Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti Tarix fakultəsinin



Yüklə 187.75 Kb.
səhifə1/2
tarix23.02.2016
ölçüsü187.75 Kb.
  1   2
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti Tarix fakultəsinin

əyani şöbəsinin II kurs 008 qrup tələbəsi

Məmmədova Yüzdanənin Azərbaycanın yeni və

müasir tarixi kafedrası üzrə “Məmməd Əmin

Rəsulzadənin milli hərəkatımızda yeri və rolu”

mövzusunda

Kurs işi

Kafedra müdiri: A.Rzayev

Elmi rəhbbər: R.Məlikova

Plan


  1. Giriş ........................................................................................................................ 3



  1. I Fəsil: İlk mühacirətə qədər yaşananlar ................................................................ 5



  1. II Fəsil: Mühacirətdə yaşananlar ........................................................................... 10



  1. III Fəsil: Qayıdış və müstəqillik uğrunda mübarizə .............................................. 13



  1. IV Fəsil: AXC dövrü fəaliyyəti ............................................................................. 19



  1. V Fəsil: Stalinlə ixtilal xatirələri və II mühacirət .................................................. 28



  1. Nəticə ..................................................................................................................... 33



  1. Ədəbiyyat siyahısı .................................................................................................. 34

Giriş
Son zamanlarda Azərbaycanın XX əsr tarixinə - xüsusən 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə böyük maraq vardır. Bütün Şərq aləmində və türk dünyasında ilk demokratik Respublika qurmuş Azərbaycan xalqının bu şərəfli tarixinin öyrənilməsi şübhəsiz ki, əhəmiyyətlidir.

Qeyd olunmalıdır ki, bu Cümhuriyyətin qurulmasında, xalqımızın istiqlala qovuşmasında və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etməkdə aparıcı rol oynayan böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Bu mənada Azərbaycanın milli istiqlal mübarizəsi tarixində M. Ə. Rəsulzadənin, F. Xoyskinin, Ə. Topçubaşovun, N. Yusifbəylinin, H. Ağayev və başqalarının xidmətləri danılmazdır.

Azərbaycanın milli istiqlal mübarizəsi tarixində mühüm rol oynamış Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinin araşdırılması, həm də uzun illər sovet imperiyası dövründə düzgün istiqamətdə öyrənilməmiş bir dövrün ziddiyyətli məqamlarının açılmasına köməkdir. Azərbaycanda türkçülük fikrinin əsaslandırılmasında, milli dövlət quruculuğu yolunda ərazi muxtariyyatı tələbinin elmi-nəzəri cəhətdən irəli sürülməsində M. Ə. Rəsulzadənin böyük xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Milli Şurasının sədri və ölkənin parlamentinin «Müsavat» fraksiyasının başçısı olmuş görkəmli bir şəxsin fəaliyyətinin geniş tədqiqinə ehtiyac vardır.

M. Ə. Rəsulzadənin Azərbaycan istiqlalı tarixindəki fəaliyyəti bir-birinin əksində dayanan iki zidd konsepsiya - (milli-demokratik və bolşevik-kommunist) - əsasında araşdırılmışdır. Birinci konsepsiyaya aid ilk tədqiqatlar 1920-ci ilin 27 Aprel işğalından sonra - Türkiyə və Avropa ölkələrinə mühacirət etmiş Azərbaycanın ictimai-siyasi xadimləri, ziyalıları tərəfindən aparılmışdır. Bu baxımdan M. Ə. Rəsulzadənin özünün, M. B. Məmmədzadənin, M. Ə. Rəsuloğlunun, R. Vəkilovun, M. Kəngərlinin əsərləri, məqalələri, xatirələri və s. yazıları xüsusi qiymətləndirilməlidir.

1988-ci ildən Azərbaycan mətbuatında Azərbaycanda milli-demokratik hərəkata, bu hərəkat fonunda M. Ə. Rəsulzadənin fəaliyyətinə aid elmi-tarixi məqalələr çap olunmağa başladı. Bununla əlaqədar tədqiqatçı alimlərdən professor Ş. Hüseynovun, C. Həsənlinin, N. Nəsibzadənin, A. Balayevin, M. Əliyevin, N. Yaqublunun, X. İbrahimlinin, X. Məmmədovun, V. Sultanlının, A. Rüstəmlinin, F. İbişovun tarixşünaslıq baxımından dəyərli əsərləri nəşr edildi.

M. Ə. Rəsulzadənin müxtəlif illərdə nəşr etdirdiyi əsərlərinin öyrənilməsi də onun fəaliyyətinin мaraqlandırılmasında çox mühüm və əsaslı bazadır.

Tədqiqat işinin yazılmasında istifadə olunan mənbələrdən biri də M. Ə. Rəsulzadənin 1923-cu ildə İstanbulda cap olunan «Azərbaycan Cumhuriyyəti: keyfiyyəti-təşəkkulu və şimdiki vəziyyəti»dir. Kitabda ilk müstəqil Azərbaycan Cümhuriyyətinin qurulmasındakı çətinliklər, Bakı Sovetinin milli məsələyə və Azərbaycan İstiqlalına münasibəti faktlarla açıqlanır. Rusiyanın Azərbaycana təcavüzkar niyyətləri pislənməklə yanaşı, 27 Aprel işğalı ərəfəsində Bakıda gedən mürəkkəb proseslər izah olunur.

M. Ə. Rəsulzadənin kiçik həcmli, lakin olduqca dəyərli «Azərbaycan təşəkkülündə Müsavat» əsəri mövzunun öyrənilməsində lazımlı mənbə kimi götürülmüşdür. Müəllif burada XX əsr Azərbaycan muhitində formalaşan siyasi cərəyanların təhlilinə geniş yer verir.

Mövzunun öyrənilməsində İstanbuldakı Milli Azərbaycan nəşriyyatının çap etdiyi «Əsrimizin Səyavuşu» kitabından da istifadə olunmuşdur. Bədii üslubda, simvolik tərzdə yazılan bu əsərdə Azərbaycanın keçmişi və mövcud durumu müqayisəli şəkildə təhlil olunur, Azərbaycan-Türkiyə münasibətlərinə toxunulur, Rusiyanın Qafqazı təkrar istilasının mahiyyəti açıqlayır.

M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” əsəri onun yaradıcıllığının Moskva dövrünü araşdırmaq baxımından əhəmiyyətlidir.

M.Ə.Rəsulzadənin 1923-cü ildə İstanbulda “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Siyavuşu” kitabları nəşr olunmuşdur. Xalqımızın ADR-dən əvvəlki və sonrakı taleyinin canlı şəkildə əks etdirdiyi “Azərbaycan Cümhuriyyəti” əsəri elə həmin il Türkiyənin İzmir şəhərində keçirilən “Kitab bayramı”nda Atatürk mükafatına layiq görülmüşdür.

Xaləddin İbrahimlinin “Azərbaycan siyasi mühacirəti” əsərində 1920-ci il aprel istilasından sonra ADR-in qurucuları, görkəmli ziyalılar, ictimai-siyasi xadimlərin mühacirətləri və 70 il Sovet imperiyasına qarşı mücadilələri özünə yer almışdır. Əsərdə Siyasi təşkilatların və dərnəklərin yaranması, mühacirətdə ixtilaflar, Azərbaycan siyasi mühacirətinin “Prometey” Birliyi və “Qafqaz Konfeserasiyası Şurası”nda yeri, Azərbaycan legionlarının formalaşdırılması, mühacirətin ideoloji-siyasi və ədəbii tarixi irsi və başqa məsələlər haqqında fikirlər əks olunmuşdur.

Sultanlı Vaqifin “Ağır yolun yolçusu. Məmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti”, “Azərbaycan mühacirət ədəbiyyatı” əsərləri də böyük liderin milli hərəkatımızdakı rolunu öyrənmək baxımından əhəmiyyətlidir.


I Fəsil


İlk mühacirətə qədər yaşananlar
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul - idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keçməkeçli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məmməd Əmin Axund hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuş, körpəyə islam müqəddəslərdən birinin – Məhəmməd peyğəmbərin əmisi Həzrəti-Abbasın nəslindən olan altıncı xəlifə Məhəmməd Əminin adı verilmişdir. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Məhəmməd Əmin əsil-nəcabətli bir ailədən olan anası Zal qızı Zinyəti isə erkən itirmişdir. Atası ikinci dəfə Maral xanım adlı başqa bir qadınla evlənməyə məcbur olmuş, Məhəmməd Əmin və yeganə bacısı Şəhrəbanu analıq himayəsini bu qadından görmüşlər. Onun, oğlunu məşhur pedadoq S. M. Qənizadənin (1866-1942) müdir olduğu ikinci “Rus - müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M. Ə. Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabı fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M. Ə. Rəsulzadənin yaratdığı “Müsəlman gənclik təşkilatı” müəyyən fəaliyyət dövründən sonra Rusiya hökumətindən milli mədəni hüquqlar almaq ümidində idi. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul - idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. Onlar «çarizmə qarşı mübarizədə inqilabçı sosializmi ən sadiq olmasa da, ən münasib bir müttəfiq olaraq gördüyündən» sosial - demokratlarla yaxın işbirliyinə keçmişdilər. M. Ə. Rəsulzadənin o zaman yaratdığı «Müsəlman Gənclik Təşkilatı»nın təşviqat-təbliğat işində «Hümmət» qəzeti mühüm rol oynamışdı. 1904-cü ilin axırlarından 1905-ci ilin fevralınadək bir neçə yüz nüsxə tirajla nəşr edilən qəzetin 5-6 nüsxəsi çıxmış, 1917-ci ilin iyulun 3-dən isə N. Nərimanovun redaktorluğu ilə bu mətbu orqan yenidən nəşrə başlamışdı.

Bu dövrdə mətbuat geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində oynadığı mühüm rolla bağlı idi. M. Ə. Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə M.Şaxtaxtinskinin redaktorluğu ilə nəşr edilən «Şərqi Rus» qəzetində çap olundu. «Bakıdan məktub» başlığı altında nəşr edilən bu məqalədə M. Ə. Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: «Qafqaz Müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıxçı, dükan şagirdi və qeyrə və qeyrəyə razı olsun». M. Ə. Rəsulzadə çap olunan ikinci mətbu yazısında, «Müxəmməs» şerində isə elmin, savadlanmanın vacibliyi probleminə toxunurdu. M.Ə.Rəsulzadənin bu dövrdə mətbu fəaliyyətinə aid olan 1903- cü ildəki yazıları diqqətə layiqdir. Bu yazıları ilə o, gələcəkdə ciddi mübarizə edəcəyi rus istibdadı rejiminə qarşı barışmazlığının əsasını qoyurdu.

M. Ə. Rəsulzadənin bu dövrdəki fəaliyyətində daha çox xalqın elmlənməsinə, maariflənməsinə böyük əhəmiyyət verilir. Cəhalət qaranlığında əzab çəkən xalqın nicat yolunun yalnız elmdə, tərəqqidə, hürriyyətin təntənəsində olduğu gostərilir. M.Ə.Rəsulzadənin fikrincə beş formada hurriyyət vardır: birincisi - söz azadlığı; ikincisi - mətbuat azadlığı; üçüncüsü - cəmiyyət və ittifaq azadlığı; dördüncüsü - vicdan azadlığı; beşincisi - malın və canın muhafizə olunması azadlığı. O, belə bir azadlığın Rusiya məmləkətində olmadığını gostərirdi. Söz azadlığı insanın öz fikrini, düşündüklərini qorxub çəkinmədən, kimsədən ehtiyat etmədən açıb danışması deməkdir. M. Ə. Rəsulzadə yazılarında Rusiya məmləkətində yalnız adı çəkilən, əslində olmayan söz azadlığının ümümi mənzərəsini böyük bacarıqla təsvir edirdi. M.Ə.Rəsulzadənin fikrincə hürriyyətin mövcudluğunu şərtləndirən ikinci amil mətbuat azadlığıdır. Mətbuat azadlığı o vaxt mümkündür ki, hər kəs yazdıqlarını kiminsə maneçiliyi olmadan çap edə bilsin. M.Ə.Rəsulzadə hürriyyətin üçüncü əlamətini cəmiyyətlərin və ittifaqların yaradılıb sərbəst fəaliyyət göstərməyində görürdü. Cəmiyyətlərin yaradılmağı nəyə görə vacib idi? Çünki adamların toplaşmaq yeri olardı və burada onlar siyasi fikir mubadiləsi edib, dərdlərini danışardılar. İttifaqlar da azad fəaliyyətə başlamalıydı. Müxtəlif sənət sahiblərinin öz ittifaqları olmalı idi. Lakin bu dövlətin mənafeyinə zidd olan, onun hökmranlığına maneçilik törədən qüvvələr idi.

M. Ə. Rəsulzadə hürriyyətin dördüncü əlamətinin vicdan azadlığı olduğunu gostərərək, qeyd edirdi ki, zorakılığa əsaslanan qanunlar insan düşüncəsini, əqidəsini, məzhəbini də zəncirləmişdir. Kimsə öz əqidəsini başqasına zorla sirayət etdirməməlidir. Kiminsə məzhəbi o birindən üstün tutulmamalıdır. Kimisə məcburən hansısa təşkilata ya ittifaqa salmaq məcburi deyil. İnsan azad olmalıdır. M. Ə. Rəsulzadə haqlı olaraq Rusiyanın bununla bağlı qüsurlarını tənqid edərək göstərirdi ki, istək olmadığı halda, qırğızın adını dəyişib İvan, ya Pavel qoymaq, yaxud onun müsəlmanlığını inkar edib xaçpərəst dəftərinə yazmaq adamları və xalqı təhqirdir. Hər şəxs əqidəsinin və düşüncəsinin, məzhəbinin və fikrinin azadlığına sahib olmalıdır. Bu adicə sahiblik hüqüqü deyil, onun yaşamaq haqqıdır. Din fərqinə varmaq, saxta qanun gücünə inandığından üz döndərməyə məcbur etmək bu insanlıq haqqının tapdanmasıdır. M.Ə.Rəsulzadə hürriyyətin digər bir əlamətini şəxsiyyətin toxunulmazlığında görürdü. Hər kəsin hüququ qorunmalı, şəxsiyyətinə və heysiyyətinə toxunulmamalı, dövlətin buna ciddi təminatı olmalıdır. M.Ə.Rəsulzadə belə bir azadlığın Rusiya məmləkətində olmadığını gostərirdi.

M.Ə.Rəsulzadənin ilk jurnalistik fəailyyəti Yaxın Şərqin üç başlıca mərkəzi Bakı, Tehran və İstanbulla bağlıdır. O, “Şərqi-Rus” qəzetinin ardınca “Həyat”, “Füyuzat”, “İrşad”, “İqbal”, “Tərəqqi”, “Təkamül”, “Yoldaş” və b. qəzet və jurnallarda özünün ədəbi-bədii, siyasi-publisistik yazıları ilə çıxış etmişdir.

Bundan əlavə o, 1905-ci ildə baş verən erməni-müsəlman qırğınının mahiyyətini də öz mətbu yazılarında açıb xalqa izah edirdi. «İrşad» qəzetində çap olunmuş «Kənddə müsibət» məqaləsində yazırdı: «On bir aydır ki, biz bir-birimizi öldürməkdən, malını qarət, əmlakını təhqirdən usanmayırız... Ey vətəndaşlar, bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!»

M. Ə. Rəsulzadə car imperiyasının siyasətini aşağıdakı subutlarla da ifşa edirdi: «...Məktəblərdə, hökümət divanxanalarında, məhkəmələrdə, qeyri-ictimai dairələrdə ancaq rus dili gərək işlənsin, tamam ibadətgahlar gərək rus ortodoks kilsəsinə mütih olsun...»

1903-cü ildən başlayaraq Azəbaycanda fəaliyyət göstərən “Səfa”, “Nicat”, “Ədəb yurdu”, “Cəmiyyəti-xeyriyyə” və b. cəmiyyətlərdə fəaliyyət göstərməsi M.Ə.Rəsulzadənin əqidəsinin möhkəmlənməsində az rol oynamamışdır.

Məhəmməd Əmin bəy əmək fəaliyyətinə də erkən başlamış, “Kaspi” qəzeti mətbəəsində mürəttiblik etməsi onun mətbuat işinə yaxından bağlanmasına səbəb olmuşdur.

Azərbaycanlı fəhlələri geniş dairədə inqilabi mübarizəyə cəlb etmək məqsədilə 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP - nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial - demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882 - 1907), Məmməd Həsən Hacinski (1875 - 1931) və Məmməd Əmin Rəsulzadə olmuşlar. M. Əzizbəyov, N. Nərimanov, S. M. Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Lakin az keçməmiş 1905-ci ildə Rusiyada başlanan birinci inqilabi hadisələrdən sonra M. Ə. Rəsulzadə və silahdaşları bolşeviklərin məram və məqsədlərindən Azərbaycana heç bir fayda olmayacağını başa duşub onlardan uzaqlaşdılar. 1907-ci ildə «Hummət»in bağlanmasına qərar verildi. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, (1904- 1905-ci illər, cəmi 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə. Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır. Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi - Heybətdə dəfni günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P. Caparidze, S. M. Əfəndiyev, İ. V. Stalin ilə birlikdə M. Ə. Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M. Ə. Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M. Ə. Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M. Ə. Rəsulzadənin “Stalin ilə inqilab” adlı silsilə xatirə məqaləsini çap etmişdir. O, həmin yazıda da bu barədə söz açır.

M. Ə. Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864 - 1941) redaktor olduğu “Füyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869 - 1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur.

Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885 - 1948) “Türk - rus və rus - türk lüğəti” kitabının naşiri M. Ə. Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A. Bluyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə tərcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP - nın sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul - idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməldaşını qurmağa başladı.

1908-ci il dekabrın 5-də Məmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xətti milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul - idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli - istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M. Ə. Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.

Bu illərdə M.Ə.Rəsulzadə əmisi qızı Ümmülbanu Əbdüləziz qızı ilə evlənərək ailə həyatı qurmuşdur. Onun beş uşağı dünyaya gəlmişdir. 1912-ci ildə ilki Lətifə, 1916-cı ildə ikinci qızı Xalidə, 1918-ci ildə oğlu Rəsul, 1920-ci ildə isə son beşiyi Azər anadan olmuş, bir uşağı körpə ikən vəfat etmişdir. Bu ailənin sonrakı taleyi faciəli olcaq. Böyük oğlu Rəsul “Müsavatçı övladı olduğu üçün” 1937-ci ildə həbs olunacaq və 1 mart 1938-ci ildə güllələnəcək. 1937-ci ilin 6 noyabrında M.Ə.Rəsulzadənin arvadı Ümmülbanu, qızı xalidə, oğlu Azər və analığı Maral xanımla birgə bütün ailəsi Qazaxıstana sürgün ediləcəklər. Bir aya yaxın çəkən yolun aclığına dözməyən Maral xanım sürgün yerinə çatan kimi ömrünü bağışlayacaq, Ümmülbanu isə 1939-cu ildə dünyaya gözlərini yumacaq. Anasının ölmündən sonra qızı Xalidə hamilə vəziyyətdə baş götürüb Bakıya gələcək və doğma vətənində sığınacaq axtara-axtara itkin düşəcək. Kiçik oğlu Azər sürgün həyatını Qazaxıstanın müxtəlif vilayətlərində keçirəcək, bəraət aldıqdan sonra da doğma yurduna dönəmməyəcək, qalan ömrünü şəhərində Karaqanda yaşayacaq.

II Fəsil
Mühacirətdə yaşananlar
1908-ci ilin axırında M. Ə. Rəsulzadə çar üsul - idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək və İrana yola düşür. O, İranda şahlıq üsul - idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M. Ə. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttərxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M. Ə. Rəsulzadənin ədəbi yaradıcılığına da təsirsiz qalmır.

Cənubi Azərbaycanın həyatı, xalqın güzəranı ilə yaxından tanış olmaq imkanı əldə edən ədib öz təəssüratlarını “Tərəqqi” qəzetinin 1909-cu ilin mart-avqust nömrələrində dərc etdirişdir. Cəmi 43 publisistik məqalədən ibarət olan bu yazılar “İran məktubları” rubrikası ilə verilmişdir. Bu məktublar əsrin əvvəllərindəki İran siyasi mühitini və böyük ədibin İrandakı fəaliyyətini öyrənmək üçün son dərəcə qiymətli məxəzlərdir. Bu illərdə M.Ə.Rəsulzadənin həyatında və siyasi ideallarının formalaşmasında Azərbaycanın qəhrəman oğlu Səttar xanla Təbrizdə və Tehranda olan görüşləri də mühüm rol oynamışdır.

Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O bu partiyanın əsas orqanı olan “İrane nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M. Ə. Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878 - 1969) M. Ə. Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur. Qəzetin qeyd etdiyi kim, inqilabi ruhlu yazılarına, azad fikirliliyinə görə İranın din xadimləri dövlətlə birləşərək qəzeti “müzürr” elan edib dayandırmaq istəyirdilər. Onalr bir neçə dəfə müvəqqəti olaraq buna nail olmuşdular. “İrani-nou” daha çox rus dovlətinin irticaçı siyasətini ifşa edən yazılar dərc edirdi. M.Ə.Rəsulzadə Bakıda üstüörtülü dediklərini burada açıq şəkildə yazırdı. Qəzet eyni zamanda İran istibdad rejimini də qamçılayırdı. İran məşrutə hərəkatı ilə bağlı bəzi tədqiqatlarda qeyd olunur ki, hətta firqənin məramnaməsi M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Bu fakt böyük siyasi xadimin İran Demokratik firqəsinin yaradılmasında necə mühüm rol oynadığını əks etdirən detaldır. F.Adəmiyyətin yazdığına görə isə, İran Demokrat partiyasının təşkilatçısı Heydər Əmioğlu olmuşdursa, onun əsas nəzəriyyəçisi M.Ə.Rəsulzadə idi. O da qeyd olunmalıdır ki, firqənin bir çox iclasları məhz M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilmişdir. Sosial-demikrat prinsiplərinə söykənən bu firqənin İranın üç öncül partiyalarında birinə çevrilməsində şübhəsiz ki, M.Ə.Rəsulzadənin də böyük xidmətləri olmuşdur.

İranda həmin il mürtəce “Etidaliyyun” ( “Mötədillər” ) partiyası təşkil edildi. Bununla əlaqədar M. Ə. Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi - firqey - etidaliyyun”adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti – bəşər” adlı kitabı nəşr olunmuşdur.

Çar höküməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək, onun əsas rəhbərlərindən biri olan M. Ə. Rəsulzadənin ölkədən xaric olunması haqqında şahlıq üsuli - idarəsindən tələb edir. “İrani-nou”nun bir sayında belə bir məlumat dərc olunmuşdur: “Bundan sonra “İrani-nou” qəzeti yeni redaksiya heyəti ilə nəşr olunur. Redaktorumuz sərt təyzidlərə məruz qalıb ölkəni tərk etməyə məcbur oldu”. Bu yazı M. Ə. Rəsulzadənin Tehranı tərk etdiyi tarixi – 1911-ci ilin mayın axırları olduğunu – öyənməyə imkan verir. Həmin yazının sonunda M. Ə. Rəsulzadənin İranı tərk etməyə məcbur edilməsi Peterburq diplomatiyası, İran istibdad rejimi və ingilis müdaxiləçilərinin bircə fəaliyyətinin yekunu kimi qiymətləndirilməsi onun necə çətin və mürəkkəb bir şəraitdə mübarizə apardığını göstərir.

Bir çox İran tədqiqatçıları qeyd edirlər ki, M. Ə. Rəsulzadə Tehranı tərk etdikdən sonra əvvəlcə Bakıya qayıtmış, lakin burada təyziq və təqiblərlə qarşılaşdığından İstanbula keçmişdir. F.Adəmiyyət isə bu fikri təkzib edir. Onun mülahizəsinə görə M. Ə. Rəsulzadə Tehrandan birbaşa İstanbula keçmişdir.

M. Ə. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula mühacirət edir. İstanbula keçdikdən sonra M. Ə. Rəsulzadə qəzetlə əlaqəsini üzmür, ara-sıra məqalələr göndərir. Lakin onun iranı tərk etməsi “İrani-nou”nun fəaliyyətinə təsirsiz qalmır. Belə ki, qəzet əvvəlki radikallığını qoruyub saxlaya bilmir və bir müddət nəşrini dayandırmalı olur. M. Ə. Rəsulzadənin Tehranı tərk etməsi İran Demokrat firqəsinin fəaliyyətinə də öz təsirini göstərir. Vram Pilosyan adlı firqə üzvlərindən birisi S.H.Təqizadəyə göndərdiyi 9 oktyabr 1911-ci il tarixli fransızca yazılmış məktubunda ona şikayət edirdi ki, M. Ə. Rəsulzadə Tehrandan gedəndən sonra İran demokrat firqəsinin fəaliyyəti büsbütün pozulmuş və nizam-intizama əməl olunmur.

İranı tərk etdikdən sonra ictimai-siyasi və ədəbi fəaliyyətini Türkiyədə davam etdirən M. Ə. Rəsulzadə iki ilə yaxın bir müddətdə İstanbulda S.H.Təqizadənin evində qalır. S.H.Təqizadənin yazdığına görə, İstanbula gələndə onun ayaqqabısı belə yox imiş. Maddi vəziyyəti ağır olduğu üçün ayda bir lirə aylıqla fars dili dərsi deməklə ən zəruri ehtiyaclarını birtəhər ödəməyə çalışan Məhəmməd Əmin bəy Türkiyənin siyasi ab-havasına çox tez alışır.

M. Ə.Rəsulzadə, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşmüş, Yusif bəy Ağçura oğlu (1876 - 1935), Ziya Gök Alp (1876 - 1924) və başqa alimlərlə yaxınlıq etmişdir. M. Ə.Rəsulzadə “İttihad və tərəqqi”, “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazanlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan “İran türkləri” məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətlərini təşkil ediyor”. O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin “Qamusi - aləm”inin birinci cildində “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M. Ə. Rəsulzadə, xeyli sonra, 1918-ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır”.

İstambulda olarkən M. Ə. Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836 - 1897) “Vəhdəti cinsiyə fəlsəfəsi”ni (“Milli birlik fəlsəfəsi”ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış “Acı bir həyat” əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir).

III Fəsil
Qayıdış və müstəqillik uğrunda mübarizə
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv - ümumidən sonra M. Ə. Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məmməd Əli Rəsuloğlu və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyasına” daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. Çox keçmədən “Müsavat” partiyasının nüfuzu Azərbyacanın sərədlərini aşaraq İranın bir çox əyalətlərinə və Rusiya imperiyasının türk-müsəlman xalqları yaşadığı regionlara – Dağıstana, Krıma, Volqaboyuna və bütün Tatarıstana yayılır, ayrı-ayrı şəhərlərdə partiyanın özəkləri yaranır, onun sıralarına yeni-yeni qüvvələr gəlməyə başlayır. Qeyd edək ki, Müsəlman Demokratik Partiyası - Müsavat (Partiyanın ilk adı belə olmuşdur) gizli bir təşkilat olaraq qurulmuşdu. Çünki, o dövrdə kütlənin inqilabi fəaliyyəti amansızlıqla yatırılmış, fəallar isə ya həbs edilmiş, ya sürgünə göndərilmiş, yaxud da mühacirətdə idilər. M.Ə.Rəsulzadənin İrana, oradan İstanbula gedib Azərbaycana qayıda bilməməyinin başlıca səbəbi həmin şərait idi. Bunun nəticəsində Partiyanın ilk Proqramının «ciddi xəbərdarlıq» başlığında yazılmışdı: «Müsavat Partiyasının Bakı şöbəsi öz üzvlərini Rus hökumətinin və onun agentlərinin özünə hökumətin diqqətini çəkməmək üçün açıq tənqiddən çəkindirir, çünki, tənqid edənlər və onun həmfikirləri bundan ziyan çəkə bilərlər». Müsavatın ilk Proqramı islami xarakter daşımış, partiyanın sonrakı fəaliyyəti dövründə işlənilib hazırlanmış, dolğunlaşmış, Azərbaycanın istiqlalı və müstəqilliyinə xidmətə yönəldilmişdir.

Müsavat Partiyasının 1911-1913-cü illərdəki fəaliyyətinin mühüm hissəsini Balkan müharibəsi ilə bağlı xalq arasında yaydığı bəyannamələr tuturdu. Bəyannamələr o zaman Orucov qardaşlarının mətbəəsində gizli qayda ilə çap edilmişdi. Balkan müharibəsində çar Rusiyası əleyhinə yazılan bu bəyannamələr hökumətdə ciddi narahatçılıq doğurmuş, polis axtarışlar aparmışdı. Əsas şübhələndikləri M. Ə. Rəsulzadə olduğundan onun yaxın qohumu Məhəmməd Əli Rəsuloğlunun evini nəzarətə götürmüşdülər. Çar hökumətini ciddi təşvişə salan, Qafqaz müsəlmanlarını silkələyən həmin tarixi bəyannamə 1912-ci ildə İstanbulda «Səbilür-Rəşad» məcmuəsində çap olundu.

Bu illərdə M. Ə. Rəsulzadə ədəbi - publisistik fəaliyyətini də davam etdirir. “Yeni lisançılar və türkçilər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil - ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır. Bundan başqa, o proletar ədibi M. Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz.

M. Ə.Rəsulzadə 1913-cü ildə bir-birinin ardınca “Şəlalə” jurnalında “Asan dil – yeni lisan”, “Yeni lisançılar və türkçülər”, “Dil – ictimai mühüm bir amil” kimi maraqlı, siyasi baxımdan əhəmiyyətli məqalələrini dərc etdirmişdir. Bu məqalələrində müəllifi daha çox narahat edən məsələ ana dilinin təmizliyi, saflığı məsələsi idi ki, o bunu ziyalıdan tutmuş sıravi vətəndaşadək hər bir kəsin vicdani borcu kimi qiymətləndirirdi.

1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882 - 1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi - ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Diriliyin”in birinci nömrəsi çapdan çıxdı. M. Ə. Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsini” yayırdı. M. Ə. Rəsulzadə öz yazılarında “müsəlman”, “türk”, “tatar” kimi müxtəlif ifadələr altında tanınmış bu xalqı “azərbaycanlı” kimi qeyd edirdi. Halbuki, bunu 1935-ci ildən tarixi ədəbiyyatda İ. Stalinin adına çıxırlar. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər “Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü”. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M. Ə. Rəsulzadə hələ 1911-ci ildə İstambulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazımdır ki, hələ M. Ə. Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycançılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M. Ə. Rəsulzadə gətirdi.

1914-1915- cil illərdə ədəbi-publisistik fəaliyyətnin ən məhsuldar dövrlərindən birini yaşayan Məhəmməd Əmin bəy bir tərəfdən xalqı milli dirçəlişə, azadlıq hürriyət mübarizəsinə səsləmiş ( “Bugünkü türklər”, “Musəlman unas cəmiyyəti-xeyriyyəsi”, “Tutduğumuz yol”, “Milli dirilik” və s. məqalələrində), o biri tərəfdən “Müsavat” partiyası sıralarında fəaliyyətini genişləndirmişdir. Bu illərdə onu Qars və Ərdahan qaçqınlarına kömək məqsədi ilə keçirilən tədbirlərin fəal iştirakçısı və təşkilatçılarından biri kimi görürük. Bu məqsədlə ədib “Qardaş günü” adı ilə 1915-ci ilin may ayının 7-də keçiriləcək xeyriyyə tədbirində xalqı iştirak etməyə səsləmişdir.

M. Ə. Rəsulzadə sosial tərəqqini maddi və mənəvi olmaqla iki yerə bölürdü. Bununla da o, mənəvi tərəqqi anlayışını milli özünüdərkin zirvəsi olan milli istiqlal fikri ilə eyniləşdirirdi. Bu mənada o, mənəviyyatın zəngin olmasını göstərirdi, yəni milli şüur yetkinləşməlidir. Bununla bağlı o yazırdı: «Əcələ bir surətdə maddətən tərəqqi edib də mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı tərcih edərəm, çünki milliyyətin də, bəşəriyyətin də, faidəsi bundadır» . M.Ə.Rəsulzadə yazdığı məqalələrində millətin irəli getmək, inkişafa nail olmaq problemlərini belə açıqlayırdı: «Millətlərin həyatı da ancaq bu milli vicdanın inkihafı sayəsində mümkün olub, ancaq bu vicdanın təsirləridir ki, milli ideal hasil olur. Milli idealın (imanın) hükumilədir ki, millətlər özlərinə şanlı və şərəfli bir dirilik təmin edə bilirlər» . Göründüyü kimi, M.Ə.Rəsulzadə milli tərəqqini önə çəkir, sosial tərəqqini isə milli tərəqqinin son nəticəsi hesab edirdi. O, belə düşünürdü ki, milli idealı yaradanlar böyük əməlpərvər insanlardır. O, yazırdı: «Fəqət bir fərd öz mühitinin faidəsini düşünərək şəxsi üçün deyil, novi və yaxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar. Bu kibi adamlara da böyük əməlpərvərlər, yaxud məfkurəçi ismi verilir» . Göründüyü kimi, M. Ə. Rəsulzadənin milli inkişaf konsepsiyası məntiqli və əsaslı idi. O, Azərbaycan istiqlalının mərhələlərlə qazanılması tərəfində idi. Bu səbəbdən idi ki, o, əvvəlcə milli mədəni azadlığı, vicdan azadlığını, mətbuat azadlığını, təşkilat azadlığını, söz azadlığını dəstəkləyir, mübarizə aparırdı.

Siyasi ruhlu yazılarına və ictimai-siyasi fəaliyyətinə görə Məhəmməd Əmin bəy çar xəfiyyə orqanları tərəfindən izlənərək həbs edilir. Onun həbsi barədə “Bəsirət” qəzetində belə bir məlumata təsadüf edilir: “Təqribən bir ay yarım bundan əvvəl tovfiq edilmiş olan “Yeni iqbal” qəzetinin sər mühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovfiq edilmişdi. Neçə gün əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Hələlik mühərrir əfəndi bağda vaxt keçirir. Təkrar Bakı mətbuatıbda işləyib işləməyəcəyi məlum deyildir”.

M. Ə.Rəsulzadə 1915-ci ilin oktyabr ayından “Açıq söz” qəzetinin nəşrinə başlayır. «Açıq söz» qəzeti 1915-ci ilin oktyabr ayının 2-də həftənin beşinci günü Bakıda nəşrə başlamışdı. M. Ə. Rəsulzadənin başçılıq etdiyi qəzetin adının altında yazılmışdı: «Siyasi-ictimai və ədəbi Türk qəzetəsi». Çap olunduğu yer: Nikolayevski küçəsi, M. Ələkbərovun mətbəəsi, poçt N357. Bu qəzet haqqında M. Ə. Rəsulzadə yazırdı: « Açıq söz» ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı». Qəzet bir növ gizli fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı kimi gizli fəaliyyət göstərirdi. Qəzetin ilik nömrəsində proqram səciyyəli baş məqalədə M. Ə.Rəsulzadə yazırdı: “Dəhşətlərinə şahid olduğumuz böyük müharibə, böyük bir həqiqəti-əsrimizin milliyət əsri olduğunu isbat etdi... Özlərini lüzumunca bilib və istiqbal üçün müəyyən bir ideal, məfkurə bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edir... Ayrı-ayrı millətlətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli. Müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyalə hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə hesablaşmayacaq və böylə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitməyəcəklər”.

«Açıq söz» qəzeti xalqın ehtiyaclarından yazır, maraqlı fikirlər yayırdı. 1915-ci ilin oktyabr sayında qəzetdə M. Ə. Rəsulzadənin «Bizim ehtiyaclarımız» məqaləsi çap olundu. Məqalədə xalqın bir çox tələblərinin hazırki şəraitdə vacibliyi göstərilirdi: 1. Aşağı sinifli məktəblərin açılıb milliləşdirilməsi. 2. Ruhani akademiyasının açılması. 3. Müsəlmanların hüquqlarının qaytarılması və s. M. Ə. Rəsulzadə «Açıq söz» qəzetindəki məqalələrində yalnız Azəri türkünün deyil, ümumən çar imperiyasının əsarətində əzab çəkən türklərin vəziyyətini açıqlayırdı. Türkləri cəsarət və əzmlə haqq işləri uğrunda mübarizəyə çağırırdı. Məqalələrinin birində Türküstanın əlli ilə yaxın müddətdə hüquqsuz hala düşməyini danışırdı. «Açıq söz» Rusiya Dumasındakı müsəlmanlardan ibarət millət vəkilləri qrupunun vəziyyətindən narahatlıq dolu yazılar verirdi. Məlumdur ki, müsəlman deputatlar o zaman kadetlərin, oktyabristlərin, Mərkəz qrupun yaratdığı «Blok»a daxil idilər. «Blok»un qarşıya qoyduğu məsələ bu idi; ölkənin mərkəzləşdirilməsi üçün əhalinin əhvalını yüksəldib hökumətlə birləşmək lazımdır. M. Ə. Rəsulzadə «Acıq söz»dəki məqalələrində çarizmin ikiüzlü siyasətini cəsarətlə qamçılayır, yalançı vədlərini tənqid edirdi. O, müstəmləkəçilik siyasətinin hakim millətə də böyük ziyan vurduğunu açıqlayıb göstərirdi ki, millətin dini və mədəni inkişafı hər şeydən əvvəl müstəmləkəçi ölkə ücün olduqca ziyanlıdır. Çünki məhkum millətlər də tərəqqi yolunda ona çətinlik törədir, mane olurlar. M. Ə. Rəsulzadə «Açıq söz»dəki məqalələrində din azadlığına da toxunmuş və göstərmişdir ki, bütün dinlər və məzhəblər azad olmalıdır, bir din digər dinə və yaxud məzhəbə təzyiq etməməlidir. Ciddi təbliğat mərkəzinə çevrilən «Açıq söz» qəzeti istismarda qalan Azəri türklərinin hüququnun müdafiəçisi kimi çıxış edirdi. M. Ə. Rəsulzadənin hürriyyət və müstəqillik, türklük ruhu ilə yazılan məqalələri «Açıq söz»də çap edilirdi. «Açıq söz» getdikcə sarsılan, yıxılmağına az qalan imperiya əsarəti ilə ciddi mübarizə aparırdı.

1917- ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu... Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martından açıq fəaliyyətə başlamış « Müsavat » partiyasının orqanı « Açıq söz » qəzeti yazırdı: « Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da,mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz - boğaza gəlmişlər ». Həmin ildə Gəncədə Nəsib bəy Yusifbəylinin (1881 - 1920) rəhbərliyi altında « Türk Ədəm Mərkəziyyət » partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq « Yaşasasın demokratik respublika », « Yaşasın Azərbaycan muxtariyyəti », «  Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası » şüarları altında keçirilmişdir.

1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M. Ə. Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurultayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840 - 1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M. Ə. Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M. Ə. Rəsulzadənin “Türk tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan - Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul etdi. M. Ə. Rəsulzadənin təşəbbüsü ilə qurultay qadın məsələsi ilə bağlı da qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Azərbaycanlı qadınlar da başqa xalqların qadınları kimi ölkənin ictimai-siyasi həyatında iştirak etməlidirlər.

Qəbul edilən qərarlardan göründüyü kimi, milli Azərbaycan hərəkatının inkişafında və demokratik qüvvələrin ümummilli problemlərin həlli mövqeyindən birgə çıxış etməsində qurultayın böyük rolu oldu. Təsadüfi deyil ki, əksər məsələlərin həllində bir mövqedən hərəkət edən iki partiyanın - «Müsəlman Demokratik Partiyası - «Müsavat»la «Türk Ədəmi Mərkəziyyət» Partiyasının birləşməsi razılığını liderlər - M. Ə. Rəsulzadə və N. Yusifbəyli həmin qurultayda qərarlaşdırdılar.

O, həmin dövrdə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökumət faydalıdır?” kitablarını çap etdirmişdir. M. Ə. Rəsulzadənin Moskva müsəlman qurultayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə “Şəkli idarə haqqında iki baxış” adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M. Ə. Rəsulzadənin redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. Jurnal müharibədən zərər görmüş müsəlmanların ehtiyaclarını ödəmək, onlara yardım etmək məqsədilə təsis olunmuşdu.

Qurultayda iştirak edən türkmən şairlərdən biri məzmunlu çıxışı ilə bağlı M. Ə. Rəsulzadəyə bir şer də həsr etmişdi. M. Ə. Rəsulzadənin böyük diqqət doğuran çıxışı qurultayın stenoqrafik hesabatlarından bir daha aydın olur. 1917-ci il mayın 7-də Qurultayın altıncı iclası keçirilirdi. İclas saat 13.30-da başlanırdı. İclasa Əli Mərdan bəy Topçubaşov sədrlik edirdi. M.Ə.Rəsulzadə çıxışına türkcə başladıqda bəziləri yerdən rus dilində söyləməsini təkid etdilər. Buna cavab olaraq M.Ə. Rəsulzadə dedi: “Mən müsəlmanların, türklərin səadətini milli hökumət və milli mədəniyyət əsaslarına görə qurulan təşkilatlarda gördüyümdən mümkün olduğu qədər hər yerdə türk dilindən başqa bir dillə əsla qonuşmayacağam!..

Qurultayda Gəncədə N. Yusifbəylinin başcılıq etdiyi «Türk Ədəmi - Mərkəziyyət»lə «Müsəlman Demokratik Partiyası Müsavat«ın qiyabi olaraq birləşdirilməsi razılığına gəlindi. Çünki Qurultayda Müsavatla «Türk Ədəmi-Mərkəziyyət» eyni mövqedən çıxış edirdilər. Hər iki təşkilat millətlərə ərazi muxtariyyəti tələbi ilə cıxış edir və Rusiyanın federal əsaslar uzərində qurulmasını tələb edirdi. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada ali təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar.

Bunu da qeyd etmək lazımdır ki, onun “MAR”, “MAR-zadə”, “M.R-zadə”, “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktyabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası “Müsavat”ın birinci qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır. Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

1917-ci ilin payızında M. Ə. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.

IV Fəsil
AXC dövrü fəaliyyəti
1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər. Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyəti gücləndirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi.

1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin ilk iclasından isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Zaqafqaziyanın Seyminin qanunverici orqanı - Zaqafqaziya Seyminin açılışı oldu. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub, “Müsavat”, “İttihat”, “Hümmət” və “Müsəlman Sosialist blokunu” təmsil edirdilər. Bu fraksiyanın rəhbəri M. Ə. Rəsulzadə idi. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayəndələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdilər.

1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən idi. Bakı və Tiflis dəmiryolu bağlandığından şəhərdə qalan bir neçə min erməni silahlıları martın 29-da «Evelina» gəmisində Müsəlman diviziyasının bir neçə yüz əsgərini tərk-silah etdikdən sonra vəziyyət gərgin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribati güllədən sonra silahlı ermənilər dinc əhaliyə hücum edərək onları amansızcasına qırmışdı.

M. Ə. Rəsulzadə yazırdı: «Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə «Müsavat firqəsi milli-müsəlman şura»sına elani-hərb edən «Bakı Soveti» erməni alayları ilə biliştirak 10000 qərib müsəlmanı qətl etdi»

Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törətdikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqafqaziya Seyminə çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək istəmirdi. Bu münasibəti görən Seymin azərbaycanlı deputatları ayrı-ayrı partiyaları təmsil etsələr də, eyni mövqeyə gəlib birgə fəaliyyətə üstünlük verdilər. Mart hadisələri Milli İstiqlal Mübarizəsinin nəinki məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi yaratdı. Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar, gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə inamsızlıq yaranırdı.

Tezliklə, gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə yetirilməsinin - yəni Brest-Litovsk müqaviləsi şərtlərinin və Zaqafqaziyanın müstəqilliyinin elanının vacibliyini dərk edib müharibənin dayandırılması zərurəti qarşısında qaldılar. 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi. Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə gərginləşirdi. Xüsusən, Almaniyanın da Zaqafqaziyada təsirinin artması, gürcülərin onlara meylini artırırdı. Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz birliyindən çıxıb Almaniya himayəsinə keçmək istəyi artıq bu millətlərin birləşdirilib bir orqanda fəaliyyət göstərməyini sual altına qoymuşdu. Mayın 25-də gürcülər Seymin buraxılmasını və Gürcüstanın Müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci ilin 26 mayında Seymin sonuncu iclası keçirildi və fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti qapandıqdan sonra həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. «İttihad» partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. 1918-ci ilin mayın 28- də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: «O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır»

Qeyd edək ki, Azərbaycan İstiqlalının elan olunması günündə Müsavat lideri M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə. Rəsulzadə məhz bu heyətdə idi) «Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında» Nəsib bəy Yusifbəyli «Osmanlı dövlətindən yardım istəmək zərurətini» bildirmişdi. Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə müstəqil Azərbaycan Cümhuriyyəti adından M. H. Hacınski (o Xarici işlər naziri idi) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə iyunun 4-də dostluq haqqında müqavilə imzaladı.

Bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875 - 1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul – idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında M. Ə. Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nuzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə bəsail - həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki - həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nuzadini tələf etditməmək kimi müşkül, fəqət müşkulliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.

Gördüyünüz kimi, M. Ə. Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində “Dirilik” jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsi”dən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər.

1918-ci ilin iyununda M. Ə.Rəsulzadə həm Osmanlı dövlətinin başçıları ilə görüşmək, həmçinin Avropa dövlətlərinin iştirakı ilə Qafqaz məsələsi müzakirə olunacaq konfransada Azərbaycanı təmsil etmək məqsədi ilə İstanbula getmişdir. O, Avropa dövlət nümayəndələri ilə ünsiyyət yaradaraq Bakı şəhərinin işğalçılardan təmizlənməsinə çalışsa da, əməli bir nəricə əldə edə bilməmişdir. Belə olan təqdirdə bu tarixi vəzifəni Türkiyə dövləti öz üzərinə götürmüşdür.

M. Ə. Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi. İstanbulda nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M. Ə. Rəsulzadənin göndərdiyi məlumatlarda daha dəqiq ifadə olunmuşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin 6 avqustunda - 18 saylı məlumatında bildirilirdi: «Xarici İşlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri - Məhəmməd Əmin Rəsulzadə»

Azərbaycan Milli Şurası istiqlalımız uğrunda hətta özünü buraxmaq dərəcəsinədək lazım gələndə güzəştə getmişdi. Milli Şuranın istiqlal elanının ilk vaxtlarındakı mübarizəsi olduqca çətin idi. Azərbaycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdılar. Bu qüvvələr «İlhaqçılar» adı altında çıxış edərək hökumətin buraxılaraq Nuru Paşanın yeni hökumət təşkil etməsini tələb edirdilər. M. B. Məmmədzadə yazırdı: «O yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu «hökumət» isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı». Milli Şuranın son iclasında çıxış edən Müsavat lideri M. Ə. Rəsulzadə dedi: «Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli olduğunu xatırlatmışdım...Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!..”.

Vəziyyətin gərginliyini nəzərə alıb, N. Yusifbəylinin təklifi ilə Milli Şuranın 17 iyun tarixli iclasında Fətəli xan Xoyskinin ikinci kabinəsi təşkil edildi.Qeyd edək ki, Bakıdakı xəyanətkar qüvvələr mühüm mərkəzi əldən verməmək üçün ciddi müqavimət göstərirdilər. S. Şaumyanın Leninə göndərdiyi teleqramların məzmunundan aydın olurdu ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı. Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra da Bakı Soveti və onun İcraiyyə orqanı olan Bakı Xalq Komissarları Soveti bütün vasitələrlə milli hökumətə qarşı mubarizə aparırdı. Bakı Xalq Komissarları Soveti tabeliyindəki ordunun köməyi ilə Azərbaycan hökumətinin yerləşdiyi Gəncəyə hücum etmiş, lakin Göyçay vuruşmasında kommuna qoşunlarının hücumu dəf edilmişdi. Sovet Rusiyasının köməyindən məhrum olan Azərbaycan Türkiyə qoşunlarının Bakıya yaxınlaşdığını görən Bakı Xalq Komissarları Soveti vəziyyətin gərginliyini başa düşürdü. Nəticədə ingilislərin Bakıya dəvət olunması haqqında qətnamə qəbul edildi və iyunun sonlarında eser-daşnak-menşevik ittifaqı əsasında «Sentrokaspi və Sovetin Muvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyəti diktaturası» adlı mürtəce hökumət təşkil olundu. Bakının taleyi olduqca təhlukəli idi. Bununla əlaqədar olaraq M. Ə. Rəsulzadə Şaumyanın mövqeyini kəskin ifşa edirdi. 1918-ci ilin mart hadisələri zamanı «Bakının və ətraf rayonların İnqilabi Müdafiə Komitəsinə başçılıq edən Şaumyan 96 qırğında bilavasitə məsuliyyət daşıyırdı. S.Şaumyan «Bakinski raboçi» qəzetinin 1918-ci ilin 17 fevralında «Vətəndaş Rəsulzadəyə cavab» yazısında öz xəyanətkar mövqeyini açıqlayırdı. Hələ o zaman irəli sürülən Azərbaycan Muxtariyyəti ideyasına qarşı barışmazlıq göstərən Şaumyan 1917-ci ilin dekabrında Leninin imzaladığı Turkiyə ərazisində Ermənistana muxtariyyət verilməsi dekretinə nail olmuşdu. M. Ə. Rəsulzadənin təbirincə belə bir sənədi cibində gəzdirirdi. M. Ə.Rəsulzadəyə hücumunu davam etdirən Şaumyan bildirirdi: “Tutaq ki, Rəsulzadənin özü inqilabi qayda-qanunun bərpası naminə milli polkların təşkilində şəxsən iştirak etsin, tutaq ki, onun obyektiv niyyətləri büllur kimi safdır, lakin obyektiv surətdə onun fəaliyyəti əks nəticə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu və ya digər şəxsiyyətin yaxşı niyyətlərindən deyil, sinfi niyyətlərindən irəli gəlir”. Şaumyanın davam etdirdiyi qorxulu siyasəti V. İ. Lenin 1918-ci ilin 14 fevralında göndərdiyi teleqramda belə ifadə edirdi: «Sizin mohkəm və qəti siyasətiniz bizi sevindirir»

Bu ərəfədə, iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada Mərkəz - Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz - Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M. Ə. Rəsulzadə, X. Xasməmmədov və A. Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.

M. Ə. Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi. İstanbulda nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M. Ə. Rəsulzadənin göndərdiyi məlumatlarda daha dəqiq ifadə olunmuşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin 6 avqustunda - 18 saylı məlumatında bildirilirdi: «Xarici İşlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri - Məhəmməd Əmin Rəsulzadə» .

Nazirlər Şurasının sədri F. Xoyski 1918-ci ilin 31 avqustunda M. Ə. Rəsulzadəyə bu məzmunda məktub göndərmişdi: «Çox hörmətli Məhəmməd Əmin! Əli Mərdan bəy (Ə. Topçubaşov nəzərdə tutulur - N. Y.) vasitəsi ilə Sizə 5O min manat göndərirəm... Əllərinizi sıxıram. Sizin X. Xoyski» . M. Ə. Rəsulzadə İstanbuldan narahatlıqla bildirirdi: «Konfrans deyəsən sona yaxınlaşır, nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır»

Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevrilmişdi. Müsavat yaradıcılarından M. Ə. Rəsuloğlunun xatirələri bu mənada çox maraqlıdır: «Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat Partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan arkadaşımız, Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi...»

1918-ci il sentyabrın 15-də türk qoşunlarının kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.

Qeyd edək ki, M. Ə. Rəsulzadə hələ İstanbulda olarkən Almaniya ilə sovet Rusiyasının arasında Brest-Litovsk müqaviləsinə əlavə sazişə (27 avqust) cavab olaraq (həmin sazişə görə Almaniya Bakı neftinin bir hissəsini almaqla, Azərbaycanın bütün zəngin neft yataqlarının Kür sahilinə qədər Rusiyaya verilməsinə razı olurdu) Azərbaycan hökuməti adından Almaniyanın səlahiyyətli nümayəndəsi qraf Valdburqa bəyanat təqdim etmişdi. M. Ə. Rəsulzadənin təqdim etdiyi bəyanatda deyilirdi: «Axirən Almaniya ilə Rusiya arasında bağlanmış müqavilənin Bakıya aid maddələrindən son dərəcə təəccüb və heyrətə düçar olan hökumətindən aldığım təlimata əsasən aşağıdakı maddələri ali nəzərinizə çatdırmağa tələsirəm: Azərbaycan əhalisi rus inqilabında elan edilən və Brest-Litovskda rus hökuməti tərəfindən təkid edilən «hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququndan» istifadə etməklə Dördlər İttifaqı dövlətlərinin dostluq duyğularına istinad edərək əsrlərdən bəri altında əyildiyi rus boyunduruğunu üstündən ataraq istiqlalını elan etsə də, adı çəkilən müqaviləyə əlavə olaraq bağlanmış müqavilələrlə Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına yardım etdiyini xəbər verməklə çox mütəəssir və kədərlidir» .

M. Ə. Rəsulzadə bu problemlə bağlı qəti və kəskin mövqeyini «İqdam» qəzetindəki yazılarında da bildirirdi. Bundan əlavə ona müraciət edən qəzetlərin müxbirlərinə demişdi: «Bakısız Azərbaycan -Başsız bədəndir».

Göstərilən cidd-cəhdlər nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt Paşa ilə Almaniya arasında gizli protokol imzalandı və həmin protokola əsasən Türkiyə qoşunları Azərbaycandan çıxır, Almaniya isə Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasını təmin edirdi.

Lakin sonrakı vəziyyət Almaniyanın bu prosesi təmin etməyinə imkan yaratmadı. Məlum oldu ki, Almaniya, Avstriya-Macarıstan və Osmanlı dovləti ilə Bolqarıstan məğlub olmuş, tarixin seyri dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü başlamışdı 109. Belə ki, Almaniya artıq məğlub dövlətə çevrilmişdi və 1918-ci il oktyabrın 30-da Lemons adasının Mudros limanında, ingilislərin «Aqamenon» gəmisində imzalanan sülhə əsasən Bakı, Batumi və digər yerlər muttəfiqlərin nəzarəti altına kecirdi . Türk qoşunlarının Bakıdan çıxarılmasından sonra şəhərə girən ingilislər Azərbaycanı müstəqil dövlət olaraq qəbul etmirdilər. Lakin general Tomsonla aparılan uğurlu danışıqlar getdikcə real nəticələr verirdi.

Şübhəsiz ki, Müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan Parlamentinin açılışı oldu. Qeyd edək ki, Parlamentin açılışına qədər Azərbaycan Milli Şurası fəaliyyət göstərirdi. Bakı azad olunduqdan sonra, 1918-ci ilin noyabrın 16-da Milli Şuranın növbəti toplantısı keçirildi. Milli Şura «Bütün Azərbaycan əhalisinə» müraciət qəbul etmişdi. Bəyanatda bildirilirdi ki, bütün Azərbaycan vətəndaşları bir Vətənin övladları kimi bir-birinə yardım etməli, əl uzatmalı, kömək göstərməlidirlər. Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin təmsis edilməsi haqqında qərar etmişdi. Qərarda göstərilirdi ki, Azərbaycanda azərbaycanlı türklərlə yanaşı, qeyri millətlərin nümayəndələri də yaşayır. Onlar da parlamentdə təmsil olunmalıdır . Dekabrın 3-də toplanan Azərbaycan Milli Şurasının iclasında Tomsonun da «qeyri millətlərin hökumətdə təmsilciliyi» müzakirə edildi və hökumətin tərkibində yerli millətin azərbaycanlıların çoxluğunun təşkil etməsi qərara alındı. Azərbaycan Parlamentinin açılışı 1918-ci ilin dekabrın 7-də oldu. Azərbaycan Parlamenti Nikolayevski (indiki İstiqlal) küçəsində yerləşirdi, iclaslar isə həftənin birinci və dördüncü günləri keçirilirdi

M. Ə.Rəsulzadə Milli Şuranın sədri olmaqla yanaşı, Azərbaycan parlamentinin hökumət komissiyasını təşkil edən partiyalar blokunun başçısı vəzifəsini də icra edirdi.

Böyük siyasi xadim 1918-ci il dekabr ayının 7-də Azrəbaycan parlamentinin açılışı zamanı tarixi nitqində öz millətinə xitabən söylədiyi “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə müstəqil Azərbaycan dövlətinin danılmaz bir reallıq olduğunu bütün dünyaya elan etdi. Azərbaycan Cümhuriyyəti dövrünün istər onun dostları, istərsə də düşmanları tərəfindən “Müsavat hökuməti” adlandırılması yeddi illik mücadilədən sonra hakimiyyətə gəlmiş bu partiyanın milli dövlət quruculuğunda necə mühüm rol oynadığını göstərir. Cümhuriyyət dövründə biləvasitə M.Ə.Rəsulzadənin siyasi liderliyi ilə milli dövlətçiliyimizin yaradılması sahəsində ciddi işlər görülmüşdür. Qısa müddət ərzində 40 minlik ordu yaradılmış, respublikanın ərazisi işğalçılardan təmizlənmiş, əmin-amanlıq bərpa edilmiş, dünya dövlətləri ilə diplomatik əlaqələr yaradılmış, milli pul tədavülə buraxılmış, ciddi sosial-iqtisadi islahatlara başlanılmış, Azərbaycan türkcəsi rəsmi dil elan edilmiş, milli kadrların yetişdirilməsində mühüm addımlar atılmışdır.

Cümhuriyyət dövründə M.Ə.Rəsulzadənin gördüyü mühüm işlərdən biri Bakı Dövlət Universitetinin açılması ilə bağlıdır. Universitetin yaranması ilə əlaqədar o dəfələrlə Azərbaycan parlamentində məsələ qaldırmış, millətin formalaşmasıda universitetin əvəzsiz rolunu əsaslandırmışdır. Qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadə yalnız universiteti təsis etməklə işini bitmiş hesab etməmiş, oraya milli kadrların cəlb edilməsinə çalışmış, həmçinin Tarix-filologoya fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən mühazirə oxumuşdur.

1919-cu ildə Bakıda nəşrə başlayan, lakin yalnız bircə nömrəsi çapdan çıxmış “İstiqlal” jurnalında böyük siyasi liderin “Azırbaycan Respublikası” adlı siyasi-publisistik yazısı dərc olunmuşdur.

1920-ci ilin 27 aprelində hakimiyyətin bolşeviklərə təslim ediləməsində sonra elə həmin axşam M.Ə.Rəsulzadənin təşəbbüsü və göstərişi ilə C.Cabbarlının şəhər kənarındakı bağında gizli “Müsavat” təşkilatı yaradılır və onun təqdimatı ilə M.B.Məmməzadə təşkilatın rəhbəri seçilir.

1919-cu il iyunun 13-də isə Denikin təhlükəsi əleyhinə Bakıda büyük mitinq keçirildi. Mitinqi M. Ə. Rəsulzadə aparırdı. Saat 12-də başlanan mitinqdə Denikin əleyhinə «bəyannaməni» M. Ə. Rəsulzadə oxudu. Musavat Partiyası adından çıxış edən Piri Mursəlzadə bütün təşkilat üzvlərinin Azərbaycanın müstəqilliyini qorumağa hazır olduğunu bildirdi. Həsən bəy Ağayev həm Azəri türkcəsində, həm də rus dilində mitinq iştirakçılarına müraciət etdi.

1919-cu ilin dekabrında Musavat Partiyasının II qurultayı (2-dən 12-dək) keçirildi. Qurultay Mustəqil Azərbaycan Respublikası şəraitində Partiyanın ilk rəsmi yığıncağı idi. Dekabrın 2-də axşam saat 4-də Haşımov binasında (fəhlə klubunun qarşısında) Müsavat Partiyasının 2-ci qurultayının açılış mərasimi oldu. Qurultay Musavat Partiyasının yeni proqramını qəbul etdi. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə - Nəzəriyyə və məqsəd, İkinci hissə - Əməliyyat və yaxın məqsəd. Proqramın birinci hissəsində Azərbaycanın müstəqil bir dövlət haqqında yaşadığı qeyd olunurdu. Göstərilirdi ki, əsas amalımız Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq. Proqramın bu hissəsi milli məfkurəyə, milli əqidəyə, milli dövlətçilik prinsiplərinə söykənən dövlət quruluşuna əsaslanırdı. Proqramın ikinci hissəsi olan - «əməliyyat və yaxın məqsədləri» aşağıdakı bölmələrdən ibarət idi: 1. Şəkli idarə; 2. Həqqi-əhliyyət; 3. İqtisad və maliyyə işləri; 4. Torpaq məsələsi; 5. İşci məsələsi; 6. Ədliyyə məsələsi; 7. Ruhani idarəsi məsələsi; 8. Maarif məsələsi.

M. Ə. Rəsulzadənin fəallığı ilə hazırlanan bu Milli Proqram o dövr üşün böyük hadisə idi.

İkinci qurultay aşağıdakı qərarları qəbul etdi: 1. Qafqaz konfederasiyası; 2. Denikin təhlükəsi; 3. Dağıstan məsələsi . Sonra sədr qurultayın Rəyasət Heyətinin secilməsini təklif etdi. M. Ə. Rəsulzadə səs çoxluğu ilə sədr, Şəfi Rüstəmbəyov, Məşədi Əli Rəfiyev, Əbdül Qasım Rüstəmzadə və İbrahim Yüsif sədarətə, İslam bəy Kabulov, Mirzə Məmməd Axundov, Cavad Axundzadə və Mövsümzadə isə katibliyə seçildilər.

Qurultayda Azərbaycanın ümumi inkişafını təmin edəcək mükəmməl və dolğun bir sənəd hazırlandı. Qurultayda Rusiya ilə də münasibətlərə diqqət edilərək bildirilirdi: «Biz Azərbaycan türkləri başqa qonşularımızla birgə Rusiya ilə dostluq və sülh şəraitində yaşamaq arzusundayıq». Lakin Rusiyanın Azərbaycana münasibəti bu fikrin həyata keçirilməsinə mane oldu. 1920-ci ilin 28 Aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. 28 Aprel işğalının səbəblərini araşdırmadan qeyd etməliyik ki, M. Ə. Rəsulzadə milli, müstəqil dövlətimizin varlığı, qalıb yaşaması üçün bütün imkanlarını sərf etmişdi.

Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K(b)P MK, RK(b)P ölkə komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından Parlamentə 12 saatlıq ultimatum verdilər. Yaradılan Parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra qərara alındı ki, verilmiş ultimatum parlamentin fövqəladə iclasında müzakirə edilsin. Axşam saat 7.30 dəqiqədə Parlamentin fövqəladə iclasında M. Hacınski komissiya adından bildirdi ki, kommunistlərin ultimatumunun bütün şərtləri müsavatcıların lideri M. Ə. Rəsulzadə istisna olmaqla komissiya tərəfindən qəbul edilir. Gecə saat 14.00-da hökumət təhvil verildi. Beləliklə M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının elan olunmasında, milli demokratik dövlət quruculuğu prosesində rolu böyük idi və o, bolşeviklərin istila rejimi ilə barışmayacağını, mübarizə aparacağını bildirirdi.



Yüklə 187.75 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin