Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə20/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

Maddə 250. Üzərinə həbs qoyulmalı olan əmlakın dəyərinin müəyyən edilməsi

250.1. Üzərinə həbs qoyulmalı olan əmlakın dəyəri cərimə əmsalları tətbiq edilmədən həmin ərazidə orta bazar qiymətləri ilə müəyyən edilir.

250.2. Mülki iddiaçı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır.

250.3. Cinayətin törədilməsində bir neçə təqsirləndirilən şəxs olduqda, mülki iddianın təmin edilməsi məqsədilə həbs onlardan hər birinin əmlakına tam və ya qismən, bu mümkün deyilsə, onlardan birinin əmlakına tam həcmdə qoyula bilər.



Maddə 251. Əmlak üzərinə həbs qoyulması qaydası

251.1. Əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə məhkəmə icraçısı tərəfindən icra olunur.

251.2. Müstəntiq və ya məhkəmə icraçısı əmlakın mülkiyyətçisinə və ya sahibinə əmlak üzərinə həbs qoyulması haqqında qərarı onlara təqdim edir və əmlakın verilməsini tələb edir. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə əmlak üzərinə həbs məcburi qaydada qoyulur. Əmlakın mülkiyyətçisi və ya sahibi tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda müvafiq qərar əsasında müstəntiq axtarış apara bilər.

251.3. Təqsirləndirilən şəxsin əmlakı üzərinə həbs qoyulmasında, onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi əmlak üzərinə həbs qoyulmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq və ya məhkəmə icraçısı onun bu hüququnu təmin etməlidir.

251.4. Əmlak üzərinə həbs qoyularkən əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün mütəxəssis-əmtəəşünas cəlb edilə bilər.

251.5. Müstəntiqin və ya məhkəmə icraçısının icazəsi ilə əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

251.6. Əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş ardıcılıqla həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasında iştirak edən əmlak mülkiyyətçisi və ya sahibi qərarda göstərilən məbləğin ödənilməsini təmin etmək üçün, ilk növbədə, hansı əşyalar üzərinə həbs qoyulmasını müəyyən etmək hüququna malikdir.

251.7. Daşınmaz əmlak və iri həcmli əşyalardan başqa üzərinə həbs qoyulmuş əmlak, bir qayda olaraq, götürülür. Belə halda:

251.7.1. qiymətli metallar və daşlar, mirvari, milli və xarici valyutada pul, qiymətli kağızlar (o cümlədən səhmlər, borc öhdəlikləri, çeklər, konosamentlər, xəzinə biletləri, pul istiqrazları, lotereya biletləri və s.) saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Bankına təhvil verilir;

251.7.2. götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və müvafiq olaraq istintaq orqanında və ya məhkəmədə saxlanılır, yaxud mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdar edilməklə təhvil verilir.

251.8. Üzərinə həbs qoyulmuş, götürülməmiş əmlak möhürlənir və iltizam alınmaqla əmlakın mülkiyyətçisi və sahibinə, yaxud onların yetkinlik yaşına çatmış ailə üzvlərinə həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir.

Maddə 252. Əmlak üzərinə həbs qoyulması haqqında protokol

252.1. Əmlak üzərinə həbs qoyulması haqqında müstəntiq protokol, məhkəmə icraçısı isə əmlakın siyahıya alınması haqqında protokol tərtib edir. Protokolda aşağıdakılar göstərilir:

252.1.1. əmlak üzərinə həbs qoyulduğu tarix, vaxt və yer;

252.1.2. müstəntiqin və ya məhkəmə icraçısının soyadı, adı və atasının adı, vəzifəsi;

252.1.3. mütəxəssis əmtəəşünasın soyadı, adı və atasının adı, vəzifəsi;

252.1.4. əmlakı üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

252.1.5. əmlakı üzərinə həbs qoyulmuş şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

252.1.6. əmlak üzərinə həbs qoyulmasının xüsusiyyətləri, xüsusən əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

252.1.7. adı, sayı, ölçüsü, çəkisi, köhnəlmə dərəcəsi, digər, fərdi əlamətləri, habelə mütəxəssis-əmtəəşünas tərəfindən müəyyən edilmiş dəyəri göstərilməklə üzərinə həbs qoyulmuş əmlakın siyahısı;

252.1.8. hansı əmlakın götürüldüyü və kimə saxlanmağa verildiyi barədə qeyd;

252.1.9. üzərinə həbs qoyulmuş əmlakın digər şəxslərə məxsus olduğu barədə iştirak edən şəxslərin məlumatları.

252.2. Əmlak üzərinə həbs qoyulması və ya əmlakın siyahıya alınması haqqında protokola öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

252.3. Əmlak üzərinə həbs qoyulması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

252.4. Müvafiq protokolun surəti imza etdirilməklə üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisinə və ya sahibinə, onlar olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, habelə əmlakın saxlanılmasına məsul müvafiq dövlət orqanının nümayəndəsinə verilir. İdarə, müəssisə və təşkilatın ərazisində yerləşən əmlak üzərinə həbs qoyulduqda, müvafiq protokolun surəti imza etdirilməklə müdiriyyətin nümayəndəsinə verilir.



Maddə 253. Əmlak üzərinə səhvən həbs qoyulmasından şikayət verilməsi

253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.



Maddə 254. Cinayət mühakimə icraatı qaydasında əmlakın həbsdən azad edilməsi

254.1. Cinayət işi üzrə mülki iddiadan imtina edildikdə, təqsirləndirilən şəxsə ittiham edildiyi əməlin tövsifi dəyişdirildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildiyi hallardan başqa əmlak məhkəmə tərəfindən qoyulmuş həbsdən yalnız məhkəmənin qərarı əsasında azad edilə bilər.

254.2. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir.

XXXIII fəsil. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və başqa məlumatların ələ keçirilməsi

Maddə 255. Üzərinə həbs qoyula bilən poçt-teleqraf və digər göndərişlərin siyahısı

255.0. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla, üzərinə həbs qoyula bilən poçt, teleqraf və digər göndərişlərə aşağıdakılar aiddir:

255.0.1. bütün növlərdən olan məktublar;

255.0.2. teleqramlar;

255.0.3. radioqramlar;

255.0.4. banderollar;

255.0.5. sovqatlar;

255.0.6. poçt konteynerləri;

255.0.7. pul baratları.

Maddə 256. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının əsasları

256.1. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Şübhəli və ya təqsirləndirilən şəxsin poçt, teleqraf göndərişlərində və ya onların göndərdikləri, yaxud onlara başqa şəxslər tərəfindən göndərilən poçt, teleqraf və digər göndərişlərdə cinayət işi üzrə sübut əhəmiyyəti daşıyan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda, müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə məhkəmə poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması haqqında qərar çıxarır. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.

256.2. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

256.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

256.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

256.2.3. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

256.2.4. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulmuş şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

256.2.5. üzərinə həbs qoyulmalı olan poçt, teleqraf və digər göndərişin dəqiq növü (növləri) və onun olduğu yer;

256.2.6. üzərinə poçt, teleqraf və digər göndərişi saxlamaq vəzifəsi qoyulmuş rabitə idarəsinin adı;

256.2.7. poçt, teleqraf və digər göndərişin üzərinə həbs qoyulduğu müddət.

256.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərar əsasında, həmçinin göndərişlərin baxışı və götürülməsi aparılır.

256.4. Poçt, teleqraf və digər göndəriş üzərinə qoyulan həbsə aşağıdakı hallarda xitam verilir:

256.4.1. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı çıxarmış məhkəmənin və ya yuxarı məhkəmənin həbsin ləğv edilməsi barədə qərarı əsasında;

256.4.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulduğu müddətin qurtarması ilə əlaqədar;

256.4.3. poçt, teleqraf və digər göndəriş üzərinə həbsin davam etməsinin lüzumsuzluğu barədə müstəntiqin qərarı, habelə müstəntiq tərəfindən çıxarılmış qərarın qanunsuz hesab edilməsi və onun ləğv olunması haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarı əsasında.

Maddə 257. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulmasının, onun baxışının və götürülməsinin aparılması qaydası

257.1. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması haqqında qərarı müvafiq rabitə idarəsinin rəisinə göndərir.

257.2. Rabitə idarəsinin rəisi bu barədə müstəntiqə dərhal məlumat verməklə müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişləri saxlayır.

257.3. Poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması ilə əlaqədar müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirir:

257.3.1. müvafiq qərarda göstərilən poçt, teleqraf və digər göndərişin saxlanması barədə rabitə idarəsinin rəisindən məlumat aldıqda, rabitə idarəsinə gəlir və həmin idarənin işçilərinin iştirakı ilə müvafiq göndərişə baxış keçirir;

257.3.2. poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması barədə qərar əsasında rabitə idarəsinin rəisini həmin qərarın götürülməyə dair hissəsi ilə imza etdirməklə tanış edir və müvafiq göndərişi götürür.

257.4. Poçt, teleqraf və digər göndərişdə iş üçün əhəmiyyətli ola biləcək sənəd və əşyaları aşkar etdikdə, müstəntiq müvafiq göndərişi götürə və ya onların surətini çıxarmaqla kifayətlənə bilər. İş üçün əhəmiyyətli ola biləcək məlumatlar olmadıqda, müstəntiq baxılmış göndərişin ünvanı üzrə verilməsi və ya onun müəyyən etdiyi müddətədək saxlanılması barədə göstəriş verir.

257.5. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması zamanı, onun baxışı və götürülməsində foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir.



Maddə 258. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsi protokolu

258.1. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol tərtib edilir və həmin protokolda aşağıdakılar göstərilir:

258.1.1. baxış və ya götürmənin aparıldığı tarix, vaxt və yer;

258.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

258.1.3. poçt, teleqraf və digər göndərişin üzərində baxış və ya götürmə aparılan şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.4. baxışın və ya götürmənin aparılmasında iştirak etmiş digər şəxslərin (rabitə idarəsi rəisinin, zərurət olduqda həmin idarənin digər qulluqçularının) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

258.1.5. baxış və ya götürmənin aparılmasının xüsusiyyətləri, hansı göndəriş üzərində baxış və ya götürmənin aparıldığı, ünvan üzrə göndərilməli və müvəqqəti saxlanılmalı olan göndəriş, hansı poçt, teleqraf və digər göndərişdən surətlərin çıxarıldığı, hansı texniki vasitələrdən istifadə edildiyi barədə qeyd;

258.1.6. İstintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə baxış və ya götürmədə bütün aşkar olunanlar.

258.2. Poçt, teleqraf və digər göndəriş üzərində baxış və ya götürmənin aparılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan həmin istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

258.3. Poçt, teleqraf və digər göndəriş üzərində həbs qoyulması zamanı, onun baxışın və ya götürülməsinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.



Maddə 259. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların və ya başqa məlumatların ələ keçirilməsi

259.1. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatın və ya başqa məlumatın ələ keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.

259.2. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi altı aydan artıq davam edə bilməz.

259.3. Maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

259.4. Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən və ya başqa məlumatların ələ keçirilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

259.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

259.4.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

259.4.3. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi üçün əsas olan obyektiv hallar və bunun motivinin əsaslandırılması;

259.4.4. müvafiq danışıqları və ya məlumatları ələ keçirilməli olan şəxsin (şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı;

259.4.5. ələ keçirilməli olan danışıqların və ya məlumatların dəqiq növü və ya növləri;

259.4.6. üzərinə müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi vəzifəsi qoyulmuş idarənin adı;

259.4.7. müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsinə tətbiq edilən müddət.

259.5. Telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar və ya başqa məlumatlar səlahiyyətli şəxslər tərəfindən müvafiq qərar əsasında ələ keçirilir. Ələ keçirilmiş danışıqlər və ya məlumatlar kağız, yaxud maqnit daşıyıcılarda əks etdirilir, onları ələ keçirmiş şəxsin imzası ilə təsdiq olunur və müstəntiqə verilir. İşə aid danışıqların və ya məlumatın ələ keçirilməsi barədə qısa məzmunlu protokol tərtib olunur və cinayət işinin materiallarına əlavə edilir. İşə aid olmayan əldə edilmiş məlumatlar dərhal ləğv olunur.

XXXIV fəsil. İfadələrin yerində yoxlanılması və istintaq eksperimenti

Maddə 260. İfadələrin yerində yoxlanılması

260.1. İfadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə aparılır.

260.2. Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.

260.3. Zəruri hallarda ifadələrin yerində yoxlanılmasında müstəntiqin dəvəti ilə, həmçinin tərcüməçi, mütəxəssis, ifadəsi yoxlanılan cinayət prosesi iştirakçısının qanuni nümayəndəsi və ya nümayəndəsi, habelə müəllim, həkim və digər şəxslər iştirak edirlər.

260.4. Müstəntiq ifadəsi yoxlanılan şəxslə birlikdə onun göstərdiyi yerə gəlir və ona əvvəllər haqqında ifadə verdiyi və ya hazırda verə biləcəyi şəraiti, habelə əşyaları göstərməsini (və ya təsvir etməsini) təklif edir. Bu halda dindirilmiş (dindirilən) şəxs hadisə yerinə gedən yolu, əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və əşyaları göstərir, həmçinin müstəntiqin suallarına cavab verir.

260.5. Müstəntiqin göstərişi və ya icazəsi ilə ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

260.6. İfadələrin yerində yoxlanılması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edildikdə, onlar bu Məcəllənin 236 və ya 243-cü maddələrində nəzərdə tutulmuş protokol və ya qərara əsasən götürülür. Müstəntiq götürülmüş əşya və sənədləri imkan daxilində qablaşdırmalı, möhürləməli, habelə götürmə hallarını ifadələrin yerində yoxlanılması protokolunda göstərməlidir.

Maddə 261. İfadələrin yerində yoxlanılması protokolu

261.1. İfadələrin yerində yoxlanılması qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

261.1.1. İfadələrin yerində yoxlanılmasının aparıldığı tarix, vaxt və yer;

261.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

261.1.3. İfadələrin yerində yoxlanılmasında iştirak edən digər şəxslərin (müdafiəçilərin, tərcüməçilərin, mütəxəssislərin, qanuni nümayəndələrin, nümayəndələrin, müəllimlərin, həkimlərin və digərlərinin) soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

261.1.4. İfadələri yerində yoxlanılan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

261.1.5. İfadələri yerində yoxlanılan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

261.1.6. İfadələrin yerində yoxlanılmasının xüsusiyyətləri, o cümlədən ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

261.1.7. şəxs tərəfindən yerində verilmiş və mümkün qədər hərfi şəkildə yazılmış ifadələr;

261.1.8. İfadələrin yerində yoxlanılması zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar;

261.1.9. əşya və ya sənədlərin götürülməsi barədə qeyd və onların təsviri.

261.2. İfadələrin yerində yoxlanılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

261.3. İfadələrin yerində yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

Maddə 262. İstintaq eksperimenti

262.1. Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər.

262.2. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.

262.3. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edirlər.

262.4. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

262.5. İstintaq eksperimentinin aparılmasına insanların həyatı və sağlamlığı üçün təhlükə yaranmadıqda, şərəf və ləyaqətləri alçaldılmadıqda, onlara maddi zərər vurulmadıqda yol verilir.



Maddə 263. İstintaq eksperimentinin protokolu

263.1. İstintaq eksperimenti qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

263.1.1. İstintaq eksperimentinin aparıldığı tarix, vaxt və yer;

263.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

263.1.3. İstintaq eksperimentinin aparılmasında iştirak edən digər şəxslərin (şübhəli, təqsirləndirilən şəxsin, müdafiəçinin, şahidin, mütəxəssisin, müəllimin, həkimin və digərlərinin) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

263.1.4. barəsində istintaq eksperimenti aparılan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

263.1.5. İstintaq eksperimentinin aparılmasının xüsusiyyətləri, o cümlədən istintaq eksperimenti zamanı hansı məlumatların yoxlanıldığı (dəqiqləşdirildiyi), habelə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

263.1.6. İstintaq eksperimentinin aparılması zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar (eksperimentin halları və nəticələri təfərrüatı ilə göstərilir).

263.2. İstintaq eksperimentinin protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

263.3. İstintaq eksperimentinin aparılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.


1   ...   16   17   18   19   20   21   22   23   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə