Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə23/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

AMEA FSHİ,


b.e.i., hüquq ü.f.d., dosent
İştİrakçıların cİnayətdən sonrakı davranışı

məsulİyyətİn dİfferensİasİyasının əsası kİmİ
Məqalədə iştirakçılıqla törədilən cinayətlərdə iştirakçıların postkriminal davranışı məsuliyyətin differensiasiyası qismində nəzərdən keçirilir. Azərbaycan Respublikası CM-də bu məsələni tənzim edən 60-cı maddənin tətbiqi zamanı yaranan çətinliklər aşkar edilir, həmin normanın təkmilləşdirilməsinə yönələn təkliflər irəli sürülür.

Cinayətdə iştirakçılığa görə məsuliyyətin differensiasiyası əsaslarından biri də iştirakçıların cina­yətdən sonrakı davranışı sayılır. Bu məsələ öz həllini Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən tapır. Həmin maddədə göstərlir ki, bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə, cinayətin törədilmə­sindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş mad­di və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi kimi cəzanı yüngülləşdirən hallar təsbit olunmuşdur.

Cəzanı yüngülləşdirən halların ümumi siyahısı CM-nin 59.1.1 - 59.1.10-cu maddələrində öz əksini tapmışdır. CM-nin 60-cı maddəsində isə yalnız iki maddədə (59.1.9 və 59.1.10-cu maddələrdə) göstərilən cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Ona görə də təbii olaraq sual yaranır: qanunverici CM-nin 60-cı maddəsinin tətbiqi üçün cəzanı yüngülləşdirən hallar içərisində nə səbəbdən yalnız CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən halların mövcud olmasını müəyyən etmişdir? CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan yüngülləşdirici halların mahiyyətinə nəzər saldıqda görürük ki, onların hamısını birləşdirən ümumi əlamət vardır: həmin maddələrdə sadalanan yüngülləşdirici halların hamısı təqsirkarın cinayəti törətməsindən sonrakı davranışı ilə bağlıdır və postkriminal davranışı xarak­terizə edir. Göstərilən hallar bir tərəfdən təqsirkarın az ictimai təhlükəliliyini, törətmiş olduğu əmələ görə peşmançılıq çəkməsini, islah olunma yoluna qədəm qoyduğunu və gələcəkdə islah olunmaq imkanlarına malik olduğunu göstərir, digər tərəfdən isə törədilmiş cinayətin tez bir zamanda açılmasına, cinayətin digər iştirakçılarının ifşa edilməsinə, bir sözlə, ibtidai araşdırmanın və ədalət mühakiməsinin düzgün istiqamətdə aparılmasına kömək edir. Bu baxımdan ədəbiyyatda düzgün olaraq göstərilmişdir ki, qanun yuxarıda sadalanan hallara xüsusi yüngülləşdirici hallar statusu vermişdir (8, s.274).

Beləliklə, CM-nin 60-cı maddəsinə əsasən cəzanın yüngülləşdirilməsinin şərtlərindən biri də təqsirli şəxsin əməlində cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə əlamətinin mövcud olması sayılır. CM-nin 59.1.9-cu maddəsində cəzanı yüngülləşdirən və hər biri müstəqil olan aşağıdakı hallar təsbit olunmuşdur: 1) könüllü gəlib təqsirini boynuna alma; 2) cinayətin açılmasına fəal kömək etmə; 3) cinayətin digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə; 4) cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə. F.Y.Səməndərova görə bu hallar təqsirkarın daha tez islah ediləcəyinə ümid verən ilkin şərtlərdir. Könüllü gəlib təqsirini boynuna alma hər bir halda səmimi peşmanlığı ifadə etməsə də, təqsirkarın özünü istintaq və təhqiqat orqanlarına könüllü təqdim etməsi, törətdiyi cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumatlar verməsi müəyyən dərəcədə onun səmimiliyini göstərir. Cinayətin açılmasına fəal gömək göstərmək, törədilmiş cinayətlə əlaqədar təqsirkarın ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur (7, s.228).

E.İ.Muradov haqlı olaraq qeyd etmişdir ki, könüllü gəlib təqsirini boynuna alma təqsirli şəxsin səmimi peşman olması və cinayətin açılmasına fəal kömək etməsi vəzifəsini nəzərdə tutmur… şəxsin ancaq təqsirini boynuna almasını da cinayətin açılmasına kömək etmə kimi qəbul etmək olmaz (5, s.76, 77). Bu mənada ədəbiyyatda düzgün olaraq göstərilmişdir ki, CM-nin 59.1.9-cu maddəsində göstərilən hallar çox vaxt bir-birini tamamlasa da, onların hər biri cəzanın yüngülləşdirilməsi üçün mühüm əhəmiyyətə malikdir (10, s.124). Bununla belə, ədəbiyyatda bu barədə vahid mövqeyin olmadığını qeyd etmək lazımdır. Məsələn, göstərilir ki, cinayət törətmiş şəxsin belə davranışı həmişə iştirakçının islah olunmasının və ictimai təhlükəliliyinin azalmasının əsası kimi çıxış edə bilməz. Çünki təqsirli şəxs bəzən törədilən əmələ görə fərdi məsuliyyətinin azaldılması məqsədi ilə digər iştirakçıları ifşa edə bilər (12, s.126).

Əlbəttə, qeyd etmək lazımdır ki, cinayət qanununun bu müddəası iştirakçılıqla törədilən cinayətə görə cəzanın təkbaşına törədilmiş analoji cinayətlə müqayisədə yüngül ola bilməsini istisna etmir. Belə ki, cinayəti birgə törədən iki iştirakçı bir-birini ifşa etdikdə, CM-nin 60-cı maddəsinin tələbinə əsasən onlara təyin edilən cəzanın müddəti və ya həcmi əməllərinin tövsif olunduğu maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni cinayəti təkbaşına törətmiş şəxs isə müvafiq maddə üzrə tam həcmdə məsuliyyət daşıyır. Çünki o, cinayəti təkbaşına törətdiyinə görə kimisə ifşa edə bilmək imkanına malik deyildir. CM-nin bu müddəası Xüsusi hissənin normalarında iştirakçılığın, o cümlədən onun formalarının tövsifedici əlamət kimi təsbit edilmədiyi əməllərin bu şəkildə törədilməsi hallarında ədalətsiz görünə bilər. Çünki bu zaman bütün digər hallar bərabər olduqda, iştirakçılıqla törədi­lən cinayətin iştirakçılarının bir-birlərini ifşa etmələri, eyni cinayətin təkbaşına törədilməsi ilə müqayisədə daha yüngül cəzanın tətbiqinə səbəb olur. Qeyd edilənlərə baxmayaraq cinayət qanununda cəzanı yün­gül­ləşdirən hallar mövcud olduqda cəzanın təyin edilməsi qaydasını nəzərdə tutan müvafiq normanın təsbit olunmasını düzgün mövqe sayırıq. Burada qanunvericinin əsas məqsədinin iştirakçılıqla törədilən cinayət­lərin açılmasının yüngülləşdirilməsinə nail olmaq olduğunu yaddan çıxarmaq lazım deyildir.

Ədəbiyyatda belə fikir irəli sürülmüşdür ki, qanunda təqsirli şəxsin əməlində heç olmasa bir yüngülləşdirici hal mövcud olduqda ona maksimal həddə cəzanın, bir ağırlaşdırıcı hal mövcud olduqda isə minimal həddə cəzanın təyin edilməsinin yolverilməz olduğunu ifadə edən müddəanı birbaşa əks etdirmək lazımdır. Bu fikrin tərəfdarlarının mövqeyinə görə qanunda cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların təsbit olunmasına baxmayaraq, hüquq tətbiqetmə orqanları maksimal və ya minimal həddə cəza təyin etməklə, onları nəzərə almamaq imkanına malikdir. Qeyd edilən hallara bu cür yanaşma isə həmin institutun statusunu və əhəmiyyətini artırmış olacaqdır. Eyni zamanda qeyd edilir ki, əməldə cəzanı yüngül­ləşdirən və ya ağırlaşdıran hallar mövcud olmadıqda və ya bu hallar bir-birini qarşılıqlı kompensasiya etdik­də, təqsirli şəxsə sanksiyada nəzərdə tutulmuş cəzanın orta həddinin tətbiqi məqsədəuyğundur (9, s.191, 193).

Məhkəmə təcrübəsində CM-nin 60-cı maddəsinin bəzən düzgün tətbiq edilməməsinə rast gəlinir. Keçmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 may 2009-cu il tarixli hökmünə əsasən P.O. və E.K. Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 29, 120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ayrı-ayrılıqda hər biri 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qərarı ilə P.O. və E.K. barəsində I instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, P.O. və E.K.-nin əməli Azərbaycan Respublikası CM-in 29, 120.1 və 29, 120.2.2-ci maddələri ilə tövsif edilərək, onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il 5 ay 7 günə endirilmişdir.

Apellyasiya məhkəməsinin bu qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestində Apellyasiya Məhkəməsinin 12 avqust 2009-cu il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunmuşdur. Dövlət ittihamçısı hesab etmişdir ki, hər iki məhkum barəsində CM-nin və CPM-nin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ədalətli cəzanın müddətini endirməklə CM-in müddəalarını pozmuşdur. Məhkumların əməllərində Azərbaycan Respublikası CM-in 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar olmamasına baxmayaraq apellyasiya instansiya məhkəməsi əsassız olaraq hər iki məhkum barəsində CM-in 60-cı maddəsini tətbiq etmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi heç bir əsas olmadan CPM-in 397.1 və 398.1-ci maddələrinin tələblərini pozaraq məhkumların cinayəti bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə törətmələri sübuta yetirilməsinə baxmayaraq, qərarın giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrində onların əməlini CM-nin 29, 120.1 və 29, 120.2.2-ci maddələr ilə tövsif etmişdir.

Ali Məhkəmə kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etmişdir. Kassasiya protestində işin faktiki halları deyil, məhkumlar barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan CM-in 60-cı maddəsinin tətbiq edilməsi məsələsi mübahisə edilir. Hesab olunur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumlar barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün hər hansı bir qanuni əsası olmamışdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən bu dəlillə razılaşmır və hesab edir ki, qanunvericiliyin tələbinə görə məhkum barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün cinayət törətmiş şəxsin əməlində CM-in 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan heç olmasa biri olmalı və şəxsin əməlində CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran hallardan hər hansı biri olmamalıdır.

İş materiallarında olan ittiham aktından, eləcə də birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkumların əməllərində CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran hallardan heç biri müəyyən edilməmişdir. Bundan əlavə, iş apellyasiya instansiya məhkəməsində baxılarkən zərərçəkmiş şəxs E.İ. məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, həm E.K., həm də P.O. ilə barışmış, vurulmuş ziyan, müalicə üçün çəkilmiş xərclər məhkumların valideynləri tərəfindən ona ödənilmişdir. Buna görə də onun hər iki məhkuma qarşı hansısa bir iddia və tələbi olmadığından, onlara daha yüngül cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd edilən əsasları, eləcə də CM-in 63.3-cü maddəsinin tələblərini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq məhkumlar barəsində CM-in 60-cı maddəsini tətbiq etmiş və onlara təyin edilmiş cəza müddətini azaltmışdır.

Kassasiya protestində mübahisə edilən digər məsələ apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumların əməllərinin əsassız olaraq CM-in 29, 120.2.1 və 29, 120.2.2-cü maddəsindən 29, 120.1 və 29, 120.2.2-ci maddəsinə tövsif edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən bu arqumentlə razılaşır. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Belə ki, apellyasiya instansiya məhkəməsi heç bir qanuni əsas olmadan və heç bir əsaslandırma aparmadan məhkumların əməllərinin CM-in 29, 120.2.1 və 29, 120.2.2-ci maddəsindən 29, 120.1 və 29, 120.2.2-ci maddəsinə tövsif etmiş, bununla da qanunvericiliyin müddəalarını kobud şəkildə pozmuşdur. CPM-nin 397.1-ci maddəsinin müddəalarından görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır.

Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin tətbiqi ilə yaranmış məhkəmə təcrübəsinə görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi hər hansı bir qərarında birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlilləri şərh edilməklə həmin dəlillərin iş materialları ilə toplanmış obyektiv, qərəzsiz, tam və hərtərəfli araşdırılmış sübutlarla təkzib, yaxud da təsdiq edilməsi göstərilməli və əsaslandırılmalıdır. Bu zaman məhkəmə tərəfindən CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Lakin göründüyü kimi həm ibtidai araşdırma, həm də birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı birmənalı olaraq hadisənin bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə tam törədilməsi sübuta yetirilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi əməli əsaslandırmadan 29, 120.2.1-ci maddədən 29, 120.1-ci maddəyə tövsif etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası 06 yanvar 2010-cu il tarixdə CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq kassasiya protestinin təmin edilməsi, məhkumlar P.O. və E.K. barəsində Şəki Apellyasiya Məhkəməsinin 01 iyul 2009-cu il tarixli ilkin və 12 avqust 2009-cu il tarixli yekun qərarlarının ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə ilkin baxış mərhələsinə qaytarılması haqqında qərar qəbul etmişdir (1). Göründüyü kimi Ali Məhkəmənin Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etməsinə dair mövqeyi düzgün olsa da, CM-nin 60-cı maddəsinin tətbiqi məsələsində möv­qeyi düzgün deyildir. Ali Məhkəmə məhkumların əməllərində CM-in 29, 120.2.1 və 29, 120.2.2-ci mad­dələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin mövcud olduğunu tanısa da, yəni cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyini qəbul etsə də, CM-nin 61.1.3-cü maddəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin cəzanın ağırlaşdıran hal qismində nəzərdə tutulmasını, bunun isə CM-nin 60-cı maddəsinin tətbiqinə imkan vermədiyini nəzərə almamışdır.

CM-nin 60-cı maddəsi ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, cəzanı yüngülləşdirən müəyyən halların mövcud olduğu zaman cinayət qanununda cəza təyininə bilavasitə təsir edən xüsusi normanın olmasını düzgün hesab edirik. Bununla belə, CM-nin 60-cı maddəsinin mətninin tam olaraq onun ruhuna və izlədiyi məqsədə uyğun məzmunda formulə edilmədiyini qeyd edirik. CM-nin 60-cı maddəsinin doktrinal təfsirinə əsasən belə nəticəyə gəlmək olur ki, təqsirkar şəxsə həmin maddənin tətbiqi üçün CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan yüngülləşdirici halların məcmusu mövcud olmalıdır. Çünki maddənin mətnində «59.1.9» və «59.1.10» sözləri bir-birindən «və ya» bağlayıcısı ilə deyil, «və» bağlayıcısı ilə ayrılmışdır. «Və» bağlayıcısı CM-nin 60-cı maddəsinin tətbiqi üçün 59.1.9 və 59.1.10-cu maddələrdə göstərilən halların müstəqil surətdə deyil, bir-birinə bağlılıqda, yəni işin hallarından asılı olmayaraq mütləq birlikdə, məcmu halda tətbiq olunmalarını şərtləndirir. Başqa sözlə, 60-cı maddədə 59.1.9 və 59.1.10-cu maddələrdə nəzərdə tutulan yüngülləşdirici halların hər hansı birinin deyil, hamısının olması şərt kimi qoyulmuşdur. Bu isə həm praktiki olaraq o qədər də real deyildir, həm də normanın ümumi məzmununun ruhuna uyğun deyildir. Məsələn, qəsdən adam öldürmə cinayətini törətmiş şəxs könüllü gəlib təqsirini boynuna ala bilər, lakin artıq həyatdan məhrum etmiş olduğu şəxsə necə tibbi yardım göstərə bilər. Yaxud cinayəti təkbaşına törətmiş şəxs könüllü gəlib təqsirini boynuna ala bilər, lakin cinayətin mövcud olmayan digər iştirakçılarını necə ifşa edə bilər. Bu məzmunlu siyahını uzatmaq olar.

Milli hüquq ədəbiyyatımızda CM-nin 60-cı maddəsinin təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflər irəli sürülmüşdür. Məsələn, E.İ.Muradov həmin maddənin aşağıdakı redaksiya layihəsini təklif etmişdir: «Bu Məcəllənin 59.1.9 və ya 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı biri olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən artıq ola bilməz» (6, s.13). Beləliklə, müəllif cəzanı yüngülləşdirən hallar olduqda qüvvədə olan qanun ilə müqayisədə daha yüngül cəzanın təyin edilməsini təklif etmişdir. Biz müəllifin təklifi ilə müqayisədə qüvvədə olan qanunun mövqeyini daha düzgün sayırıq. Qanunda cəzanı yüngülləşdirən hallar olduqda təyin edilə bilən daha ciddi cəzanın maksimum həddinə dair göstəriş müəyyən olunmuşdur, minimum hədd isə açıq qalmışdır. Qüvvədə olan qanunda isə məhkəmələrin işin konkret hallarından və təqsirkarın şəxsiyyətindən asılı olaraq öz iradələrinə uyğun qərar qəbul etmək imkanları kifayət qədər genişdir ki, bu da lazım olduqda ədalətli cəzanın təyin edilməsinə şərait yaradır. Əks halda məhkəmələrin iş üzrə konkret halları nəzərə almaq, cəzanın fərdiləşdirilməsi üzrə funksiyaları heçə enə bilər, onlar konstatator, yəni faktı qeyd edən, təsdiq edən orqana çevriləcəklər.

S.M.Babayeva isə CM-nin 60-cı maddəsində nəzərdə tutulan yüngülləşdirici halların dairəsinin 59.1.6 və 59.1.7-ci maddələrdə göstərilən yüngülləşdirici halların hesabına genişləndirilməsini məqsədəuy­ğun hesab etmişdir. Çünki müəllifə görə CM-nin 59.1.6 və 59.1.7-ci maddələrdə göstərilən yüngülləşdirici hallar təqsirkarın şəxsiyyətinin ictimai təhlükəliliyinin olduqca az olmasından xəbər verir (4, s.18). Fikrimizcə, CM-nin 60-cı maddəsinin tətbiqi dairəsinin CM-nin 59.1.6 və 59.1.7-ci maddələrində göstəri­lən halların hesabına genişləndirilməsi müəyyən qədər mübahisəli mövqedir. Bu məntiq ilə yanaşdıqda CM-nin 59-cu maddəsində təsbit olunmuş yüngülləşdirici halların hər birinin buna haqqının olduğu aydın olar. Qanunvericinin ayırdığı CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan hallar isə təqsirkarın postkriminal, yəni cinayətdən sonrakı davranışını xarakterizə edən hallardır.

Rusiya Federasiyası CM-nin eyni adlı 62-ci maddəsi də Azərbaycan Respublikası CM-nin 60-cı maddəsi ilə tam eyni məzmundadır. Hesab edirik ki, hər iki ölkənin qanunverici orqanları həmin maddənin məzmununda redaktə xarakterli səhvə yol vermişlər. Bunu Rusiya CM-nə verilən doktrinal şərhlərdən də görmək mümkündür. Rusiya CM-nin A.İ.Çuçayevin redaktəsi ilə buraxılan Kommentariyasında qeyd olunur ki, CM-nin 62-ci maddəsinin tətbiqi üçün 61-ci maddənin 1-ci hissəsinin «i» və ya «k» bəndlərində göstərilən hallardan birinin olması kifayətdir (11, s.107.). Maraqlıdır ki, Azərbaycan Respublikasının məhkəmə təcrübəsi də bu yol ilə gedir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkə­mələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 5-ci bəndinə əsasən CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər (2, s.232).

CM-nin 60-cı maddəsində təyin olunan cəzanın müddəti və ya həcminin yumşaldılması ilə bağlı müəyyən olunmuş hədd də (daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi) CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə onun tətbiq edilməsi üçün kifayətedici olması nəticəsinə gəlməyə əsas verir. Fikrimizcə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qanunvericiliklə müqayisədə məsələyə daha düzgün yanaşmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində «59.1.9 və» sözlərindən sonra «ya» sözünün əlavə olunmasını, «yüngülləşdirən hallar» sözlərinin isə «yüngülləşdirən hallardan biri» sözləri ilə əvəz olunmasını təklif edirik.


Açar sözlər: cinayət məsuliyyəti, differensiasiya, cəza, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran hallar.
İstifadə olunmuş ədəbiyyat
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivi: Cinayət işi №1 (102)-38/2010.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlar məcmuəsi (1991–2008). Bakı, «Hüquq ədəbiyyatı», 2008.

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı, «Hüquq ədəbiyyatı», 2012.

4. Babayeva S.M. Cəzanın təyin edilməsi zamanı nəzərə alınan yüngülləşdirici və ağırlaşdırıcı hallar və onların tətbiqi problemləri. H.ü.f.d. elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2011.

5. Muradov E.İ. Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar. Qanun, nəzəriyyə və praktika. Bakı, «Adiloğlu», 2010.

6. Muradov E.İ. Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar və onların əhəmiyyəti (cəza təyini və məsuliyyətin differensiasiyası məsələləri). H.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 2009.

7. Səməndərov F.Y. Cinayət hüququnda cəza problemi: tarix və müasirlik. Bakı, «Bakı Üniversiteti» nəşriyyatı, 2009.

8. Vəliyev S.Ə. Cinayət hüququnda cəza və cəza təyinetmə. Bakı, «Elm», 2004.

9. Комментарий к Уголовному кодексу Российской Федерации /Отв.ред. А.М.Бойко. Ростов н/Д., Феникс, 2004.

10. Комментарий к Уголовному кодексу Российской Федерации /Под общ.ред. д.юрид.наук, проф. Ю.И.Скуратова и д.юрид.наук В.М.Лебедева. Изд. 3-е, изм. и доп. М., НОРМА (Издательская группа НОРМА – ИНФРА-М), 2001.

11. Комментарий к Уголовному кодексу Российской Федерации (постатейный). Изд. 2-е, исправл., перераб. и дополн. Под ред. А.И.Чучаева. М., КОНТРАКТ, ИНФРА-М, 2010.

12. Кругликов Л.Л., Васильевский А.В. Дифференциация ответственности в уголовном праве. СПб., Юридический центр-Пресс, 2002.

13. Уголовный кодекс Российской Федерации. М., ТК Велби, У 26 2004.


Назим Алиев
Посткриминальное действие соучастников как

основа дифференциации ответственности
Резюме
В статье рассматриваются вопросы посткриминального действия соучастников как основа дифференциации уголовной ответственности. Выявляются проблемы, возникающие при применении статьи 60 УК Азербайджанской Республики, и выдвигаются предложения по усовершенствованию принятых норм.
Ключевые слова: уголовная ответственность, дифференциация, наказание, обстоятельства, смягчающие наказание, обстоятельства, отягащающие наказание.

1   ...   19   20   21   22   23   24   25   26   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə