Bəxtiyar Tuncay azərbaycan imperatorluğU (Əlyazması hüququnda) baki 2012 Bəxtiyar Tuncay azərbaycan imperatorluğU




Yüklə 2.15 Mb.
səhifə16/36
tarix22.02.2016
ölçüsü2.15 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Vaxtilə Z. M. Bünyadov Qoşun bu əsərininin başlığı barədə haqlı olaraq belə bir düzgün qənaətə gəlir, bu əsər əlyazma haılnda “Dastangirk – Qanunnamə” adı ilə tanınır; naşirlər onun adına “hayos” (erməni) sözünü əlavə edərək yeni ad yaratmışlar: “Dastangirk hayos”, yəni “Erməni qanunnaməsi”. Buna, habelə Qoşun öz qanunnaməsini “alban kilsəsinin alicənab başçısı”, Albaniyanın katalikosu lll Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də “qanunnamənin Roma imperiyasının (Bizansın) və Albaniyanın kilsə qanunları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov tamamilə haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı nümunəsidir.

Z. M. Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib etməyə “çalşan” A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki, Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” kimi tanınır və V. Bastamyants (Qoşu nəşr edən) əsərin adındakı “erməni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə etmişdir”.

Məlumat üçün bildirək ki, çox sayda didaktik hekayə, təmsil, eləcə də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması” əsərlərinin müəllifi olan, böyük yazıçı, maarifçi, pedaqoq, filosof və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130 – cu ildə “şəhərlərin anası”, “şəhərlərin ən üstünü” adlandrdığı Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Tovuzlu keşiş Yəhyadan (Tavuşlu Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək, təhsilini orada davam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür.

Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı Qoşavəng kilsəsinin və xristian ilahiyyat məktəbini yaratmış, ölənədək, yəni 1213 – cü ilə qədər orada yaşamış və orada da dərs verərək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini – “Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184 – cü ildə) qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müasirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı bəzən “vardapet Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVl əsrdə “Törə bitiki”nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə “vardapet Mikayıl” adlandırır. M. E. Şedrin adına Sankt – Peterburq Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı (Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli əlyazmalarda da rast gəlinir.

Fəridə Məmmədova haqlı olaraq Mxitar Qoşun kitabının ermənilərə deyil, albanlara aid olduğunu vurğulayaraq yazmşdır:

Mxitar Qoşun “Qanunnamə”si yalnız albanlar üçün yaradılmışdı və bu, heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi, ermənilərin özlərinin hüquqşünaslıqla bağlı qədim kitabları var: Vlll əsrdə Odzinetsinin yazdığı “Erməni qanunları” kitabı (Kononagirk), Xlll əsrdə...Smbat Sparapeti tərəfindən yaradılmış “Qanunnamə”. Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən biri Mxitar Qoşun “Qanunnamə” əsəridir. Məlum olduğu kimi, erməni tarixçilərinin hamısı Mxitar Qoşun “Qanunnamə”sini özlərininki sayırlar. Onda sual oluna bilər ki, XX əsrə qədər erməni xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tam təmin edən Odzinetsinin “Kanongirk”i mövcud olduğu halda, Xll əsrdə yeni bir “Qanunnamə”(Qoş) yaradılmasına nə ehtiyac vardı? Onu da deyək ki, Qoş öz əsərini yazanda başqa mənbələrlə yanaşı, “Kanongirk”dən də istifadə etmişdir. Qoşun “Qanunnaməsinin” Xll əsrdə ermənilər üçün yaranması ilə razılaşsaq, belə bir sual ortaya çıxır ki, cəmi yüz il keçdikdən sonra Smbat Sparapetinin Kilikiya erməniləri üçün daha bir “Qanunnamə”ni Qoşun “Qanunnamə”sindən istfadə ilə yaratmasına nə ehtiyac vardı?

Bizim fikrimizcə, bunu alban və erməni gerçəkliyinə istinad edərək çox sadə və məntiqi şəkildə belə izah etmək olar ki, Odzinetsinin erməni”Kanongirk”i alban xristian əhalisinin ictimai quruluşuna, hüquq normalarına, məhkəmə quruluşuna və icrasına uyğun gəlmədiyi kimi, Qoşun “Qanunnamə” əsəri də Kilikiya... məhkəmə quruluşuna yaramırdı”.

Şübhəsiz ki, məntiqli görünsə də, bu cür fikirlərlə ermənilərə nəyisə sübut etmək mümkün deyildir. Ən əsas sübut alban dilində, yəni qarqar - qıpçaq türkcəsində qələmə alınmış “Törə bitiki”nin özü ola bilər.

Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı Xll əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun Xlll əsrdə də belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Hetum da özünün “Qayton” adlı əsərində təsdiq etməkdədir.

Məlumat üçün bildirək ki, “Törə bitiki”nin hansısa nüsxəsini Xlll əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və “Erməni qanunnamə”sini əlavə edərək aralarındakı məhkəmə - hüquq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş variantın üzünü köçürərək çoxaltmışlar.

XVl əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə yaşamlarını davam etdirmək məqsədilə tərtib etdikləri 124 maddəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə tərcümə edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdirmişdilərlər. Sonradan bu qanunlar alban (qarqar – qıpçaq) dilinə tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir. Kitab da dövrümüzə bu halda, yəni müxtəlif əlavələrlə gəlib çıxmışdr. Fəqət onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq heç bir çətinlik törətmir.

V-Vll əsrlərdə alban (qıpçaq – qarqra) dilinə tərcümə edilən və dövrümüzədək ulaşan çoxsaylı alban yazılı ədəbiyyat nümunələrindən biri də “Atamız bizim” (Matta “incil”indən bir parça) müraciəti ilə başlayan məşhur xristian duasının alban variantıdır.

Duanın alban dilindəki səslənişi:

Atamız bizim ki köktəsən, ari bolsunq atınq səninq, kəlsin xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötməkimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx da, xuvat da, sənqə haybat menqlik. Amen.”

Çağdaş Azərbaycan türkcəsindəki səslənişi:

Göydə olan atamız, təmiz olsun adın sənin, gəlsin xanlığın (hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gündəlik ver bizə, .......... Bizi sınaqlara soxma, pisliklərdən qurtar, çünki sənindir xanlq da (hökm də), qüdrət də, əbədi olmaq sənə yaraşır. Amin.”

Təqdim edilən alban (qıpçaq – qarqar) nümunəsindən də göründüyü kimi, bu, güclü oğuz təsirinə məruz qalmış qıpçaq materialıdır və digər qıpçaq şivələrindən fərqli olaraq, anlaşıqlıdır. Halbuki, digər qıpçaq şivələrini – qumuq, qaraçay, balkar, noqay, qazax, qırğız, başqırd və s. anlamaq çox çətindir. Təbii ki, bu şivə oğuz əhatəsində, yəni Azərbaycanda formalaşa bilərdi və formalaşmışdır da. Maraqlıdır ki, oğuz mənşəli Azərbaycan türkcəsinin vasitəsi ilə bu dilə çox sayda ərəb və fars kəlməsi də keçmişdir. Məsələn; xudrət (qüdrət), xuvat (qüvvət), ki (bağlayıcı) və s.

Şübhəsiz ki, qarşımızdakı ərəb müəlliflərinin “Arran dili” adlandırdıqları alban dilidir və Mxitar Qoşun dövrümüzədək ulaşmış “Törə bitiki” kitabı da bu dil və şivədədir və eyni qrafika ilə yazılmışdır.

Bütün bu faktlar bir daha sübut edir ki, alban yazısı erməni əlifbası ilə eyni mənşəli olmuş, alban dili də Musa Kağankatlının və Moisey Xorenatsinin “qarqar dili” adlandırdıqları qıpçaq türkcəsinin yerli şivəsindən başqa bir şey deyilmiş.

Maraqlıdır ki, sözügedən müəlliflərin söylədikləri bu fikri əldə əsas tutan erməni “alimləri” iddia edirlər ki, guya Mesrop Maştots albanlar üçün deyil, çoxsaylı alban tayfalarından biri olan qarqarlar üçün əlifba düzəltmişdir. Bu iddiada məqsəd guya ayrıca alban dilinin olmadığını, albanların erməni, yəni hay dilində danışdıqları barədə uydurmanı “sübut” etməkdir.

Lakin Musa Kağankatlının sözügedən məlumatına istinad edənlər eyni müəllifin bir qədər yuxarıda Maştotsun erməni və albanlara əlifba düzəltdiyini söyləməsini gözardı edirlər. Həqiqət isə budur ki, Musa Kağankatlı məhz alban əlifbasından söz açır və bir qədər sonra isə alban əlifbasının məhz qarqar (qıpçaq) dili əsasında yaradıldığını aydınlaşdırır. Yeri gəlmişkən qeyd edək ki, Strabon (l əsr) və Yustin də dolayı yolla albanlarla qarqarlar arasında bərabərlik işarəsi qoymuşlar. Belə ki, onlardan birincisi Albaniya üzərində ucalan dağlarda amazonların yaşadığnı vurğulamaqla yanaşı, qarqarların amazonkalarla qonşuluqda yaşadıqlarını qeyd etmişdir (Xl, 5. 1). Yustin isə albanlarla amazonkaların qonşu olduqlarını bildirmişdir (XLll, 3. 7).

Maraqldır ki, eyni mövzuya toxunmuş digər əski erməni müəllifi Koryun da söhbətin məhz alban dilindən getdiyini vurğulamışdır. Özü də onun söylədiklərindən belə aydın olur ki, Mesrop albanların əlifbasını əslində yeniləmişdir. Yəni bu hadisədən öncə də albanlar yazıya sahib idilər:

Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi. O (Maştots) onu sorğu – sual edərək, alban dilinin ... sözlərini tədqiq etdi. Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə (albanlar üçün) yazı yaratdı və Məsihin mərhəməti sayəsində uğurla ölçdü, biçdi və dəqiqləşdirdi”

Eyni müəllif bir qədər sonra yazır:

Bundan sonra o, Alban ölkəsinə yola düşmək üçün (katalikos Saak və erməni çarı Artaşeslə) xudahafizləşdi. Və o həmin ölkəyə yola düşdü, çarların iqamətgahı olan yerə gəldi, alban yepiskopu İeremiya, eləcə də onların çarı Arsval ilə və bütün azatlarla görüşdü. Onlar onu Məsih eşqinə hörmətlə qarşıladılar, o da gəlişinin səbəbini izah etdi. Onların hər ikisi – bərabər səlahiyyətlərə sahib yepiskop və çar bu yazını qəbul etməyə razı oldular və ölkənin müxtəlif əyalət və vilayətlərindən yazıb öyrənmək üçün yeniyetmələrin göndərilməsi, onların müvafiq yerlərdəki məktəblər üzrə qruplaşdırılması və qida ilə təmin edilməsi barədə əmr imzaladılar”.

Bu deyilənlərdən göründüyü kimi, Mesrop albanlar üçün artıq hazır əlifba gətirmişdi. Həmin əlifbanı isə albanlardan öncə ermənilər üçün yaratmışdı. Yəni özü ilə bu gün “erməni əlifbası” kimi tanınan hazır əlifbanı gətirmişdi.

Koryunun əsərinin Venesiya mxitaristləri tərəfindən 1854 – cü ildə dərc edilmiş başqa variantında isə belə deyilir:

...Sonra o, Alban ölkəsinə yollandı, onların əlifbasını dəyişdirdi (yenilədi), tədrisatı bərpa etdi...”

Buradan isə belə məlum olur ki, Maştots albanların əlifbasını yenilədi. Albanların bundan da öncə əlifbaları olduğu, onunla kitablar yazıldığı, xristianlığın qəbulundan sonra Vaçaqanın onların yandırılmasını əmr etdiyi məlumdur. Bu barədə Musa Kağankatlı məlumat verir. Söhbət hansı əlifbadan gedir?

Bu suala cavab verməmişdən öncə qeyd etməliyik ki, alban əlisbası barədə mütəxəssislər hələ də yekdil fikrə gələ bilməmişlər. Bir çoxları Mingəçevirdən tapılan və üzərində bugünə qədər oxuna bilinməyən yazının alban əlifbası olduğunu iddia edirlər. Bəzi mütəxəssislər bu daşı lV əsrə, digərləri V əsrə aid edirlər. Onu Vll əsrə aid edənlər də var. Bu yazının alban yazısı olduğu sübut olunmamış qalır.

Mütəxəssislərin bir çoxu gürcü tədqiqatçısı İ. V. Abuladzenin 1937 – ci ildə Matedaranda tədqiqatlar apararkən, XVl əsrə aid bir ermənidilli əlyazmada rast gəldiyi 52 hərfli əlifbanı alban əlifbası hesab etməkdədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar – qıpçaq dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götürməyən faktdır. O da faktdır ki, bu gün elmə məlum olan qıpçaq dillərindən heç birində 52 səs yoxdur. Məsələn, türk dillərinin qıpçaq qrupuna daxil olan qazax türkcəsində 26 samit, 12 sait (38 səs) var, fəqət bu saitlərdən dördünün sonrakı dövrlərdə peyda olduğu hesab edilir. Bu isə o deməkdir ki, başlanğıcda bu dildə sadəcə 34 səs olub.

Eyni dil qrupuna daxil olan qaraqalpaq dilində 26 samit, 9 sait, yəni üst – üstə 35 səs, qırğız dilinin şimal şivəsində 8, cənub şivəsində 9 sait səs var. Samitlərin sayı qazax və qaraqalpaq dilində olduğu kimidir. Noqay dilində samit səslərin sayı 26, saitlərin sayı isə 8 - dir, yəni bu dil üst – üstə 34 səsə sahibdir. Kazan tatarlarının dilində bu rəqəm 35 - ə (26+9) bərabərdir. Başqırd dilindəki səslərin sayı isə 38 (26+12) – dir. Alban (qarqar – qıpçaq) mətnlərinin təhlili bu dildə 35 səs olduğunu göstərməkdədir.

Gördüyümüz kimi, 52 hərflik bir əlifba qıpçaq dillərinə qətiyyən uyğun deyil. Əvəzində isə 36 işarəlik erməni – alban müştərək əlifbası bu səs sisteminə tamamilə uyğun gəlir.

Əlbəttə, ola bilsin ki, həm Mingəçevir yazısı, həm də sözügedən 52 hərflik əlifbadan Albaniya ərazisində yaşamış hansısa xalqlar istifadə etmişlər və nəzərə alsaq ki, “ alban” adı bütün bu xalqlar üçün ortaq idi, bu baxımdan həmin əlifba və yazıları da “alban yazısı” kateqoriyasına aid etmək olar. Fəqət Albaniyanın dövlət və ortaq ədəbiyyat dili olan qıpçaq – qarqar dilinə gəlincə, onun yeni yazısı V əsrdə yaranıb və alban müəlliflərinə aid əldə olan çox sayda mətn onların istifadə etdikləri əlifbanın erməni əlifbası ilə eyni mənşəli olmasını sübut edir.

Eyni zamanda, təkcə Laçın rayonu ərazisindən bu əlifba ilə yazılmış və erməni dilində olmayan 22 epikrafik abidə aşkar olunmuşdur ki, onlardan biri – Alxaslı kəndinin 8 km şimal – qərbində yerləşən alban vənginin (monastrının) kitabəsindəki yazı barədə V. A. Əliyev məlumat verməkdədir («Археологические открытия 1980 г.», М., 1981, с. 414—415).

Deyilən fikri təsdiqləyən başqa misallar da var. Məsələn, fransız şərqşünası Ejen Bore 1838 – çi ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, Matedarandakı əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifba erməni əlifbası ilə, demək olar ki, eynidir, amma yazılar erməni dilində deyil.

Bu hadisədən 48 il sonra, yəni 1886 – cı ildə ermənişünas alim, professor N. Karmiants bir məqaləsində Münhendə rastlaşdığı bir ermənidilli əlyazmadan söz açaraq bildirmişdi ki, Sivasda qələmə alınmış və miniatürlərlə bəzədilmiş bu əlyazmanın bir yerində erməni hərflərinə bənzəyən hərflərlə yazılmış, fəqət erməni dilində olmayan iki sətirlə rastlaşıb. Həmin sətrin yanında ermənicə yazılmış qeyddə bunun alban yazısı olduğu bildirilməkdəydi. Fəqət bu və haqqında Ejen Borenin məlumat verdiyi əlyazmalar müammalı şəkildə yoxa çıxdığından və ya məhv edildiyindən onlar barədə heç bir dəqiq məlumat yoxdur.

Bununla belə, 1996 – cı ildə Gürcüstan Elmlər Akademiyası tərəfindən İsrailə ezam edilən elmi ekspedisiya tərəfindən Müqəddəs Yelizaveta kilsəsindən 120 səhifəlik bir palimpset tapılmışdır. Alban dilində olduğu güman edilən bu əlyazmanın üst tərəfində gürcü dilində qeyd var. Bu qeydə əsaslanan ekspedisiyanın rəhbəri, tanınmış gürcü alimi Zaza Aleksidze sözügedən yazıların alban yazıları olduğunu iddia etmiş və bu barədə fikirlərini 2001 – ci ilin may ayında Bakıda təşkil edilən “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı konfransda (Предварительное сообщение об идентификации и дешифровке албанского текста, обнаруженного на Синайской горе. Доклад на конференции «Этнокультурное Наследие Кавказской Албании» 21-22 мая 2001 года в Баку) dilə gətirmişdir.

59 işarəli bir əlifba ilə qələmə alınmış bu yazı artıq nəşr edilmiş və onun udin dili əsasında şərh ediləmsinə cəhd də göstərilmişdir (J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009.) İddiaya görə bu, Bibliyanın ayrı – ayrı hissələrinin tərcüməsidir və guya udin dilindədir. Fəqət bu iddia digər alimlər tərəfindn ciddi qəbul edilmir. Bu da təbiidir, çünki kitab müəlliflərinin mətnləri udin dilində şərh etmək cəhdləri falsifikasiyadan və ya olmayanı olan kimi təqdim etməkdən başqa bir şey deyil. Üstəlik də bütün mənbələr alban dili üçün əlifbanın udin dili əsasında deyil, qarqar – qıpçaq dilində tərtib etdiyini söyləyir.

Gürcülərin İsraildən tapdıqları palimpsetdəki 59 işarəsinin 36 – sı erməni hərfləri ilə üst – üstə düşən hərflərdir ki, bu da təbiidir. Çünki alban və erməni hərfləri eyni mənşəli olmuşdur. Digər 23 işarə isə, deyilənlərnə görə, gürcü hərflərinə və həbəş ideoqramlarna çox bənzəyir.

Əgər lV – Vll əsrlərə aid olduğu söylənən (Aleksidze lV – V əsrlərə aid edir) bu əlyazma gerçəkdən də albanlara aiddirsə və gerçəkdən də onun yazıldığı əlifba Maştotsun albanlar üçün hazırladığı əlifbadırsa, tam qətiyyətlə deyə bilərik ki, zamanla o təkmilləşmiş və 36 işarəli əlifbaya çevrilmişdir. Yəni zamanla “ gürcü hərflərinə və həbəş ideoqramlarına bənzəyən” köməkçi işarələr lazımsız şey kimi bir kənara atılmışdır.

Yeri gəlmişkən qeyd edək ki, alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır və bu fikrin ən qızığın tərəfdarı və təbliğatçısı kimi daha çox gürcü və erməni alimləri çıxış edirlər. Gürcülərin bu mövqeyi anlaşılandır. Çünki udin dili də gürcü dili kimi Qafqaz dilləri ailəsinə aiddir. Gürcülər bu yolla Azərbaycanın guya qədimdə qafqazdillilərlə məskun olduğunu “əsaslandırmaq”la, hətta qədim mannalıları da qafqazdilli elan etməklə, gələcəkdə torpaqlarımıza iddia üçün “elimi əsas” hazırlamağa çalşırlar ki, bu xəttin də əsası İosif Stalin tərəfindən qoyulmuşdur.

Ermənilərin məqsədi isə aydındır, kim olursa – olsun, təki türk olmasın.

Azərbaycanda ideyanın ən qızğın tərəfdarı mərhum Voroşil Qukasyan idi. Milliyyətcə udin olan bu alimin də sırf etnik təəssübkeşlikdən çıxış etdiyi və daha çox Abuladzenin əlifbası üzərində durduğu məlumdur. Lakin o, tək deyildi. Bu gün də bu iddiada olan Azərbaycan alimləri az deyil. Bu halda isə, əlbəttə ki, söhbət kəmsavadlıqdan və bu iddianın arxasında duran siyasi hədəfləri anlamamaqdan, başqa sözlə, siyasi nadanlıqdan getməlidir. Çox təəssüflər olsun ki, belələrindən biri də Fəridə xanım Məmmədovadır. Gözəl tarixçi, albanşünas və ermənişünas olmasına rəğmən, türkologiya sahəsində yetərli biliklərə sahib olmayan bu alimin səhv etdiyini, əlbəttə ki, üzə çıxardığımız alban əlyazmaları bütünlüklə sübut etməkdədir.

Əldə olan əlyazmalar həm alban dili məsələsinə, həm də alban əlifbası ilə bağlı suallara tam və birmənalı cavab verməkdədir. Yeri gəlmişkən qeyd edək ki, erməni və alban əlifbaları eyni mənşəli olsalar da, yazılış xətt və üslubuna görə bir – birindən fərqlənirlər. Yəni hərflər eyni olsalar da, xəttlər fərqlidir. Ermənilər “bolorqir” və “notrqir” adlandırdıqları bu iki xətti erməni yazısının iki fərqli xətti kimi təqdim edirlər. Gerçək isə budur ki, “bolorqir” ermənilərə, “notrqir” isə albanlara məxsusdur. Yəni əldə olan bütün alban mətnləri məhz “notrqir”lə yazılmışdır. Albanlar hətta erməni dilində yazanda da öz xətlərindən (əlifbalarından) istifadə etmişlər. Odur ki, “notrqir”lə yazılmış bütün mətnlərin, o cümlədən ermənidilli mətnlərin müəlliflərinin məhz albanlar olduğunu tərəddüd etmədən söyləmək olar. Albanlar heç vaxt “bolorqir”dən istifadə etməmişlər. “Bolorqir”lə yazılmış mətnlərin müəllifi, şübhəsiz ki, ermənilərdir. Əlbəttə, bəzi hallarda, ola bilsin ki, kiçik istisnalar olmuşdur, fəqət bu bir o qədər də böyük önəm daşımır.

İndisə Maştotsun əlifbasının qəbulundan öncə albanların istifadə etdikləri yazının hansı əlifba ilə ola biləcəyi məsələsinin üzərinə qayıdaq.

Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökmdarları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına uzanırdı və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olunurdu, eləcə də Əməniyyə məliyi Artaşesin (e.ə. l əsr) dövrümüzədk ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söhbətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Ehtimal ki, parfiyalılar bu əlifbanı midiyalılardan əxz etmişdilər. Çünki Güney Azərbaycandan Midiya dövrünə aid, üzərində arami yazıları olan, fəqət aramicə oxuna bilinməyən bir neçə vaza tapılmışdır. Mütəxissislərin bəzisi həmin yazıların midiyalılara aid olduğunu ehtimal edirlər.

Sasanilər də eyni əlifbanı parfiyalılardan əxz edərək öz dillərinə uyğunlaşdrmışdılar və onların imperiyasında orta fars (tat) dili ilə yanaşı arami dili də dövlət dili hesab olunurdu və hər iki dilin əlifbası eyni idi. Eyni əlifbanın Xəzər xaqanlığında da əsas əlifbalardan biri olduğunu söyləmək üçün əldə ciddi əsaslar var. Fəxrəddin Mübarəkşah Mərvərrudinin yazdığına görə, xəzərlərin əlifbası 22 hərfdən ibarətdir, sağdan sola yazılır və hərflər bitişmir.

Bu halda söhbətin bilavasitə arami əlifbasından getdiyi heç bir şübhə oyatmır. Məsələ burasındadır ki, xəzərlərin yəhudiliyi qəbul etmiş hissəsinin birbaşa davamı hesab edilən krımçaklar XX əsrin əvvəllərinə qədər bu əlifbadan istifadə etmiş və bu əlifba ilə çox sayda ədəbi və dini əsər yaratmışlar. Maraqlıdır ki, krımçak türkcəsi yazılı materialının tədqiqi bu dilin alban (qıpçaq – qarqar) dili ilə, şivə fərqi diqqətə alınmazsa, demək olar ki, eyni olduğunu, fəqət öğuz türkcəsinin daha çox təsirinə məruz qaldığını söyləməyə əsas verir. Bu dil qıpçaq mənşəli hesab edilsə də, onun oğuz – qıpçaq şivələrindən biri olduğunu tam əminliklə söyləmək olar.

Bu baxımdan “Aşıq Qərib” dastanının krımçak variantının dili deyilənlərə ən gözəl misaldır:

Aşıx Ğaripınq masalı və türkısı beyan.

Zaman yılınq bır zamanında Tavriz şeərində bır əxtiyar var əmış. O əxtiyar adamnınq bır xarısı, bır xızı və bır oğılı var əmış. Xarısınınq adı Xanzoxra, xızınınq adı Gülüxan, oğılınınq adı Aşıx Ğarip. Bu əxtiyar adam anistan bır kefsızlıkke oğrayır, arası çıxxa barmayır, bu əxtiyar adam öliyır. Xalıyır xarısı, xızı və oğılı. Bu oğılan Aşıx Ğarip dedıklərı qəndı baxar əmış, qayət bexsun əmış. Bu Aşıx Ğaripnınq düşınə bır gecə ax saxallı adam geliyr, diyır ki: “Oğılım, kimə nışanlaçaxsınq, kımınq xısmetısınq?” Aşıx Ğarip də diyır “Bılmiyıram””.

Çağdaş Azərbaycan türkcəcində:

Aşıq Qəribin məsəli və türküsünün bəyanı.

Ötən illərin birində Təbriz şəhərində bir ixtiyar qoca varmış. O ixtiyar adamın bir qarısı, bir qızı və bir oğlu varmış. Qarsının adı Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı Aşıq Qərib idi. Bu ixtiyar adam anidən bir kefsizliyə uğrayır, ... bu ixtiyar ölür. Qalır qarısı, qızı və oğlu... Bu Aşıq Qəribin bir gecə yuxusuna bir ağ saqqallı adam girir və deyir: “Oğlum, kimə nişanlanacağını, kimin qisməti olduğunu bilirsənmi?” Aşıq Qərib də deyir: “Bilmirəm”.

Gördüyümüz kimi, alban (qarqar – qıpçaq) dili ilə krımçak (xəzər) dili arasında, demək olar ki, elə də böyük bir fərq yoxdur. Bu da təbiidir. Çünki həm Mosiyey Xorenatsi, həm də Musa Kağankatlı alban dilinin əsasında duran qarqar dilini xəzərlərin, daha dəqiq desək, ağ xəzərlərin dili ilə eyniləşdirir. Fəqət mətnləri rus dilinə tərcümə edən ermənilər bu faktı gizlətmişlər. Mətnin orijinalı belədir:

Steğis nşanqirs kokordaxos akxazur xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”

Hərfi tərcüməsi:



Steğts – yaratdı, düzəltdi

nşanqirs – hərfləri

kokordaxos – boğazda danışan

akxazur - ağ xəzər

xjakan – yabanı

xetsbekazunin – pozuq

aynorik – bənzər

qarqartsiots – qarqarların

lezuin – dili

Erməni saxtakarlığını ifşa edən Firidun Ağasıoğlu cümləni belə tərcümə etmişdir:

Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə uyğunlaşdırdı”.

Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası əsasında əlifba yaratmışdır. Əlbəttə ki, onun bu fikri ilə razılaşmaq mümkün deyil. Əgər o gerçəkdən də haqlıdırsa, mətndəki “akxazur” termini gerçəkdən də etnonimdirsə və bu halda söhbət gerçəkdən də ağ xəzərlərdən gedirsə, o zaman deyilənləri belə şərh etmək lazımdır:

(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqarların dili üçün həflər yaratdı”.

Yəni, Mesrop Maştots ağ xəzər dilinə bənzər qarqar dili üçün yeni əlifba yox, bəzi hərflər düzəltdi. Çünki ermənilər üçün düzəltdiyi əlifba qarqar dilinin bəzi səslərini ifadə etmək iqtidarında deyildi. Bizcə, hər şey Firidun Ağasıoğlunun söylədiyinin əksinə baş vermişdir. Albanlar əski əlifbalarından – arami mənşəli xəzər əlifbasından imtina edərək, Maştotsun yeni əlifbasını qəbul etdilər. Xəzər əlifbası ilə yazılmış, Musa Kağankatlınn dili ilə desək, “bütpərəst və cadugərlərin” kitablarını oda verdilər. Buna yeni dinin – xristianlığın qəbul edilməsi səbəb oldu.

Hər halda, Mxitar Qoşun dövrümüzədək alban dilində çatmış kitabı, eləcə də yuxarıda təqdim etdiyimiz alban dilində dua məhz ikinci nəticənin doğruluğunu sübut edir.

Məlumat üçün bildirək ki, “alban” adı təkcə konkret bir soy və ya boyun deyil, eyni zamanda, albanlar ölkəsində yaşayan bütün türk və qeyri – türk etnosların ümumiləşdirici adı olmuş və etnonimə çevrilməmişdən öncə sosisl institutu ifadə etmişdir. Məsələ burasındadır ki, əski türk dilində “alban” kəlməsi “hərbi mükəlləfiyyətli” anlamına gəlir. Bu fakt V. Radlovun “Qədim türk lüğəti”ndə də təsbit edilmişdir, fəqət bu sözün türk dilinə guya monqol dilindən keçdiyi barədə əsassız bir fikir söylənmişdir. Fikrimizcə, Albaniyanın əhalisi Xəzər xaqanlığının, ondan öncə isə Hun xaqanlığnın, başqa sözlə, Türküstanın (Turanın) tərkib hissəsi olmuş, Turan xaqanına tabe olmuş və lazım gəldiyində xaqanı atlı və piyada döyüşçülərlə təmin etməyə mükəlləf olmuşdur. Hər halda, “Kitabi - Dədə Qorqud”da “albanlar başı” adlandırılan Qazan xanın, eləcə də xanlar xanı Bayandır xanın “Türküstanın dirəyi” kimi təqdim edildiyi danılmaz faktdır.

Çox güman ki, Albaniya xristianlığın qəbulundan sonra Turandan (Türküstandan) qopmuş, buna qədər isə həmişə Türküstanın ayrılmaz hissəsi olmuşdur. Hər halda, uzun müddət, daha dəqiq desək, V əsrə qədər (albanlar xristianlığı V əsrdə qəbul etmişlər) Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərinin ərəb mənbələrində “Xəzər” adlandırıldığı da bir gerçəklikdir. Eyni zamanda, xəzərlərin bu günə qədər harada yerləşmiş olduğu məlum olmayan paytaxtlarının Xanbalıq şəhəri olduğu məlumdur. Qəbələ şəhərinin adı isə antik mənbələrdə “Kabalaka” kimi çəkilir. “Kabalaka”nın Xanbalıq adının təhrifedilmiş forması olduğu göz qabağındadr. Xatırladaq ki, Mahmud Kaşğarlının xəritəsində bütün Qafqaz, o cümlədən bugünkü Azərbaycan Respublikasının, Gürcüstanın və Ermənistanın ərazisi Dərbənd – Xəzəran, yəni xəzərlər ölkəsi kimi qeyd edilmişdir. Azərbaycan isə ondan cənubda göstərilmişdir.

Albanların xəzərlərdən və Turan – Türküstan mühitindən qopmasının bir səbəbi yeni din - xristianlıq idisə, digər səbəbi də iki əsr sonra türk əsilli Arsaklar sülaləsinin əvəzinə fars (tat) mənşəli Mehranilərin hakimiyyət başına gəlməsi olmuşdur. Təsadüfi deyil ki, Musa Kağankatlı özünün “Alban tarixi”ndə xəzərlərdən və yer - yer “Şimal” adlandırdığı Türküstandan sevməzliklə söz açır, erməniləri həmişə xoş sözlərlə yad edir, Albaniyanın fars (tat) mənşəli məliyi Cavanşiri öyməkdən isə doymur.

Tanınmış alban tarixçisi Musa Kağankatlı özünün "Alban tarixi" kitabının Albaniyanın, yəni Azəbaycanın ilk şahlarını sıralayarkən birinci yerdə Nuh oğlu Yafəsin, ikinci yerdə onun oğlu, kimmerlərin soy babası Qamərin , dördüncü yerdə isə onun oğlu Toqarmanın adını çəkmişdir.

Musəvilik dinini qəbul etmiş xəzər xaqanı İosif ona xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi ki, xəzərlər Toqarmanın 10 oğlundan biri olmuş Xəzərikin nəslindəndirlər. Maraqlıdır ki, xaqan İosif Toqarmanın, yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4 - cü şahının digər oğullarının da adını cəkmişdir. Bu oğulların da hər biri özünün adı ilə adlandırılan bir türk xalqının soy babası olmuşdur.

Mövzu ilə bağlı Firidun Ağasıoğlu deyir:

1   ...   12   13   14   15   16   17   18   19   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə