Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi




Yüklə 1.91 Mb.
səhifə12/37
tarix23.02.2016
ölçüsü1.91 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

Maddə 133. Əşyaların xarab olması, məhv edilməsi və ya itirilməsinin nəticələri

133.1. Ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyanın dəyəri məhkəmə məsrəflərinə aid edilir. Bu əşya məhkum olunmuş şəxsə və ya mülki cavabdehə məxsus olduqda, onun dəyəri ödənilmir. Bu əşya başqa şəxsə mənsub olduqda, onun dəyəri məhkəmənin hökmü ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və ya məhkum olunmuş şəxsdən və mülki cavabdehdən tutula bilər.

133.2. Bəraət hökmü çıxarılarkən, habelə cinayət təqibi üzrə icraata xitam verilərkən ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyaların dəyəri prosessual vəziyyətindən asılı olmayaraq sahibinə və ya onun qanuni mülkiyyətçisinə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Maddə 134. İstintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları

134.1. İstintaq hərəkətlərinin vö məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir.

134.2. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər:

134.2.1. baxış;

134.2.2. şəxsi müayinə;

134.2.3. şəxsin və əşyaların tanınması;

134.2.4. götürmə;

134.2.5. axtarış;

134.2.6. əmlak üzərinə həbs qoyulması;

134.2.7. poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması;

134.2.8. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;

134.2.9. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;

134.2.10. meyitin qəbirdən çıxarılması (eksqumasiya);

134.2.11. dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama;

134.2.12. ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə;

134.2.13. İstintaq eksperimenti.

134.3. Cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər.

134.4. Qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir.

134.5. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz.

Maddə 135. Sənədlər

135.1. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur.

135.2. Bu Məcəllənin 128.1-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə malik sənədlər də maddi sübut hesab edilə bilər.

135.3. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir.



Maddə 136. Sənədlərin cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilməsi, saxlanması və qaytarılması

136.1. Sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır.

136.2. Götürülmüş və işə əlavə edilmiş sənədləri cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahibi tələb etdikdə, ona həmin sənədlərdən müvəqqəti istifadə etmək və ya surətini çıxarmaq imkanı verilməlidir.

136.3. Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır.



Maddə 137. Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi

Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.



Maddə 137-1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi

137-1.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, sənədlər və digər əşyalar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

137-1.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri yalnız həmin fəaliyyəti həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər.

XV fəsil. Sübutetmə

Maddə 138. Sübutetmə anlayışı

138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

Maddə 139. Sübut edilməli hallar

139.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir:

139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları;

139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi;

139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;

139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;

139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar;

139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar.



Maddə 140. Bəzi sübutlar əsasında müəyyən edilən hallar

140.0. Cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər:

140.0.1. ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi;

140.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması — psixiatriya sahəsində ekspertlərin rəyi;

140.0.3. şahidin və ya zərər çəkmiş şəxsin cinayət işi üzrə müəyyən edilməli halları xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində düzgün qavrayıb təsvir edə bilməməsi — psixiatriya sahəsində ekspertlərin rəyi;

140.0.4. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi — tibb və psixologiya sahəsində ekspertlərin rəyi;

140.0.5. təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi — məhkəmə hökmünün surəti.

Maddə 141. Sübutsuz müəyyən edilən hallar

141.1. Cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur:

141.1.1. ümumi məlum olan faktlar;

141.1.2. müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü;

141.1.3. məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar.

141.2. Cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Bu halda sübutların tədqiq edilmədən müəyyən olunmuş halları cinayət prosesinin digər iştirakçılarına deyil, yalnız razılığa gələnlərə münasibətdə müəyyən edilmiş hesab olunur.

141.3. Aşağıdakı hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən müəyyən edilmiş hesab olunur:

141.3.1. şəxslərin qanunu bilməsi;

141.3.2. şəxslərin xidməti ilə əlaqədar vəzifələrini və öz peşə qaydalarını bilməsi;

141.3.3. şəxs xüsusi hazırlığın və ya təhsilin olmasını təsdiq edən sənədlər təqdim etmədikdə, yaxud xüsusi hazırlıq və təhsil verən müəssisə və ya digər təşkilatın adını bildirmədikdə, onun xüsusi hazırlığının və təhsilinin olmaması.



Maddə 142. Preyudisiya

142.1. Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.

142.2. Mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.

Maddə 143. Sübutların toplanılması

143.1. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.

143.2. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır.

143.3. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır.

143.4. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar.

Maddə 144. Sübutların yoxlanılması

Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.



Maddə 145. Sübutların qiymətləndirilməsi

145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.



Maddə 146. Sübutların kifayət etməsi

146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir:

146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına;

146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə;

146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə.

146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır:

146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına;

146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə);

Dördüncü bölmə. Prosessual məcburiyyət tədbirləri

XVI fəsil. Tutulma

Maddə 147. Cinayət prosesində tutulmanın tətbiqi

147.1. Cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər:

147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə;

147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə;

147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma.

147.2. Tutulma aşağıdakı hallarda tətbiq edilir:

147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda;

147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda;

147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda.

147.3. Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Maddə148. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması

148.1. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir.

148.2. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər:

148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda;

148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə;

148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.

148.3. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər:

148.3.1. hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə;

148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda;

148.3.3. şəxsiyyəti müəyyən edilmədikdə.

148.4. Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Belə qərar qəbul olunsa da şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Tutulmuş şəxsə tutulduğu andan 48 saat keçənədək ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Maddə 149. Hadisəni görən şəxsin köməyi ilə cinayət törətmiş şəxsi tutub saxlamanın xüsusiyyətləri

149.1. Cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə, hadisəni görən şəxs onun yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər, o cümlədən:

149.1.1. müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər;

149.1.2. cinayət törətmiş şəxsin üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə onun üstünü yoxlayaraq bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürə bilər.

149.2. Cinayət təqibi orqanının əməkdaşı olmadıqda, cinayəti törətmiş şəxsi yaxalayan dərhal polis çağırmalı, bunu etmək mümkün olmadıqda isə tutulmuş şəxsi təxirə salınmadan məcburi qaydada polisə çatdırmalıdır.

Maddə 150. İttiham elan etmək üçün şəxsin tutulması

150.1. Cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə və bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun olduğu yer məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər. Cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması haqqında qərar çıxarıldıqda, müstəntiq və ya prokuror eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir.

150.2. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması barədə qərarı həmin şəxsi aşkar etmiş təhqiqat orqanının hər hansı əməkdaşı, müstəntiq və ya prokuror icra etməli və bundan dərhal sonra qərarı çıxarmış müstəntiq və ya prokurora xəbər verməlidir.

150.3. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Tutulmuş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunarkən o, tutulduğu andan 48 saat keçənədək məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.



Maddə 151. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması

151.1. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda, müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər.

151.2. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və ya girov qətimkan tədbiri hakim tərəfindən seçilmişsə, qətimkan tədbirinin şərtlərini pozduğuna görə prokuror həmin şəxsin tutulması barədə qərar çıxarmaqla yanaşı onun həbsə alınmasına dair məhkəməyə təqdimat göndərir.

151.3. Qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsin tutulması barədə qərar çıxarıldıqda, müstəntiq və ya prokuror, həmçinin eyni vaxtda həmin şəxsin axtarışını elan edir.

151.4. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə qərarı həmin şəxsi aşkar etmiş təhqiqat orqanının əməkdaşı, müstəntiq və ya prokuror icra etməli və bundan dərhal sonra qərarı çıxarmış müstəntiqə və ya prokurora xəbər verməlidir.

151.5. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Şəxsin barəsində seçilmiş qətimkan tədbirinin həbslə dəyişdirilməsi məsələsinin həll edilməsi üçün həmin şəxs tutulduğu andan 48 saat keçənədək məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.



Maddə 152. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə tutulma

152.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisənin və ya orqannın vəsatəti əsasında prokuror tərəfindən müvafiq təqdimat verilir:

152.1.1. məhkum olunmuş şəxs qaçıb gizləndikdə və ya müvafiq müəssisəyə, yaxud orqana gəlməkdən boyun qaçırmaq cəhdləri olduqda;

152.1.2. məhkum olunmuş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda.

152.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə tutulma barədə qərar çıxararkən, məhkəmə tutulma vaxtını şəxsin tutulduğu andan 7 (yeddi) gün müddətində müəyyən edir.

152.3. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə şəxsin tutulması barədə məhkəmənin qərarı icra olunması üçün məhkumun yaşadığı ərazi üzrə polis orqanına göndərilir. Tutulma haqqında qərarı icra etmiş orqan icra barədə dərhal məhkəməyə məlumat verir.

152.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədilə şəxsin tutulması məhkəmə tərəfindən müəyyən olunmuş müddətdən artıq davam edə bilməz. Bu müddətdə tutulmuş şəxs məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra edilməsi və ya məhkumun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Maddə 153. Tutulmuş şəxsin hüquqlarının təmin edilməsi

153.1. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir.

153.2. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər:

153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək;

153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək;

153.2.3. hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir);

153.2.4. tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir);

153.2.5. şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq;

153.2.6. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

153.2.7. tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq;

153.2.8. tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur);

153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək;

153.2.10. tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə isə xüsusi diqqət yetirmək;

153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün bu Məcəllənin 148, 150—152-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi məqsədilə tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək;

153.2.12. bu Məcəllənin 161.0.1—161.0.8, 161.0.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək.

153.3. Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir:

153.3.1. şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə;

153.3.2. şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda;

153.3.3. çıxarılıb

153.3.4. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələlərinin həlli üçün tutulma anından 7 (yeddi) gün, digər hallarda isə tutulma anından 48 saat müddətində tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə.

153.4. Bu Məcəllənin 153.3.1 və 153.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda tutulmuş şəxs müvafiq olaraq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən, bu Məcəllənin 153.3.4-cü maddəsində nəzərdə tutulmuş halda isə həmçinin müvəqqəti həbsdə saxlama yeri üzrə müdiriyyətin rəhbəri tərəfindən azad edilə bilər.

153.5. Cinayətin törədilməsində şübhəli şəxs kimi tutulmuş və şübhə təsdiq olunmadığına görə azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz.


1   ...   8   9   10   11   12   13   14   15   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə