Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə24/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Nazim Aliyev



Post criminal action of accomplices as a basis

of differentiation of responsibility
Summary
In the article the issues of postcriminal action of the accomplices as a basis of differentiation of criminal responsibility are considered. The problems emerging at application of the Article 60 of CC of the Azerbaijan Republic are made known, and the proposals on improving the adopted norms are put forward.
Keywords: criminal responsibility, differentiation, punishment, circumstances mitigating punishment, circumstances aggravating punishment.

UOT 321(091)

Mirafərim Seyİdov


AMEA FSHİ, a.e.i., hüquq ü.f.d., dosent
XIX əsrİn əvvəllərİndə Azərbaycanda sİyasİ-hüquqİ

vəzİyyət, yenİ dövlət İdarəçİlİyİnİn bərqərar olması
XVIII əsrin sonlarında Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə geri qalan bir feodal ölkəsi idi. Feodallar arasında demək olar ki, fasiləsiz gedən ara müharibələri ölkənin məhsuldar qüvvələrinin inkişafının qarşısını alır, onun xarici işğallara qarşı müqavimət qüvvəsini zəiflədirdi. Bu səbəbdən XVIII – XIX əsrlərin hüdudu Azərbaycanın daxili və xarici siyasətinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab edilir.

Xırda feodal dövlətlərinə parçalanmış Azərbaycanda ara müharibələri yenə də baş alıb gedirdi. Cəmiyyətin aparıcı təbəqəsi olan iri feodallarla əhalinin əsas hissəsini təşkil edən kəndlilər arasında sinfi ziddiyyətlərin güclənməsi, iqtisadiyyatın tənəzzülü, ticarət sahəsində hökm sürən durğunluq vəziyyəti daha da gərginləşdirirdi. Bu dövrdə ölkənin beynəlxalq vəziyyəti son dərəcə mürəkkəbləşmişdi (1, s.14). Qonşu Rusiyanın, İranın işğalçı niyyətləri ölkənin mövcudatını şübhə altına alırdı. Rusiyanın cənub istiqamətində hərəkəti artıq XVI əsrdə başlamış, I Pyotrun hakimiyyəti dövründən etibarən ardıcıl xarakter almışdı. Rus ekspansiyasının hərəkətverici qüvvəsi ticarət maraqları və ideoloji təsirdən daha çox, geosiyasi və strateji maraqlar idi. Müharibələrin böyük əksəriyyəti regionun iri dövlətləri olan Türkiyə və İrana qarşı aparılırdı. Tədricən XVIII – XIX əsrlərdə Qafqaz üzərində üç böyük dövlətin rəqabət üçbucağı yaranmağa başlamışdı (13; s.103).

Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Rusiya Cənubi Qafqazı gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Cənubi Qafqazın böyük siyasi və strateji əhəmiyyəti var idi. Bu regionun ələ keçirilməsi ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi. Cənubi Qafqazın istilası daim itaətsizlik göstərən dağlıların yaşadıqları əraziləri şimaldan və cənubdan mühasirəyə almağa imkan verirdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, xüsusilə Azərbaycanın strateji əhəmiyyətini artırırdı (1; s.15). 1722 – 1723-cü illərdə Rusiya İranın təsir dairəsinə daxil olan Cənubi Qafqazın xeyli hissəsini, o cümlədən Xəzər dənizinin cənub sahillərində yerləşən Gilan, Mazandaran və Astarabad vilayətlərini işğal etdi (7; s.251-252). Lakin Osmanlı imperiyası ilə mübarizədə özünə etibarlı müttəfiq axtaran Rusiya işğal etdiyi Xəzəryanı torpaqları Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə əsasən İrana qaytardı.

1801-ci ildə imperator I Aleksandrın Gürcüstanın Rusiyanın himayəsinə keçməsini elan etməsi İranla müharibəni qaçılmaz etdi. 1801-ci il dekabrın 26-da Rusiya ilə Azərbaycan xanlıqları arasında Georgiyevskdə bağlanmış müqavilə xanlıqların faktiki olaraq Rusiyadan asılı vəziyyətə düşməsini təsbit edirdi. Rusiya ayrı-ayrı Azərbaycan xanlarını İran və Türkiyə təhlükəsindən müdafiə edəcəyi vədini versə də, bu heç də onun xanlıqların müstəqilliyini saxlayacağı anlamına gəlmirdi. Bu vəd yalnız bəzi xanlıqlar üçün Rusiyanın tərkibinə daxil olduqdan sonra bir müddət daxili idarədə xan hakimiyyətini saxlamağı, daxili qaydalar və adətlərə əməl olunmasını nəzərdə tuturdu.

Azərbaycan barəsindəki işğalçılıq planlarını Rusiya Şərqi Gürcüstan ərazisindən həyata keçirməyə başladı. Qazax və Şəmşəddil sultanlıqlarını rəsmi olaraq tərkibinə qatan Rusiya daha sonra Car-Balakən və İlisunu, 1804-cü ildə isə Gəncə xanlığını zəbt etdi. Hadisələrin belə gedişi İran və Türkiyəni, habelə rusların uğurlarına qısqanclıqla yanaşan İngiltərə və Fransanı narahat edirdi. Xüsusilə İran bu itkilərlə razılaşa bilmirdi. A. Bakıxanovun yazdığına görə, «İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı və İran şahı Zaqafqaziya sərhədlərində 70 minlik qoşun cəmləşdirmişdi» (2; s.158). Lakin İran şahının İngiltərəyə bəslədiyi ümidlər özünü doğrultmadı. Məlum oldu ki, İngiltərənin əsas məqsədi Rusiyanı antinapoleon koalisiyasına cəlb etmək idi. Nəticədə İran hakim dairələri Fransa ilə yaxınlaşdılar.

1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı, digər traktatlarla Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi (3; s.30). 1806-cı ildə Bakı və Quba xanlıqları, 1809-cu ildə isə Talış xanlığı Rusiyaya birləşdirildi. Beləliklə, 1804-1813-cü illər Rusiya-İran müharibəsində məğlub olan İran Gürcüstanı və İrəvan xanlığının bir hissəsini itirdi (8; s.223). 1813-cü ilin 12 oktyabrında imzalanmış Gülüstan sülh müqaviləsi İran üçün daha ağır nəticələrə səbəb oldu (9; s.2007). Belə ki, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, bütün Şimali Azərbaycan Rusiyaya birləşdirildi (11; s.203). Gülüstan müqaviləsi «status quo ad presentem» prinsipi əsasında bağlanmışdı. Yəni, tərəflər arasında müqavilənin imzalandığı an üçün mövcud olan sərhədlər təsbit edilirdi.

1826-cı ildə İran itirilmiş əraziləri geri qaytarmaq ümidi ilə Rusiyaya qarşı yeni müharibəyə başlasa da, növbəti ağır məğlubiyyətə düçar oldu. 1828-ci il fevralın 10-da Rusiya ilə bağlanmış Türkmənçay sülh müqaviləsinə əsasən İran bütün Şimali Azərbaycanı itirdi (15; s.128). 16 maddədən ibarət olan müqaviləyə əsasən Xəzər dənizində yalnız Rusiyanın hərbi gəmiləri yerləşdirilməli, rus tacirlərinə İran ərazisində gömrüksüz ticarət etmək hüququ verilməli idi. İran 20 milyon manat hərbi təzminat ödəməli idi. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qalırdı.

Türkmənçay müqaviləsindən sonra 1828-ci ilin iyulunda Qərb dövlətləri Rusiya ilə Türkiyə arasında müharibəni qızışdırdılar. Tərəflər arasında 1829-cu ildə bağlanmış Ədirnə sülh müqaviləsinə əsasən Qara dənizin şərq sahilləri və Ahalsıx vilayəti Rusiyaya keçdi. Beləliklə, Türkiyə üzərində qələbə Şimali Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın Rusiyanın tərkibinə keçməsini təsbit etdi (4; s.54 /318/).

Hələ I Pyotrun 1722 - 1723-cü illərdə həyata keçirilən cənub yürüşündən sonra Rusiya üçün mühüm strateji məsələnin həll edilməsinə başlanılmışdı. Belə ki, əsasən Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdığı xristian koloniyasının yaradılmasına başlanıldı. 1721 – 1724-cü illərdə ermənilər əsasən Gilan, Mazandaran, Bakı və Dərbənd şəhərlərinə yerləşdirilirdi (12; s.78). Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalınadək Qarabağda yaşayan ermənilərin say faktı da maraq doğurur. Belə ki, Rusiyanın daxili işlər naziri Kozodavlevə göndərilmiş 19 iyul 1811-ci il tarixli məlumatda göstərilirdi ki, Qarabağda yaşayan 12 min ailədən yalnız 2500-ü ermənidir, qalanları isə müsəlman etiqadlı tatarlardır (5; s.43). XIX əsrin 20 – 30-cu illərində Rusiya – İran və Rusiya – Türkiyə müharibələrinin Rusiyanın qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqaza Türkiyə və İrandan on minlərlə erməni köçürülməyə başlandı. İki il ərzində Azərbaycana İrandan 40 min, Türkiyədən isə 84 min erməni köçürüldü. Digər məlumatlara görə, bu illərdə Azərbaycan ərazisinə 200 mindən artıq erməni köçürülmüşdü (14; s.59). Köçürülənlərin əsas hissəsi keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisində, Bakı və Yelizavetpol quberniyalarında yerləşdirilirdilər. Bu proses sonrakı dövrlərdə də davam etdirilmişdi (10; s.124-125).

Beləliklə, həmin dövrdən etibarən Rusiyanın tərkibinə zorla qatılmış Şimali Azərbaycanın ictimai-siyasi və hüquqi həyatında nəzərəçarpan dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər hər şeydən əvvəl Azərbaycan ərazisində Rusiya idarəçiliyinin və qanunlarının tətbiqi ilə müşayiət olunmuşdur (6; s.4 /232/). Çar Rusiyasının yeritdiyi siyasət və həyata keçirilən inzibati-ərazi dəyişiklikləri nəticəsində «Azərbaycan» məfhumu ümumiyyətlə leksikondan çıxarıldı. Azərbaycanın hər iki hissəsi müxtəlif sosial-iqtisadi, siyasi və mədəni inkişaf yollarına qədəm qoydu. Azərbaycan Rusiyanın inkişaf etməkdə olan sənayesi üçün zəngin xammal bazasına, rus mallarının satış bazarına çevrildi. Azərbaycanlılar dövlət idarəçiliyindən tamamilə uzaqlaşdırıldılar. Bütün hakimiyyət strukturlarında, əsasən də məhkəmələrdə rus məmurları təmsil olunmağa başladı, Azərbaycan dilindən istifadəyə qadağa qoyuldu. Müsəlman hüququ tədricən sıxışdırılmağa və rus qanunvericiliyi ilə əvəz olunmağa başladı.

İstila başa çatdıqdan sonra yeni inzibati idarə sisteminin yaradılmasına başlanıldı. Müqavimət göstərən xanlıqlar dərhal ləğv edildi. Komendant sistemi tətbiq edilməzdən əvvəl qısamüddətli keçid sistemi yaradılmışdı. Azərbaycanın Rusiya tərəfindən işğalınadək ölkə ərazisində əsasən müsəlman hüquq normaları fəaliyyət göstərirdi və hüququn əsas mənbəyi olaraq qalırdı. Rus hakim dairələrinin əhalinin narazılığından çəkinməsi xeyli müddət onları müsəlman hüququnun qismən tətbiqinə icazə verməyə məcbur etmişdi. İlk vaxtlar siyasi hakimiyyətlərini itirmiş xanların əhali kütləsi üzərində təsiri qalmaqda idi. Əvvəlki torpaq sahibliyi formaları, vergi sistemi kiçik dəyişikliklərlə qalmaqda davam edirdi. Gəncə xanlığı Rusiyaya birləşdirilən kimi adı dəyişdirilərək Yelizavetpol qoyuldu və qəzaya çevrilərək Gürcüstan quberniyasının tərkibinə verildi. Yeni qəzaya bütün hərbi, mülki, məhkəmə və maliyyə hakimiyyətini əlində toplamış komendant rəhbərlik edirdi (16; dok. № 1181). Yelizavetpol qəzasında qəza məhkəməsi və polis idarəsi yaradıldı. 1806-cı ildə Rusiyanın tərkibinə daxil edilən Quba xanlığının idarəsi Quba vilayətinin naibi Hacı bəyə tapşırılmışdı. «Daxili idarəçilik və qərargah zabitlərinin nəzarəti altında gəlirlərin toplanması» ona tapşırılmışdı. (17; dok. № 754). 1810-cu ildə baş vermiş Quba üsyanından sonra yerli idarəçilik ideyası nüfuzdan düşdü və çar qərargahının zabiti qala komendantı təyin olundu (18, s. 9).

Qeyd olunmalıdır ki, qonşu Gürcüstanda köhnə idarəetmə sistemi Rusiyaya birləşdirildikdən dərhal sonra ləğv olunmuş və imperiyanın daxili quberniyalarında mövcud olan yeni idarəçilik tətbiq edilməyə başlanmışdı. Şimali Azərbaycan xanlıqlarının əksəriyyətində isə xanlıq və sultanlıq idarəetmə sisteminin sındırılması və yenisi ilə əvəz edilməsi xeyli vaxt aparmışdı. Xan hakimiyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması artıq xanlıqların Rusiyaya birləşdirilməsi haqqında traktatlarda nəzərdə tutulmuşdu. Xanlar ilk növbədə hərbi rəhbərlikdən uzaqlaşdırılmışdılar. Məsələn, Qarabağ hakimi İbrahimxəlil xanın 14 may 1805-ci ildə imzaladığı traktatın 4-cü və 5-ci maddələri məhz bu məsələyə həsr olunmuşdu. Rus-İran müharibələri zamanı yerli könüllülərdən ibarət olan dəstələrə də xanlar deyil, rus komandirləri başçılıq edirdilər.

Traktatlarda formal olaraq xanların daxili idarəetmə, məhkəmə, Rusiyaya bac kimi verilən hissə istisna olmaqla gəlirlərin toplanması sərbəstliyinin saxlanılması nəzərdə tutulurdu. Adı çəkilən traktatın 5-ci maddəsinin 3-cü bəndində bildirilir: «Daxili idarəçiliyə aid hakimiyyət, məhkəmə və cəzaların verilməsi, eynilə torpaqlardan gələn gəlirin toplanılması əlahəzrətin tam ixtiyarına verilsin» (16; 2, dok. № 1436). Əslində isə ciddi məhdudiyyətlər mövcud idi. Xan hətta pul kəsmək hüququnu itirdiyinə görə onun daxili idarəçilik sərbəstliyini saxlamasından danışmaq yersiz olardı. Qafqaz administrasiyasının göstərişləri xan üçün məcburi idi. Nəhayət, xan «hər bir vilayətdə yerləşdirilmiş rus qarnizonlarının rəislərinə tabe idi» (19, s. 524).

Loyallıq nümayiş etdirdiklərinə görə Şəki, Qarabağ, Şirvan, Talış və Naxçıvan vilayətlərində (onları hələ də «xanlıq» adlandırırdılar) keçmiş xanlar hələ uzun müddət daxili hakimiyyətlərini saxlaya bilmişdilər. Hətta hökumət dairələrində də etiraf edilirdi ki, «Cənubi Qafqaz diyarının idarəsi, bəzi əyalət­lərin Rusiyaya birləşdirilməsindən 30 ilə qədər vaxt keçməsinə baxmayaraq, hələ özündə həmin ölkənin keçmiş hakimlərinin hesabatsız, özbaşına və qeyri-müəyyən idarəçiliklərinin nişanələrini saxlayır» (20; s. 9). Bir sıra tarixçilərin fikrincə, bəzi vilayətlərdə xan idarəçiliyinin saxlanılması onunla bağlı idi ki, Rusiya xanlıqlarda «rus nümunəsi əsasında vahid idarəetmə sistemi»nin qurulmasına tələsmirdi (20; s. 8). Lakin, fikrimizcə, bunun daha ciddi səbəbləri var idi. Hər bir xanlığın inzibati idarəetmə sistemi məsə­lə­si­nin həlli bir çox amillərin nəzərə alınması ilə həyata keçirilirdi. Bunlardan ən başlıcası xanın Rusiyaya münasibəti, hakimiyyət dairələri ilə əməkdaşlıqda səmimiliyi və yerli əhali arasında nüfuzu idi. Xan bir qədər tərəddüd edən kimi idarəetmədən kənarlaşdırılır və hakimiyyət «komendant» adlanan rus zabitlərinin ixtiyarına verilirdi. Xanların yerli idarəçiliyinin bir müddət saxlanılması dövlət idarəçiliyinə sərf olunan pul vəsait­lərinə qənaət etmək cəhdindən də irəli gələ bilərdi. Bundan başqa, yerlərdə imperiya idarə sisteminin qurul­ması üçün rus məmurlarının çatışmaması amilini də nəzərə almaq lazımdır. Məsələn, Sisiyanov «hakimləri Rusiyanın tam təbəəliyində qalmaq şərti ilə, onları xəyali mülklərində saxlamağa can atırdı və bununla imperiyanı rus idarəçiliyinin tətbiqi üçün tələb olunan xərclərdən xilas etmiş olurdu» (19; s. 465). Şəki hakimi İsmayıl xanın ölümündən (1819-cu il), Şirvan hakimi Mustafa xanın (1820-ci il) və Qarabağ hakimi Mehdiqulu xanın (1822-ci il) xaricə qaçmalarından sonra Şəki, Şirvan və Qarabağ xanlıqları rəsmi olaraq «əyalət» adlanmağa başladılar. 1826-cı ildə Lənkəran xanlığında da köhnə idarəçilik sistemi ləğv edildi.

Şimali Azərbaycanda altı əyalət – Talış, Şirvan, Şəki, Qarabağ, Bakı və Quba əyalətləri, Yeliza­vetpol dairəsi, Car-Balakən vilayəti və iki distansiya: Qazax və Şəmşəddil distansiyaları yaradıldı. Əzəli Azərbaycan torpaqları olan Naxçıvan və İrəvan «Erməni vilayəti»nin tərkibinə daxil edildi. Azərbaycan əyalətləri iki dairədə birləşmişdilər. Müsəlman dairəsi adlanan birinci dairəyə Şirvan, Şəki, Qarabağ və Talış, ikinci – Dağıstan dairəsinə Bakı, Quba və Dərbənd əyalətləri daxil idi. Dairələrə hərbi dairə rəisləri başçılıq edirdilər. Müsəlman dairəsinin hərbi dairə rəisi vəzifəsi, iqamətgahı Şuşa şəhəri olmaqla, 1824-cü ildə təsis olunmuşdu. Dağıstan dairəsinin iqamətgahı isə Dərbənddə yerləşirdi. Hərbi dairə rəisləri generallar arasından seçilirdi. Onların səlahiyyətlərini müəyyənləşdirən xüsusi akt verilməmişdi.

Azərbaycan əyalətlərinin böyük əksəriyyətini komendantlar idarə edirdilər. Onların da hüquq və vəzifələrini tənzimləyən xüsusi akt mövcud deyildi. Komendant idarəçiliyi təsərrüfat, məhkəmə, polis və məxfi hissələrdən ibarət idi. Neft quyularının, duz mədənlərinin, balıq vətəgələrinin və digər sahələrin iltizama verilməsi hüququ komendantlara məxsus idi. Onlar vergilərin toplanmasını və dövlət xəzinəsinə çatdırılmasını təmin edir, qazıları və mahal naiblərini vəzifəyə təyin edirdilər. Komendantlar həmçinin yerli agentlərin yardımı ilə əhali arasında rus hakimiyyət dairələrinə qarşı hökm sürən əhval-ruhiyyəyə nəzarət etməli idilər.

Komendant idarəsinin əhəmiyyətli məmur aparatı var idi. Buraya komendantın köməkçisi, polismeyster, əyalətin təsərrüfatına nəzarət edən (xəzinə idarəçisi), əyalət xəzinədarı və başqaları daxil idilər. Məsələn, Bakı əyalətinin komendant idarəsinin 1824-cü ildə təsdiq olunmuş müvəqqəti ştatına hərbi qərargah rəislərindən seçilmiş komendant, onun köməkçisi, plats-adyutant, polismeyster (qalabəyi) və onun yerli əhali arasından seçilən köməkçisi, mülki məmurlar arasından olan katib, atlı və piyada yasavullar daxil idi. Təxminən belə bir ştata Quba əyalətində də rast gəlmək olardı (4, s. 70 /318/).

Komendant polisin və məhkəmənin fəaliyyətinə də nəzarət edirdi. O, şəhər və ya əyalət məhkəməsində sədrlik edir, dini hakimi (qazını) və digər məmurları vəzifəyə təyin edir, atlı polisə (çaparlara) başçılıq edirdi. Formal olaraq məhkəmə kollegial orqan sayılırdı. Onun tərkibində yerli əyanların nümayəndələrindən seçilən dörd üzv olurdu. Lakin əslində isə bütün işlər komendant tərəfindən təkbaşına həll olunurdu. 1828-ci ilədək komendantların hüquq və vəzifələrini tənzimləyən normativ aktların olmaması məhkəmə işlərində də kobud pozuntulara və əyintilərə yol açırdı. Komendant adətən heç bir qanuna istinad etmədən qərarlar çıxarırdı ki, bu da hökm üçün hüquqi əsas rolunu oynayırdı. Məhkəmə işlərində süründürməçilik elə həddə çatırdı ki, bəzən aylar, hətta illərlə uzanırdı. Ağır cinayətlərə əsasən hərbi məhkəmədə baxılırdı. Məhkəmə üç gün ərzində qərar çıxarır, sonra baxılmaq və təsdiq olunmaq üçün Qafqazdakı baş komandana göndərirdi. Hərbi məhkəmələr əslində Rusiya hakim dairələrinin əlində milli və müstəmləkə zülmünə qarşı çıxış edən xalq kütlələrinə divan tutmaq üçün səmərəli bir cəza orqanı idi.

Əyalətlərin xanlıqlar dövründə mövcud olan inzibati-ərazi bölgüsü – mahallara bölünmə əsasən saxlanılmışdı. Rəsmi rus terminologiyasında onlara nahiyə deyirdilər. Məsələn, 1832-ci ildə Qarabağ əyaləti 14, Quba əyaləti isə 10 mahala bölünürdü (18; s. 12). Mahallara bölünmənin əsasında ərazi bölgüsündən daha çox nəsil prinsipi dururdu. Mahalların bir çoxu adını bu və ya digər nəsildən almışdı. Mahallar naiblər tərəfindən idarə olunurdu. Onlar çar hakimiyyətinə sadiq olan bəylər arasından seçilirdilər. Müxtəlif mahallarda naiblərin səlahiyyətləri fərqlənirdi. Vahid səlahiyyət bölgüsü mövcud deyildi. Onlar mükəlləfiyyətləri və vergiləri kəndlər arasında bölür, kəndliləri vergiləri vaxtında ödəməyə məcbur edir, onlar arasında baş verən mübahisələri həll edir, məhkəmə qərarlarının həyata keçirilməsini təyin edirdilər. Mahal naibləri xəzinədən məvacib almırdılar. Məsələn, Qarabağ mahalında yalnız iki naib məvacib alırdı. (20; s. 350). Naiblər əsasən yığılan vergidən mükafat alırdılar. Əhali naibə «toy payı» adlanan xüsusi vergi də ödəyirdi.

Komendant idarəçiliyi iyerarxiyasının aşağı pilləsində kəndxudalar və yüzbaşılar dururdular. Bu vəzifələr seçkili olsa da, çox vaxt hökumət kəndxudanı özü təyin edirdi. Hökumət kəndxudalarından fərqli olaraq, seçilmiş kəndxudalar məvacib alırdılar. Lakin kəndlilərdən toplanan verginin bir hissəsi onlara çatırdı. Bir sıra hallarda isə kəndxudalara məskunlaşmamış torpaqlardan və rəncbərlərdən də istifadə etməyə icazə verirdilər. Kəndxudaların əsas vəzifəsi icma torpaqları daxilində qayda-qanunlara, kəndlilər tərəfindən mükəlləfiyyətlərin yerinə yetırilməsinə, körpülərin, suvarma şəbəkələrinin lazımi səviyyədə saxlanılmasına nəzarət etmək idi (1, s. 96-97).

Çar hökuməti komendant idarə sistemini hərbi-xalq idarəsi adlandırırdı. Əslində isə bu, «cəmiyyətin nümayəndələrinin» də iştirak etdiyi hərbi-inzibati sistem idi. Mülki idarəçilik sistemində demək olar ki, bütün səviyyəli rütbələrin, generalların və zabitlərin təyin olunması, komendantların, mahal naiblərinin və digər məmurların funksiyalarının qeyri-müəyyənliyi özbaşınalığa, vəzifədən sui-istifadələrə, süründürmə­çiliyə, rüşvətxorluğa yol açırdı. Bu cinayətlər və pozuntular komendant üsul-idarəsinin demək olar ki, bütün fəaliyyəti dövründə mövcud idi və bu, idarəçiliyin ayrılmaz hissəsinə çevrilmişdi. Cənubi Qafqaz diyarına təftiş üçün göndərilmiş rus senatorları Kutaysov və Meçnikovun 1831-ci ildə ədliyyə nazirinin adına göndərdikləri təqdimatda deyilirdi: «Müsəlman əyalətlərinin idarə edilməsi tədqiq edilərkən idarə edənlərin azğınlığından və xalqın düçar olduğu əzablardan insan ağlı dəhşətə gəlir. Burada artıq insanlıq tamamilə tapdanmış, yüksək ədalət yaddan çıxmışdır, qanun ancaq zülm etmək alətinə çevrilmiş, acgözlük və azğın özbaşınalıq dairə rəislərinin, komendantların, pristavların və digər rəhbər şəxslərin fəaliyyətinin əsasına çevrilmişdir» (20; s. 359).

Azərbaycanda çarizmin iqtisadi siyasətinin həyata keçirilməsi, onun təbii ehtiyatlarının mənim­sənilməsi komendant üsul-idarəsinin təsiri altında ləngiyirdi. Bu idarəçilik üsulu, hətta çar məmurlarının etirafına görə «dövlət gəlirləri üçün soyğunçu, diyarın rifahı, onun sakinlərinin səadəti və mənəviyyatı üçün məhvedici oldu (21; s. 1, iş 15, v. 65). Bu barədə Qafqazın Baş idarə rəisi qraf İ.F.Paskeviçin 16 may 1829-cu il tarixli hesabatında da danışılır: «… heç nə ilə məhdudlaşdırılmayan hakimiyyəti mənimsəmiş komendantlar son dərəcə özbaşına davranırlar. İşğal zamanı əyalətlərdə saxlanmış əvvəlki xan hüquqları sui-istifadələr üçün daha əlverişli şərait yaradır,… abadlıqların zahiri görkəmi artıq çoxdan kök salmış son dərəcə mühüm qanun pozuntularının və sui-istifadələrin ancaq üstünü örtür ki, bunların da qarşısının alınması üçün quberniya hökuməti tərəfindən heç bir lazımi tədbirlər görülməmişdir. Başlıca bəla da mülki idarəçiliyin bu formada təşkil edilməsindədir…» (22; s. 18).

Beləliklə, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi ölkəmizin və xarqımızın həyatında mühüm dəyişikliklərə səbəb oldu və onun sonrakı taleyində mühüm rol oynadı. Ən başlıcası, Azərbaycan ərazisində mövcud olan müstəqil xanlıqlar dövlət müstəqilliyini itirdilər. Bununla da Azərbaycanın müstəqil dövlətçilik tarixinə son qoyuldu. Ölkədə inzibati-ərazi dəyişiklikləri həyata keçirildi, yeni dövlət orqanları fəaliyyət göstərməyə başladı. Azərbaycanın hüquq sistemində də böyük dəyişikliklər baş verdi. Bunlarla yanaşı qeyd etmək lazımdır ki, Rusiyanın tərkibinə daxil olmaqla Azərbaycan kapitalist münasibətlərinin inkişafı yoluna qədəm qoydu ki, bu da müyyən baxımdan müsbət tendensiya hesab oluna bilər.
Acar sözlər: Cənubi Qafqaz, Türkmənçay, Rusiya, komendant, xanlıq, Azərbaycan.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan tarixi. IV cild. /XIX əsr/ Bakı, 2000.

2. A. Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1951.

3. Акты, собранные Кавказской археологической комиссией /АКАК/. Т. 2. док. №№ 1300, 1301 и 1366; Присоединение Азербайджана к России и его прогрессивные последствия в области экономики и культуры.

4. Мильман А. Политический строй Азербайджана в ХIX – начале ХХ века. Баку, 1966.

5. Джамал С. Карабах в административно-политической системе Российской империи в ХIХ – начале ХХ века //Карабах. Международный азербайджанский журнал. № 2-3, 2005.

6. İsmayılov X. XIX əsrdə Azərbaycanda məhkəmə sistemi. Bakı, 2004.

7. История Азербайджана. Под ред. И.Алиева. Баку, 1995.

8. История Грузии. Тбилиси, 1962.

9. Полное собрание законов Российской империи /ПСЗ/. Собрание 1-ое. Т. 16.

10. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределы России. Баку, 1990.

11.Ələkbərov R., Sadıxov S. Azərbaycanın dövlət və hüquq tarıxı. Bakı, 2003.

12. Мамедова Л., Гусейнов Г. Армяно-азербайджанский конфликт. Проблемы мира и войны. // Центральная Азия и Кавказ, № 5, 2003.

13. Тренин Д. Интересы безопасности и политика России в Кавказском регионе. Спорные границы на Кавказе //Под ред. Бруно Коппитерса. М., Весь Мир, 1996.

14. Шавров Н.И. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. СПб., 1911.

15. Зонненштраль-Пнскорский А.А. Международные торговые договоры Персии. М., 1931.

16. Акты, собранные Кавказской археологической комиссией /АКАК/. Т. 2, док. № 1181.

17. Акты, собранные Кавказской археологической комиссией /АКАК/. Т.3, док. №754.

18. Сумбатзаде А.С. Кубинское восстание 1837 года. Баку, 1961.

19. Дубровин Н. История войн и владычества русских на Кавказе. Т.IV, СПб, 1886.

20. Петрушевский И.П. Система русского колониального управления в Азербайджане в первой половине ХIХ века. В кн: Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. ХIХ века. Ч. 1.

21. Rusiya Milli Dövlət Tarix Arxivi /MDTP/ f. 1268

22. Акты, собранные Кавказской археологической комиссией /АКАК/. Т. 7, док. № 35.


Мираферим сеидов
Политико-правовое положение Азербайджана

в начале ХIХ века и установление нового

государственного правления
1   ...   20   21   22   23   24   25   26   27   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə