Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə37/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   37

Maddə 498. Verilmiş şəxsin cinayət təqibinin hüdudları

498.1. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı olmadan verilmiş şəxs onun verilməsindən əvvəl törədilmiş, lakin törədilməsinə görə verilmədiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz.

498.2. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı olmadan şəxs həmçinin üçüncü dövlətə verilə bilməz.

498.3. Verilmiş şəxs cinayət icraatı qurtardıqdan sonra 1 (bir) ay keçənədək, onun məhkum edildiyi halda isə cəzanın çəkilməsindən və ya ondan azad edilməsindən sonra 1 (bir) ay müddətində sorğu edən xarici dövlətin ərazisini tərk etmədikdə və ya oraya könüllü olaraq qayıtdıqda, Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı tələb olunmur. Bu müddətə verilmiş şəxsin öz günahı olmadan sorğu edən xarici dövlətin ərazisini tərk edə bilmədiyi vaxt daxil edilmir.



Maddə 499. Verilmiş şəxsin təhvil verilməsi

499.1. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı verilmənin vaxtı və yeri haqqında xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanına məlumat verir.

499.2. Xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanı müəyyən edilmiş verilmə tarixindən sonra 15 (on beş) gün müddətində verilməli olan şəxsi qəbul etmədikdə həmin şəxs həbsdən azad edilməlidir.

Maddə 500. Təkrar vermə

Verilmiş şəxsin cinayət təqibindən və ya cəza çəkməkdən yayındığı və Azərbaycan Respublikasının ərazisinə qayıtdığı halda, onun xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanına təkrarən verilməsi bu Məcəllənin 493.2 və 493.3-cü maddələrində göstərilən materialların təqdim edilməsi tələbi irəli sürülmədən həyata keçirilir.



Maddə 501. Tranzit daşıma

501.1. Xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı üçüncü dövlətlər tərəfindən verilmiş şəxslərin öz ərazisi ilə tranzit daşınmasına icazə verir.

501.2. Belə daşımaya icazə verilməsi haqqında vəsatətə Azərbaycan Respublikasının cinayət təqibi orqanı tərəfindən şəxsin verilməsi xahişi ilə rəsmi müraciətin baxılması üçün müəyyən edilmiş qaydada baxılır.

501.3. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı tranzit daşımanı özünün ən məqsədəuyğun hesab etdiyi üsulla həyata keçirilməsinə icazə verir.



Maddə 502. Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi

502.1. Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət təqibini həyata keçirməlidir.

502.2. Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının cinayət təqibinin həyata keçirilməsini xahiş etdiyi cinayət qaydasında cəzalandırılmalı olan şəxsin törətdiyi əməl həmin cinayətdən zərər çəkmiş şəxslərin mülki iddiayasına səbəb olduqda, həmin iddiaya bu şəxslərin zərərin ödənilməsi haqqında vəsatətləri olduqda, iş üzrə icraat zamanı baxılır.

Maddə 503. Cinayət təqibinin həyata keçirilməsi xahişi ilə rəsmi müraciətin məzmunu

503.1. Cinayət təqibinin həyata keçirilməsi xahişi ilə rəsmi müraciətdə aşağıdakılar göstərilməlidir:

503.1.1. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının adı;

503.1.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

503.1.3. barəsində cinayət təqibinin həyata keçirilməsi xahiş olunan əməlin təsviri;

503.1.4. əməlin törədilmə vaxtının və yerinin mümkün qədər dəqiq göstərilməsi;

503.1.5. sorğu edən xarici dövlətin əməlin cinayət hesab edilən cinayət qanununun müddəalarının, habelə iş üzrə icraat üçün mühüm əhəmiyyətə malik olan digər qanunvericilik normalarının mətni;

503.1.6. şübhəli şəxsin soyadı və adı, onun vətəndaşlığı, habelə onun şəxsiyyəti barəsində digər məlumatlar;

503.1.7. zərər çəkmiş şəxsin ərizəsi əsasında başlanan cinayət işləri üzrə zərər çəkmiş şəxslərin ərizələri və ziyanın ödənilməsi haqqında ərizələr;

503.1.8. cinayət nəticəsində vurulmuş zərərin məbləği.

503.2. Cinayət təqibinin həyata keçirilməsi xahişi ilə rəsmi müraciətə xarici dövlətin sorğu edən səlahiyyətli orqanının sərəncamında olan bütün sənədlər və sübutlar əlavə edilir.

503.3. Xarici dövlətin sorğu edən səlahiyyətli orqanı tərəfindən başlanmış cinayət işi göndərildikdə həmin iş üzrə araşdırma Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq davam etdirilir. Cinayət işində olan hər bir sənəd və sübutlar xarici dövlətin səlahiyyətli orqanının gerbli möhürü ilə təsdiq edilməlidir.



Maddə 504. Cinayət təqibinin nəticələri barədə bildiriş

Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı cinayət işi üzrə yekun qərar barədə xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanına məlumat verməlidir. Xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanının xahişi ilə onun ünvanına, həmçinin iş üzrə yekun qərarının surəti göndərilir.



Maddə 505. Əşyaların verilməsi

505.1. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı xarici dövlətin sorğu edən səlahiyyətli orqanının xahişi ilə aşağıdakı əşyaları verir:

505.1.1. şəxsin verilməsinə səbəb olan cinayətin törədilməsi zamanı istifadə edilən əşyalar, o cümlədən cinayətin aləti, cinayət nəticəsində əldə edilmiş və ya ona görə haqq kimi alınmış əşyalar, habelə bu qaydada əldə edilmiş əşyaların əvəzinə cinayətkarın aldığı əşyalar;

505.1.2. cinayət işində sübut əhəmiyyətinə malik ola biləcək əşyalar.

505.2. Bu Məcəllənin 505.1-ci maddəsində göstərilən əşyalar həmçinin şəxsin ölümü, qaçması və ya digər hallarla əlaqədar onun verilməsi mümkün olmadıqda da verilir.

505.3. Bu Məcəllənin 505.1-ci maddəsində göstərilən əşyalar Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanına cinayət işi üzrə sübut kimi lazım olduqda onların verilməsi iş üzrə icraat qurtaranadək təxirə salına bilər.

505.4. Verilmiş əşyalara üçüncü şəxslərin hüququ qüvvədə qalır. İş üzrə icraat qurtardıqdan sonra bu əşyalar onları xarici dövlətin səlahiyyətli hakimiyyət orqanına vermiş Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanına əvəzsiz olaraq qaytarılmalıdır.

LVIII fəsil. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat

Maddə 506. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrasının cinayət cəzalarını icra edən müəssisə və orqanlar tərəfindən vaxtında və lazımınca təmin edilməsi üzrə məhkəmələrin vəzifələri

506.0. Hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr (onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:

506.0.1. məhkəmələrin qanuni qüvvəyə minmiş hökmlərinin və ya digər yekun qərarlarının icrası barədə dərhal göstəriş vermək;

506.0.2. hökm və ya məhkəmənin digər yekun qərarlarının vaxtında və lazımınca icrası üzərində nəzarəti müvafiq müraciətlərə məhkəmə iclasında baxarkən həyata keçirmək;

506.0.3. hər hansı şəxs tərəfindən hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməməsi və ya onların icrasına maneçilik törədilməsinin hər bir halına onları icra etməyən şəxs barəsində cinayət təqibinin başlanması məqsədilə prokurorun diqqətini cəlb etmək;

506.0.4. məhkumun ərizəsinə və ya cəzanı icra edən müəssisə, yaxud orqanın təqdimatına baxmaq, habelə öz təşəbbüsü ilə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı bütün şübhə və anlaşılmazlıqları həll etmək;

506.0.5. bu Məcəllədə nəzərdə tutulmuş digər səlahiyyətlərdən istifadə etmək.

Maddə 507. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi

507.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir.

507.2. Təqsirləndirilən şəxsə bəraət verilməsi və ya onun cəzadan azad edilməsi haqqında məhkəmənin hökmünün icrası barədə hakimin göstərişi hökm elan edildikdən dərhal sonra verilir. Belə halda məhkəmə iclası zalında olan təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir.

507.3. Hökm elan edildikdən sonra hakimin göstərişi ilə aşağıdakı hallarda təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir:

507.3.1. şəxs cəza təyin edilmədən məhkum edildikdə;

507.3.2. şəxs azadlıqdan məhrum etməyə şərti və ya hökmün icrası təxirə salınmaqla məhkum edildikdə;

507.3.3. şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə;

507.3.4. şəxs tutulma və ya qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində həbsdə olduğu və ya apellyasiya, yaxud kassasiya qaydasında ləğv edilmiş qərar əsasında həmin cinayət işi üzrə cəza çəkdiyi müddəti aşmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edildikdə.

507.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişi hökm və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və orqanların vəzifəli şəxslərinə göndərilir. Hakimin göstərişi ilə birlikdə, həmçinin məhkəmənin müvafiq hökmünün və ya digər yekun qərarının surəti göndərilir.

507.5. Hökmün icra edilməsi haqqında göstərişlə eyni zamanda hakim həbsdə olan və azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin razılığı ilə onun ailəsinə hökmün icraya yönəldilməsi barədə məlumat verir.

507.6. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən məhrum edilməsi, fəxri addan, yaxud məhkumun dövlət təltifindən məhrum edilməsi haqqında məsələnin qoyulmasının zəruriliyi nəzərdə tutulduğu halda, hakim müvafiq təqdimatı və məhkəmə hökmünün surətini məhkuma xüsusi və ya hərbi rütbə vermiş, fəxri ad, yaxud dövlət təltifi ilə təltif etmiş orqana göndərir.

Maddə 508. Hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası sahəsində vəzifəli şəxslərin vəzifələri

508.1. Müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.

508.2. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstəriş vermiş hakimə, habelə məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə cəzanın icrası, cəzanın çəkildiyi yer, məhkumun yerdəyişmələri və azad edilməsi barədə dərhal məlumat verir.

508.3. Bu Məcəllənin 508.1 və 508.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran, yaxud onları lazımınca icra etməyən müvafiq orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyırlar.



Maddə 509. Məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlarının təmin edilməsi

509.1. Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:

509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında;

509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında;

509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında;

509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında;

509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında;

509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;

509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;

509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında;

509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında.

509.2. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə bu Məcəllənin 510—520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır.

509.3. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə məhkəmə tərəfindən baxılarkən məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi aşağıdakı hüquqlara malikdir:

509.3.1. məhkəmə iclasında iştirak etmək;

509.3.2. sübutlar təqdim etmək;

509.3.3. vəsatətlər qaldırmaq və etirazlar etmək;

509.3.4. bütün materiallarla tanış olmaq.

509.4. Yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəliklərdən əzab çəkən şəxsin barəsində hökmlərin və ya məhkəmənin digər yekun qərarlarının icrasına dair bu Məcəllənin 509.1-ci maddəsində göstərilən məsələlərə dair həmin şəxsin əvəzinə onun qanuni nümayəndəsi və ya müdafiəçisi məhkəməyə ərizə ilə müraciət edə bilər. Belə halda məhkəmə tərəfindən bu ərizələrə baxılması zamanı göstərilən şəxsin qanuni nümayəndəsinin və ya müdafiəçisinin iştirakı məcburidir.



Maddə 510. Hökmün icrasının təxirə salınması

510.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya azyaşlı uşağı olan məhkum edilmiş qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər.

510.2. Mülki iddia və ya zərərin digər formada ödənilməsinə dair məhkəmə hökmünün icrasının təxirə salınması haqqında məsələ işin konkret halları və məhkumun maddi vəziyyəti nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

510.3. Məhkum tərəfindən cərimənin 1 (bir) ay müddətində ödənilməsi mümkün olmadıqda, cərimənin ödənilməsi 6 (altı) ayadək müddətdə təxirə salına və ya hissə-hissə ödənilə bilər.

510.4. Bu Məcəllənin 510.1 və 510.3-cü maddələrində nəzərdə tutulmuş hallarda hökmün icrasının təxirə salınması məsələsinə məhkumun ərizəsi əsasında məhkəmə tərəfindən baxılır.

Maddə 511. Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə

511.1. Məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər.

511.2. Məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdiriyyətinin təqdimatı əsasında baxılır.

511.3. Psixi xəstəliyə tutulmuş məhkum cəzanı çəkməkdən azad edildiyi halda, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmək, yaxud onu səhiyyə orqanlarının və ya qohumlarının himayəsinə vermək hüququna malikdir.

511.4. Psixi xəstəliyə tutulmuş şəxslər istisna olmaqla ağır xəstəliyə tutulmuş şəxslərin cəzanı çəkməkdən azad edilməsi haqqında məsələni həll edərkən, məhkəmə törədilmiş cinayətin ağırlığını, məhkumun şəxsiyyətini və digər halları nəzərə alır.

511.5. Məhkəmə məhkumu xəstəliyinə görə cəzanı çəkməkdən azad edərkən, onu həm əsas, həm də əlavə cəzadan azad etmək hüququna malikdir.



Maddə 512. İttiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad etmə, habelə cəzanın çəkilməsinin təxirə salınmasını ləğv etmə

512.1. Cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış məhkəmə ittiham hökmünün icrası müddətinin başa çatmasına görə məhkumu onun ərizəsi əsasında cəza çəkməkdən azad edir.

512.2. Cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.

Maddə 513. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə

513.1. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.

513.2. Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir.

Maddə 514. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi

514.1. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

514.2. Yetkinlik yaşına çatmayan məhkumun bir növ tərbiyə müəssisəsindən başqa növ tərbiyə müəssisəsinə və ya tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi məhkumun qanuni nümayəndəsi və ya müdafiəçisinin ərizəsi və ya tərbiyə müəssisəsinin təqdimatı əsasında həyata keçirilir.

514.3. Məhkəmə cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün dəyişdirilməsindən imtina etdikdə belə müraciətə təkrarən baxılmasına müraciətin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir.

514.4. Yetkinlik yaşına çatmış məhkumun tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında məsələni həll edərkən, məhkəmə onun islah olunmasını nəzərə almalıdır. Məhkum iyirmi yaşı tamam olanadək tərbiyə müəssisəsində saxlanıla bilər.

Maddə 515. Məhkumun barəsində amnistiyanın tətbiq edilməsi

515.1. Cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir.

515.2. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.

Maddə 516. Müalicə müəssisəsində saxlama vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi

Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs cəzaçəkmə müddətində cəzaçəkmə müəssisələrindən kənarda mühafizə altında müalicə müəssisəsinə yerləşdirildikdə, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi məhkumun ərizəsi əsasında məhkumun müalicə müəssisəsində saxlandığı vaxtı cəzaçəkmə müddətinə daxil edir.



Maddə 517. Məhkumluğun vaxtından əvvəl götürülməsi

517.1. Məhkumluğun vaxtından əvvəl götürülməsini aşağıdakı məhkəmələr həyata keçirir:

517.1.1. şərti məhkum edilmiş, ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəzadan və ya cəzanı çəkməkdən azad edilmiş şəxslər barəsində—hökmü çıxarmış məhkəmə və ya yaşayış yeri üzrə birinci instansiya məhkəməsi;

517.1.2. xəstəliyə görə cəza çəkməkdən azad edilmiş və ya cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində—cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi;

517.1.3. müxtəlif cəza növlərinə məhkum edilmiş digər şəxslər barəsində cəza çəkənin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi.

517.2. Məhkumluğun vaxtından əvvəl götürülməsi məhkəmə tərəfindən məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir.

517.3. Məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır.

Maddə 518. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi

518.0. Hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun ərizəsinə, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir:

518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini dəqiq müəyyən etmək;

518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək;

518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək;

518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq.



Maddə 519. Cəzaları icra edən müəssisə və ya orqanların təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlərin həll edilməsi

519.0. Məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır:

519.0.1. hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran şəxsi hökmün, yaxud məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya ona təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi və bununla bağlı məsələlərin həlli üçün məhkumun tutulması barədə;

519.0.2. şərti məhkumetmə zamanı sınaq müddətinin uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın çəkilməsi üçün göndərilməsi və bununla bağlı məsələlərin həlli üçün məhkumun tutulması barədə;

519.0.3. cəzanın çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi barədə;

519.0.4. cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə;

519.0.5. tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi barədə.

Maddə 520. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması

520.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq, məhkəmə iclasında baxılır.

520.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclasında iştirak etmək hüququna aşağıdakı şəxslər malikdirlər:

520.2.1. məhkum və onun müdafiəçisi və ya qanuni nümayəndəsi;

520.2.2. hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və ya orqanın nümayəndəsi;

520.2.3. prokuror.

520.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar məsələlərə baxılması üzrə məhkəmə iclasında müdafiəçinin iştirakı məcburidir.

520.4. Məhkumun xəstəliyə görə cəzadan azad edilməsi yaxud onun xəstəxanaya yerləşdirilməsi məsələsinə dair və məsələ mülki iddiaya aid olduqda, məhkəmə iclasına həmçinin müvafiq olaraq rəy vermiş həkim komissiyasının nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi çağırıla bilər. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə hakim məhkəmə iclasında ifadələri dinləmək, müraciətdə göstərilən halları təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutlar tələb etmək hüququna malikdir.

520.5. Müdafiəçinin iştirakı məcburi olan hallar istisna edilməklə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.

520.6. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:

520.6.1. hakim məhkəmə iclasını açır, baxılan müraciəti elan edir, məhkəmə iclası iştirakçılarının səlahiyyətlərini yoxlayır və onlara hüquq və vəzifələrini izah edir;

520.6.2. müraciət etmiş şəxs və ya onun nümayəndəsi müraciəti şifahi əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

520.6.3. məhkəmə iclasında müraciətlə mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək imkanı yaradılır;

520.6.4. məhkəmə iclasında iştirak edən şəxslər baxılan məsələ üzrə çıxış edir və hakim onlara təqdim olunmuş sübutların tədqiqində iştirak etmək imkanı yaradır;

520.6.5. prokuror öz yekun sözündə məhkəməyə müraciətin təmin və ya rədd edilməsini təklif edir;

520.6.6. hakim bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq müraciətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə elan edir.

520.7. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər.

Maddə 521. Xarici dövlətlərin məhkəmələrinin hökmələrinin və ya digər yekun qərarlarının icrası qaydası

Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar.




Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin
Siyahısı

1. 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli qanun.

2. 27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli qanun.

3. 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 31 may 2002-ci il, № 122.

4. 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 27 avqust 2002-ci il, № 196.

5. 20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 2 iyul 2003-cü il, № 148.

6. 4 may 2004-cü il tarixli 646-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 14 may 2004-cü il, № 112

7. 30 aprel 2004-cü il tarixli, 643-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 23 iyul 2004-cü il, № 169

8. 11 iyun 2004-cü il tarixli, 688-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 11 avqust 2004-cü il, № 185

9. 12 oktyabr 2004-cü il tarixli, 770-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 10 noyabr 2004-cü il, № 262

10. 7 sentyabr 2004-cü il tarixli, 731-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, (22 oktyabr 2004-cü il, № 246).

11. 14 dekabr 2004-cü il tarixli, 812-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (29 yanvar 2005-ci il, № 21).

12. 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, (30 aprel 2005-ci il, № 97).

13. 15 aprel 2005-ci il tarixli, 885-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (11 iyun 2005-ci il, № 132).

14. 14 iyun 2005-ci il tarixli, 939-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (6 avqust 2005-ci il, № 180).

15. 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (25 oktyabr 2005-ci il, № 247).

16. 30 sentyabr 2005-ci il tarixli, 1022-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (14 dekabr 2005-ci il, № 289).

17. 23 dekabr 2005-ci il tarixli, 32-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (16 fevral 2006-cı il, № 34).

18. 30 dekabr 2005-ci il tarixli, 51-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (24 yanvar 2006-cı il, № 14).

19. 7 aprel 2006-cı il tarixli, 92-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (13 may 2006-cı il, № 104).

20. 10 oktyabr 2006-cı il tarixli, 160-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (18 oktyabr 2006-cı il, № 236).

21. 10 oktyabr 2006-cı il tarixli, 162-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (3 noyabr 2006-cı il, № 247).

22. 22 dekabr 2006-cı il tarixli, 209-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, (31 dekabr 2006-cı il, № 295).

23. 19 dekabr 2006-cı il tarixli, 200-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (8 fevral 2007-ci il, № 27).

24. 5 dekabr 2006-cı il tarixli, 192-IIIQD nömrəli qanun -

25. 17 aprel 2007-ci il tarixli, 313-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, (29 iyun 2007-ci il, № 140).

26. 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (6 iyul 2007-ci il, № 146).

27. 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (21 avqust 2007-ci il, № 185).

28. 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (27 noyabr 2007-ci il, № 267).

29. 25 dekabr 2007-ci il tarixli, 522-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (30 dekabr 2007-ci il, № 294).

30. 2 iyun 2008-ci il tarixli, 618-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (29 iyun 2008-ci il, № 140).

31. 24 iyun 2008-ci il tarixli, 656-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (15 iyul 2008-ci il, № 153).

32. 24 iyun 2008-ci il tarixli, 657-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, (15 iyul 2008-ci il, № 153).

33. 28 oktyabr 2008-ci il tarixli, 705-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (14 dekabr 2008-ci il, № 279).

34. 28 oktyabr 2008-ci il tarixli, 711-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (14 dekabr 2008-ci il, № 279).

35. 8 may 2009-cu il tarixli, 813-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (31 may 2009-cu il, № 116).

36. 30 iyun 2009-cu il tarixli, 856-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, (22 iyul 2009-cu il, № 158).

37. 26 noyabr 2009-cu il tarixli, 923-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, (29 dekabr 2009-cu il, № 290).

38. 1 fevral 2010-cu il tarixli,  951-IIIQD nömrəli qanun — “Azərbaycan” qəzeti  (19 mart 2010-cu il, № 62).

39. 12 fevral 2010-cu il tarixli,  954-IIIQD nömrəli qanun — “Azərbaycan” qəzeti  (24 fevral 2010-cu il, № 43).



40. 5 mart 2010-cu il tarixli, 973-IIIQ nömrəli qanun — “Azərbaycan” qəzeti (21 mart 2010-cu il, № 64).

41. 18 iyun 2010-cu il tarixli, 1036-IIIQ nömrəli qanun — “Azərbaycan” qəzeti (17 iyul 2010-cu il, № 152).
1   ...   29   30   31   32   33   34   35   36   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə