Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə27/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Maddə 349. Məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblər

349.1. Məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır.

349.2. Məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər.

349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

349.4. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir:

349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;

349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə;

349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.

Maddə 350. Məhkəmənin bəraət hökmü

350.1. Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

350.3. Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.

350.4. Bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

Maddə 351. Məhkəmənin ittiham hökmü

351.1. Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

351.3. Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər:

351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq;

351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq;

351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq;

351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək.



Maddə 352. Məhkəmə hökmünün tərtib edilməsi

352.1. Bütün zəruri məsələləri həll etdikdən sonra məhkəmə hökmün tərtib edilməsinə başlayır.

352.2. Məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib edilməlidir.

352.3. Məhkəmənin hökmü giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrdən ibarətdir.

352.4. Məhkəmənin hökmü hakimlərdən biri tərəfindən əllə yazılmalı və ya çap makinasında, yaxud kompüterdə hazırlanmalıdır.

352.5. Məhkəmə hökmünün hər səhifəsi onun lehinə səs vermiş hakimlər tərəfindən imzalanmalıdır. Bu hökmlə razılaşmayan hakim hər səhifəsi özü tərəfindən imzalanmış yazılı xüsusi rəyini möhürlənmiş zərfdə məhkəmə icraatının materiallarına əlavə edir.

352.6. Məhkəmənin hökmünə düzəlişlər hökm elan olunanadək müşavirə otağında edilməli və onun lehinə səs vermiş hakimlərin imzaları ilə təsdiq olunmalıdır.

Maddə 353. Məhkəmə hökmünün məzmunu

353.1. Məhkəmə hökmünün giriş hissəsində aşağıdakılar göstərilməlidir:

353.1.1. məhkəmə hökmünün Azərbaycan Respublikasının adından çıxarıldığı;

353.1.2. hökmün çıxarıldığı tarix, vaxt və yer;

353.1.3. hökmü çıxarmış məhkəmənin adı;

353.1.4. məhkəmənin tərkibi (hakimlərdən hər birinin soyadı, adı və atasının adı);

353.1.5. məhkəmə iclasının katibi (soyadı, adı və atasının adı);

353.1.6. dövlət ittihamçısı (soyadı, adı, atasının adı və vəzifəsi);

353.1.7. xüsusi ittihamçı (soyadı, adı və atasının adı);

353.1.8. müdafiəçi (soyadı, adı, atasının adı, daxil olduğu vəkillər kollegiyasının qurumu);

353.1.9. zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri (hər birinin soyadı, adı və atasının adı);

353.1.10. təqsirləndirilən şəxs (soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, ailə vəziyyəti, vətəndaşlığı, iş yeri, məşğuliyyəti, təhsili və onun şəxsiyyəti barədə digər məlumatlar);

353.1.11. təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi.

353.2. Məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:

353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri;

353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlər və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri;

353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar;

353.2.4. İttihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları;

353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri;

353.2.6. qərarların qəbul edilməsində məhkəmənin istinad etdiyi qanunların normaları;

353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri;

353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri;

353.2.9. mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri.

353.3. Məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:

353.3.1. təqsirləndirilən şəxsin məhkəməyə verildiyi ittihamın mahiyyəti;

353.3.2. məhkəmə baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar;

353.3.3. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları;

353.3.4. bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri.

353.4. Məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir:

353.4.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasınin adı və onun cinayət qanununun konkret maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi;

353.4.2. təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi;

353.4.3. çəkilməli olan yekun cəza tədbiri;

353.4.4. azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növü;

353.4.5. cəzaçəkmə müddətinin başlanğıcı;

353.4.6. şərti məhkum etmə tətbiq edildiyi halda sınaq müddətinin davam etdiyi müddət, şərti məhkum edilmiş şəxsin vəzifələri və şərti məhkum edilmiş şəxs üzərində nəzarətin həyata keçirilməsi həvalə edilən orqan və ya müəssisə;

353.4.7. müvafiq qərar qəbul edildikdə cinayət qanunu ilə nəzərdə tutulmuş əsaslarla təqsirləndirilən şəxsin cəzadan azad edilməsi;

353.4.8. təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi;

353.4.9. cinayət qanununun müddəaları ilə nəzərdə tutulmuş hallarda əlavə cəza növünün təyin edilməsi;

353.4.10. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi);

353.4.11. maddi sübutların həlli, əmlak müsadirəsi cəzası təyin olunduğu halda müsadirə edilməli olan cinayətin predmetləri, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayət yolu ilə əldə edilmiş əmlakın siyahısı, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində müsadirə olunacaq məhkuma məxsus olan pulun miqdarı və ya əmlakın siyahısı;

353.4.12. məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli;

353.4.13. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydasının izahı.

353.5. Bəraət hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir:

353.5.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və ona bəraət verilməsi haqqında qərar;

353.5.2. məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi;

353.5.3. məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək əmlak müsadirəsinin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi;

353.5.4. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi);

353.5.5. maddi sübutların həlli;

353.5.6. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət verilmə qaydasının izahı.

353.6. Məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq hallarda məhkəmənin hökmündə bu Məcəllənin 353.2.3—353.2.9, 353.3—353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir.



Maddə 354. Məhkəmənin hökmündə mülki iddianın həlli

354.1. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:

354.1.1. İddianın tam və ya qismən təmin edilməsi;

354.1.2. İddianın rədd edilməsi;

354.1.3. İddianın baxılmamış saxlanması.

354.2. Mülki iddia təmin edildiyi halda hökm qanuni qüvvəyə minənədək iddianın təmin edilməsi üzrə tədbirlər görülməmişdirsə, məhkəmə həmin tədbirləri görmək hüququna malikdir.



Maddə 355. Məhkəmə baxışının nəticələrinə dair xüsusi qərar

355.1. Məhkəmə baxışının nəticələrinə dair aşağıdakılar müəyyən edildikdə məhkəmə xüsusi qərar çıxara bilər:

355.1.1. fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu və şərait yaradıldığını;

355.1.2. məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyini.

355.2. Məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi, məhkəməyədək icraat materialı və ya xüsusi ittiham qaydasında şikayət üzrə və kim tərəfindən çıxarıldığı, ittihamın mahiyyəti, xüsusi qərarın çıxarılmasına səbəb olan əsaslar, kim tərəfindən və konkret olaraq hansı hərəkətə (hərəkətsizliyə) yol verilməsi, habelə bu əməlin hansı hüquq pozuntularına səbəb olması ətraflı göstərilməlidir.

355.3. Məhkəmə tərəfindən çıxarılmış xüsusi qərar müvafiq tədbir görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir:

355.3.1. dövlət orqanlarının vəzifəli şəxsləri barəsində—tabelik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə;

355.3.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanının əməkdaşları barəsində—tabelik qaydasında Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə;

355.3.3. prokurorlar və prokurorluğun müstəntiqləri barəsində—Azərbaycan Respublikasının Baş prokuroruna.

355.4. Xüsusi qərarın ünvanlandığı vəzifəli şəxslər həmin qərarın onlara daxil olduğu vaxtdan 30 (otuz) gündən gec olmayan müddətdə aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

355.4.1. fəaliyyətində pozuntulara, çatışmazlıqlara və ya səhvlərə yol vermiş şəxslərin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll etmək;

355.4.2. görülmüş tədbirlər barədə məhkəməyə məlumat vermək.



Maddə 356. Məhkəmənin yekun qərarının elan edilməsi

356.1. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı imzalandıqdan sonra məhkəmə iclas zalına qayıdır və məhkəmə iclasında sədrlik edən, həcmi böyük olduqda isə məhkəmə tərkibində olan digər hakimlər növbə ilə həmin qərarı elan edirlər.

356.2. Məhkəmə tərkibi daxil olmaqla məhkəmənin iclas zalında olan şəxslər məhkəmənin yekun qərarını ayaq üstə dinləyirlər.

356.3. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı təqsirləndirilən şəxsin bilmədiyi dildə tərtib edildikdə, həmin qərar elan edildikdən dərhal sonra o, tərcüməçi tərəfindən təqsirləndirilən şəxsin ana dilinə və ya onun bildiyi başqa dilə tərcümə edilərək təqsirləndirilən şəxsə oxunmalıdır.

356.4. Məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxsə, habelə cinayət prosesi tərəflərinin nümayəndələrinə məhkəmənin yekun qərarından şikayət etmə qaydasını və müddətini izah edir.

356.5. Bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

356.6. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir.

356.7. Məhkəmənin yekun qərarını elan və izah etdikdən sonra məhkəmə, həmçinin çıxardığı xüsusi qərarı elan edir.



Maddə 357. Məhkəmənin hökmü elan edildikdən sonra şəxsin həbsdən azad edilməsi

357.0. Aşağıdakı hallarda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir:

357.0.1. məhkəmənin hökmü ilə ona bəraət verildikdə;

357.0.2. cəzadan azad etməklə barəsində ittiham hökmü çıxarıldıqda;

357.0.3. şərti məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda;

357.0.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda;

357.0.5. qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etməklə barəsində ittiham hökmü çıxarıldıqda.

Maddə 358. Məhkəmənin yekun qərarının surətinin verilməsi və onun qanuni qüvvəyə minməsi

358.1. Məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir:

358.1.1. məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) və onun nümayəndəsinə verməlidir;

358.1.2. məhkəmə cinayət prosesi iştirakçılarının vəsatəti əsasında onlara məhkəmənin yekun qərarının digər surətini verməlidir.

358.2. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

XLVI fəsil. Andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsində icraatın xüsusiyyətləri

Maddə 359. Məhkəmə baxışının andlı iclasçıların iştirakı ilə keçirildiyi hallar

359.0. Məhkəmənin hazırlıq iclasının keçirilməsinin nəticələrinə dair məhkəmə iclasında sədrlik edən aşağıdakı hallarda andlı iclasçıların iştirakı ilə məhkəmə baxışını təyin edir:

359.0.1. təqsirləndirilən şəxsin məhkəməyə verildiyi cinayətə görə cinayət qanununun norması (sanksiyası) ilə ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda;

359.0.2. xüsusilə ağır cinayətə görə məhkəməyə verilmiş təqsirləndirilən şəxslərdən heç olmasa biri ona elan edilmiş ittihama məhkəmədə andlı iclasçıların iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə.



Maddə 360. Andlı iclasçıların seçilməsi qaydası

360.0. Məhkəmə baxışında iştirak etmək üçün andlı iclasçıların seçilməsi göstərilən ardıcıllıqla aşağıdakı yollarla həyata keçirilir:

360.0.1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası qanununun 115—121-ci maddələrinin tələblərinə müvafiq olaraq tərtib edilmiş andlı iclasçıların ümumi siyahısı nəzərə alınmaqla andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısının məhkəmə tərəfindən tərtib edilməsi ilə;

360.0.2. xüsusi məhkəmə iclasının keçirilməsi ilə.



Maddə 361. Andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısının tərtib edilməsi

361.1. Məhkəmənin hazırlıq iclasını başa çatdırdıqdan sonra bu Məcəllənin birinci hissəsində nəzərdə tutulmuş hallarda məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısının tərtib edilməsi məqsədilə 7 (yeddi) gündən gec olmayan müddətdə andlı iclasçıların ümumi siyahısı üzrə ilkin püşkatmanın keçirilməsi barədə məhkəmə aparatına dərhal göstəriş verir.

361.2. Məhkəmə aparatı tərəfindən keçirilmiş püşkatma nəticəsində andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısında konkret cinayət işinin xüsusiyyətləri nəzərə alınmaqla bu Məcəllənin 363—365-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün kifayət olan sayda andlı iclasçılar qalmalıdır.

Maddə 362. Andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasının keçirilməsi

362.1. Məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasına namizədlərin siyahısını aldıqdan sonra 7 (yeddi) gündən gec olmayan müddətdə andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasını təyin edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə müəyyən olunmuş qaydada namizədlər siyahısına daxil edilmiş andlı iclasçılara, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilir.

362.2. Andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclası aşağıdakılardan ibarətdir:

362.2.1. andlı iclasçıların məhkəmə iclasında iştirak etməsinə mane olan halların araşdırılmasından;

362.2.2. andlı iclasçılara etirazların və onların özü özünə etirazlarının həll edilməsindən;

362.2.3. andlı iclasçılar kollegiyası tərkibinin müəyyən edilməsi üzrə püşkatmanın keçirilməsindən;

362.2.4. andlı iclasçıların and içməsindən.

Maddə 363. Andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasının keçirilməsi zamanı məhkəmənin ilkin hərəkətləri

363.1. Andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasını, iştirak edən şəxslərə özünü təqdim edən və onlara məhkəmə iclasının hansı məqsədlə keçirildiyini qısa izah edən məhkəmə iclasında sədrlik edən açır.

363.2. Bundan sonra məhkəmə iclasında sədrlik edənin göstərişi ilə məhkəmə iclasının katibi aşağıdakı şəxslərin məhkəmə iclasına gəlməsini məruzə edir:

363.2.1. andlı iclasçılar kollegiyasına namizədlər siyahısına daxil edilmiş andlı iclasçıların;

363.2.2. dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) təqsirləndirilən şəxsin və onun müdafiəçisinin.

363.3. Andlı iclasçıların məhkəmə iclasına gəlməməsi nəticəsində onlardan gələnlərin sayı bu Məcəllənin 363.4.7, 364 və 365-ci maddələrinin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi üçün kifayət etdikdə, konkret cinayət işinin xüsusiyyətləri nəzərə alınmaqla göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi onun keçirilməsinə mane olmur.

363.4. Məhkəmə iclasını davam etdirərək məhkəmə iclasında sədrlik edən andlı iclasçıların məhkəmə baxışında iştirakına mane olan halları aydınlaşdırır və bu məqsədlə göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri yerinə yetirir:

363.4.1. andlı iclasçılar qarşısında qısa giriş sözü ilə çıxış edərək məhkəmənin icraatında hansı cinayət işinin olması, habelə andlı iclasçıların vəzifələri və qanuna müvafiq olaraq onların həmin iş üzrə məhkəmə baxışında iştirakının şərtləri barədə məlumat verir;

363.4.2. məhkəmədə baxılmalı olan cinayət işinin halları barədə andlı iclasçıların məlumatlarının olub-olmadığını aydınlaşdırır;

363.4.3. hər hansı andlı iclasçının cinayət işinin halları barədə məlumata malik olduğunu bildikdə, onun iş üzrə məhkəmə baxışından azad edilməsi barədə məsələni həll edir;

363.4.4. andlı iclasçılardan onların məhkəmə baxışından azad edilməsi üçün üzrlü səbəblərin olub-olmamasını soruşur;

363.4.5. məhkəmə iclasına gəlmiş hər bir andlı iclasçının ona özünün andlı iclasçı borcunun yerinə yetirilməsinə mane olan üzrlü səbəbləri göstərmək, habelə özü özünə etiraz etmək hüququnu izah edir;

363.4.6. hər hansı andlı iclasçının məhkəmə baxışından azad edilməsi haqqında məsələnin obyektiv həll edilməsi məqsədilə ona dövlət ittihamçısı, zərərçəkmiş şəxs (xüsusi ittihamçı), təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən yazılı şəkildə təklif edilmiş sualları, habelə öz mülahizəsinə görə digər suallar verir;

363.4.7. Bu Məcəllənin 111-ci maddəsində nəzərdə tutulmuş qaydada andlı iclasçıları məhkəmə baxışından azad edir.

363.5. Çağırılmış andlı iclasçılar kifayət etməyən sayda gəldikdə məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını başqa vaxta keçirir, məhkəmə aparatına andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısına əlavələr etmək barədə göstəriş verir və bu Məcəllənin 363.4-cü maddəsində göstərilən hərəkətləri növbəti məhkəmə iclasında yerinə yetirir.

Maddə 364. Andlı iclasçılara edilmiş etirazların həll edilməsi

364.1. Bu Məcəllənin 363.4-cü maddəsində göstərilən hərəkətlər yerinə yetirildikdən sonra məhkəmə iclasında sədrlik edən arzu etdikləri halda dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), təqsirləndirilən şəxsə və onun müdafiəçisinə bu Məcəllənin 111-ci maddəsində nəzərdə tutulmuş əsaslarla andlı iclasçılara etiraz etmək üçün imkan verir.

364.2. Andlı iclasçılara bildirilmiş etirazlarla əlaqədar bütün məsələlər məhkəmə iclasında sədrlik edən tərəfindən müşavirə otağına getmədən həll edilir.

364.3. Məhkəmə iclasında sədrlik edən tərəfindən bəzi andlı iclasçılar məhkəmə baxışından kənarlaşdırıldıqdan, habelə onlara bildirilmiş etirazlar təmin edildikdən sonra andlı iclasçılar kollegiyasına namizədlər siyahısında 22 nəfərdən az andlı iclasçı qaldıqda, məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını başqa vaxta keçirir, məhkəmə aparatına andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısına əlavələr etmək barədə göstəriş verir və bu Məcəllənin 363.4-cü maddəsində göstərilən hərəkətləri yerinə yetirir.

364.4. Andlı iclasçılara bildirilmiş etirazlar həll edildikdən sonra məhkəmə iclasının katibi məhkəmə iclasında sədrlik edənin göstərişi ilə andlı iclasçılara dəlilsiz etiraz etmək hüququnun həyata keçirilməsi üçün andlı iclasçılar kollegiyasında qalan namizədlərin siyahısını dövlət ittihamçısına, habelə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə verir.

364.5. Andlı iclasçılara dəlilsiz etiraz etmək hüququ aşağıdakıları nəzərdə tutur:

364.5.1. etirazlar qurtardıqdan sonra məhkəmə püşkatması keçirilənədək andlı iclasçılar kollegiyasına namizədlər siyahısında 18 nəfərdən az olmayan andlı iclasçı qalır;

364.5.2. dövlət ittihamçısı, habelə təqsirləndirilən şəxs və onun müdafiəçisi andlı iclasçılara etiraz etmək hüququnu dəlil göstərmədən və ya hər hansı izahat vermədən andlı iclasçıların soyadlarını siyahıdan silməklə həyata keçirirlər;

364.5.3. dövlət ittihamçısı 2 nəfərdən çox olmayan andlı iclasçıya etiraz etmək hüququna malikdir və etirazını birinci bildirir;

364.5.4. təqsirləndirilən şəxs və onun müdafiəçisi andlı iclasçılara dövlət ittihamçısından sonra etiraz edirlər və həmçinin 2 andlı iclasçıya etiraz etmək hüququna malikdirlər;

364.5.5. təqsirləndirilən şəxs öz müdafiəçisinə andlı iclasçıya etirazın sərbəst həyata keçirilməsini tapşırmaq hüququna malikdir;

364.5.6. təqsirləndirilən şəxs özünün andlı iclasçılara etiraz etmək hüququndan imtina etdikdə, müdafiəçi onun razılığı olmadan andlı iclasçılara sərbəst etiraz etmək hüququna malik deyil;

364.5.7. məhkəmə iclasında bir neçə təqsirləndirilən şəxsin iştirak etdiyi halda onların andlı iclasçılara etirazı qarşılıqlı razılıq əsasında həyata keçirilir;

364.5.8. təqsirləndirilən şəxslər arasında belə razılıq olmadıqda, andlı iclasçılara etiraz onlar arasında püşkatma yolu ilə həyata keçirilir;

364.5.9. təqsirləndirilən şəxsin andlı iclasçılara etiraz etmək hüququndan imtina etməsi digər təqsirləndirilən şəxslərin andlı iclasçılara etiraz etmək hüququnun məhdudlaşdırılmasına səbəb olmur.

1   ...   23   24   25   26   27   28   29   30   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə