AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə6/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

İSLAM MƏDƏNİYYƏTİNİN

ƏSL DƏYƏRLƏRİ




İslam mədəniyyətinin dünyamıza hədiyyəsi olan çox mühüm iki dəyəri (prinsipi) vardır. Bunlardan biri ədalət, digəri isə müsamihədir. Beləcə bu mədəniyyətin təşəkkül tapmasını təmin edən İslam dininin, bu iki mövzuya necə baxdığının incəliklərini açıqlayacağıq.

1-ƏDALƏT

İslamın, varlıqlar aləmində diqqətlə tətbiq edilib, tabe olunmasını istədiyi mühüm əsaslardan biri də “ədalət”dir. Ərəb dilindən gələn “ədalət”gözlərini, lüğətlərdə haqqı yerinə yetirmək, bərabər etmək, doğru olmaq, adil olmaq, tərəzinin kəfələrini eyni səviyyəyə gətirmək, insaflı olmaq, insafla hökm etmək, haqsızlıqdan uzaq durmaq, hər kəsə haqqını vermək, davranışda doğru və bitərəf olmaq kimi bir çox məna verir46 Ədalət kəlməsinin ziddi isə, zülm, haqsızlıq, tərəfkəş olma və insafsızlıqdır.

Məlum olduğu kimi, İslamın, istər Qur’an, istər Peyğəmbərimizin (səs) hədisləri vasitəsilə hər kəsə qarşı eyni şəkildə tətbiq edilməsini tələb etdiyi ədalət, mühüm bir prinsip hətta ibadət olaraq qəbul edilməkdədir. Çünki bununla bərabər hər cür haqsızlıq aradan götürüləcəkdir. Beləliklə insanların xüsusilə sosial həyatlarında əmin-amanlıqla bağlı möhkəm əlaqələr yaranacaqdır.

Gözəl adlarının biri də “Adil” olan Allah Təala, ədalətə uyğun davranmağımızı, hər cür fel və hərəkətlərimizdə bu prinsipə riayət etməyimizi tələb edir. Necə ki, Qur’ani-Kərimdə belə buyurur:

Həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər.47 Yenə belə buyrulur:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır.”48

Göründüyü kimi, Qur’anın müdafiə etdiyi ədalət anlayışı, hər cür mənfəət, imtiyaz, ayrı-seçkilik və bəşəri əskikliklərdən uzaq bir tətbiqatı lazım bilir. Eyni şəkildə ədalət, hirslənmədən, kin və ya sevgi kimi duyğuların təsirində qalmadan tətbiq edilməlidir. Çünki Qur’anın istər fərd, istərsə də cəmiyyət üzərində tətbiq olunmasını arzu etdiyi ədalət budur. Belə bir anlayışa sahib olan müsəlmanlar, bir şəxs və ya topluma düşmən belə olsalar, hətta onlara qarşı böyük bir kin və nifrət hissi ilə dolu da olsalar, həmin duyğuları onları ədalətsizliyə yəni zülmə sövq etməyəcəkdir.

Allah Təala, Qur’anın ən-Nisa surəsi 58-ci və 135-ci ayələrində müsəlmanların yaxınlarının əleyhinə də olsa ədalətdən ayrılmamalarını əmr edir. Qur’ani-Kərimdə ədalətin haqqı ilə tətbiq edilməsi və hər cür ədalətsizlikdən uzaq durulmasını əmr edən bir çox ayələr mövcuddur.

Peyğəmbərlər zəncirinin son halqası olan Hz. Mühəmməd (səs) də bu mövzuya böyük əhəmiyyət vermiş, ədalətin insanlar arasında tətbiq edilməsini hər şeydən üstün tutmuşdur. Bir çox hədisində ədalətin tətbiq edilməsinə diqqət çəkən Allah elçisinin mövzu ilə əlaqədar hədislərindən biri bütün insanlıq üçün və xüsusilə də idarəçilər üçün böyük əhəmiyyət kəsb edir. Uca Peyğəmbərimiz (səs) belə buyurur:

Heç bir kölgənin olmadığı bir gündə (qiyamət günü) Allah, yeddi zümrəni (qrup) öz (ərşinin) kölgəsində saxlayar ki, bunlardan ilki ədalətlə hökm edən və adil davranan başçıdır...”49

Hz. Peyğəmbərdən (səs) sonra gələn xəlifələr də ədalətlə hökm etmə mövzusunda çox dəqiq olmuşlar və onun lazımi səviyyədə icra edilməsi üçün bütün var gücləri ilə çalışmışdırlar. Necəki Ömər İbn Xəttabın (ra) xəlifəliyi dövründə Bəsrə Qazısı (müsəlmanlarda dini məhkəmə işlərinə baxan şəriət hakimi) olan Əbu Musa əl-Əş’ari ilə digər bütün qazılara ədalətlə əlaqədar olaraq göndərdiyi mətn (qanun) bu ifadəmizin ən gözəl nümunələrindən birini təşkil edir. O, məktubunda belə deyirdi:

“Allahın bəndəsi (və) möminlərin əmiri Ömərdən Abdullah ibn Qeysə. Allahın salamı üzərinə olsun. Bunu (yaxşı) bil ki, muhakimə etmək həddinden artıq mühüm bir məsuliyyət (fərz) və tabe olunması lazım gələn bir sünnətdir. Sənə ərz edilən davanı yaxşı eşidib anla. Çünki yerinə yetirilməyəcək bir həqiqəti deməyin faydası yoxdur. Qəbulunda, məclisində və ədli qərarlarında insanlara qarşı ədalətli ol. Onlar arasında fərq qoyma kı, zəif olanlar ədalətindən ümidlərini kəsməsinlər. Yüksək vəzifədə olanlar da ədalətsizliyə tamah gətirib güzəşt olacağını fikirləşməsinlər...” 50

İslam tarixinin şanlı səhifələri Peyğəmbərimiz (səs) zamanından (əsri-səadətdən) bugünə kimi ədalətli davranışın nümunələri ilə doludur. Peyğəmbərlərinin bu barədəki tətbiq və əmirlərini bilən və ondan əsrlərlə sonralar gəlmiş olan bir dövlətin başındakı hökmdar bu anlayışın ölçü qəbul edilməsini özündən sonra yerini əvəz edəcək olan oğluna vəsiyyət edər. Həmin vəsiyyət atadan oğula (nəsildən-nəslə) davam edəcəkdir. Adı çəkilən vəsiyyət, ölüm döşəyində olan “Osman Qazi”nin, oğlu Orxana etdiyi vəsiyyətdir. Sonradan nəzm halına gətirilən həmin vəsiyyətdə belə deyilir:

Dilərim ey sâhibi-iqbâl-u câh.

Etmə sən cânibi-zülmə nigâh.

Ədl ilə bu âləmi âbad qıl!

Rəsmi-cihâd ilə məni şâd qıl!

Râhı-cihâd içrə edib ictihâd,

Məmləkəti-Rumda qıl ədlu-dâd.”51
İslam, insan həyatının bütün yönlərini nəzərə alıb, ona görə tənzimləyən bir dindir. Bu səbəblə insan haqlarını da Allahın əmri doğrultusunda təminat altına alıcı əsasları ehtiva edər. Elə buna görə də müəyyən etdiyi iman və ibadət əsasları ilə insanın mənəvi ehtiyaclarına cavab verərkən, onun bioloji, iqtisadi sosial yönü ilə əlaqədar əsasları da müəyyənləşdirməyi ehmal etməmişdir. Bundan ötrü, Peyğəmbərimiz (səs) nəfsini və ya bədənini hər hansı bir şəkildə cəzalandırıb (ilboyu oruc tutmaq, bütün gecə nafilə namaz qılmaq, qadınlardan uzaq durmaq kimi) din və ya ibadət qəbul edənləri qınamış, belə davrananların onun sünnətindən ayrıldıqlarını söyləmiş, həm canın, həm də bədənin insan üzərində haqları olduğu həqiqətini bəyan etmişdir.

Beləliklə o, ədalətin bir başqa cəhətinə toxunaraq şəxsin öz bədəninə qarşı lazımi əhəmiyyəti verməyib haqsızlıq dərəcəsinə varan bir ölçüdə əziyyət etməyin də ədalətsizlik olduğuna işarət etmişdir.

İslam, insan həyatına mənfi təsir edən iqtisadi yönü də ehmal etməmiş, Allahın əmrinə, cəmiyyətin mənfəətinə və insanın yaradılış məqsədinə uyğun iqtisadi bir yaşayışı təmin edən əsasları qoymuşdur. Onu da deyək ki, “İslam, bir-birinə zidd kimi görünən ünsürlər arasında mükəmməl bir ahəng olduğunu bildirən yeganə dindir. Kainat nizamında yerlə göyün, din nizamında dünya ilə axirətin, insan nizamında ruh ilə bədənin, həyat nizamında iman ilə əməlin vahid birlik meydana gətirdiyini bildirmişdir.” 52
İnsan eyni zamanda sosial bir varlıqdır. Uca Rəbbimiz, insanın əsli ilə əlaqədar həqiqətləri bildirdikdən sonra nizamlı və ölçülü bir həyat yaşaması üçün lazım olan prinsipləri, eləcə də fərdin haqqını və azadlığını təmin edən prinsiplər yanında yenə insanın məsuliyyəti ilə əlaqədar qaydaları da qoymuşdur. Bu səbəbdən o, ən kiçik cəmiyyət qəbul edilən ailədə belə, fərdlərin bir-birinə qarşı olan haqq və vəzifələrindən bəhs edərək onlara necə riayət edilməsi zərurətini ifadə edir. Peyğəmbərimiz (səs) vida həccində yüz minlərlə Müsəlmana olan xitabəsində ailə fərdlərinin bir-birinə qarşı olan haqq və vəzifələrindən bəhs edərək həmin vəzifələri bir qanun kimi aşkarlamışdır.53

2-MÜSAMİHƏ

Lüğətdə “bağışlamaq, günahına göz yummaq, xoş qarşılamaq” kimi mənaları olan müsamihə, sadəcə düşüncədə qalmayıb həyatda tətbiq edildiyi zaman, insanlar arasında sevgi və bağlılıq meydana gətirən İslamın ən mühüm prinsipləri arasında yer alır.

Həqiqətən, Qur’ani-Kərimin “İnsanları hikmətlə gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et. Onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mubahisə et...”54 Eyni şəkildə “Dində məcburiyyət (zorakılıq) yoxdur...”55 ayələri, İslamın başqa din və anlayışlara sahib olan insanlara necə baxdığını göstərir. Bunun üçündür ki, İslam mədəniyyət tarixində zorakı İslamlaşdırma kimi bir hərəkətə rast gəlmək mümkün deyil. İslam, Müsəlmanların fəth etdiyi torpaqlarda yaşayan heç kimin zorakı müsəlman olmasına icazə vermir. O, hər kəsi inanc və fikrində sərbəst buraxır. Haqq ilə batilin nələr olduğunu, inanclar arasındakı doğru yolun hansı olduğunu aydınlaşdırmaqla kifayətlənir. Zorakılıq sonunda müsəlman olmağın İslami bir hərəkət olmadığını bəyan edir. Müsəlman dövlətlərinin idarəsi altındakı qeyri-müsəlmanların, rahat bir həyat yaşamaları və öz inanclarına görə sərbəst şəkildə ibadət etmələri belə bir anlayışla mümkün olmuşdur.

Xüsusən Peyğəmbərimiz (səs) dövründə saysız nümunələri olan İslamın güzəştliliyi, o qədər genişdir ki, Qərb dünyasının insaflı araşdırma alimləri də dəhşətə gəlib bunu etiraf etmək məcburiyyətində qalmışdırlar. Burada bir Qərb mənbəindən istifadə edərək bir hadisəni nəql etmək istəyirik:

Bir gün bir Musəvi Mühəmmədə (səs) müraciət edir. Yüksək vəzifəli birinin onun dini duyğularını təhqir etdiyini, bu barədə onu incitdiyini və Mühəmmədin (səs) Musadan (ə) üstün olduğuna dair sözlər deyir. Peyğəmbər həmin şəxsə dönüb belə deyir: Belə bir şey deməməliydin, başqalarının inanc-etiqadına hörmətlə yanaşmaq lazımdır”56 Bu ifadələr bizə, Peyğəmbərimizin (səs) dini azadlıq barəsində nə qədər müsamihəkar olduğunu göstərir.

Az əvvəl toxunduğumuz kimi, İslam tarixi, başqalarını zorakı müsəlman etmək fikrində əsla deyildir. Hətta bəzən elə bir iş görmək istəyən bəzi hökmdarların, bilavasitə Müsəlman din alimləri tərəfindən qarşısı alınmışdır. Eyni zamanda bu işin İslami bir hərəkət olmadığı da həmin dövlət başçılarına xatırladılmışdır. Necə ki Osmanlı diyarında əsrlərlə Müsəlmanlarla qeyri-müslimlərin birgə və sülh içində yaşadıqları İslami anlayışın gözəl bir nəticəsi kimi üzə çıxır. Qalib dövlət olan Osmanlı əgər İslamdan aldığı anlayışla güzəştə getməsəydi, bugün bir çox millətin və xüsusilə Balkan ölkələrinin adları və dini şəxsiyyətləri sadəcə tarix kitablarında görünə bilərdi. Osmanlılar, Balkanlarda idarələrini üzərlərinə götürdükləri yerli ünsürlərin din və fikir azadlığına müdaxilə etmədikləri kimi, həmin ünsürləri hər cür sosial təzyiqdən də xilas etmişdilər.


Müsəlman dünyasında bu anlayış davam edərkən, Xristian dünyasında Müsəlmanlara qarşı böyük bir kin və nifrət davam edirdi. Onlara görə müsəlmanlara verilən sözlər və onlarla edilən anlaşmalar yerinə yetirilə bilməyəndir. Pierre Lermit və ona bənzər Xristian din adamları belə deyə bilirdilər: “Öldürdüyünüz Müsəlman Türk ətlərini yeyin, bibərli tovuz quşundan daha dadlıdır.” Qüdsdəki Hz. Ömər (ra) məscidinə sığınan müdafiəsiz Müsəlmanları qətlə yetirən və axıtdıqları müsəlman qanını atlarının üzəngilərinə qədər çatdıran vəhşi Avropalıları görən şovinist Sainyebuse dözə bilməyib, qusaraq belə demişdi: “Lənət olsun, Avropalıların vəhşətinə” Gördüyünüz kimi dünyamız bir tərəfdə İslamın sonsuz yaxşı ünsiyyətinə, digər tərəfdə Xristianların inanılmaz vəhşətinə şahid olmuşdur.

Biz burada real vəziyyəti ümumi qeyd etməyə çalışdıq.57 Yəhudi, Sırp, Erməni və başqa millətlərin insanlıqda payı olmayan bəzi fanatiklərinin Müsəlman aləminin başına nə oyunlar açdığını xırdalamaq istəmirik. Çünki onların bir qismini yazmaq belə bir neçə kitaba sığmaz.58



Rafael Luis, İslam mədəniyyətinin müəyyən bir hissəsini təşkil edən Osmanlının qeyri-müsəlman vətəndaşlarına qarşı olan yaxşı münasibətini belə ifadə edir:

“Osmanlı idarəsinin insani cəhətini üzə çıxaran faktor da budur: Öz idarəsi altında yaşayan Xristian və Yəhudilər vergilərini zamanında verdikcə və Müsəlmanları hirsləndirəcək bir hərəkət etmədikləri müddətcə onlara ən gözəl şəkildə rəftar etmək...” 59

Bu ifadələr, əslində sadəcə Xristian və Yəhudilər üçün deyil, Müsəlmanlar üçün də keçərlidir. Çünki hər hansı bir Müsəlman, vergisini vermədiyi və ya başqa dindən olan birini təhqir edib onunla istehza etdiyi zaman da eyni cəzaya cəlb edilirdilər.

İslam araşdırmaları sahəsində böyük bir mütəxəssis sayılan Brockelmann isə, İslam mədəniyyətinin bir bölümünü təşkil edən Osmanlı idarəsi və müsamihəsi mövzusuna belə təmas edir:

Müsəlman Türklər, fəthləri əsnasında istəsəydilər Xristianlığı tamamən yox edə bilərdilər. Ancaq onların inandığı din buna icazə vermirdi. Bundan ötrü Fateh Sultan Məhməd Ortadoks Rum ruhani sinfinin təbəqələrini bütün səlahiyyətləri ilə tanıdı. Hətta o, Xristianlar üzərindəki mədəni hüquq sahəsində məhkəmə haqqını tanımaq surətilə kilsənin nüfuzunu belə artırdı.”60

İslamı qəbul etməsilə, yeni bir həyat anlayışına tez uyğunlaşdığı bizə məlum olan Müsəlman Türk dünyası, mənsub olduğu bu yeni dinin əmrlərinə uyğun olaraq müsamihə duyğusunu mənimsəmişdi. Çünki onların bu mövzudakı rəhbərləri bilavasitə Qur’anın özü idi.

Osmanlılar, təqib etdiyi siyasət, idarəsi altında olan fərqli din, məzhəb və irqlərə mənsub insanları müstəmləkə altına alıb onlardan istifadə etmək deyil, əksinə onlara xidmət etmək idi. Bu gün Avropa qitəsində müstəqil dövlətlər kimi təmsil olunan əski Osmanlı idarəsindəki bir çox ölkəyə edilən xidmət, böyük əhəmiyyət kəsb edir. Bu ölkələrdə edilən xidmətlər daha çox, halhazırda yaşamaqda olan Osmanlı dövrünə aid tarixi əsərlərdən və mövzu ilə əlaqədar dövlət vəsiqələrindən anlaşılmaqdadır. Bu sözlərimizin doğruluğu Filip K. Hitti tərəfindən belə sübuta yetirilmişdir.

İdarəçi Türklər (Osmanlılar), Ərəb ölkələrini müstəmləkə altına alıb onlardan istifadə etmə kimi hər hansı bir imperialist fikir və təşəbbüsə əsla sahib olmamışdılar.”61

Onsuz da Osmanlı belə bir düşüncəyə sahib ola bilməzdi. Çünki onun anlayışına görə inanılan kitab (Qur’an) və həmin kitab göndərilən Peyğəmbər, Ərəbin əcəmdən, əcəmin də Ərəbdən hər hansı bir üstünlüyü olmadığını deyirdi.

Bu anlayış səbəbilədir ki Osmanlı, öz soyundan olmayan dindaşını “Ey insanlar! Şübhəsiz sizi bir kişi ilə bir qadından yaratdıq və şöbələrə, qəbilələrə ayırdıq ki, bir-birinizlə tanış olasınız...”62 ayəsinə görə fikirləşər və həmin düşüncəyə görə hərəkət edərdi. Bu anlayışın bir nəticəsi olaraq Osmanlı, Məkkə və Mədinə kasıblarına yardım etmək üçün Anadoluda vəqflər və başqa xeyriyyə yerləri yaradmışdı.63




V F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ



İDARİ TƏŞKİLAT

İSLAMDA İDARƏÇİLİK
Qur’ani-Kərimdə İslamdan əvvəl mövcud olan dövlətlərdən heç bir şəkildə bəhs etmədən konstitutsiya və ya hökumətlə əlaqədar məsələləri götürüb onun prinsiplərini müəyyənləşdirməyə imkan verən bir çox ayə mövcuddur. Bunlar Müsəlmanlara siyasi olaraq camaatı necə idarə edəcəklərini bildirən ayələrdir.

Diqqətimizi ilk cəlb edən xüsusiyyət, hakimiyyətin yalnız Allaha aid olduğudur. Eləcə də insanın ancaq Allahın naibi (xəlifəsi) və onun əmanətindən məsul olmasının heç bir şübhəyə yol verməyəcək şəkildə qətiyyətlə ifadə edilməsidir. Bu barədəki ayələrdən bir neçəsinin mənası belədir:



“(Ya Peyğəmbər!) De ki: ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız sənin əlindədir. Həqiqətən sən hər şeyə qadirsən!”64

Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən, və, şübhəsiz ki, bağışlayan və rəhm edəndir.”65

Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükr edənlərsiniz.”66

Bu vəziyyətə görə insan, mülkün (həqiqi) sahibi deyildir. O bu mülkə Allahın təyin etdiyi bir məmur, vəkil və idarəci olaraq sahibdir. Elə isə insan Rəbbinin iradəsinə uyğun olaraq hərəkət etməlidir. Fəqət Allah Təala hər cür fiziki hisslərin fövqündədir. Qur’ani-Kərim bu çətinliyi, bilavasitə Allahın insanlar arasından bəzilərini, təbliğçilər olaraq seçdiyini bildirərək həll etmişdir. Allah Təala həmin təbliğçilərə, öz iradəsini vəhy və ilham yolu ilə bəyan etmişdir. Adəm (ə) “yer üzündə Allahın ilk Xəlifəsi67 olmuşdur. Bütün peyğəmbərlər öz dövrlərində İbrahim, Davud (ə) və s. kimi “tək başına” və ya Musa və Harun kimi (ə) “birgə” Allahın xəlifəsi olmuşdular.

Mühəmməd (səs) son peyğəmbərdir və onun üsulu, onu Allahın Rəsulu olaraq təsdiq edənlərdən “sədaqət andı — bey’ət” istəmək olmuşdur. Birini Allahın Rəsulu olaraq təyin edən yalnız və yalnız Allah Təaladır. Fəqət siyasi və dini cəmiyyəti meydana gətirən bu sədaqət və itaət andıdır. Burada bir dövlətin, bir hökumətin bir rəis tərəfindən idarə edilən bir camaatın əsasında bir növ ictimai bir müqavilə durur.

Rəsulullah (səs) və onun yerinə gələnlər mütləq bir hökmdar, bir zalim ola bilməzdilər. Çünki ona edilən bey’ətlə, Mühəmmədə (səs) vəhy edilmiş olan Qur’andakı Allahın iradəsinə itaət ətməyə söz verilirdi. Rəsulullah da (səs) digər hər hansı bir müsəlman kimi bu qanuna tabe olacaq bir fərd idi. Ən azı 10 açıq hadisənin şahidliyi ilə təsbit edilmişdir ki, Müsəlman olsun, qeyri-müslman olsun, hər hansı adi bir fərd belə Mühəmmədə (səs) qarşı hüquqi bir dava qaldıra bilər istədiyi ədaləti əldə edərdi.

Möminlərin canlarını və mallarını –əvəzində cənnət vermək şərtilə- satın alan Allahdır.68 Bu sədaqət andı yəni bey’ət, əslində Peyğəmbərin şəxsinə deyil, onun vasitəçiliyi ilə Allah Təalayadır. Çünki, Qur’ani-Kərimdə belə buyrulur:

Sənə bey’ət edənlər, şübhəsiz ki, Allaha bey’ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir.”69

Peyğəmbər (səs) necə bey’ətə (sədaqət və itaət anlaşmasına) müraciət etmişsə Peyğəmbərliklə heç bir əlaqəsi olmayan siyasi iqtidarda onun yerinə əvəz edənlər də özlərinin rəhbərliyini şər’ihüquq əsasına isnad edə bilmək üçün buna ən yüksək səviyyədə ehtiyac hiss etmişdirlər. Hakimiyyət, prinsipcə Allaha aiddir və onu istədiyinə verən də odur. Fəqət praqtikada, ilahi iradəni təmsil edən camaatın ümumi iradəsidir. Mühəmməd (səs), bir hədisində belə deyər:

Allahın (qüdrət) əli, birlik olan camaatın üstündədir.”70

Başqa bir hədisində isə belə buyurur:

Mənim ümmətim (camaatım) əsla xəta üstündə birləşməzlər.”71

Başçını seçən eyni şəkildə onu vəzifədən götürmə haqqına da malikdir. Əgər bu bir Peyğəmbər olursa, onun təyini doğrudan doğruya ilahi vəhylə olur; möminlər onu peyğəmbər olaraq səçə bilməzlər. Dini olmayan, yəni siyasi iqtidarda bir peyğəmbərin yerinə kəçəcək olan şəxsin seçilməsi doğrudan xalq və ya onun səlahiyyətli təmsilçiləri vasitəsilə mümkün olur. Elə isə, bir dövlət başcısı kifayətsiz və ya ləyaqətsiz görünəndə, təmsilçilərin qərarı ilə (əhli-həll vəl əqd) onun vəzifəsinə son qoyula bilər.72
1-XİLAFƏT (XƏLİFƏLİK)
Bəşər tarixi bizə sübut edir ki, insanlar hakimiyyət haqqında ümumiyyətlə qəti fikrə sahib deyildirlər. Ona görə də bəziləri bir hökmdar, bəziləri də cəmiyyəti idarə etmək üçün müəyyən bir qrup seçirdilər. Demək olar ki insanlıq tarixində bu barədə qəti birlik olmamışdır və indi də yoxdur.

İslamiyyətdən əvvəlki dövrlərdən bəhs edən Qur’ani-Kərim, sadəcə Peyğəmbərlərdən deyil, eyni zamanda hökmdarlardan da bəhs etməkdədir.

Qur’ani-Kərim hökmdarlara aid olan həm yaxşı, həm də pis nə varsa onlardan bəhs edir. Məsələn, Firon Nəmrud hekayələrində pis hökmdarların misalları çəkilir. Ona görə ki, insanlar onların zülmləri ilə tanış olub onlardan ibrət dərsi alsınlar.

Qur’ani-Kərim eyni zamanda yaxşı hökmdarlardan da bəhs edir. Məsələn, Hz. Davud Hz. Süleyman kimi... Bunlar sadəcə hökmdar deyil, eyni zamanda Peyğəmbər idilər. Yəni bir peyğəmbər eyni zamanda bir yaxşı hökmdar ola bilər. Bununla birlikdə Hz. Peyğəmbər (səs) vəfatından sonra, Qur’ani-Kərimi bilən müsəmanlar bir hökmdar seçmədilər. Bundan, Qur’ani-Kərimdə keçən Hz. Davud və Hz. Süleymana aid örnəkləri bildikləri halda krallığın məcburi bir idarə şəkli olmadığı qənaətinə gələrək, fərqli bir idarəçi seçməkdə bir maneə görmədikləri bizə məlum olur.

Çünki müsəlmanların xəlifə olaraq seçdiyi, Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman və Hz. Əli (r. anhüm) kimi örnək şəxsiyyətlər müsəlmanlar üçün, təqlid ediləcək gözəl nümunə idilər və eyni zamanda hökmdar deyildilər.73

Xüləfayi-Raşidinin (Rəşid xəlifələri) dövlət idarəsi özlərinə məxsus bir hökumət şəkli idi. Onların idarəsi nə monarxiya idarəsi, nə də respublika idarə forması deyildi. Xüləfayi-Raşidinin hükumət quruluşu, özlərinə məxsus bir quruluş idi. Demək olar kı, bu bir növ respublika ilə monarxiya qarışığıdır. Yəni Xüləfayi-Raşidin hökumətində, monarxiyanın bəzi xüsusiyyətləri var idi; məsələn, həyat boyu başçı olmaq kimi. Eyni zamanda seçki kimi Respublika idarə şəklində də bəzi xüsusiyyətlər daşıyırdı.

İslamiyyətdən əvvəlki Ərəb qəbilələrində ən mühüm şey yeni seçilən rəisin yaxşı bir sərkərdə olması idi. Çünki bu qəbilələr arasında uzun sürən müharibələr olurdu.

Əgər qəbilənin sərkərdəsi, yaxşı bir idarəçi deyilsə, həmin qəbilə müharibədə məğlubiyyətə uğrayır və nəticə etibarilə məhv olurdu. Ona görə də qəbilə başcısı seçilməsində axtarılan ilk şərt, onun cəsur, qüvvətli və yaxşı sərkərdə olması idi. Ehtimal kı, seçiləcək rəisin ağıllı, zəngin və s. olması kimi xüsusiyyətlər də nəzərə alınırdı.

Şübhəsiz İslam üçün, qəbilələrin yerini İslam ümməti, müsəlman ictimaiyyəti almışdı. Yeni seçiləcək rəisin, eyni cəmiyyətdən olması lazım idi. Qəbilə rəisi üçün, qəbilədən olma şərti yerinə, İslam cəmiyyəti rəisinin, İslam cəmiyyətindən olma şərti vardı. Fərz edək ki, müsəlmanlar, bir qəbilə təşkil edirdilər. Əlbəttə ki, Hz. Mühəmmədin (səs) yerinə bir xəlifə seçilərkən, qəbilə başcısında axtarılan şərtlər seçiləcək xəlifə üçün də keçərli olacaqdı. Xəlifənin çox böyük bir sərkərdə, cəsur, ağıllı, əsl müsəlman olması, hərtərəfli yetişmiş olması kimi yüksək keyfiyyətləri olmalı idi. Varlı olma şərti yox idi. Ehtimal kı, həmin hökm Qur’ani-Kərimdə keçən və bir hökmdar üçün zənginliyin şərt olmadığını göstərən ayədən mənbələnirdi.

Bunu aşkar etmək olar kı əshabələr, başqalarını təqlid etməkdən vaz keçib onun yerinə şəxsən öz idarə quruluşlarını icra etdilər.74

Demək olar kı xilafət, İslamiyyətə aid bir idarə qurluşudur. Bu, həm dünya həm də axirət işlərinin xalq tərəfindən tətbiq edilib nizama qoyulmasını təmin edən bir idarədir. Xəlifə isə, həmin idarənin başında olan məsul şəxsdir. Bununla birlikdə xəlifə Xristian dünyasında olduğu kimi dini bir başcı deyildir, onun hər bir hərəkət və davranışlarının mənbəyi dindir. Ona görə də onun idarəsi dini əmr və qadağalarla məhdudlanmışdır.75 Bu baxımdan o, dünyanın digər hökmdar, padşah, şah, sultan, kral və imperatorlarına bənzəmir. O, daha başqa xüsusiyyətlər daşıyır. Bundan ötrü də xilafətlə digər hökmdarlar arasında böyük fərq vardır.76

Həqiqətən xilafət nə krallıqlara, nə sultanlıqlara, nə imperatorluqlara, nə də tam mənasıyla respublikalara oxşamır. O, özünəməxsus özəlliklərə malikdir. Bu baxımdan xəlifələri də, yuxarıda adı çəkilən bu müəssisələrin başında olan bir idarəçi kimi qəbul etmək mümkün deyildir.

Krallıq olan dövlət idarələrində, krallıq vərəsəliklə, atadan oğula, və ya oğul yoxdursa, daha başqa yaxın bir qohuma keçir.

Xəlifəlikdə isə məsələ tamamilə başqa cür idi. Belə ki, nə Hz. Peyğəmbər (səs), nə Hz. Əbu Bəkir (ra), nə Hz. Osman (ra), və Hz. Əli (ra), nə də onlardan sonra heç kəsə övladlıq, qohumluq, eyni qəbilədən olmaq, yaxud hər hansı yaxınlığa görə xəlifəlik verilmişrdi. Başqa sözlə, xələflə sələf arasında heç bir qohumluq bağları əhəmiyyət kəsb etmirdi. Əsas meyar elm, şəxsiyyət, qabiliyyət, keyfiyyət və İslami dəyərlərə sədaqətin müstəsna dərinliyi idi.

Onu da qeyd edək ki, krallıq idarəsindəki ilk şərt, krallığın vərəsəlik yoluyla davam etməsidir. İkinci şərt də ondan ibarətdir ki, krallıq müəyyən bir vaxta kimi deyil, devirən olmasa, nəsli, qohumları və yaxınlıq başları olanların ömrü qədərdir.

Xəlifəyə olan “imam”da deyilir. Xilafət məqamında olana imam deyilməsi, məsciddə camaata namaz qıldıran imama bənzədiyinə görədir. Çünki camaat, namazda imama necə tabe olursa, xalq da xəlifəyə eyni şəkildə tabe olur. Bunun üçün də xəlifəlik “İmaməti-kübra”(Böyük imamlıq) da adlanır.77 Ona görə də vəhy və peyğəmbərlik istisna edilsə, peyğəmbərin vəziyyəti kimidir. Toplum onun hər barədə əmirlərinə itaət etmək məcburiyyətində olduğu kimi, o da bütün mövzularda toplumun haqqlarını qoruyub-saxlamaq məcburiyyətindədir.78 O, həm dini həm də dünyəvi səlahiyyətlərə sahib olan bir şəxsiyyətdir. Bu baxımdan, İslamın əslinə zidd olmayan bütün əmrlərinə tabe olmaq lazımdır.79

Bununla bərabər xəlifə olaraq seçilən hər istədiyini edən, başqa sözlə heç bir məsuliyyəti olmayan bir deyildir. O da dini və şər’i qanunlarla müəyyən edilmiş olan çərçivənin xaricinə çıxmamağa mükəlləfdir (məsuldur). Hz. Peyğəmbərə (səs) vəkalətən dövləti yönəltmək və xalqı idarə etmək, onun ən mühüm vəzifələri arasındadır. Bir hökmdar elm, ədalət, ləyaqət və səhhəti özündə cəm, edirsə həmin idarəçi məmləkətin inkişafına, xalqın rifahına və ictimaiyyətin yaxşı münasibətdə olmalarına səbəb olur. Xülafayi-Raşidinin bioqrafiyasında da aşkar olduğu kimi bunlara (sifət və xüsusiyyətlərə) zühd və təqvanı da əlavə edin. Dünyada bundan daha mükəmməl və adil bir idarə ola bilərmi?80

İslam dünyasında da, Peyğəmbərimizin (səs) vəfatından dərhal sonra ortaya çıxan xəlifəlik əsrlərlə İslam cəmiyyətinin fikri, idari, ictimai və siyasi inkişafında rol oynayan mühüm bir müəssisə olmuşdur. İslam tarixində xəlifəlik Müsəlmanların bir bayraq altında cəm olmasına və siyasi bir birlik yaratmalarına səbəb olmuşdur. Ancaq xilafət müəssisəsi, 3 Mart 1924 tarixində (Osmanlı dağılıb yerinə Türkiyə Respublikası yaranandan sonra) Türkiyə Böyük Millət Məclisi tərəfindən ləğv edilmişdir.81

Beləliklə də dünya müsəlmanlarının birlik və bərabərliyi və ən mühümü isə siyasi qüvvəsi aradan götürülmüş oldu. Bununla bərabər iki yüz illik yarı hakim, yarı məhkumluq vəziyyətinə də son qoyulub İslam aləmi yetim (başsız) buraxılmışdı. Eləcə də Xristianlar, əsrlərlə yıxmağı xəyal etdikləri xəlifəlik fəaliyyətinə son qoymağa müəffəq olmuşdular. Çünki onlar bilirdilər ki, müsəlmanların birliyi və yəganə qüvvət mənbəyi, xilafət ətrafında möhkəm durmalarıydı.82


2-VƏZİRLİK
İslam idarə sistemində mövcud olan mühüm müəssisələrdən biri də vəzirlikdir. Ümumiyyətlə, hökmdar ilə vətəndaş arasında körpü vəzifəsi görən bu müəssisənin başında olan şəxsə vəzir deyilir.

İslam aləmində, Abbasilərə gələnə qədər, idari sistem içində rəsmən “vəzir” ünvanı ilə çağrılan bir vəzifəli şəxs olmadığı məlumdur. Hicrətin 132-ci (M. 750) ilində Abbasi Dövləti yaranıb, dövlət və təşkilatlarında tərəqqi görünəndə, xəlifənin işlərini üstünə götürən və ona yardım edən müəssisədə də irəliləyiş hiss edildi. Bu səbəbdən, Abbasilərin ilk xəlifəsi, Əbul-Abbas Abdullah Əs-Səffah (132-136 / 750-754) zamanında, Həmədanlı Əbu Sələmə Hafs ibn Süleyman əl-Hallal (öl.132 / 750) ilk dəfə bu ünvanla vəzifəyə təyin edildi. Bundan sonra bütün Müsəlman dövlətlərdə həmin kəlimə işlədilməyə başlandı.

Hökmdarın vəkili olaraq dövlət işləri ilə məşğul olan vəzir,83 nə Hz. Peyğəmbər (səs), nə onun xəlifələri, nə də Əməvilər dövründə mövcud deyildi. Əməvi xəlifələri, “katib” adı ilə vəzifə verdikləri bəzi şəxslərlə mişavirə keçirib onlardan istifadə edirdilər.84 Ancaq bu vəzirlik müəssisəsini ortaya çıxara bilmədi.

Onu da qeyd edək ki, əgər vəzirlikdə məqsəd dövlət işlərində xəlifəyə yardım etmək və xəlifənin onunla müşavirə keçirməsi idisə də hələ İslamın başlanğıcından etibarən həmin vəzifəni aparan var idi. Çünki, Peyğəmbərimizin (səs) bir çox mövzuda əshabəsi ilə istişarə, onların fikirlərindən istifadə etdiyi bilinir. Həmçinin bu arada Hz. Əbu Bəkir (ra) ilə daha sıx görüşdüyü və bəzən də onun fikrinə görə əməl etdiyi də məlumdur. Beləcə Hz. Əbu Bəkir (ra), bir növ müşavir olaraq baş katib vəzifəsini icra edirdi. Rəsulullahdan (səs) sonra xilafət məqamında olan Hz. Əbu Bəkir (ra) üçün Hz. Ömər (ra); Hz. Ömərin (ra) xəlifəliyində də Hz. Əli (ra) və Osman (ra) eyni vəzifəni icra edirdilər.85

Ərəb dilindəki “وزر” (yükləndi) kökündən gələn vəzir, əmir formasındadır. Hökmdarın demək olar ki, bütün işlərini üstünə götürən, öz fikir və iradəsi ilə ona yardımçı olan adam86 mənasına gəlir. Bu baxımdan o, yüksək bir dövlət məmuru olaraq icra, qanunvericilik və məhkəmə səlahiyyətlərinə sahib olan və hökmdarın vəkili sifəti ilə dövlətin bütün işlərini idarə edən və beləliklə də dövlətin ən yüksək idarəsinin işlərini aparan böyük bir şəxsiyyətdir.

Vəzir kəliməsi həm Qur’ni-Kərimdə, həmdə hədisi-şəriflərdə keçir. Qur’anda ağırlık, yük və günah kimi mənalarda işlədilən vəzir, həqiqətən də hökmdarın yük və ağırlığını daşıyan, onun şəriki mövqeyindədir. Hədislərdə isə, yardımçı mənasında işlədildiyi aydın olur.

Daha əvvəl də deyildiyi kimi, vəzirlik müəssisəsi Abbasilər dövründə ortaya çıxmışdır. Beləcə İslam dünyasının idarəetmə sistemində xilafətdən sonra ikinci yeri tutan bir məqam yarandı. Bu elə bir məqam idi ki, etdiyi xidmət, əldə etdiyi səlahiyyət və idarəçilik baxımından xilafət (hökmdarlıq) ilə eyni səviyyəyə gəlirdi.87

Həqiqətən də mənbələrdəki məlumatlara görə, Abbasilərin ilk dövrlərində vəzirlər, dövlət idarəsi baxımından böyük səlahiyyətlərə malik idilər. Necəki Harun ər-Reşid (170-193 / 786-809) xəlifə olanda Yəhya ibn Xalid əl-Bərməkiyi çağırıb özünə vəzir təyin etdiyini, dilədiyini vəzifəyə götürə biləcəyini, istədiyini vəzifədən azad edə biləcəyini, bu baxımdan, hər mövzuda tam bir səlahiyyətə sahib olduğunu söyləmişdi.88


Vəzirlərin, dövlət idarəsindəki səlahiyyətləri, sadəcə Abbasilər dövrü üçün deyil, daha sonra qurulmuş olan dövlətlərdə də özünü gösdərmişdir. Xüsusilə həmin vəziyyəətə, Fatimilər dövründə artıqlamasıyla mişahidə etmək mümkündür.

Böyük Səlcuqlarda mərkəz təşkilatı, dövlətin bütün işlərini idarə edən orqandır. O, bugünkü nazirliklərə bənzəyən divanlardan təşəkkül olunardı. Hər divanın başında “Sahibi-Divan” ünvanını daşıyan və bugünkü dildə desək bir nazir olardı. Nazirlərin hamısı bir araya gəldiyi zaman böyük divanı (Nazirlər Kabineti) təşkil edirdilər. Elə həmin böyük divanın sədri də bugünkü təbirlə baş nazirdir (vəzir). Demək olar kı, vəzir eyni zamanda nazirlər kabinetinin sədrliyini də yerinə yetirir.89

Böyük Səlcuqların bir davamı olan Anadolu Səlcuqlarında da vəzir, vəzifə və səlahiyyət baxımından onlar kimi idi. Ancaq Başqa əyalətlər olmadığı üçün başqa vəzir də yox idi. Anadolu Səlcuqlarında vəzir, Sultandan sonra ən böyük və məsul dövlət adamı idi. Əskəri və texniki işlər bir tərəfə qoyularsa digər bütün idari işlərə o, məsul idi.

Osmanlılarda vəzirlik, daha əvvəlki İslam və Türk dövlətlərində olduğu kimi, tək olduğu zaman vəzir, çox olduqları zaman isə vəziri-əzəm (baş nazir), hökmdarın mütləq vəkili idi. Bu müəssisənin Səlcuqlardan Osmanlılara keçməsi çox təbiidir. Bu müəssisə ilk dəfə Orxan Qazi (1324-1362) zamanında yaradılan divan təşkilatının başına vəzir olaraq bir şəxsin təyin edilməsi ilə başlar.

Padşahın fərmanı ilə vəzifəyə başlayan vəziri-əzəm (baş nazir), vəzifə və səlahiyyət baxımından, padşahdan sonra dövlətin ən böyük idarəçisi idi. Çox səlahiyyətləri olduğu kimi, yükü də çox ağırdı. Osmanlı vəziri-əzəmı (daha sonra sədri-əzəm), dövlət, din, hüquq, təhsil, təlim-tərbiyə, ictimai həyat, iqtisadi həyat, hərbi və s. kimi bütün işlərə məsul olan bir kimsədir. O, padşahın mütləq vəkili olaraq dövlət səviyyəsində ikinci yeri tuturdu.

Sultan Süleyman Qanuninin vəziri Lütfü Paşa (1539-1541), vəziri-əzəmlərin əxlaq və ədəblərindən bəhs edərkən onların istər hökmdar, istərsə də xalqa qarşı necə davranmalarının lazım gəldiyini belə izah edir: Vəziri-əzəmdə artıq dərəcədə dünya həvəsi olmamalıdır. İşləri öz mənafəyi üçün deyil, Allah Rızası üçün görməlidir. Hər işində Allahın razılığına riayət etməlidir. Çünki bu məqamdan daha yüksək bir məqam yoxdur ki, vəziri-əzəm ona çatmaq üçün çalışsın. Padşaha hər şeyi doğru olaraq söyləməlidir. Güvəndiyi kəslərlə görüşüb vəzifə üçün kimlərin daha liyaqətli olduğunu araşdırmalıdır. Rüşvət ilə heç kimi vəzifəyə gətirməməlidir. Xalqa qarşı çox yaxşı davranmalıdır. Xəstəlik və kasıblıqdan sıxıntı içində olanları axtarmalı və onlara yardım etməlidir. Din və dünya işləri nə qədər bəsit olursa-olsun vəziri-əzəmlər onları, padşaha deməlidirlər. Heç bir şeyi kiçik görüb də qırağa qoymamalıdırlar. İstər sədri-əzəmlər və istərsə də digər vəzirlər, gündə beş vaxt namazı öz evlərində camaatla qılmalıdırlar.90

Geniş səlahiyyətləri olan Osmanlı sədri-əzəmlərinin məsuliyyəti də o nisbətdə böyük idi. Məlum olduğu kimi onun məsul olduğu sahələrdə tək başına hökm və qərar verməsi, və bütün dövlət işlərini görməsi ağla sığmazdır. Bu baxımdan bir çox yardımçı işçi işlətmək və onlardan istifadə etmək məcburiyyəti yaranmışdı. Dövlət işlərini divanda görürdü. Divan sübh namazından sonra hökmdar (Fateh Sultam Məmmədə qədər) və ya vəziri-əzəmın başqanlığında toplanırdı.91

3-HÖKUMƏT
İslam hükuməti müşavirə əsası üzərində qurulmuşdur. Bu müşavirənin şəkli insanın iradəsinə buraxılmışdır. Ancaq müşavirənin əhəmiyyəti Qur’ani-Kərimdə dəfələrlə təkrarlanır. Onlardan bəziləri belədir:

“...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah ona təvəkkül edənləri sevər.”92

“Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) daha yaxşı və daha baqidir. O kəslər üçün ki iman gətirib öz Rəbbinə təvəkkül edirlər. O kəslər üçün ki böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman bağışlayarlar. O kəslər üçün ki Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.”93

“(Qərar verildikdən sonra) itaət, və (müzakirə əsnasında) yaxşı və uyğun söz demək onlara daha çox yaraşır. Və ümumi iş (əmir) xüsusunda bir qərar qəbul ediləndə Allaha həqiqətən sədaqət və doğruluq gösdərsələrdi onlar üçün əlbət daha xəyirli olardı.”94

Ayə açıqca buna işarət edir ki, müxtəlif səbəblərlə rəyi qəbul edilməyənlər buna baxmayaraq, digərlərinin fikrinə uyğun şəkildə hərəkət etməkdə mükəlləfdirlər. Ancaq Qur’ani-Kərim şura qərarına, dövlət başcısının rədd etmə haqqı olub olmadığını açıqca göstərmir. Ehtimal kı dövrə və şəraitə görə dəyişmək üzrə rədd etmə mövzusunda bir qərara gəlmək xalqın istəyinə buraxılmışdır. Bir şuranın (hökümət) əksər çoxluqla vəya ittifaqla qəbul etdiyi bir qərarın, Qur’ani-Kərimin əsaslarına uyğunlaşmadığı təqdirdə heç bir qiymətə malik olmayacağı aşkardır. Dövlət başcısı həmin qərarı rədd etmə və ya hansısa bir yolla aradan qaldırmağa mükəlləfdir (məsuldür).

Rəsulullahın (səs) tətbiqatı dini olmayan mövzulardakı müşavirənin bu cəbhəsi üzərində bizə məlumat verir. Ona çox yaxın olan əshabələrindən biri belə deyir:

“Yoldaşlarına Rəsulullahdan (səs) daha məsləhətləşən heç kimi görmədim.”95

Yenə belə deyilir: Allah Rəsulu (səs) Əbu Bəkir və Ömərə (r.anhüma) belə dedi: “Siz ikiniz bir mövzuda müvafiq isəniz mən buna qarşı çıxmam.” Ravi belə əlavə edir: “İbn Abbasa görə onlar (Hz. Əbu Bəkir və Hz. Ömər), Peyğəmbərin (səs) iki vəziri idilər.”96

Peyğəmbərimiz (səs) belə buyurur:

“Əgər müsəlmanlarla (şura ilə) məsləhətləşmədən birisini rəis təyin edə bilsəydim İbn Ümm Abdi (yəni Abdullah İbn Məsud) təyin etmək istəyərdim97

Bu mövzuda bəzi nümunəvi misallar gətirək:

a-Peyğəmbərimiz (səs) Məkkədən Mədinəyə hicrət (köç) edəndə namaza dəvət üçün ən yaxşı vasitəni tapmaq məqsədilə əshabələri ilə müşavirə keçirdi. Bəziləri atəş yandırılmasını, bəziləri isə Yəhudi və Xristianlar kimi hərəkət edilməsini təklif etdilər. Bir başqası da yuxusunda “gur bir insan səsilə dəvət” üsulunu gördüyünü anlatdı. Nəticədə Peyğəmbərimiz (səs) bu axırıncı tərzi qəbul ətdi.98 Digər təkliflər isə, şübhəsiz ki,

keçmədi.


b-Mədinə müsəlmanları (ənsar) öz qohumlarını qoruduqları kimi, Peyğəmbəri də (səs) qorumaq üzrə onunla anlaşmışdılar. Bədir döyüşü əsnasında Məkkə ordusunun gəlişi məlum olanda, Rəsulullah (səs) müharibəyə girib-girməmək qərarını qəbul etməkdən ötrü bir şura topladı və Məkkəli müsəlmanların (mühacirun) hamsının yardıma hazır olduqlarına dair təminat vermələri ilə kifayətlənməyib belə buyurdu: Məsləhətləşdikdən sonrə fikrinizi mənə bildirin.” O zaman Mədinəli müsəlmanların (ənsar) təmsilçisi ayağa durdu və Peyğəmbərin (səs) xüsusilə öz fikirlərini soruşmaq qənaətinə gəldikdən sonra, onunla həmfikir olduqlarını bildirdi. Rəsulullah da (səs) bundan razı qaldı.99 Mədinəli dəstələr ona qoşulmasaydı müharibəyə girməyəcəkdi.
Etiraf edək ki, bunun kimi çox sayda müşavirə nümunələrinə baxmayaraq qanunun Prezidentin təsdiqindən keçməməsi məsələsi haqqında hökm vermək çətindir. Bizim fikrimiz budur ki, İslamiyyət, Dövlət başcısının təsdiq etmemesinin nə lehinə nə də əleyhinə hökm verməmişdir. Şəraitə və başçının qabiliyyətinə görə bu haqqı (onu tanıyıb-tanımamaq) o başcını seçənlərə aid olmalıdır. Bir daha təkrar edək ki, İslam Dövlətinin bütün qanuni və idari qərarları daim Qur’ani-Kərimə və hədisi-şəriflərə uyğun olmalıdır.100
1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə