Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 4.24 Mb.
səhifə18/36
tarix23.02.2016
ölçüsü4.24 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

Keywords: political system, political regime, political power, government, mass media, civil society, information security.


UOT 327.71
Azər Səfərov

AMEA FSHİ, doktorant
Kür və Araz çaylarının beynəlxalq hüquqи

statusu: tarиxи və hüquqи aspektlər
Kür və Araz çayları beynəlxalq çay olaraq bir neçə dövlətin ərazisindən keçir.

Kür və Araz çaylarının beynəlxalq hüquqi statusu haqqında danışarkən ilk növbədə “beynəlxalq çay” anlayışını aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə, hüquq ədəbiyyatında “beynəlxalq çay” anlayışı XIX əsrin ortalarından başlayaraq iki və daha artıq dövlətin ərazisindən keçən və dənizə çıxışı olmayan çayları ifadə etmək üçün işlədilirdi.

“Beynəlxalq çay” anlayışının müqavilə əsasını 30 may 1814-cü il Paris sülh müqaviləsinin 5-ci maddəsinin müddəaları təşkl edir. Bu maddəyə görə iki meyar əsas götürülürdü:

1. Çayın gəmiçiliyə yararlılığı;

2. Çayın iki və ya daha artıq dövlətin ərazisindən keçməsi və ya onları ayırması; [1,s.17].

Bu iki meyar E.Engelhardtın 1879-cu ildə beynəlxalq hüquq doktrinasına gətirdiyi “beynəlxalq çay” anlayışı üçün əsas olmuşdur. Daha sonra 1919-cu il Versal sülh müqaviləsinin şərtlərinə uyğun olaraq bu meyarlara çayın dənizlə əlaqəsi şərti də əlavə olundu.

«Beynəlxalq çay» anlayışı 20 mart 1921-ci il tarixli Barselona Konvensiyası və Statutunda daha da genişləndirildi. Barselona konfransında təklif olundu ki, beynəlxalq münasibətlər üçün mühüm əhəmiyyət kəsb edən bütün çaylar beynəlxalq çay kimi tanınsın. Qeyd etməliyik ki, göstərilən dövrdə beynəlxalq çaylarla bağlı meyarlar gəmiçilik azadlığı və bir neçə dövlətin ərazisindən keçməsi ilə əlaqələndirilirdi. Ancaq sonra zaman keçdikcə vəziyyət əsaslı surətdə dəyişdi. Belə ki, əgər XIX əsrdə beynəlxalq çaylarla bağlı məsələlər gəmiçilik azadlığı ilə əlaqələndirilirdisə, artıq XX əsrin əvvəllərindən çaylardan istifadənin digər növləri inkişaf etməyə başladı. Sənayenin, elm və texnikanın inkişafı çaylardan sənaye məqsədləri ilə istifadənin və su elektrik stansiyalarının sürətli inkişafına səbəb oldu. Beynəlxalq çayların suyundan sənaye və kənd təsərrüfatında istifadənin rolu o qədər genişləndi ki, hətta bəzi hallarda gəmiçiliyin maraqlarını da sıxışdırmağa başladı.

B.M.Klimenko qeyd edir ki, hazırkı dövrdə beynəlxalq gəmiçilik beynəlxalq çaylar ücün yeganə meyar deyildir. İki və daha çox dövlətin ərazisindən axan və ya onları ayıran çay gəmiçilik üçün yararlı deyilsə, ancaq ondan kənd təsərrüfatı və ya sənaye məqsədləri üçün istifadə olunursa və ya oluna bilərsə, həmin çay beynəlxalq çay hesab edilməlidir [2,s.9].

C.A.Qureev və İ.N.Tarasova da həmçinin qeyd edirlər ki, bir neçə dövlətin ərazisindən axan çay beynəlxalq   çay hesab edilməlidir.

Beləliklə, yuxarıda qeyd edilən fikirlərdən belə bir nəticəyə gəlirik ki, bir neçə dövlətin ərazisindən axan çay - beynəlxalq çaydır.

Beynəlxalq çayların axdığı dövlətlərin ərazisinə münasibətdə yerləşməsi müxtəlif ola bilər. Beynəlxalq çay iki dövlət arasında sərhəd rolunu oynaya bilər, yəni onların ərazisini bir-birindən ayırar. Belə beynəlxalq çaylar sərhəd çayı adlanır.

Araz çayı beynəlxalq çay olub sərhəd çayı statusuna malikdir. Araz çayı Türkiyə Respublikası ilə Ermənistan Respublikası, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd çaydır. Çay bir hissədə sərhəd, digər hissədə isə daxili ərazidən keçə bilər. Çay bütün axarı boyu, ya da müəyyən bir hissədə dövlət sərhəddini təşkil edə bilər. Beynəlxalq çay bir necə dövlətin ərazisini kəsib keçə bilər. Belə çaylar transsərhəd çaylar adlanır.

Kür çayı Qafqazın ən böyük çayı olub ( uzunluğu 1515 km, hövzəsinin sahəsi 188 min kvadrat kilometr) başlanğıcını Türkiyə respublikasının ərazisindəki Qızılgədik dağının şimal – şərq yamacından götürərək Türkiyə Respublikası ərazisində 200 km, Gürcüstan Respublikası ərazisində 335 km, Azərbaycan Respublikası ərazisində 980 km məsafədən axaraq Xəzər dənizinə tökülür.

Kür çayı beynəlxalq çay olub, transsərhəd çay statusuna malikdir.

Kür çayı öz axımı boyu üç hissəyə   yuxarı, orta və aşağı hissələrə bölünür. Yuxarı Kürə Türkiyə Respublikası ərazisindən Gürcüstan Respublikasının Borjomi dərəsinə qədər olan sahə, Orta Kürə Mingəçevir su anbarının bəndinə, Aşağı Kürə isə oradan Xəzərə qarışana qədər olan sahə aiddir.

Araz çayı beynəlxalq çay olub (uzunluğu 1072 km, 580 km-i Azərbaycan ərazisində) başlanğıcını Türkiyə Respublikasının Bingöldağ silsiləsinin şimal yamacından götürərək dörd dövlətin   Türkiyə, Ermənistan, İran və Azərbaycan Respublikaları ərazisindən axır.

Kür və Araz çayları beynəlxalq çay olub bir neçə dövlətin ərazisindən keçərək sərhəd xəttini müəyyənləşdirməklə yanaşı, böyük enerji ehtiyatlarına malikdir. Bu çaylardan irriqasiya, balıqçılıq, nəqliyyat, hidroelektrik enerjisi mənbələri kimi geniş istifadə olunur.

Kür və Araz çaylarının beynəlxalq çay olub sərhəd çayı olması, ümumilikdə bu çayların beynəlxalq hüquqi statusu özünü tarixin müxtəlif dövrlərində, müxtəlif dövlətlərin (Rusiya imperiyası ilə Osmanlı dövləti, Səfəvi dövləti, Səfəvi dövləti ilə Osmanlı dövləti, Rusiya imperiyası ilə İran dövləti arasında) öz aralarında bağladıqları sülh müqavilələrində, dostluq və əməkdaşlıq haqqında sazişlərdə və digər beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmışdır. Qeyd olunan sazişlərdə Kür və Araz çayının beynəlxalq hüquqi rejimi müəyyən edilmişdir.

Bu müqavilə, saziş və protokolları bağlandıqları tarixi dövrlərə görə şərti olaraq üç dövrə ayırmaq olar:

1. Rusiya imperiyasının süqutuna qədər olan dövr (1917-ci ilədək).

2. Sovet dövləti dövrü ( 1917-ci ildən 1991-ci ilədək).

3. Sovet dövlətinin süqutundan sonrakı dövr - Müstəqillik dövrü (1991-ci ildən başlayaraq).

Tarixə nəzər yetirdikdə görürük ki, belə müqavilələrdən biri 1724-cü ilin 12 iyun tarixində Rusiya və Osmanlı imperiyası arasında bağlanan İstanbul müqaviləsidir. Bu müqavilə preambula, 6 maddə və nəticə hissəsindən ibarət idi. İstanbul müqaviləsinin 1-ci maddəsinə görə qoyulmuş sərhəd nişanından bir saatlıq yolla Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətt sərhəd xətti kimi qəbul olunur, dənizə yaxın hissə çara, daxilə olan hissə isə Osmanlı Sarayına tabe olacaq. Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə isə İran dövlətinə aid olacaq.

Rusiya, Türkiyə və İranın sərhədlərinin birləşdiyi Kür və Araz çaylarının qovuşduğu bölgədə türklərə və ruslara sərhəddən üç saatlıq məsafədən yaxın olmamaq şərti ilə hərbi istehkamlar və qarnizonlara malik olmaq hüququ verilirdi.

13 fevral 1729-cu ildə Rusiya ilə Əşrəf arasında Rəşt şəhərində imzalanan, preambula və 10 maddədən ibarət olan Rəşt müqaviləsinin 3-cü bəndinə görə tərəflər arasında sərhəd xətti müəyyən olundu. Göstərilirdi ki, əyalətlər arasinda hər iki tərəf, oradan Kür çayına qədər və Araz çayının mənsəbinə qədər, orada təyin olunmuş sərhədlərə qədər və Kür çayından Araz çayının mənsəbinə qədər Rus imperiyasına aid olan dəniz əyalətlərin... sərhədləri birləşir.

...Dərbənddən Araz çayının mənsəbinə kimi sərhədlər olduğu kimi saxlanılsın, Araz çayının mənsəbindən Kutum əyalətinə kimi bütün adı çəkilən əyalətlər və yerlər adı çəkilən əyalət sərhədləri ilə saxlanılsın [3,s.190-191].

1732-ci il yanvarın 16-da Kirmanşahda Səfəvi-Osmanlı müqaviləsi imzalandı. Bu müqavilənin şərtlərinə görə Araz çayı sərhəd çayı kimi tanındı [4,s.176].

21 yanvar 1732-ci ildə Rusiya imperiyası ilə Səfəvi dövləti arasında imzalanan, preambula və 8 maddədən ibarət olan Rəşt müqaviləsinə əsasən Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri – Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytardı. Müqavilənin 2-ci maddəsinə görə... Gilan və Astarabad əyalətləri, Astarabaddan hətta Kür çayı boyu ərazilər də bu traktatın təsdiqləndiyi vaxtdan sonra beş ay müddətinə qoşunlardan təmizlənəcək. ...Başqa əyalətlər və Kür çayından şimalda olan torpaqlar isə İmperator həzrətlərinin torpaqlarına və təbəələrinə təhlükə sovuşandan sonra İmperator həzrətlərinin öz qərarı ilə qaytarılacaq... [3,s.196].

Daha bir mühüm müqavilə olan, tarixi Azərbaycan torpaqlarını iki yerə parçalayan, Rusiya imperiyası ilə İran dövləti arasında 1813-cü il 12 oktyabrda bağlanan Gülüstan müqaviləsinin 2-ci maddəsində göstərilirdi ki, bir halda ki, hər iki ali dövlət arasında sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və gələcəkdə bütün Rusiya imperiyası və İran dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq düzxətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, ...dək. Müqavilənin məzmunundan göründüyü kimi Araz çayı sərhəd çayı müəyyən olundu.

10 fevral 1828-ci ildə Rusiya imperiyası ilə İran dövləti arasında tarixi Azərbaycan torpaqlarının bölüşdürülməsini başa çatdıran Türkmənçay sülh müqaviləsi bağlandı. 16 maddədən ibarət olan sülh müqaviləsinin 3-cü maddəsinə görə İran şahı həzrətləri öz adından və öz vərəsələri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rus imperiyasının tam mülkiyyətinə güzəştə gedir... Daha sonra 4-cü maddədə qeyd olunurdu ki, müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır, ...sərhəd xətti Aşağı Qarasu çayının axarı üzrə Sərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir... Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır. 12-ci maddədə isə göstərilirdi ki, barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər.

18 yanvar 1829-cu ildə Rusiya imperiyası ilə İran dövləti arasında imzalanan Türkmənçay müqaviləsinə əlavə olaraq İran ilə Rusiya arasında sərhəd xəttinin təyin edilməsi barədə protokolda göstərilirdi ki, Aşağı Qarasu dəhnəsindən sonra 3,5 verst Abbasabad qalasına çatmamış sərhəd xətti Araz çayı məcrası ilə müəyyən edilir. Bu çayın məcrasında yerləşmiş adalar bir- birinə yaxın olduğu üçün çayın hər iki tərəfinin sərhəddi təyin edildikdən sonra İran və Rusiyaya aid olacaqdır. Çayın sol sahilinə yaxın bütün adalar Rusiyaya aid olacaqdır.

İki dövlət arasında yenə Arazın məcrası 21 verstə qədər Yeddi Bölükdən aşağıya qədər sərhəd xəttidir.

Bu son iki müqavilə Araz çayının sərhəd çayı olmasını tam təsbit etdi.

Daha sonra XX əsrin əvvəllərində Rusiya imperiyasının süqutundan sonra yaranmış yeni tarixi şəraitdə, yəni yeni müstəqil dövlətlərin yaranması şəraitində sərhədlərə yenidən baxılması və sərhədlərin müəyyən olunması məsələləri bir daha gündəmə gəldi. Bu dövrdə sərhədlərin müəyyən olunması, dostluq və əməkdaşlıq məsələləri ilə bağlı bir sıra müqavilələr imzalandı. Bu müqavilələrə misal olaraq RSFSR ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında, Azərbaycan, Gürcüstan, Ermənistan Sovet Sosialist Respublikaları və RSFSR ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında, SSRİ ilə İran dövləti arasında olan müqavilələri göstərə bilərik. Bu müqavilələr Kür və Araz çaylarının sərhəd çayı , həmçinin beynəlxalq çay olması statusunu bir daha təsbit etdi. Müqavilələrdə konkret olaraq sərhədlərin müəyyən olunmasında bu çaylara istinad edilirdi.

16 mart 1921-ci ildə Moskva şəhərində RSFSR ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında bağlanan 16 maddədən ibarət olan Moskva müqaviləsinin 1-ci maddəsinə görə Türkiyənin şimal-şərq sərhədi ... Qars sancaqlarından Arpa çay və Araz çayının talveqi üzrə Aşağı Qarasuyun mənsəbinədək müəyyən olunur. Müqavilənin 3-cü maddəsində göstərilirdi ki, Naxçıvan ərazisində əmələ gəlmiş üçbucaq zonada Arazın talveqi arasında olan Daqna dağı xətti - Vəlidağ - Baqarzik adı çəkilən ərazinin sərhəd xətti, Kömürlü dağdan başlanan... Qarasu çayının Araza birləşdiyi yerdə bitən sərhəd xətti Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiya tərəfindən düzəldiləcək.

Müqaviləyə əlavə olunmuş 1№-li Əlavədə qeyd olunur ki, Türkiyənin şimal-şərq sərhədi aşağıdakı şəkildə müəyyənləşdirilir: ...Kasris-Seri dağına çatır, buradan Karzanet çayı ilə Kür çayınadək gedir, oradan Kür çayının talveqi ilə Kartanakev kəndinin şərqindəki məntəqəyə cıxır..., şimalda Arpa çayına çıxır, orada Arpa çayın talveqi ilə gedərək Araza çıxır və Arazın talveqi ilə gedərək Aşağı Qarasunun ona töküldüyü yerədək gedir. Daha sonra qeyd edilir ki, nəzərə alsaq ki, sərhəd xətti Arpaçay və Araz çayının talveqi üzrə müəyyən olunur, Türkiyə Böyük Millət Məclisinin Hökuməti Arpaçay rayonunda blokqauzov xəttini onun indiki cizgisində Aleksandropol-Erevan dəmiryolundan 8 verst məsafəyə geri çəkməyi və Araz rayonunda göstərilən dəmiryol xəttindən 4 verst uzaqlaşdırmağı öhdəsinə götürür. Göstərilir ki, Araz zonasını Xaraba Əlicanla Süleyman kəndi arasındakı düzxətt təşkil edir [5, s.114-119].

Bu müqavilədə biz əvvəlki müqavilələrdən fərqli olaraq sərhəd xəttinin Araz və Kür çayının talveqi ilə müəyyən olunmasını görürük.

13 oktyabr 1921-ci ildə Qars şəhərində Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Sosialist Respublikaları ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında RSFSR-in iştirakı ilə dostluq haqqında müqavilə imzalandı. 20 maddədən ibarət olan müqavilənin 4-cü maddəsində göstərilirdi ki, Türkiyənin şimal-şərq sərhədləri ...Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə Aşağı Qarasuyun mənsəbinədək Arpa çay və Araz çaylarının talveqi ilə kəsib keçən xəttlə müəyyən edilir. Müqaviləyə əlavə olunmuş 1№-li Əlavədə qeyd olunur ki, Türkiyənin şimal-şərq sərhədi aşağıdakı şəkildə müəyyənləşdirilir: ...Kasris-Seri dağına çatır   buradan Karzanet çayı ilə Kür çayınadək gedir   oradan Kür çayının talveqi ilə Kartanakev kəndinin şərqindəki məntəqəyə cıxır   orada Qaraoğlu dağının gədiyindən keçməklə Kür çayından aralanır..., şimalda Arpa çayına cıxır   orada Arpa çayın talveqi ilə gedərək Araza çıxır və Arazın talveqi ilə gedərək Urmiyə kəndinə cıxır, burada Ermənistanla sərhəd bitir və Azərbaycanla sərhəd başlanır   Arazın talveqi ilə Aşağı Qarasunun ona töküldüyü yerədək gedir və burada Azərbaycanla sərhəd bitir. Daha sonra qeyd edilir ki, nəzərə alsaq ki, sərhəd xətti Arpaçay və Araz çayının talveqi üzrə müəyyən olunur, Türkiyə Böyük Millət Məclisinin Hökuməti Arpaçay rayonunda blokqauzov xəttini onun indiki cizgisində Aleksandropol-Erevan dəmiryolundan 8 verst məsafəyə geri çəkməyi və Araz rayonunda göstərilən dəmiryol xəttindən 4 verst uzaqlaşdırmağı öhdəsinə götürür. Göstərilir ki, Araz zonasını Xaraba Əlicanla Süleyman kəndi arasındakı düzxətt təşkil edir [5, s.120-125].

Bundan başqa Araz çayının hüquqi statusu dövlətlər arasındakı nota mübadilələrində də müəyyən olunmuşdur.

SSRİ-nin İrandakı səlahiyyətli nümayəndəsi tərəfindən İran Xarici İşlər İdarəsinə göndərilmiş 15 oktyabr 1928-ci il 1260№-li notada qeyd edilirdi ki, ...bu rayonlar arasında sərhəd Araz çayı tərəfdə Muğanın şimalı yox, 14 avqust 1927-ci il nota mübadiləsində müəyyən edildiyi kimi SSRİ tərəfdən Azərbaycan Sovet Sosialist Respublikasının Araz çayı ilə birləşdiyi nöqtədə olmalıdır.

İran Xarici İşlər İdarəsinin SSRİ-nin İrandakı səlahiyyətli nümayəndəsinə göndərdiyi 20 noyabr 1928-ci il 14075/3170№-li cavab notasında yuxarıda qeyd olunan təklifə razılıq ifadə olunurdu [6,s.24-25].

Mühüm bir məqamıda qeyd etmək istərdik. Yuxarıda qeyd etdiyimiz dövlətlər arasında bağlanan müqavilələrə diqqət yetirdikdə görürük ki, bu müqavilələrdə Kür və Araz çayları əsasən sərhəd müəyyənedici çaylar və keçdikləri dövlətlərin ərazisində irriqasiya funksiyasını yerinə yetirsələr də sonradan, yuxarıda qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində sənayenin, elm və texnikanın inkişafı ilə əlaqədar olaraq bu çaylardan istifadənin daha müasir və yeni növləri meydana çıxdı və bu çaylar əsasən irriqasiya və hidroelektrik enerjisi mənbələri kimi çıxış etdilər. Ümumilikdə beynəlxalq çaylardan istifadə ilə bağlı hüquq ədəbiyyatına nəzər yetirdikdə görürük ki, bu istifadə iki növə ayrılır:

1. Beynəlxalq çaylardan gəmiçilik məqsədi ilə istifadə.

2. Beynəlxalq çaylardan qeyri-gəmiçilik məqsədi ilə istifadə.

Belə ki, beynəlxalq çaylardan qeyri-gəmiçilik məqsədləri ilə istifadəyə irriqasiya, su-elektrik stansiyalarının, bəndlərin və digər hidrotexniki qurğuların tikintisini, balıqçılıq, ağacaxıtma və s. misal göstərmək olar.

Araz çayı gəmiçilik üçün yararsızdır. Kür çayından gəmiçilik məqsədləri ilə istifadə məsələlərinə diqqət yönəldərkən ilk növbədə onu qeyd etmək lazımdır ki, əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsi ilə getmək mümkün idisə, hazırda bu yol Su Elektrik Stansiyalarının tikintisi (Mingəçevir, Yenikənd SES-lər) səbəbindən bağlanıb. Yevlax şəhərindən çayın mənsəbinə qədər – 480 km məsafə gəmiçilik üçün yararlıdır ( Kür – Araz ovalığında). Kür çayı beynəlxalq gəmiçilik üçün yararsızdır [7].

Kür və Araz çaylarından da qeyri-gəmiçilik məqsədləri ilə geniş istifadə olunur. Belə ki, bu caylardan qeyri-gəmiçilik məqsədləri ilə istifadəyə bəndlərin, su anbarlarının su-elektrik stansiyalarının və digər hidrotexniki qurğuların inşasını, irriqasiya, balıqçılıq və s. misal göstərmək olar.

Bir qayda olaraq beynəlxalq çaylardan qeyri-gəmiçilik məqsədi ilə istifadə edilməsinin tənzimlənməsi beynəlxalq çayın əhatə etdiyi sahil dövlətlər tərəfindən bağlanmış ikitərəfli və çoxtərəfli müqavilə, saziş və s. əsasında həyata keçirilir. Bununla əlaqədar bu çayların enerji resurslarından birgə istifadə ilə bağlı bir sıra müqavilə və sazişlər imzalandı.

26 fevral 1921-ci ildə Moskva şəhərində RSFSR və İran dövləti arasında bağlanan dostluq müqavi­ləsində sərhəd caylarından və Xəzərə qədər sərhəd boyunca yerləşən sulardan birgə istifadə hüququ razılaşdırılırdı. Müqavilənin 3-cü maddəsində göstərilirdi ki, tərəflər 1881-ci il Rusiya-İran Sazişi ilə müəyyən edilmiş sərhədləri tanımaqda və onlara riayət etməkdə razılaşırlar.

Bu dövrdə imzalanan digər mühüm sənəd 8 yanvar 1927-ci ildə Qars şəhərində imzalanan SSRİ ilə Türkiyə Respublikası arasında sərhəd çaylarından istifadə haqqında Konvensiyadır. 12 maddədən ibarət olan Konvensiya suyun illik maksimal həddini müəyyən edərək, caydan suyun poritetlik prinsipi əsasında ayrılmasını təsdiq edirdi.

Bu ümumi Konvensiya ilə yanaşı, SSRİ və Türkiyə Respublikası arasında Qars şəhərində sudan istifadə haqqında xüsusi razilaşmanı nəzərdə tutan 8 yanvar 1927-ci il Protokolu da imzalanmışdır. 7 maddədən ibarət olan Protokolun 1-ci maddəsinə görə Türkiyə Respublikası SSRİ-nin tikdirdiyi Sərdabad kanalı üçün Araz çayında barraj tikilməsi ilə əlaqədar Sovet təşkilatlarına Araz çayının sahilində lazımi mühəndis-axtarış və tikinti işləri görmək hüququ verirdi. Protokolun 2-ci maddəsində Araz çayının Türkiyə Respublikasına aid olan hissəsində görüləcək işlərin ölçüləri göstərilirdi [5, s.26-30].

14 may 1957-ci ildə Moskva şəhərində SSRİ ilə İran Şahənşah dövləti arasında Sovet-İran sərhəd rejimi və sərhəd konfliktlərinin və insidentlərinin nizama salınması haqqında müqavilə imzalandı. Müqavilənin 2-ci –sərhəd suları, onlardan istifadə qaydası hissəsinin 9-cu maddəsində göstərilirdi ki, razılığa gəlmiş tərəflərdən heç biri sərhəd çayının yatağını süni yolla dəyişdirə bilməz. Müqavilənin 16-cı maddəsində Culfada Araz çayı üstündəki dəmiryolu xəttinin istismarının xüsusi razılaşma ilə müəyyən edilməsi göstərilirdi [8,s.79-82].

27 iyul 1963-cü ildə Tehran şəhərində SSRİ və İran Şahənşah dövləti arasında İqtisadi və Texniki Sahələrdə Əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişin əsas məzmunu SSRİ ilə İran sərhəddində Araz çayı üzərində hidroelektrik qurğuların tikilməsindən ibarət idi. Bu Saziş 14 maddədən ibarət olmaqla iqtisadi və texniki sahələrdə əməkdaşlığı nəzərdə tuturdu. Sazişin 1-ci maddəsində göstərilirdi ki, tərəflər SSRİ ilə İran sərhəddində Naxçıvan ərazisində, Araz çayının qabağını hündür bəndlə kəsib, hündürlüyü 30-40 m, həcmi 600-800 mln. kubmetr su tutan dəryaca və gücü 40-60 min. kvt. olan hidroelektrik stansiyanın və Horadiz ərazisində hündürlüyü 10 m olan suqəbuledici bəndin tikilməsində əməkdaşlıq edəcəklər. Sazi­şin 2-ci maddəsində Araz çayı üzərindəki hidrotexniki qurğuların tikilmə müddəti, şərtləri və elektroenerji­dən istifadə məsələləri, kontraktın 1 il ərzində hazırlanması göstərilirdi.

Sazişin 4-cü maddəsində qeyd olunurdu ki, tərəflər Araz çayının sərhəd hissəsində su və energetik resurslardan bərabərhüquqlu əsasda istifadə etmək hüququndan çıxış edərək qurğuların tikintisi başa çatan zaman Araz çayının su və energetik resurslarından bərabərhüquqlu əsasda istifadə etmək haqqında razılaşırlar [9,s.276-278].

7 may 1970-ci ildə Moskva şəhərində SSRİ ilə İran Şahənşah dövləti arasında sərhəd və maliyyə məsələlərinin tənzimlənməsi haqqında 2 dekabr 1954-cü il tarixli SSRİ ilə İran arasındakı sərhəddə Araz hidroelektrik bəndi və Araz çayı üstündəki Mil-Muğan suqəbuledici bənddə keçən yeni sərhəd xətti haqqında Əlavə Protokol imzalandı. Protokol preambula hissəsindən və 10 maddədən ibarət idi. Protokolun 1-ci maddəsində göstərilirdi ki, razılığa gələn tərəflər hər iki tərəfin Araz hidrotexniki bəndin və Mil-Muğan suqəbuledici bəndinin su resurslarından bərabərhüquqlu istifadəsini nəzərə alaraq yeni sərhəd xəttini müəyyən edirlər.

Daha sonra Protokolun 2-ci maddəsində Araz hidroelektrik bəndi ilə bağlı, 3-cü maddədə isə Mil-Muğan suqəbuledici bəndi ilə bağlı yeni sərhəd xəttinin koordinatları göstərilirdi. Protokolun 6-cı maddəsində qeyd edilirdi ki, razılığa gələn tərəflər hesab edirlər ki, Araz hidroelektrik bəndi və Araz çayı üstündəki Mil-Muğan suqəbuledici bənddə keçən yeni sərhəd xətti tərəflərin Araz çayının resurslarından və Araz hidroelektrik bəndi və Araz çayı üstündəki Mil-Muğan suqəbuledici bəndindən, 27 iyul 1963-cü il müqaviləsinin 4-cü və 5-ci maddələrində nəzərdə tutulduğu kimi bərabərhüquqlu istifadəsinə mane olmayacaqdır [10, s.34-37].

7 avqust 1973-cü ildə Moskva şəhərində SSRİ ilə İran Şahənşah dövləti arasında 14 may 1957-ci ildə SSRİ hökuməti ilə İran Şahənşah hökuməti arasında imzalanmış Sovet-İran sərhəd rejimi və sərhəd konfliktlərinin və insidentlərinin nizama salınması haqqında Araz hidroelektrik bəndi və Mil-Muğan suqəbuledici bəndinin sərhədlərinə aid olan müqaviləyə Əlavə Protokol imzalandı. Əlavə Protokolun preambula hissəsində göstərilirdi ki, Araz hidroelektrik bəndi və Araz çayı üstündəki Mil-Muğan suqəbuledici bənddə Sovet-İran sərhəddində demarkasiya işləri 1970-ci ildə bitmişdir.

Protokolun 2-ci maddəsində göstərilirdi ki, 14 may 1957-ci il Sovet-İran sərhəd rejimi haqqındakı müqavilənin 1-ci maddəsi dəyişdirilsin və yeni redaksiyada koordinatlar qeyd olunurdu [11, s.25-26].

Araz çayı ilə bağlı imzalanan digər bir mühüm sənəd 26 oktyabr 1973-cü ildə Ankara şəhərində SSRİ ilə Türkiyə Respublikası arasında imzalanan Araz çayının transsərhəd qolu olan Arpaçayda su anbarı və bəndin tikintisində əməkdaşlıq haqqında Sazişdir. Preambula və 14 maddədən ibarət olan Sazişin 1-ci maddəsində qeyd olunurdu ki, SSRİ və Türkiyə Respublikası 8 yanvar 1927-ci il Sərhəd sularından istifadə haqqında Qars Sazişinə əsaslanaraq Arpaçayında bənd və həcmi 525 mln. kub.metr olan su anbarının tikilməsində əməkdaşlıq etməyi qərara alırlar. Sazişin 10-cu maddəsində isə ona əlavə olunmuş təlimata istinad olunması qeyd olunurdu. Sazişə əlavə olunmuş Təlimatda göstərilirdi ki, bəndin tikintisi başa çatdıqdan sonra tərəflər Arpa çayında və Arazın İranla sərhəd olan hissəsinədək bir-birilərinin hüquqlarını pozmamaq şərti ilə su anbarından istənilən yerdə, istənilən vaxt və istənilən miqdarda istifadə etmək hüququnu özlərində saxlayırlar. Qeyd olunurdu ki, Daimi komissiya qeyd olunan Təlimat əsasında Arpaçay və Araz çaylarının dövlət sərhəddini təşkil edən hissələrində hər iki tərəfə düşən su payının bərabər əsaslarla paylanması prinsipi əsasında fəaliyyət göstərir. Su anbarından buraxılan suyun balansının tənzimlənməsi və bənddən aşağı Arpaçay və Araz çayına axan suları qeyd etmək üçün avtomat-qeydedici cihazlarla təmin edilmiş məntəqələrin yaradılması nəzərdə tutulurdu.

Təlimatın 4-cü Su ayrılması qaydalarında göstərilirdi ki, tərəflər Arpaçay və Araz çayının dövlət sərhəddini təşkil edən hissələrində hər iki tərəfə düşən su payını bərabər əsaslarla götürə bilərlər [12,s.319-329].

Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olur ki, Kür və Araz çaylarının beynəlxalq hüquqi statusu və beynəlxalq hüquqi rejimi bir neçə yüzillikdə, dövlətlər arasındakı müqavilə, saziş, konvensiya və s. fonunda formalaşmışdır. Bu formalaşma böyük bir tarixi dövrü əhatə edir. Bu formalaşma nəticəsində Kür və Araz çayları ilə bağlı, beynəlxalq hüquqda beynəlxalq çaylarla bağlı formalaşmış prinsiplərdən irəli gələn bir sıra ümumi qəbul olunmuş norma və prinsiplər təşəkkül tapmışdır ki, bu prinsiplərdən aşağıdakıları göstərə bilərik:

Beynəlxalq çayın ona aid hissəsində sahil dövlətin suverenliyi prinsipi.

Beynəlxalq çaylardan bütün axarı boyu istifadə edilməsində sahilyanı dövlətlərin bərabərliyi və bir dövlətin digərinə münasibətdə üstünlüyünün yolverilməzliyi prinsipi.

Beynəlxalq çaylardan istifadə sahəsində sahilyanı dövlətlərin əməkdaşlığı prinsipi.

Dövlətlərin beynəlxalq çaylarda fəaliyyətinin müxtəlif növlərinin səmərəli birləşdirilməsi prinsipi.

Bütün sahilyanı dövlətlərin ümumi və spesifik maraqlarının gözlənilməsi prinsipi.

Bütün bunlarla yanaşı onu da qeyd etməliyik ki, yuxarıda adları çəkilən müqavilə, saziş və digər sənədlərin məzmununu araşdırarkən belə bir qənaətə gəlmək olur ki, şərti olaraq adlandırdığımız birinci dövrdə (Rusiya imperiyasının dağılmasınadək) bağlanan müqavilə və sazişlərdə əsasən Kür və Araz çaylarının sərhəd müəyyənedici və coğrafi istiqamət müəyyənedici funksiyaları, ikinci dövrdə isə (Sovet dövləti dövrü) sərhəd müəyyənedici funksiya ilə yanaşı bu çayların irriqasiya və enerji ehtiyatlarından istifadə məsələləri ön plana çıxsa da, göstərilən müqavilə və sazişlərin heç birində bu çayların ən mühüm problemi   Kür və Araz çaylarının hövzəsinin ekoloji mühafizəsi və ekoloji təhlükəsizliyi məsələləri nəzərə alınmamışdır. Kür və Araz çayları hövzəsinin ekoloji mühafizəsinə aid problemləri dövlətlərarası münasibətlər səviyyəsində tənzimləyən sistemli müqavilə hüquq bazası mövcud olmamışdır. Bütün bunlara görə də hazırkı dövrdə Kür və Araz çaylarının ekoloji durumu çox acınacaqlı vəziyyətdədir. Belə ki, beynəlxalq çaylardan istifadə ilə bağlı beynəlxalq hüquq normalarında çayların ekoloji mühafizəsi və ekoloji təhlükəsizliyi məsələləri birinci dərəcəli məsələdir.

Deyilənlərlə yanaşı onu da əlavə etməliyik ki, Kür-Araz caylarının ekoloji təhlükəsizliyi, sahilyanı dövlətlərin beynəlxalq hüquqi məsuliyyəti, fövqəladə hallarda qarşılıqlı əməkdaşlığı və digər sahələrdə kifayət qədər mükəmməl qanunvericilik bazasının olmaması sahilyanı dövlətlər arasında bir çox ciddi problemlər yaradır. Gələcəkdə bu sahədə dövlətlər arasında daha sıx əməkdaşlıq zəruridir.

Kür və Araz çaylarının hüquqi rejiminin müəyyən edilməsi və bu çaylardan istifadənin mühüm istiqamətləri işlənib hazırlanmalıdır.

Kür və Araz çaylarının hövzəsinin qorunması və ehtiyatlarından səmərəli istifadə olunması yalnız bu sahədə mövcud olan beynəlxalq hüquqi standartların tətbiq olunması yolu ilə mümkündür.

Qeyd olunan problemlərin həlli üçün indiki qloballaşan dünyada artıq dövlətlərin ekoloji mühafizə və ekoloji təhlükəsizlik məsələlərinin birinci dərəcəli olmasını qeyd-şərtsiz qəbul etmələrini nəzərə alaraq, hövzəətrafı dövlətlərin beynəlxalq səviyyədə səylərini birləşdirmək və əməkdaşlığını təmin etmək üçün ikitərəfli və çoxtərəfli müqavilələrin bağlanması dövrün tələbidir.

1   ...   14   15   16   17   18   19   20   21   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə