düzəldənləri tənzimləsəniz daha tez olar. Bir-iki gün qənaət edərik.

-Onda işə başlayaq! - deyə, Məşədi Fazil dəzgahların birinə yanaşdı.

Namiq əkə dostunu uzaqdan seyr edirdi. Onun dəzgahlardan başı çıxmırdı.

Namiq əkə sözün əsl mənasında yaxşı təşkilatçı idi. Sayəsində kombinatın fəhlələri bir yümruq kimi birləşmiş, işləməyi xoşlayan bir kollektivə çevrilmişdilər. Hər tapşırığını canla-başla yerinə yetirirdilər.

Kombinatın faktiki direktoru Namiq əkə idi. Direktor vəzifəsini daşıyan isə fomal şəkildə oturub maaşını alırdı. Hər işi Namiq əkə görürdü. Əlbəttə ki, Məşədi Fazilin məsləhətiynən.

Fəhlələr aldığı maaşlardan əlavə, Namiq əkə onlara əlavə əmək haqqı verirdi. Bu bütün sovet əmək qanunlarına zidd olsa da, Namiq əkə fəhləsinin qədrini bilirdi.

Kombinatda işləyən fəhlələrin hamısı anlayırdı ki, Məşədi Fazilnən Namiq əkə olmasa onların hamısı kasıbçılıq girdabından çıxa bilməyəcəklər.

Cavanların toyuna, yaşlıların xeyrinə-şərinə əl tutmaqdan çəkinmirdi nə Namiq əkə, nə də Məşədi Fazil.

Fəhlələr onları hər şeydən əvvəl ağsaqqal kimi qəbul edirdilər, Səmərqəndə isə ağsaqqal sözü həmişə qanun-qaydadan üstündür.

Birdə görürdün ki, Namiq əkəni ya Məşədi Fazili biri kənara çəkib öz dərdini danışır. Onu diqqətlə dinlədikdən sonra, hər iki dost birlikdə məsləhətləşir, əllərindən gələni edirdilər ki, onlara ağız açana kömək etsinlər.

Səmərqəndlilərin arasında elə hörmət qazanmışdılar ki, şəhərin bütün təşkilatları da bu iki insanı ağsaqqal kimi qəbul edirdilər.

Namiq əkənin və Məşədi Fazilin bir sözü iki olmurdu. Kombinatda işləmək istəyənlərin sayı artsa da, işdən getmək arzusunda olanların sayı heçə enmişdi.

Faktiki maaşın az olmasına baxmayaraq hamı bura işə düzəlmək istəyirdi. Çünki buranın fəhlələri yaşadığı kimi Səmərqəndin bir sakini yaşamırdı. Bunun isə bir səbəbi vardı - Məşədi Fazilnən Namiq əkə. Onlar fəhlələrinə əlavə maaş verirdilər.

***

Gecənin yarsı qapını açan Seyid Bikənin qarşısında yorğun-arğın Məşədi Fazil dayanmışdı.



-A kişi, bu nə haldır? Səhər çıxıb gedirsən, gecənin dərinliyində dönürsən?

-Ay arvad, iş başdan aşır. Dəzgahları işə salmalıyıq.

-Bəs deyirdin, sənə Səmərqəndi göstərəcəyəm?!

-Seyid qızı, bir az səbr elə! İşləri qaydasına salım, əməlli-başlı gəzəcəyik. Gülbeçənin yanına aparacağam.-Məşədi Fazil Namiq əkənin həyat yoldaşını nəzərdə tuturdu.

-Çox sağ ol! Əsəd dünən onunla bizə qonaq gəlmişdi. O, da Namiq əkənin üzünə həsrətdir.

-Görürsən də, işimiz nə qədər çoxdur.

-Həmişə özgə üçün can qoyursan, bir az evini də düşün!- desə də, Seyid Bikə çox yaxşı bilirdi ki, o, düzələn deyil.

-Deyinməkdənsə, heç olmasa bir soruş: acam ya yox?

-Sənin tox günün heç olub? - deyə, Seyid Bikə gülümsündü.

-Yox arvad! Yox!

Qonaq otağına girən Məşədi Fazilin diqqətini stolun üstü cəlb etdi. Hər gecə o, evə qayıtdıqda stolun üstünə süfrə salınmış olardı. Yemək-içmək qoyulardı. O, isə zövqlə hazırlaşmış yeməklərdən birini də dilinə vurmayıb, çarpayıya uzanırdı və bir-neçə dəqiqədən sonra mürgüləyirdi.

Səhər isə bir stəkan şirin çay, bir tikə yağ çörəknən gülqənd ağzına atıb, tələsik evi tərk edərdi. Seyid Bikə sakitcə duraraq, baxışları ilə onu yola salar, səbrsizliklə gəlməsini gözləyərdi.

Məşədi Fazil heç vaxt üzrxahlıq istəməzdi. Çünki özünü günahkar saymazdı. Əvvəl iş, evin problemlərini isə ikincə dərəcəyə aid edərdi.

Seyid Bikə onun xasiyyətinə yaxşı bələd olduğundan, bilirdi ki, ona məne olmaq lazım deyil. İşlərini qaydasına saldıqdan sonra hər şey öz məcrasına düşəcəkdir.

İllər boyu başlarına gələn faciələrdən mərdliklə çıxan bu insanları təkcə özləri düşündərsəydi nə dərdləri. Onları əhatə edənlərin hamısını öz dostları, qardaşları, bacıları və övladları kimi qəbul edirdilər.

Məşədi Fazil indi yaman məşqul idi, çünki onun görəcəyi işin muqabilindən yüzlərlə insanın evinin çörəyi asılı idi.

Ömründə birinci dəfə idi ki, Seyid Bikə deyinmək istəyirdi. Ancaq öz hərəkətinə belə qiymət verirdi. “Deyəsən, qocalıram! Çünki qocalar deyingən olurlar. Mən onlara oxşamayacağam.”

Üçcə gün ərzində bütün dəzgahlar sahmana salındı. Camahatın üzü gülürdü. Maşədi Fazil isə ikinci gün idi ki, saat on ikinin yarsında yuxudan dururdu. Elə bil Namiq əkəynən sözləşmişdilər ki, on ikiyə qədər yatsınlar.

Gülbeçə hər gün onlara gəlirdi və yaxud Seyid Bikə ona qoşulub Gülbeçəgilə gedirdi. Hər ikisi oturub Nərgizdən danışırdılar.

Kombinatın tam gücü ilə işləməsi hər şeyi qaydasına qoydu. Fazil yenə də əvvəlki halına qayıtdı. Özünə baxmağa başladı. Seyid Bikəni götürüb Səmərqəndin bazar və dükanlarına baş çəkməyə apardı.

Bir həftədən sonra hər ikisi otaqda oturub bir-birinin üzünə baxırdılar.

Seyid Bikə bilmirdi ki, nə desin. Bakı üçün darıxmışdı. Hər gün nəvəsi Tahir yuxusuna girirdi. Özünün təkidi ilə bura gəlmişdi, indi isə getmək istəyirdi. Nə deyirsən denən, Bakısız, uşaqlarsız onun üçün çətin idi.

Məşədi Fazil ona xas olan insanı başa düşmək qabliyyətiynən arvadının nə düşündüyünü hiss edirdi. Seyid Bikənin üzündəki kədəri görən kimi, gülümsıyib üzünü ona tutdu:

-Seyid qızı, deyəsən darıxırsan?

-Düzdür. Evimiz üçün. Ən çox Tahir üçün. Gəl qayıdaq! Ya da məni geriyə göndər.

-Bir-iki gün səbrli ol! Birlikdə qaydarıq. Buradakı işlərimi qurtarmışam. Bəzi pul məsələlərimiz var, onları həll edək. Yola çıxa bilərik.

Kombinat fəhlələrinin canla işləməsinin səbəbi Məşədi Fazilin onlar üçün açdığı qazanc mənbəyi idi.

Onun məsləhətiynən Namiq əkə buranın elə idarə edirdi ki, nə şiş yanırdı, nə kabab. Amerikada olsaydılar hər ikisini sözün həqiqi mənasında biznesmen adlandırmaq olardı.

Kombinatda yaratdığları sadə biznes strukturu hamını dolandırırdı. Plan həmişə yerinə yetirilirdi. Yuxarılar paylarını alırdı...

Əsas iş isə dəzgahların səmərəli işlədilməsi, təkminləşdirilməsi üzərində qurulurdu.

Məşədi Fazil apadıqları islahatlar haqında yuxarılara məlumat vermirdi, bilirdi ki, belə olduğu halda plan artacaq, fəhlələrə isə heç nə çatmayacaqdır.

Kombinatda əsas gəlir, əlavə istehsaldan olurdu. Alınan əlavə ipək və ondan hazırlanmış məhsuldan. Bu isə az deyildi. Əlavə gəlirdən yüzlərlə insan əlavə maaş alırdı Namiq əkədən.

İstər Nikolay, istər Şura hökuməti olsun, fərqi yoxdur, təssərrüfatçı pul qazanmalıdır, ağlını işlədib yaxşı dolanmalıdır və ətrafını da dolandırmalıdır. Namiq əkə də, Məşədi Fazil də belə düşünürdülər

Axşam Namiq əkə ailəsiynən onlara qonaq gəlmişdilər. Seyid Bikə Gülbeçəynən mətbəxdən çıxmırdılar. Əsədin gözü isə divardan asılmış Tahirlə Nərgizin şəklində qalmışdı.

Onu atasıyla Məşədi Fazilin söhbəti maraqlandırmırdı. Xəyalları Bakıda idi. Odur ki Bakı sözünü eşidən kimi dik atıldı.

-Seyid Bikənin ürəyi Bakını istəyir. Nəsə məni də ora çəkir. Özüm də bilmirəm nə edim?- deyə Məşədi Fazil söhbəti açdı.

-İstəyirsən, Seyid Bikəni göndər, Əsədnən getsin!

-Mən özüm də nədənsə getmək istəyirəm. Qəlbimdə narahatçılıq var. Uşaqlardan narahatam.

-Məşədi, sənin övladların qədər səmimi, qabliyyətli, hərəkətin bilən balalar varmı? Narahatçılığa əsas yoxdur.

-Nədənsə qəlbimdə narahatçılıq var. Getməyim məsləhətdir. Kombinatda “ç-p” olarsa, o saat gələrəm. Mənə elə gəlir ki, kombinat bir üç-dörd il bizim qoyduğumuz qaydayla işləyəcək. Sənin olmağın hələlik bəsdir.

-Sənə necə xoşdur, bizə də elə. –deyə, Namiq əkə fikrə daldı.

-Getməsəm, rahat ola bilmərəm. Seyid Pikdə narahatdır.- dedi.

Bir an otaqda sükut hökm sürdü. Ortaya çay gəldi. Əsədin fikri isə yenə də şəkildə qalmışdı.

Namiq əkə Məşədi Fazilin belə tərəddüd etməsində bir səbəb olduğunu anlayırdı. Onun intuisiyası heç vaxt aldatmırdı, Onu gözləyən bəlanı əvvəlcədən hiss edirdi. Narahatçılıq keçirirdi. İndi də əvvəllər olduğu kimi onun üzündən bu narahatçılığı duymaq mümkün idi.

-Namiq, yaman yorulmuşam, qocalıq, deyəsən, qapımı döyür.

-Məşədi İbad nə deyirdi: Mən nə qədər qoca olsam da, dəyərəm min cavana. Biz min cavana dəyərik. Belə fikirlərə düşmə! Get, əməlli-başlı dincəl! Biz isə yolunu gözləyəcəyik.

-Namiq, mən tezliklə qayıdacağam! Səmərqənd mənim ikinci vətənimdir.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə