Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki




Yüklə 0.54 Mb.
səhifə4/9
tarix23.02.2016
ölçüsü0.54 Mb.
1   2   3   4   5   6   7   8   9

HAVA, OD, SU, TORPAQ
Abbas gələndə hamı baş zala keçdi. Deyəsən yaxşı xəbərlə gəlmişdi. Ortaya keçib danışmağa başladı:

- Uşaqlar, indi danışacağım şeydən sonra kim istəsə bu birliyi tərk edib gedə bilər. Əvvəlcə A-nın dediklərini bir daha təkrarlamaq istəyirəm. Kiçik bir mətn hazırlamışam. Burdan hər şey aydın olacaq. Kim istəsə götürsün.



H.O.S.T
Sənə öyrədilən hər şeyi unut.

Sən qum dənəciyi qədər kiçiksən.

Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.

Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”.

100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.
Sənə danışılan heç nəyə inanma.

Sənin beynini uşaq nağılları ilə doldurdular.

Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.

Sən heç vaxt xoşbəxt olmayacaqsan.

Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.
Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.

Biz Tarixin sınma nöqtəsiyik.

Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.

Bizim üçün dəyərli heç nə yoxdur.

Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.
Sənə inanan hər kəsi aldat.

Səni tərifləyən hər kəsi söy.

Bizi öldürməyən bizi gücləndirir.

Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.

Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.

Bizim döyüşümüz özümüzə qarşıdır.
Bu mətni tam anlaya bilməmişdim. Amma onda nə isə qəribə bir doğmalıq hiss olunurdu. Birdən-birə beynimə təzyiq gəldiyini hiss etdim. Az qala huşumu itirirdim. Mətnin şüuratı təsiri vardı. Özümü pis hiss etməyə başladım. Sonra bir də oxudum. İçimdə hansısa bir sıxıntı yarandı. Çox qəribə idi. Elə bil sözlərdə hansısa gizli bir şifrə, kod var idi. Onu tapmağa çalşırdım. Abbasın səsi fikirlərimi yayındırdı:

- A dedi ki, bu vərəqləri hər yerdə paylayaq. Bu gün bir çox ali məktəblərə paylamışıq. Arxada əlaqə internet ünvanı da var. Bizə məktub yazırlar. Məncə bu sözlərdə nə isə gizli bir şey var. Çünki onlardan sonra elektron ünvana xeyli məktub gəlib. Intihar etmək istəyən, depressiyada olan gənclər öz dərdlərini danışırlar. Onlara heç kəs deməyib ki, bizdə belə bir qayda var. Onları heç kəs məcbur etməyib ki, tanımadıqları ünvana bütün həyatlarını yazsınlar. Məktubları da sizə paylayaram. Özünüz görəcəksiniz.


Aysel yadıma düşmüşdü. İstəyirdim ki, iclası saxlayıb Ayseli necə sevdiyimdən danışım. Sonra Aslana baxdım. Onun gözləri dolmuşdu. Ümumiyyətə içəridə olan hər kəsdə qəribə bir narahatlıq vardı. Bircə Abbas rahat idi.

O deyirdi:



- Uşaqlar, cəmiyyət içində yaşamaq gündən-günə çətinləşir. Deyirlər ki, bir nəfərin ölümü faciədir, 1000 nəfərin ölümü isə artıq statistikadır. Biz tanıdığımız insanların dərdinə acıyırıq. Tanımadıqlarımız isə rəqəmlərdir. Gündə minlərlə insan acından, xəstəliklərdən ölür. Bir Titanikin batmasına biz göz yaşı ilə baxırdıq. Titanik boyda gəminin faciəvi məhvi ürəyimizi ağrıdırdı. İndi təsəvvür edin ki, hər gün, hər saat bir Titanik batır, dalbadal, dayanmadan. Hər gün 24000 insan aclıqdan və onun törətdiyi xəstəliklərdən ölür. Ölənlərin 60 %-i 5 yaşından kiçik uşaqlardır. Yoxsulluq və kasıblıq hər gün artır. Bu gün gündəlik yemək tapmayan insanların sayı 800 milyona çatıb. 2007-ci il üçün dünya gəlirinin 80 %-i dünya əhalisinin 15 %-inə çatır. Burda bərabərsizliyin nə dərəcədə yüksək olduğunu görürsünüz. Yalnız 15 % əhalinin orta aylıq maaşı 30000 dolar təşkil edir. Qalan 85 % əhalidə isə orta aylıq maaş 30 dollardır.

Bizə bu qəribə gələ bilər. Amma bilin ki, dünyada nə qədər yalan olsa da rəqəmlər heç vaxt aldatmır. Bu aclıqlar bir yana, dünyada 200 milyondan çox narkoman var. Və illik narkotik gəliri 320 milyard dollar hesablanır.

Bu pulların hesabına bütün dünyanı xilas etmək olar. 4 milyard insanı xilas edə biləcək pul narkomanların kefinə gedir. Baxın siz bayaqkı mətni oxuyandan bu vaxta kimi bilirsiniz neçə uşaq acından öldü? İnsanlar azğınlaşıb. Deyəcəksiniz ki, bu həmişə belə olub? Yox, bu qədər ədalətsiz dövr hələ olmayıb. Siz ayda qazandığınız 500 dollarla kifayətlənib ailənizi saxlaya bilərsiniz. Amma biləndə ki, bir ay əzab-əziyyətlə qazandığınız 500 dolları pozğun fahişə bir gecədə qazanır, avtobusda arvadınıza kimsə söz atanda həmin fahişə öz avtomobilini sürür, işdə üstünüzə qışqıran müdiriniz bəlkə həmin gecə fahişənin ayağının altını öpür - bunlara nə deyəcəksiniz?

Bəs İraqın bombalanması? Ya da ki, baş örtüklərinə görə universitetdən qovulan tələbələr. Ya qlobal depressiya? Avropanın 80%-i bu dəqiqə depressiyadadır. Özləri də bilmirlər nəyə görə. Heç bir çıxış yolu yoxdu. Bütün psixoloqların məsləhətləri, Yoqa dərsləri, mənasız meditasiyalar, Tibet fəlsəfəsi, məsciddə yatıb məsciddə oyanan möminlər, komediyalar, Hollivud, MTV, seks, Havay adalarında keçirilən tətillər, Gucci, satanistlərin gecə ritualları, ezoterika, nəsli kəsilməkdə olan kenqurulara yardım fondu, kilsə mahnıları, tanışlıq saytları, astral uçuşlar, ev heyvanları, hippilik, populyarlıq, pul - bunarın heç biri sizi xilas etməyəcək. Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Biz özümüz çox xoşbəxt ola bilərik. Amma əhatəmiz iyrənc olsa buna dözə bilmərik. Bütün sadaladıqlarım depressiyanın dərmanlarıdır. Amma bəzən xəstəlik elə ağır olur ki, cərrahiyyəyə ehtiyac yaranır. “Böyük təmizləmə” başlanmalıdır. Biz insanlığı sağalda bilmədik. Xəstəlik qanqrenlə yavaş-yavaş bütün bədənə yayılır. Deməli çıxış yolu ancaq amputasiyadır. Bu gündən etibarən biz radikallaşırıq. Hər şeyə qarşı. Heç bir güzəşt yoxdu. Heç bir qayda yoxdu. Gördüyümüz hər bir pisliyə qarşı bir mənalı döyüş. Bizə terroçu deyəcəklər. Amma uşaqların həmişə iynədən zəhlələri gedir. O biri otaqda sizin üçün qara köynəklər almışıq. Üzərində qırmızı dairənin içində ulduz işarəsi var. Bu işarə ilə biz bir-birimizi tanıyacağıq. Haqsızlıqlara qarşı mübarizənin planını sabah hər kəs yazıb gətirsin. Biz ən uyğunlarını seçib həyata keçirəcəyik. Artıq A hücuma başlayıb. Kim nədən narazıdır və onun qarşınsını necə almağı təklif edirsə sabah bir kağıza yazıb gətirsin. Mənim özümdə də bir neçə plan var.

Bu sözlərdən sonra mən Abbasa dedim:

- Sual vermək olar?

- Buyur. Burda hər şey olar.

- Mən bir şeyi başa düşmədim. Sistemə qarşı döyüşməklə necə xoşbəxtliyə çıxmaq olar ki? Dağıtmaq, sındırmaq - axı bu düz olmaz. Əslində düzəltmək lazımdır. Dağıtmaqla necə xoşbəxt ola bilərik ki?

- Sən cücənin nağılını oxumusan? Bu çox qəribə bir nağıldır.


CÜCƏNİN NAĞILI
Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ?

İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”.

Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı...
Bəzən xilas olmaq üçün məhv etmək lazımdır
Mən Abbasın nə demək istədiyini indi başa düşdüm. Doğrudan da tarixə baxanda inqilablar insanlığa ancaq xeyir gətirib. Roma dağıldı - quldarlıq məhv oldu. Kəndlilər üsyan etdi - feodallar məhv oldu. Xalq birləşdi - monarxiya məhv oldu. Ətrafımızakı yumurtanı sındırmadan xoşbəxt ola bilmərik.

Azad gələndə məni kənara çəkdi:

- Anar, sənə maraqlı xəbərlərim var. Ayseli tapmışam.

Bu adı eşidəndə içimdən qəribə bir titrəyiş keçdi. AYSEL AYSEL AYSEL. Kaş hamı yox olaydı. Dünyada tək onunla qalaydım. Adəmlə Həvva kimi. Onun mavi gözlərinə baxaydım. Ömrümün sonuna kimi onunla qucaqlaşıb dalğaların səsini dinləyəydim. SEVGİ...

Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya üçün ən böyük sirr olaraq qalırdı.

SEVGİ NƏDİR?

Niyə onun adını eşidəndə ürəyim titrəyir? Niyə onu qucaqlamaq istəyirəm? Niyə başqa qızlar gözümdə yox olur? Niyə mənim özümdən zəif bir varlığa ehtiyacım var? Qızların sevgisini haradasa başa düşmək olar. Oğlan qızdan güclüdür, qüvvətlidir, onu saxlayır, əzizləyir, qoruyur. Qızın oğlana ehtiyacı var. Bu qəribə deyil. Amma oğlan nə üçün özündən zəif bir varlığı qorumaq istəsin ki? Niyə bizdən qat-qat gücsüz bir qızın qarşısında diz çökməyə hazırıq? Necə olur ki, bir qızı sevirik, o birini yox? Bu nədən asılıdır? Gözəllikdən, xasiyyətdən, ağıldan, zövqdən, yoxsa hamısı bir yerdə? Bəlkə Allah qadınlara xüsusi bir sehrbazlıq verib və onlar bizi tilsimləyirlər. Sadəcə bunu özümüzdən gizli saxlayırlar ki, onlara etibarımız itməsin.. Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz taleyimizlə qarşılaşırıq? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğrudan da belə bir şey var?

Amma nə də olmasa mən Ayselin adını eşidəndə ciyərlərimdə hava donub qalır, ürəyim daha tez döyünməyə başlayırdı. Buna mən sevgidən başqa ad verə bilmirdim. MƏN AYSELİ SEVİRDİM!!!

- Heyy, Məcnun, ay kişi, nə oldu sənə fikirə getdin? Eyy...Anar, Anar, kosmosda vəziyyət necədir? Siz bizi eşidirsiz?

-Hə Azad, Aysel haradadır? Bu dəqiqə gedirəm onu gətirməyə.

- Yox, özünə gəl. Bu bir az çətin olacaq. Sən Ayseli qaçırandan sonra div bir addım da qızdan uzaqlaşmır.

- Heç nə olmaz, mən o divə göstərərəm.

- Ay qardaş, mən əlimdən gələn köməyi eləməyə hazıram. Amma bir az səbrli ol. O div sən girən kollardan deyil. Səni də, Ayseli də bir günün içində yox eləyər. Onu qaçıra bilməzsən.

- Bəs onda niyə deyirsən ki, Ayseli tapmısan?

- Onunla əlaqə saxlaya bilərsən. Aysel indi Divin villasında qalır. Onu heç yana buraxmırlar. Deyəsən qaçırılma prosesi Ayselin reytinqini qaldırıb.

- Azad, uzatma ürəyim üzüldü. Necə əlaqə saxlaya bilərəm?

- Villaya girmək mümkün deyil. Onu 7-8 cangüdən qoruyur. Ayselin telefonunu da əlindən alıbar. Amma biz həmin evin xadiməsini tapmışıq. Təmizlik işlərinə baxır. Çox vaxt Ayselin yanında olur. Həftədə 3 dəfə. Özü Adilgilin qonşusudur. Sən məktub yaza bilərsən. Biz xalaya demişik o da razılaşıb. Deyir ki, yazıq qıza zülm edirlər. Eşidəndə ki, onun sevgilisisən iki əlli razı oldu. Sən məktubla əlaqə saxla. Hələ ki, onu çıxara bilməzsən. Amma bir azdan bizim gücümüz artacaq. Bu biqeyrətlərin hamısının belini qıracağıq. Dünya gənclərin əlindədir. Bir azdan gənclər də bizim tərəfimizdə olacaq. Onda görəcəyik kimdi güclü.

- Düz deyirsən. Məktubu Adilə verim hə?

- Hə, hə, Adilə ver. O çatdıracaq.

Sonra biz zala keçdik. Uşaqlardan kimsə yenə öz dərdini danışırdı. İşıqlar sönmüşdü. Hamı diqqətlə dinləyirdi.



“İstəmirdim ki, anam bilsin. Amma məktəbdə məni döyürdülər. Evdə deyirdim ki, yıxılmışam. Axı desəydim anam məktəbə gələcəkdi. Hamı mənə güləcəkdi həmişəki kimi. Onlar mənim uzun saçlarımı dolayırdılar. Mənə qızbibi deyirdilər”.
A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda müqəddəs üçlüyü bildirir. A Pentaqrammda (İnsan və kainatın rəmzi olan – çevrədə beş güşəli ulduz ) hər bir güşədə oxunur. Rəqəmsal anlamı “1”, potensial enerjidən aktuallaşmaya keçiddir. Xristian teologiyasında İsanın beş yarasının göstəricisidir. Yunanlarda Alfa hər şeyin başlanğıcı mənasındadır. Slavyanlarda A əlifbanın ilk hərfi olub “Mən”-i bildirir. Hinduların inancına görə “Aom “ kəlməsi dünyanın yaranmasına səbəb olub.

Lomonosova görə A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. Kainatın varlığıdır.

A – Eqonun simvoludur.

=====================================================================================
MƏKTUB
Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər çox şey yazmaq istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni tapmışam. Yadındadır, səninlə yolda fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz istəyən kimidir. Heç kəs heç kəsdən sirr saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda cəmiyyətin ədalətsizliklərinə qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan qaldıracağıq. Bilirsən biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə dilinə, nə də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim üçün bəsdir. Bir də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç kəs maddi şeylərin dalınca qaçmır. Biz nə bahalı geyim istəyirik, nə də ki qır-qızıl. Bizim fikrimizcə dünyanın ən mənasız addımı qızılı qiymətli hesab etməsində olub. Ətrafımızda gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək istəyirik. Bizim başçımız var. Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala bilməz. Onun böyük planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. Hava Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi tamam dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər kəsi bərabər edə bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu bərabər bölsək də, hüquqları bərabər bölsək də heç vaxt gözəl ilə çirkini bərabər edə bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç vaxt gözəl ilə çirkin, uzun boy ilə qısa boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin gözü qara rəngdə olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın. Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O hər kəsə eyni qədər işıq verir. Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər. Evdə də məni bir az danladılar. Amma indi hər şey yaxşıdır. Yəqin başa düşdün ki türmədən qaça bilmişəm. Bu da çox qəribə bir əhvalatdır. Eeee mən nə yazıram, Aysel, sevirəm səni, sevirəm səni, çoxx, çox, çox sevirəm. Dayana bilmirəm sənsiz. Balaca, çox darıxıram. Haralardasan? Necəsən? Səni çox sevirəm, ayrıldığımız gündən bir gecə də olmayıb ki, səni yuxuda görməyim. Görüşdüyümüz gündən əvvəl də bir gecə olmayıb ki, səni yuxuda görməyim. Sən həmişə mənim yanımda olmusan. Səni həmişə sevmişəm. Səni tanımayanda da səni sevirdim. Başa düşürsən biz bir-birimizin yarıyıq. Adəmlə Həvva kimi. Biz bir-birimiz üçün yaranmışıq. Mən sənin üçün, sən də mənim üçün. Sənsiz bacarmıram. Bilmirəm səhərdən niyə başqa şey yazırdım. Bəlkə utanıram, bəlkə qorxuram. Sən doğrudan ordan qaça bilməzsən? Bağışla məni, biz gərək sərhədi keçməyəydik. Nə isə başqa yol tapmalı idim. Bağışla, indi səni qızıl qəfəsdə saxlayırlar. Bu mənim günahımdır. Canım, həyatım, bir az səbrli ol. Mən səni xilas edəcəm. Hər şey yaxşı olacaq. Məktubunu gözləyirəm. Hər zaman sənin və yalnız sənin Anarın..

Sevgilərlə..



Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.

Biz tarixin sınma nöqtəsiyik.

Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.

Bizim üçün dəyərli heç nə yoxdur.

Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.
Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib. Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi. Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: “Bilirsiniz mən kiməm? Mən çempionam. Dağıdaram hamınızı”. Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların kobud oğlanlardan xoşu gəlir. Çox təəssüf ki, bu doğrudan da belə idi.

Qasım əyilib əlini yuyanda birdən yanına nə isə batdı. Ani ağrıdan sonra Qasımın ayaqları əsməyə başladı, müvazinətini itirib düz unitazın qabağına yıxıldı. Onun qarşısında qara geyimdə qara kapüşonlu kiçik bir uşaq durmuşdu. Əlində də iynə var idi. Qasım ayağa qalxıb uşağın belini sındırmaq istəyirdi, amma bütün bədəni keyimişdi.

O əlini belə qaldıra bilmirdi. Onda Qasım uşağı söyüb qorxutmaq istədi. Amma dilini də tərpədə bilmədi. Uşaq onun yanında əyilib dedi:

- Ehh, Qasım Qasım... Nə pis zibilə düşdün hə? Bir azdan bütün məktəb biləcək ki, səni 11 yaşlı uşaq it kimi çırpıb. Vay-vay-vay, biabırçılıq olar ki. Görəsən qızlar sənə necə baxar? Ya sinifdə nə deyərlər? Bəs atan? Bəs məşqçin? Bax Qasım, mən çox ciddi adamam. Mənim boş-boş danışmaqdan xoşum gəlmir ona görə deyirəm. Bir də sənin kiməsə əl qaldırdığından xəbərim olsa çox pis olacaq. Bir özünə bax, sən insan deyilsən e, eşşəksən, eşşək. Belə bir söz var ee deyirlər ki, eşşək sözündəki “ş” ların sayı həmin adamın eşşəkliyindən asıllıdır. Sən də çox eşşşşşək adamsan. Elə bilirsən ki, güclə hər şeyi həll edə bilərsən. Bax, mən səndən 5 yaş balacayam. Amma sən unitazdan da dura bilmirsən. Yəqin maraqlıdır da bu necə olur? Mənim bir dənə kimyaçı dostum var. O da sənin kimi eşşəklərə qarşı maraqlı bir dərman fikirləşib. Onun bircə qramı dəridən keçən kimi bütün bədən 10 dəqiqəlik keyiyir. Sən artıq 3 dəqiqədir keyimisən. Bir azdan sənin immun sistemin zəhəri bədəndən çıxarmağa başlayacaq. Amma o vaxt mən artıq burda olmayacağam. Yeri gəlmişkən dərmanı iynə ilə batırmaq məcburi deyil. Onu yeməyə də tökmək olar. Bir azdan biz onu balonlara yerləşdirəcəyik. Və bircə dəfə fısqırtmaqla nəfəsinə keçib səni bu vəziyyətə salacaq. Görürsən, mən səndən də pis oğlanam. Ən maraqlısı bilirsən nədir? İndi qapının ağzında bütün dostların sənin çıxmağını gözləyir. Amma səndən qorxduqlarına görə bura girə bilmirlər. Bəlkə sən onları bu qədər döyməsəydin, biri girib səni xilas edə bilərdi. Ehh, Qasım. Ağlını başına yığ. Kapüşonun altından üzümü seçməyə də çalışma, onsuz da altdan maska da var. Əgər güclüsənsə gedib qoca nənələrə bazarlıqda kömək elə. Ya da ağac ək. Nə bilim, bir xeyirli iş gör. Başqalarına öz gücünü göstərmə. Sən hər gün kimisə döyürsən. Bu gün isə özün döyüləcəksən. Yox, mən səni döymək istəmirəm. Hmm. Qasım, “küçələrə su səpmişəm” mahnısını eşitmisən?

Qasım donub qalmışdı. Onun səsi də çıxmırdı. Həyatında ən çox güvəndiyi əzələləri onu dar gündə atmışdı. Qasım tək qalmışdı. Qasım ilk dəfə idi ki, gücsüzlüklə üzləşirdi. Qara geyimli uşaq dedi:

- Ehhh. Deyəsən eşitməmisən. Nə isə. Yəqin bilirsən də tualetə niyə gəlirlər. Zəhmət olmasa unitazın üstündən çəkil.

Qasım donub qalmışdı.

-Qasım, eşitmirsən işim var, unitazın üstündən çəkil. Mmmmmm

Qasımın gözləri bərəlmişdi. O qədər gərgin idi ki, ürəyinin döyüntüsünü də eşitmək olurdu. Qasım tərpənə bilmirdi. Var gücü ilə hərəkətə gəlmək istəyirdi . Amma tərpənə bilmirdi.

- Qasım, dözə bimirəm, tökülürrr, hmmm. Qasım... Bax çəkilmirsənsə mənlik deyil. Mən işəyirəm.
Bu an Qasımın bütün 18 illik həyatı gözünün qabağından keçirdi. Qasım həyətin şefidir, Qasım məktəbdə hamını döyür. Bütün əzişdirdiyi sifətlər, bütün qazandığı medallar, bütün zərbələri, bütün məşqləri, biləyi ilə sındırdığı taxtalar. Hamısı. Hər şey. Bütün kişiliyi, mənliyi, qeyrəti, qüruru. Hər şeyi məhv olmuşdu... Qasım unitaz idi... Sidik onun sinəsinə tökülür, arada üzünə sıçrayır, çənəsindən süzülürdü. O sidiyin iyini alır, istisini hiss edirdi. 15-cə saniyə Qasım üçün əbədi uzanmışdı. Bədənində hərəkətli olan bircə gözləri idi. Bir də onlardan axan yaşlar.

Uşaq işini bitirəndən sonra Qasıma diqqətlə baxıb başını yellədi.

- Eh Qasım, Qasım... İndi görürsən gücsüzlük nə pis şeydi. Mən day gedim. Başqa işlərim də var. Amma sözüm sözdür. Bir də görsəm ki, kiməsə əl qaldırmısan, biz eyni prosesi təkrar edəcəyik. Gələn dəfə lap istəsən video ilə. Məncə bütün məktəbə maraqı olar. Yaxşı Qasım, sənin hələ 3 dəqiqən də var. Bir az da fikirləşə bilərsən. Mən getdim.

Qara kapüşonlu uşaq qapını açıb ayaq yolundan çıxdı. Onun dediyi kimi bütün sinif qapının ağzında gözləyirdi. Amma Qasım çıxmamış onlar içəri girməyəcəkdilər. Onlar Qasımın qanunlarını poza bilməzdilər. Onlar bilmirdilər ki, bir azdan Qasım ağlaya-ağlaya çıxıb evə gedəcək. Səhəri günsə sinfin ən sakit uşağına çevriləcək. Qasımın birdən-birə müsbət tərəfə necə dəyişdiyi onlar üçün həmişə sirr olaraq qalacaq.

Sənə inanan hər kəsi aldat.

Səni tərifləyən hər kəsi söy.

Bizi öldürməyən bizi gücləndirir.

Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.

Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.

Bizim döyüşümüz özümüzə qarşıdır.


BALU və SUTA
Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :

- Suta, iki üstəgəl bir neçə edir?

Suta cavab verir:

- Üç.

Balu gülüb deyir:

- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.

Suta deyir:

- Yox, üç edir.

Balu deyir:

- Beş.

- Yox, üç.

- Yox! Beş.

Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.

Bir həftə idi ki, Ayseldən məktub gəlmirdi. Çox darıxırdım. Nigaran idim. Həm də o qədər maraqlı şey olurdu ki, hamısını Ayselə danışmaq istəyirdim. Biz fikirlərimizi, ideologiyamızı kiçik kağızlarda gənclərə paylayırdıq. Sayımız getdikcə artırdı. Məktəblərdə, universitetlərdə haqqımızda söhbətlər gəzişirdi. Gənclər çoxdan belə bir şeyin baş verməsini gözləyirmişlər. Onlar bu daxili boşluğu hiss edirdilər. Ona görə bütün ümidsizlər və tənhalar, romantiklər və şizofreniklər bizə qoşulurdu. Qərargah iki hissəyə bölünmüşdü. Bir hissədə əvvəldən gələnlər idi. Bir hissədə isə təzə gələnlər yığışırdı. Onlara ilk tapşırıqlar verilirdi. Birinci iş olaraq hər kəs küçədə tanımadığı bir adama yaxınlaşıb ona bütün həyatını danışmalı idi. İnsanlar çox vaxt bizdən çəkinirdilər. Elə bilirdilər ki, indi bu manyakalar onları bıçaqlayacaq. Hər birimiz Qara kapüşon geyinirdik. İsti havada qara köynəklərdə olurduq. Bizim işarəmiz isə qırmızı Pentraqramm idi. Lakin bu Satanistlərin Pentaqrammından fərqli olaraq onun əksinə çevrilmiş forması idi. Bununla biz Şeytana və pisliklərə qarşı olduğumuzu bildirirdik. İkinci tapşırıq - etmək istədiyimiz lakin edə bilmədiyimiz bir şeyi etmək idi. Bu əslində daha maraqlı idi. Bəzən kimsə şəhərin mərkəzində dombalaq aşırdı. Kimsə dərsin ortasında sevgilisinə çiçək bağışlayırdı. Kimsə gecə qəbirstanlıqda yatırdı. Kimsə tanımadığı adamların toyuna gedib ürəkdən rəqs edirdi. Kimsə heyvan dükanından meymun alıb sinfə buraxırdı. Kimsə saçını qırmızı rəngə boyayırdı. Kimsə tatuaj vururdu. Bu, içimizdəki uşağı yenidən oyadırdı. Bizi şəhərdə barmaqla göstərirdilər. Bəziləri bizi dolayırdı. Bizim onlara sadəcə yazığımız gəlirdi. Çünki dolamaq artıq hər bir şeyi məhv olmuş insanlara məxsus xüsusiyyət idi. Evdə bizi danlayırdılar, küçədə söz atırdılar, məktəbdə cəzalandırırdılar. Amma biz fikir vermirdik. Növbəti tapşırıq dilənmək idi. Hər kəs bir gün dilənçi paltarı geyinib şəhərin mərkəzində dilənməli idi. Bu bizim içimizdəki qüruru öldürürdü. Başa düşürdük ki , bizim öz hörmətimiz yoxdu, yalnız paltarlarımıza görə bizi sevirdilər. Dilənən gün bir qız da mənə baxmadı. Hər dəfə nahar etdiyim kafeyə isə girən kimi qovdular. Mən yenidən girmək istəyəndə qoymadılar. Onda mən cibimdən 100 dollarlıq əskinazı menecerə göstərib dedim. Mənim pulum var. İcazə verin nahar edim. Amma qarşımda duran düdük mənim paltarımı göstərib dedi:

- Bağışlayın, mən sizi bu görkəmdə içəri buraxa bimərəm. Bu o biri qonaqlara qarşı mədəniyyətsizlik olar.

Mən səsimi qaldırıb dedim:

- Mədəniyyətsizlik olar? Bəs o bar fahişəsinin çılpağ baldırlarını qaldırmağı mədəniyyətsizlik deyil? Ya o biri masada əyləşən bığlı daydayın əyilib ayaqqabısını silirmiş kimi fahişənin tumanına baxması mədəniyyətsizlik deyil? Ya o yandakı mavinin geydirmə döşləri mədəniyyətsizlik deyil? Ya sizin işçilərin pullu daydaylara hesabda atması mədəniyyətsizlik deyil? Bəlkə menyudakı yeməklərin bəzilərini üzbəüzdəki ucuz kafedən alıb burda baha satmağnız da mədəniyyətsizlik deyil? Yoxsa burda eşşək kimi içib kişilikdən, namusdan, qeyrətdən, ana-bacıdan danışan qaqaşların evə gedib analarını söyməsi də mədəniyyətsizlik deyil?

Düdük, sözsüz ki, mənim danışdıqlarımdan heç nə qanmırdı. Onun qulağının unitazı çoxdan tutulmuşdu. Heç bir sözün xeyri yox idi. Onda Azad məni kənara çəkdi. Mən bir az əsəbi idim. Azad dedi:

- Gəl bura vaxtını boş insanlara sərf etmə. Bu dəqiqə nə qədər dostumuzun bizə, bu sözlərimizə ehtiyacı var. Sən isə qozbellərdən yapışmısan. Bunu bir dəfəlik yadında saxla.

A deyir ki, Çürümüş odundan ocaq olmaz. Cavanların üzərində işləyin. Yüz əxlaqsızı düz yola gətirməyə sərf edəcəyiniz vaxtda min əxlaqlı da əxlaqsız olacaq.

Mən yenə də mübahisə etmək istədim. Onda Azad mənə BALU və SUTA-nın hekayəsini danışdı.

Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma”.


Hekayə bu sözlərlə bitir. Mən heç nə başa düşmürəm. Səbrim tükənir və soruşuram:

- Azad, nə mənasız nağıldı.

Azad deyir:

- Bu nağıl üç günlük nağıldı. Üç gün fikirləş...

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə