AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə9/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Ləman VAQİFQIZI (SÜLEYMANOVA)
XOCAVƏND RAYONUNUN İŞĞALI VƏ QARADAĞLI SOYQIRIMI YADDAŞLARDA

(Xocavənd sakinlərindən qeydə alınmış materiallar əsasında)
Özət

Biz Xocavənd sakinlərindən folklor nümunələri toplayarkən söyləyi­cilərdən bu rayonun, eləcə də ümumilikdə Dağlıq Qarabağın işğalı, işğal ərəfəsində baş verən hadisələr, erməni əsirliyində olan soydaşlarımıza verilmiş işgəncələr, XIX əsrin əvvəllərində baş verən erməni vəhşilikləri haqqında xatirələr və s. bu kimi məqamlarla da tez-tez üzləşirdik. Söy­lə­yicilərin tez-tez müraciət etdikləri məsələlərdən biri də Qaradağlı kən­dinin işğalı zamanı erməni quldur dəstələrinin göstərdikləri vəhşilik idi.

Qaradağlı soyqırımı XX əsrin sonlarında Azərbaycan türklərinə qarşı törədilmiş ən dəhşətli genosidlərdən biridir. Xocavənd rayonunun Qara­dağlı kəndi 1992-ci ilin 17 fevralında erməni quldur dəstələri tərəfindən işğal olunub. Kənd tutularkən 10 nəfəri də qadın olmaqla 118 nəfər əsir götürülüb. Yolda əsirlərdən 66 nəfər cavan seçilərək gül­lələnib və ölülərlə birgə yaralılar da diri-diri silos quyusuna gömülüb. Kənddən əsir apa­rılmış sakinlərin bir qismi sonralar geri alınsa da, bir qismindən bu gün də xəbər yoxdur. Qaradağlı faciəsində 3-4 üzvü şəhid olan ailələr də vardır.

Açar sözlər: Qarabağ, Xocavənd, Qaradağlı, soyqırım, şəhid, əsir
Giriş

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII­ saylı Qanununa əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olu­naraq Hadrut və Martuni rayonlarının bazasında Xocavənd ra­yo­nu­ yaradılıb. Ərazisi 1458 km2 idi, 1 şəhər (Xocavənd şəhəri – ra­yon mərkəzi), 2 qəsəbə və 82 kəndi var idi. Əhalisinin sayı işğa­ladək 39,600 nəfər təşkil edirdi, hal-hazırda isə 42,7 min nəfərdir. Ərazinin iş­ğalına qədər Azərbaycan türklərinin sayı 7,400 nəfər olmuşdur, in­di isə 11, 814 nəfərdir.

Bəs nə üçün ərazidə ermənilərlə müqayisədə Azər­bay­can türklərinin sayı bu qədər azdır? Bu sualın cavabını Xocavənd ra­yonundan didərgin düşmüş yaşlı əhali ilə söhbətlərimizdə tapdıq. On­lar Çar Rusiyası dövründə və sonrakı illərdə ermənilərin də­fə­lər­lə Azərbaycan türklərinin yaşayış məskənlərinə soxulması, əliyalın əha­lini kütləvi şəkildə qətlə yetirməsi, onlara ağılagəlməz işgən­cə­lər ver­məsi haqqında xatirələri kövrələ-kövrələ danışırlar. Rayonun Qaradağlı kəndi ötən əsrdə 3-4 də­fə yandırılıb, sağ qalan kənd sakinləri öz el-obasından di­dər­gin dü­şüb, sonralar həmin insanların bir qismi yenidən Qaradağlıya qa­yı­daraq kəndi yenidən salmağa müvəffəq olublar. Yaxud Ağ­ca­bə­di rayonunun Xocavənd kəndinin sakinləri məhz Martuni rayo­nu­nun Xocavənd kəndindən erməni basqınları zamanı köçən əha­li­nin törəmələridirlər. Axullu kəndinin sakinlərinin dediyinə görə, bu kənd də 1918-ci ildə yandırıldıqdan sonra əvvəlki yerində deyil, bir az aşağıda salınıb.

Rayonun Düdükçü kəndi Qarabağ bəylərinə mənsub olmuş, 1828-ci ilədək, yəni ermənilərin Dağlıq Qarabağa köçürüldükləri vaxta kimi kənddə Azərbaycan türkləri yaşamışlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kəndin bəyləri öz mülklərin­dən məhrum olmuş və oranı tərk etməyə məcbur olmuşlar. Kənddə XII əsrin memarlıq nümunəsi olan Rzaqulu bəy türbəsi 1989-cu ilədək qalmaqda idi. Abidə 1989-cu ildə ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Sovet dövründə ermənilər tərəfindən bağları dərmanlamaq üçün istifadə olunan zəhərli maddələri sax­lamaq üçün anbar kimi istifadə olunurdu. Türbənin içərisində xeyli sayda sinə daşı var idi ki, bunların da qəbirlər olması yəqin idi. Bəylərə mənsub olan mülkü isə toyuq fermasına çevirmişdilər.

1988-ci ildə hadisələrin yeni-yeni alovlandığı bir vaxtda kifayət qədər yaşlı bir erməni babasından (Onun babası və eləcə də Düdükçü kəndində yaşayan bütün ermənilər bəylərin mülkün­də, torpağında yaşayır, onların mal-qaralarına baxırdılar) eşitdiyi hadisəni belə danışırdı. Erməni qarşı tərəfdəki meşənin talasını (bura Həkənur adlanırdı) göstərərək nəql etdi ki, (oturduğumuz yer keçmiş bəy mülkü və türbənin yerləşdiyi ərazidə idi) babası bəyin naxırını otarırmış. Bəy isə üstüörtülü yerdə dayanaraq ətrafı müşahidə edirmiş. Birdən bəyin gözü güclü yağan yağışın altında islanan erməniyə sataşır və onu haraylayır: “Ay dəli erməni, görmürsən, yağış yağır? Naxırı burax gəl, yağış kəsəndən sonra qayıdarsan.” Ermənin dediyinə görə, bəyin tapşırığı ilə babasına yeni patava verilir, çuxası qurudulur və ona yemək verirlər. Bun­ları danışan erməni hadisəni törədən soydaşlarını – baiskar­ları qarğamaqdan da çəkinmədi.

Qayalıq yerdə məskunlaşan ermənilərin sahəyə gedən yolu bəylərin mülkünün yanından keçirmiş. Daşlı yolla irəliləyən er­məni uzunqulaqlarının dəmir nalı səs salmasın deyə onlar hey­vanın ayağına keçədən örtük vurarmışlar.1

Rayonun Azərbaycan türklərinin yaşadığı Xanlıq adlı kəndi ləğv edilərək ərazisi ermənilərin məskunlaşdığı Ağkəndə verilib. Beyləqan rayonunun Təzəkənd və Bolsulu kəndlərinin sakinləri Xanlıq kəndindən gələnlərdir.

Edilli kəndi Bəhrəm bəy adlı Qarabağ bəyinin mülkü imiş. Ancaq sonradan ona olunan təzyiqlər nəticəsində Bəhrəm bəy Şuşaya köçməyə məcbur olmuş, onun mülkündə isə ermənilər məskunlaşmışlar.

Kolxozlaşma başlayanda kolxozlar yaratmaq adı ilə bölgənin kənd­ləri bir-biri ilə birləşdirilmiş, birləşdirilən kəndin əhalisi oradan di­gər kəndə köçürülmüş, ərazisi isə erməni kəndlərinə verilmişdi. Bəh­rəm­li kəndi bu dövrdə Əmirallara, Vərəndəli kəndi isə Qaradağlı kən­dinə birləşdirilmişdir. Söyləyicilərin bu məsələlər haqqında danışdıqları mətnlərin bir neçəsini burada verməyi məqsədəuyğun hesab etdik: “O Martuni, Hadrut dedihləri yerrər sifdə olub Azar­bay­canın. Sora bizim camahatı bir-bir, beş-beş, üç-üç ki köçürüflər, er­­mənilər gəlif gəlif yerrəşiv ora. Həmən o qav­ırsannıx ki var, əməl­li-başlı böyüh qavırsannıxdı. Afşar qavırsan­nığı adlanır. İnsanna­rımız hamısı orda basdırılırdı. Nəkqədər qavır varıdı. Musurman­narı köçürdülər, ermənini gətirdilər, dol­durdular ora. Helə-helə, ge­də-gedə musurmanı qovdular düz yerə, ermənilər yerrəşdilər bizim dədə-baba torpaxlarımıza, o safalı yerrərə” [Sərdarov Rəxşan], yaxud “Ermənilər son vaxlar gəlif yerrəşmişdilər Qarabağda. Onda ki Türklərnən onnarın arası dəydi, onda rusdar qəsdən onnarı köçürdüf gətidilər bura. Gətirif yerrəşdirdilər. İrannan da gətiridilər bir azını. Türkmənçay sülh müqaviləsinnən sora gəldilər hamsı.

Martuninin əvvəlki adına Xonaşin də deyirdilər. Xonaşin o çayın adıydı, çayın adıynan deyirdilər. Heş zad, orda bəylər olub, Qarabağ bəyləri. Orda torpaxları oluf, indi Qarakətdə bı sahat da ora Xannıx deyillər. Xannıxlar oluf Qarakəntdə. İndi o Xannıxların yerin məhv eliyiflər. Mən bir erməniynən görüşdüm, Qarakənd ermənisiynən. Qoca erməniydi. Söypət elədih. Dedim ki. Yaxşı, burda Xannıxlar varıdı, bu xannar nağayrırdı ki burda? Nə iş görürdülər xannar? Dedi, hes zad, torpağ ollarınıdı, biz də onu icraya görürüf bırda əkirdih, becərirdih, ollar da çiynində qızılquş, ov eliyirdilər bu dağlarda. Kəhliy ovuna, onnan sora turac ovuna, onnan sora meşə xoruzu ovuna çıxırdılar. Ancax ildə bir dəfə gəlif vergiləri yığıf qayıdıf gedirdilər. Biz, deyir, olların əlinin altında işdiyən adamlarıdıx. Məsələn, köçürmə vaxdı deyillər ki, mubahisə yarammır ki? O vaxdı o köçürənnərdən biri deyir ki, hələlih mubahisə yoxdu. Amma xalq, yerri camahat hamısı dağdadı. (Tərəkəməydilər də, dağa-arana gedirdilər). İndi ollar qayıdannan sora yəqin ki, mubahisə yaranajax. Sora da mubahisə yaradannarı qırdılar, töhdülər, köçürdülər. Məjbur eliyiflər də, elə heylə də o vaxdı hökumət məjbur eliyif” [Tahirov Həsrət].

Söyləyicilərin dediyinə görə, ermənilər bu ərazilərə yerləş­dikdən sonra ərazi adlarını dəyişdirməyə başlamışdılar. Onlar əra­zilərin bir qisminin adını erməni dilinə tərcümə ediblər: Əzgilli – Zıqorlu (zıqor erməni dilində əzgil deməkdir), Məmməd dərəsi – Məmmədəzor və s.

Bölgədə türk əhalinin sayının kəskin azaldılıb əvəzində ermə­nilərin sayının artmasında aşağıdakı səbəbləri göstərmək olar:

1. 1905, 1918-1920-ci illərdə baş vermiş qırğınlar zamanı türklər qırğınlardan yaxa qurtarmaq üçün bölgəni tərk etdi və onların xeyli hissəsi bir daha geri dönmədi. Kəndlərin bəziləri həmin illərdə bir neçə dəfə məskunlaşdı. Eyni zamanda həmin illərdə türk əhalinin kütləvi tələfatı da ərazidə türklərin sayının azalmasına, ermənilərin isə artmasına səbəb oldu.

2. Sovet dövründə kəndlər kolxozlaşma adı ilə birləşdirildi. Bu vasitə ilə türk kəndlərinin sayı məqsədli şəkildə azaldıldı.

3. Erməni əhalinin sayı rəsmi statistikada süni şəkildə artırıldı.

Dağlıq Qarabağdan vaxtilə didərgin düşmüş əha­li­nin böyük bir qismi də Beyləqan, İmişli və s. rayonlarda küt­lə­vi şəkildə məskən salıblar. Həmin rayonların yaşayış yeri kimi seçil­mə­sinin əsas səbəbi bu rayonların ərazisinin Dağlıq Qarabağ əha­li­sinin qışlaq yeri olmasıdır. Yaylaq yerləri əllərindən çıxan, var-döv­lətləri talanan camaat bu gün də orada yaşayanlar tərəfindən “İsti Sibir” adlandırılan Haramı düzündə məskunlaşmağa məcbur olub. Beyləqan və İmişli rayonlarında yaşayan tərəkəmələrdən folklor toplayan fil.ü.f.d. İlkin Rüstəmzadə yazır: “Bölgədə sayı­na görə ikinci böyük tayfa muğanlıdır. Özlərinin dediyinə görə, üç muğanlı tayfası var: Körpükənd muğanlısı, Qarqar muğanlısı və Vəlağa muğanlısı. Əslində bu əhalinin hamısı Xocavənd ra­yonundan çıxmadır. Yaşlı sakinlərin əcdadları ilə bağlı söylədik­ləri xatirələrdə deyilir ki, Çar Rusiyası dövründə erməni ailələ­rinin Qarabağda yerləşdirilməsi nəticəsində həmin tayfalar Xona­şendən (indiki Xocavənd rayonundan) çıxarılıb və bir qismi Ağ­ca­bədiyə, digər qismi Qarqar çayı sahilinə, böyük bir qismi isə Mil düzünə köçüb. İmişli rayonunda məskunlaşanlar özlərini Və­la­ğa muğanlısı adlandırırlar. Yerli sakinlərin dediyinə görə, Vəla­ğa muğanlısı on iki tirədən ibarətdir: məmmədli, əliyetməzli, te­liş­li, allahmədətli, ağammədli, oruclu, axıcanlı, cəfərli, papaxçı, təmrəzli, hacı hüseynqulular, nurəhmədli. Muğanlı camaatının danışığı sırf Qarabağ ləhcəsidir və ədəbi dilə yaxınlığı ilə seçilir. Yerli sakinlərin özləri də ləhcələrinin ədədbi dilə ən yaxın ləhcə olduğunu vurğulayırlar ” [Qarabağ, IX kitab, səh. 3]

Qaradağlı faciəsi. Söyləyicilər bəzən birbaşa ermənilərin törətdikləri soyqırımlardan danışır, bəzən də dolayı yolla bu mə­sə­ləyə toxunurdular. Məsələn, “Qanlı dərə” adlı ərazinin adının verilmə tarixindən danışan söyləyici istər-istəməz yenə erməni­lərin törətdikləri qanlı hadisələrdən danışmalı oldu: “Qannı dərə varıdı. Orda uşax vaxdı atamnan gedirdih. O vaxdı orda lager varıdı, piyaner lageri. Məni aparırdı piyaner lagerinə qoymağa. Orda da hamısı erməniydi. Ordan keçəndə dedi ki, bala, bura Qannı dərədi. Dedim ki, niyə Qannı dərə deyillər, ata? Sual ver­dim da. Dedi ki, burda azı min nəfər azarbaycannını qırıflar. Dağ­dan gələndə burda pusqu eliyiflər. Dərin dərədi. Burda pus­qu eliyiflər. O pusquda azərbaycannılar hamısı düşüv o ermə­ninin arasına. Burda gülləliyif qırıflar. Dedi, bax orda (mana bir ağaş gösdərdi. Böyüy ağacıdı.) Dedi ki, bax bu ağacın dibində azarbaycannıların birinin belinə qaynammış samavarı bağlıyıf, belində samavar ora-bura qaçmağa məjbur eliyiflər.

Sajayax deyillər, qoyurdular ojağa, qalıyırdılar, qızırdı möy­kəm. Bax o spiral kimi qızaranda deyir, götürüv taxırdılar müsəl­mannarın başına. Çılpaxlıyırdılar, lütdüyürdülər, deyir, taxır­dılar onun boynuna ki, bunnara zulum eliyək. 1905-ci ildə, 1918-ci ildə, sora Savetin vaxdında da onnar müsəlmanı qırıflar” [Qarabağ, VII kitab, səh.58] .

Söyləyicilərin dediyinə görə, bəzən ermənilər özləri də ya bilərəkdən, ya da bilməyərəkdən əraziyə gəlmə olduqlarını etiraf edirmişlər: “Səkgiz evim qaldı Qarabağda. Savetdikdə dörd kəndi qarışdırmışdılar bir yana. Haxulluydu, Ağbulaxıdı, Edilliydi, Dü­dükçüydü. O kətdərin üçündə erməni yaşıyırdı, biri musurs­mandı. O Düdükçü kəndi dediyim kənt bəylər kəndi oluf. Bəy kəndi oluf keçmişdə. Ermənidən qavax. O vardı e, Vəzirov (Əbdürrəhman Vəzirovu nəzərdə tutur – top.) o da Düdükçü kəndinnəniydi. Onun ata-babaları da vaxdıynan erməniyə qarşı döyüşən adamnar olmuşdular. Ata-babası bəy oluf onun. Bəylər qaşdı. Bəyi urus qaçırdı da. Bəylərdən İrana addıyan oldu. Nə bilim ora-bura qaç­an oldu, hamsı qaçdı, tərk oldu.



Edilliynən Ağbulaxda da uje erməni yaşıyırdı. Amma hamsı İrannan gəlif. Müharbə olanda gəliflər hamısı (söyləyici Rus-İran müharibələrini nəzərdə tutur – top.). Özü də İranın Ğırdehli kəndi var. Ordan gəlif hamsı. İranın kəndidi. Özdəri bir-biriynən dalaşmırdı? Dalaşanda söyüşürdülər. Sən Ğırdehlidən gəlmisən, sən hardan gəlmisən? Onçun da biz bilirdik ki, hə, bu adam ordan gəlif də, İranın Ğıdehli kəndinnən. Olar hamsı gəlmeydi dana”, “ ... Edilli varıydı, Düdühçü varıydı, sora Məmədəzor vardı, sora Çırauz varıydı, erməni kətdəri. Olar İranan gəlməydi. 28-dəki köçürmədə gəlif bu kəntdərin camahatı (Söyləyici 1828-ci il Türk­mənçay sülh müqaviləsini nəzərdə tutur – top.). Mən ermənilərin özünnən danışırdım. Deyirdilər ki, bizim babalarımız İranan gəlip. Ulu bavası gəlif. Edilli erməniləri boynlarına alırdılar ki, İrannan gəlmişih. Sora Çırauzda yol çəkirdih. Yolu bulduzer genişdən­dirirdi. Bir qəbir çıxdı, qədim qəbir. Belə gəldim (mən də prara­bam də). Belə baxdım. Kəndin də sədr əvəzi birqadiri vardı, sağ qolu yox Şirin deyirdilər ona. Bu da gəldi. Belə baxdım ki, qəbrə əhlət daşı qoyuluf. Bizdə qəbrə, uzax evdən, əhlət deyillər, hörgü kimi, üsdünə də daş qoyullar də. Bu, elə qanuni müsəlman qəbridi də. Dedim, ə, ora bax e, əhlət daşıdı, bu erməni qəbri döy, bu burda nə gəzir, bu azərbaycannı? Bu, mənim başımı belə yozdu ku, ə, yox, bizdə qavax erməniləri də belə basdırırdılar də. Sora uje yolu çəhdih, getdih, kəndin içinə çatanda baxıram ki, kəndin o biri tayında Azərbaycan qəbirsannığı var, Çırauzda. Getdim qəbir­sannığı fırrandım. Gördüm qolu yox Şirin belə şey baxır, pisihmiş halda. Ə, dedim, bə burda da qəbirsannığ var axı. Sora boynuna aldı ki, bə vaxdilə burda azərbaycannılar yaşıyıf də. Sora olar köş­dü getdi. O birinci erməni-musurman davasında oları qoluyuflar, qırıflar” [Göyüşov Ramiz].

Dağlıq Qarabağda ermənilər 1967-ci ildə növbəti dəfə sepa­rat­çılığa başlamışdılar. Əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan, Kuropatkin kəndində məktəb direktoru işləyən Ərşad müəllimin və iki nəfər qohumunun şərlənərək tutulması bu hadisələrə başlanğıc olmuşdu. Tutulmuş üç nəfərin Xankəndində vəhşigəsinə qətlindən sonra dövlət strukturlarının və bilavasitə Heydər Əliyevin məsələyə qarışması erməni separatizminin hə­min dövrdə yatırılmasına səbəb olmuşdu.

1988-ci ildə Xankəndində ermənilər Dağlıq Qarabağ Muxtar Vila­yətini Ermənistana birləşdirmək tələbi ilə separatçı mitinqlərə baş­layandan bu bölgənin əhalisinin də qara günləri yenidən baş­la­yıb. Əhali həmin dövrü “daşlaşma”, “ağaclaşma” dövrü kimi xatır­la­yır. Nisbətən yüksəkdə yerləşən erməni kəndlərindən, demək olar ki, hər gün Azərbaycan kəndlərinə daş yağdırılır, od vurulmuş tə­kər­­­lər ot tayalarına, tövlələrə doğru yuvarladılır, yolla gedən dinc sa­kinlər təklikdə ələ keçən kimi ağacla döyülürdülər. Az bir müddət için­də “daşlaşma”, “ağaclaşma” dövrü ən müasir silahlar va­sitəsilə edi­lən gülləbaranlarla əvəzləndi. Tuğ kənd sakini Tan­rıverdiyeva Zenfira Tanrıverdi qızı o illəri belə xatırlayır: “Kətdə axrıncı vaxlarıydı. Hələ döyüş yoxudu. Ancağ elə-belə ağaş davası varıdı. Nəysə, nümayiş gedir. İdarə də bizim evin yanındaydı. To­palaşıf ağsakqallar (bizimkilər) idarənin üsdündə gəliv oturuflar. Yenif gəliflər idarəyə. Bizim evin belə qapısınacan ermənidi, bax belə, yolun ortasında bir belə, acca yer var. Bu tərəfi də bizim ca­mahatdı. Elə bil, idarə qalıv ortada. Burdan də gəliflər, burdan da. (Allah rəhmət eləsin) Ramizin atası gəlif, bu da bizdədi. Qayıtdım ki, Sərdar dayı, axşam gəlsin, neyniyəjiyih bularnan? Bular bizi batırıf qırır. Dedi, bala, oları bircə ağaşnan oları qaldırıf qoyjam Hatvotun1 başında. Dedi, aparıv oracan qoluuf gələjiyih. Evin böyrünə hərrəndim. Cavannar (bizim kəndin cavannarı) belə yekə-yekə payaları yığıflar bizim evin arxasına. (Bizim ev sentirdədi.) Al­lah, ağacı görəndə ağlım başımnan çıxdı. Bu nədi? Axşam düş­dü. Axşam düşəndə uşaxlar payaları götürdü, düşdü erməninin ca­nına. Ermənini şil-küt eliyiv aparıf çıxartdılar Hatvota. Daldan bu urus gəldi. Nə elədi, urus elədi. Erməninin güjü dünyada çatma­zıydı bizə. Hələ özü də bizim kənt bax belə erməninin içindeydi. Yazıx kişi qayıtdı, bax gördün? O da bir ağaş götürüf gəlif. Dedi, gördün, ağaşnan apardıx. Hamsının başını-gözünü yarmışdılar.

Yerdə atışma başdıyıf. Deellər kin, künşdərə güllə batmır. Ye­məyizi bax belə qoymuşux sdolda, o künşdərdə durmuşux, belə bax. Ta kin gejə üçə, dördə kimi. Onnan da sora geyindiymiz nə olub? Hamı paltarrı, adama bir cüt təzə qaloş (bu qaloş axı yün­gül­dü), elə-belə pükülüf yatmışıx ki, qaçaqaç düşsə əgər, qaloş əya­ğmızda olsun, yüngül qaçax. Helə gunnər görmüşüh neçə il. Allah o günü bir də görkəzməsin” [Qarabağ, VII kitab, səh. 101-102].

Xocavənd rayonunun işğalı 1991-ci ilin 30 oktyabrında Tuğ kən­dinin didərgin düşməsi ilə başlayır və 1993-cü ilin 23 av­qust­un­da­ Günəşli kəndinin işğalı ilə başa çatır. Bu gün bütövlükdə Dağlıq Qa­ra­bağdan əlimizdə kiçik bir ərazi – yalnız Nərgiztəpə abidəsi qa­lıb.



Rayon 13-ü qadın, 13-ü uşaq olmaqla, ümumilikdə 145 nəfər şə­hid verib. Qaradağlı müsibəti Xocavənd rayon sakinlərinin mə­ruz qal­dığı dəhşətli faciələrdən biridir. Hər tərəfdən vaxtilə ermə­nilərin zəbt edərək yaşadıqları kəndlərlə əhatə olunan Qaradağlı camaatı, de­mək olar ki, hər gün gülləbaran altında qalsa da, təslim olmaq is­tə­mirdi. Odur ki, arvad-uşağı kənddən çıxarıb əli silah tutan kişilər və onların qulluğunda duran qadınlar kənddə qalırlar. Ancaq 1992-ci ilin 17 fevralı onların kənddə keçirdikləri son gün olur. Kəndi hər tə­rəf­dən mühasirəyə alan ermənilər 118 nəfəri əsir alırlar. Onlardan 10 nəfəri də qadın idi. Əsirlərdən 66 nəfər cavan seçilərək gül­lə­lə­nir və ölülərlə birlikdə yaralılar da silos quyusuna gömülür. Sağ qa­lan­ların az bir qismi sonradan geri qaytarılsa da, bir qismindən bu ­gün də xəbər yoxdur. Xocavənd sakinlərinin bir çoxu, xüsusilə də Qaradağlı kənd sakinləri Qaradağlı soyqırımı ilə bağlı kədərli xatirələrini bizimlə bölüşdülər: “Doxsan ikinci ildə, noyabrın on yeddisində Qaradağlını ermənilər mühasiriyə alıflar, kəndi yandırıf, dağıdıfdılar. Sora saysız miqdarda əhalini əsir götürüfdülər, öldürüfdülər. Öldürdühləri əhalini silos quyusuna töküv üsdün basdırıfdılar. Çoxların aparıflar. Soradan bəzilərini qaytarıfdılar, olların da çoxları uzun yaşıya bilmiyifdi. Yetmiş-həşdat nəfərə qədər əhali gediv orda qırılıfdı. Ona görə də biz hər il onu qeyd eliyirih. Qaradağlı soyqırımdı. Çox dəhşətli, tarixdə görümməmiş şəkildə işgəncə verdilər camahata ermənilər. Baş­darın kəsməh, ciyərin çıxartmax, nə bilim, uşaxların gözün çıxart­max. Hamilə kadınnarın qarnın cırıv uşağı çıxartmax. Bıllar o qədər dəhşətlidi ki, heç danışmax mümkün döyül kü, belə hərəkəti hər hansı millət eliyər? Almannar da belə eliyə bilməzdilər” [Qarabağ, VII kitab, səh. 102].

Qaradağlı faciyəsi vaxdı arvatdarı-zaddarı çıxartdılar, gəl­dih. Mən dekabır ayında ordan çıxmışam. Qalırdım, gedirdim day­na. Yoldaşım da, oğlum da Qaradağlıda qalmışdı. Hə, gedirdim ollara çörəh pişirirdim, paltarrarın dəyişdirif qayıdıf gəlirdim. Vertalyotnan. Camahat söyüş qoymuşdu ki, hara gedirih qəvirsan­nığımızı qoyuf? Dedilər ki, ə, Muğannıda ratsiya var, danışıflar, deyir ki, kəndi akrujeniya alıflar. Dokquz nəfər ölüf, qalanı da əsir götürüllər. Durdum elə ağlıya-ağlıya yüyürdüm, getdim ora-bıra. Bir oğlan gəldi qavağıma. Dedi ki, xala, hələ almıyıflar, amba elə muhasirədədi kənt. Amba arxayın ol, oğlun, yoldaşın salamatdı, yığıflar idariyə. Oğlum nağıl eliyir ki, dolduğ ora. Gəldilər. Bir ar­vat da ratsiyaynan xəbər verir İrəvana ki, belə gəlmişiy, almışıx. Er­mənicən, uruscan. Ollar da, deyir, o qədər atdılar, idarələrin şüşəsi dağıldı, abışqalar dağıldı. Neçə nəfər orda öldü. Patronu­muz qutarmışdı. Yendidilər aşağı, bizim silahlarımızı aldılar. Af­damatdarı varıdı, onu alıflar. Cavannarı bir yığıflar, qojaları da bir. Bıları da aparıllar o Bəylih bağı deyilən yerdə, (oğlum nağıl eliyir e mana) deyir, orda maşınnarı saxladılar. Yolda da iki nəfəri gülləynən öldürüv atdılar. Sora da ağacınan birinin başına vırıv öldürüflər. Biri deyir, əmr elədi ki, (o başı qara lentdi) on nəfər düşsün. Mametcan deyirdilər ona. Kim düşər? Kimin ürəyi gələr? İki dəfə deyir, afdamatı maşının içinə belə atdılar. İki nəfər yara­landı, deyir, qalanı da ora yıxıldı, bıra yıxıldı, töküldüh maşınnan. Töküldülər deyir. Telman adında oğlan vardı, kişinin əmisi oğlu­nun oğludu. O deyir, bax belə bırdan (qoynunnan) bir qranat çıxardıv atanda erməni də öldü neçə nəfər. Onnan sora başdadılar bılları qırdılar. Deyir, qalanımız maşındadı. Bir on-om beş nəfər maşındadı. Gəldi, deyir, maşınnan məni götdü, erməni gətdi tulladı bı meyitdərin üsdünə. Bax topa belə meyitdərin üsdünə tulladı, avdamatı belə zarajit elədi ki, məni vıra. O dediyim erməni, o Ma­met­can gəldi məni tokqam qarışıx götdü atdı maşına, vırmağa qoymadı. Aradan bir az keşdi, böyühləri gəldi, yerdə adamı sana­dı, meyidi sanadı, maşının dalın bağladı, dedi, xvatit. Amba üç uşağı deyir, düşürdülər, körpə uşaxları – on dörd, om beş yaşında. Ollara dedi ki, biz sizi vilisinən aparejeyix. Olları qoydular vilisə. Biri də vardı deyir, Ağdamnanıdı. Bizim kətdən evləmmişdi. Ona da deyflər ki, qaç, qaç, səni vırmıyejeyıx. Deyif, mənim beş uşağım var, beş qızım var, məni öldümüyün. Elə qaça-qaça deyir, vırdılar, qa­ldı o ağacın dibində. Həmən ölən oğlanın qardaşın düşürtdülər, mindirdilər vilisə, apardılar. Deyir, bı kənt var – Qalaxan. Apar­dı­lar ora. Bizi də apardılar orda töhdülər. Hamı baxdı gördü, adam qalmıyıf. Qırılan qırılıf, qalan da nəyə lazımdı. Elə deyir, bizi böldülər. Dədəm, deyir, mənim əlimnən tutdu. Tutanda biri de­yir, oyannan gəldi ki, yox, o cahılların içinə gedəjəh. Bizi apar­dılar bir binanın qabağında deyir (daşdı-zaddı, çınqıllı, o pis çın­qıllar olur e, onun üsdünə), bizi üzüquylu uzandırdılar. Uzandır­dılar, əllərin­də afdamat tık eliyə-eliyə, başımıza vıra-vıra gedillər o başa, gə­lillər bı başa. Hasarın da başı deyir, hamısı erməni. Daş atan kim, çınqıl atan kim. Nə bilim e, olmazın işgəncələr. Axşam deyir, gəl­dilər bizi yığdılar apardılar böldülər, saldılar türmələrə. Mənnən deyir, dört nəfərik kamerada. Dört-beş nəfər düşdüh bir kamerıya. Qalanı da payladılar. Biz də qırılıf batırıx kin, hamını qırıflar.

Oları maşınnan töküf qıranda ordan bir oğlan nətər olufsa, yumalanıf gedif düşüf bir kolun içinə. Onu görmüyüflər. O da adam-zad çəkilənnən sora duruf dəmir yolu var da, onnan gedif çıxıf Gülaflıya. Səhər olanda Gülaflıdan yenif gəlif. Getdilər gətdilər. O deyif ki, çox adamı qırdılar, qalanı da yığdılar maşına apardılar. Üş günnən sora sağların siyahısı gəldi. Ölənnərin yox, sağların siyahısı. Ta biz də bir az arxayınnadıx da. Dedi, kişi də sağdı, gədə də sağdı. Qalanı da qırıflar, çox adam qırıflar. Ordan da yığışdıx maşına, gəldih bax bı Beyləqana.

Arvatdarı tez dəyişdilər. On gündə arvatdarı dəyişdilər. Bir on nəfər də arvat tutmuşdular. Oları dəyişdilər, amba bıllar qaldı.

Oları gətiriflər Əsgərana, Əsgəranda saxlıyıflar. Deyirdi yol­daşım ki, gejə gördüh zınqazırıx qapı açıldı, bir erməni girdi, əlində dubunka. Girdi, deyir, çəhdi məni qabağa, başdadı məni döyməyə. Döydü məni təpiynən yıxdı, yıxanda gədə qışqırıf: “Ay qardaşdarım, gəlin, dədəmi öldüdülər”. Məni durquzdular, gədəni tutdular. Gə­dəni də, deyir, orasına-bırasına döydülər, getdilər. Ermənilər ismen­nən qalırmışdar keşihdə. Bıları döyən erməninin uşağı varımış bir dənə – oğlu. Səhər evə gedəndə anası deyir ki, bala, sən nə iş gör­mü­sən ki, uşağ oyanıf deyir ki, ilan məni yedi. Deyir ki, ana, bir də­dəni, bir balanı döymüşəm. Deyir, çox səf eləmisən. Niyə döymüsən? Onçun uşağın yata bilmir. Tez ol, dur get, olardan üzür isdə. O biri günün gejəsi deyir, sahat dördüdü. (Yoldaşım nağıl eliyir bını.) Bir də gördüh, zınqazırıx qapı açıldı. Həmən oğlan gəldi, deyir, məni çəhdi qapının ağzına. Dedi, səni o Allaha ant verirəm, Allahı çağır, yalvar, mənim uşağımı ilan yeməsin. Ta deyir, nə deyə bilərəm. Elə ürəyimdə dedim, sənin uşağını ilan lap elə çoxdan yesin. Bına dedim ki, həə, dedim. Ta danışıf dana ürəyində. Getdi deyir, bir çörəh gətdi, üş yumuru qət gətdi, bir quruşqa çay gətdi, bir də bir palton gətdi. (Bılların paltarın-zaddarın alıflar e hamısını.) Gətdi, dedi ki, ama özün ye, ollara vermə. Deyir, dedim, yox, ollar mənim yolda­şımdı. Yatdıx, deyir, səhəri Mamet varıdı, kətdənidi. O, elə bil, A­l­lah­verdiynən danışıf, girovları dəyişifdilər. Gəldi bizə dedi ki, oğluma dedi ki, adamların on nəfərin dəyişəjiyih. Oğlum da bir başqa pul verdi. Deyif ki, kişi qalajax, amba gədəni dəyişəjiyih. Deyiv, ə, dədəmi də yaz. Dedif, yox, iki nəfəri olmaz bir öydən. Aprel ayının biriydi, oğlum gəldi. Üsdən xeyli keçənnən sora kişini ala bildih [Qarabağ, VII kitab, səh. 103-104].

Yalnız xocavəndlilər deyil, Qarabağın işğal altında olan digər bölgələrinin sakinləri də ermənilərin apardıqları soyqırım siyasəti ilə bağlı qandonduran məlumatlar verirdilər: “Murovdan aşanda mart ayıydı. Elə bir haveydi, yer-göy buz, sazax. Gəlirdin, baxırdın ki, irax qulağıızdan e, uşağ ölüf, belə yığıflar üsd-üsdə. Körpə uşax meyitdəridi hamsı, iki yaşında, üş yaşında. Həə, bax ordan aşanda dedim, Xudaya, Xudavəndi aləm, heş bi şey isdəmirəm, elə bı uşaxları salamat aparım” [Qarabağ, VI kitab, səh. 149] və ya “Bizim kirvə danışırdı. Deyirdi ki, gədə iki yaş yarı­mın­dey­di, yoxsa bir yaş yarımındeydi? Deyir, danışıf-gülən gədə. Bax həylə Mu­rovdaca donuf öldü. Qoyuf qarın içində, gəldih. Heş meyitini gətirə bilmədıx. Yollar doluydu meyitnən. Hərə öz canının hayında, me­yitə-zada baxan kimdi?” [Qarabağ, VI kitab, səh. 149].

Xocavənd sakinlərinin hansı ilə ünsiyyətdə olduqsa, ya bu hadisələrdən birbaşa danışır, ya da heç olmasa, danışdıqları folklor mətnlərində erməni vəhşiliklərindən bəhs edən nəsə bir detal olurdu. Əhali yalnız 1992-ci il Qaradağlı soyqırımından deyil, XIX əsrin əvvəllərində ermənilərin törətdikləri vəhşiliklərdən də danışırdılar. Onların verdiyi məlumatlar əsasən vaxtilə yaşlı ata-babalarından eşitdikləri məlumatlar idi: “Martuni dediyimiz yerdə ermənilər olmuyuf, soradan gəlif. Həmən orda polis şöbəsinin binası olufdu. Polis şöbəsinin binasın da azərbaycannı tikif. Bir də vayenkamatın binası varıydı, o da azərbaycannının olufdu. Ermənilər məlumat eliyir bizim camahata kin, bı gejə sizin kəndə hucum olajax. Camahat çıxıf kətdən. Həmən o vayenkamatın binasında yaşıyan bir yaşdı qadınnan kişi – azarbaycannı oluf, deyif kin, bı yaşda biz necə çıxax? Ermənilər onnarı orda, həmin vayenkamatın binasında öldümüşdülər, başdarın kəsmişdilər azərbaycannıların. O hadisə olufdu 1905-ci ildə” [Qarabağ, VI kitab, səh. 97-98].

Axullu kənd sakini Hüseynov Namiq Məyiş oğlu nənəsindən eşitdiklərini belə dilə gətirdi: “ ... Rəhmətdih qoca nənəm doxsan beş yaşında rəhmətə getdi. Bakıda qaçaqaşda rəhmətə getdi. Mənə danışırdı. Ermənilər belə elədi, helə elədi – hamısın dana. Özü də qorxa-qorxa danışırdı. Yanı ermənilər nə qədər işgən­cələr vermiyip, onun hamısın danışırdı. Özünə eləməsələr də, ya­nı eliyənnəri görüf də. Bizdə Qırqın dərə varıdı. Orda ermənilər bizimkiləri qırmışdı. Ona görə oranın adı Qırqın dərə qalmışdı. Bizdə Osmannıların top qurduğu dərə varıdı. Onun uşax vax­dıydı. Dedi, bıde bıra var e, mənə gösdərirdi, gedirdih bağda-zadda işdəməyə, gösdərirdi. Deyirdi ki, ode ora varıdı e, orda bir top qurmuşdular, əliynən gösdərirdi. Deyir, burda bir top qur­muşdular erməniyə tərəf. Osmannı o vaxdı gəlif bılları xilas eliyən vaxların danışırdı ...” [Qarabağ, VII kitab, səh. 100].

Xocavənd rayonu Axullu kənd sakini 1925-ci il təvəllüdlü Hü­seynov Məyiş Sevdik oğlu bu bölgədə 1918-ci ildə Domulu Tevan adlı bir erməni quldurunun başçılığı altında müsəlman əhaliyə qarşı törədilən etnik təmizləmədən söhbət açdı. Söyləyicinin vaxtilə atasından eşitdiyinə görə, Tevan türk ordusunun gəlişindən qorxaraq qaçmış, öz doğma el-obasını tərk etmiş Azərbaycan türkləri də yenidən yerlərinə qayıtmışlar [Qarabağ, VII kitab, səh. 97].

Yalnız Xocavənd sakinləri deyil, Qarabağın digər bölgələ­rin­dən didərgin düşən sakinlər də əsrin əvvəllərində baş vermiş er­məni vəhşilikləri ilə bağlı xatirələr danışırdılar. Ağdərə rayonunun Baş Güneypəyə sakini 1930-cu il təvəllüdlü Mövlamverdiyev İrvaham Alış oğlu babasının ermənilərə qarşı döyüşməsini və son­da ermənilər tərəfindən qətlə yetirilməsini belə nəql etdi: “Bax mə­nim dədəmin dədəsiin də başını erməni kəsif. Mə­nim dədəmin də­dəsi pəhləvan oluf. Bu, gedif qoja camış verif, be­şatılan almışımış. Üş dəsdə götürüf gedif erməniin qabağına. Dəs­dəən birin o yalda qoyuf, birin bu yalda qoyuf, birin də götürüf gedif, girif dəriyə. Görüf bi qrupba erməni gəlir, onu qırıl­lar. İkinci qrupba da gəlir, onun da yarsın qırıllar. Üçüncü qrup­ba da gəlir. Ha qırıllar, erməninin dalı gəlir. Buların da silahı-zadı azımış. Baxır ki, bütün dəsdəsini erməni qırıf, bı təh qalıf. Dədə­min dədəsi də pəhlivanmış dana. Ermənilər görüllər bına güj çatmır. Okrujeniyaya salıllar kişini. Elə ayağüsdə başını kəsmiş­miş­dər dədəmin dədəsiin. Canın üçün, görənnər deyirdi bax bu qənd üçün, kişinin meyidi qumun içində dih qalmışdı, amma başı yoxudu. Erməni tökülüf orda bavamın başın kəsif” [Qarabağ, VI kitab, səh. 145].

Söyləyicilərin dediklərinə görə, ermənilərin də arasında erməni vəhşiliklərindən bezənlər, bəzən açıq, bəzən də gizli formada buna etiraz edənlər olmuşdur. “ ... Onnan sora bizdə qoca bir erməni varıdı, bizim kinoteyatrın direktırıydı. Edilli kəndinnən olan oğlan dedi ki, bəs bizim Melkumyan Lenturuşu infakt vuruf. Uje ölümcül haldadı, gedəy onu görəh. Hadrutun mərkəzinə. Durdux getdih Fizuliyə. Getməh mümkün dəyildi, nümayiş gedir orda. Getdih bınnan qoşalaşdıx çıxdıx Hadruta. Getdih bının evinə. Getdim ki, belə tuman-köynəhdə bı içərdə oturuf, o qədər də dava-dərman yığıf ki böyrünə. Slavik adında erməniydi. Getdih bınnan oturdux belə. Qayıtdı dedi, Slavik, sən yen aşağı, (bağ yeri varıdı) orda donquzdan kabap-zad bişimişəm, onu götü gə bıra, Namiknən söypət eliyirəm. Slavik getdi. Nümayiş gəldi onun evinin yanınnan keçəndə dedi, Namik, elə bilirsən, xəsdəyəm? Xəsdə deyiləm. Mən özümü xəsdəliyə vurmuşam. Məni məjbur eliyillər ki, Lenturuş Melkumyan, işçilərini götür, al bayrağı əlına, (Ermənisdanın bay­rağın) çıx nümayişə. Mən əgər nümayişə çıxsam, Fizulidə, Ağdam­da, nə bilim, harda çörəh kəsmişəm azərbaycannılarnan. Səhər ara düzəlsə, mən ora getsəm, deyəjəhlər ki, sən niyə belə elədin? Məni yanı söyüşnən qəbul eliyəjəhlər. Mən ölüf gedəcəm, siz qalassınız. Bunun axırı muharibədi. O qoca kişinin dediyin deyirəm ha. Yanı bunun axırı muharibədi dedi. Dedi, indidən bunun qabağın al­masınız, (həmən o erməninin dediyin deyirəm) sizin başbilən­nəri­niz bunun qabağın almasa, gələcəyi bının pis olacax. Elə belə də oldu ... ” [Qarabağ, VII kitab, səh. 99].

Söyləyicilər 1988-ci il hadisələri zamanı Dağlıq Qarabağa gə­ti­rilmiş saqqallılardan – xaricdən gəlmiş, muzdla döyüşən erməni­lərdən də söhbət açır, onların türk əhaliyə qarşı xüsusi amansız­lıqlarını vurğulayırdılar. Onların dediklərinə görə, saqqallılar nəinki Azərbaycan türklərinə, eləcə də Dağlıq Qarabağda yaşayan erməni əhaliyə də zülm edir, onların qadınlarına, qızlarına toxunur, türklərə qarşı separatçılıq etməyənləri öldürürmüşlər. Dağlıq Qa­rabağda yaşayan erməni əhalisinin bir qismi Azərbaycan türklərinə qarşı qarşı könüllü separatçılıq fəaliyyəti ilə məşğul olsalar da, bir qismi də saqqallıların qorxusundan türklərə qarşı düşmənçilik etməyə başlamışlar. Söyləyicilər onu da qeyd etdilər ki, bu dövrdə erməni gənclərinin arasında separatçılıq fəaliyyəti ilə məşğul olan­lar və Azərbaycan türklərinə qarşı düşmən münasibəti bəslə­yənlər yaşlı ermənilərlə müqayisədə daha çox olmuşdur.


1   ...   5   6   7   8   9   10   11   12   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə