AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu




Yüklə 411.94 Kb.
səhifə2/6
tarix24.02.2016
ölçüsü411.94 Kb.
1   2   3   4   5   6

Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir.

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

Sahibkarlıq fəaliyyətinin dayandırılması

Sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı sahibkarın özü qəbul edə bilər. Antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barəsində təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll edilir.


Lisenziya

1. Lisenziya — təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə (bundan sonra — «ərizəçi») müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir. 

2. Aşağıdakı fəaliyyət növləri üzrə ərizəçinin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı lisenziyanın əlavəsində göstərilir:

▪ tibb fəaliyyəti;

▪ dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işləri;

▪ dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi;

▪ dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri.

3. Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli (çoxyönümlü) olduqda, o bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilər. 

4. Xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

5. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

6. Fərdi əmək müqaviləsi (kontrakt) və ya tapşırıq əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılır.

7. Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidirir. 

8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi: 

▪ lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayır;

▪ lisenziyalaşdırma məsələləri üzrə normativ hüquqi aktların layihələrini hazırlayır;

▪ dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalaşdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarət edir və lisenziyalaşdırma qaydalarının tətbiqinə dair izahatlar verir;

▪ lisenziya verən dövlət orqanlarına metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirir;

▪ lisenziyalaşdırma sahəsində sənədlərin formasını və onların doldurulması qaydalarını müəyyən edir;

▪ ölkədə vahid lisenziya reyestrini aparır;

▪ lisenziya blanklarının hazırlanmasına sifariş verir, onların bölgüsünü həyata keçirir, blankların istifadəsinin uçot və hesabatlarını aparır.  

9. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin lisenziyalaşdırma məsələləri üzrə sərəncamı mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir.

Lisenziyada aşağıdakılar göstərilir:

1. Lisenziya verən dövlət orqanının adı. 

§        hüquqi şəxslər üçün — lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;  

§        fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı); 

2. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü; 

3. lisenziyanın qüvvədə olma müddəti; 

4. Lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi. 

Lisenziya və lisenziyanın əlavəsi lisenziyanı verən dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.



Lisenziyanın müddəti

1. Lisenziya 5 il (alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı üçün 3 il, idxalı üçün isə 1 il) müddətinə verilir. 

2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. 

3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.


Vergi münasibətləri

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi manatla hesablanır və ödənilir.

     Dövlət vergi idarəçiliyinin mahiyyətini incələsək, onun ümumi idarəçilik nəzəriyyəsinin bir tərkib hissəsi olduğu qənaətinə gələrik. Dövlət vergi idarəçiliyi ictimai-siyasi, iqtisadi və sosial elmlərin müddəalarına əsaslanır. Onun əsasında ümumi prinsiplər, nəzəri və metodoloji qaydalar və sistemli yanaşma və təhlilin müddəaları durur. Vergi idarəçiliyini yuxarı dövlət orqanları həyata keçirir. Bunlara vergi orqanları, gömrük orqanları, maliyyə orqanlarını misal göstərmək olar. Vergi idarəçiliyi sahəsində qanunvericilik bazası kimi isə Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və s. qanunlar toplusu çıxış edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi respublikanın vergi sistemini, vergiqoymanın ümumi prinsiplərini, vergilərin ödənilməsi qaydasını və s. müəyyən etməklə yanaşı, vergi orqanlarının və onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini müəyyən edən normaları da özündə əks etdirir. Həmin normalar vergi orqanlarının fəaliyyətinin hüquqi bazasını təşkil edir.

Vergi hüququ dedikdə vergi münasibətlərini tənzimləyən qanunların məcmusu başa düşülür. Vergi hüququnun predmeti vergilərin təyin edilməsi və tutulması zamanı dövlətlə vergi ödəyiciləri arasında yaranan münasibətlərdir. Vergilərin növlərini, onların tutulması qaydasını, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələrini müəyyən edən qanunlar və normativ sənədlər vergi hüququnun mənbələri kimi çıxış edirlər. Vergi hüquq münasibətlərinin subyektləri dövlət vergi orqanları və vergi ödəyiciləridir.

Vergi orqanları müvafiq hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş dövlət idarəçilik və nəzarət orqanlarıdır. Vergitutmanın idarə edilməsinə bir sıra dövlət hakimiyyəti orqanları cəlb edilirlər. Azərbaycan Respublikasında vergilərin idarə edilməsi ali hakimiyyət orqanlarının-Milli Məclisin, Prezident Aparatının, Nazirlər Kabinetinin və hüquq-mühafizə səlahiyyəti istisna olmaqla, vergiqoyma sahəsində hakimiyyət səlahiyyətlərinə malik dövlət orqanlarının üzərinə qoyulmuşdur. Hazırda bu orqanlar aşağıdakılardır:

-dövlət vergi orqanları;

-maliyyə orqanları;

-gömrük orqanları;

-büdcədənkənar dövlət fondları.

Azərbaycan Respublikasında yalnız bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək və vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir.


Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları

1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.

2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.

3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.

4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.

5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.

- Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.

- Azərbaycan Respublikasına gətirilən mallar üçün həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür.

7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.

8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.

10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.

3. Ətraf təbii mühit və hüquq – Ətraf təbii mühit insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusudur.



Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

Əsas terminlər və anlayışlar

Bu Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:

ekologiya — ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm;

təbii resurslar (ehtiyatlar) — insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;

ətraf mühitin mühafizəsi — ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması;

təbiətdən istifadə — gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;

ətraf mühitin monitorinqi — təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi;

ekoloji sistem — qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir;

ətraf mühitin ekoloji tarazlığının normalaşdırılmasıinsan yaşayışı üçün ətraf mühitin yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi;

ətraf mühitə zərərli təsir ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət;

ətraf mühitin keyfiyyət göstəriciləri səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri.

Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və vəzifələri

1) Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları:

1. hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;

2. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;

3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq;

4. müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirlər həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək;

5. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək;

6. ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək;

7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək;

8. insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək;

9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq;

10.qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək.

2) Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.

Ətraf mühitin zərərli fiziki təsirdən mühafizəsi

Təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli fiziki təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər.

Şəhərlərin və başqa yaşayış məntəqələrinin planlaşdırılmasında və tikintisində, istehsalat və başqa obyektlərin layihələşdirilməsində, tikintisində və yenidən qurulmasında, yeni texnologiyanın, nəqliyyat və rabitə vasitələrinin yaradılmasında, ətraf mühitin ekoloji tarazlığının qorunması nəzərə alınmalıdır.

Ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi

1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır.

2. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər.

3. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir.

4. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

5. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı, tullantılar haqqında normativ-hüquqi aktlarla müəyyən edilir.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Ekoloji Cinayətlər müəyyən olunur. Bunlar aşağıdakılardır:

İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma, Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma, Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, Suyu (su mənbələrini) çirkləndirmə, Atmosferi (havanı) çirkləndirmə, Dəniz mühitini çirkləndirmə, Sahilyanı şelf Azərbaycan Respublikasının qanunvericiliyini pozma, Torpaqları korlama, Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma, Balıqları və başqa su heyvanlarını qanunsuz tutma, Balıq ehtiyatlarının qorunması qaydalarını pozma, Qanunsuz ov etmə, Qanunsuz ağac kəsmə, Meşələri məhv etmə və ya korlanma, Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma.
4. Əmək hüququ, sosial müdafiə hüququ – Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bu Məcəllə əmək münasibətlərində tərəflərin:

hüquq bərabərliyinin təmin edilməsi;

mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;

maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;

əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

1. Müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı, nümayəndəliyi.

2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

4. Əmək kollektivi - işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi.

5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

6. Kollektiv müqavilə - işəgötürənlə, əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilə.

7. Kollektiv saziş - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma.

8. İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

9. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.

10. Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi.

11. Əmək şəraiti - işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.

12. İşçilərin nümayəndəli orqanı - əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri).

13. İşəgötürənlərin nümayəndəli orqanı - sahibkarlıq fəaliyyətləri ilə əlaqədar sosial-iqtisadi hüquqlarını, mülkiyyət, istehsal və əmək münasibətləri ilə bağlı mənafelərini müdafiə etmək məqsədi ilə işəgötürənlərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən birliklər.

14. Kollektiv tələblər - kollektiv müqavilələrin, sazişlərin bağlanması, onlara dəyişikliklərin edilməsi və icrası, habelə digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı işçilərin, ya da həmkarlar ittifaqları orqanının işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü tələblər.

15. Kollektiv əmək mübahisəsi - kollektiv tələblərdən törəyən fikir ayrılığı.

16. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin, sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığı.

17. Tətil - kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü imtina etməsi.


Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları

Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 

a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;

b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;

ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;

e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;

ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;

f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;

g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;

ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;

h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;

x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;

ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;

i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;

k) qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

l) qanunvericiliklə müəyyən edilmiş hallarda və şərtlərlə (güzəştlərlə) pensiya təminatından, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək;

m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;

n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə