AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu




Yüklə 411.94 Kb.
səhifə6/6
tarix24.02.2016
ölçüsü411.94 Kb.
1   2   3   4   5   6

Qərardan şikayət etmək hüququ

Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir. Şikayətlər qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə verilə bilər.



Müraciətə baxılma müddəti

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır. Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz qərarlarına və hərəkətlərinə dair müraciətlərə dərhal baxılmalıdır. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır.



Bu Qanunun pozulmasına görə məsuliyyət

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsiri olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar. Vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir.



Qanunvericilik

Müəyyən bir qanun haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.



Azərbaycan Respublikasının normativ hüquqi aktlarının anlayışı

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının qanunlarının və başqa normativ-hüquqi aktlarının hazırlanması, qüvvəyə minməsi, şərhi və bunlarla əlaqədar müvafiq dövlət orqanlarının qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir.

1. Azərbaycan Respublikasının normativ hüquqi aktı səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir.

2. Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.
Normativ xarakterli aktlar

Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:

1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6, 8-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;

3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;

4. Azərbaycan Respublikası Milli Bankının qərarları;

5. Milli Televiziya və Radio Şurasının qərarları.
Normativ hüquqi aktların tətbiq edilmə qaydası

Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur.


Normativ hüquqi aktların qəbul edilməsinin hüquqi əsasları

1. Azərbaycan Respublikasında normativ hüquqi aktların qəbul edilməsi qaydası Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilir.

2. Müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının baxılması, qəbul edilməsi və təsdiqi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar

Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilir.


Normativ hüquqi aktların rekvizitləri

Normativ hüquqi aktın aşağıdakı rekvizitləri olmalıdır:

1. normativ hüquqi aktın adı (qanun, fərman, qərar və s.);

2. tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (başlığı);

3. normativ hüquqi aktın qəbul edildiyi tarix və yer;

4. müvafiq normativ hüquqi aktı imzalamaq səlahiyyəti olan şəxsin imzası;

5. normativ hüquqi aktın nömrəsi.
Normativ hüquqi aktın strukturu

1. Özündə hüquq normalarını əks etdirən maddə və ya bənd normativ hüquqi aktın əsas struktur elementidir. Hüquq normaları «maddə» adı altında maddələr şəklində qanunlara daxil edilir. Digər normativ hüquqi aktlar «bənd» sözü yazılmadan bəndlərdən ibarətdir.

2. Normativ hüquqi aktların məzmunca yaxın maddələri (bəndləri) fəsillərdə birləşə bilərlər. Məzmunca yaxın olan bir neçə fəsillər bölmələrdə birləşə bilərlər.

3. Normativ hüquqi aktın maddələri ayrı-ayrı hüquq normalarını əks etdirən bəndlərə, bəndlər isə yarımbəndlərə bölünə bilər. Maddə, bənd və yarımbəndlərin daxilində abzaslara ayrılan hissələr ola bilər.

4. Məcəllənin daxili strukturu digər əsaslarla qurula bilər.

5. Normativ hüquqi aktın qəbul edilməsinin məqsəd və səbəblərini, onun qarşısında duran əsas vəzifələri izah etmək zərurəti olan hallarda normativ hüquqi akta giriş hissəsi (preambula) verilir.

6. Zəruri hallarda normativ hüquqi aktda istifadə edilən termin və anlayışların mənasını izah edən maddə həmin normativ hüquqi akta daxil edilə bilər.

7. Normativ hüquqi aktın fəsilləri və maddələrin adları olmalıdır.

8. Həcmcə kiçik, fəsilsiz olan normativ hüquqi aktın maddələri abzas ola bilər.

9. Normativ hüquqi aktın strukturuna əlavələr daxil edilə bilər.

10. Məcəllənin, zəruri halda həcmcə iri normativ hüquqi aktın strukturuna mündəricat daxil edilir.
Normativ hüquqi aktın qüvvədə olma müddəti

1. Normativ hüquqi akt, onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz

qüvvədə olur.

2. Akt bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti qüvvədə ola bilər. Bu halda aktda onun və ya onun müvafiq hissəsinin qüvvədə olma müddəti göstərilir. Göstərilən müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi əlavə elan olmadan qüvvədən düşür. Göstərilən müddət qurtaranadək aktı qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin artırılması və ya ona müddətsiz xarakter verilməsi haqqında qərar qəbul edə bilər.


Normativ hüquqi aktın qüvvəsinin itirilməsi

1. Normativ hüquqi akt (onun hissəsi) aşağıdakı hallarda öz qüvvəsini itirir:

1.1. müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda;

1.2. əvvəllər qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda;

1.3. əvvəllər qəbul edilmiş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə zidd olduqda;

1.4. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—3, 6, 8-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edildikdə;

1.5. aktı qəbul etmiş və ya qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətləri almış orqan tərəfindən onun qüvvədən düşməsi və yaxud dayandırılması barədə qərar qəbul edildikdə.

2. Normativ hüquqi akt onu qəbul etmiş orqanın aktı ilə və ya bunun üçün

qanunvericiliklə müvəkkil edilmiş orqanın aktı ilə qüvvədən düşmüş hesab edilir.
Normativ hüquqi aktların məkana və subyektlərə görə qüvvəsi

1. Normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati-ərazi vahidinin ərazisində qüvvədə olur.

2. Normativ hüquqi aktların qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir.


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR


  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  • Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 15 dekabr 1992-ci il

  • Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi

  • Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu 8 iyun 1999-cu il

  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi

  • Turizm haqqında Azərbaycan Respublikasının Qanunu 4 iyun 1999-cu il

  • İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu 19 sentyabr 1995-ci il

  • Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu 12 iyun 1998-ci il

  • Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu 5 iyun 1996-cı il

  • Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunu 30 sentyabr 1998-ci il

  • Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu 10 iyun 1997-ci il

  • Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu

  • Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanunu 26 noyabr 1999-cu il

www.google.az www.firststeps.az www.turizm.az



www.mct.gov.az www.eco.gov.az www.constcourt.gov.az

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə