AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ




Yüklə 1.82 Mb.
səhifə10/29
tarix23.02.2016
ölçüsü1.82 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

İSLAM MƏDƏNİYYƏTİNDƏ

MALİYYƏ TƏŞKİLATI



İSLAM VERGİ HÜQUQUNUN

ANA XƏTLƏRİ

Siyasi bir mühüit içində ortaya çıxan İslam, əvvəlki din və cəmiyyətlərdə mövcud olub tətbiq edilən vergilərlə qarşılaşmışdı. Tarixdə öz yeri olan vergi, xalq xidmətlərini müntəzəm şəkildə davam etməsini təmin etmək üçün müraciət olunan sahələrdən biridir. Bu səbəblə vergi, dövlətin iqtisadi və ictimai həyatında mühüm yerlərdən birini tutur. Siyasi bir mühit içində ortaya çıxan islam, özündən əvvəlki din və cəmiyyətlərdə mövcud olub, tətbiq oluan bəzi lüzumsuz vergilərlə qarşılaşmışdı.219 Vergi ümumi mənfəət və işlərin tənzimi yönündən fərdlərə yüklənən bir mükəlləfiyyət olduğundan İslam bundan kənarda qala bilməzdi.

Bununla belə İslam vergi sistemi, tətbiqat sahəsinə qoyulmamışdır. Vergi, İslamın yayılmasına taraz olaraq iyirmi illik bir təhlil və tətbiqi təkamül nəticəsində müəssisə halına gəlmişdir. Məlum olduğu kimi zəkat, öşür (islama görə onda bir məhsul vergisi), cizyə və s. kimi vergilərdən Quran və onun sünnədə məlumat verilir. İslam, bir tərəfdən ana mənbəələr vasitəsilə bunları təbliğ edir, bir tərəfdən də zaman, dövlət və ehtiyaclara görə dəyişə bilən, cəmiyyətin xüsusi ehtiyaclarına cavab verəndir “nəvaib” deyə adlandırılan bir vergi sistemini də inkişaf etdirmişdir.220 Hətta müharibə, zəlzələ, qıtlıq və s. kimi xüsusi vəziyyətlərdə dövlətin müxtəlif adlarla yeni vergilər qoymağa səlahiyyəti vardır. Belə vəziyyətlərdə dövlət varlılardan daha çox vergi almaq səlahiyyətinə də sahibdir.221

İslam vergi sistemində bəzi vergilərin ad və nisbətləri, vergi mükəlləfinin vəziyyətinə görə dəyişə bilir. Bu vəziyyət, İslam dövləti vətəndaşının Müsəlman və qeyri-müsəlman olmasından asılıdır. Yuxarıda bildirilən amilə görə mükəlləflərdən müxtəlif nisbətlərdə alınan bu vergilerin mühüm olanlarından bəhs edilmişdir. Bununla belə digərlərinin də qısa tərifini verməklə kifayətlənəcəyik. Daha əvvəl də bildirildiyi kimi İslam vergi sistemində mükəlləflərin müsəlman olub olmamaları onun verəcəyi vergilərin ad və miqdarlarının müxtəlif olma nəticəsini meydana gətirmişdir. Bunun üçün biz də bu hissəni aşağıdakı əsas başlıqlar altında incələyəcəyik.




  • Müsəlmanlarla əlaqəli vergilər,

  • Digər vergilər.

İslam vergi sistemi birdən-birə toplu şəkildə vəz edilib tətbiq olunmamışdır. O, islamın yayılmasıyla paralel olaraq tədricən qoyulmuş və təkmilləşərək sistemləşmişdir.

Ümum olaraq “örfi vergilər” deyə adlandırılan həmin vergilərdən bəhs edəcəyik.




1-MÜSƏLMANLARA AİD VERGİLƏR

İslam hüququ ilə idarə edilən dövlətin vətəndaşı olan müsəlmanların verəcəkləri vergilər, müsəlman olmayanların verəcəkləri vergidən fərqlidir. Müsəlmanların verəcəkləri vergilərin başında zəkat və öşür gəlir.



  1. ZƏKAT

Zəkat İslamın beş əsas şərtindən biridir. Qur’anın bir çox ayələrində zikr edilən “zəkat” kəliməsindən sadəcə namazla birlikdə iyirmi altı yerdə bəhs edilir. Bu qaydada zəkatın namazla birlikdə zikr edilməsi, insanın iman və kamalının tamamlanması bu ikisi sayəsində olmasındandır. Namaz insanın ruhunu, zəkat isə malını təmizləyir.

Sədəqə mənasında da işlədilən zəkat kəliməsi lüğətdə təmizlik, bolluq və gözəllik, gözəl zikir mənalarını daşıyır. Mali ibadət yerində işlədilən bu sözün, şəriət dilindəki mənası isə: Bir şəxsin dini bir vəcibə olaraq, malının, qanuna görə müəyyən edilmiş hissəsindən, müəyyən bir miqdarını, bir müddət sonra, bunu almağa haqq qazanmış müsəlmanlara vermiş olmasıdır. Məkki ayələrin də bəzisində zəkatdan danışılır. Ancaq bu zəkat Mədinədəki kimi miqdarı, sərf edilən yeri müəyyən olan zəkat deyildir. Məkkədəki zəkat hər hansı bir qayda və miqdara tabe olunmayan, ancaq fərdin vicdan və dəyanətinə görə verilən bir yardımlaşmadan ibarət idi. Bugünkü mənası ilə zəkat Hicrətin ikinci ilində fərz qılınmışdır.

İslam hüququ nəzərində zəkat bir ehsan deyildir. O dövlət və cəmiyyətin fərd üzərindəki haqqıdır. Bu səbəbdən dövlət zəkat verib verməmək məsələsində insanı sərbəst buraxmaz. Dövlət bunu, “amillər” (zəkat toplayan məmurlar) vasitəsilə toplayıb yerinə sərf etmək məcburiyyətindədir. Bununla birlikdə zəkat verəcək şəxslər bunu sadəcə dövlətə deyil, Qur’anda göstərilən insanlara da verə bilər. Bu vəziyyətdə dövlət ona müdaxilə edə bilməz. İbadət mənası daşıdığı üçün, Müsəlman olmayanlar həmin vergidən məsul deyildirlər. Zəkatı verənlərdə bəzi şərtlərin olması da lazımdır ki, biz burada bunların üzərində dayanmaq istəmirik. Fiqh kitablarında bu mövzuda təfsilatlı məlumat vardır.


İslam dövlət maliyyəsinin təməlini təşkil edən zəkatın sərf yerləri də Qur’anda bildirilmişdir.222 Zəkata mövzu təşkil edən əşya, pul və ticarət əşyası kimi mallardır. İslam maliyyə istilahında zəkat olaraq adlandırılan vergi, əldə edilən malın az və ya çox olmasına baxmayaraq alınan bir vergi deyildir. Əldəki mal, müəyyən bir miqdara və müəyyən bir zamana çatdıqdan sonra zəkata mövzu olur.


  1. ÖŞÜR

İslam vergi sistemində, Müsəlman vətəndaşı yaxından maraqlandıran vergilərdən biri də öşürdür.223 Öşür sözü; əksəriyyətlə, sədəqə və zəkat mənasında işlədilir. Kənd təsərrüfat məhsullarından öşür alına bilməsi üçün, məhsulun əldə edildiyi ərazinin öşür sahəsi olması lazımdır. Eyni şəkildə öşür verəcək şəxsdə də bəzi şərtlərin olması lazımdır.

Öşrün nisbəti əldə edilən kənd təsərrüfat məhsullarındakı insan əməyinin vəziyyətinə görə dəyişilir.224 Ərazi, yağış kimi çox insan əməyinə ehtiyac olmayan bir su ilə sulanırsa, o zaman normal və tam olan öşür alınar. Əgər ərazi, qabla su daşımaq, kanal açmaq və s. kimi daha çox insanın əməyi nəticəsində sulanmış isə, o zaman həmin ərazidən əldə edilən məhsulun iyirmidə biri alınır.225

Öşürə mövzu təşkil edən kənd təsərrüfatı mallarının başında taxıl durur. Meyvə və balın da öşrün mövzusu daxilində olduğunu deməliyik. Bununla bərabər bu mövzularda, məzhəblərarası fərqliliklərin olduğunu söyləmək lazımdır. Eyni şəkildə əldə edilən məhsulun az və ya çox olması da məzhəblər arasında fikir ayrılıqlarına səbəb olmuşdur.


Öşür də ibadət mənası olduğu üçün dövlət, onu şəriətə görə təyin edilmiş olan yerlərdən başqasına sərf edə bilməz.

2-QEYRİ-MÜSƏLMANLARA AİD VERGİLƏR
İslam dövlətinin vətəndaşı olub, dövlətin rəsmi dininə mənsub olmayanlarla əlaqəli vergilər, müsəlmanların ödədikləri vergilərdən fərqlidir. Biz bunlardan sadəcə “cizyə” və “xərac”dan söhbət edəcəyik.


  1. CİZYƏ

İslam hüququna görə cizyə, islam dövlətinin, müsəlman olmayan vətəndaşını yaxından əlaqələndirən bir vergidir. Həmin vergi, dövlətin müsəlman vətəndaşdan aldığı zəkat qarşılığıdır226 deyə bilərik. Çünki, müsəlman olmayan vətəndaşı cizyəyə cəlb etməklə dövlətdə bir müvazinət təmin edilmiş olur. İslam nəzərində müsəlmanlarla zimmilər (dövlətin müsəlman olmayan vətəndaşı, əhli-zimmə) dövlətin vətəndaşıdırlar və eyni haqlardan faydalanmaqla bərabər səviyyədə dövlətin imkanlarından yararlanırlar. Bu səbəblə, müsəlmanların ödədikləri zəkat qarşılığı, əhli-zimmədə cizyə verməkdən ibarətdir. Necə ki, ilk islam fətihləri və bu fətihlərin nəticəsində islam dövlətinin idarəsinə daxil olan qeyri-müslimlərin vəziyyətindən bəhs edilirkən: “Zimmilər bəzən, keçmiş idarəçilərinin topladığı vergidən daha az bir vergi yükü ilə məsul tutulurdular. Bu hal, islamın onları haqqıyla himayə etdiyini göstərməsi baxımından islam dövləti üçün bir şərəfdir.”227 demişlər.


Tarixin keçmiş dövrlərindən bəri bilinən və qalibin məğlubdan almaqda olduğu bir vergi olan cizyə228 islami bir prinsip olaraq Mədinə dövründə hicrətin ilk illərində tətbiq edilmişdir.229 Lüğət baxımından müxtəlif şəkillərdə mənalar verilən cizyənin əsl mövzusu insandır. İslam dövlətinin vətəndaşı olub bəzi xüsusiyyətləri daşıyan qeyri-müsəlmanlar bu vergini ödəmək məcburiyyətindədirlər. Kitabla sabit olan bu vergini230 verən zimmilər, bunun müqabilində islam dövlətindən iki mühüm haqq qazanmış olurlar. Buna görə dövlət zimmilərlə müharibə edə bilməyəcəyi kimi, onların haqlarını və həm də özlərini qorumağı öz öhdəsinə götürürdü.231

Cizyə qeyri-müsəlman vətəndaşların hamısından alınmaz. Cizyənin alınması üçün zimminin ağıllı, azad, sağlam və kişi olması lazımdır. Buna əlavə olaraq, qadın, uşaq, qoca, xəstə, əlil və çox kasıb olanlar ilə din adamlarından cizyə alınmadığı kimi, hər kəsdən eyni miqdar və ölçüdə də alınmaz. Cizyə mükkəlləfi, mali vəziyyətinə görə üç sinfə bölünür: “Əla”, “Əvsat”, “Ədna” – zəngin, orta vəziyyətli, kasıb.

Hz. Ömər (ra), Səvat fəthi əsnasında zimmi vətəndaşın vəziyyətlərinə görə adam başına 48, 24 və 12 dirhəm gümüş, və ya 4, 2, 1 dinar qızıl olmaqla cizyə almışdır.232

Cizyə, ildə bir dəfə ödənir. Fəqət xalqa asanlıq olması baxımından iki kreditlə alındığı da olmuşdur.

Necə ki, Peyğəmbərimiz (səs) dövründə Nəcran xalqından iki kreditlə alındığı məlumdur.

Vətəndaşın, zimmi sakinlərindən alınan cizyə, mükəlləfin müsəlman olması ilə sona çatır. Çünki, müsəlman olan kimsədən cizyə alınmaz.

İslam hüququ, mali mövzularda dövlət başçılarına geniş səlahiyyətlər verirdi. Bunun üçündür ki, köhnə klassik hüquqşünaslar (İbn Xas) kimi cəmiyyətin mənafeyi və rifahı üçün, həm yeni vergi qoymaq, həm də mövcud vergilərin nisbətini çoxaltmaq caizdir deyirlər. Yenə onlara görə, həzrəti peyğəmbər tərəfindən təyin edilən zəkat nisbəti, ən az məhdudiyyəti bildirirdi. Hökümətlər zərurət halında müvəqqəti olaraq yeni vergilər (Nəvaib) qoya bilərlər. Qıtlıq və quraqlıq illərində minimum dolanış miqdarı özlərinə baxılmaq və istisna edilmək surətiylə varlıların bütün mallarını əhatəsinə alacaq şəkildə vergi qoya bilər və bunu ehtiyac sahibi olanlara bölüşdürə bilərdilər. Fəqihlər həmin fikir və anlayışa bu hadisədən başlayıb gəlmişlər:

Bir gün bir səfərdə Mədinədən uzaqda olduğu bir vaxtda, birliyə aid ərzaq tamamən tükənir. Hz. Peyğəmbər (səs) buyurur: “-Kimin yanında bir azuqə, bir parça çörək, xurma və s. varsa hamı gətirsin. Bu əmr dərhal və istisnasız yerinə yetirildi, Hz. Peyğəmbər (səs), gətirilən bu yeməkləri bərabər miqdarda hamıya payladı”.233




  1. XƏRAC

İslam hüququna görə xərac, əraziyi-xəraciyyəni əkib-becərən, vətəndaşı əlaqələndirməklə yanaşı, ümumiyyətlə bu vəziyyətdə olan qeyri-müslimləri daha çox cəlb edən mühüm bir vergidir. Ərazi vergisi olaraq xərac tarixin keçmiş dövrlərindən bəri məlumdur.234

Lüğət olaraq xərac kəlməsi, vergi, torpaq vergisi, torpaq və sərmayə gəliridir. Cizyə mənasında işlədildiyi də olmuşdur. Termin olaraq isə qeyri-müslim vətəndaşlardan alınan vergiləri ifadə edir. Bu vergilər də iki qismdir:

1- Xəraci-Rü’us,

2- Xəracül-Ərz.
Xəraci-ərz deyilən ərazi xəracı da iki qismə ayrılır.

Bunlar:


a-Xəracül-müqasəmə (Müəyyən bir faizlə ödənilən məhsul vergisi):

Ərazinin məhsulundan yerin təhəmmülünə görə onda birdən yarıya qədər alınmaq üzrə təyin olunan miqdardır. Alınacaq olan xərac miqdarı heç bir zaman hasilatın yarısını keçə bilməz. Bu xərac çeşidi tamamilə təsərrüfat məhsuluna aiddir. Əgər təsərrüfat məhsulu yoxdursa, xərac alınmaz. Əksinə, təkrar məhsul alınarsa, xərac da təkrar ödənər.


b- Xəracül-vəzifə (Müəyyən bir məbləğ şəklində ödənilən məhsul vergisi):

Təsərrüfata əlverişli ərazidə, yenə yerin münbitliyinə görə icarəyə verilən müəyyən hektarlar üzərinə qoyulan pul və ya buna bənzər şərtlərdir. Beləliklə, bir ərazini işlədən əkinçi, əlindəki torpaqda əkinçilik etməməklə bu vergidən azad ola biməz. Bunun əksinə ərzində hasilat təkrarlansa belə, icarə olaraq öhdəsinə götürdüyü vergidən başqasını ödəməz.235

Hz. Peyğəmbər (səs) dövründə qeyri-müsəlmanlardan “cizyətül-ərz” adı ilə toplanan həmin vergi Quranda da zikr edilmişdir.236 Bundan başqa Hz. Peyğəmbərin vergi məmuru olan Ala ibn Xadraminin Bəhreyndə müsəlmanlardan öşür, qeyri-müsəlmanlardan xərac aldığını bilirik.237

İslam hüququna görə, sərf edilən yerlər, müəyyən edilmiş olan öşrə əvəz xəracın sərf ediləcəyi yerlər mövzusunda dövlət başçısına geniş bir sərbəstlik verilmişdir.238


3- DİGƏR VERGİLƏR
İslam vergi sisteminə görə dövlətin vətəndaşlarından alınan vergilər, sadəcə yuxarıda izah edilənlər deyildir. Adı çəkilən vergilərdən başqa bəzi vergilər də vardır ki, bunlar dövlət üçün əhəmiyyətlidir. Onun üçün biz də bunların qısaca təriflərini və mahiyyətlərini izah etmək istəyirik.
1- Qənimət

İslam dövlətinin varidatından biridir. Müharibədə düşmənlərdən zorla alınan hər şeyi ifadə edir. Qənimətin 1/5-i dövlətə aid olub, qalanı qazilər (müharibədə iştirak edənlər) arasında bölüşdürülür. İslamda ilk qənimət Bəni-Kaynuka müharibəsində alınmışdır.


2- Gömrük

İslam dövlətinin gəlirlərindən biri də şübhəsiz gömrük vergiləridir. Hz. Ömər (ra) zamanından etibarən tətbiq edilən bu üsula görə müsəlman tacirlərdən 2,5 %, zımmidən (müsəlman olmayanlardan) isə 5 % və hərbçilərdən 10% nisbətində alınırdı.


3- Feyy

Müharibədə hiylə ilə öldürmə və basqın kimi güc gəlmə olmadan düşməndən alınan hər şey bunun şümuluna daxildir. Qənimətdə olduğu kimi bunun da 1/5-i dövlətə aiddir.


4- Kənz

İslam dövlətinin müəyyən və mütəmadi olmayan gəlirlərindən biridir. Yer altından çıxarılan hər şeyə itlaq olunur ki, bunun 1/5-i dövlətin, qalanı tapanındır.




5- Sədəqəyi-Fitr (Fitrə)

Bir növ vergi deyə biləcəyimiz sədəqəyi-fitr müsəlman olan hər kəsə, kişi, qadın, böyük, kiçik, azad və köləyə vacibdir. Ramazan orucunun təharəti, “ təmizliyi” demək olan fitrə kasıblara yardım üçün məşru qılınmışdır. Sərf edilmə yerləri zəkatın sərf edilmə yeridir.239



4-BEYTÜLMAL

İslam dünyasında, dövlətin bütün mali divanlarının üzərində olan və dövlətin ümumi maliyyəsini təmsil edən müəssisəyə beytül mal deyilir. Lüğəti mənası: “mal evi” demək olan bu ifadə dövlət xəzinəsi və maliyyə dairəsinə məxsus mal mənasındadır ki, bu gün buna büdcə deyilir

Bu ifadə, həm maliyyə işlərinin idarə edildiyi binaya, həm də dövlət maliyyəsinə dəlalət edir. Beytülmal, dövlət əlində toplanan malların tamamını özündə birləşdirən xəzinədir ki, ilk zamanlarda mücərrəd bir məfhum ikən Xəlifə Hz. Ömər (ra) dövründə şəxsi bir mahiyyət almışdır. Bilindiyi kimi, Hz. Ömər (ra) dövründə gəlir qaynaqları artaraq Mədinəyə çox miqdarda pul və mal gəldiyindən, bunların mühafizə və qorunması üçün bir xəzinə təsis edilərək ona “beytülmal” adı verilmişdi. Hz. Ömər (ra) dövründə də bu ifadə işlədilirdi.

Beytülmal üçün ayrılan mallar hüquqi baxımdan iki qismə bölünür. Bunlar:

1. Sədəqə Beytülmalı,

2. Xərac Beytülmalı.

Ümumiyyətlə Beytülmalın gəlir və vəzifələri haqqında tələqqiyə görə İslam ölkəsində sahibi müəyyən edilə bilməyən hər şey beytülmala aiddir. Vətəndaşın mənfəəti üçün Beytülmal bunları lazım olan yerlərə sərf etməyə məsuliyyət daşıyır.

Bu izaha görə Beytülmalda toplanan malların: 1- Sədəqə, zəkat və torpaq öşründən alınan öşür də buna daxildir. 2- Qənimət, müharibələrdə ələ keçirilən mallardır.

Beytülmalın gəlirləri isə aşağıda göstərilən yerlərə sərf edilirdi. Bunlar:


  • Dövlət məmurlarının maaşları,

  • Hərbi xərclər (əsgərlərin maaşları da daxil olmaqla),

  • Suvarma işləri,

  • Əkinçilik və başqa məqsədlərlə su kanalların çəkilməsi,

  • Məhbusların yemə və içmələrini təmin etmək, öldükldə təkfin və təchizini öhdəyə götürmək.

  • Əsgəri ləvazımat, avtomobil və digər vasitələrini təmin etmək

  • Elm adamlarına müxtəlif vasitələrlə maliyyə yardımı etmək.

Daha əvvəl də ifadə edildiyi kimi Beytülmal bütün maliyyə divanlarının başında duran və dövlətin maliyyəsini təmsil edən bir müəssisə idi. Lakin, zaman keçdikcə müxtəlif növ vergilərin ayrı-ayrı dairələrdə toplanıb sərf və idarə edilməsi beytülmala düşən vəzifələri son dərəcə azaltmışdır. Buna görə qaynaqlarda Beytülmal yerinə daha çox onun vəzifə və təsirlərindən böyük bir qismininin dövr etdiyi divanlardan bəhs edilir. Həqiqətən divanlar, iqtisadiyyat və maliyyə sahəsində bilavasitə fəal bir rol oynayırdılar. Bu səbəbdən müdirlər, beytülmalın sədri tərəfindən deyil, bilavasitə xəlifə və ya vəzir tərəfindən təyin edilirdi.

X F Ə S İ L

İSLAM MƏDƏNİYYƏTİNDƏ



XEYRİYYƏ MÜƏSSİSƏLƏRİ

XEYRİYYƏÇİLİK


Maddi bir qarşılıq gözləmədən başqalarına yardım etmək kimi ülvi bir düşüncənin nəticəsi olan xeyriyyəçilik, yüz illərdən bəri İslam ölkələrində böyük bir əhəmiyyət qazanmış ictimai və iqtisadi həyat üzərində dərin izlər buraxmış olan dini və hüquqi bir müəssisədir. İnsan fitrətində mövcud olan yardım hissi şübhəsiz ki, insanlıq tarixi qədər qədimdir.

Həmin hiss dini əmr və hökmlərlə birləşəndə daha çox qüvvət kəsb edir. İslam ölkələrində xeyriyyə müəssisələrinin əsrlərcə böyük bir funksiya icra etməsinin səbəbini əlbəttə, dini hissdə axtarmaq lazımdır. Çünki,: “İsnanların ən xeyirlisi insanlara faydalı olan, malın ən xeyirlisi Allah yolunda xərclənən, vəqfin ən xeyirlisi də insanların ən çox ehtiyac olduğu şeylərə cavab verəndir” prinsipinin mənasını çox yaxşı bilən müsəlmanlar bu yolla gəlib bir-birləriylə demək olar ki, yarış edərək bir çox xeyriyyə müəssisələri yaratmışlar.240

Xeyriyyə müəssisələri Allah rizasını qazanmaq üçün varlı adamlar tərəfindən təsis edilən və mənfəəti tamamilə ehtiyac sahiblərinə təxsis edilən müəssisələrdir. Belə bir müəssisəni təxsis etmək isə daha əvvəl sahib olduğu mülkü tamamilə əldən çıxarıb, onu Allahın mülkü halına gətirmək deməkdir.


Allah yolunda xərclənən mallarda könül razılığı çox mühümdür. Çünki, ayədə belə buyurur:

Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir.”241



Hədisi-Şərifdə isə belə buyurulur:

İnsan öldüyü vaxt üç səhifəsi istisna edilib əməl dəftəri bağlanır. Açıq qalan əməl səhifələrindən biri sədəqəyi-cariyədir; digəri insanın faydalanacağı elmdir; üçüncüsü də valideynə dua edən xeyirli bir övladdır.”

İslam alimləri əksəriyyətlə sədəqəyi-cariyə ilə xeyir müəssisələrini -yəni vəqflərin qəsd edildiyini bəyan etmişdirlər. Sədəqəyi cariyə, Allah rizası üçün xidmət göstərən bir yadigar qoymaqdır. Bu, elm və irfan yuvaları təsis etmək, yol, körpü, kitabxana, məscid, məktəb və s. kimi müəssisələr yaradaraq insan yetişdirmə və bütün fədakarlıqlara əl ataraq xeyirli bir övlad böyütməkdir.

Allah yolunda və onun rizası istiqamətində edilən xeyirlərin bərəkəti, niyyətlə ölçülür. Mühüm olan qəlbin ixlas və təqva üzrə olmasıdır. Çünki, Allah Təala öz rizası istiqamətində edilən ən kiçik bir xeyirə belə çox böyük bərəkətlər ehsan edir.

Ayəti-Kərimədə belə buyurulur:

Mallarını Allah yolunda edənlərin halı, yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır. Allahın lütfü genişdir. O, hər şeyi biləndir.”242

Əgər, vəqf şüuru olmasaydı, bu günə qədər edilən bir çox elm və xeyir xidmətləri belə geniş şəkildə həyata keçirilə bilməzdi və eləcə də cahanşümul bir mədəniyyət meydana gətirə bilməzdi.243
İndi vəqflər başda olmaqla bəzi xeyriyyə müəssisələrindən bəhs edəcəyik:


1   ...   6   7   8   9   10   11   12   13   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə