Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə29/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

Açar sözlər: milli təhlükəsizlik; milli təhlükəsizliyə təhdidlər; konstitusiya quruluşu; insan, cəmiyyət və dövlət; hüquqi dövlət; dövlət idarəetməsi.
İstifadə olunmuş ədəbiyyat
1. Həsənov Ə.M. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, “Letterpress“, 2011, 440 s.

2. Mehdiyev R.Ə. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. 2 cilddə. II cild. Bakı, 2007, 672 s.

3. Mehdiyev R.Ə. Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi. “Azərbaycan” qəz., Bakı, 05 dekabr, 2012.

4. Toynbi A. Postijenie istorii. M.., 1996, 351 c.

5. Heydər Əliyev. 1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitq. “Azərbaycan” qəz., 29 may, 1998.

6. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Sərəncam. “Azərbaycan” qəz., 15 fevral, 2008.

7. Бердяев Н.А. Истоки и смысл русского коммунизма. М., 1990, 125 с.

8. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəz., 24 may, 2007.

9. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2009, 68 s.

10. Mehdiyev R.Ə. Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi. “Azərbaycan” qəz. 9 noyabr, 2007.

11. Кабышев В.Т. Российский конституционализм на рубеже тысячелетий //Правоведение, 2001, № 4.

12. Алексеев А.С. Безответственность монарха и ответственность правительства.М.,1997,91 с.

13. Konstitusiyalardan gətirilmiş sitatların mənbəyi: «Конституции государстv Еvропы». 4 cilddə. 1-3 c. M., 2002.

14. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. Bakı, 2006, fevral.

15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu (21 iyul 2000-ci il). Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. Bakı, 2000, iyul.

16. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublİkasının 31 may 2007-ci il tarixli Qanunu. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Bakı, 2007, may.


Самир Нагиев
ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ СИСТЕМЫ

НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ
Резюме
В статье прослеживается история возникновения и развития идеи и понятия национальной безопасности в мировом масштабе и в Азербайджанской Республике. На основе научно-исследо­вательского и сравнительно-правового анализа законодательства Азербайджанской Республики и ряда государств Дальнего и Ближнего Зарубежья рассматриваются принципы национальной безопасности, выдвигаются и обосновываются предложения по установлению принципа конституционной ответственности для членов правительства, других чиновников высокого ранга.
Ключевые слова: национальная безопасность, угрозы национальной безопасности, консти­туционный строй, человек, общество, государство, правовое государство, государственное управление.
Samir Nagiev
ORIGIN AND DEVELOPMENT OF NATIONAL SECURITY SYSTEM
Summary
The article traces the history of the rise and development of the idea and the concept of national security in a global scale and in the Azerbaijan Republic. On the basis of research and comparative legal analysis of the existing legislation of the Azerbaijan Republic and a number of states and foreign countries the principles of national security, proposed and justified proposals for establishing the principle of the constitutional responsibility to government officials and other high-ranking officials are considered.
Keywords: national security, threats to national security, constitutional order, the person, the society, the state, the rule of law, State administration.

UOT 347
Ədalət Rəhİmlİ

AMEA FSHİ, doktorant
İnsan Hüquqları Pozuntuları və BMT-nİn

Humanİtar Müdaxİlə Səlahİyyətİ
Müdaxilə anlayışı beynəlxalq hüquqda ən çox mübahisəyə səbəb olan məsələlərdən biridir. Müdaxilə anlayışını təfsilatı ilə öyrənmədən, “bir dövlət və ya dövlətlər qurupunun digər bir dövlətin hüquqlarına haqlı bir səbəbə əsaslanmadan təcavüz etməsi” kimi başa düşmək olar. Hal-hazırda beynəlxalq hüquq dövlətlərin suveren bərabərliyinin təbii nəticəsi kimi müdaxiləni qadağan etmişdir. Bu səbəbdən, dövlətlərin bir-birilərinin istər daxili, istərsə də xarici işlərinə müdaxilə etməmələri tələb olunur. Müdaxilənin qadağan edilməsi prinsipi ilə bağlı əsas problem bu prinsipin əhatə dairəsinin müəyyən edilməsidir. Beynəlxalq hüquqda bununla bağlı yekdil fikir bir dövlətin milli yurisdiksiyasına daxil olan məsələlərə başqa dövlətlərin qarışmasının bu prinsipə əsasən tam qadağan edilməsidir (11, s. 295). Ümumi olaraq müdaxilə təkcə hərbi vasitələrlə deyil, həm də diplomatik, iqtisadi vasitələrlə də həyata keçirilə bilər. Əgər hər hansı bir müdaxilə hərbi vasitələrlə həyata keçirilmişdirsə, bu BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində göstərilən və beynəlxalq hüquq baxımından da güc tətbiqetmə qadağasını pozmuş olur (5, s. 141). BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi BMT-nin hər hansı bir dövlətin əsasən daxili yurisdiksiyasında olan məsələlərə müdaxiləsini qadağan edir. Bununla yanaşı hər hansı bir dövlətin daxili yurisdiksiyasında olan işlərə hər hansı bir müdaxilə, maraqlı olan dövlətin razılığı və ya beynəlxalq hüququn yol verdiyi hallarda haqlı ola bilər. Bir qayda olaraq maraqlı dövlətin razılığı sazişlər vasitəsi ilə verilməkdədir.

Əgər hər hansı bir dövlət sazişlər yolu ilə daxili yurisdiksiyasında olan məsələyə beynəlxalq əhəmiyyət qazandıraraq digər dövlətlərə yaxud beynəlxalq təşkilatlara bəzi səlahiyyətlər vermişdirsə, müdaxilə qadağası prinsipi ancaq sazişdə nəzərdə tutulan məsələlərin açılması ilə pozulmuş olur (8, s. 219). Bu növ sazişlər, misal üçün, hərbi qoşunların tranzit keçid hüququ, hərbi hissələrin yaradılmasına icazə verilməsi, silahlı qüvvələrin yerləşdirilməsi kimi məsələlərdə olduğu kimi, bir dövlətə bütün xarici siyasətin idarə edilməsinin həvalə edilməsi formasında da ola bilər.

Dövlətin hər hansı bir beynəlxalq təşkilata üzv olması da onun müdaxilə qadağası prinsipi baxımın­dan sərbəstliyini məhdudlaşdırır. Dövlət təşkilatın nizamnaməsinə və bu çərçivədə yaradılan digər sazişlərə riayət etmək məcburiyyətindədir. Misal üçün, BMT Təhlükəsizlik Şurasının BMT Nizamna­məsinin 41 və 42-ci maddələri əsasında tətbiq edəcəyi tədbirlər müdaxilə qadağası prinsipinin pozulması hesab olunmur. Üzv dövlətlər bu tədbirlər qarşısında BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndinə əsaslana bil­məzlər.

Müdaxilə qadağası prinsipi ilə bağlı olan beynəlxalq hüququn nəzərdə tutmuş olduğu ümumi çərçivə bu şəkildə olmaqla yanaşı, müdaxilə qadağası prinsipi beynəlxalq hüquq tərəfindən qəbul edilmiş olsa da, humanitar müdaxilənin bu prinsipinin bir istisnası olduğu fikri irəli sürülməkdədir. Bu fikir insan hüquqlarının ağır və sistematik pozuntularının hüquqa etimadını sarsıtdığını, beynəlxalq sülhə təhlükə yaratdığını və dövlətlərin digər dövlətlərdəki insan hüquqları pozuntuları ilə maraqlanmadıqları təqdirdə insan hüquqlarının müdafiəsinin qeyri-effektiv olacağı fikrinə əsaslanmaqdadır (7, s. 89). Bu görüşə əsaslanaraq hər hansı bir dövlət daxilindəki sistematik və insan hüquqları pozuntularının qarşısını almaq üçün dövlət digər dövlət və ya dövlətlər tərəfindən humanitar müdaxilə edilməsinin vacibliyi müdafiə olunmaqdır. Belə bir fikir özü ilə yanaşı bəzi problemlər yaratmaqdadır.

Dövlətin xarici ölkələrdəki vətəndaşlarına qarşı insan hüquqları pozuntuları törədilməsi hallarında beynəlxalq hüquq bu dövlətə diplomatik müdafiə yollarından istifadə etmək səlahiyyətini verməkdədir (9, s. 124). Bu yolla həyata keçirilən fəaliyyətlər humanitar müdaxilə anlayışının xaricində qalır. Bəzi daxili münaqişələrdə, maraqlı dövlətin səbəbsiz olaraq yardım təkliflərini rədd etməsi halında hərbi güc tətbiqinə ehtiva etməyən humanitar yardımların edilməsi də digər dövlətlərin bir vəzifəsi kimi qəbul edilməkdə və humanitar müdaxilə anlayışının xaricində qalmaqdadır. Bu səbəbdən humanitar müdaxilə daha çox “insan hüquqları pozuntuları səbəbindən xarici dövlətdəki insanların qorunması məqsədi ilə hərbi gücün tətbiqi” kimi başa düşülməkdədir. Bu da humanitar müdaxilə anlayışı daxilində güc tətbiq olunması qadağası ilə müdaxilə qadağası məsələlərinin birləşməsinə yol açmaqdadır (3, s. 98).

Humanitar müdaxilənin hüquqiliyi haqqındakı nəzər nöqtəsi həm XVIII, həm də XIX əsrin əksər hüquqşünas alimləri tərəfindən qəbul edilirdi. Bu dövrdə güclü Avropa dövlətlərinin Çar Rusiyasında yaşayan polyak və yəhudilərin, Osmanlı dövlətində yaşayan bolqar və yunan əhalisinin müdafiəsini səbəb kimi göstərərək hərbi güc tətbiq etdikləri məlumdur. İstər bu dövrdə, istərsə də sonrakı dövrlərə nəzər saldıqda humanitar müdaxilənin adı altında həyata keçirilən fəaliyyətlərin çoxunun insani maraqlardan daha çox müdaxilə edən dövlətlərin iqtisadi və siyasi mənafelərinə xidmət etdiyini görmək olar (4, s. 275). Xüsusilə də keçmiş SSRİ-nin Macarıstana, Polşaya, keçmiş Çexslovakiyaya və Əfqanıstana, ABŞ-ın Qvatemalaya, Dominikan Respublikasına, Nikaraquaya, Əfqanıstana və İraqa etdikləri müdaxilələrdə insani maraqlar olduqca azdır. Bu müdaxilələr, müdaxilə edilən ölkələrdəki insan hüquqlarının mövcud vəziyyətini düzəltmək əvəzinə daha da pisləşdirmişdir (10, s. 278).

Hazırda beynəlxalq hüquqda hər bir dövlət daxilindəki insan hüquqları pozuntuları ilə əlaqədar olaraq digər dövlətlərin humanitar müdaxilə hüququ ilə bağlı hər hansı bir konkret qayda formalaş­mamışdır. Əxlaqi baxımdan, bir dövlət daxilindəki ağır və sistematik insan hüquqları pozuntularına göz yumulması və bunlara digər dövlətlər tərəfindən müdaxilə edilməsinin vacibliyi mühüm əhəmiyyət kəsb etsə də, bundan sui-istifadə halları baş verməkdədir. Belə hallar beynəlxalq hüquq tərəfindən tənzimlən­mədikcə, bir dövlət daxilindəki mövcud insan hüquqları pozuntularına digər dövlət, yaxud dövlətlər qrupunun müdaxiləsinə beynəlxalq hüquq baxımından hüquqilik qazandırmaq düzgün olmaz. Hüquqi baxımdan da, dövlətlərə bu formada müdaxilə hüququnun verilməsi, xüsusilə zəif dövlətlər baxımından təhlükəlidir. Çünki güclü dövlətlərin zəif dövlətlərə insan hüquqlarını bəhanə edərək öz iqtisadi və siyasi mənafeləri üçün təzyiqlər etməyəcəyi təminatını vermək olmaz. Bu səbəbdən, bir dövlət daxilindəki ağır və sistematik insan hüquqları pozuntularına digər dövlətlərin müdaxilə etməsinin yolu maraqlı dövlətin razılığı və yaxud BMT Nizamnaməsinin 39-cu maddəsinə əsasən Təhlükəsizlik Şurasının ona verilən səlahiyyətlər çərçivəsində hər hansı bir dövlət daxilindəki insan hüquqları pozuntularının sülhə təhlükə yaratdığını müəyyən edib müdaxilə ilə əlaqədar qərarlar verməsidir. Lakin, bu şərtlərin olmaması halında, hətta BMT-nin də hər hansı bir dövlətdəki daxili problemlərə insani səbəblər olsa belə müdaxilə etmək hüququ yoxdur. Bu müddəa açıq bir şəkildə BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində öz əksini tapmışdır.

Keçmişdə müdaxilə institutundan xüsusilə güclü dövlətlərin öz iqtisadi və siyasi maraqları üçün istifadə edilməsi və bu təhlükənin həmişə mövcud olması səbəbindən beynəlxalq hüquqda əsas meyil humanitar müdaxilənin qəbul edilməməsi yönündədir. Buna misal olaraq, Beynəlxalq Ədalət Məhkə­məsinin Nikaraqua ABŞ işi ilə bağlı verdiyi 27 iyun 1986-cı il tarixli qərarını göstərmək olar. Bu qərarda məhkəmə təzyiq altında olan insanların müdafiə edilməsi məqsədi ilə bir dövlətin digər bir dövlətə müdaxilə etməsinin beynəlxalq hüquqa zidd olduğunu təsbit etmiş, insani səbəblərə əsaslanaraq hərbi gücün tətbiqi qadağasının pozulmamalı olduğunu və humanitar müdaxilə əvəzinə humanitar yardım edilməsinin vacibliyi vurğulanmışdır (6, s. 310; 7, s. 83).

BMT Nizamnaməsi beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasına görə başlıca məsuliyyəti Təhlükəsizlik Şurasının üzərinə qoymuşdur. BMT Nizamnaməsinin 39-cu maddəsinə əsasən Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir və tövsiyələr verir və yaxud beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması üçün 41 və 42-ci maddələrə uyğun olaraq hər hansı tədbirlərin görülməsi haqqında qərar qəbul edir. BMT Nizamnaməsinin 39-cu maddəsinin əsl məqsədi insan hüquqlarının qorunması deyil, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsidir (7, s. 91). Lakin Təhlükəsizlik Şurası insan hüquqları pozuntularının da daxil olduğu sülhə təhlükə yaradan, yaxud onu pozan bir hadisəyə müdaxilə etdikdə, dolayısı yolla insan hüquqları pozuntularını önləmiş olacaqdır. Təhlükəsizlik Şurasının 39-cu maddə ilə bağlı hər hansı bir şəraiti təsbit etdiyi halda görəcəyi tədbirləri müvəqqəti və məcburedici tədbirlər olmaqla iki qrupa ayirmaq olar. BMT Nizamnaməsinin 40-cı maddəsinə görə müvəqqəti tədbirlərin məqsədi, şəraitin daha da pisləşməsinin qarşısını almaqdır. Bu tədbirlərin nələrdən ibarət olduğu Nizamnamədə açıqlanmasa da, praktikada Təhlükəsizlik Şurası münaqişələrin dayandırılması, atəşkəs, silahlı qüvvələrin geri çəkilməsi, razılığın əldə olunması və hərbi vasitələrə qadağa qoyulması kimi müvəqqəti tədbirlərdən istifadə edir. Nizamnamənin 41 və 42-ci maddələrində, silahlı qüvvələrin istifadəsi ilə bağlı olan və olmayan iki növ məcburedici tədbirlər nəzərdə tutulmuşdur. 41-ci maddə diplomatik, iqtisadi, siyasi münasibətlərin kəsilməsi və hava, dəniz, dəmiryol nəqliyyatının, poçt, radio, teleqraf rabitəsinin dayandırılması kimi tədbirləri əhatə etməkdədir. 42-ci maddə isə, bu tədbirlərin kifayət etmədiyi hallarda hava, dəniz və ya quru qüvvələrindən istifadə olunaraq həyata keçirilən məcburedici tədbirləri nəzərdə tutur (1, s. 33; 2, s. 87).

Yuxarıda göstərilən məcburedici tədbirlərlə bağlı maddələrə və praktikaya nəzər saldıqda, BMT-nin üzv dövlətlərin silahlı qüvvələri vasitəsi ilə həyata keçirdiyi əməliyyatların əsasən iki yolla gerçəkləş­dirildiyini görmək olar. Bunlardan birincisi Koreya, Körfəz böhranı və Somali hadisələrində olduğu kimi BMT-nin adından yaxud onun icazəsi ilə üzv dövlətlərin silahlı qüvvələrinin istifadə edilməsi; ikincisi isə tərəflərin razılığı ilə BMT-nin sülhməramlı qüvvələrinin müdaxiləsidir. Əvvəllər qeyd edildiyi kimi, bu əməliyyatların əsas məqsədi insan hüquqlarının müdafiəsi deyil, sülh və təhlükəsizliyin təmin edilməsi olmuşdur. Lakin 1991-ci ildən etibarən Təhlükəsizlik Şurası əməliyyatlarını daha çox insan hüquqlarının müdafiəsinə əsaslandırmaqdadır. Buna misal olaraq, Təhlükəsizlik Şurasının Körfəz Böhranı dövründə qəbul etdiyi 5 aprel 1991-ci il tarixli 688 saylı qərarını göstərmək olar. Təhlükəsizlik Şurası bu qərarı ilə ilk dəfə olaraq insan hüquqlarının pozulmasının sülhə təhlükə təşkil etdiyini qəbul etmişdir (1, s. 173).

BMT-nin insan hüquqları pozuntularını səbəb göstərərək müdaxilə etməsi baxımından daha maraqlı bir misal, Somali hadisəsidir. Somalidə tamamilə bir dövlət daxilindəki insan hüquqları pozuntuları, Təhlükəsizlik Şurası tərəfindən sülhə təhlükə yaradan bir vəziyyət kimi dəyərləndirilmişdir. Bu beynəlxalq hüquqda “müdaxilə hüququnun yeni bir forması kimi” qəbul edilmişdir (10, s. 160).

Təhlükəsizlik Şurasının qərarlarında insan hüquqlarının pozulmasının səbəb kimi göstərilməsinə digər bir misal kimi Ruanda hadisələrini göstərmək olar. Ruandada 6 aprel 1994-cü ildən sonra daxili münaqişələrin başlanması nəticəsində təxminən bir milyon insan məhv edilmişdir. Bu dəhşətli vəziyyətin məlum olmasına baxmayaraq BMT və bölgədə xüsusi maraqları olan Fransa xeyli müddət bu hadisələrə laqeyd münasibət göstərmişlər. Təhlükəsizlik Şurası 1994-cü ilin iyununda 929 saylı qərarı ilə insan hüquqlarının faciəvi vəziyyətini və bölgədəki sülh və təhlükəsizliyin təhlükədə olmasını nəzərə alaraq Fransanın başçılığı altında çoxmillətli hərbi qüvvənin bölgəyə yerləşdirilməsinə səlahiyyət vermişdir (3, s. 98).

Təhlükəsizlik Şurasının müdaxilə etdiyi digər hadisələrdən biri də keçmiş Yuqoslaviyadakı münaqişələrdir. Təhlükəsizlik Şurasının bu münaqişələrlə bağlı qəbul etdiyi qərarlarda insan hüquqlarına normal riayət edilməsinin və bunlara nəzarətin təmin edilməsi, münaqişə tərəfləri arasında daimi sülhün təmin edilməsi bir vəzifə kimi qoyulurdu. Lakin BMT bu hadisədə də məqsədinə lazimi qədər nail ola bilməmişdir. Bosniyalı mülki əhalinin kütləvi şəkildə qətl edilməsi BMT-nin insan hüquqlarının müdafiəsi sahəsindəki etimadının dramatik bir şəkildə zədələnməsinə səbəb olmuşdur (6, s. 239).

Göstərilən bütün bu örnəklərdə insan hüquqları pozuntuları ilə sülhün mühafizəsi arasında yaxın əlaqənin olması nəzərə çarpır. Getdikcə də Təhlükəsizlik Şurasının sülhün qorunması ilə bağlı qərarlarında insan hüquqlarının qorunmasının əsas səbəb kimi göstərilməsi diqqətəlayiqdir. Lakin, Təhlükəsizlik Şurasının siyasi bir orqan olması müxtəlif problemlərin yaranmasına səbəb olur. Təhlükəsizlik Şurasının quruluşu baxımından belə hadisələrlə bağlı yekdil bir qərarın əldə olunması çox çətindir. Xüsusilə də daimi üzvlərin veto hüququ bu sahədə mühüm bir maneədir. Müdaxilə edilməsi vacib olan bir hadisəyə daimi üzvlərdən birinin mənafelərinə uyğun gəlməməsi səbəbindən qərarların qəbul edilməsi xeyli ləngidilir. Buna misal kimi, Körfəz Böhranında Təhlükəsizlik Şurası çox çevik bir şəkildə müdaxilə etdiyi halda, Bosniya hadisəsində müdaxilə qərarının qəbul edilməsinin uzun müddət gecikdirilməsini, həmçinin son dövrdə Suriyadakı böhranla bağlı vəziyyəti göstərmək olar. Bundan əlavə hər hansı bir dövlət daxilindəki hansı insan hüquqları pozuntularının sülhə təhlükə təşkil etməsi və bunlardan hansılarına müdaxilə edilməsinin müəyyən olunması, zəif dövlətlərin güclü dövlətlərin təzyiqlərindən qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Soyqırım, məcburi köçürülmə və sair ağır və sistematik olaraq insan hüquqları pozuntularının sülhə təhlükə təşkil etməsi ilə bağlı ümumi fikir mövcud olsa da, Təhlükəsizlik Şurası kimi siyasi mənafelərin ön planda durduğu bir orqanda bənzər hadisələr üçün yekdil bir qərarın qəbul olunması olduqca çətindir. Təhlükəsizlik Şurası hadisənin baş verməsi dövründəki mövcud siyasi, strateji, hərbi tələblərə uyğun olaraq öz qərarını verir. Bu da oxşar insan hüquqları pozuntularına qarşı fərqli tədbirlər tətbiq edən BMT-nin insan hüquqlarının müdafiəsi sahəsindəki nüfuzunun zədələnməsinə səbəb olur. Bu etimad itgisinin qarşısının alınması üçün ən azı BMT üzvləri üçün sülhə təhlükə yaradan insan hüquqları pozuntularının kataloqunun hazırlanması məqsədə uyğun olar.


Açar sözlər: Birləşmiş Millətlər Təşkilatı, Təhlükəsizlik Şurası, insan hüquqları, humanitar müdaxilə, pozuntular, sülh, müdafiə, silahlı münaqişələr, effektivlik, humanitar yardım.
İstifadə olunmuş ədəbiyyat
1. Bozkurt E. Birleşmiş Milletler Sisteminde Kuvvet Kullanımı ve Körfez Krizi Örneyi. Konya, 1996.

2. Bruno Simma. The Charter of the United Nations – A Commentary. Oxford, New York, 2002.

3. Herbert M. The United Nations and Humanitarian Intervention. Cambridge, 1998.

4. Jack D. Human Rights in Theory and Implementation. London, 2001.

5. Matt T. Legitimasy of Humanitarian Intervention. New York, 1999.

6. Özgür M. Birleşmiş Milletler Çerçevesinde Uluslararası Uyuşmazlıkların Barışçı Çözümü. Ankara, 2005.

7. Reyhan Sunay. Tartışılan Egemenlik. Ankara, 2007.

8. Steiner Henry J., Philip Alston, Ryan Goodman. International Human Rights Law in Context - Law, Politics, Morals. Oxford, 2008.

9. Turgut Tarhanlı. Birleşmiş Milletler Örgütü ve İnsan Haklarının Korunmasına İlişkin Başlıca Usuller. İstanbul, 2000.

10. Yamander Batur M. Silahlı çatışmalarda sivillerin korunması. İstanbul, 2007.

11. Yusuf Ş. Hakyemez. Mutlak Monarşilerden Günümüze Egemenlik Kavramı. Ankara, 2004.
Адалят РАГИМЛИ
НАРУШЕНИЯ ПРАВ ЧЕЛОВЕКА И ПРАВОМОЧНОСТЬ

ГУМАНИТАРНОго vмешательстvа ООН
Резюме
Сегодня наиболее серьезной из vсех угроз для международного мира и безопасности яvляется угроза vооруженных конфликтоv, которые vозникают между государстvами, народами и vраждующими группироvками. Даже v ситуациях, когда насилие прояvляется vнутри страны, оно часто vыходит за ее границы, создаvая угрозу безопасности другим государстvам и v конечном итоге приvодит к комплексным гуманитарным катастрофам. Вооруженные конфликты наглядно иллюстрируют неделимость и vзаимозаvисимость vсех праv челоvека.

Между миром и безопасностью v международном контексте и vерхоvенстvом праvа и праv челоvека сущестvует ключеvая сvязь, которая определяет их vсе более значительную роль v процессе мироvого разvития и демократизации.

В настоящее vремя ООН должна прилагать vсе усилия для создания минимальных стандартоv гуманитарного праvа, стремиться устаноvить осноvополагающие нормы праv челоvека и гуманитарного праvа, которые могут применяться для защиты праv челоvека v любых обстоятельстvах.
Ключеvые слоvа: Организация Объединенных Наций, Соvет Безопасности, праvа челоvека, гуманитарное vмешательстvо, нарушение, мир, защита, vооруженный конфликт, эффектиvность, гуманитарная помощь.
Adalat Rahimli
THE HUMAN RIGHTS VIOLATIONS AND UN

HUMANITARIAN INTERference COMPETENCE
Summary
Today some of the most serious threats to international peace and security are armed conflicts that arise among states, nations and warring factions. Even in the situations of internal violence, they often spill over borders, endangering the security of other states and resulting in complex humanitarian emergencies. Armed conflicts clearly illustrate the indivisibility and interdependance of all human rights.

There is a crucial connection between international peace and security and the rule of law and human rights, placing them all within the larger context of democratization and development.

At present the UN should make all the efforts to establish minimum humanitarian standarts, seeking to identify fundamental rules of human rights and humanitarian law that can be applied in all circumstances, for protection of human rights.
Keywords: United Nations, Security Council, human rights, humanitarian interference, violation, peace, protection, armed conflicts, efficiency, humanitarian aid.

UOT 343.1
Tərlan Alıyev

AMEA FSHİ, doktorant
İLKİN YOXLAMA SUBYEKTLƏRİNİN DAİRƏSİNƏ VƏ

PROSESSUAL VƏZİYYƏTİNƏ DAİR MÜLAHİZƏLƏR
İlkin yoxlamanın subyektləri geniş anlamda cinayət işinin başlanması mərhələsində həyata keçirilən icraatda iştirak edən şəxslərdir (7, s.88). Bu subyektlər arasında əsas rolu ilkin yoxlama üzrə bilavasitə icraat aparan proses subyektləridir. AR CPM-in 207.1-ci maddəsinin məzmunundan aydın olur ki, cinayət prosesində ilkin yoxlamanı təhqiqatçı, müstəntiq və prokuror həyata keçirə bilər. Bununla əlaqədar olaraq, qüvvədə olan cinayət-posessual qanunvericiliyin anlayış aparatı aspektindən bəzi konseptual suallar meydana çıxır. Məsələ burasındadır ki, AR CPM-də istifadə edilmiş əsas anlayışların mahiyyətini açan 7-ci maddə təhqiqatçı, müstəntiq və prokuroru məhkəməyədək icraatda yalnız ibtidai araşdırma ilə bağlamışdır. Belə ki, AR CPM-in 7.0.23-cü maddəsinə əsasən prokuror – öz səlahiyyətləri daxilində qanunda nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir, 7.0.24-cü maddəsinə əsasən müstəntiq – öz səlahiyyətləri daxilində qanunda nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir, 7.0.25-ci maddəsinə əsasən təhqiqatçı – öz səlahiyyətləri daxilində qanunda nəzərdə tutulmuş hallarda və qaydada cinayət təqibi üzrə təhqiqat aparan şəxsdir. Xatırladaq ki, AR CPM-in 7.0.22-ci maddəsinə görə ibtidai araşdırma – cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır.

Beləliklə, qeyd edilən məsələlər kontekstində qüvvədə olan cinayət-prosessual qanunvericilikdən aşağıdakı tezislər meydana çıxır: 1) təhqiqatçı və müstəntiq müvafiq olaraq ibtidai araşdırmanın təhqiqat və ibtidai istintaq formaları üzrə icraat aparırlar; 2) prokuror ibtidai araşdırma fəaliyyətinə prosessual rəhbərliyi həyata keçirir; 3) ibtidai araşdırma cinayət işinin başlanmasından sonra həyata keçirilir; 4) ilkin yoxlama isə cinayət işi başlanana kimi həyata keçirilir; 5) ilkin yoxlama ibtidai araşdırmaya daxil deyildir. Bu tezisləri birlikdə nəzərdən keçirdikdə həqiqətən bəzi suallar meydana çıxır: Təhqiqatçı, müstəntiq və prokurorun fəaliyyəti yalnız ibtidai araşdırma ilə bağlıdırsa, o zaman ilkin yoxlama fəaliyyətində onların səlahiyyət hədləri hansı həcmdədir? Təhqiqatçı və müstəntiq ibtidai araşdırma ilə bağlı bütün hüquqlarından ilkin yoxlama zamanı da istifadə edə bilərlərmi? Prokuror ilkin yoxlama üzərində prosessual rəhbərlik və ya prosessual nəzarət həyata keçirirmi?

Fikrimizcə, bu sualların cavablandırılması sadalanan subyektlərin ilkin yoxlama fəaliyyətindəki roluna aydınlıq gətirə bilər. Əvvəla, qeyd etmək istərdik ki, AR CPM-in 7-ci maddəsində verilmiş anlayışlarda qeyd edilməməsinə baxmayaraq, təhqiqatçı, müstəntiq və prokurorun ilkin yoxlamanı həyata keçirməsi qanuna zidd deyildir. AR CPM-in bir sıra digər normaları adları çəkilən subyektlərin ilkin yoxlama üzrə icraatda iştirakının hüquqi əsaslarını müəyyən edir. Belə ki, AR CPM-in 207.1-ci maddəsinə əsasən: «təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror … törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda … cinayət haqqında məlumat alındıqdan sonra …cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı …aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir».

Bundan başqa, hüquqi vəziyyətləri araşdırılan subyektlərin hər birinin prosessual statusunu müəyyən edən normalarda onların ilkin yoxlama üzrə səlahiyyətlərini təsbit edən müddəalara rast gəlmək olar. Belə ki, AR CPM-in 84.2.1-ci maddəsinə əsasən, prokurorun törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək onun ibtidai istintaqını aparmaq yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq vəzifəsi vardır ki, burada ərizə və məlumatlara baxmaq dedikdə, həm də zəruri hallarda ilkin yoxlama aparmaq başa düşülməlidir. AR CPM-in 84.5.1-ci maddəsinə əsasən isə, prokurorun törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qəbulu, qeydiyyatı və həll edilməsində qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətini yoxlamaq hüququ vardır. Deməli, prokuror cinayət işinin başlanması mərhələsində həyata keçirilən ilkin yoxlamada həm bilavasitə iştirak edir, yəni onu özü həyata keçirir, həm də bilvasitə, yəni ilkin yoxlamanı həyata keçirən şəxsin fəaliyyətinin qanuniliyini yoxlayır və ikinci iştirak növü prosessual rəhbərlikdən daha çox prosessual nəzarət xarakterlidir, çünki qanunda prokurorun ilkin yoxlama fəaliyyətinin istiqamətləri barədə göstəriş vermək hüququndan yox, məhz həmin fəaliyyətin gedişində qanunun tələblərinin yerinə yetirilib-yetirilməməsinin yoxlanılması hüququndan bəhs edilir.

İlkin yoxlama fəaliyyəti ilə bağlı müstəntiqin vəzifəsi AR CPM-in 85.2.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsi daşıyır.

Şübhəsiz, ilkin yoxlama üzrə fəaliyyəti həyata keçirmək üçün müstəntiqə prosessual hüquqlar da verilmiş olmalıdır. Fikrimizcə, müstəntiqin belə hüquqlarına aşağıdakıları aid etmək olar: hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək (AR CPM-in 85.4.1-ci maddəsi), müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq (AR CPM-in 85.4.5-ci maddəsi) və s.

Eləcə də təhqiqatçının prosessual vəziyyətini müəyyən edən normaya diqqət yetirsək, onun ilkin yoxlama subyekti kimi hüquq və vəzifələrinə dair müddəalar görə bilərik. Belə ki, AR CPM-in 86.2.1-ci maddəsi təhqiqatçı üçün də törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini müəyyən etmişdir. Eyni zamanda təhqiqatçının AR CPM-in 86.4.1-ci maddəsində təsbit edilmiş hadisənin şahidlərinin izahatını almaq, hadisənin başvermə şəraiti ilə tanış olmaq, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək hüququnun da ilkin yoxlama fəaliyyəti üçün əhəmiyyətini qeyd etmək lazımdır.

Beləliklə, təhqiqatçı, müstəntiq və prokuror ilkin yoxlamanı həyata keçirən subyektlərdir, onlar ibtidai araşdırma ilə bağlı onlara verilmiş hüquq və vəzifələrdən ilkin yoxlamanın məqsədi və prosessual qaydaları hüdudlarında istifadə edirlər. Bu etapda prokuror daha çox prosessual nəzarət funksiyasını həyata keçirir, lakin müstəsna hallarda ilkin yoxlamanı şəxsən aparır (8, s.258).

İlkin yoxlamanı həyata keçirən subyektlərdən başqa barəsində ilkin yoxlama aparılan və ilkin yoxlamada iştirak edən digər şəxslərin də prosessual hüquqi statusu məsələsi müasir cinayət-prosessual hüquqda aktualdır. İlkin yoxlama həm fiziki, həm də hüquqi şəxs barəsində aparıla bilər. Bununla belə, qüvvədə olan cinayət-prosessual qanunvericilikdə barəsində ilkin yoxlama aparılan şəxslərin prosessual hüquqi statusu barədə müddəalar nəzərdə tutulmamışdır. Bu məsələ milli hüquq ədəbiyyatında aktual problem kimi qəbul edilir. Məsələn, ilkin yoxlama zamanı həyata keçirilməsinə yol verilən istintaq hərəkətləri ilə bağlı F.M. Abbasova göstərir: «… qanunda barəsində ilkin yoxlama aparılan fiziki və hüquqi şəxslərin hüquqları, onların müdafiə mexanizmi barədə göstərişlər yoxdur … CPM-in 236.3-cü maddəsinin mənasına görə, cinayət işi başlamadan aparılan baxış zamanı maraqlı şəxs və ya onun vəkili iştirak etmək hüququna malik deyildir … qanuna edilən dəyişiklik (burada AR CPM-in 207.1.2-ci maddəsinə 2 iyul 2001-ci tarixli Qanunla edilmiş dəyişiklik nəzərdə tutulur – müəllif) cinayət işi başlanana kimi cinayət təqibi aparan orqana ekspertiza təyin etmək hüququ vermişdir, …digər tərəfdən, belə ekspertizalarla bağlı maraqlı tərəfin qanunda heç bir hüquq və qanuni mənafeyi nəzərdə tutulmamışdır … bütün bunlar ona dəlalət edir ki, vətəndaşları əsassız dövlət müdaxiləsindən müdafiə etmək üçün cinayət-prosessual qanunvericilikdə cinayət işinin başlanması mərhələsində aparılan ilkin yoxlamalarla bağlı maraqlı şəxslərin hüquq və qanuni mənafelərinin konkret olaraq müəyyən edilməsi vacibdir» (1, s.168-169).

Edilmiş istinadda mövcud problem çox dəqiqliklə qoyulmuşdur, lakin təəssüf ki, müəllif problemin həlli yolu kimi ilkin yoxlamalarla bağlı maraqlı şəxslərin hüquq və qanuni mənafelərinin konkret olaraq müəyyən edilməsinin vacibliyini göstərməklə kifayətlənmiş və özü bu istiqamətdə hər hansı konkret təklif irəli sürməmişdir. Bununla belə, metodologiya baxımından müəllifin istinad etmiş fikirləri çox əhəmiyyətlidir. Həqiqətən, barəsində ilkin yoxlama aparılan şəxsin hansı prosessual statusa malik olmasını müəyyən etmək lazımdır.

İntuitiv olaraq barəsində ilkin yoxlama aparılan şəxs şübhəli şəxslə eyniləşdirilə bilər. Lakin qüvvədə olan cinayət-prosessual qanunvericiliyin müddəaları bu yanaşmanı istisna edir. Belə ki, AR CPM-in 90.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində aşağıdakı fiziki şəxslər tanınır: 1) ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs; 2) cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs; 3) haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətiimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs. Göründüyü kimi, qanunvericilik şübhəli şəxs statusunu birmənalı olaraq prosessual məcburiyyət tədbirinin tətbiqi ilə bağlayır, belə çıxır ki, hər hansı bir icraatda konkret şəxsi ifşa edən sübutların və digər məlumatların toplanmasına baxmayaraq o, tutulmayana kimi şübhəli şəxs statusu qazanmır və deməli, bu statusa uyğun hüquqlardan istifadə etmək imkanından məhrum olur. Başqa sözlə, ilkin yoxlama zamanı konkret şəxsin davranışı və ya fəaliyyəti bilavasitə yoxlanılarsa, lakin ilkin yoxlama ərzində ona qarşı prosessual məcburiyyət tədbiri tətbiq edilməzsə, bu şəxs hətta onun barəsində cinayət işinin başlanması anında belə şübhəli şəxs kimi tanınmamış olur.

Bu problemi M.S.Qəfərov aşağıdakı kimi nəzərdən keçirir: «… konkret şəxs barəsində cinayət işinin başlanması anından onun şübhəli şəxs qismində tanınması barədə qaydanın qanunvericiliyə daxil edilməsi prinsipial əhəmiyyətə malikdir … o, araşdırma aparan orqana məlum olan və cinayət törətməkdə şübhəli görünən şəxsin hüquqi vəziyyətinin qeyri-müəyyənliyini aradan qaldırar … cinayət işinin başlanmasından şəxsin tutulmasına və ya ona ittiham irəli sürülməsinə qədər olan dövrdə faktiki olaraq şübhəli şəxs istintaq hərəkətlərinin icraatında şahid qismində iştirak etməyə məcbur olur … bununla da belə şəxsin süni olaraq müdafiə hüququndan istifadə imkanı məhdudlaşır» (4, s.95).

Eyni vəziyyət ilkin yoxlamaya da aiddir. Belə ki, barəsində ilkin yoxlama aparılan şəxs ona prosessual məcburiyyət tədbiri tətbiq edilməyənə kimi bu icraatda yalnız izahat vermək üçün çağırılmış şəxs kimi çıxış edir və onun barəsində mahiyyətcə ifşaedici fəaliyyət həyata keçirildiyi halda müdafiə olunmaq imkanlarından məhrum olur (12, s.321-322). Faktiki olaraq, şəxs barəsində cinayət işinin başlanması onun barəsində mövcud olan şübhənin leqallaşdırılmasıdır (10, s.92). Sual yaranır: Şəxsin barəsindən ilkin yoxlamanın aparılması cinayət təqibinin həyata keçirilməsidirmi?

Ədəbiyyatda bu suala həm müsbət, həm də mənfi cavab verən müəlliflərə, eləcə də qarışıq mövqenin tərəfdarlarına rast gəlmək mümkündür (5, s.86-87). D.V.Rılkov belə bir fikir irəli sürür ki, cinayət təqibi konkret şəxsə qarşı yönəlmiş bir fəaliyyət olduğu üçün cinayət işi fakt barəsində başlandığı hallarda (ilkin yoxlama zamanı cinayət hadisəsinin halları konkret şəxsin onda iştirakı müəyyən edilmədən araşdırıldıqda – müəllif) cinayət işinin başlanması cinayət təqibinin başlanması demək deyildir, lakin cinayət işi konkret şəxs barəsində başlandığı (ilkin yoxlama konkret şəxsin ifşa edilməsinə, ona qarşı şübhələrin yaranmasına yönələn hallarda - müəllif) hər bir halda cinayət işinin başlanması həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi kimi başa düşülməlidir (9, s.110-112).

Biz, sonuncu mövqenin daha doğru olduğunu hesab edirik, o səbəbdən ki, cinayət təqibi, ilk növbədə, ifşaedici prosessual fəaliyyətdir və cinayət prosesinin mərhələsindən asılı olmayaraq şəxsi ifşa edən, ilkin yoxlamaya münasibətdə, şəxsin cinayət hadisəsi ilə əlaqədar olmasına işarə edən sübutların əldə edilməsinə yönəlmiş fəaliyyətin həyata keçirilməsi, mahiyyətcə, həmin şəxsin barəsində cinayət təqibinin həyata keçirilməsidir. Cinayət təqibinə məruz qalan şəxsə minimal müdafiə imkanları verilməlidir. Cinayət təqibinin ən sadə formasına şübhəli şəxs məruz qaldığı üçün minimal müdafiə imkanları məhz onun prosessual hüquqi statusunda təsbit edilmişdir. Odur ki, tərəfimizdən araşdırılan məsələnin həlli yolu kimi barəsində ilkin yoxlama aparılan şəxslə şübhəli şəxsin vəziyyətinin eyniləşdirilməli olmasını təklif edirik.

İlkin yoxlamada bir sıra digər şəxslər də iştirak edir. Cinayət prosesində digər şəxslərin iştirakı özü-özlüyündə aktual olmaqla, onların ilkin yoxlama etapında iştirakının xüsusiyyətləri ümumiyyətlə az tədqiq olunmuşdur. Fikrimizcə, tədqiqat obyektinə uyğun olaraq, «digər şəxslər» kateqoriyasına aid edilən subyektlərin sistemi və onların sırasından ilkin yoxlamada iştirak edənlərin prosessual vəziyyəti tərəfimizdən araşdırılmalıdır.

AR CPM-də «cinayət prosesində iştirak edən digər şəxslər» terminindən ümumiləşdirici kateqoriya kimi istifadə edilir (AR CPM-in 7.0.29-cu maddəsi). Qanuna görə, onlara hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçi aiddir. İlkin yoxlama məhkəməyədək icraat olduğu üçün bu etapda məhkəmə iclas katibinin iştirak etmədiyi aşkardır. Eynilə, bu etapda dindirmə növündə istintaq hərəkətinin həyata keçirilməsi istsna olunduğu üçün cinayət haqqında verbal yolla informasiya verən şəxsləri də şahid hesab etmək olmaz. Onlar izahat verən şəxslər hesab edilir. Bu şəxslər də ilkin yoxlamaya xas olan spesifik subyektlərdir. Cinayət işinin başlanması mərhələsinin xüsusiyyətlərindən irəli gələrək bu mərhələdə daha bir spesifik subyekt – məlumat verən şəxs (hüquq ədəbiyyatında bəzən bu subyekt ərizəçi də adlandırılır – müəllif) iştirak edir (6, s.226). Qüvvədə olan cinayət-prosessual qanunvericilik bu subyektlərin prosessual hüquqi statusunu kifayət qədər dəqiq müəyyən etmir və bununla bağlı olaraq bir sıra suallar yaranır: İzahat və ya məlumat verən şəxslər cinayət prosesində iştirak edən digər şəxslərə aiddirmi? İzahat və ya məlumat verən şəxslərin prosessual hüquqi statusu şahidlə eynidirmi?

Qeyd edildiyi kimi, AR CPM-in 7.0.29-cu maddəsində izahat verən və məlumat verən şəxs kimi subyektlərin adı çəkilməmişdir. Odur ki, birinci suala cavab vermək üçün qanunvericiliyin proses subyektlərinə tətbiq etdiyi təsnifat məntiqini araşdırmaq lazımdır. AR CPM-də bütün subyektlərin «məhkəmə», «tərəflər» və «digər şəxslər» kimi qruplara bölünməsi bizə belə qənaətə gəlməyə əsas verir ki, qanunda subyektlərin təsnifat məntiqi onların həyata keçirdiyi cinayət-prosessual funksiyalardır. Başqa sözlə, məhkəmə ədliyyə funksiyasını, tərəflər ittiham və müdafiə funksiyalarını, digər şəxslər isə yardımçı funksiyanı həyata keçirirlər. Bu təsnifatın məntiqi, doktrinada da öz təsdiqini tapır. Məsələn, hüquq ədəbiyyatında qeyd edilir ki, qanunda cinayət mühakimə icraatının iştirakçılarının təsnifatı onların həyata keçirdiyi prosessual funksiyalar əsasında aparılmışdır. Cinayət mühakimə icraatının digər iştirakçılarının müstəqil qrupa ayrılması ona əsaslanır ki, onlar cinayət işi üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə yardım edirlər (11, s.62-63).

M.Ə.Cəfərquliyev məsələ ilə bağlı qeyd edir: «Bəzən hüquq ədəbiyyatında şahidlər, ekspertlər, hal şahidləri, mütəxəssislər, tərcüməçi və məhkəmə iclasının katibi cinayət prosesi iştirakçıları sırasına daxil edilmirlər. Bu onunla izah olunur ki, guya həmin şəxslər … hər hansı cinayət-prosessual funksiyanı həyata keçirmirlər … bu konsepsiya prosessualistlər tərəfindən birmənalı olaraq qəbul olunmur, prosessualistlərin əksəriyyəti eksperti, mütəxəssisi, tərcüməçini və məhkəmə iclasının katibini cinayət prosesinin iştirakçısı sayırlar və biz də bu ideyanın tərəfdarıyıq» (3, s.172-173). Biz də, öz növbəmizdə, prof. M.Ə.Cəfərqu­liyevin fikrinin tərəfdarıyıq və cinayət prosesində iştirak edən digər şəxslərin də özünəməxsus funksiya subyekti olduğunu hesab edirik. Eyni zamanda ilkin yoxlama zamanı izahat verən şəxsin öz izahatları ilə, məlumat verən şəxsin isə vaxtında cinayət haqqında məlumat verməsi ilə hüquq-mühafizə orqanlarına yardım etməsi tezisi şübhə doğurmadığı üçün hesab edirik ki, bu subyektlər cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasının funksional əlamətinə uyğun gəlirlər, yəni onlarla eyni funksiyanı yerinə yetirirlər. Bu əlamət ilkin yoxlamada izahat və məlumat verən şəxslərin cinayət prosesində iştirak edən digər şəxslərə aid edilməli olmasının arqumentidir.

İkinci suala gəlincə qeyd edilməlidir ki, bu şəxsləri şahidlə yalnız qnoseologiya aspektindən eyniləşdirmək olar, lakin prosessual anlamda onların eyniləşdirilməsi mümkün deyil. Çünki qnoseologiya baxımından həqiqətən həm məlumat verən, həm də izahat verən şəxs ona bilavasitə müşahidə və ya başqa yolla qavrama vasitəsilə məlum olmuş bilikləri – cinayət hadisəsinin müxtəlif halları barədə faktları hüquq-mühafizə orqanlarına bir qayda olaraq verbal yolla ötürür. Bu anlamda onların bilikötürmə fəaliyyəti dərketmə prosesinin qanunauyğunluqları baxımından şahidin ifadə verməsi ilə eynidir, lakin prosessual qaydalar baxımından bu fəaliyyət eyniyyət təşkil etmir. Şahid, hər şeydən əvvəl, dindirmə istintaq hərəkətinin iştirakçısıdır, ilkin yoxlama zamanı isə dindirmə istintaq hərəkətinin həyata keçirilməsinə yol verilmir. Odur ki, izahat və məlumat verən şəxsin prosessual vəziyyəti şahidlə tam mənada eyniyyət təşkil etmir və onların spesifik xüsusiyyətləri var. Cinayət haqqında məlumat verən şəxsin prosessual vəziyyəti AR CPM-in 204-206-cı maddələrinin təhlili əsasında müəyyən edilə bilər.

Məlumat verən şəxs – fiziki və hüquqi şəxs ola bilər. Törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Cinayət haqqında fiziki şəxsin məlumatı birbaşa hüquq-mühafizə orqanına şifahi şəkildə verildiyi hallarda xüsusi protokol tərtib edilməlidir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir.

Qüvvədə olan cinayət-prosessual qanunvericilikdə məlumat verən şəxsin məsuliyyət məsələsi hüquqi tənzimlənmişdir. Belə ki, məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.

Məlumat verən şəxs ona məlum olan hallar barədə məlumatları protokola birinci şəxs adından yazmaq hüququna malikdir. Bunu protokolu tərtib edən vəzifəli şəxs də edə bilər, lakin bu zaman məlumat vermiş şəxs həmin protokolla tanış edilməli və onun verdiyi məlumatların protokola doğru və olduğu kimi daxil edildiyini təsdiq etməlidir. Sonda protokol məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs tərəfindən imzalanmalıdır.

Məlumat verən şəxs yazılı ərizə ilə hüquq-mühafizə orqanına müraciət etdiyi hallarda cinayət ərizə əsasında da qeydiyyata alına bilər, lakin hər bir halda vəzifəli şəxs tərəfindən ərizəçinin dəvət edilərək izahatının alınması tövsiyə edilir. Cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat ilkin yoxlamanın predmeti deyildir.

Məlumat verən şəxs hüquqi şəxsdirsə, müvafiq məlumat hüquqi şəxsin məktubu yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, faks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Məlumat verən hüquqi şəxsin məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir. Hüquqi şəxsin məlumatı onun müvafiq vəzifəli şəxs tərəfindən verilməlidir. Həmin məlumatda zəruri rekvizitlər göstərilməlidir: hüquqi şəxsin tam adı yaxud vəzifəli şəxsin soyadı, adı, atasının adı, ərizəçinin xidməti ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, eləcə də məktuba əlavə edilən sənədlər haqqında məlumatlar. İmzalanmamış və ya saxta imza ilə imzalanmış yaxud uydurma hüquqi şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat da ilkin yoxlamanın predmeti deyildir.

Anonim məlumatlar məsələsinə toxunarkən bir məsələyə mütləq diqqət yetirmək lazımdır. Həqiqətən də cinayət-prosessual qanunvericilik anonim məlumatlar əsasında hər hansı prosessual xarakterli fəaliyyətin həyata keçirilməsini istisna edir, lakin dövlət hətta belə məlumatlara da reaksiyasız qalmır. Belə ki, AR Baş Prokurorunun «Azərbaycan Respublikası prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılmasının işinin daha da təkmilləşdirilməsi haqqında» 9 sentyabr 2001-ci tarixli 02/35 saylı Əmrinin 20-ci bəndinə əsasən, prokurorluq orqanlarında anonim məlumatlara mahiyyəti üzrə baxılmır, lakin törədilmiş və ya hazırlanan cinayət haqqında anonim müraciətlər əməliyyat-axtarış qaydasında istifadə edilməsi üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən müvafiq orqana göndərilməlidir (2, s.80).

KİV məlumatları hüquqi şəxs məlumatlarının xüsusi növüdür. AR CPM-in 206.1-ci maddəsinə əsasən cinayət haqqında KİV-ə məlum olmuş məlumatlar mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Hüquqi şəxs KİV olduğu halda cinayət haqqında məlumatı hüquq-mühafizə orqanına təqdim etmək onun vəzifəsi kimi çıxış edir. Cinayətlə əlaqədar KİV-ə ünvanlanmış, dərc edilməmiş KİV-in vəzifəli şəxsləri tərəfindən adi hüquqi şəxsin məlumatı kimi cinayət təqibi orqanlarına göndərilə bilər. Cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçıya, müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər (AR CPM, mad. 206.3).

İlkin yoxlama mərhələsində iştirak edən digər şəxslərə həm də hal şahidləri, mütəxəssislər və ekspertlər də aiddir. Çünki ilkin yoxlama zamanı hadisə yerinə baxış keçirilməsinə yol verilir və bu istintaq hərəkətinin qanuni olması üçün orada hal şahidləri iştirak etməlidir. Bu istintaq hərəkətinin daha effektiv həyata keçirilməsi üçün isə müvafiq mütəxəssislərin dəvət edilməsi istisna olunmur. Bu etapda ekspertizanın təyin edildiyi hallarda isə ekspert də ilkin yoxlamada iştirak edən digər şəxs kimi çıxış edir.

Fikrimizcə, ədəbiyyatda haqlı olaraq tərcüməçinin də ilkin yoxlamaya dəvət edilməsinin mümkünlüyündən bəhs olunur. Belə ki, M.Ə.Cəfərquliyev qeyd edir: «… məhkəmə icraatı dilini bilməyən zərər çəkən şəxs öz hüquqlarını həyata keçirmək imkanından məhrumdur … bu halda prokuror tərcüməçisiz həmin adamı dindirə bilməz, belə olduqda da cinayət işinin başlanması üçün əsasların müəyyən edilməsi xeyli dərəcədə çətinləşir … bu hal istintaq orqanının … vəzifəli şəxslərinə səlahiyyət verir ki, tərcüməçini, zərurət yarandıqda, cinayət işinin başlanması mərhələsində dəvət etsinlər» (3, s.364).

Diqqət yetirilən son məsələ ilə bağlı xatırlatmaq yerinə düşər ki, AR Konstitusiya Məhkəməsi 15 iyul 2011-ci il tarixli Qərarında AR CPM-in 26 və 96-cı maddələrini şərh etmiş və göstərmişdir ki, Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən, kiril qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilən şəxslərin CPM-in 26.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərlə eyniləşdirilməsi qəbul edilməzdir, latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən şəxslərin cinayət təqibi üzrə materiallarla tanış ola bilməsi üçün cinayət prosesində mütəxəssisin iştirakının təmin edilməsi təcrübəsi formalaşmışdır, Azərbaycan dilinin keçmiş kiril qrafikasından müasir latın qrafikasına keçirilməsi üçün xüsusi biliklərə ehtiyac duyulmur və cinayət mühakimə icraatında Azərbaycan dilinin dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir.

1   ...   25   26   27   28   29   30   31   32   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə