Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə34/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   37

Maddə 447. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair müraciətlərə məhkəmə tərəfindən baxılma qaydası

447.1. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair müraciətlərə hakim tərəfindən təkbaşına, qapalı məhkəmə iclasında baxılır.

447.2. Məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır.

447.3. İstintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

447.3.1. vəsatət vermiş şəxs;

447.3.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror;

447.3.3. vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxs onun müdafiəçisi və ya qanuni nümayəndəsi (bu Məcəllənin 177.3.4-177.3.6 və 177.3.8-ci maddələrində göstərilən prosessual məcburiyyət tədbirlərinə və Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxslərə dair məsələlər istisna edilməklə).

447.4. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında yalnız hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən prokuror iştirak edirlər.

447.5. Hakim istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi ilə bağlı məhkəmə iclasına ifadələr, vəsatəti təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir.

447.6. Müraciətlərin baxılma yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 447.3-cü maddəsində göstərilən şəxslərin istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri üzrə məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.

447.7. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələri üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:

447.7.1. hakim məhkəmə iclasını açır, hansı müraciətə baxılmasını elan edir, məhkəmə iclası iştirakçılarının səlahiyyətlərini yoxlayır, onlara hüquq və vəzifələrini izah edir;

447.7.2. vəsatət vermiş şəxs öz vəsatətini şifahi əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

447.7.3. məhkəmə iclasında müraciətlə əlaqədar qanuni mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək imkanı yaradılır;

447.7.4. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz yekun sözündə məhkəməyə vəsatətin təmin və ya rədd edilməsini təklif edir, bu zaman prokuror özünün məhkəməyə göndərdiyi təqdimatdan imtina etmək hüququna malikdir;

447.7.5. hakim bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq vəsatətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir.



Maddə 448. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair hakimin qərarı

448.1. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair məhkəmə iclasının nəticələri üzrə hakim aşağıdakı qərarlardan birini qəbul edir:

448.1.1. müvafiq olaraq istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair vəsatətin təmin edilməsi barədə;

448.1.2. İstintaq hərəkətinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair vəsatətin rədd edilməsi barədə;

448.1.3. təqsirləndirilən şəxs barəsində həbs və ya ona alternativ olan qətimkan tədbirinin seçilməsi, yaxud bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə.

448.2. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə əlaqədar qərar çıxarıldıqda, məhkəmə bu Məcəllənin və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanır.

448.3. Məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimin qərarında aşağıdakılar göstərilməlidir:

448.3.1. qərarın tərtib edildiyi tarix, vaxt və yer;

448.3.2. hakimin soyadı, adı, atasının adı və vəzifəsi;

448.3.3. vəsatət vermiş şəxsin və prokurorun soyadları, adları, atalarının adları və vəzifələri;

448.3.4. qərarın mahiyyəti (bu Məcəllənin 446.2.5—446.2.10-cu maddələrində göstərilən məsələlərə məhkəmənin münasibəti dəqiq göstərilməklə);

448.3.5. qərarın qüvvədə olma müddəti;

448.3.6. qərarın icra edilməsi həvalə edilən vəzifəli şəxs və ya orqan;

448.3.7. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.

448.4. İstintaq hərəkətinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair vəsatətin rədd edilməsi barədə məhkəmənin qərarına bu Məcəllənin 448.3.1—448.3.3 və 448.3.7-ci maddələrində göstərilmiş müddəalar, imtinanın motivləri, habelə qərarın qəbul edilməsi ilə əlaqədar göstərilməli olan digər mühüm hallar daxil edilir.

448.5. Həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı elan edildikdən dərhal sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmənin qərarı ilə razı olmadığını və həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirdikdə, hakim öz qərarına təqsirləndirilən şəxsin müvəqqəti olaraq 7 (yeddi) gün müddətində ev dustaqlığı və ya həbsdə saxlanılması barədə müddəa əlavə edir.

448.6. İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri ilə bağlı hakimin qərarının surəti həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq aşağıdakı şəxslərə göndərilir:

448.6.1. vəsatəti vermiş şəxsə;

448.6.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;

448.6.3. təqsirləndirilən şəxsin həbsdə saxlanılma yerinin müdiriyyətinə;

448.6.4. müvafiq xahiş olduqda, barəsində istintaq hərəkətinin aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələlərinin baxıldığı şəxsə.

448.7. Təqsirləndirilən şəxs məhkəmənin iclasında iştirak etdikdə və məhkəmə onun barəsində həbs qismində qətimkan tədbiri seçilməsindən (həbsdə saxlama müddətinin uzadılmasına) imtina barədə qərar çıxardıqda, bu Məcəllənin 448.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olunmaqla, təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilir.

448.8. İstintaq hərəkətinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair vəsatətin rədd edilməsi barədə, habelə həbs qismində qətimkan tədbiri seçilməsindən (həbsdə saxlama müddətinin uzadılmasına) imtina barədə hakim tərəfindən qərar çıxarıldıqdan sonra məhkəməyə təkrar müraciətə müvafiq olaraq istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən yeni hallar aşkar edildikdə yol verilir.

Maddə 449. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi

449.1. Məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər:

449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin);

449.1.2. tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin;

449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin;

449.1.4. müstəntiqin;

449.1.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun.

449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər:

449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi;

449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi;

449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər.

449.3. Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər:

449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi;

449.3.2. tutulması və həbsdə saxlanılması;

449.3.3. tutulmuş şəxsin hüquqlarının pozulması;

449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;

449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi;

449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi;

449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması;

449.3.8. çıxarılıb



Maddə 450. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması

450.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətində qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır.

450.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

450.2.1. şikayət vermiş şəxs və onun qanuni nümayəndəsi;

450.2.2. hərəkət və ya qərar barəsində şikayət verilən şəxs;

450.2.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror.

450.3. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış, bu Məcəllənin 450.2-ci maddəsində göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclasının keçirilməsinə mane olmur.

450.4. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir.

450.5. Hakim ifadələri, şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına çağırmaq və onları dindirmək, şikayətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir.

450.6. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:

450.6.1. hakim məhkəmə iclasını açır, hansı şikayətə baxılmasını elan edir, məhkəmə iclası iştirakçılarının səlahiyyətlərini yoxlayır, onlara hüquq və vəzifələrini izah edir;

450.6.2. şikayət vermiş şəxs öz şikayətini şifahi əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

450.6.3. məhkəmə iclasında şikayətlə əlaqədar qanuni mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və ya nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək imkanı yaradılır;

450.6.4. məhkəmə iclasında iştirak edən prokuror öz yekun sözündə məhkəməyə şikayətin təmin və ya rədd edilməsini təklif edir;

450.6.5. hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir.

Maddə 451. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarı

451.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır:

451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə;

451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə.

451.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarında aşağıdakılar göstərilməlidir:

451.2.1. qərarın tərtib edildiyi vaxt və yer;

451.2.2. hakimin soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.3. şikayət vermiş şəxsin soyadı, adı və atasının adı;

451.2.4. hərəkətindən və ya qərarından şikayət verilən şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.5. məhkəmə iclasında iştirak edən prokurorun soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.6. verilmiş şikayətin mahiyyəti;

451.2.7. hakim tərəfindən qəbul edilmiş qərarın motivlərinin əsaslandırılması, belə qərarın qəbul edilməsi ilə əlaqədar qeyd edilməli olan digər mühüm hallar;

451.2.8. hakimin qərarının icra edilməsi həvalə edilən vəzifəli şəxs və ya orqan;

451.2.9. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.

451.3. Şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən aşağıdakılar yerinə yetirilir:

451.3.1. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür;

451.3.2. şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabelik qaydasında yuxarı orqanın rəhbəri təqsirli şəxsin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydaya uyğun həll edir;

451.3.3. şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir.

451.4. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarının surəti qərar çıxarıldıqdan sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə göndərilir:

451.4.1. şikayəti vermiş şəxsə;

451.4.2. hərəkətindən və ya qərarından şikayət verilən şəxsə;

451.4.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya yuxarı prokurora, habelə şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabelik qaydasında yuxarı orqanın rəhbərinə.



Maddə 452. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə hakimin qərarından şikayətin və ya protestin verilməsi

452.1. Elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər:

452.1.1. bilavasitə apellyasiya instansiyası məhkəməsinə;

452.1.2. qərarı qəbul etmiş məhkəmənin vasitəsilə;

452.1.3. həbsdə saxlanılma yeri müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün).

452.2. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarından təqsirləndirilən şəxsin şikayətini aldıqda, həbsdə saxlama yerinin müdiriyyəti təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

452.2.1. şikayəti qeydə almaq;

452.2.2. şikayəti hakimi tərəfindən həmin qərarı qəbul etmiş məhkəməyə göndərmək;

452.2.3. şikayətin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat vermək.

452.3. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından şikayəti və ya protesti almış birinci instansiya məhkəməsi təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

452.3.1. şikayəti və ya protesti qeydə almaq.

452.3.2. onları məhkəmədə olan materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmək;

452.3.3. şikayətin və ya protestin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsə, habelə (məsələnin baxılmasında birinci instansiya məhkəməsində iştirak etdikləri halda) onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə yazılı məlumat vermək.

452.4. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından protest və ya şikayət almış apellyasiya instansiyası məhkəməsi təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

452.4.1. birinci instansiya məhkəməsindən həbsə və ya həbsdə saxlama müddətinin uzadılmasına dair məsələnin baxılmasına aid olan materialları tələb etmək;

452.4.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan həbsin tətbiqinin və ya həbsdə saxlama müddətinin uzadılmasının zəruriliyini təsdiq edən materialları tələb etmək.

452.5. Aşağıdakı hallarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbs və ya həbsdə saxlama müddətinin uzadılması barədə məsələnin baxılmasına aid olan materialları təxirə salmadan apellyasiya instansiyası məhkəməsinə göndərməlidir:

452.5.1. həbsdə saxlama yerinin müdiriyyətindən şikayətin verilməsi haqqında bildiriş aldıqda;

452.5.2. apellyasiya instansiyası məhkəməsinin tələbnaməsini aldıqdan sonra.

Maddə 453. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə hakimin qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması

453.1. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarından şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir.

453.2. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair apellyasiya instansiyası məhkəməsində qapalı məhkəmə iclasında 3 (üç) hakimdən ibarət tərkibdə baxılır.

453.3. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarının qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasında şikayət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, təqsirləndirilən şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi izahat vermək üçün məhkəmə iclasına, həmçinin təhqiqatçını (təhqiqat aparan şəxsi), müstəntiqi, habelə zərər çəkmiş şəxsi çağıra bilər. Yuxarıda göstərilən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.

453.4. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclası başlananadək apellyasiya instansiyası məhkəməsi ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir.

453.5. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:

453.5.1. məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını açır, hansı qərardan verilmiş hansı şikayətə və ya protestə baxıldığını elan edir, məhkəmə iclasının iştirakçılarının səlahiyyətlərini yoxlayır və onlara hüquq və vəzifələrini izah edir;

453.5.2. şikayəti və ya protesti vermiş şəxs öz müraciətini şifahi əsaslandırır, hakimlərin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;

453.5.3. məhkəmə iclasında müraciətlə qanuni mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdiyi halda onlara izahat vermək və öz etirazlarını bildirmək üçün imkan yaradılır;

463.5.4. hakimlər məhkəmə iclasının iştirakçılarına dəqiqləşdirmə üçün zəruri olan suallar verir və yerində məsləhətlər aparıb qərar qəbul edirlər. Məhkəmə iclasında sədrlik edən qəbul olunmuş qərarı məhkəmə iclasında iştirak edən şəxslərə elan edir.

453.6. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi aşağıdakı qərarlardan birini qəbul edir:

453.6.1. birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə;

453.6.2. həbs qismində qətimkan tədbirinin seçilməsi barədə qərarın ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə;

453.6.3. həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina barədə hakimin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbsin seçilməsi barədə;

453.6.4. həbsdə saxlama müddətinin uzadılması barədə hakimin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə;

453.6.5. həbsdə saxlama müddətinin uzadılmasına imtina barədə hakimin qərarının ləğv edilməsi və həbsdə saxlama müddətinin uzadılması barədə.

453.7. Həbs qismində qətimkan tədbirinin seçilməsi, habelə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasının qanuniliyini və əsaslılığını təsdiq edən materiallar məhkəmə iclasına təqdim edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi müvafiq qərarın ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərar çıxarır.

453.8. Apellyasiya instansiyası məhkəməsinin qərarının surəti həmin qərar qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə göndərilir:

453.8.1. şikayət vermiş şəxsə;

453.8.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;

453.8.3. təqsirləndirilən şəxsin həbsdə saxlanılma yerinin müdiriyyətinə.

453.9. Həbsdə saxlanılma yerinin müdiriyyəti təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması barədə qərarın ləğv edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını aldıqdan dərhal sonra təqsirləndirilən şəxsi həbsdən azad edir.

453.10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.

1   ...   29   30   31   32   33   34   35   36   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə