Azərbaycan Respublikası Milli Məclisinə 59 saylı Salyan seçki dairəsindən namizəd, VHP Ali Məclisinin sədri Rafiq Manaflının BƏYANATI
7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərin taleyinin artıq indidən bəlli olduğu hamıya aydındır. Bu qənaətə gəlmək üçün namizədliyin irəli sürülməsi, qeydə alınması və təbliğat kampaniyasının gedişi proseslərini izləmək kifayətdir. Belə ki:
1. Bütün respublika üzrə insanlara namizədliyini irəli sürməməsi üçün müxtəlif səpkili təzyiqlər edildi. Yerli icra strukturları seçkiyə qatılmaq istəyən şəxsləri hədələmək, onların yaxınlarını və doğmalarını işdən çıxarmaq təzyiqi ilə xalqın seçkiyə inam və marağını azaltmaq yolunu seçdilər.
2. Namizədliyin qeydə alınması prosesi daha ağrılı keçdi. Seçki Dairələrində yaradılan İşçi Qrupları tapşırıq əsasında bir çox şəxslərin imza vərəqələrindəki imzaları «etibarsız» çıxararaq, onların qeydə alınmasında imtina etdi. Hətta iş o yerə çatdı ki, namizədliyin qeydə alınması üçün imza verən vətəndaşlara müxtəlif yollarla təzyiqlər edildi və onlardan məcburi qaydada imzasından imtina etməsiylə bağlı izahatlar alındı, onların Seçki Dairələrinə teleqramları təşkil edildi. Həmin izahatları və teleqramları «əsas» götürən dairə seçki komissiyaları isə namizədliyin qeydə alınmasınından imtina etdi.
3. Mərkəzi Seçki Komissiyası gözdən pərdə asmaq üçün bir neçə Dairə Seçki Komissiyasının qərarını ləğv edərək namizədi qeydə alsa da, seçki prosesindən müxtəlif təzyiqlər və ədalətsizliklərlə uzaqlaşdırılma faktlarının kütləviliyinin qarşısı alınmadı.
Nəticə olaraq, seçki yarışına qatılmaq istəyən şəxslərdən rəsmi statistikaya görə, tən yarısı – 50 faizi prosesdən kənarlaşdırıldı. Müqayisə üçün bildirim ki, 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərə qatılmaq istəyən şəxslərin 92,22 faizi qeydə alınmışdı. Bu fakt bir daha təsdiqləyir ki, ötən parlament seçkisi ilə müqayisədə hazırda ölkədə daha antidemokratik və qeyri-bərabər şərait yaradılıb.
Təbliğat kampaniyasının da bərabər qaydada təşkil edilmədiyini bütün ölkə boyu izləmək mümkündür. Artıq yerli icra strukturları, bələdiyyə və hüquq-mühafizə orqanları «yuxarıdan» gələn tapşırıq əsasında hakimiyyətin müəyyənləşdirdiyi şəxslərin seçki təbliğatına qoşulublar. Yerlərdə iqtidarın müəyyənləşdirdiyi namizədin görüşlərinin keçirilməsində icra strukturları ilə bərabər bələdiyyə və polis işçilərinin də aktiv iştirakı görünür.
Müşahidələr onu deməyə əsas verir ki, 2010-cu il 7 noyabrda Milli Məclisə keçiriləcək seçkilər heç bir halda xalqın seçimi deyil, ənənəvi qaydada hakimiyyətin təyinatıdır.
Yuxarıdakıları nəzərə alaraq, bu seçki oyunuyla aparılan təyinatlarda vasitə olmamaq və qanunsuzluqlara etiraz kimi namizədliyimi geri götürdüyümü bəyan edirəm.