Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU




Yüklə 2.15 Mb.
səhifə18/36
tarix22.02.2016
ölçüsü2.15 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

"...Bu konsepsiyanın (Albaniyanın guya Ərməniyyənin şərq əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının “Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir.

Doğrudan da bu mənbədə “Şərq ölkəsi” (ll kitab, XX fəsil), “Şərq” (l kitab, Vlll fəsil), “Şərq məmləkəti”(l kitab, XXVll fəsil, ll kitab, l, XXVll və XXXVll fəsillər) ifadələri yer almaqdadır. Erməni tarixçiləri bu ifadələri “Erməni Şərqi”, “Şərqi Ərməniyyə”, “Ərməniyyənin şərq əyaləti” kimi, eləcə də Mehranilər sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” (ll kitab, XXVll fəsil, ll kitab, XXVlll fəsil) ifadəsini “Erməni Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (l kitab, Vl fəsil) ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər.

Əslində isə bu ifadələrin heç birində “Ərməniyyə” sözü yoxdur. Fəridə Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa Kağankatlı “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının ən şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz açmışdır. Eyni müəllif xristian bizanslılardan danışarkən də “Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian Bizansı nəzərdə tutmuşdur (məsələn, l kitab, XXll fəsil, ll kitab, X fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin əsgərləri” adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq dənizi”(ll kitab, ll fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm edilib (ll kitab, ll fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində gizlənən” kimi səciyyələndirilir (ll kitab, ll fəsil). Eyni mənbədə xəlifədən də “Cənubun şahı” deyə söz açılmaqdadır: “Cənubun şahı Şərqin knyazını, şöhrətli Cavanşiri yanına dəvət etdi” (ll kitab, XXVlll fəsil). Türküstan, yəni türklr ölkəsi isə “Şimal” adlandırılır (ll kitab, XXVll fəsil), hunlar, savirlər və xəzərlər üçün isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir (l kitab, Xll və XXVll fəsillər; ll kitab,Xlll fəsil)... Gördüyümüz kimi, əsərdəki “Şərq”, “Qərb”, “Cənub” və “Şimal” ifadələrinin Ərməniyyənin kordinatları ilə heç bir əlaqəsi yoxdur.”

Eyni şeyi Akopyanın da yazılarının ruhunda da görürük. Bu müəllif əski erməni tarixçilərinin əsərlərində göstərilən faktları da özü istədiyi kimi şərh etməkdən çəkinmir. Məsələn, Həm Moisey Xorenatsi, həm də Tovma Artsruni göstərmişlər ki, Kür – Araz bölgəsində saklar, utilər və albanlarla yanaşı qarqarlar da yaşamış və burada onların adını daşıyan Qarqar düzənliyi olmuşdur. Akopyan isə iddia edir ki, guya Qarqar düzənliyi Kürdən şimalda olmuşdur. O, iddialarında daha da uzağa gedərək bildirir ki, guya qarqarlar alban xalqlarından biri deyildi və albanların da heç bir yazısı olmamışdır. Bu halda da o, əski ermni tarixçilərinin söylədiklərini inkar etməkdədir.

Kür və Araz çayları arasında yerləşən bütün ərazilərin, o cümlədən Qarabağ və Uti vilayətinin Ərmniyyənin tərkibində olduğunu iddia edən bütün erməni müəllifləri öz iddialarını əsaslandırmaq üçün bəzi mənbələrdə adı “Etuini” (Eduri – Etuini) və ya “Otena” (Udin) kimi çəkilən və Ərməniyyənin tərkibində olduğu vurğulanan əski Urartu vilayəti ilə Bərdə ətrfında mövcud olan və erməni mənbələrində adı Utik, antik mənbələrdə isə “Toten” kimi qeyd edilən alban vilayətini eyniləşdirirlər. Bu halda onlar antik müəlliflərin Araz çayınn Atropatena ilə Otena arasından axdığı və onlar arasında sərhəd olduğu barədəki fikirlərini misal çəkirlər. Eyni zamanda Araz çayınn Atropatena ilə Ərməniyyəni ayırdığı barədə Strabonun dediklərini misal çəkirlər. Şübhəsiz ki, bu halda Atropatenanın guya Arazdan cənubda yerləşdiyinə inanan Azərbaycan alimlərinin onlara tutarlı cavab verə bilməsi mümkün deyildir. Halbuki, Atropatenanın həm də Arazdan şimaldakı torpaqlarımızı əhatə etdiyini və bu ölkə ilə Ərməniyyə arasındakı sərhəddin çayın şimaldan cənuba axan hissəsinin olduğunu qəbul etsək, - bunu Polibiy və Strabonun sözləri tam təsdiq edir, - o zaman hər şey aydın olar. Yəni aydınlaşar ki, Atropatena Bərdə ətrafındakı, yəni Kür – Araz ovalığındakı Uti (erməni mənbələrində Utik) vilayəti ilə yox, Arazın qərbindəki əski Urartu vilayəti Otena (Udin) ilə həmsərhəd imiş. Uti isə Atropatenanın tərkib hissəsi idi.

Biz bu məsələyə kitabımızın “Kutilər və Mahan (Manna) dövləti” bölümündə toxunduğumuzdan onun üzərinə yenidən qayıtmaq istəmirik, fəqət bəzi məsələləri xatırlatmağı vacib hesab edirik.

Udinlərin mənşəyi məsələsinə toxunan iL.M.Meliksetbekov haqlı olaraq, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri - Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir. O, haqlı olaraq yazmışdır ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər. Yəni alim öncə Urartunun, daha sonra isə Ərməniyyənin tərkibində olmuş Etuini (Otena, Udin) vilayətinin Bərdə ətrafındakı Uti – Otenadan fərqli bir şey olduğunu göstərmişdir.

Xatırladaq ki, elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Bərdə şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir.

Bu deyilənlərdən açıq – aydın görünür ki, Atropatena məhz Ağrı dağı bölgəsində yerləşən Etuini (Otena, Udin) vilayəti ilə həmsərhədd idi və onları Araz çayı ayırırdı. Bərdə ətrafındakı Uti (Otena) vilayətinə gəlincə isə, o, l əsrə qədər Atropatenanın tərkibində olmuş, l əsrdən sonra isə Albaniyann tərkibinə keçmişdir. Təsadüfi deyi ki, Ptolomey Otenadan (Utidən) məhz Atropatenanın vilayəti kimi söz açmışdr. Iqrar Əliyev də özünün “Midiya tarixi” kitabında Atropatenanın əhalisindən danışarkən uksi (oğuz), kark (kərki), mik (maq, muğ) və s. ilə birlikdə utilərin də (udulular) adını çəkmişdir. Lakin çox təəssüflər olsun ki, rus – sovet konsepsiyalarına hələ də ağlasığmaz bir “sadiqlik” göstərən Azərbaycan alimləri Atropatenanın Arazdan şimaldakı torpaqlarımızı da əhatə etdiyi fikrini inkar edərək, bu günə qədər iki Otenadan (Utidən) – Atropatena və Albaniya Otenasından fərqli – fərqli vilayətlər kimi söz açmaqda və guya utilrin öncə Arazdan cənubda (Atropatenada) yaşadıqları və sonralar oradan şimala (Albaniyaya) köçdüklri barədə cəfəng konsepsiyanı müdafiə etməkdədirlər.

Məsələn, Qiyasəddin Qeybullayev kimi böyük alim də Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, guya onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər.

Yeri gəlmişkən qeyd edək ki, Kür – Araz vadisi ilə bağlı qondarma erməni (hay) konsepsiyaları ermənilərin hər zaman himayəçisi olmuş rus və sovet alimləri tərəfindən də dəstəklənmişdir və təbii ki, bu dəstək Kremlin direktivləri əsasında gerçəkləşmiş, elmi deyil, siyasi mahiyyət daşımışdır. Kremlin birbaşa direktivləri əsasında işləyən alimlərindən biri də K. Trever idi. Bu xanım yazmışdır:

E.ə. ll əsrdə Ərməniyyə çarı l Artaşes (e.ə. 189 – e.ə. 160) bir çox vilayətləri, o cümlədən Kür çayının şakilərin (sakarın), utilərin və qarqar – albanların yaşadığı sağ sahilini Ərməniyyəyə birləşdirdi.”

Bu fikri digər sovet alimi A. Şanidze də dəstəkləmişdir. Fəqət bu iddialar qəiyyən doğru deyil... Çünki Artaşesin dövrümüzədək ulaşmış sərhəd daşlarının Göyçə yaxınlğından tapılması sübut edir ki, bu Ərməniyyə məliyinin Azərbaycandan (Atropatenadan) işğal etdiyi torpaqlar indiki Türkiyə sərhədlərinidən Göyçə gölünə qədər olan torpaqları əhatə edirdi və bu torpaqlarda gerçəkdən də o dövrdə türkdilli saklar və qarqarlar yaşayırdılar. Fəqət mərkəzi Bərdə olan Uti vilayəti buradan uzaqda idi. Odur ki, A. Novoseltsevanın aşağıdakı sözlərinin də heç bir elmi – faktoloji əsası yoxdur:

30 – 60 –cı illər arasındakı zaman kəsiyi istisna olmaqla, düz lV əsrə qədər Ərməniyyə ilə Albaniya arasında sərhəd Kür çayı böyunca uzanırdı və Sakasena, Artsax, Uti, Qardman və s. vilayətlər Ərməniyyənin tərkibində idi.”

Eyni müəllif də eynən erməni müəllifləri kimi bu fikrini onunla əsaslandırır ki, guya həmin dövrdə Ərməniyyədən başqa həmin ərazilərə sahib olmaq iqtidarında heç bir başqa güc yox idi. Bu fikrin cəfəngiyyat olduğunu yuxarda göstərdik.

Erməni “alimləri” Strabonun Sakasena və Araksenadan Ərməniyyənin əyalətləri kimi söz açmasını əldə əsas tutaraq, bunu guya Kür – Araz vadisinin Ərməniyyənin tərkib hissəsi olmasının əlavə dəlili hesab edirlər. Bu fikirlərini sübut etmək üçün isə Sakasenanın Kür – Araz ovalığının adı olmasını, yəni bu ölkənin həmin ərazidə yerləşməsini misal çəkirlər.Təbii ki, onlar bu halda Strabonun sözlərini özləri istədikləri kimi şərh edirlər. Söhbət Strabonun aşağıdakı sözlərindən gedir.

Saklar Ərmniyyənin ən yaxşı torpaqlarını ələ keçirərək oranı öz adları ilə “Sakasena” adlandırdılar.”

Eyni zamanda Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:



"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir."

Sakasenaya keçməmişdən öncə qeyd edək ki, Strabonun “Araksena” dediyi və Araz çayının oradan axdığnı qeyd etdiyi düzənlik bu çayın axarı boyu uzanan və Sakasenadan öncə gələn yerin adı olub və Strabonun sözlərindən belə aydın olur ki, söhbət Araz çayının mənbəyindən başlayaraq bu çayın şimaldan cənuba axdığı hissəsini əhatə etmişdir. Eyni müəllifin sözləri ilə desək, məhz bundan sonra o, sərt bir şəkildə şərqə dönür və Xəzər istiqamətinə axır. Orada, yəni sərt dönüşdən sonra isə Sakasena başlayır. Araksena və Sakasenanın haraları əhatə etdiyini başa düşmək üçün isə xəritəyə nəzər yetirmək yetərlidir.

Belə aydın olur ki, Araksena düzənliyi Arazın şimaldan cənuba axdığı hissəsinin yatağının adıdır. Söhbət bu gün Türkiyəni Qərbi Azərbaycandan və Naxçıvandan ayıran hissəsindən gedir. Məhz Naxçıvanın Türkiyə və İranla sərhəd olan hissəsində həmin çay şərqə dönür və oradan da Sakasena başlayır. Nəzərə alsaq ki. Çayın yuxarı, yəni şimaldan cənuba axan hissəsi o dövrdə Ərməniyyə ilə Atropatena arsında sərhəd olub və Sakaşena Atropatenanın trkibində olub, elə çıxır ki, Araksenanın Arazdan qərbdəki hissəsi, yəni bugünkü Türkiyə ərazisində qalan hissəsi Ərməniyyəyə, şərq hissəsi isə Atropatenaya aid olub. Fəqət Artaşesin dövründə, yəni Arazdan Göyçə gölünə qədər olan Atropatena əraziləri Ərməniyyə tərəfindən işğal edildiyi dövrdə bu düzənliyin hər iki tərəfi artıq, müvəqqəti olaraq, Ərməniyyəyə keçmişdi.

Sakasenaya gəlincə isə, kitabımızın “Kimmer – iskit –sak dövləti”, “İskit və sakların mənşəyi və etnik mənsubiyyəti”, eləcə də “Maday (Midiya) dövləti və Maday - İşquz (İç Oğuz) münasibətləri” adlı bölümlərində Kür – Araz ovalığında yaşayan sakların bir qisminin hələ e.ə. Vll əsrdə işquzların (iskitlərin, İç oğuzların) təzyiqi ilə Araz çayını keçərək, sonralar “Ərməniyyə” adlanacaq Urartu ərazisinə köç edərək Kappadokiyaya qədər geniş bir ərazidə yayıldıqlarını və öz adlarını (Sakasena) bu ərazilərə də yaydıqlarını göstərmiş və bu zaman həm antik müəlliflərin, həm də mixi kitabələrin məlumatlarına istinad etmişdik. Odur ki, məsələyə təkrar dönmək istəmirik. Sadəcə bunu qeyd edək ki, o dövrdə artıq iki Sakasena var idi və onlardan biri mərkəzi Gəncə olan və Atropatenaya daxil olan Sakasena idi, digər Sakasena isə Ərməniyyə (əski Urartu) ərazisinə düşürdü. Məhz bu saklar da Ərməniyyənin hakimi idilər və Atropatena torpaqlarını işğal edən Aratşes və Tiqran da onlardan idilər. Yəni qətiyyən hay (erməni) olmamışlar.

Atropatenanın sərhədlərinin düzgün dərk edilməməsi nəticəsində Azərbaycan alimləri bu günə qədər ermənilərin Kaspiana ətrafındakı hay – küylərinə də tutarlı cavab verə və ortaya vahid və təkzibedilməz konsepsiya qoya bilmirlər. Biri – birilərini inkar etmək məcburiyyətində qalırlar.

İlk öncə qeyd edək ki, ll Tiqranın Atropatenadan işğal etdiyi ərazilərdən biri də Kaspiana vilayəti idi. Elə bu səbəbdən də Strabon Kaspiananın Ərməniyyəyə aid olduğunu qeyd etmişdir. Erməni müəllifləri bu halda da söhbətin guya Kür və Araz vadisindən getdiyini iddia etməkdə və Kaspiananın da guya orada yerləşdiyini söyləməkdədirlər. Atropatenanın sərhədləri barədə Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyadan çıxış edən və mənbələrdə Kaspiananın Atropatenada olduğunu əsas tutan qiyasəddin Qeybullayev belə, yanlış olaraq yazmışdr:

...Həqiqətdə isə ərməniyyəlilər tərəfindən e.ə. ll əsrdə işğal edilmiş Kaspiana Atropatenada, yəni Kürdən cənubda, təqribən onun Arazla qovuşan yerindən dənizə qədər olan ərazidə - indiki Muğan düzündə və Talış zonasında olmuşdur.”

Bu və bənzər fikirlər səhv konsepsiyalara əsaslandığı üçün onların üzərində durmağı boş vaxt itirmək hesab edirik. Çünki ll Tiqran tərəfindn işğal edilən Kaspiananın mövqeyini hər kəsdən daha doğru Firidun Ağasıoğlu göstərmişdir. O, bütün əski mənbələri incələyərək sözügedən Kaspiananın indiki Gürcüstan ərazisində olduğunu təkzibedilməz dəlillərlə ortaya qoymuşdur. Bu ərazilərin isə əzəldən Atropatenaya aid olduğunu yuxarıda göstərmişik.

Fəridə Məmmədova haqlı olaraq, yazır ki, Kaspiana yalnız ll Tiqranın dövründə, yəni e.ə. 66 –cı ilə qədər Ərməniyyədə olmuşdur və erməni (hay) tarixçilərinin bu halın guya 387 – ci ilə qədər davam etdiyi barədə söylədiklri uydurmadan başqa bir şey deyildir. Məlumat üçün bildirək ki, e.ə l əsrin ortalarından həm Ərməniyyə, həm Atropatena, həm də Aran, eləcə də Albaniya vahid Parfiya Türk imperatorluğunun tərkibinə daxil edilmişdi ki, bu barədə bütün əski erməni (hay) mənbələri yazır. Odur ki, çağdaş erməni (hay) “alimlərinin” həmin dövrdən sonra Azərbaycanın bu və ya digər ərazilərinin guya Ərməniyyənin tərkibində olması barədə söylədikləri boş və mənasız sözlərdən başqa bir şey deyildir. Çünki o dövrdə Ərməniyyə müstəqil dövlət deyildi. Ərməniyyə və Albaniyann türk - Arsaklar soyundan olan canişinləri yalnız lll əsrin əvvəllərində fars – Sasanilər Parfiya dövlətinə son qoyduqdan sonra bu ölkələrin müstəqilliklərini elan etdilər. Atropatenanın Arazdan cənubadakı əraziləri Parfiya imperatorluğunun digər əraziləri ilə birlikdə Sasanilərin hakimiyyəti altına keçdi, onun Arazdan şimaldakı torpaqlarına, o cümlədən Kür və Araz arsındakı bütün ərazilərə isə Albaniya Arsakları hakim oldular. Bir müddət sonra Atropatenanın qış paytaxtı olmuş Bərdə Albaniyanın paytaxtına çevrildi. Bundan öncə isə Albaniyanın paytaxtı Qəbələ idi. Lakin bu müstəqillik də uzun sürmədi. Artıq l Qubadın dövründə bu dövlətlər fars – Sasani imperatorluğunun tərkibinə keçdi. Atropatena, Ərməniyyə və Albaniya, mərkəzi şəhəri Gəncə olan vahid Aturpatakan (Azərbaycan) əyalətinə çevrildi. Sasanilərdən sonra həmin vahid əyalət və ya vahid ölkə “Azərbayqan” adı altında İslam xilafətinə birləşdirildi. Bugünkü Gürcüstan və Abxaziya da həmin ölkənin tərkib hissəsi idi. Azərbaycan xalqı da məhz həmin geniş ölkənin ərazisində yaşayan ayrı –ayrı türk soy və boylarnın, ilk növbədə də oğuzların və qıpçaqların, qismən də uyğur, bulqar, suvar və s. boyların qaynayb – qarışması nəticəsində formalaşmışdır.

ll BÖLÜM
AZƏRBAYCAN SƏLTƏNƏTİ (İMPERATORLUĞU)
2. 1.VAHİD AZƏRBAYCAN XALQININ FORMALAŞMASI

Roma imperiyası ilə əsrlər boyu aparılan uzunmüddətli müharibələrin Parfiya (Türk-Arsaklar) imperatorluğunun zəifləməsindən istifadə edən farslar 224-cü ildə Arsaklar sülaləsi ilə qohumluq bağlarına sahib olan Ərdəşir adlı bir farsın başçılığı ilə üsyan qaldırdılar və romalıların maddi və mənəvi dəstəyi nəticəsində içəridən bu böyük türk imperatorluğunu ələ keçirməyə nail oldular. Döyüşlərin birində sonuncu Arsak xaqanı Artabanı məğlub edən Ərdəşir özünü şah elan etdi və fars-Sasanilər sülaləsinin əsasını qoydu. Beləcə, 500 ildən artıq mövcud olmuş Parfiya türk imperatorluğunun yerində fars-Sasani imperatorluğu yarandı. Atropatena da avtomatik olaraq bu imperiyanın tərkibinə keçdi. Ərməniyyə və Albaniyada hakimiyyətdə olan Arsaklar bu ölkələrin müstəqilliklərini elan etdilrər və bir müddət onların farslar tərəfindən işğalna imkan vermədilər. Beləcə, sözügedən dövlətlər türk dövlətləri kimi varlıqlarını sürdürdülər. Bununla belə, onların hər ikisi Sasanilərlə hesablaşmağa məcbur idilər və farslar onların işinə daim müdaxilə edirdi.

Roma imperiyasının iki yerə parçalanması ilə bu imperiyanın şərqində yaranan Bizans imperiyası ilə fars imperiyası arasında başlayan və müharibələrlə müşayiət olunan güclü rəqabət Qafqaz və ətraf bölgələrin geosiyasi çəkişmələr meydanına çevrilməsinə səbəb olmuşdu. Bu çəkişmələrin başqa bir güclü subyekti də var idi. Bu subyekt rolunda ilk dövrlərdə hunlar, sonrakı dövrlərdə isə xəzərlər çıxış edirdilər. Bölgə uğrunda mübarizə aparan qüvvələr içərisində farslar öz aqressivliyi ilə seçilidilər. Onlar hər vəchlə öz dinlərini-atəşpərəstliyi yaymağa çalışırdılar. Bizanslılar da xristianlığın təbliğatına üstünlük verirdilər. Bu cəhdlərin nəticəsində öncə Albaniyada, bir qədər sonra isə Ərməniyyədə xristianlıq sürətlə yayılmağa başladı.

Bu ölkələrdə xristianlığın yayılmasında həmin ölkələrin hakim sülalələri kimi Arsaklar nəslinə mənsub olan Müqəddəs Georginin son dərəcə böyük rolu olmuşdur. Bu həmin müqəddəs Georgidir ki, onun təsviri bu gün dünyanın bir çox kilsələrini, eləcə də Gürcüstan və Rusiyanın dövlət gerblərini bəzəyir.

Yeri gəlmişkən qeyd edək ki, xristianlığın türklər arasında yayılması və bu dinin türk kimliyinin məhvində oynadığı rol mövzusu araşdırıcıların diqqətini lazım olan səviyyədə cəlb etməmişdir. Halbuki, məhz bu dini qəbul etdikdən sonra Balkan bulqarlarının slavyanlaşaraq bugünkü bolqarlara, qıpcaq türklərinin bir qolu olmuş urusların və Şimali Qafqaz, eləcə də Ukraynada yaşayan kazakların (qazaxların) da eyni aqibəti yaşayaraq bugünkü ruslara, Macarıstandakı sekellərin, kumanların və yasların (asların) xristian olduqdan sonra macarlaşaraq macarların bir hissəsinə çevrildikləri, yəni türk kimliklərini və dilini itirdikləri məlumdur. Eyni zamanda xristian türk albanların da bir qisminin zamanla (XlX əsr) erməniləşdiyi söylənilir. Maraqlıdır ki, xristanlığın yaradıcısı hesab edilən Həzrət İsaya (ə) ilk iman gətirənlər və səcdə edənlər (təbii ki, Allahdan aldığı vəhy sayəsində onun peyğəmbər olacağını hər kəsdən öncə bilən Həzrət Məryəmdən sonra) üç nəfər azərbaycanlı olmuşlar. Bu barədə İncil məlumat verməkdədir. Belə ki, Matta “İncil”inin ll fəslinin 1 və 2 – ci ayələrində deyilir:

İsa hökmdar Hirodun (hakimiyyəti) günlərində, Yəhudeya Beytlehemində anadan olduğu zaman, Şərqdən Yerusəlimə (Qüdsə) münəccimlər gəlib dedilər:



-Anadan olmuş yəhudi hökmdarı haradadır? Çünki onun ulduzunu Şərqdə gördük və ona səcdə qılmağa gəldik”

Məlumat üçün bildirək ki, İncildə və ümumiyyətlə Bibliyada “Şərq” dedikdə Azərbaycan ərazisi nəzərdə tutulmuşdur ki, bu barədə yuxarda ətraflı məlumat vermişik. Bibliyanın yunanca olan ən əski mətnlərində Azərbaycan türkcəsinə “münəccim” kimi tərcümə edilmiş söz “maq” kimi yazılmışdır. Bibliyanın sonrakı dövrə aid mətnlərində isə “maq” kəlməsi “volxv” (sehirbaz və şah anlamlarına gəlir) kəlməsi ilə əvəz edilmişdir. Maqların isə 6 əsas Midiya (Maday) boyundan biri olduğu məlumdur. Midiya iki yerə - Böyük Midiya və Atropatenaya (Azərbaycana) parçalandıqdan sonra isə bu boyun məhz Atropatenada, yəni Azərbaycanda qaldığı məlumdur. Yəni bütün əski müəlliflər onları maq, mik, muğ adı altında Azərbaycan sakinləri kimi yad etmişlər. Muğanın adı da onların adı ilə bağlıdır. Nəzərə alsaq ki, Muğanın bir hissəsi Kürdən şimalda, yəni əski Albaniya ərazisində, əsas hissəsi isə Kürdən cənubda, yəni əski Atropatena ərazisində yerləşir, tam qətiyyətlə deyə bilərik ki, maqlar həm Atropatenada, həm də Albaniyada yaşamışlar. Bibliyada və ümumiyyətlə yəhudi və xristian mənbələrində “Şərq” dedikdə, bilavasitə əski Albaniya ərazisinin nəzərdə tutulduğunu göz önündə tutsaq, sözügedən üç nəfərin Atropatenada deyil, Albanyada yaşayan maqlardan olduğunu söyləyə bilərik. Lakin Oruc bəy Bayatn (Don Juann) da xatırlatdığı kimi, müqəddəs Antoni onların Midiyadan olduğunu yazmışdır. Bu halda söhbət, təbii ki, Kiçik Midiyadan, yəni Atropatenadan gedir. Və, əlbəttə ki, “maq” ifadəsi də “sühirbaz, münəccim, volxv” anlamında yox, etnonim kimi işlənmişdir. Yəni bu halda midiyalların (madayların) 6 soyundan biri olan, qədim yunan mənbələrində adları “maqos”, qədim Elam yazılarında “makuiş”, ərəb – fars mənbələrində “muğ”, əski türk mənbələrində isə “moğoç” kimi çəkilən maqlar nəzərdə tutulmaqdadır. Bunu dövrümüzədək uyğur əlifbası ilə və uyğur türkcəsində gəlib çatan və Matta “İncil”ində söylənilənlərlə üst – üstə düşən əfsanə də təsdiqləyir. Orada “moğoç” etnonimi işlənmişdir.

Həmin üç nəfər midiyalı maq haqqında Matta “İncil”ində daha sonra oxuyuruq:

...Onların Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və körpənin olduğu yerə gələrək həmin yerin üzərində durdu. Onlar da ulduzu gördükləri zaman çox böyük sevinclə şadlandılar. Evə girib anası Məryəm ilə körpəni gördülər və yerə sərilib ona səcdə qıldılar. Sərvətlərini açaraq ona hədiyyələr – qızıl, buxur və mirra təqdim etdilər.”

Matta “İncil”ində söylənilənlrlə heyratamiz şkildə səsləşən və çox gümün ki, hansısa başqa bir “İncil” variantının tərcüməsi olan uyğur əfsanəsi isə belədir:

““...Gəlib onun ləyaqətinə sitayiş edək” – deyib otündülər. O zaman Xirodis xan (Romanın Yəhuda canişini Hirod) beləcə deyib, onlara əmr etdi: “İndi, ey sevimli balalarım, yaxşıca yola düşün, ürəkdən can atıb xahiş edin, istəyin. Nə şəkildə tapsanız, geri dönün, gəlib mənə bildirin. Mən də gedib sitayiş edim ona.”



Beləcə, o moğoçlar Urislıma (Yerusəlimə) necə çıxıb getdilərsə, o ulduz da onlar ilə gedər oldu. O moğoçlar Bidilximə (Vifliyemə) çatanda o ulduz tərpənmdən şax durdu. Sonra orada Msixa tanrını (İsa Məsihi) tapdılar. O zaman yaxına gəlib (mağaraya) girdilər. Öz yüklərini açdılar, üç cür xəzinə - qızıl, zümrüd və səndəl ağacı gətirdiklərini ucadan bildirdilər. Tapınaraq, tanrıya alqış etdilər, ulu Msixa tanrıya (İsa Məsihə) baş əydilər. Fikirləşdilər ki, əgər o, Tanrı oğludursa, zümrüdü, mədhiyyəni götürəcək. Əgər o, xandrsa, qızılı götürəcək. Əgər o, həkimdirsə, onda dava – dərmanı götürəcək. Onlar bu düşüncə ilə (hədiyyələri) sinidə təqdim etdilər. Menqü (əbədi) Tanrının oğlu müqəddəs xan Msixa o moğoçların ürəklərindəkini duyub hədiyyələrin hər üçünü götürdü, onlara belə dedi:

-Ey moğoçlar, üç fərqli düşüncəylə yanıma gəldiniz. Mən həm Tanrı oğlu, həm xan, həm də həkiməm. Siz şübhə etmədən gedin.

O onlara belə buyurdu”.

Bu mətni tərcümə edənlər, o cümlədən onu Azərbaycan türkcəsinə çevirmiş Əlisa Şükürlü Bibliyann son tərcümələrindən çıxış edərək, “moğoç” kəlməsinin bir etnonim olduğunu diqqətə almadan, onu “cadugər” kimi tərcümə etmişlər. Halbu- ki, Radlovun “Qədim türk lüğəti”nə göz yetirmək yetərlidir ki, terminin etnonim olduğunu anlayasan. Uyğurdilli mətnlərdəki moğoçların Midiya maqları olduğunu sübut edən faktlardan biri də odur ki, bu mətnlərdə də eynən antik və ərəb müəlliflərində olduğu kimi, maqlardan (moğoçlardan) oda tapınan xalq kimi söz açılır.

Əgər İncildə yazılanlar doğrudursa, şübhəsiz ki, Albaniyanın bir zaman xristianlığı, keçici də olsa, qəbul etməsi qaçınılmaz idi, yəni bu, ilahi təqdir idi. Hadisə isə deyəsən, doğrudur. Çünki həmin üç nəfərin qurumuş cəsədlərinin qalığı bugünə qədər qalmaqda və xristianlar tərəfindən hörmətlə ziyarət edilməkdədir. Bir vaxtlar İstanbuldakı (o dövrdə Konstantinopol) Aya – Sofiya camesində (o dövrdə kilsə) saxlanılan bu cəsəd qalıqları Konstantinopolun (İstanbulun) xaçlılar (səlibçilər) tərəfindən işğalı zamanı oradan qarət edilərək, Almaniyaya aparılmışdır. Hazırda məşhur Köln kilsəsində qorunub saxlanılır.

Maraqlıdır ki, İncildə türklərin xristianlığı ilk qəbul edən xalqlar içərisində yer aldığını sübut edən çox sayda məlumat vardır. Bu faktlardan biri İncilin “Həvvarilərin işləri” adlı bölümündə yer almaqdadır. Sözügedən bölümün ll fəslininin 1 – 13 – cü ayələrində oxuyuruq:

Pentikost günü gəldikdə, onların hamısı (həvvarilər) bir yerə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onların gözlərinə görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla (Həzrət Cəbrayıl nəzərdə tutulur) doldu və Ruhun (Həzrət Cəbrayılın) onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa – başqa dillərdə danışmağa başladılar.

1   ...   14   15   16   17   18   19   20   21   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə