Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə28/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

Maddə 365. Andlı iclasçılar kollegiyasının tərkibinin müəyyən edilməsi üzrə püşkatmanın keçirilməsi

365.1. Məhkəmə iclasında andlı iclasçılara dəlilsiz etirazların həllini başa çatdırdıqdan sonra məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasının tərkibinin müəyyən edilməsi üzrə püşkatma keçirir.

365.2. Andlı iclasçılar kollegiyasının tərkibinə on iki əsas andlı iclasçı və məhkəmə baxışı zamanı məhkəmənin iclas zalında daimi iştirak etməli olan iki ehtiyat andlı iclasçı daxildir.

365.3. Andlı iclasçılar kollegiyasının tərkibinin müəyyən edilməsi üzrə püşkatmanın keçirilməsi zamanı məhkəmə iclasında sədrlik edən etiraz edilməmiş andlı iclasçıların soyadları yazılmış biletləri qutuya salır, onları qarışdırır və andlı iclasçılar kollegiyasının tərkibinə daxil edilən andlı iclasçının biletdə qeyd edilmiş soyadını elan etməklə bir-bir on dörd bilet çıxarır. Püşkatma üzrə birinci seçilmiş on iki andlı iclasçı əsas, iki axırıncı andlı iclasçı isə ehtiyat andlı iclasçı hesab olunur.



Maddə 366. Andlı iclasçıların seçilməsi nəticələrinin tanınması

366.1. Andlı iclasçılar kollegiyasının tərkibinin müəyyən edilməsi üzrə püşkatmanı keçirdikdən sonra məhkəmə iclasında sədrlik edən dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), təqsirləndirilən şəxsin və onun müdafiəçisinin fikrini nəzərə almaqla andlı iclasçıların seçkisini baş tutmuş və ya etibarsız hesab etməlidir.

366.2. Məhkəmə baxışının keçirilməsi üçün andlı iclasçıların seçilməsi aşağıdakı hallarda baş tutmuş hesab edilir:

366.2.1. andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasının keçirilməsi zamanı bu Məcəllənin 363—365-ci maddələrinin müddəalarının pozulmasına yol verilmədikdə;

366.2.2. qutudan çıxarılmış və qutuda qalmış biletlərin sayı etiraz edilməmiş andlı iclasçıların ümumi sayına bərabər olduqda.

366.3. Məhkəmə iclasında sədrlik edən andlı iclasçıların seçilməsini etibarsız elan etdikdə, andlı iclasçılar kollegiyasının yaradılması bu Məcəllənin müddəalarına uyğun olaraq tam həcmdə və ya qismən yenidən aparılır.

366.4. Seçilmiş andlı iclasçıların soyadları onların püşkatma üzrə qutudan çıxarıldığı ardıcıllıqla məhkəmə baxışında iştirak etmək üçün məhkəmə iclasının katibi tərəfindən andlı iclasçılar kollegiyasının tərkibinə daxil edilir. Andlı iclasçılar kollegiyasının tərkibi məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən imzalanır. Seçilmiş andlı iclasçıların soyadlarının qeyd edildiyi biletlər birinci instansiya məhkəməsində icraatın materiallarına əlavə edilir.

Maddə 367. Andlı iclasçıların and içməsi və onlara hüquq və vəzifələrinin izah edilməsi

367.1. Məhkəmə iclasında sədrlik edən məhkəmə baxışında iştirak etmək üçün andlı iclasçılar kollegiyasının tərkibini elan etdikdən sonra məhkəmə iclasının katibi məhkəmənin iclas zalında olanlara ayağa qalxmağı təklif edir.

367.2. Məhkəmə iclasında sədrlik edən püşkatma əsasında seçilmiş andlı iclasçılara aşağıdakı məzmunda and içməyi təklif edir: «Öz vəzifələrimi vicdanla və qərəzsiz, təqsirkara haqq qazandırmadan və təqsirsizi məhkum etmədən yerinə yetirəcəyimə and içirəm».

367.3. Sonra məhkəmə iclasında sədrlik edən andlı iclasçılardan hər birinin soyadını çəkir və onlar «And içirəm» deyərək cavab verirlər. And içmə barəsində məhkəmənin iclas protokolunda qeyd aparılır.

367.4. Andlı iclasçılar and içdikdən sonra məhkəmə iclasında sədrlik edən aşağıdakı hərəkətləri yerinə yetirir:

367.4.1. andlı iclasçılara məhkəmənin iclas zalında olan şəxslərdən ayrı olan və bir qayda olaraq, təqsirləndirilən şəxslərin oturacağının qarşısında yerləşən onlar üçün ayrılmış yeri tutmağı təklif edir;

367.4.2. andlı iclasçılara bu Məcəllənin 82 və 83-cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və həmin vəzifələrin pozulmasının nəticələri barədə xəbərdarlıq edir;

367.4.3. ehtiyatda olan andlı iclasçılara əsas andlı iclasçılardan hər hansı birinin məhkəmə baxışında iştirakı qeyri-mümkün olduğu halda verdikt çıxarılanadək onların əsas andlı iclasçılar siyahısına daxil edilə biləcəyini bildirir. Məhkəmə baxışından çıxmış əsas andlı iclasçıların ehtiyat andlı iclasçılarla əvəz edilməsi püşkatma üzrə ehtiyatda olan andlı iclasçıların soyadları qeyd edilmiş biletlərin qutudan çıxarıldığı ardıcıllıqla həyata keçirilir.



Maddə 368. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışının keçirilməsinin xüsusiyyətləri

368.1. Andlı iclasçıların seçilməsindən sonra məhkəmə iclasında sədrlik edən bu andlı iclasçıların iştirakı ilə məhkəmə baxışına başlayır.

368.2. Andlı iclasçıların iştirakı ilə keçirilən məhkəmə iclası aşağıdakı qaydalara riayət etməklə aparılır:

368.2.1. bu Məcəllənin 359—380-ci maddələrinin tələbləri nəzərə alınmaqla;

368.2.2. bu Məcəllənin 308—358-ci maddələrində nəzərdə tutulmuş qaydada.

368.3. Dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), təqsirləndirilən şəxsə və onun müdafiəçisinə, habelə cinayət prosesinin digər iştirakçılarına məhkəmə iclaslarının keçirildiyi vaxt və iclaslararası tənəffüslər zamanı məhkəmə baxışında iştirak edən andlı iclasçılarla ünsiyyətdə olmaq qadağandır.

368.4. Aşağıdakı əsasların məcmusu mövcud olduqda, andlı iclasçı məhkəmə iclasında sədrlik edənin əsaslandırılmış qərarı ilə məhkəmə baxışından kənarlaşdırıla bilər:

368.4.1. andlı iclasçı tərəfindən cinayət işinin Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həll edilməsi üçün zəruri olan qərəzsizliyin və obyektivliyin itirilməsinə dəlalət edən açıq-aşkar əlamətlər olduqda;

368.4.2. məhkəmə baxışının yekununda maraqlı olan şəxslər tərəfindən andlı iclasçıya qanunsuz təsir göstərilməsi halları və ya ona məhkəmə iclasından kənar edilmiş digər təsir barədə məlumat alındıqda.

368.5. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışı zamanı əsas andlı iclasçıların ehtiyat andlı iclasçılarla əvəz edilməsi imkanları tükəndikdə, aparılmış məhkəmə baxışı məhkəmə iclasında sədrlik edənin qərarı ilə etibarsız elan edilir və bu Məcəllənin müddəalarına müvafiq olaraq andlı iclasçılar yenidən seçilir.



Maddə 369. Andlı iclasçılar kollegiyası tərəfindən həll edilməli olan məsələlər

369.0. Məhkəmə çıxışları qurtardıqdan və təqsirləndirilən şəxs son sözünü söylədikdən sonra məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasına aşağıdakı sualları ötürür:

369.0.1. İttihamın müvafiq bəndi üzrə təqsirləndirilən şəxsin təqsirliliyi barədə (əsasında dövlət ittihamçısı tərəfindən ittiham irəli sürülmüş hər bir cinayətə dair məhkəmə baxışının həddi barədə tələblər nəzərə alınmaqla) mütləq olan əsas sual;

369.0.2. təqsirləndirilən şəxsin təqsirli bilindiyi halda təqsirli şəxsin mərhəmətə layiq olub-olmaması barədə mütləq olan sual.



Maddə 370. Andlı iclasçılar kollegiyası tərəfindən həll edilməli olan sualların tərtib edilməsinə dair tələblər

370.1. Məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyası tərəfindən həll edilməli olan sualların siyahısını dövlət ittihamçısının müdafiə etdiyi ittiham, məhkəmə baxışının nəticələri və məhkəmə çıxışlarının əsasında tərtib edir. Həmin suallar aşağıdakı tələblərə uyğun olmalıdır:

370.1.1. andlı iclasçılar üçün aydın olan tərzdə, hər bir təqsirləndirilən şəxs barəsində ayrı-ayrılıqda qoyulmalıdır;

370.1.2. yazılı tərtib olunmalıdır;

370.1.3. məhkəmə iclasında elan edilməlidir;

370.1.4. dövlət ittihamçısına, habelə zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə verilməlidir.

370.2. Bu Məcəllənin 370.1.4-cü maddəsində göstərilən şəxslər məhkəmə iclasında sədrlik edən tərəfindən ifadə edilmiş suallara düzəlişlər və başqa sualların qoyulmasını xahiş etmək hüququna malikdirlər. Məhkəmə iclasında sədrlik edən törədilmiş əməlin təqsirləndirilən şəxsə istinad edilməməsinin və ya onun üçün az ciddi cəzaya səbəb olmasının səbəblərinin mövcudluğu barədə sualların qoyulmasından imtina edə bilməz.

370.3. Sonra məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyası tərəfindən həll edilməli olan sualları qəti şəkildə ifadə edir və onları suallar vərəqində əks etdirir.

370.4. Son variantda suallar vərəqi aşağıdakı tələblərə uyğun olmalıdır:

370.4.1. biri-birinə əks qaydada həll edilə biləcək suallar birləşdirilməməlidir;

370.4.2. sualların ifadə qaydası onlara dair hər hansı cavab verildikdə, əsasında təqsirləndirilən şəxsə dövlət ittihamçısı tərəfindən ittihamın irəli sürülmədiyi, yaxud sualın qoyulduğu anda həmin ittihamın onun tərəfindən müdafiə edilmədiyi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirli bilinməsi imkanını özündə əks etdirməməlidir;

370.4.3. bununla təqsirləndirilən şəxsin vəziyyəti ağırlaşmadıqda və onun müdafiə hüququ pozulmadıqda, təqsirləndirilən şəxsin az ağır cinayətin törədilməsində təqsirliliyinin müəyyən edilməsinə imkan verən sualların qoyulmasına yol verilir.

370.5. Suallar vərəqi:

370.5.1. məhkəmə iclasında sədrlik edən tərəfindən imzalanır;

370.5.2. məhkəmə iclasında sədrlik edənin qərarı ilə təsdiq edilir;

370.5.3. məhkəmə iclasının protokoluna daxil edilməlidir;

370.5.4. məhkəmə iclasında sədrlik edən tərəfindən elan edilir və aparıcı andlı iclasçıya verilir.

Maddə 371. Məhkəmə iclasında sədrlik edənin tövsiyəsi

371.1. Andlı iclasçılar kollegiyası verdikt çıxarılması üçün məşvərət otağına getməmişdən əvvəl məhkəmə iclasında sədrlik edən onlara tövsiyə ilə müraciət edir.

371.2. Məhkəmə iclasında sədrlik edən tövsiyə verərkən andlı iclasçılar kollegiyasının qarşısında qoyulmuş suallara dair hər hansı şəkildə öz rəyini bildirməkdən çəkinməlidir.

371.3. Məhkəmə iclasında sədrlik edən öz tövsiyəsində aşağıdakıları göstərir:

371.3.1. İttihamın qısa məzmununu xatırladır;

371.3.2. törədilməsində təqsirləndirilən şəxsin təqsirləndirildiyi əmələ görə məsuliyyəti nəzərdə tutan cinayət qanununun məzmunu barədə məlumat verir;

371.3.3. zərurət olduqda obyektivliyi saxlamaqla məhkəmədə tədqiq edilmiş bütün və ya bəzi sübutları xatırladır və onların cinayət prosesinin iştirakçıları tərəfindən təhrif edilmiş məzmununu bərpa edir;

371.3.4. zərurət olduqda dövlət ittihamçısının və müdafiəçinin mövqelərini xatırladır;

371.3.5. sübutların qiymətləndirilməsinin əsas qaydalarını, təqsirsizlik prezumpsiyasının mahiyyətini və aradan qaldırılmamış şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi qaydasını izah edir;

371.3.6. təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etdikdə və ya susduqda, andlı iclasçılar kollegiyasının diqqətini həmin faktın hüquqi əhəmiyyət daşımamasına və təqsirləndirilən şəxsin təqsirliliyinin təsdiqi kimi şərh edilə bilməməsinə yönəldir;

371.3.7. andlı iclasçıların verdiktinin yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutlara əsaslana biləcəyini, heç bir sübutun onlar üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik olmamasını, onların nəticələrinin ehtimallara, habelə məhkəmə baxışından xaric edilmiş sübutlara əsaslana bilməyəcəyini andlı iclasçılara izah edir;

371.3.8. andlı iclasçılara onların müşavirə, qoyulmuş suallara cavabların hazırlanması və verdiktin çıxarılması qaydasını izah edir;

371.3.9. andlı iclasçıların öz verdiktlərinin çıxarılması üçün müşavirə otağında olma vaxtının müddətini (işin mürəkkəbliyini və suallar vərəqinin həcmini nəzərə almaqla 3 saatdan az və 24 saatdan çox olmamaqla) müəyyən edir;

371.3.10. andlı iclasçılara verdiktin çıxarılma qaydasını, bu zaman yekdil qərarların qəbul edilməsinə səylər göstərilməsinin arzu olunduğunu, habelə səsvermə nəticəsində səs çoxluğu ilə qəbul edilmiş cavabların suallar vərəqində əks etdirilməsi qaydasını izah edir;

371.3.11. andlı iclasçılara onların içdiyi andın məzmununu xatırlatmaqla və onların diqqətini ittiham verdiktinin çıxarıldığı halda təqsirləndirilən şəxsi mərhəmətə layiq hesab edə biləcəklərinə yönəldir.

371.4. Andlı iclasçılar məhkəmə iclasında sədrlik edənin tövsiyəsini dinlədikdən və andlı iclasçılar kollegiyasının qarşısında qoyulmuş suallarla tanış olduqdan sonra məhkəmə iclasında sədrlik edəndən əlavə izahatlar almaq hüququna malikdirlər.



Maddə 372. Andlı iclasçıların müşavirə otağına getməsi

Tövsiyəni bitirdikdən dərhal sonra məhkəmə iclasında sədrlik edən ehtiyatda olan andlı iclasçıları sonrakı məhkəmə baxışında iştirak etməkdən azad edir və əsas andlı iclasçılara verdiktin çıxarılmasına başlamağı təklif edir və bu məqsədlə andlı iclasçılar kollegiyası məşvərət otağına gedir.



Maddə 373. Məhkəmə iclasında sədrlik edənin tövsiyələrinə qarşı etirazlar

373.1. Andlı iclasçılar məhkəmənin iclas zalından çıxdıqdan sonra dövlət ittihamçısı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə iclasında sədrlik edən tərəfindən obyektivlik prinsipinin pozulması ilə bağlı onun tövsiyəsinin məzmununa dair öz etirazlarını bildirmək hüququna malikdirlər.

373.2. Cinayət prosesi tərəflərinin belə etirazlar bildirmədiyi halda onlar həmin işə yuxarı məhkəmə tərəfindən yenidən baxılmasının əsası kimi məhkəmə iclasında sədrlik edənin tövsiyəsinin məzmununa istinad edə bilməzlər.

373.3. Cinayət prosesi tərəflərinin etirazlarını əsaslı hesab etdikdə, məhkəmə iclasında sədrlik edən andlı iclasçıları müşavirə otağından geri qaytarır və onlara əlavə tövsiyələr verir.



Maddə 374. Andlı iclasçıların müşavirəsinin gizliliyi

374.1. Əsas andlı iclasçılardan başqa müşavirə otağında digər şəxslərin olmasına yol verilmir. Gecə vaxtı, məhkəmə iclasında sədrlik edənin icazəsi ilə iş vaxtı başa çatdıqda andlı iclasçılar istirahət üçün müşavirəni dayandırmaq hüququna malikdirlər.

374.2. Andlı iclasçılar müşavirə zamanı söylənilmiş mülahizələri yaymağa haqlı deyillər.

Maddə 375. Andlı iclasçıların müşavirəsi, səs verməsi və verdikt çıxarılması qaydası

375.1. Andlı iclasçıların müşavirəsinə rəhbərlik, həll edilməli olan sualları ardıcıllıqla müzakirəyə çıxaran, cavablar üzrə səsvermə aparan və səsləri hesablayan aparıcı andlı iclasçı tərəfindən həyata keçirilir.

375.2. Aşağıda göstərilən materiallar aparıcı andlı iclasçı tərəfindən məhkəmə iclasında sədrlik edənə cinayət prosesi iştirakçılarının fikri nəzərə alınmaqla təqdim edildikdə andlı iclasçılar müşavirənin gedişində aşağıdakı ardıcıllıqla müvafiq sənədlərlə bir daha tanış olurlar:

375.2.1. İttiham hökmünün nəticəvi hissəsinin mətni;

375.2.2. məhkəmə iclasında elan edilmiş sənədlər;

375.2.3. maddi sübutlar, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş fotoşəkil və sxemlər;

375.2.4. məhkəmə iclasında səsləndirilmiş audio yazılar və nümayiş etdirilmiş video və ya kino çəkilişlər;

375.2.5. məhkəmə iclasında sədrlik edənin tövsiyəsinin mətni.

375.3. Andlı iclasçıların müşavirəsi zamanı səsvermə açıq aparılır. Andlı iclasçılardan heç kəs səsvermə zamanı bitərəf qala bilməz. Aparıcı andlı iclasçı sonuncu olaraq səs verir.

375.4. Andlı iclasçılar kollegiyasının sualların müzakirəsi zamanı müəyyən edilmiş müddətdə yekdil qərarın qəbul edilməsinə nail ola bilməməsi aşağıdakı nəticələrə səbəb olur:

375.4.1. təqsirləndirilən şəxsin təqsirliliyi barədə əsas suala andlı iclasçıların əksəriyyəti təsdiqedici cavabın lehinə səs verdiyi halda ittiham verdikti qəbul edilmiş hesab olunur;

375.4.2. təqsirləndirilən şəxsin təqsirliliyi barədə əsas suala ən azı 6 andlı iclasçı mənfi cavabın lehinə səs verdikdə, bəraət verdikti qəbul edilmiş hesab olunur;

375.4.3. digər suallara cavablar andlı iclasçıların sadə səs çoxluğu ilə müəyyən edilir, səslər bərabər bölündükdə isə təqsirləndirilən şəxs üçün daha əlverişli cavab qəbul olunur.

375.5. Sual vərəqində qoyulmuş hər bir suala cavab mütləq «hə, təqsirkardır», «yox, təqsirkar deyildir», '"hə, təqsirkardır, lakin həyatdan məhrum etmək niyyəti olmadan», «hə, mərhəmətə layiqdir» və sair cavabların mahiyyətini açıqlayan izahedici söz və ya söz birləşmələri ilə təsdiqedici və ya inkaredici şəkildə olmalıdır.

375.6. Suallara cavablar suallar vərəqinə aparıcı andlı iclasçı tərəfindən bilavasitə hər müvafiq sualdan sonra daxil edilir. Əvvəlki suala verilmiş cavab sonrakı suala cavab verilməsi zərurətini istisna etdikdə andlı iclasçıların əksəriyyətinin razılığı ilə aparıcı andlı iclasçı həmin sualdan sonra «cavabsız» sözünü qeyd edir.

375.7. Suala cavab səsvermə yolu ilə qəbul edildikdə, aparıcı andlı iclasçı cavabdan sonra səslərin hesablanmasının nəticələrini göstərir.

375.8. Andlı iclasçılar kollegiyasının cavabları ilə suallar vərəqi aparıcı andlı iclasçı tərəfindən imzalanır.

Maddə 376. Andlı iclasçılar kollegiyasının xahişi ilə məhkəmə istintaqının təzələnməsi

376.1. Müşavirə zamanı andlı iclasçıların əksəriyyəti onların qarşısında qoyulmuş suallara cavab verilməsi üçün mühüm əhəmiyyətə malik olan hər hansı halların əlavə tədqiq edilməsini zəruri hesab etdikdə, aşağıdakı hərəkətləri yerinə yetirirlər:

376.1.1. andlı iclasçılar məhkəmənin iclas zalına qayıdırlar;

376.1.2. aparıcı andlı iclasçı andlı iclasçılar kollegiyasının adından müvafiq məqsədlə məhkəmə istintaqının təzələnməsi barədə rəsmi xahişlə məhkəmə iclasında sədrlik edənə müraciət edir.

376.2. Andlı iclasçılar kollegiyasının xahişinin təmin edilməsi mümkün və zəruri olduqda aşağıdakı hərəkətlər yerinə yetirilir:

376.2.1. məhkəmə iclasında sədrlik edən öz qərarı ilə məhkəmə istintaqını təzələyir və məhkəmə istintaqı başa çatdıqdan sonra cinayət prosesi tərəflərinin fikri nəzərə alınmaqla andlı iclasçılar kollegiyasının qarşısına qoyulmuş sualları dəqiqləşdirir və ya yeni suallar ifadə edir;

376.2.2. yeni tədqiq edilmiş hallar üzrə cinayət prosesi tərəflərinin nitq və replikalarını, habelə təqsirləndirilən şəxsin son sözünü və məhkəmə iclasında sədrlik edənin tövsiyəsini dinlədikdən sonra andlı iclasçılar kollegiyası verdiktin çıxarılması üçün müşavirə otağına qayıdır.

Maddə 377. Andlı iclasçıların verdiktinin elan edilməsi

377.1. Sual vərəqi tərtib edildikdən və imzalandıqdan sonra andlı iclasçılar tərəfindən aşağıdakı hərəkətlər yerinə yetirilir:

377.1.1. andlı iclasçılar məhkəmənin iclas zalına qayıdırlar;

377.1.2. aparıcı andlı iclasçı cavabların qeyd edildiyi sual vərəqini məhkəmə iclasında sədrlik edənə verir.

377.2. Verdikti öyrənib onu aydın olmayan və ya ziddiyyətli hesab etdikdə, məhkəmə iclasında sədrlik edən aşağıdakı hüquqlara malikdir:

377.2.1. andlı iclasçıların verdiktinin qeyri-aydınlığını və ya ziddiyyətli olduğunu andlı iclasçılara bildirmək və müşavirə otağında onun dəqiqləşdirilməsini təklif etmək;

377.2.2. cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra sual vərəqinə zəruri dəyişikliklər etmək.

377.3. Bu Məcəllənin 377.2-ci maddəsində nəzərdə tutulmuş halda andlı iclasçılar kollegiyası sual vərəqində edilmiş dəyişikliklərlə bağlı məhkəmə iclasında sədrlik edənin qısa tövsiyəsini dinlədikdən sonra verdiktin çıxarılması üçün müşavirə otağına qayıdır.

377.4. Andlı iclasçıların verdiktinə dair qeydlər olmadıqda, aşağıdakı hərəkətlər yerinə yetirilir:

377.4.1. məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasının cavabları qeyd edilmiş sual vərəqini aparıcı andlı iclasçıya qaytarır;

377.4.2. aparıcı andlı iclasçı andlı iclasçılar kollegiyasının qarşısında qoyulmuş sualları və onlara verilmiş cavabları oxuyaraq andlı iclasçıların verdiktini səsləndirir.

377.5. Məhkəmə iclası zalında olanların hamısı andlı iclasçıların verdiktini ayaq üstə dinləyirlər.

377.6. Andlı iclasçıların elan edilmiş verdikti məhkəmə icraatının materiallarına əlavə edilməsi üçün məhkəmə iclasının katibinə verilir.

Maddə 378. Andlı iclasçıların verdikti elan edildikdən sonra məhkəmə iclasında sədrlik edənin hərəkətləri

378.0. Andlı iclasçıların verdikti çıxarıldıqdan dərhal sonra göstərilən ardıcıllıqla aşağıdakı hərəkətlər yerinə yetirilir:

378.0.1. həbsdə saxlanılan şəxs tam təqsirsiz hesab edildikdə, məhkəmə iclasında sədrlik edən onun məhkəmə iclası zalında həbsdən azad edilməsi barədə dərhal göstəriş verir;

378.0.2. məhkəmə iclasında sədrlik edən andlı iclasçılara təşəkkürünü bildirir, onların məhkəmə iclasında iştirakının sona yetdiyini və məhkəmə iclasında tənəffüs elan edir.



Maddə 379. Andlı iclasçıların verdiktinin nəticələrinin müzakirə edilməsi

379.1. Zərurət olduqda andlı iclasçıların verdiktinin nəticələri andlı iclasçıların məhkəmə baxışında iştirakı olmadan məhkəmə iclasında müzakirə edilir. Andlı iclasçılar məhkəmə baxışı qurtaranadək digər iştirak edənlər üçün ayrılmış yerlərdə məhkəmə iclası zalında qalmaq hüququna malikdirlər.

379.2. Andlı iclasçıların verdiktinin nəticələrinin müzakirəsi məhkəmə iclasında təqsirləndirilən şəxsin məhkumluğu barədə sənədlərin elan edilməsindən, habelə məhkəmə istintaqının qaydalarına uyğun olaraq andlı iclasçıların iştirakı ilə tədqiq edilməli olmayan sübutların tədqiqindən başlanır.

379.3. Məhkəmə iclasında sədrlik edən dövlət ittihamçısına, habelə zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin tövsifi, ona cəzanın təyin edilməsi və mülki iddianın həll edilməsi məsələləri daxil olmaqla andlı iclasçılar kollegiyasının çıxardığı verdiktin hüquqi nəticələri ilə bağlı məsələlərə dair bir dəfə çıxış etmək imkanı verir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi hər dəfə sonuncu olaraq çıxış edirlər.

379.4. Cinayət prosesinin tərəflərinə öz çıxışlarında andlı iclasçıların verdiktinin düzgünlüyünü şübhə altına almaq qadağan edilir.

379.5. Cinayət prosesi tərəflərinin çıxışları qurtardıqdan sonra məhkəmə iclasında sədrlik edən hökmün çıxarılması üçün müşavirə otağına gedir.

379.6. Təqsirləndirilən şəxs güzəştlərə layiq hesab edildikdə, məhkəmə iclasında sədrlik edənin üzərinə aşağıdakı vəzifələr düşür:

379.6.1. cinayət qanununun tələblərinə uyğun olaraq törədilməsində təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərdən ən ağırının ağırlıq dərəcəsini müəyyən etmək;

379.6.2. təqsirləndirilən şəxsə bu Məcəllənin 379.6.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş cinayətdən ağırlıq dərəcəsinə görə bir pillə aşağı olan cinayətlər üçün nəzərdə tutulmuş maksimum yol verilən həddi aşmayan cəza təyin etmək:

379.6.3. törədilməsində təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərdən ən ağırı böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduqda, cəza təyin etmədən ittiham hökmü çıxarmaq.



Maddə 380. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışının nəticələrinə dair çıxarılmış hökmlərdən şikayət verilməsinin xüsusiyyətləri

380.0. Andlı iclasçıların verdikti əsasında çıxarılmış birinci instansiya məhkəməsinin hökmü aşağıdakı xüsusiyyətlərə malikdir:

380.0.1. bu hökmdən apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz;

380.0.2. bu hökm elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir;

380.0.3. bu hökmdən bu Məcəllənin 410-cu maddəsinin müddəalarında nəzərdə tutulmuş əsaslarla və müddətlərdə kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Doqquzuncu bölmə. Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində icraat

XLVII fəsil. Məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılması

Maddə 381. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi

381.1. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

381.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr:

381.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına;

381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla, rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan—yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;

381.2.3. hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və ya qərarlardan (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsinin yurisdiksiyası həyata keçirilərkən andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla)—yurisdiksiya üzrə müvafiq apellyasiya məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına, yaxud Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına;

381.2.4. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına;

381.2.5. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan—yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına;

381.2.6. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan—yurisdiksiya üzrə apellyasiya məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına.

1   ...   24   25   26   27   28   29   30   31   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə