Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki




Yüklə 0.54 Mb.
səhifə8/9
tarix23.02.2016
ölçüsü0.54 Mb.
1   2   3   4   5   6   7   8   9

ERMƏNİ

Çingiz Qarabağ qaçqını idi. Onun bütün ailəsini Xocalıda qırmışdılar. O vaxtlar Çingizin 7 yaşı olardı. Amma ailəsi heç yadında qalmamışdı. Xocalının nə bir daxması nə bir ağacı. Heç nə .... Düşmən hücuma keçəndə mərminin biri düz Çingizin yanında partlamışdı. Çingiz də bütün uşaqlığını bu partlayışdan sonra unutmuşdu. Yaddaşında ancaq qarlı yollar, atəş səsi və ölülər var idi. Qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölüşdürmüşdülər. Yazıq uşağın hansı şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı. Yad şəhər, evsiz-eşiksiz. Vətəndən didərgin. Atasının, anasının qanı yerdə.. Amma o heç nə edə bilmirdi. Ailəsindən bircə yadigar qalmışdı. O da anasının şəkli. Balaca buzovun başını sığallayan müqəddəs ana. Anası şəkildən ona baxırdı. Çingiz bütün uşaqlığını bu şəkillə keçirmişdi. Əlindəki şəklə baxıb anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi. Qaniçən, insafsız, yırtıcı ermənilər. Çingiz onlara nifrət edirdi. Bu nifrət də onu gücləndirirdi. O böyüdükcə içindəki nifrət daha da artırdı. Çingiz özünə söz vermişdi ki, bir gün bütün erməniləri məhv edəcək. Uşaq vaxtı döyüşlə məşğul olmuş, məktəbdə tarix dərslərini hamıdan yaxşı oxumuşdu. Əsgərliyini çəkmiş və hərbçi olmaq qərarına gəlmişdi. Çingiz silahdan ayrılmırdı. Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evlərini yandırırdı. Erməni kişilərini güllələyib, qadınlarını zorlayır, uşaqlarını boğurdu. Dostları ilə görüşəndə onları da müqəddəs müharibəyə hazırlayırdı. Çingiz deyirdi:

-Dostlar, biz həmişə unutqan xalq olmuşuq. Biz türklərin ən böyük səhvi unutqanlığımızdadır. Biz bu erməniləri vaxtında qırmalıydıq. Ey türk, kəndinə qayıt. Sən özünə qayıdanda güclü olursan. Biz seçilmiş millətik. Dünyanı türklər idarə etməlidir. Bizim düşmənlərimiz heç vaxt bizi rahat yaşamağa qoymayacaqlar. Ona görə biz birləşib onlar məhv etməliyik. Ermənilər həmişə alçaq olublar. Əsrlərlə öz ikiüzlü, yaltaq siyasətləri ilə bizim etibarımızı qazanıb, hər dəfə də bizə arxadan zərbə endiriblər. Onlara inanmaq olmaz. Onların hamısı alçaqdır, hamısı ölməlidir. Uşaqlar da murdardır çünki onların qanında murdar qan, oğru qanı axır. Ermənilərin hamısını yer üzündən silmək lazımdır. Sülh olmaz. Ancaq müharibə. Onlar bizim qanımızı töküb, biz də onların qanını tökməliyik. Sonuncu erməniyə qədər hamısı ölməlidir.

Çingizin çağırışları dostlarını da həvəsləndirirdi. Onlar hər yerdə bu fikirlərini yayır, insanları erməni köpəkləri ilə mübarizəyə çağırırdılar. Məqsəd təkcə Qarabağı yox, bütün Ermənistanı almaq idi. Çingiz deyirdi :

- Ermənistana bomba atıb hamısını qırmaq lazımdır. Uşaqları da, qadınları da.. Çünki hər bir uşaq gələcəkdə erməni əsgəri olacaq. Hər bir qadın nə vaxtsa qaniçən ermənini doğacaq. Onların hamısı bizə nifrət eləyir. Siz üzdə adi erməniləri görüb deyə bilərsiniz ki, onlar günahkar deyil. Amma onlar içində sizə nifrət edir. Türk olduğunuz üçün sizə nifrət edir. Siz nə istəyirsiniz, sülh? Sülh?!! Hansı sülh? Qarabağ qayıdandan sonra sərhədlər açılsın? Ermənilər yenə Bakıya gəlsin? Hansısa erməni zibili bizim təmiz azərbaycanlı qızların yatağına girsin? Bunu istəyirsiniz? Bəs Namus, Qeyrət? Biz gərək hücum edib onların soyunu qıraq, nəsillərini kəsək ..

Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakültəsində oxuyurdu. Çingiz də fəxrlə geyindiyi hərbi formada hər gün Səbinəni həyətdə gözləyirdi. Dərs qurtaranda əl-ələ tutub bağda gəzirdilər. Qısa vaxtda bir-birlərinə öyrəşirlər. O vaxta Çingizin imkanı da yaxşılaşır. Özünə şəhərin mərkəzində mənzil alır. Bir gün Səbinəgilə elçi gedir. Qızın ailəsi də görür ki, oğlan hərbçidir, içmək yox, çəkmək yox, vətəninə bağlı, öz ayaqları üstündə dayanmış boylu-buxunlu cavan oğlan. Daha qarşı çıxmağın mənası olmazdı. Əgər cavanlar bir-birlərini sevirlərsə heç nə demək olmaz. Çingizlə Səbinə nişanlanırlar. Hər şey çox yaxşı getdiyi vaxtda Çingizin yanına qara geyimli bir neçə oğlan gəlir:

- Çingiz, səni iki günlük aparmalıyıq.

Çingiz donub qalır:

- Siz kimsiniz? Necə yəni aparmalısınız? Hara?

Onlardan biri deyir:

- Çingiz, bilirik ki, indi toya hazırlaşırsan. Amma səni bir nəfərlə görüşdürmək lazımdır. Toya görə narahat olma, biz bütün yükü öz üzərimizə götürürük. Səni bir nəfərlə görüşdürmək çox vacibdir.

- Kimlə? Harada?

- Çingiz ,Gürcüstana getməliyik. Anan səni gözləyir.

Bu müqəddəs kəlməni eşidən Çingizin gözləri dolur. Qarşısındakı oğlanları qucaqlayıb bağrına basır. Əlləri əsməyə başlayır. Deməli onun anası sağdı. Deməli o da qaça bilib. Neçə il sonra. Neçə il sonra...Axır o anasına qovuşa biləcək. Hər zaman əzizlədiyi şəkildəki gözəl anası onun toyuna gələcək. Çingiz anasının saçlarını sığallayıb gözlərindən öpəcək..

Səhəri gün onlar qatarla Gürcüstana yollandılar. Yad vağzalın qarşısında anası qucaqlarını açıb hönkür- hönkür ağlayırdı. Çingiz də ağlayırdı. Anasına sarılıb ağlayırdı. Anasının əlində Çingizdəki şəkilin o biri hissəsi – cırılmış hissəsi vardı. Bu Çingizin uşaqlığı idi. Çingiz indi başa düşmüşdü ki, bu şəkili anası onun ovucuna basmışdı ki, qaniçən ermənilərin hücumundan sonra bir-birilərini tapa bilsinlər. Çingizin içində hər şey qaynayırdı. Artıq o anasını evinə apara bilərdi. Axır anası yad gürcü ellərindən doğma Azərbaycanına gələ bilərdi. Ana qucağının istisində Çingiz bütün soyuq tənha gecələrini yadına salır və daha da bərk hönkürürdü. Anasının incə mızıltısı onun qulaqlarından keçib qəlbinin ən dərin hüceyrələrinə hopurdu. Amma... Çingiz bilmirdi... Çingiz bir şeyi bilmirdi.

Anası Çingizə nə isə deyirdi. Amma o bu dildən heç nə anlamırdı. Heç bilmirdi anası hansı dildə danışır. Birdən kimsə əlini onun çiyninə qoydu. Arxadan qara geyimli oğlan dilləndi.

- Çingiz , sənin anan ermənidir!!!

Zaman dayandı, əqrəblər donub qaldı, hər şey susdu. Əbədi sükutdan qulaqlar partlayacaqdı. Hər şey bir an içində məhv olmuşdu. Qara paltarlı oğlan davam etdi.

- Sənin atan da ermənidir. Sənin bütün nəslin erməni olub. Sən də ermənisən.

Çingiz dönüb oğlanın üzünə yumruq ilişdirmək istədi. Lakin digər oğlanlar onu saxladı. Çingiz yaralı canavar kimi nərildəməyə başladı. Anası onu qucaqlamaq istədi. Amma Çingiz geri çəkildi. Başını qucaqlayıb yerə yıxıldı. O inana bilmirdi.

Oğlan bir az gözləyib yenə əlini onun çiyninə qoydu:

- Çingiz , güclü ol! Biz sənin yaxşılığını istəyirik. İstəyirik ki, həqiqəti biləsən. Sənin ailən Xocalıdakı erməni ailələrindən idi. Müharibə vaxtı onlar hücum edəndə sizi də türk sanıb qovublar. Sən də yanında partlayan mərmidən yaddaşını itirmişdin. İndi də.. İndi də belə.. Sən artıq hər şeyi bilirsən.

Çingizin bütün həyatı, fikirləri, arzuları məhv olmuşdu. Anasını tapıb vətənini itirmişdi. Amma o zəif deyildi. O buna dözə bilərdi. Hərbçi həyatı ona bütün ağrılara tab gətirməyi öyrətmişdi. Çingiz göz yaşlarını silib dərindən nəfəs aldı. Sonra ayağa qalxıb qara geyimli adamlara baxdı:

- Siz... Siz bunu sübut edə bilərsiniz?

Qara geyimlilərdən biri dedi:

- Biz itkin düşmüşlərin axtarışı ilə məşğuluq. Sənin bütün sənədlərin bizim ofisdədir. Doğum kağızı, uşaqlıq şəkillərin. Sənin adın da Çingiz deyil, Vardandır. O gün səni televiziyada müsahibə verəndə göstəriblər. Anan da təsadüfən buradan səni görüb. Biz gedib maraqlandıq və bizə sənin ünvanını dedilər. Sənin anan çox yaxşı qadındır. O səni neçə ildir ki gözləyir. Amma atan müharibə vaxtı ölüb.

- Bəs anam Azərbaycanca heç bilmir?

- Biz onunla danışmaq istəmişdik. Amma deyəsən çox az bilir.

Bu sözləri eşidəndə Çingizin anası pıçıldadı:

- Mən səni Sevir oğul. Oğul. Mənim. Doğma oğul. Sevgi.

Bu sözlərdən sonra Çingiz ikinci dəfə anasına sarıldı. O nə edəcəyini bilmirdi. Amma deyəsən arxadakı qara geyimlilər artıq hər şeyi ölçüb-biçmişdilər.

- Çingiz, artıq heç nəyi dəyişə bilməzsən. İstəyirsənsə ananı da götürüb Bakıya gəl. Heç kəs heçnə bilməyəcək. Biz Səbinəyə də heç nə demərik.

Bu sözləri eşidəndə Çingiz bir daha qara geyimlilərin üzərinə cumdu. Bu dəfə o, sərt zərbə ilə ortadakını yerə yıxdı. Lakin digər ikisi, onun qollarını burub saxladılar. Çingiz tərpənə bilmirdi. Yerə yıxılmış qara geyimli isə davam etdi:

- Həə, Səbinə. Sənin sevgilin Səbinə. Deyəsən iki-üç günə toyunuz olacaq. Sən doğrudan da buna inanırsan? Səncə biz qoyarıq ki, namuslu azərbaycanlı qızı erməni ilə bir yastığa baş qoysun? Səncə qoyarıq ki, sənin murdar erməni anan Azərbaycan torpağına ayaq bassın? Səncə biz qoyarıq ki, sən özün, alçaq erməni, bizə nifrət edən erməni bizimlə bir yaşayasan? Sən bizə nifrət edirsən. Sən bütün türklərə nifrət edirsən. Sən bütün azərbaycanlılara nifrət edirsən. Sən Səbinəyə də nifrət edirsən.

Çingiz dizləri üstə çöküb ağladı.

-Mən Səbinəni sevirəm. Mən Azərbaycanı sevirəm. Mən anamı sevirəm. Mən sizi sevirəm.

Qara geyimli oğlan onun gözlərindən öpüb sakitcə pıçıldadı:

- Çingiz, erməni olmaq necə hissdi? Səncə nəsə dəyişdi? Sən Vardansan, yoxsa həmin Çingizsən? Biz səni buraxırıq, Səbinəyə də heç nə deməyəcəyik. Ananı da özünlə apara bilərsən. İndi hər şey sənin öz vicdanındadır. Səbinə əsl Azərbaycan oğluna layiqdir. Amma sən ermənisən. Onunla evlənməklə sən daha bir Azərbaycan qızının namusunu pozacaqsan. Sən pis insansan. Eşidirsən? SƏN PİS İNSANSAN!!!

Çingiz sakitcə dedi:

- Axı mən heç kəsə pislik etməmişəm. Axı mən pis insan deyiləm.

Qara geyimli cavab verdi:

- Sən ermənisən. Özün demirdin ki, bütün ermənilər pisdir?


Sonun Əvvəli
Azad Gürcüstanda Çingizlə qaldı. Arazla biz qatara minib Bakıya qayıtdıq. Vağzalda Aslan bizi qarşıladı. Amma rəngi tamam qaçmışdı. Elə bil ki, nə isə baş vermişdi. Bizə baxıb dedi:

- Uşaqlar, Abbası tutublar!

Qulaqlarıma inana bilmədim:

- Necə yəni tutublar? Kim tutub?

Aslan dedi:

- Siz Gürcüstana gedən gün Abbası tutdular. Polislər onu mağazanı yandıran yerdə apardı. Əslində adam çox idi. Amma başda Abbas durmuşdu. Onlar da onu seçə bilmişdilər. 2 gündür türmədədir. Sabah məhkəmədir. Hər şey sabah bilinəcək. Ya azadlıq, ya 10 illik həbs.

Araz dedi:

- Yaxşı gedəy Episentrə hamıya yayaq.

Aslan qışqırdı:

- Dəlisən? Necə hamıya yayaq? Hamıya desək kütlənin qarşısını almaq mümkün olmayacaq. Onlar məhkəməyə hücum edərlər. Özün bilirsən ki, Abbası nə qədər adam sevir. Onlar öz həyatlarından keçərlər ki, ona heç nə olmasın. Hücum edərlər.

Araz dedi:

- Hücum etsinlər də! Gör nə qədər tərəfdarımız var. Bu xəbər yayılsa sabaha məhkəmənin qarşısına bir milyon adam gələr. Xalqın təzyiqi ilə onu buraxarlar..

Aslan dedi:

- Amma dövlət də var, yadından çıxarma. Onun ordusunun qarşısında bizim qara köynəklilər heç nədir. İstəyirsən ki, bizi məhv etsinlər? Həm də bəlkə Abbası buraxdılar. Onlar da ağılsız deyil. İstəməzlər ki, xalqın bu qədər inandığı insanı tutmaqla özlərinə olan etibarı itirsinlər. Gəlin gedək Episentrə orada özümüz müzakirə edək. Bəlkə vəkil tutaq? Gəlin. Tez. Oturun maşına. Görək A nə deyir?

Episentrə çatanda uzun dəhlizlə A-nın otağına yollanırdıq. Otağın qarşısında digər uşaqlar növbəyə düzülmüşdülər. Biz gözətçidən soruşduq ki, niyə bu uşaqlar buradadır. Dedi A seçilmiş uşaqları bir-bir yanına çağırıb. Onlarla nə isə danışır. Hansısa bir işi tapşırır. Otaqdan çıxanların hamısı halsız vəziyyətdə qırağa çəkilirdilər. Bəzilərinin ürəyi bulanırdı. Bəziləri huşunu itirirdi. Deməli mənim də huşumu itirməyim A ilə görüşə görə olmuşdu. Yəqin nə isə var idi. Natamam kitabımın vərəqləri az qala çantamdan töküləcəkdi. Birdən arxadan kimsə onları tutub saxladı. Mən dönəndə Ayseli gördüm. O mənə baxıb dedi:

- Ehtiyatlı ol.

Mən də ona baxıb nə deyəcəyimi bilmədim. Son həftələr onu demək olar ki, görmürdüm. İndi isə biz üz- üzə gəlmişdik.

- Hə, çox saq ol. Az qala tökülmüşdü...

Aysel mənə yenə tərs-tərs baxıb dedi:

-Hə, yəqin çox məşğulsan. Çantan yadından çıxıb.

- Hə çantam lap yadımdan çıxmışdı.

- Təki yaddan çıxan ancaq çanta olsun.

Sonra getdi. Istədim onun yanına gedim, Araz məni çağırdı.

- Anar, Anar, bura gəl! A özü camaata deyib ki, sabah məhkəmə olacaq. Və o özü gedib Abbası çıxaracaq! Eşidirsən? A özü ora gedəcək.

Aslan dedi:

- Yox olmaz. Təsəvvür edirsən bu nə deməkdi? A-nı görmək üçün hamı məhkəmədə olacaq. Bütün tv-kanallar çəkəcək. Bütün dünyanın gözləri bizdə olacaq. Bu hadisə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.

Mən bütün varlığımla söhbətə qoşulmaq istəyirdim. Amma fikri Ayselin yanında idi. Dözə bilməyib Ayselin arxasınca qaçdım. Dəhlizin sonunda ona çatıb əlindən tutdum. Sonra üzünü çevirib dodaqlarından öpdüm. Amma gözlənilmədən sifətimə yağlı bir şillə dəydi. Bu şillə məni yuxudan oyatdı. Aysel dəyişmişdi. O həmişəki Aysel deyildi. Mən onun əlindən dartıb sağdakı boş otağa saldım. Sonra özüm də girib qapını örtdüm:

- Bu nə deməkdi? Mənə əl qaldırırsan? Gic olmusan?

- Mən gic olmuşam? Cırığ-cındır paltarda bir aydı oyan buyana dolaşırsan. Əlində qara-qura səhifələr, bığ saqqal. Bir gün Gürcüstana hücum edirsiz, bir gün dükan yandırırsız... Mən gic olmuşam?

- Kim Gürcüstana hücum edir? Sən nə danışırsan? Aysel, canım bağışla, əgər xətrinə dəymişəmsə. Amma özün görürsən hansı vəziyyətdəyik.

- Görürəm Anar, görürəm. Sən artıq məni sevmirsən.

- Boş-boş danışma, səni hamıdan çox sevirəm. Sadəcə...

- Sadəcə vaxtın yoxdu hə? Vaxtın yoxdu. Amma hansısa Çingizə vaxt tapırsan, hansısa qızın üzünü yandırmağa vaxtın var. Axı niyə belə oldu? Nəyə lazımdı bunlar?

- Aysel, özün bilirsən ki, nəyə lazımdır. Azad cəmiyyət. Bərabərlik, Ədalət, Azadlıq. Hər kəsin xoşbəxt olacağı bir sistem.

- Var idi də. Əvvəl elə idi də. İndi görmürsən nə baş verib. Balaca otaqlarda səmimi hisslərini etiraf edən zəif oğlanlar indi manyaklara çeriliblər. Dünən “evdə atam məni döyür” deyən qızlar bu gün avtomobilləri yandırır, dükanları dağıdırlar. Budur azad cəmiyyət? Sabah polis hamınızı basacaq dama. Səni də, o birini də, Aslanı da, Abbası da, A-nı da..

- Suss!.. Bilmədiyin şeyi danışma.. A-nı içəri sala bilməzlər. A-ya heç nə edə bilməzlər.

- Niyə? Sən də o nağıllara inanırsan? Sən də elə bilirsən ki, A peyğəmbərdi?

- Bilmirəm. Bilmirəm. İndi Abbası çıxarmaq haqda düşünməliyik. Gəl bu haqda başqa vaxt danışaq.

- Başqa vaxt olmayacaq mən gedirəm!!!..

- ........ Nə ? ..... ııı... Hara gedirsən?

- Gedirəm.. Birdəfəlik bu yerlərdən gedirəm..

- Canım, hara gedirsən? Yaxşı da. Lazım deyil. Axı lap az qalıb. Bir azdan...

- Anar bəsdi. Bəsdi...Yoruldum..

- Axı mən səni sevirəm.

- Mən də səni sevirəm. Amma yorulmuşam. Bu A-dan, HOST-dan, qara köynəklərdən. Yorulmuşam. Başa düşürsən? Yorulmuşam..

- Nə lazımdır ki sənə?

- Mənə sən lazımsan başqa heç nə. Yadındadır məni qaçıranda meşədə nə deyirdin? Deyirdin ki, məndən başqa sənə heç nə lazım deyil. Bəs indi nə olub? Niyə ikimiz gedib balaca bir daxmada xoşbəxt ola bilmərik? Hə? Niyə nağıllardakı kimi balaca bir evdə yaşayıb bir yerdə qocala bilmərik?

- Aysel, necə xoşbəxt olaq? ”Xoşbəxtlik təkcə gözəl pəncərədən yox, həm də mənzərədən asılıdır” - yadından çıxıb?

- Ehh. Boş cümlələr. Boş cümlələr.

- Cümlələr həmişə boş olur. Onlar yalnız əməl olunanda mənasını tapır. Mən yazan kitabda da adi cümlələrdi. Amma onlara əməl olunsa dünyanı dəyişmək olar. Niyə başa düşmək istəmirsən?

- Nəyi? Nəyi?

- Onu ki, sabah biz bir ev alıb yaşasaq da biri gün uşaqlarımızı istədiyimiz kimi tərbiyə edə bilməyəcəyik. Qonşularımız istədiyimiz kimi olmayacaq. Bazardakı satıcının üzündən zəhrimar yağacaq. Televizora baxa bilməyəcəyik. Pozğun cəmiyyətdə xoşbəxt olmaq suyun içində quru olmaq kimi bir şeydir.

- Anar, sən düz deyirsən. Dediyin hər şey doğrudur. Amma bu mümkün deyil. Bu arzulardı. Bu boş ümidlərdir. Dünya dəyişən deyil. Mən gedirəm. Seçimini et .Ya mən ya HOST.

Bir dəqiqəlik sükutdan sonra dedim:

- HOST...
Aysel qapını örtüb otaqdan çıxdı. Mənim gözlərim yerə zillənmişdi. Heç nə düşünə bilmirdim. Beynim partlayırdı. Bir tərəfdən A, bir tərəfdən Abbasın məhkəməsi, bir tərəfdən bitirməyə hazırlaşdığım kitab, bir tərəfdən HOST, bir tərəfdən Aysel. Hər şey bir-birinə qarışmışdı. Əvvəl elə bilirdim ki, A da mənim kimi bir oğlandır. Amma indi onun insan olmasına da şübhə edirəm. Nə baş verir? Bu xaos nə zaman bitəcək? Qulağımda eyni sual dəfələrlə təkrarlanırdı. ”Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? ” Bu sualların sonu yox idi. Aysel dözə bilmədi. Aysel bacarmadı. O məni yarı yolda atdı. Mən də ona həyat yoldaşı deyirdim. Məni yarı yolda atan yoldaş.
Prokuror

- Siz və sizin təsirinizə düşən cavanlar dünən şəhərin mərkəzində mağazanı yandıran yerdə polis tərəfindən yaxalanmısınız. Bütün dəlillər toplanıb, bütün şahidlər məhkəmə zalındadır. Abbas, siz buna nə deyə bilərsiniz?

Abbas:

- Hər şey göründüyü kimi sadə deyil.



Prokuror:

- Abbas, mən sizi başa düşmürəm. Nə demək istəyirsiniz?

Abbas:

- Mən heç nə demək istəmirəm. Məni siz bura gətirmisiniz. Deməli siz nə isə demək istəyirsiniz.



Prokuror:

- Cənab Hakim, bu adam cinayətkardır. O ətrafına cəmiyyətin ən aşağı üzvlərini toplayıb qruplaşmalar yaradır. Bizdə olan məlumatlara görə bu qruplaşmalar şəhərdə yanğınlar törədib, insanlara hədə-qorxu gəlir, dələduzluq edirlər.


Mən Azadla məhkəmə zalında oturmuşdum. Hakimin və prokurorun qorxduqlarını gözündən oxumaq olurdu. Onlar Abbası tutmaq istəyirdilər. Amma qorxurdular. Çünki həmin hakimin də oğlu HOST-dan idi. Həmin prokurorun qardaşı uşaqları da HOST-dan idi. Bütün şəhər bizim tərəfimizdə idi. Xalq bizim tərəfdə idi. Ona görə Abbas da çox rahat idi. İçəridə azı 7 video kamera vardı. Onların 3-ü Azərbaycan kanalları idi, digərləri xarici kanallar. Məhkəmə birbaşa yayımlanırdı. Bilmirəm bunu kim təşkil etmişdi, amma hər kim etmişdisə gərək ki, böyük qüvvəsi var idi. Hər dükan yandıranın məhkəməsini canlı yayımda göstərmirlər. Binanın ətrafına toplaşan camaat hər an məhkəməyə hücum etməyə hazır idi. Mən Azada baxdım. O da çox rahat oturmuşdu. Mən tam başa düşə bilmirdim. Elə bil ki, nə isə başqa bir şey var idi. Gah hakim nə isə deyir, gah şahidlər danışırdı. Bütün bunlar yuxu kimi gəlirdi. Gör həyat məni haradan haraya gətirdi. Aysel yoxdu, kitab hazır deyil, Abbas...

Prokuror son sözünü dedi:

- Bu cinayətdir.

İndi Abbas son sözünü deməli idi.


“ Bu cinayətdir? Heh. O dükanlar ki, dövlət vergisindən qaçıb camaatı sərxoş eliyən içkilər satır. O fahişələr ki, sərxoş daydayların pullarını öz döşlərinin arasında gizlədir. Murdar adamlarla dolu barlar, cındır jurnalistlərlə dolu televiziyalar. Xalqın beynini mənasız şeylərlə doldurub yuxusunu daha da dərinləşdirirsiniz. Bakirə qızları yoldan azdırıb onlarla min bir oyundan çıxırsız. Sizin həyatınız təkcə iş və evdən ibarətdir. Amma mən daha artığını görmüşəm. Bayıl türməsində öz doğma atasını zorlayan mavilər. Metroda tanımadığından anasını əlləyən biqeyrətlər. Striptiz zallarında bacısına müştəri axtaran namussuzlar. Müdirin masasına uzanan katibələr. Uşaq kaloniyalarındakı pedofillər. Demokratiyanın dördillik oyuncaqları. Seçkiqabağı kampaniyalarda camaatın qabağına atılan yağlı sümüklər. Məktəblərdə yetişdirilən nəşəxorlar. Otellərdəki piyli xaricilərin altında uzanan 14 yaşlı qızlar. Kasıb insanlardan tragediya oyuncağı düzəldən verilişlər. Xeyriyyə məqsədi ilə alınan pulların yarısını cibimizə qoymağımız. Cındır siyasətin qurbanı olan İraqa göndərdiyimiz 100 nəfər əsgərlə Amerikaya göstərdiyimiz inanılmaz dərəcədə böyük yardım. Ya Qarabağ qayıdandan sonra qaçqınların dallarından təpik ilişdirib şəhərdən meşəyə göndərmək arzularımız. Pornoya çevrilmiş küçələr. Ömürlərində bir dəfə də olsun qocalar evinə getməyən cavanlar. Ağzı cırıq yekəpər polislər, yaltaq deputatlar, çayxana müxalifətçiləri, qoyun tələbələr, qomik müğənnilər, selikon sənətçilər, arvadbaz idmançılar. Ömürlərinin sonuna kimi evləndiklərinə peşman olan ailələr. Ata-ananın söyüşləri altında böyüyən uşaqlar. Hollivud cizgi filmləri ilə böyüyən uşaqlar, böyük qardaşlarının prezirvativlərini qurdalayan uşaqlar, qələmdən tez siqaretlə tanış olan uşaqlar – gələcəyin manyakları, zombiləri. Ana südünə həsrət qalıb paket yeməklər yeyən paket uşaqlar. Sırtıq mollalar, palçığdan tikilmiş binalar. Heç nə haqda fikirləşməyən, televizor pultu ilə doğulan, dalları divandan qalxmayan avaralar. Yalançı tarixçilər, keçəl cangüdənlərin qalın boyunlarına sarılmış maymaq milyonerlər. Sütunsuz şadlıq sarayları və stulsuz məktəb sinifləri. Qalstuklu eşşəklər, paqonlu sıpalar, mikrofonlu qoduğlar. Bəs bunlar? Bunlar cinayətkar deyil? Yox cənab hakim, bunlar cinayətkar deyil. Bunlar düşməndir.. Bunlar əsl düşməndir. Bu əsl müharibədir. Müharibədə heç kəs düşməni məhkəməyə vermir. Müharibədə Kalaşnikov ilə düşmənin ağzını cırırsan. Qumbara ilə bağırsaqlarını yerə tökürsən. Bəs siz nə edirsiniz? Ən uzağı bir-iki qəzetdə bunu tənqid edirsiz! Bəlkə Qarabağ gedəndə də heç döyüş olmayaydı? Elə bir-iki qəzetdə erməniləri pisləyəydik? Görəsən hara qədər gəlib çıxardılar? Mənim etdiyim cinayətdir? İntihar etməyə hazır olan gəncləri yenidən həyata qaytarmışıq, ruhu ölmüş insanları yenidən diriltmişik. Ərlər gecələri öz arvadlarının yanında keçirir. Uşaqlar rahat məktəbə gedib layiq olduqları qiyməti alır. Narkomanlar bizim qorxumuzdan iynə almırlar.. Bu sizin xoşunuza gəlmir? Hə? Bəlkə narkoboronlardan sizə gələn faiz azalıb? Bəlkə qadın alverinın gəlırı aşağı düşüb? Yoxsa hərdən bir pritonlara nəzarətə gedəndə Mama Roza sizə daha pulsuz qız təklif etmir? Cənab Hakim, bəlkə oğlunuzun sizdən gizlətdiyi HOST könəyini tapmısınız?!!! HƏ..? Axı sizin oğlunuz da bizim ordumuzdadır..
Bu sözlərdən sonra məhkəmə zalına sükut çökdü. Abbas elə danışmışdı ki, içəridə gözləri bərəlməmiş bir nəfər də yox idi. Bütün Dünya Televizorların qarşısında bu çıxışı izləyirdi. Abbasın səsi bütün qulaqlara çatmışdı. Evdə xalçanın üzərində oturub televizora baxan bacı-qardaş, öz ofisindən bu sözləri dinləyən iş adamları, radiodan eşidən taksi sürücüləri, türk kafelərində lahmacun yeyən cavanlar. Hər kəs. Hər kəs donub qalmışdı. Indi hakim nəsə deməli idi. Bu sükut bu qədər uzun ola bilməzdi.

- Abbas, siz kimə qulluq edirsiz? Hə? Dövlətə yoxsa hansısa A adlı kökü-mənşəyi bilinməyən cinayətkara?

Abbas ayağa qalxıb dedi:

- Biz Allaha qulluq edirik. A - Allahın elçisidir.

Bu sözlərdən sonra məhkəmə zalında dəhşətli bir uğultu eşidildi. İçəri ağ dumanla doldu. Polislər Abbası əhatə etdilər. Camaat qorxub zalı tərk etməyə başladı.

Mən də ayağa qalxmaq istədim. Amma Azad qolumdan yapışıb yerimə oturtdu. ”Gözlə, hələ vaxtı deyil ”.

İşıqlar yanıb sönməyə başladı. Məhkəmə binasının həyətindən kütlənin səsi eşidilirdi. ”A”, “A”, “A”. Sonra Polis sirenaları, atəş səsləri. Aslan məhkəmə zalından çıxan insanları yarıb içəri keçdi. Bizə yaxınlaşıb dedi:

- Tez edin. Burdan çıxmalıyıq. Mən gizli yol bilirəm. Kütlə qızışıb. Onu saxlamaq olmur. Onlar bura hücum edirlər. Abbası tapın. Abbası tapın.

Azad dedi:

- Niyə? Niyə hücum edirlər ki?

- Biz bayırda idik. Məhkəmə binasına baxırdıq. Camaat eşitdi ki, A - Allahın elçisidir. Sonra binada işıqlar yanıb sönməyə başladı. Sonra elə bil ki. Hmm. Elə bil ki, bəzi pəncərələrdə işıq yandı digərlərində isə söndü. Bütöv binada pəncərə işıqları ilə A yazıldı. Sonra yenə bütün işıqlar söndü. İkinci dəfə “Hücum” yazıldı...

Aslan bu sözü deyən kimi arxadan partlayış səsi gəldi. Avtomobillər yanırdı. Kütlənin gurultusu getdikcə yaxınlaşırdı. Aslan bizi hakimin kürsüsünə tərəf apardı. Onun altında gizli keçid vardı. Üçümüz də o keçidlə aşağı enməyə başladıq. Kütlənin səsi daha da artdı. Tələsik pilləkənləri enib dar dəhlizə düşdük. Bu mənzərə mənə bir il əvvəlki hadisəni xatırlatdı. Aslan məni və Azadı ikinci dəfə gizli yol ilə xilas edirdi. Var gücümüzlə irəli qaçırdıq. İşıqlar getdikcə azalırdı. Dəhlizin isə sonu yox idi.

1.Ürəkləri döyündürən gün! 2.Nədir ürəkləri döyündürən gün? 3.Nə biləsən nədir ürəkləri döyündürən gün? 4. O gün ətrafa səpələnmiş qaynaşan pərvanələrə bənzəyər insanlar. 5. O gün didilmiş yun kimi olar dağlar. 6 Ağır çəkili kimsələr 7. razı qalacaqları bir ömrə qovuşarlar . 8.Yüngül çəkili kimsələrsə 9. uçuruma düşərlər. 10 . Nə biləsən o nə uçurumdur elə ? 11 . Yanar bir oddur o uçurum. ( Quran’i Kərim “Qaria” surəsi )
Bilmirəm nə qədər qaçdıq. Amma o qədər yorluduğum hələ yadıma gəlmir. Biz qurtulmuşduq. Amma Abbası tapa bilməmişdik. Deyəsən o içəridə qalmışdı. Uzaqdan yenə atəş səsləri gəlirdi. Biz döngəni keçib ikinci pilləkənlərə çatdıq. Bu pilləkənlər yuxarı qalxırdı. Aslan bizi tələsdirirdi. “Tez eliyin, Abbası çıxarmalıyıq”. Biz yuxarı qalxanda məhkəmədən xeyli uzaqda yerləşən metronun içindəydik. Mən heç bilməzdim ki, məhkəmə zalından metroya gizli yol gedir. Camaatı itələyə-itələyə küçəyə çıxdıq. İndi də eyni yolu geriyə doğru qaçırdıq. Məhkəmə uzun binaların arxasında qalmışdı. Ora çatmalıydıq. Yolda bir qrup HOST-çu bizi tanıyıb maşını saxladı. “Ey, Azad, Anar, bura gəlin. Sizi aparaq”. Biz maşına oturduq. İki dəqiqəyə məhkəmənin yanındaydıq. Böyük bir kütlə polislərlə əlbəyaxa döyüşə girmişdi. Plakatların taxtası ilə polisləri vururdular. Məhkəmə binasını daşa basırdılar. Digər HOST-çular maşınları polislərin üstünə sürürdülər. Uzaqdan daxili qoşunların su maşını kütlənin bir hissəsini yarmaq istəyirdi. Amma bizimkilər də geri qalmırdılar. Spirtli şüşə qabları polis avtomobillərinin üstünə çırpırdılar. Şəhərin mərkəzi yanırdı. Qısa vaxtda kütlə su maşınını hərbçilərdən aldı. İndi su maşını polislərə tərəf yönəlmişdi. Bakının böyük bir hissəsi xaosa çevrilmişdi. Biz kütləyə yaxınlaşmırdıq. Çünki onlara hücum əmri verməmişdik. Bəlkə bunu A etmişdi. Amma biz dəqiq bilmirdik. Ona görə qıraqdan camaatın sakitləşməsini gözləyirdik. Polislər geri çəkilirdi. Bu kütləni sakitləşdirmişdi. Əslində kütlə hər yeri dağıtmaq istəmirdi. Onlar sadəcə Abbası xilas etmək istəyirdilər. Hərbi dəstələr də bunu başa düşüb hücumu dayandırdılar. Məhkəmə zalının içində isə hələ də qarışıqlıq idi. Bir neçə güllə səsi eşidildi. Biz yavaş-yavaş məhkəmə binasına yaxınlaşırdıq. Aslan cibindən tapancaları çıxarıb hərəmizə birini verdi. Mən tərəddüd etdim. Amma o dedi:

- Hər şeyə hazır olmalıyıq.

Mən tapancanı kurtkamın iç cibinə qoydum. Kütlə sakitləşmişdi. Hamı Abbasın çıxmasını gözləyirdi. Biz də yaxınlaşdıq ki, Abbası tez götürüb Episentrə gedək. Uzaqdan yanğınsöndürən maşınlar məhkəmənin yuxarı mərtəbələrindəki yanğını söndürürdü. Polislər yerə düşmüş dəyənəklərini yığırdılar. Jurnalistlər kameralarını hazır tutmuşdu. Məhkəmə binasının qapısı açılanda kütlədən dərin bir “Ahh” səsi eşidildi. HOST-çular Abbası gətirirdilər. Amma əllərində. Onun çiynindən qan axırdı. Abbası yaralamışdılar. Azad qışqırdı: “Yol verin, yol verin... Zibilə qalasız sizi, yol verin”.

Biz kütləni itələyib Abbasa tərəf gedirdik. Yolda bir-ikisinə yumruq da ilişdirməli oldum. Onlar bizi Abbasa yaxın buraxmırdılar. Amma Abbas uzaqdan məni tanıyıb dedi:

-Anar, Anar, bura gəlin. Aparın məni. Anar!!!...

Camaat aralanıb bizi irəli buraxdı. Tez Abbası qucağımıza götürüb maşına yollandıq. Artıq heç nə düşünə bilmirdim. Abbası həkimə çatdırmaq lazım idi.

On-on beş dəqiqədən sonra biz onu Episentrə gətirdik. Şükür Allaha, bizim öz kiçik hospitalımız vardı. Orada öz həkimlərimiz Abbasın dərdinə əlac tapacaqdılar. Episentrin bütün mühafizəçiləri döyüşə hazır idi. Həkimlər Abbasın yarasından gülləni çıxarmaq istəyirdilər. Əməliyyat başlayacaqdı. Ona görə bizi otaqdan çıxardılar. Hər şey həkimlərin əlində idi. O çox qan itirmişdi. Bütün yolu sayaqlayırdı. Aynur dəhlizdə qısılıb digər qızlarla bir yerdə ağlayırdı. İndi Aysel də onların içində ola bilərdi. Araz divarı yumruqlayırdı. Aslan yerdə uzanmışdı. Azad kiməsə zəng edirdi, mən də əllərimi açıb dua edirdim...
Sonun sonu
Səhər yuxudan oyananda Aslan sakitcə dedi :

- Abbas öldü.

Bu sözlər qulağımı döyəclədi, elə bil başıma qaynar su töküldü. Tez qalxıb qapını açdım. Abbas yox idi. Aslana təəccüblə baxdım:

- Hə, Anar. Bir saatdan sonra dəfndir.

Mən divara təpik vurdum. Amma bu əsəbimi daha da gücləndirdi. Yerə yıxılıb uşaq kimi ağlamağa başladım. Hönkür-hönkür ağladım. Bu cür oğlan, Abbas kimi oğlan ölmüşdü. Içimizdən ən az ölümə layiq olanı o idi. Abbas həmişə başda olmuşdu. Həmişə çətin anlarda köməyə gəlmişdi. O ölə bilməzdi. Axı niyə Abbas? Niyə mən yox? Abbas HOST-a daha çox lazım idi. Görəsən A haralardadır indi? Görəsən o da ağlayır? A niyə ən çətin günümüzdə yenə də haradasa gizlənib?

Aslan əlini çiynimə qoyub dedi:



- Gəl düşək aşağı. Uşaqlar bir azdan cənazəni aparacaqlar.

Gözlərimi silib onunla həyətə çıxdım. Episentrin ətrafı adamla dolu idi. Dünənki qızğın kütlədən əsər-əlamət qalmamışdı. Hər kəs qara geyimdə, hər kəs gözüyaşlı sakitcə Abbasın son gedişini gözləyirdi. Bizi görüb başlarını aşağı salırdılar. Bəziləri yaxınlaşıb başsağlığı verirdi. Bəzi qızlar hönkürtülərini saxlaya bilmirdilər. HOST-un ürəyi qırılmışdı. İndiyə kimi bir dənə də itki görməyən ordumuz birdən-birə ən lazımlı əsgərini itirmişdi. Mənə elə gəlirdi ki, bu HOST-un sonudur. Mənə elə gəlirdi ki, A da bizi tərk edib gedəcək. Dünənki hücumdan sonra A da bizdən üz döndərəcək. Bütün gözlər bizə baxırdı. Biz nəsə etməliydik. Amma Abbasın nurlu gülüşündən başqa heç nə haqda fikirləşə bilmirdim. Abbas, Abbas... Kütlə yavaş-yavaş qaynamağa başlayırdı. Arada bir bəzi suallar verilirdi. ”Niyə cənazəni gətirmirlər?”, “Abbas öldü, bəs indi nə olacaq?”, “Kim öldürdü onu? Nə edək?”, “A haradadır?”, “HOST dağılacaq ?” Biz bu suallara cavab verə bilmirdik. Çünki cavabı bilmirdik. Heç kəs bilmirdi nə olacaq. Həyat həmişə yaxşı insanları tez aparır. Abbasın nə heykəli qoyulacaq, nə də ki hörməti qalacaq. Abbas dünyanın gözündə cinayətkar kimi öldü. Amma bəlkə də illər sonra onlar Abbasın nə işlər gördüyünü başa düşəcəklər. O da çətin. İnsanlar yaxşılığı gec anlayır amma tez unudurlar. Mən yığılmış kütləni saymaq istəyirdim. Amma deyəsən onun sonu yox idi. Bütün küçə camaatla dolu idi. Yəqin ki, milyonlarla adam bu gün burada idi. Onların gözləri harasa uzaqlara, ümidli bir gələcəyə zillənmişdi. Amma birdən qarşıdakı oğlanın boynundakı uşaq qışqırdı “Ora baxın, A gəlir!” Bütün kütlə Episentrin qapılarına baxıb guruldamağa başladı. Sonra dəli kimi hamı ağlaşdı. Qadın, kişi, uşaq, qoca - hamı ağlayırdı. Mən də yavaşca çevrilib Episentrin qapısına baxdım. Qapqara uzun paltarlı, qapqara maskalı, başında qara kapüşon, sinəsində qıpqırızı yekə “A” hərfi, çiynində də Abbasın cənazəsi. A Abbasın cənazəsini daşıya -daşıya bizə yaxınlaşdı. Sağ tərəfdən A yapışmışdı, sol tərəfdən də mən yapışdım. Arxadan Aslan və Azad yapışdılar. Əllərim tir-tir əsirdi. İlk dəfə idi A ilə çiyin-çiyinə durmuşdum. Camaat az qala dəli olmuşdu. Onlar qorxaq siçanlar kimi geri çəkilib bizə yol verirdilər. Qızların ürəyi gedirdi. Oğlanların dili tutulmuşdu. Jurnalistlər də öz işlərindən qalmırdılar. Amma yaxınlaşmağa da cəsarət etmirdilər. Kapüşon A-nın sinəsinə kimi düşürdü. Üzünü görməsəm də onun nə qədər kədərli olduğunu hiss edirdim. Abbas onun ən yaxın dostu idi. Aslan da, Azad da heç nə demədən cənazəni daşıyırdılar. Dalbadal iki dəfə şok keçirən kütlə artıq sərxoş kimi bizim arxamızca gəlir, yol boyu ağılar oxuyur, cənazənin üstünə çiçəklər tökürdülər. Bakının bütün küçələrində nəqliyyat dayanmışdı. Bir nəfər də polis yox idi. Hər kəs Abbasın ölümünü matəm kimi keçirirdi. Onlar ən əziz HOST-çunu itirdikləri gün ən inanılmaz adam A-nı tapmışdılar. Onlar Abbasın cənazəsindən çox A-ya baxırdılar. Bilmirdilər ki, Abbasa görə ağlasınlar, yoxsa A-ya görə sevinsinlər. Onun hər hərəkətini izləyirdilər. Mən isə onun düz yanında olsam da bir an belə ona tərəf baxa bilmirdim. Qorxurdum. Çünki o seçilmiş idi. Hamı bilirdi ki, o seçilmişdi. Qəbristanlığa çatanda kütlə sakitləşdi. Biz bütün yolu piyada Abbası daşımışdıq. İndi də onu basdırmalı idik. A önə keçib Abbasın cəsədini cənazədən götürdü. Sonra təkbaşına onu qəbrə yerləşdirdi. Biz ona yaxınlaşmaqdan çəkinirdik. O çox əsəbi, eyni zamanda çox səbrli görünürdü. Üzünü seçmək olmurdu. Qara paltarı yerlə sürünüb torpağa bulaşırdı. Əlindəki bel ilə yavaş-yavaş Abbası basdırırdı. Bilmirəm niyə, amma A-nı dəlicəsinə sevirdim. Həmin an A-nı dəlicəsinə sevirdim. Mən elə bilirdim ki, ən böyük məhəbbət oğlanın qıza olan sevgisidir. Amma indi başa düşmüşdüm ki, mən heç vaxt heç kəsi A qədər sevməmişəm. Bu sevgi adi sevgiyə bənzəmirdi. Bu tamam başqa sevgi idi. Gözlərimdən yaşlar yanağıma süzülüb sinəmə tökülürdü. A Abbası basdırıb qurtarandan sonra qəbrin qarşısında diz çökdü. Başını aşağı saldı. Sonra silkələnməyə başladı. Mən onun nə etdiyini başa düşə bilmirdim. Heç kəs başa düşmürdü. Hamı donub qalmışdı. Arada elə bildim ki, indi Abbası dirildəcək. Amma yox. O nə isə başqa şey edirdi. Kütlənin içindən bir qız pıçıltı ilə dedi: “O ağlayır”.

Gözlərim dolub daşmağa başladı. Bütün kütlə fəryad etdi. Hamı ağlayırdı. Hamı A-ya baxıb uşaq kimi ağlayırdı. Bəlkə qəbristanlıq indiyə qədər belə ağlaşma eşitməmişdi. Bütün HOST bütün gənclər ağlayırdı. Bir az keçəndən sonra A ayağa qalxıb yavaşca Azada nə isə dedi. Azad da üzünü camaata tutub dedi: - Aralanın A getmək istəyir, tez, tez.

Böyük kütlənin arasında uzun bir dəhliz əmələ gəldi. Biz A-nı əhatəyə alıb onun təhlükəsizliyi üçün kütləni itələyə-itələyə keçidi genişləndirdik. Qəbristanlıqdan çıxanda A-nı qara avtomobil gözləyirdi. O heç kəsə heç nə deməyib getdi. Amma onun bu gəlişini bütün dünya görmüşdü. İlk dəfə idi ki, adı çəkilən qəhrəman üzə çıxmışdı. Televiziyalar onun gəlişini günlərlə təkrar göstərəcəkdilər. Bütün dünya A-nı izləyəcəkdi...
Bəzən Məğlubiyyət qələbədən yaxşı olur
Abbasın ölümündən sonra kütləmiz daha da aqressivləşdi. Mən kitabı Abbasın ölümü və A-nın qəbirstanlıqda ağlaması ilə bitirdim. Kitabı A-ya apardılar. Bir neçə gün sonra kitab artıq əllərdə idi. HOST-un kitabı çörəkdən də çox satılırdı. Ən maraqlısı o oldu ki, bu kitab çıxan kimi Episentrə müxtəlif adamlar gəlib qəribə-qəribə şeylər deyirdilər.

Bəziləri deyirdi ki, A başqa planetdən gəlib. Bəziləri deyirdi ki, A - növbəti peyğəmbərdi. Bəzi müsəlmanlar deyirdi ki, bu, Imam Mehdidir. Bəzi xristianlar deyirdi ki, İsa peyğəmbərdi.

Buddistlər deyirdi ki, Krişna məhz A çıxan vaxtda çıxmalı idi. Katoliklər A-nı Antixrist adlandırırdılar. Deyirdilər onu uşaq evinə Şeytanın özü gətirib. Kitabımız iyirmidən çox dilə tərcümə olunub başqa ölkələrdə dərc olunurdu. HOST ideologiyasına qoşulanların sayı milyonu keçmişdi. Belə qısa vaxtda bu qədər yayılmaq mümkün deyildi. Amma mənim də şübhə etdiyim bir şey vardı. Deyəsən A təkcə Azərbaycanda olmurdu, tez-tez xaricə gedirdi. Hər ölkədə onun xüsusi adamları vardı. Onlara tapşırıqlar verirdi. Ən çətini bu fəlsəfənin Avropaya yayılması idi. Çünki orada insanlar o qədər pozulmuşdu ki, onları bir də geriyə normal hallarına qaytarmaq çox çətin olardı. Avropadakı dəstələrin də öz müsbət halları var idi. Maddi imkan yaxşı olduğundan bizim hələ də bacarmadığımız işi görmüşdülər, bir həftəyə televiziya açmışdılar. Onlar bizdən daha yaxşı silahlanırdılar. Amma mənə ən pis təsir edən o idi ki, Abbasın ölümü bizim uşaqlardan heç kəsin vecinə deyildi. Üç gün keçməmiş hamı yenə öz işindəydi, heç bir dəfə də olsun Abbasın xatirəsini yad etmirdilər. Elə gedib-gəlib çevrilişdən danışırdılar. Çevriliş, çevriliş. Başqa söhbətləri yox idi. Özümə yer tapa bilmirdim. Bəlkə də Ayselin məni yarı yolda atması ürəyimi sıxırdı. Amma yox, nə isə başqa bir şey. Elə bil hər şey aydınlaşdıqca məlum olur ki, sən ümumiyyətlə əvvəldən heç nə bilmirsən. Aradan bircə ay da vaxt keçdi. Dünyaya qarışqa kimi səpələnmişdik. Hamı nəyisə gözləyirdi. Mən də tam başa düşə bilmirdim. Episentrin otaqlarında qaynaşan camaata baxırdım. Hamı nə isə bir iş görür, hesabat yazır, tapşırıqları yerinə yetirirdi. Ondan sonra isə “Qəribə gün” gəldi. Bu gün mənim həyatımda ən qəribə gün kimi qalacaq.
Qəribə Gün!!!

Mən, Aslan, Azad, Araz Episentrin baş zalında dəyirmi masa arxasında oturduq. Aslan telefonun dəstəyini qaldırıb dedi:

- Biz hazırıq...

Sonra Azad dedi:

- Uşaqlar, bu gün biz hakimiyyəti ələ keçiririk. Anar, sən də kitabı bitirdin. Bu kitab gözlədiyimizdən də güclü alınıb. Son Peyğəmbərin sonuncu kitabı. Bunun bu qədər hissiyyatlı və həqiqi olacağına inana bilməzdik. Aslan, sənin də ideoloji çıxışlarınla istədiyimiz kütləni yığa bildik. Abbasın verdiyi plana əsasən bu gün bizimkilər Milli Məclisi tuturlar. Sonra Prezident Aparatını. Oradan Gürcüsandakılara xəbər veririk ki, bizdə hər şey hazırdı. Onlarda da hər şey hazırdı. Siqnalı gözləyirlər. Bundan sonra Araz sənin uşaqların konstitutsiyanı Anarın kitabı ilə dəyişəcər...

Mən dözməyib onun sözünü kəsdim.

- Bir dəqiqə, bir dəqiqə. Siz nə danışırsız? Bir də başdan başlayın. Nə dövlət çevrilişi, nə konstitutsiya? Nə danışırsız?

Azad dedi:

- Anar, səndən çox şeyi indiyə kimi gizlədirdik ki, kitabı yaxşı yazasan. Ürəkdən yaza biləsən. Amma indi sən də bilməlisən. Biz Azərbaycanı dağıdırıq..

Mən dedim:

- Necə yəni?

Azad davam etdi:

- Yadındadır sənin öz kitabında da o hissə var. Sərhədsiz, adsız, bayraqsız, himnsiz bir torpaq. Amerikanın kəşfi kimi olacaq bu. Biz dünyada ilk qeyri-dövlət yaradırıq. Nə seçkilər var, nə siyasətçilər, nə viza, nə sərhəd, nə dövlət adı, nə bayraq. Heç biri. Avropanın içində boş bir sahə. Biz bunu edən kimi Gürcüstan da qoşulur. Sonra Rusiyanın bir hissəsi, sonra Türkiyə, getdikcə bu boşluq bütün Avropanı tutacaq. Oradan da Asiyanı. Dünya birliyi başa düşürsən? Dünya birliyi. Ərəb qəbilələri parça-parça qalmışdılar, Məhəmməd Peyğəmbər gəlib onları İslam adı altında birləşdirdi. İndi də həmin şey. Dünya ilk dəfə olaraq qocalmış deputatların yox, gənclərin əlində olacaq.

Mən qışqırdım:

- Eyy, özünüzə gəlin! Ağlınızı başınıza yığın. Nə dövlət çevrilişi, nə deputatlar? Biz azad cəmiyyətik. Azad cəmiyyət olaraq da qalmalıyıq. Dövlətə hücum etmək olar?! Onlar bizi bir saatın içində məhv edərlər. Bu sizinçün məhkəmə binasını yandırmaq deyil ee. İstəyirsiniz vətəndaş müharibəsi olsun? Gül kimi təmiz saf uşaqlar idik indi nə olub? Niyə vəhşiləşmişik ki? Başa düşmürsünüz? Dövlətin o boyda ordusu var, vertolyotlar, tanklar. Elə bilirsiniz ki, bu dəfə də su maşınları ilə gələcəklər? HOST-a qoşulanlara baxın. Hamısı cavan uşaqlardı, onları tankın qabağına verək? Biz burada kabinetdə rahat oturaq, onlar da güllələnsin? Sonra da növbə bizə çatanda qaçaq xaricə? Ağıllı olmaq lazımdır. Partiya yaradaq seçkilərdə iştirak edək. Çevriliş olmaz, dövləti məğlub edə bilmərik. Buna gücümüz çatmaz...

Mən danışırdım. Amma uşaqlar üzümə elə baxırdılar ki, elə bil mən nağıl zad danışıram. Onlar mənə balaca uşağa, heç nədən xəbəri olmayan uşağa baxdıqları kimi baxırdılar. Bir dəqiqə sakit durandan sonra Aslan dedi:

- Yaxşı, Anar, sənə bir şey deməliyik. Hmmm. Səncə bəs indiyə qədər biz fahişələri yandıranda, camaata hədə-qorxu gələndə, universitetlərdə qarışıqlıq salanda, dükanları dağıdanda dövlət bunu görmürdü? Səncə dövlətin xəbəri yox idi ki, biz hansı binanın hansı mənzilində yığışırıq? Səncə bilmirdilər ki, neçə nəfərik? Dövlət bu qədər zəifdir ki, indi episentri mühasirəyə alıb hamımızı qıra bilməsin? Get küçədə HOST köynəyini geyinməyib bir mağazadan çörək oğurla, o dəqiqə polislər səni tutacaqlar. Amma get HOST köynəyində həmin dükanı yandır. Heç kəs heç nə etməyəcək..

- Nə demək istəyirsən? Bu niyə belədir ki? Doğrudan niyə indiyə qədər dövlət bizə heç nə etməyib?

Aslan ayağa qalxıb gülümsədi:

- Çünki dövlət elə bizik. Biz dövlətik. Abbas MTN-dən heç vaxt çıxmamışdı. Bizim bütün maddi dəstəyimizi Prezident şəxsən dövlət büdcəsindən ayırırdı. Mühafizəçilərimiz Daxili işlər Nazirliyinin işçiləridir.

- Siz məni dolayırsız?

Azad dedi:

- Bu böyük bir gizli plan idi. Dövlət özü bunun üzərində illərlə baş sındırırdı. Azərbaycan Avropalaşır. Dünya çirklənir, neftimiz batır, rüşvət, əxlaqsızlıq, haramçılıq. Bunun qarşısını Prezident tək ala bilməzdi. Çünki onu bir dəqiqənin içində daha böyük qüvvələr - Amerika, Rusiya kimi fiqurlar məhv edərdi. Ona görə dövlət belə bir priyom işlədir. Güya ki, normal demokratik bir ölkədir. Amma onun içində gizli, radikal qruplaşmalar var. Özü də onlar dünyanın ümumi sisteminə qarşı çıxıblar. Yuxarıdan Amerika bunu görüb Prezidenti sıxışdırır ki, bunların qarşısını al. O da ondan kömək istəyir. Amerika müəyyən miqdarda pul ayırır. Həmin pul bizə qarşı işlənməli idi. Amma bu pul da bizim güclənməyimizə sərf olunur. Biz dörd nəfərdən başqa bunu heç kəs bilmədiyindən, xarici casuslar da bizim dövlətlə əlaqəmizdən xəbər tuta bilmirlər. Hansı HOST-çuya yaxınlaşırlarsa hamısı ancaq yeni gəlmiş peyğəmbərdən danışır. Hansı polisə yaxınlaşırlarsa hamısı bizim Vəhhabilər, ya da Amerika tərəfindən idarə olunduğumuzu deyir. Xaos. Heç kəs heç nə bilmir. Bu dəyirmi masa və Prezidentin xüsusi 4 nəfərlik komandasından başqa heç kəsin heç nədən xəbəri yoxdur.

- Yox ola bilməz ? Siz qəsdən elə deyirsiz ki, inanım. Lap tutaq ki, elədir. Lap tutaq ki, dövlətin öz işidir. Bəs niyə dövlət özünü dağıtmaq istəsin ki? Kim istəyər ki, dövlət dağılsın?

- Dövlət dağılmır ki? Dövlət öz idarəçiliyini davam etdirir, sadəcə başqa bucaq altından. Təsəvvür edirsən bu Azərbaycan üçün nə deməkdir. Boş bir yer yaranır. Tarixin sınma nöqtəsi. Gürcüstan, Türkiyə, digər ölkələr hamısı birləşir boşluqda. Bəs bu boşluğun mərkəzi haradır? HOST-un mərkəzi haradır? Episentr. Episentr haradadır? Bakıda. Çox sadə bir siyasi oyun. Bakı haranın baş şəhəridir? Azərbaycanın!

- Siyasi oyun? Siyasi oyun? Deməli mən sevgilimi hansısa bir siyasi oyuna görə atmışam?! Deməli bütün ideallarımız, bütün arzularımız hamısı siyasi oyundur? Hava, Od, Su, Torpaq. Bunlar hamısı siyasi oyundur. Elə bilirsiniz sizin məni bu qədər aldatdığınızı bağışlayaram? Mən bir dəfə hər şeyə tüpürüb getmişdim. Bunu ikinci dəfə də edə bilərəm. Siyasi oyun. İndi buradan çıxıb hamıya deyəcəm hər şeyi. “Eyy camaat, fərqlilərin birliyi, İlahi ordu, HOST, bunlar hamısı siyasi oyun imiş. Qayıdın evinizə boş-boş vaxtınızı nəyə gəldi sərf etməyin. Gedin uşaqlarınızın, valideynlərinizin yanına. Hamısı siyasi oyun imiş. Sizə nə, siyasi oyunlarla qoyun siyasətçilər məşğul olsun. Siyasi oyun”...

- Kəs səsini!!! – Azad əlini masaya çırpıb qışqırdı - bəsdir özünü uşaq kimi apardın. İndi ən vacib anda bircə sənin paranoyan çatışmırdı. Özünə gəl. Beş dəqiqəyə çıxıb hücumu elan etməliyik. Milli Məclis də artıq boşaldılıb. Xüsusi qrimlənmiş yaralılar, yalançı tapancalar hamısı bizim hücumumuzu gözləyir. Sən də burada isterikaya düşmüsən. Əlbəttə ki, bu sadəcə oyun deyil, əlbəttə bizim ideallar öz yerində qalır. Əlbəttə arzularımız var və onlara çatacağıq. Sadəcə bir az fərqli vasitələrlə. Özün bilirsən. Əsas vasitə deyil, əsas nəticədir.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə