Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə5/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36

Кенуль Буньядзаде

Феномен человека в XVII веке в начале

идентификации западного мышления



Резюме
Цель статьи   раскрыть специфические черты человека в XVII веке как в переходном периоде, имеющем большое значение в истории философии. Исходя из этого, дается философский анализ двух основных черт этого периода: во-первых, этот период дальнейшего развития основных идей Ренессанса, воплотившихся в революциях, восстаниях, а также научных открытиях, изобретениях, рассматривается как начало идентификации западного мышлении и отдаления от восточного мышления; во-вторых, этот период явился источником идей для XVIII века. Особо отмечается, что наряду с возрастанием силы и роли рационального мышления и разума, были попытки сохранения значения иррационального мышления и веры.
Kлючевые слова: восточное мышление, западное мышление, ум, вера, Ренессанс, ХVII век.

Konul Bunyadzade



the phenomenon of the human being in the xvii century

at early identification of western thought
Summary
The purpose of article is to reveal the specific features of the human being in the XVII century as a period of transition, which has great importance in the history of philosophy. Proceeding from it the author gives the philosophical analysis of the two main features of this period. Firstly, this period is characterized as a period of development of the main ideas of the Renaissance, incarnated in revolutions, uprisings, and scientific discoveries inventions, considered as the first moments of identification of Western thought and separation from the Eastern thought.

Secondly, this period became the ground and a source of ideas for the XVIII century. It specifies that in addition to increasing the power of rational thought and reason, there were attempts to preserve the values of irrational thinking and faith.


Keywords: Eastern thought, western thought, reason, faith, Renaissance, the XVII century.
UOT 101.1
Qərib Allahverdиyev

Naxçıvan Dövlət Universiteti

fəlsəfə ü.f.d., dosent
AZADLIQ İLƏ MƏSULİYYƏTİN AYRILMAZLIĞI
Azadlığın sosial fəlsəfi təhlilinin mərkəzində ona insan – cəmiyyət münasibətləri kontekstində yanaşılması durur. Bu o deməkdir ki, hər bir sosial subyektin azadlığı təkbaşına həyata keçirilə bilməz, o mütləq digər insanların və bütövlükdə cəmiyyətin maraqları ilə ayrılmaz əlaqədə götürülməlidir. Sosial həyatın fundamental xassəsi olan kollektivlik azadlığın məsuliyyət ilə sıx əlaqəliliyini və ayrılmazlığını zəruri edir.

Azadlıq cəmiyyətdə subyektin sosial statusunu səciyyələndirən başlıca keyfiyyət olmaqla, mütləq digər insanların müvafiq göstəricisi ilə münasibətdə çıxış edir. Bu mənada azadlığın mütləqliyini əsaslandırmağa çalışan hər cür nəzəri və praktiki cəhd qeyri realdır. Azadlığın nisbi olması, onun məsuliy­yətdən ayrılmazlığının əsasında durur. Elmi ədəbiyyatda haqlı olaraq qeyd edilir ki, azadlığın nisbi xarak­teri öz ifadəsini, fərdin digər insanlar və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətində tapır. Şəxsiyyətin azadlığı ilə məsuliyyəti arasında mütənasib asılılıq mövcuddur: cəmiyyət insana nə qədər çox azadlıqlar verirsə, onlardan istifadə üçün onun məsuliyyəti də bir o qədər artır. Əks halda cəmiyyəti didib – parçalayan anarxiya hökmranlıq edir. (6, s. 292).

Cəmiyyətdə insan azadlığının bütün növləri (siyasi, iqtisadi, sosial və mənəvi), hətta onun mühüm tərəfi olan idraki (qnoseoloji) azadlıq da məsuliyyət ilə sıx qarşılıqlı təsirdə mövcuddur.

Azadlıq ilə məsuliyyətin əlaqəliliyi bütün dövrlərdə fəaliyyət göstərən ümumsosioloji prinsip olsa da, onun xarakteri və konkret məzmunu, ictimai inkişafın hər bir pilləsində özünün mühüm özünə­məxsus­luqları ilə səciyyələnir. Ümumilikdə tarixi prosesdə belə bir meyil müşahidə olunur: azadlığın miqyasları genişləndikcə, onun məsuliyyət ilə əlaqələri və qarşılıqlı təsiri daha da güclənir, insanın inkişafının bu iki başlıca tərəfinin vəhdəti durmadan möhkəmlənir.

Azadlığın əsasında duran zərurət və onun dərk olunması eynilə də məsuliyyətin özülünü təşkil edir. Başqa sözlə deyilsə, sosial zərurət azadlığı doğurduğu kimi, insan fəaliyyətinin bütün sahələrində məsuliy­yəti də labüd edir. İnsanın fəaliyyətinin təkbaşına deyil, digər fərdlərlə universal qarşılıqlı təsirdə həyata keçirilməsi həm azadlığın, həm də məsuliyyətin ilkin müqəddəm şərtidir. Onların ayrılmazlığı hər şeydən əvvəl onunla izah edilməlidir. Sözügedən qarşılıqlı təsir prosesində təzahür edən imkanlar və variantlar müxtəlifliyi azad seçimi mümkün və zəruri edir. Azad davranışın və hərəkətin digər fərdlərin maraqları ilə əlaqələndirilməsi və uzlaşdırılması zəruriliyi isə sosial məsuliyyəti törədir. Buradan aydın olur ki, məsuliy­yət zəruri olan ilə mümkün olanı səmərəli nisbətdə həyata keçirməyə yönəlmiş azad seçimin nəti­cəsi kimi çıxış edir. Azadlıq ilə məsuliyyətin eyni mənbədən (insanın sosial mahiyyətindən) qaynaq­lanması onların hər ikisində obyektiv və subyektiv tərəflərin üzvi əlaqəsində də aşkara çıxır. Belə ki, həm azadlıq, həm də məsuliyyət obyektiv zərurətin passiv nəticəsi deyildir, onlarda insanın ətraf aləmə subyektiv və aktiv münasibəti ifadə olunur. Azadlığın subyektiv tərəfinin çox mühüm göstəriciləri olan seçimin dəlilləri və seçim aktının özü həm də məsuliyyətin məzmununu əks etdirən vacib keyfiyyətlərdir.

Məsuliyyət insanın sosial mahiyyətini ifadə edən əsas keyfiyyətlərdən olmaqla, öz məzmununa görə son dərəcə mürəkkəbdir. Çünki o hər bir fəaliyyət sahəsində subyektlərin yerinə yetirdikləri funksiyaların və rolların bir – birilə əlaqələndirilməsini təmin edən çoxsaylı üsulların və vasitələrin məcmusudur. Adi danışıqda bu anlayış çox vaxt kiminsə etdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunması kimi, yəni yalnız hərəkətin nəticəsini ifadə edən mənada işlənilir. Əslində elmi baxımdan yanaşdıqda, məsuliyyət anlayışı daha geniş olub həm də ediləcək hərəkətə və əmələ qabaqcadan şüurlu və düşünülmüş münasibəti, onun əldə olunmasını da əhatə edir. Bu kontekstdə götürülən məsuliyyətin azadlıq ilə əlaqələri daha qabarıq nəzərə çarpır. Belə ki, həmin anlayışların hər ikisinin sosial məzmununu daha adekvat əks etdirir. Azadlıq kimi məsuliyyət də çoxsaylı amillərin təsiri (mövcud cəmiyyətin ictimai münasibətləri, maddi şəraiti, mədəniyyəti və ideya mühiti, ənənələri, dəyərlər sistemi və s.) altında formalaşır.

Məsuliyyətlə əhatə olunan müxtəlif səpkilər sırasında aşağıdakılar xüsusilə mühümdür: ictimai tələblərin ödənilməsi (ictimai borc), müvafiq sosial birlik forması qarşısında görülən iş üçün hesabat verilməsi, fəaliyyət prosesində müsbət tələbat və maraqların formalaşdırılması, həmçinin edilən hərəkətlərə görə xidmətin və ya günahın müəyyənləşdirilməsi. Deyilənlərlə yanaşı məsuliyyət subyektin daxili mənəvi keyfiyyətlərinin formalaşması kimi çox mühüm aspekti də ehtiva edir. Qeyd olunan bütün tərəflərdə məsuliyyət az – çox sosial əhəmiyyət kəsb edən hərəkətlərdə ictimai və fərdi maraqların tənzim edilmə­sində azadlıq ilə vəhdətdə özünü göstərir. Bu onunla şərtlənir ki, fəaliyyətin istənilən növü və sahəsində azadlıq olduğu dərəcədə, məsuliyyət də vardır. Çünki «məsuliyyətdən kənarda azadlıq, azadlıqdan kənarda isə məsuliyyət yoxdur». (3, s. 67).

Azadlığı insanın heç bir məhdudiyyət qoyulmadan hər kəsin öz istədiyini etməsi kimi təsəvvür edən nəzəriyyəçilər (xüsusilə də A.Sopenhauer və F.Nitsşe) onun məsuliyyətlə hər cür əlaqələrini də inkar edirlər. Məsələn, Sopenhauerin fikrincə, insan tərəfindən hər hansı həyati məsələlərin həllində azad məsuliyyətli seçim aktları sosial əhəmiyyətə malik deyildir, onlar xarici mühit ilə deyil, insanın anadan­gəlmə xarakteri ilə şərtlənir. F.Nitsşe də insanın öz davranışı üçün heç bir məsuliyyət daşımadığı ideyasını irəli sürürdü. Onun nəzərincə, sosial davranışda heç bir sosial və ya əxlaqi prinsip və norma ilə tənzim olunmayan «zooloji individidualizm» mövcuddur. (8, s. 52). Bu qəbildən olan baxışlar həyati əsaslardan məlum olub, anarxizmi və özbaşınalığı təbliğ edir. Onlar mütləq «iradə azadlığı» tərəfdarları olmaqla məsuliyyəti tamamilə inkar edirlər.Bununla əlaqədar qeyd edək ki, insanın fəaliyyətini tale ilə bağlayan baxışlar da əsassızdır. Bu mövqe yanlış olaraq belə hesab edir ki, insanın bütün hərəkətləri qabaq­cadan tale tərəfindən müəyyənləşdirilmiş olduğu üçün o öz hərəkətlərinə görə heç bir məsuliyyət daşımamalıdır.

Əslində insanın davranışı onun azad iradəsi üzrə, yəni subyektiv qərarı üzrə baş verdiyi üçün o öz hərəkəti üçün məsuliyyət daşımalıdır. Əgər insan bu və ya digər hərəkəti tam iradə azadlığına malik olmaqla etmirsə, onda o həmin hərəkəti üçün məsuliyyətdən azad olur. Bu münasibətdə Z.Koqanın aşağı­dakı fikri ilə razılaşmaq olar: «Məsuliyyət olmadan azadlıq qeyri-mümkündür. Əgər insan azad seçim edirsə, onda həmin seçim üçün məsuliyyəti də öz üzərinə götürməsi lazım gəlir». (4, s. 164).

Azadlıq öz mahiyyətinə görə müəyyən şəraitdə mümkün olan davranış və hərəkət imkanlarının (onlardan birini seçim etməklə) subyekt tərəfindən gerçəkliyə çevrilməsi olduğu üçün məsuliyyətdən ayrılmazdır. Həm də nəzərə alınmalıdır ki, məsuliyyətin də sosial – fəlsəfi məzmunu dərk olunmuş zəru­rətin, yəni azadlığın subyektin davranışına verdiyi tələblər məcmusunu əhatə edir. Buna görə də məsuliy­yətli fəaliyyət göstərmək öz təbiətinə görə azad hərəkət deməkdir.

Məsuliyyət geniş məzmuna malik olub özündə subyektin şüurlu varlıq kimi yaradıcı qabiliyyəti və imkanlarını könüllü olaraq məqsədinə çatmaq əzmini və vasitələrini, buna sövq edən motivləri, habelə işin nəticələrinin digər insanlar və cəmiyyət tərəfindən rəğbətlə yoxsa qınaqla (hətta hüquqi cəza ilə) qarşılanacağını irəlicədən başa düşməsi və sair məsələləri əhatə edir. Sosial məsuliyyət ictimai, kollektiv və fərdi maraqların vəhdətini ifadə edir və həmin tərəflər arasında ziddiyyətlərin qarşısını almağın və həll etməyin xüsusi formasıdır. O, ictimai mənafelərin pozulmasına cəmiyyətin qiymətvermə və reaksiyaları sistemi rolunu oynayır, şəxsi məsuliyyət isə cəmiyyətin tələblərinə fərdin qiymətvermə və reaksiyası kimi çıxış edir.Əslində məsuliyyətli olmaq bu deməkdir ki, insan öz fəaliyyətinin törədəcəyi nəticələri irəlicədən görür, onları şəxsi və ictimai mövqedən düzgün qiymətləndirir. Belə qabaqıgörmə və proqnozlaşdırma insanın oxşar hərəkətlərinin keçmişdə törətdiyi nəticələrin ümumiləşdirilməsi əsasında baş verir. Bununla yanaşı cəmiyyətdə mövcud olan sosial normalar da bu prosesdə əhəmiyyətli yer tutur. Qeyd edək ki, məsuliyyətin yalnız subyektiv tərəfinin nəzərə alınması, yəni insanın davranış və hərəkətləri üçün özü qarşısında məsuliyyət daşıması fikri məhduddur. Həqiqi məsuliyyət insanın davranışına görə cəmiyyət qarşısında cavabdehliyi deməkdir. A.Mıslivçenko haqlı olaraq yazır: «Sosial məsuliyyət hissi insan azadlığının bütün təzahürlərinə hopmalıdır». (7, s. 133).

Məsuliyyət subyektin davranışında vacib olan ilə mümkün olanın ayırd edilməsində, öz hərəkət­lərinin yaxın və perspektiv nəticələrinin başa düşül­məsində, qarşısına qoyduğu məqsədi yerinə yetirmək üçün düzgün vasitələr və yollar axtarılıb tapılmasında böyük rol oynayır. Məsuliyyət tərəfindən subyektin davranışını tənzim etmək, onu ictimai maraq istiqamətinə yönəltmək funksiyasının özü iki formada təzahür edir. Onlardan birincisi zahiri (xarici) cavabdehlik, ikincisi isə subyektin öz daxilindən, əqidəsindən irəli gələn öz məsuliyyətidir. Azadlıq ilə vəhdət prizmasından yanaşdıqda, ikinci daha mühümdür. Müasir cəmiyyətdə onun xüsusi çəkisi və təsir dairəsi genişlənməkdədir ki, bu subyektin daxili azadlığı və məsuliyyətinin qovuşması məqamını ifadə edir.

Azadlığın ictimai və şəxsi növlərinə uyğun olaraq məsuliyyətdə də onlar mövcuddur. Həm də qeyd olunmalıdır ki, hər ikisində ictimai forma üstün yer tutur. Bununla belə, şəxsi azadlığın və şəxsi məsuliyyətin mühüm rolu danılmazdır. Məhz onlarda insanın əqidəsi, siyasi və mənəvi yetkinliyi, dünya­görüşü, dəyərləri və iradi keyfiyyətləri özünün mərkəzləşmiş ifadəsini tapır. Şəxsi azadlığa və məsuliyyətə lazımi diqqət yetirilməməsi, onların nisbətinin gözlənilməməsi iki ifrat hədd ilə nəticələnə bilir. Onlardan birincisi individuallığın (fərdiyyətçiliyin) həddən artıq şişirdilməsi, ikincisi isə konformizm (mütilik) adlanır. Hər iki meyil birtərəfli və məhduddur. Belə ki, fərdiliyin rolunun mütləqləşdirilməsi, qeyri – ixtiyari surətdə sosial birliyin və ümum cəmiyyətin mövqe və maraqlarını kölgədə qoyur. Digər ifrat hədd isə ona görə zərərlidir ki, şəxsiyyətin fərdiliyinə, özünəməxsusluğuna məhəl qoymur, onda mütilik və standartlılıq aşılamağa çalışır. Belə şəxsiyyət real həyatda çox vaxt məsuliyyətdən kənara qaçmağa səy göstərir, ondan həddindən artıq qorxur. Odur ki, sözügedən tərəflərin düzgün nisbətini təmin etmək çox vacibdir.

Totalitar rejimin hökmranlığı dövründə yalnız ictimai azadlıqdan bəhs olunur, şəxsi azadlığa lazımi diqqət yetirilmirdi. Məsuliyyətin isə hüquqi növü, yəni fərd tərəfindən müəyyən qanuni və nortativ aktı pozmaq üstündə cəza kimi anlaşılması əsas yer tuturdu. Buna görə də məsuliyyətin digər növləri, xüsusən də mənəvi məsuliyyətin və daxili məsuliyyətin rolu kifayət qədər qiymətlən­dirilmirdi. Açıq, demokratik cəmiyyət quruculuğu dövründə azadlığın bütün növlərinin (o cümlədən də şəxsi) hərtərəfli və dolğun inkişafına müvafiq olaraq məsuliyyətin də mənəvi tərəflərinə və səpkilərinə diqqət daha çox yetirilir.

Sözügedən meyil çox mühüm ictimai mənaya malikdir. Belə ki, o məsuliyyəti bir növ öhdəlik çərçi­vəsindən çıxararaq onu ictimai borcun dərk olunması və mənəvi kamillik kimi səciyyələndirir. Şəxsiyyətin öz azad seçimi və hərəkətləri üçün məsuliyyətini dərk etməsi onun yetkinliyinin çox mühüm göstəricisi və meyarıdır. Müasir dövrün tanınmış filosofu K.Popper qeyd edirdi ki, müasir cəmiyyətin humanist proqramının əsasında duran birinci prinsip azadlığın möhkəmləndirilməsi və ondan irəli gələn məsuliyyətin başa düşülməsidir. «Hər gün məsuliyyətini bir qədər artır. Bu sənin azadlıq naminə görə biləcəyin ən yaxşı işdir». (9, s. 488 - 490).

Azadlığın çox mühüm tərəfi olan iradə azadlığı insanın məqsədyönlü aktivliyini ifadə edir. Həmçinin o fərdin subyektiv, yaradıcı mahiyyətini göstərdiyi üçün onu məsuliyyətdən kənar təsəvvür etmək qeyri – mümkündür. Burada məsuliyyətin hüdudları azadlığın daxili və xarici formalarının nisbəti ilə müəyyən olunur. Sonuncu tərəfin üstün yer tutduğu vəziyyətdə məsuliyyət daha zəruri və tam şəkildə mövcud olur. Məsələnin bu tərəfini qeyd etməklə yanaşı həm də göstərilməlidir ki, azad iradəli seçim azadlığı hələ tam əhatə etmir, bundan sonra qərar qəbuletmə və sözün əsl mənasında göstərilən fəaliyyət azadlığı gəlir. Sonuncu fazalarda da azadlıq məsuliyyət ilə sıx qarşılıqlı təsirdədir.

Həm də qeyd olunmalıdır ki, daxili azadlıqda məsuliyyətlilik məqamı durmadan artır. Popperin fikrincə, bu mühüm əhəmiyyət kəsb edir, çünki onun xüsusi çəkisi çoxaldıqca, məsuliyyəti əks etdirən məcburi sanksiyaların və mexanizmlərin təsir dairəsi azalır. Onların yerini getdikcə daha çox mənəvi təsir vasitələri tutur.

Azadlıq ilə məsuliyyətin vəhdəti insanın məqsəd seçimi və onu reallaşdırmaq üçün vasitələr müəyyən etməsində özünü daha aydın göstərir. İnsan öz davranışının həm məqsədlərini, həm də onlara nail olmaq vasitələrini şəxsi seçimi əsasında həyata keçirir. Bu isə onun öz qarşısında və aid olduğu sosial birlik qarşısında məsuliyyətini artırır. Deyilənlərdən aydın olur ki, azadlığın daxili forması məsuliyyət ilə daha sıx bağlıdır. Əslində onun məzmunu idrak azadlığı, seçim və iradə azadlığı ilə yanaşı həm də məsuliyyəti əhatə edir. Məsuliyyət daxili azadlığın digər ifadə formaları ilə də vəhdətdədir. Bu öz ifadəsini insanın malik olduğu zəruri sosial – psixoloji keyfiyyətlərdə (özünütərbiyə, özünütəhlil, özünütənzimetmə, özünənəzarət və sair) də tapır. İnsanın həyat fəaliyyətində müstəsna dərəcədə böyük rol oynayan bu keyfiyyətlərdə azadlıq ilə məsuliyyəti bir – birindən ayırmaq faktiki olaraq qeyri – müimkündür.

Sözün əsl mənasında qeyd olunan azadlıq formal xarakter daşımamalı, şüurlu varlıq olan insanın sərbəst seçiminə görə özü qarşısında və bütövlükdə cəmiyyət qarşısında məsuliyyət hissinə malik olmasına arxalanmalıdır. Bu məsələdən danışarkən belə bir məqama da diqqət yetirilməlidir. Bəzən insanın öz hərəkətləri üçün məsuliyyət dərəcəsini azaldır və ya ondan tamamilə azad edirlər. Bu halda formal əsas kimi insanın hərəkət və davranışlarının özündən asılı olmadan, yəni kənar təsirlərin diktəsi altında baş verdiyi göstərilir. Bu aşağıdakı iki səbəbə görə doğru deyildir. Əvvəla, insan şüurlu və məqsədyönlü fəaliyyət göstərən mövcudat olduğu üçün öz hərəkətlərini tamamilə kənar amillərin təsiri ilə edə bilməz. İkincisi, bir tərəfdən istənilən davranış və hərəkət fərdin öz həyat təcrübəsi, dünyagörüşü, mənəvi – psixoloji və hissi – emosional durumundan keçərək baş verir.

Deyilənlər sübut edir ki, azadlıq və məsuliyyət insanın vahid fəaliyyət prosesinin bir – birindən ayrılmaz iki tərəfidir. Bu, onların daxili təbiəti və mahiyyətindən irəli gəlir. Belə ki, azadlıq həmin fəaliyyətin obyektiv şəraitini və mümkün olan seçim variantlarını öyrənmək əsasında subyektin motivlərinə və məqsədinə müvafiq qərar qəbul etməsi və onu həyata keçirməsi deməkdir. Məsuliyyət də öz növbəsində obyektiv şəraiti nəzərə almaqla, o məqsədini həyata keçirmək üçün müvafiq davranış xətti seçməyi nəzərdə tutur. Azadlıq ilə məsuliyyətin ayrılmaz vəhdəti aşağıdakı fikirdə tam dəqiqliyi ilə ifadə olunmuşdur: «Azadlıq məsuliyyəti doğurur, məsuliyyət isə azadlığı istiqamətləndirir» (5, s. 72).

İnsan hansı fəaliyyət növü və sahəsi ilə məşğul olmasından asılı olmayaraq, bir tərəfdən həmin prosesdə sosial mühitin təsirinə məruz qalır, onu özündə hiss edir. Digər tərəfdən şüurlu və məqsədyönlü aktiv mövcudat kimi sonuncuya mühüm əks təsir göstərir. Sözügedən qarşılıqlı təsirin hər iki formasında azadlıq və məsuliyyət bir – birindən ayrılmaz əlaqələrdə çıxış edir. Elmi ədəbiyyatda haqlı olaraq qeyd edilir ki, «azadlığın səviyyəsi subyektin məsuliyyət dərəcəsini müəyyən edir. Subyekt öz hərəkətlərində azad olmaqla onlar üçün məsuliyyət daşımaya bilməz.

Azadlıq ilə məsuliyyətin münasibətlərini təhlil edərkən onun yalnız pozitiv səpkisini göstərməklə kifayətlənmək doğru olmazdı. Bu tərəfin əsas yer tutduğunu vurğulamaqla yanaşı həm də qeyd edilməlidir ki, onlar arasında müəyyən ayrılıqlar və uyğunsuzluqlar özünü göstərə bilir. Sonuncuları törədən müxtəlif səbəblər arasında aşağıdakılar xüsusi yer tutur: cəmiyyətdə insanların mənafe müxtəlifliyi ilə bağlı olan amillər, subyektlərin sosial rolları və funksiyalarının rəngarəngliyi, ümidlər və gözləmələr ilə real nəticələrin üst – üstə düşməməsi halları, məsuliyyətə görə tətbiq olunan sanksiyalarda bəzən özünü gös­tərən qeyri – müəyyənlik, insanların dəyərlər seçimi və dəyərlər oriyentasiyasındakı fərqlilik, azad seçimin sosial normalar tərəfindən məhdudlaşdırılmasında və özünüməhdudlaşdırmada ölçülərin pozulması və sairədə özünü göstərir.

Müasir dövrdə seçim və fəaliyyət azadlığının təsir dairəsinin genişlənməsinə müvafiq surətdə məsuliyyətin də ənənəvi növləri (siyasi, hüquqi, iqtisadi, mənəvi, peşə və s.) yeni məzmunla tamamlanır, hətta əvvəllərdə o qədər də diqqət yetirilməyən bir növ – ətraf mühitin qorunması və təbii sərvətlərdən ağıllı istifadə etmək məsuliyyəti yaradır. Azadlıq məsuliyyətlə düzmütənasib olduğu üçün onun məhdud­laşdırılması məsuliyyətə də zəiflədici təsir göstərir. Əksinə, azadlığın genişləndirilməsi öz növbəsində məsuliyyətin də artması ilə müşayiət olunur.

Azadlıq və məsuliyyət insanın ən mühüm mənəvi-əxlaqi və sosial-psixoloji keyfiyyətləri kimi, onun subyektiv inkişafının və özünütəsdiqinin iki ayrılmaz tərəfini təşkil edir. Bununla birlikdə insanın fəaliyyəti digər fərdlər və bütövlükdə cəmiyyətlə vəhdətdə olduğundan onun bu istiqamətdə təkmilləşməsi təkcə şəxsi miqyas ilə məhdudlaşmır, həm də ictimai inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir. Müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanda azadlıq və məsuliyyət kimi ümumbəşəri dəyərlərə arxalanan demokratik cəmiyyət yaradılmaqdadır. Xalqımızın ümummilli lideri H.Əliyev demişdir:

«Bizim məqsədimiz Azərbaycanda respublikanın vətəndaşlarını bütün azadlıq növləri – söz azad­lı­ğı, vicdan azadlığı, sahibkarlıq azadlığı ilə təmin edən hüquqi, demokratik cəmiyyət qurmaqdır» (2, s. 98).

Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin vətəndaşlarına verilən genişmiqyaslı azadlıqlar təsbit olunmuşdur. Burada göstərilir ki, hər kəs fikir və söz azadlığına, vicdan azadlığına, sərbəst toplaşmaq azadlığına, məlumat almaq, yaradıcılıq azadlığına və s. malikdir. Başlıcası isə budur ki, həmin azadlıqların həyata keçirilməsinə dövlət təminatı verilir, onların qorunması dövlətin ali məqsədi hesab edilir. Əsas Qanunda həm də azadlıqlar məsuliyyət ilə sıx əlaqədə göstərilir. 24 – cü maddənin II bəndində deyilir: «…azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifəsini də əhatə edir» (1, s. 10).

Açıq cəmiyyətə keçid dövründə şəxsiyyətin azad inkişafı və fəallığının yüksəlməsi üçün hərtərəfli şərait yaranır. Buna müvafiq surətdə məsuliyyət də təkmilləşir. Sonuncu prosesin başlıca istiqaməti budur ki, məsuliyyətin hüquqi sanksiyalarla təsbit olan məcburi növü ilə yanaşı mənəvi, ictimai borcu başa düş­mək­dən irəli gələn növünün xüsusi çəkisi artır və təsir dairəsi genişlənir. Hazırda ölkəmizdə baş verən transformasiya prosesləri azadlıq ilə məsuliyyətin vəhdətini daha da möhkəmləndirir. Bunun nəticəsində subyektlər tədricən öz davranış və hərəkətlərində azadlığın və məsuliyyətin həddlərini daha düzgün müəyyənləşdirməyə alışırlar. Müasir cəmiyyətdə həyata keçirilən əsaslı dəyişikliklər gedişində azadlıq ilə məsuliyyət kütləvi şüura və ictimai psixologiyaya geniş yayılmaqdadır. Bu isə onların rolunu və təsir gücünü daha da çoxaldır. Odur ki, indi cəmiyyətin bütün üzvlərində həqiqi azadlıq və məsuliyyətlilik şüurunun formalaşması müstəsna əhəmiyyət kəsb edir. Bu təsadüfi olmayıb, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərindən irəli gələn təbii haldır. Buna görə də cəmiyyətimizdə ictimai təhsil və tərbiyə sistemi ilə yanaşı həm də özünütərbiyənin bu məqsədə yönəldilməsi vacibdir.

Beləliklə, sosial-fəlsəfi təhlil sübut edir ki, azadlıq təkcə zərurət ilə deyil, həm də məsuliyyət ilə çulğalaşmış halda özünü göstərir. Buna görə də hazırda azadlığın hər bir növünün inkişafı prosesində onun məsuliyyət ilə vəhdəti möhkəmlənir, onların qarşılıqlı surətdə bir-birinə nüfuz etməsi baş verir.


Açar sözlər: azadlıq , məsuliyyət, insanın sosial mahiyyəti , ictimai maraq , şəxsi azadlıq və şəxsi məsuliyyət, hüquqi azadlıq və hüquqi məsuliyyət.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, «Qanun». 2005, 62.s.

2. Шукуров И., Ибрагимов Н. Гейдар Алиев открывает миру Азербайджан. Баку, Азернешр, 1994, с. 173.

3. Гылыджев И.С. Свобода и ответственность. Баку, Нур, 1999, с. 148.

4. Коган Л.Н. Человек и его судьба. М., Мысль, 1987, 272с.

5. Косолапов Р.И., Марков В.С. Свобода и ответственность. М., Политиздат. 1989, 119 с.

6. Кранивенский С.Е. Социальная философия. М., Владос, 1998, 411 с.

7. Мысливченко А.Г. Человек как предмет философского познания. М., Мысль, 1982, 190 с.

8. Пеньков Е.М. Социальные нормы: управление, воспитание, поведение. М., Высшая школа, 1990, 175 с.

9. Поппер К. Открытое общество и его враги. Т.II, М., Феникс, 1992, 528 с.
Гариб Аллахвердиев
Неразрывность свободы и ответственности
Резюме
Статья посвящена анализу единства свободы и ответственности. В ней констатируется, что тесная связь свободы социального субъекта с интересами других людей лежит в основе неразрывности этих двух феноменов. В этом аспекте критикуются позиции волюнтаризма и фатализма. Далее подчеркивается, что при свободном выборе в деятельности и поведении за его результаты человек наряду со своей совестью должен нести ответственность и перед обществом.

В статье отводится значительное место выяснению взаимодействий и единства различных видов свободы и ответственности, при этом подчеркивается возрастающая роль ответственности во внутренней свободе.

1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə