Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə35/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   37

Maddə 454. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında hakimin çıxardığı digər qərarlardan şikayət verilməsi və onların qanuniliyinin və əsaslılığının yoxlanılması

İstintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.



LIII fəsil. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat

Maddə 455. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar

455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:

455.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;

455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi;

455.0.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi.

Maddə 456. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması

456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.

456.2. Bu məcəllənin 455.0.1-ci və 455.0.2-ci maddələrində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda, Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır.

456.3. Bu məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmə aktlarına ərizə əsasında hüquqi məsələlər üzrə yenidən baxır. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması haqqında ərizənin verilməsi, ərizəyə dair tələblər və ərizənin ilkin öyrənilməsi məsələləri bu məcəllənin 464-466-cı maddələrinə uyğun olaraq həll edilir. Ərizənin ilkin öyrənilməsi onun Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 1 aydan çox olmayan müddət ərzində həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin rəyi alındıqdan sonra Ali Məhkəmənin sədri 3 ay müddətində işə baxılması barədə məsələni plenumun gündəliyinə daxil edir.



Maddə 457. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması qaydası

İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.



Maddə 458. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar

458.0. Bu məcəllənin 455.0.1-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:

458.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;

458.0.2. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.



Maddə 459. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar

459.0. Bu məcəllənin 455.0.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:

459.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;

459.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;

459.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.

Maddə 460. Məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar

460.0. Bu məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktlarına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:

460.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan normativ hüquqi akt əsasında birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarının, habelə əlavə kassasiya qaydasında çıxarılmış qərarın tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün müvafiq olaraq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;

460.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;

460.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;

460.0.4. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin aktlarının, yaxud əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə.



LIV fəsil. Yeni açılmış hallar üzrə icraat

Maddə 461. Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar

461.0. Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:

461.0.1. düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olan zərər çəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi;

461.0.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olması;

461.0.3. Özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar.

Maddə 462. Yeni açılmış hallar üzrə baxılması mümkün olan hökm və ya qərarlar

462.0. Yeni açılmış hallar üzrə aşağıdakı qanuni qüvvəyə minmiş hökm və ya məhkəmənin digər qərarlarına baxıla bilər:

462.0.1. İttiham hökmü;

462.0.2. bəraət hökmü;

462.0.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar;

462.0.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar;

462.0.5. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar.

Maddə 463. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarlarına baxmaq hüququ olan məhkəmə

Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarlarına baxılması hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.



Maddə 464. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin verilməsi

464.1. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə vermək hüququna kassasiya şikayəti, kassasiya protesti və ya təqdimat vermək hüququ olan şəxslər malikdirlər.

464.2. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə yazılı şəkildə bu Məcəllənin 412-ci maddəsi ilə kassasiya şikayətlərinin və ya kassasiya protestlərinin verilməsi üçün müəyyən edilmiş qaydada verilir.

464.3. Yeni açılmış hallarla əlaqədar ittiham hökmünə məhkumun xeyrinə baxılması haqqında ərizənin verilmə müddəti məhdudlaşdırılmır.

464.4. Bəraət hökmünə bəraət almış şəxsin, habelə ittiham hökmünə məhkumun vəziyyətinin pisləşməsi ilə nəticələnə biləcək yenidən baxılması haqqında ərizənin verilməsinə müvafiq halların müəyyən edildiyi və ya müraciət etmiş şəxsin yeni açılmış hallar barədə məlumat aldığı andan 12 (on iki) ay müddətində yol verilir.

464.5. Yenidən baxılma haqqında məsələ məhkumun bəraət alması məqsədilə qoyulduqda həmin məhkumun vəfat etməsi məhkəmənin hökm və ya qərarına yeni açılmış hallar üzrə baxılmasına mane olmur. Bu halda yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin vəfat etmiş şəxsin həyat yoldaşı və ya digər yaxın qohumu tərəfindən verilməsinə yol verilir.



Maddə 465. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə dair tələblər

465.1. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizədə aşağıdakılar göstərilir:

465.1.1. ərizə ilə müraciət edən şəxsin soyadı, adı, atasının adı və prosessual statusu;

465.1.2. mübahisə edilən hökm və ya qərarın dəqiq adı (sənəd nə vaxt, kim tərəfindən və hansı icraat üzrə çıxarılmışdır);

465.1.3. məhkəmənin hökm və ya qərarına yenidən baxılması üçün baxılmanın zəruriliyini təsdiq edən əsasların və sübutların ətraflı izahı;

465.1.4. məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında məsələnin qoyulduğu səbəblərin əsaslandırılması;

465.1.5. ərizənin verilməsi üçün müddətlərə riayət edilməsi halları və mövcud olan sübut vasitələri barədə məlumatlar.

465.2. Məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında ərizəyə məhkəmənin barəsində mübahisə edilən hökm və ya qərarının surəti, habelə ərizənin əsaslandırıldığı sənədlər (əslləri və ya surətləri) əlavə edilməlidir.

465.3. Məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında ərizənin və ona edilmiş əlavələrin surətləri kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan bütün şəxslərə çatacaq sayda olmalıdır.

Maddə 466. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin ilkin öyrənilməsi

466.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə ilkin baxılmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə tapşırır.

466.2. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəni öyrəndikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi aşağıdakı qərarlardan birini qəbul edir:

466.2.1. ərizə məhkəmənin barəsində mübahisə edilən hökm və ya qərarının əsaslılığına dair şübhə yaratmadıqda, onun baxılmamış saxlanılması haqqında;

466.2.2. ərizədən və ya ona əlavə edilmiş sənədlərdən həmin halların müəyyən edildiyi, yaxud onların mümkün mövcudluğu həqiqətən məhkəmənin mübahisə edilən hökm və ya qərarının əsaslılığına dair şübhə yarada biləcəyi məlum olduğu halda, yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə üzrə icraatın açılması haqqında.

466.3. Yeni açılmiş hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin baxılmamış saxlanılması haqqında qərar çıxarıldıqda həmin qərarın surəti ərizəni vermiş şəxsə göndərilir.

466.4. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin verilməsi üçün artıq müəyyən edilmiş hallar əsas olduqda hakim, barəsində şikayət verilən qərarın düzgünlüyünə olan şübhələri təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mövcudluğunu yoxlayır və belə halı müəyyən etdikdə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yeni müəyyən edilmiş hallar üzrə baxılması haqqında rəy tərtib edir. Həmin rəy yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə və digər materiallarla birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə verilir.

466.5. Hökmə və ya məhkəmənin qərarına yeni açılmış hallar üzrə baxılması üçün ərizənin verilməsinə əsas olmuş halların həqiqiliyinin və tamlığının müəyyən edilməsindən ötrü xüsusi araşdırmanın aparılması tələb olunduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi öz qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroruna belə araşdırmanın aparılmasını təşkil etməyi tapşırır.

466.6. Yeni açılmış hallar üzrə araşdırmanın aparılmasını Azərbaycan Respublikasının Baş prokuroru tabeliyində olan prokurorlardan və ya müstəntiqlərdən birinə həvalə etmək hüququna malikdir. Yeni açılmış halların araşdırılması zamanı istintaq hərəkətləri bu Məcəllənin 226—276-cı maddələrinin tələblərinə riayət etməklə aparılır.

466.7. Yeni açılmış halların araşdırılması qurtardıqdan sonra istintaq hərəkətlərinin bütün protokolları və digər materiallar yeni açılmış hallar üzrə icraat açmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminə göndərilir.

466.8. Prokuror (müstəntiq) tərəfindən aparılmış araşdırmanın materiallarına baxaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi aşağıdakı qərarlardan birini qəbul edir:

466.8.1. məhkəmənin barəsində mübahisə edilən hökmünə və ya qərarına yeni açılmış hallar üzrə baxılmasının rədd edilməsi haqqında;

466.8.2. məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında ərizənin və prokuror (müstəntiq) tərəfindən aparılmış araşdırma materiallarının mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında. Belə qərar çıxarmaqla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi məhkəmənin barəsində mübahisə edilən hökm və ya qərarının icrasını dayandırmaq hüququna malikdir. Bu qərarı çıxardıqdan sonra yeni açılmış hallar üzrə hakimdə olan bütün materiallar Azərbaycan Respublikası Ali məhkəməsinin sədrinə verilir.

466.9. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə ilkin baxan Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin bütün qərarları qətidir və onlardan şikayət və ya protest verilə bilməz.

466.10. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin ilkin baxılmasının nəticələri barədə Azərbaycan Respublikasının Baş prokuroruna və ya prokurorun nümayəndəsinə, məhkuma (bəraət almış şəxsə), zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), habelə məhkəmənin mübahisə edilən hökm və ya qərarının mənafelərinə toxunduğu digər şəxslərə məlumat verilir.

466.11. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin və prokuror (müstəntiq) tərəfindən aparılmış araşdırma materiallarının mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında qərar qəbul edildikdə bu Məcəllənin 466.10-cu maddəsində göstərilən şəxslərə, həmçinin məsələnin baxılması vaxtı və yeri haqqında məlumat verilir.



Maddə 467. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən baxılması

Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında baxılması bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə həyata keçirilir.



LV fəsil. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat

Maddə 468. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri

Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468—478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır.



Maddə 469. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat

469.1. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat ibtidai istintaq şəklində aparılır.

469.2. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etdikdə, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərar çıxarır.

469.3. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparılmasında, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin psixi vəziyyəti buna mane olduğu hallar istisna olmaqla, həmin şəxsin özü, müdafiəçisi və qanuni nümayəndəsi iştirak edə bilərlər.

469.4. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs öz psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilmədikdə, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror bu barədə protokol tərtib edir və həmin protokol müvafiq şəxsin prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələnin həlli üçün hakimə göndərilir.

Maddə 470. Anlaqsız vəziyyətdə olan şəxslərin işləri üzrə müəyyən edilməli olan hallar

470.0. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə aşağıdakılar müəyyən edilməlidir:

470.0.1. onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar;

470.0.2. əməlin həmin şəxs tərəfindən törədilməsi;

470.0.3. əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri;

470.0.4. həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı;

470.0.5. vurulmuş zərərin xarakteri və məbləği.

Maddə 471. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin ayrılması

Cinayət işinin ibtidai araşdırılması zamanı iştirakçılardan hər hansının cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi anda anlaqsız vəziyyətdə olması müəyyən edildikdə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş cinayət işindən ayrıca icraata ayrılır.



Maddə 472. Müdafiəçinin və qanuni nümayəndənin iştirakı

472.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə müdafiəçinin iştirakı işin başlandığı və ya ayrıca icraata ayrıldığı andan məcburidir.

472.2. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxslərin işləri üzrə işdə iştirak etmək üçün müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarı ilə qanuni nümayəndə qismində yaxın qohumları, həyat yoldaşları və göstərilən şəxsin olduğu müalicə müəssisəsinin nümayəndəsi cəlb edilə bilərlər.

Maddə 473. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxslərin hüquqları

Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs təqsirləndirilən şəxsin bütün hüquqlarından istifadə edir. Xəstəliyin dərəcəsindən və xarakterindən asılı olaraq, o, aşağıdakı hüquqlara malikdir: hansı ictimai təhlükəli əməlin törədilməsinin ona istinad edildiyini bilmək, müstəntiqin icazəsi ilə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək, özünün iştirak etdiyi istintaq hərəkətlərinin protokolları ilə tanış olmaq və onlardakı qeydlərin düzgünlüyünə və tamlığına dair öz qeydlərini bildirmək, vəsatət vermək və etirazlar bildirmək, iş üzrə icraat qurtardıqdan sonra işin bütün materialları ilə tanış olmaq və onlardan həcminə məhdudiyyət qoyulmadan istənilən çıxarışları etmək, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında qərarların surətlərini almaq, məhkəmə baxışında, sübutların tədqiqində iştirak etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər etmək.



Maddə 474. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində təhlükəsizlik tədbirləri

474.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə aşağıdakı təhlükəsizlik tədbirləri tətbiq edilə bilər:

474.1.1. səhiyyə orqanlarına bildirməklə xəstəni qohumlarının, himayəçilərinin və qəyyumlarının nəzarəti altına vermək;

474.1.2. xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək.

474.2. Səhiyyə orqanlarına bildirməklə xəstə qohumların, himayəçilərin və qəyyumların nəzarəti altına aşağıdakı qaydada verilə bilər:

474.2.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükə törətməyən şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan;

474.2.2. müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslandırılmış qərarı əsasında.

474.3. Həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə aşağıdakı hallarda yol verilir:

474.3.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan;

474.3.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin mühafizəsi mütləq təmin edilməklə yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında.


1   ...   29   30   31   32   33   34   35   36   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə