Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti Tarix fakultəsinin




Yüklə 187.75 Kb.
səhifə2/2
tarix23.02.2016
ölçüsü187.75 Kb.
1   2

V Fəsil
Stalinlə ixtilal xatirələri və II mühacirət
Cümhuriyyətin devrilməsindən sonra M.Ə.Rəsulzadə may ayının sonlarına qədər Bakıda, daha sonra isə Lahıcda gizlənməli olmuş və həmin il avqustun 17-də Lahıc yaxınlığında – Qaraməryəmdə həbsə alınaraq Bakıya, Bayıl həbsxanasına gətirilmiş, “Osobı otdel” bölməsində xüsusi nəzarət altında saxlanılmışdır. M.Ə.Rəsulzadənin həbsi Bakıda böyük həyəcan doğurmuş, xalqın qəzəbindən qorxan bolşeviklər mətbuat vasitəsilə izahat verməyə məcbur olmuşlar. Hətta İran inqilabçılarından Heydər Əmioğlu N.Nərimanov təhdid edərək “ M.Ə.Rəsulzadənin başından bir tük əskik olsa, görərsiniz”, -demişdi.

Həmin il noyabr ayının əvvələrində Vladiqafqazda olan İ.V.Stalin M.Ə.Rəsulzadənin həbs olunması xəbərini alaraq xüsusi qatarla heç kəsə bildirmədən Bakıya gəlmiş və XI Qızıl Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR Millətlər Komissarlığı adından dostunun həbsdən azad olunması barədə göstəriş vermişdir. Bunula 1905-ci idə onu ölümdən qurtaran M.Ə.Rəsulzadənin qarşısında vicdani borcunu yerinə yetirən İ.V.Stalin əski mücadilə yoldaşını özü ilə Moskvaya apararaq eyni zamanda onu gələcəkdə gözləyən təhlükədən xilas etmişdir. Moskvaya yola düşməzdən qabaq ona iki saatlığa ailəsi ilə görüşmək imkanı verilmişdir. M.Ə.Rəsulzadə ailəsi, uşaqları ilə görüşmüş və həmişəlik olaraq onlardan ayrılmışdır...

M.Ə.Rəsulzadə Moskvada komissarlığa tabe olan Şərqşünaslıq institutunda eyni zamanda fars dilindən dərs demişdir. Bu illərdə İran dövlətinin nümayəndə heyəti tərkibində ticarət əlaqələri yaratmaq üçün Moskvada olan əski mücadilə yoldaşı S.H.Təqizadə ilə görüşləri onun gələcək taleyində mühüm rol oynamışdı.

M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” əsəri onun yaradıcıllığının Moskva dövrünü araşdırmaq baxımından əhəmiyyətlidir. Həmin əsərin “Bir məqalənin macərası” bölməsində oxuyuruq: “Dadaş Bünyadzadə Moskvaya gəlişində məni ziyarət etmiş, əlifba məsələsindəki görüşümü bir layihə halında yazmağı xahish etmiş və bu layihənin Azərbaycanda müdafiəsini şəxsən üzərinə götürəcəyinə vəd etmişdi. Mən məsələ haqqındakı görüşlərimi bir məqalə şəklində Moskvada Millətlər Komissarlığı tərəfindən nəşr olunan “Jizn nasionalnostey” qəzetində nəşr etdirdim”. Məqaləni yenidən nəşr edən bu qəzet sonunda öündən bir-iki cümlə əlavə etmiş və bu əlavə cümlələrdə “əlifbanı” islah xüsusundakı fikirlərimizin kommunizmin müvəffəqiyyətlə yaymaq niyyətindən irəli “gəldiyi” də göstərilmişdir.

Ədəbi yaradıcıllığının Moskva dövrünü səciyyələndirən başqa bir fakt da vardır. Belə ki, Millətlər Komissarlığının orqanı olan “Novıy Vostok” jurnalının 1922-ci il 1-ci nömrəsində növbəti sayında M.Ə.Rəsulzadənin “Qədin İranın kommunistləri” adlı məqalənin dərc olunacağı bölmədə məlumat verilmişdir. Bu faktı ədib “Stalinlə ixtilal xətirələri” əsərində də xatırlamağı vacib bilmişdi. Bu məqsədlə “Vostok” adı ilə Pavloviçin idarəsində çıxan qalın bir məcmuədə nəşr edilmək üçün Sasanilər dövründəki məşhur Məzdək hərəkatı haqqında məqalə qələmə almışdı. Lakin təəssüf ki, məqalə jurnalın həmin sayında dərc edilməmişdir. Bu fakt M.Ə.Rəsulzadənin həmin dövrdə artıq mühacirətdə getməsi ilə bağlıdır.

M.Ə.Rəsulzadənin mühacirətə getməsi səbəbləri də müxtəlif cür izah olunmaqdadır. Bəzilər qeyd edirlər ki, labüd repressiyalardan xilas etmək üçün İ.V.Stalin onun mühacirət etməsinə imkan yaratmışdı. Bəziləri isə bunu M.Ə.Rəsulzadənin şəxsi təşəbbüsü ilə bağlayırlar. Lakin mühacirətin düzgün təfsilatı görkəmli Azərbaycan ədəbiyyatşünası Əbdülvahab Yurdsevərin (1898-1976) böyük siyasi liderin vəfatı münasibəti ilə yazdığı xatirə yazısında öz əksini tapmışdır. Ə.Yurdsevər qeyd edir: “Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü, mərhum Rəhimbəy Vəkilov (1897-1937) və bakı əsgəri təşkilatının rəisi, şəhid olmuş Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək sürətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oardan tatar maarifçilərindən Musa Cərullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən keçərək Finlandiyaya qaçırılması təmin edilmişdir”.

Bir ay Finlandiyada qaldıqdan sonra Əlimərdan bəy Topçubaşovun təşkil etdiyi pasport və viza ilə Fransaya, oradan isə Türkiyəyə getmişdir.

M. Ə. Rəsulzadənin Turkiyədəki fəaliyyətini iki dövrə bölmək olar. Birinci dövr 1922-1931-ci illəri əhatə edir; İkinci dövr isə 1948-ci ildən başlayır. Hər iki dövrdə o, böyük çətinliklərlə qarşılaşmışdır. Mühacirət həyatının ağır şərtləri daxilində mübarizə aparmaq, maddi imkansızlıq, yurdsuzluq kimi çətinliklər içərisində yaşamaq və nəhayət kənar ölkə daxilində (Türkiyə olsun, yaxud Avropa olkələri) siyasi mücadiləyə uyğunlaşmaq çox çətin idi.

1922-ci ilin sonlarından M. Ə. Rəsulzadə İstanbulda fəaliyyətə başladı. M. Ə. Rəsulzadənin milli mücadilə tariximizdə ən böyük xidmətlərindən biri azərbaycanlı mühacirləri (o zaman mühacirlər iki qrupa bolunmuşdu: siyasi və qeyri-siyasi) birləşdirib toplamağı oldu. Parisdə, Tehranda, Almaniya, İtaliya, Fransada, Xorasan, Mazandaran, Qars, Ərzrum kimi şəhərlərdə nümayəndələrimizin, əski mühacirlərimizin olmasına baxmayaraq İstanbulda bu işi M. Ə. Rəsulzadə öz üzərinə götürmüşdü. O, ilkin olaraq Müsavatın Xarici ölkələr Bürosunu yaratdı. 1924-cu ildə Milli Mərkəz təşkil edib, müsavatçı olmayan siyasətçiləri də bir təşkilat halında birləşdirdi. Tezliklə butun Sovetlər Birliyini həyacana gətirən «Yeni Qafqasiya» jurnalını nəşr etdi. Aydə iki dəfə çıxan bu jurnalın məlum siyasi səbəblər üzündən sahibi və məsul müdiri kimi əslən Dağıstandan olan Seyid Tahiri görürük. “Yeni qafqasiya”nın səhifələrində M.Ə.Rəsulzadənin “Stalinə məktub”u dərc olunmuşdur.Şəxsən İ.V.Stalinə göndərilmiş həmin məktunda ədib mühacirətinin səbbələrini açıqlamış və Rusiyada gedən yeni imperiya siyasətini kəskin tənqid etmişdir.

Az müddət içərisində M. Ə. Rəsulzadə «Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü, şimdiki vəziyyəti» əsərini yazıb çap etdirdi. Əsər böyük maraqla qarşılandı. Vyanada çıxan «Doyce Ostrey - Xişe Taqes Saytunq» qəzetində, Türkiyədə çap edilən məşhur «Tan», «İqdam», «Axşam», «Əməl» mətbu orqanlarında əsərə yüksək qiymət verilirdi.

1924-cü ildə İstanbulda ədibin “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət”, 1928-ci ildə “İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi”, “Milliyət və bolşevizm”, “Qafqaziya türkləri” əsərləri çap olunmuşdur. Məqalələr toplusundan ibarət olan “Milliyət və bolşevizm” əsəri iki il sonra – 1930-cu ildə fars dilində İstanbulda nəşr edilmidir.

M.Ə.Rəsulzadə bu illərdə “Yeni Qafqaziya” (1923-1928) jurnalı ilə yanaşı, “Azəri-Türk” (1928-1931), “Odlu yurd” (1929-1930) jurnallarına və həftəlik “Bildiriş” (1929-1931) qəzetinə redaktorluq etmişdir. 1930-cu ilə onun Parisdə fransızca “Azərbaycan və istiqlaliyyəti”, rus dilində isə Varşavada “Panturanizm haqqında” kitabları çap olunmuşdur.

Bəzi tədqiqatçılar onu məşhur “Qulaq Arxipelaqları” əsərinin müəllifi A.Soljenitsınla müqayisə edirlər. Lakin ədalət naminə deyilməlidir ki, A.Soljenitsının yalnız sovet həbs düşərgələri ilə məhdudlaşan əsəri 50-60-cı illərin yekunudursa, M.Ə.Rəsulzadənin tədqiqatları isə hələ 20-ci illərin başlanğıcından ciddi, sistemli müşahidə, təhlil və yaradıcılıq axtarışlarının məhsuludur.

1924-cü ildə M.Ə.Rəsulzadənin rəhbərliyi altında Azərbaycan Milli Müsavat partiyası və Azərbaycan Milli Mərkəzi fəaliyyətə başladı. M.Ə.Rəsulzadənin fəaliyyəti başlıca olaraq iki istiqamətə yönəlmişdir: bir tərəfdən Azərbaycanın siyasi mücadiləsinin yürütmək, müstəqil dövlətin bərpası bərpası uğrunda mübarizə aparmaq, o biri tərəfdən onun elmi, mədəniyyəti, ədəbiyyatı ilə türk və dünya xalqlarını tanış etmək.

1931-ci ilin əvvəllərindən M.Ə.Rəsulzadə Azərbaycan mühacirətinin digər nümayəndələri ilə birlikdə Türkiyəni tərk edib Avropaya getməyə məcbur olur. İ.V.Stalin Sovet İttifaqının təhlükəsizliyini tam “təmin etmək” üçün gənc Türkiyə dövlətini bu işə təhrik edir. Berlində nəşr edilən “İstiqlal” qəzetinin ilk nömrəsində “Qısılmayan bir səs” adlı baş məqalədə bu hadisə haqqında məlumat vermişdir.

M.Ə.Rəsulzadə və Azərbaycan mühacirətinin digər nümayəndələrini o zamankı Polşa hökuməti qəbul edir. Polşada yaşadığı illərəd M.Ə.Rəsulzadənin redaktorluğu ilə Almaniyada ayda üç dəfə çıxan “İstiqlal” qəzeti (1932-1934) və “Qurtuluş” jurnalı (1934-1938) nəşr olunur.

Mühacirətdə M.Ə.Rəsulzadənin işlətmiş olduğu açıq və gizli imzalar əsasən aşağıdakılardır: “Mehmet Emin Resulzadə”, “Mehmet Emin”, “ M.Ə.Rəsulzadə”, “M.Əlif Rəsulzadə”, “Yalvac oğlu” və s.

M.Ə.Rəsulzadə Polşada yaşadığı illərdə Vanda (Leyla) adlı polyak qızı ilə evlənərək yenidən ailə həyatı qurmuşdur. O, ömrünün sonuna kimi bu qadınla yaşamışdır. M.Ə.Rəsulzadənin müxtəlif dillərdə olan dünya mətbutanı maneəsiz izləməsində, bir çox əsərlərinin Avropa dillərinə tərcümə olunmasında Vanda xanımın əvəzsiz xidmətləri olmuşdur.

M.Ə.Rəsulzadə 14 iyul 1934-cü ildə Brüsseldə sabiq Gürgüstan, Şimali Qafqaz respublikaları başçıları ilə birlikdə sovet imperiyasına qarşı birgə mübarizə məqsədini daşıyan “Qafqaz Konfederasyonu” mizaqını imzalamışd.

M.Ə.Rəsulzadənin ömrünün mühacirət illəri Əbdülvahab Yurdsevər, Mirzəbala Məmmədzadə, Məmməd Sadiq bəy, Mustafa bəy Vəkilov, Məhəmməd Əli Rəsuloğlu, Əhməd Cəfəroğlu, Azər Təkin, Kərin Odər, Abbasqulu Kazımzadə və başqa mücahidlər və Vətən fədailəri ilə bircə mübarizə cəbhəsində keçmişdir. Bir tərəfdən maddi vəziyyətin çətinliyi, digər tərəfdən vətəndən uzaqda, qürbətin zalımlığında təncə gəlmiş mübarizə yoldaşları arasınsa ideya ixtilafları partiyadaxili çəkişmələrə səbəb olmuşdur. Mühacirətdə M.Ə.Rəsulzadə əleyhinə Nağı Şeyxzamanlı ( “Biz və onlar”), Şəfi bəy Rüstəmbəyli (“ Yıxılan bütlər”, M.Ə.Rəsulzadənin “Şəfibəyçilik” adlı kitabcasına cavab olaraq, “Məhəmməd Əmin Rəsulzadənin fəci sükutu”), Şərafəddin Erəl ( “Azərbaycan politikaçılarının yanlışları”) və başqaları mütəlif əsərlər yazıb çap etdirmişlər. Bu əsərlərdən aydın olur ki, pul məsələsinə görə dəfələrlə onu böhtanlamağa çalışmışlar. Hətta bir təsadüf nəticəsində Varşava küçələrində itirdiyi pullara görə ona şübhə ilə yanaşanlar olmuşdur. Mübahisələrin bir kökü də liderlik üstündə olmuşdur. Vaxtilə ADR-in yaranmasında M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə mübarizə aparan Şəfi bəy Rüstəmbəyli mühacirətdə liderlik üstündə onunla ixtilafda olmuşdur. Firqəni daxilən parçalamaq istədiyinə görə səs çoxluğu ilə onun sıralarından xaric edildikdən sonra o, Xəlil bəy Xasməmmədovu və partiyanın bir neçə savatsız üzvlərini öz tərəfinə çəkərək Məhəmməd Əmin bəyi məhkəməyə dəvət etmiş, böyük siyasi xadim etika xatirinə bu təklifi cavabsız buraxmışdır.

Polşada yaşaığı illərdə M.Ə.Rəsulzadə müsavatçıların Milli Məclisini toplamış, 1936-cı ilin avqustunda çağrılmış qurultayda firqənin “Yeni proqram əsasları” qəbul olunmuşdur. Yeni proqramda sosial məsələlərə üstünlük verilir, ictimai baxış kimi “milli təsanüd”-birlik prinsipi əsas tutulurdu.

Polşanın almanlar tərəfindən istila edilməsi ilə bağlı Rumınyaya keçən M.Ə.Rəsulzadə burada ədəbi və ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. 1942-ci ildə Almaniya xarici işlər nazirliyinin Şərq müvəkkili Fon Şulenberqin dəvəti ilə (sonralar o, Hitler əleyhinə qəsddə təqsizləndirilərək edan edilmişdir) Berlinə gedən M.Ə.Rəsulzadə burada Almaniyanın səlahiyyətli dövlət adamları ilə Azərbaycan cümhuriyyətinin müqəddəratı ilə bağlı danışıqlar aparmışdır. Berlinin Adlon hotelində keçirildiyi üçün siyasi ədəbiyyata bu danışıqlar “Adloniada” kimi daxil olmuşdur. M.Ə.Rəsulzadə faşist Almaniyası ilə apardığı dialoqda Azərbaycan tərəfinin mövqeyini 12 maddəlik memorandumda ifadə etmişdir: Azərbaycanlıların alman həbs düşərgələrindən çıxarılması, onların yalnız sivil (mülki) işlərəd işlədilməsi, milli Azərbaycan ordusunun yaradılması, ordu başçısının azərbaycanlılardan seçilməsi, azərbaycanlıların Sovet imperiyasında yaşayan digər xalqlara qarşı deyil, yalnız ruslara qarşı vuruşması, qoşunlar Azərbaycana girən zaman milli ordunun daxil olmasının təmin olunması vəs s. Almaniya tərəfinin bu şərtləri qəbul etmədiyi təqdirdə M.Ə.Rəsulzadə faşizmin iç üzünü anlayır və Berlini tərk etmək qərarına gəlir. Şərqşünas alim pofessor Hervard Fon Mendenin onu avqusta kimi saxlaya bilir.

1643-cü ildə Buxarestə keçən M.Ə.Rəsulzadə bir il sonra sovet qoşunlarının hücumu ilə əlaqədar olaraq şəhəir tətk etmiş, İsveçrəyə keçmək üçün viz ala bilmədiyi təqdirdə Almaniyanın Frayburq şəhərinə sığınmışdır. Almaniyada olduğu müddətdə Azərbaycan əsirləri ilə əlaqə saxlamış, tez-tez onların yaşadıqları düşərgələrdə olmuşdur. O, mayor Əbdürrəhaman Fətəlibəyli Düdənginski (1908-1954) ilə birgə Azərbaycan legionun yaradılmasında mühüm rol oynamışdır.

Hərb illərini Avropanın müxtəlif ölkələrində keçirməyə məcbur olan M.Ə.Rəsulzadə 1947-ci ilin sentyabrında Türkiyəyə dönmüş (Atatürkdən sonra hakimiyyətə gəmiş İsmət İnönü ilə apardığı danışıqlar nəticəsində istəyinə nail olmuşdu) və ömrünün sonuna kimi Ankarada yaşamışdır.

1952- ci ildə Avropaya qısa bir müddətdə səyahətə çıxan M.Ə.Rəsulzadə orada “Qafqaz istiqlal komitəsi”ni qurmuş, Avropa radiostansiyaları ilə dünyaya müraciər etmişdir.

M.Ə.Rəsulzadə 1955-ci il mart ayının 6-da gecə saat onbirə on dəqiqə qalmış 72 yaşında Ankara universitetinin tibb fakültəsinin daxili xəstəliklər klinikasında şəkər xəstəliyindən vəfat etmişdir. Gözlərini dünyaya yumarkən o üç dəfə “Azərbaycan”- demişdir. Məhəmməd Əmin bəyin qəbir daşına onun məşhur “ Bir kərə yüksələn bayraq bir daha enməz” və “Millətlərə istiqlal, insanlara hüriyyət” kəlamaları həkk olunmuşdur. Bir də şair KərimYayçılının onun ölümünə həsr elədiyi “Batan günəş” şerindən:

Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal,

Onun məfkurəsiydi Haqq, Müsavat, İstiqlal! – misraları.


Nəticə
M. Ə. Rəsulzadə bütün fəaliyyəti dövründə Azərbaycan milli istiqlal mübarizəsinin ilhamçısı və təkanverici qüvvəsinə çevrildi. Uzun illər Azərbaycan mühitində milləti istibdad rejimindən xilasa çalışan şəxsiyyətlərimiz olsa da, M. Ə. Rəsulzadə İstiqlal mübarizəmizin çoxillik tarixi olduğunu müəyyənləşdirmiş, milli hərəkatın xarakterini aydınlaşdırmışdır. M. Ə. Rəsulzadəyə görə Azərbaycanın İstiqlal mübarizəsinin məzmun və prinsipləri aşağıdakı qaydalar üzrə formalaşmış və bu istiqamətlərdə də araşdırılmalıdır:

- birincisi, Azərbaycan milli istiqlal mübarizəsi çoxillik tarixə malikdir;

- ikincisi, ideoloji mənşəyi etibarı ilə milli Azərbaycan hərəkatı, Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkatdır;

- üçüncüsü, Azərbaycan milli istiqlal Mübarizəsi üç-beş adamın həyatı və adı ilə ölçülə bilməz; bu mübarizənin böyük fikir qurucuları və bu ideyaya bütün fəaliyyətləri ilə bağlanmış şəxsiyyətləri vardır;

- dördüncüsü, yaxın keçmişi, ideya və şəxsiyyətləri inkar etmək Azərbaycan milli istiqlal mübarizəsinin əhəmiyyətini kiçiltmək deməkdir;

- beşincisi, Azərbaycan milli istiqlal mübarizəsində şəxslərin mövqe və şərəfi, əsas ideologiyaya göstərdikləri sədaqət, bağlılıq və xidmətləri ilə mütənasibdir.



Azərbaycan milli istiqlal mübarizəsi tarixində M. Ə. Rəsulzadənin xüsusi yeri vardır.

Ədəbiyyat


  1. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı, 1991.

  2. Rəsulzadə M.Ə. Stalinlə ixtilal xatirələri. Bakı, 1991.

  3. Rəsuzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı,1990.

  4. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyətinin təşkilində “Müsavat”. Bakı, 1920

  5. Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti. Bakı, 1994.

  6. Rəsulzadə M.Ə. Əsərləri. I cild, 1903-1909 (Toplayanı və tərtib edəni prof. Hüseynov Ş.). Bakı, 1992

  7. Rəsulzadə M.Ə. Seçilmiş əsərləri. I cild. Bakı, 1997.

  8. Rəsulzadə M.Ə. Seçilmiş əsərləri. II cild. Bakı, 2001.

  9. Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı,1991.

  10. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, 1997.

  11. Sultanlı V. Ağır yolun yolçusu. Məmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti. Bakı, 1996.

  12. Sultanlı V. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı, 1998.

  13. İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı, 1996.

  14. İsmayılov M., İbrahimov M. El atası. Bakı, 1994.

  15. Azərbaycan tarixi. V cild. Bakı,2008 .

  16. Azərbaycan tarixi XIX-XXI əsrin əvvəlləri (ali məltəb tələbələri üçün mühazirələr kursu). Bakı, 2010.

  17. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I cild. Bakı, 1998

  18. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). II cild. Bakı, 1998






1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə