AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə6/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

4. Elmira Fikrət qızı Məmmədova-Kekecin (1978) xatirələri:

1988-ci ildə on yaşım vardı. Üçüncü sinfə gedirdim. Həmin ilin qışından başlayaraq kənddə bir həyəcan yaşanmağa başlan­mışdı. Xüsusilə Sumqayıt hadisələrindən sonra kənddə bir gərgin­lik hiss olunurdu. Kənddəki ermənilərin üzü dəyişmişdi. Həmçi­nin rayon mərkəzindən də ermənilər kəndə gələrək qorxu yarat­maq istəyir və beləliklə, yavaş-yavaş köçə təşviq etmək istəyirdilər.

Tezliklə yaz gəldi, amma bu il kənd camaatı əkin-biçin işinə başlamaq həvəsini itirmişdi. Erməni militanları «Türklər burdan rədd olsun!», deyə şüarlar səsləndirirdilər. Demək olar ki, yazın sonuna doğru axşamlar qəsəbənin işıqları belə məqsədli şəkildə kəsilir və digər bölgələrdən erməni dəstələri hücum etməyə ha­zırlaşırdı. Yavaş-yavaş bunun ilk əlamətləri kimi gecə saatlarında motosilkli və başlarına corab geymiş erməni quldurları kənddə peyda olmağa və əhalini təhdid etməyə başıladılar. Onlar mas­kalansalar da, amma aralarında sahə müvəkkilinin olması faktı da var idi. Həmin sahə müvəkkilinin qəsəbə erməniləri arasında xüsusi təbliğat aparması da gözdən qaçmırdı.

12 iyun 1988-ci ildə atam Məmmədov Fikrət anamla bacı-qardaşımı qəsəbədə erməni təxribatı başladığı üçün Cəbrayıl ra­yo­nuna, dayımgilə göndərdi. Səhər tezdən durub hazırlaşdıq. Uşaq ağlımla sanki buraları sonuncu dəfə gördüyümü hiss edir­dim. O dağlara sonuncu dəfə göz gəzdirdiyimi bildiyim üçün hər şeyi yaddaşıma köçürmək istəyirdim. İçimdə məndən illər öncə çağırılmış bir bayatı səslənirdi:

Mən aşiq, dolan gözüm,

Dol gözüm, dolan gözüm,

Gedərsən, qayıtmazsan,

Vətəni dolan, gözüm.

Bir də kiçik çantama balaca zərli bir daş qoymuşdum. Qəsəbədən həmin gün yola düşən təkcə bizim ailə deyildi. Başqa sakinlər də var idi…. Az sonra maşınla yola düşdük. Azərbaycan sərhədinə qədər müxtəlif yaşayış məntəqələrindən, ermənilər yaşayan bölgələrdən keçəcəkdik. Yollar artıq qorxulu idi. Hər an ermənilər hücum edə və avtobusu aşıra, bizi öldürə bilərdilər. Bir neçə saatdan sonra həmin hadisə baş verdi. Yük daşıyan bir maşın avtobusumuzu sıxışdırmağa başladı. Içərisində qız-qadın da dolu olan avtobus xarab oldu. Hamı yerə tökülüşdü. Artıq pay-piyada qalmışdıq. Azərbaycan sərhədləri hələ çox uzaqda idi. Kəndə də qayıtmaq mümkün deyildi. Hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş bir yerdəydik. Ermənilər yanımızdan gəlib keçir və nifrətlə baxırdılar. Atam və digər kişilər çox narahat idilər.

Axşama qədər mütləq buradan uzaqlaşmaq lazım idi. Yanımız­dan ötən çoxlu sayda maşınlara əl eləyib saxlatdırmaq istəsələr də, heç biri saxlamırdı. Nəhayət, bizim rayondan bir tanış sürücü öz maşını ilə göründü. Sayımıza görə maşın çox kiçik idi, amma baş­qa çarəmiz yox idi. Məcburən birtəhər yerləşdik və yola düşdük. Az keçmədən erməni militanları yenə bizi təqib etməyə və maşı­nımız aşırmağa çalışdılar. Kiçik qardaşm Ceyhunla mən ən arxada anamızın qucağında idik. Az keçmədən arxamızdakı yük maşınının bizi aşırmaq üçün son cəhdini, lap yaxınlaşdığını və anamın fər­yaını eşitdim. Sürücümüz maşını uçurumun lap kənarına çəkərək bizi güclə xilas etdi. Artıq Qubadlıya, Əyin kəndinə çatmaq üzrə idik. Amma hələ də yaşadığımız sarsıntını unuda bilmirdik. Biz ermənilərə heç nə etməmişdik. Uşaqlıqdan da onlara nifrət ruhunda böyüdülməmişdik. Baxmayaraq ki, nənə-babalarımz vaxtı ilə bizim kimi qaçqın düşmüş, evləri talanmış, şəhidlər vermişdilər...
Qaynaqlar

  1. İspence.http://www.tdvislamansiklopedisi.org/dia/ayrmetin.php?idno=230177&idno2=c230093- 10.03.2015

  2. İbrahimov Rəşid, Məmmədov Şirin, Mahmudov Anar. Dəstəgird. “İşıqlı” qəzeti, Bakı, 28 dekabr, 2006, s. 5

  3. İrəvan əyalətinin icmal dəftəri /Araşdırma, tərcümə, qeyd və əlavələrin müəll.: Z. Bünyadov, H. Məmmədov (Qaramanlı); Azərbaycan Respublikası EA Şərqşünaslıq İnstitutu. Bakı: Elm, 1996

  4. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Çaşıoğlu, 2009

  5. İrəvan əyalətinin müfəssəl dəftəri. Bakı: Çaşıoğlu, 2009

  6. Naxçıvan sancağıın müfəssəl dəftəri. 9 məhərrəm 1140 (27 avqust 1727). Araşdırma, qeyd və şərhlərin müəllifi: Hüsaməddin Məm­mədov (Qaramanlı. Tərcümə edənlər: Ziya Bünyadov və Hüsa­məddin Məmmədov (Qaramanlı). Bakı: "Elm", 2001

  7. Nəvvab Mir Möhsün. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı: Azərbaycan nəşriyyatı, 1993

  8. Urud. Musa Zəngəzur. (Elmi-publisistik nəşr). Bakı, "NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2005.


GENOCIDE AND DEPORTATION IN THE MIND OF DASTAGERD (area in ZANGAZUR region) REFUGEES

Summary

Genocide and ethnic cleaning policy have begun to Muslims by Armenians, during 1905-1906, 1918-1919 years in Zangazur, Azerbai­janis’ who lived in one of the villages of this area Dastagerd remaining in force for leaving their village. Those who couldn't escape were wildly killed by Armenians. Some events were repeated again in 1988 and all Azerbaijani villages were expelled. These tragedies and histo­rical events, Armenian terrorism which happened during the 20 thcentury have been described by the thoughts of residents of the village in the article.

Key words: Zangazur, Sisian, Iravan, Dastakerd, genocide, refugee, deportation, Armenian, Azerbaijani, Turk
ГЕНОЦИД И ДЕПОРТАЦИЯ ИЗ ДАСТАКЕРТА (ЗАНГЕЗУР) В ВОСПОМИНАНИЯХ БЕЖЕНЦЕВ

Резюме

В 1905-1906 и 1918-1919 гг. в Зангезуре по отношению к мусульманам со стороны армян проводилась политика геноцида и этнической чистки. Азербайджанцы были вынуждены покидать свои дома в деревнях этого региона, в том числе и в Дастакерте. Те, кто не смог убежать и спасти свою жизнь, были зверски убиты армянами. В 1988 году эти события вновь повторились, и все азербайджанское население деревни было изгнано. В статье эти исторические события, а также армянский терроризм были описа­ны, основываясь на воспоминания жителей деревни.

Ключевые слова: Зангезур, Сисиан, Ереван, Дастакерт, гено­цид, депортация, беженц, армян, азербайджанцы, тюрк
Əminə MIRYUSİF QIZI
XOCALI SOYQIRIMI YERLİ VƏ XARİCİ BƏSTƏKARLARIN YARADICILIĞINDA
Özət

Azərbaycan xalqına qarşı edilən dəhşətli faciələr və soyqırımlar bir çox incəsənət adamlarının və o cümlədən bəstəkarlarımızın yaradı­cılığında öz əksini tapmışdır. Bəstəkarlarımız baş verən belə dəhşətli faciələrə, soyqırımlara biganə qala bilməzdilər. Azərbaycan bəstəkarları bu mövzuda simfonik əsərlər, simfonik poemalar, vokal-instrumental əsərlər, fortepiano üçün əsərlər, kantatalar və mahnılar yazıblar.

Azərbaycan xalqına edilən soyqırım və faciələr bəzi xarici bəstə­kar­ların da diqqətindən kənar qalmamış və bu mövzu onların yara­dıcılığında da yer tutmuşdur. Belə ki, müasir bəstəkarlardan Aleksandr Çaykovski və Pierre Thilloy xocalı soyqırımına həsr olunmuş əsərlər bəstələmişlər.

Soyqırım mövzusunda yazılmış əsərlərin başqa ölkələrin konsert salonlarında səslənməsi, bu faciələrin musiqi vasitəsi ilə dünya ictima­yiətinə tanınmasına və gənc nəsllərə ötürülməsinə zəmin yaradır. Fa­ciəni görməyən və yaşamayan insanlar bu əsərləri dinləyən zaman musiqi vasitəsilə onu hiss edib ruhən yaşayırlar. Bu hadisəni hər kəsə anlatmaq və çatdırmaq üçün musiqinin təsir gücü daha böyükdür. Odur ki, bəstəkarlarımız bu mövzuya həsr olunmuş əsərlər yazmalı və faciəmizi musiqi dili ilə bütün dünyaya çatdırmağa davam etməlidirlər.



Açar sözlər: Xocalı, soyqırım, musiqi, laylay, Elnarə Dadaşova, Aleksandr Çaykovski
Giriş: Xocalı soyqırımı tarixin yaddaşına yazılmış və hec vaxt unudulmayacaq faciələrimizdəndir. Təbii olaraq bu faciə bir çox incəsənət adamlarının və o cümlədən bəstəkarlarımızın yara­dı­cılığında öz əksini tapmışdır. Amansızcasına edilən vəhşiliklər bir millət olaraq bizi sarsıltsa da, biz məhv olmadıq, daha da gücləndik. Ruhumuzu qidalandıran, qanadlandıran musiqi əsərləri bizi yaşatdı. Bəstəkarlarımız da baş verən dəhşətli faciələrə, soyqırımlara biganə qala bilməzdilər. Yaxın keçmişdə baş vermiş bu dəhşətli faciələr və soyqırımlar bir çox bəstəkarlarımızın ya­radıcılığında xüsusi yer tutur. Azərbaycan bəstəkarları bu mövzu­da simfonik əsərlər, simfonik poemalar, vokal-instrumental əsər­lər, fortepiano üçün əsərlər, kantatalar və mahnılar yazıblar.

Hər bir sənətkar öz millətinin faciələrini sənətin dili ilə ifadə edərək tarixin yaddaşına yazılan əsər yaratmaq üçün, ilk öncə o, xalqını, millətini sevməli və ona layiqli vətəndaş olmalıdır.

Üzeyir bəy deyir: “...sənətkar həyata söykənməlidir, həyat­dakı hadisələrə laqeyid qalmamalıdır... Məhz bu halda sənətçini xalq sənətkarı adlandırmaq olar” (Hacıbəyov Üzeyir, 1965:181). Bəli, damarlarında azərbaycanlı qanı axan əsl sənətkar baş verən faciələrə biganə qala bilməzdi.

Faciəyə əsər həsr etmək, musiqi yazmaq elə də asan iş deyil, xalqın acısını, ağrısını anlamaq və o ağrını musiqi ilə ifadə etmək üçün bəstəkarın üzərinə böyük iş düşür. Bu bəstəkardan həm böyük ürək, həm də istedad tələb edir.

Görkəmli bəstəkarımız Cövdət Hacıyevin “Şəhidlər simfoni­yası”, Azər Rzayevin “Bakı 90”, Vasif Adıgözəlovun “Çanaq­qa­la” oratoriyası, Nəriman Məmmədovun “Xocalı” simfoniyası, Firəngiz Əlizadənin “İntizar” operası, Sərdar Fərəcovun Simfonik poeması, Ramiz Mustafayevin “Bu qan yerdə qalmayacaq”, Ay­dın Əzim Kərimoğlunun orkestr üçün “Qətl günü”, Mobil Baba­yevin kantatası, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal-simfonik lövhəsi –“Vətən şəhidləri” və sair bir çox başqa əsərlər yazılmışdır. Bunlarla yanaşı, Bəxtiyar Vahabzadənin sözlərinə Emin Sabitoğlunun “Şəhidlər ağrısı” (qeyd edək ki, mahnının ilk ifaçısı Zeynəb Xanlarova olmuşdur), Fikrət Qocanın sözlərinə Vasif Adıgözəlovun “Bir şərqi de”, həmçinin ”Şuşam, lay-lay” mahnıları, Faiq Nağıyevin “Şəhidlərdən şəhidlərə” filmi­nə yazdığı musiqi, Əzizə Cəfərzadənin sözlərinə Hacı Xanməm­mədovun “Əlimdə sazım”, Ruhəngiz Qasımovanın “Şəhid oğul­lara” adlı mahnısını, Faiq Sücəddinovun fortepiano üçün “Şəhid­lər xiyabanı” adlı əsəri və bu gün haqqında danışacağımız Elnarə Dadaşovanın “Xocalı laylası” əsərini nümunə gətirmək olar.
1. Xocalı Şəhidlərinə Oxunan Layla:

Elnarə Dadaşova orqan aləti üçün bəstələdiyi “Xocalı layla­sı”əsərini Qarabağda oxunan bir layladan təsirlənərək yazmışdır. Bəstəkarla söhbətimiz zamanı bizə məlum olur ki, o, bu laylanı nənəsinin dilindən eşidib. Bu əsər haqqında danışarkən bəstəkar belə deyir: “Uşaq ikən nənəm mənə saçlarımı tumarlayaraq bu laylanı çalmışdı. Onun əllərinin hərarətini hələ də hiss edirəm... Xocalı hadisəsi məni çox sarsıtdı. Ona görə yox ki, mənim bir tərəfim Qarabağdandır, biz hamımız azərbaycanlıyıq, bizim vətənin hər yeri bizə əzizdir, doğmadır. O faciədən sonra birdən nənəmin mənə çaldığı laylay yadıma düşdü. Bu əsəri bəstələyəndə, o zaman nənə olmasam da, mənim kifayət qədər yaşım var idi. Rəhmətlik Çingiz Mustafayevin çəkdiyi kadrlarda bu dəhşətli mənzərəni – o balaca uşaqların başlarına gələn hadisələri, başlarına acılan oyunları görə-görə biz hər birimiz istəyirdik ki, onları qoruyaq, onlar üçün az da olsa nəsə edə bilək. Bəstəkarın da əlindən nə gəlir?... Bacarığı ilə, musiqisi ilə, səslərlə az da olsa, nəsə etsin. Həmin illərdə Konserva­toriyada balaca uşaqlar üçün orqan sinfi açılmışdı. Kafedra müdiri Tahirə xanım dedi ki, yaxşı olardı ki, bir neçə əsər yazasınız. Bir çox əsərlər, variasiyalar bəstələdim. O cümlədən o balaca balalarda vətənə məhəbbət hissini aşılamaq üçün “Xocalı laylası”əsərini yazdım. Düşünürdüm ki, bunu ifa edən uşaq mütləq maraqlanacaq, soruşacaq ki, Xocalı hardadır? Bu əsər nə üçün belə adlanır? Tarixdə nələr olub? Əlbəttə ki, ona müəllimləri, valideyinləri tərəfindən, həmçinin kitablar vasitəsilə Xocalı faciəsi haqqında məlumat veriləcək. Amma əsas məqsədim ürəyimin o ağrısını, acısını, ovutmaq, soyutmaq üçün onlara bacarığımla, səsimlə bir lay-lay oxumaq idi. Bunun üçün əsəri ifa edən orqan alətinin ifaçısı professor Rasimə Babayevaya da öz təşəkkürümü bildirirəm“.

Elnarə Dadaşovanın “Xocalı laylası” əsəri birbaşa folklora əsaslanaraq yazılmış bir əsərdir. Elə bəstəkar özü də qeyd edir ki, bu layla xalqın laylasıdır. Mən bunu orqan vasitəsilə təsvir etmişəm.

Folklorumuzdan yetərincə qidalanmaq mümkündür. Bu folk­lor hər bir janrı təmin edə biləcək materialla zəngindir. Folklorda da xalqın arzu və istəkləri əks olunur. Folklorşunas Qaşovski deyirdi ki, xalqlar ölür, itir, mədəniyyət ölür, itir, musiqi isə öz xırda intonasiyasını saxlayır. Bu intonasiyada xalqın özünə­məx­susluğu duyulur.

Azərbaycan folklorunda laylay sözü qoruyucu rəmz mənasın­dadır. Analar dünyaya gətirdiyi övladını laylay ilə böyüdür. Balaca uşağı da qorumaq üçün ona laylay çalırlar. Laylay elə bir qoruyucu səs ahəngidir ki, o, uşaqları hər cür xəta-baladan sanki uzaq edir.

Söhbət zamanı bəstəkar bir çox məqamlara toxunaraq eriraf edir ki: “Mən rejissor Cəmil Fərəcovun Ayna və Həmid Sultanovlara aid sənədli filmi üçün musiqi bəstələyirdim və orada məhəbbət mövzu­suna, inqilaba aid və bir də 90-cı ilin “20 yanvar” faciəsinə aid matəm musiqisi yazılmalı idi. Məhəbbət və inqilabi mövzular çox rahatlıqla bəstələndi, lakin dəqiqə yarımlıq şəhidlərimizin dəfnini müşayiət edən musiqini çox dərin ürək ağrısı ilə, göz yaşları ilə bitirə bildim. Ürəyim partlayırdı və filmin rejissoru Cəmil Fərəcova dedim ki, ya mən bu musiqini bəstələyib infarkt olmalıyam, ya da səhhətimdə problemlər yaşanmasın deyə belə bir musiqini bəstələ­məməliyəm. Mən bir daha dahi bəstəkar V. A. Motsartın faciəsini aşkar duydum. Düşündüm ki, Motsartı heç kəs zəhərləməyib. Motsart “Rekviyem”in bütün hissələrini yazıb və əsərin orta hissəsi olan - “Lakrimoza”nı iş prosesinin sonuna saxlayıb. Məhz ən ağır hissə olan “Lakrimoza”nı yazarkən dünyasını dəyişib. Motsart axı çılğın təbiətli idi. İnsana çox ağır gəlir belə musiqini yazmaq.”

“Xocalı laylası” I redaksiyada instrumental variantda balaca orqan çalanlar üçün, orqan aləti üçün nəzərdə tutulub. Lakin ikinci redaksiyası səs və orqan aləti üçün işlənilib. Bu əsər proqramlıdır, genişlənmiş period formasında yazılmışdır. Birbaşa Xocalı faciəsinə ünvanlanmış əsərdir.

Əsərin ikinci redaksiyası müəllifin öz ifasında (səs) və Rasimə Babayeva tərəfindən orqan alətinin müşayiəti ilə ifa olunub. Düşünürəm ki, bu əsər fleyta, qoboy və xüsusi ilə milli musiqi alətimiz olan balabanın da ifasında gözəl səslənər.

Biz “Xocalı laylası” əsərininin musiqisini diktafona köçürdü­yümüz zaman Elnarə xanımın canlı ifa zamanı içindən gələn yanğısı, o səsin ahəngi altında xəyalımızda bir anlıq o səhnə – nənənin bir küncdə öz körpəsini amansız vəhşiliklərdən, dəhşət­lərdən qorumaq üçün onu bağrına basaraq, başını tumarlayraq züm­zümə etdiyi “laylay səhnəsi“ canlandı. Bu laylay Qarabağ torpağında şəhid olmuş bütün şəhidlərimizə ithaf olunur.
2. Xocalı rekviyemi rus bəstəkarının yaradıcılığında

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan xalqına edilən soy­qırım və faciələr bəzi xarici bəstəkarların da diqqətindən kənar qalmamış və bu mövzu onların yaradıcılığında da yer tutmuşdur. Belə ki, müasir bəstəkarlardan Aleksandr Çaykovski – “Xocalı” rekviemi, Pierre Thilloy – “Khojaly 613” kimi soyqırım mövzu­suna aid əsərlər bəstələmişlər.

Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, P.İ. Çaykov­ski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri, Rusiya Federasiyasının xalq artisti Aleksandr Çaykovski xüsusi ola­raq Qəbələ IV Beynəlxalq Musiqi festivalı üçün yazdığı “Xo­calı” rekviemi haqqında danışarkən belə deyir: Mən “Xocalı” ma­təm musiqisini yazmaqla bir çox ölkələrdə müharibənin dəhşət­lərini yaşayan insanlara dəstək olmaq istəmişəm. “Mən əvvəlcə Xocalı faciəsi haqqında məlumat topladım, müxtəlif videokadr­la­ra bax­dım, Azərbaycanın musiqi nümunələrini disklər vasitəsilə din­lədim və bunlardan bəhrələnərək bu əsəri yazdım”. (www.arxiv.az)

Aleksandr Çaykovski “Xocalı” rekviemini Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu və Qəbələ IV Beynəlxalq festi­valının həmtəsisçisi Dmitri Yablonskinin təklifi ilə yazmışdır.

Aleksandr Çaykovski piano, viola, tar, violonçel və kamera orkestri üçün bu əsəri yazmaqla bir çox ölkələrdə müharibənin dəhşətlərini yaşayan bütün insanlara musiqiçilərin də dəstək olduğunu bildirmişdir.

Rus bəstəkarının Azərbaycan xalqına qarşı edilən soyqırıma bu cür münasibəti və bizə dəstəyi çox sevindiricidir.

Qeyd edək ki, 24 fevral 2015-ci ildə Azərbaycanın Ukrayna­dakı Səfirliyinin təşkilatçılığı, Ukrayna millət vəkillərinin, Ki­yevdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər­lərinin və diplomatlarının, Ukrayna ictimaiyyətinin və Azərbay­can diasporunun üzvlərinin iştirakı ilə 1992-ci ilin 26 fevral ta­rixində Azərbaycanda törədilmiş Xocalı faciəsinin 23 illiyinə həsr olunmuş konsert-rekviem keçirilmişdir.

Konsertdə İsrail və ABŞ-ın görkəmli dirijoru, Qəbələ beynəl­xalq musiqi festivalının həmtəsisçisi Dmitri Yablonskinin dirijor­luğu və Azərbaycanın tanınmış tarzəni Şəhriyar İmanovun müşa­yiəti və Azərbaycan Respublikasının xalq artisti, Üzeyir Hacıbə­yov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəl­bəy­linin solistliyi ilə Ukrayna Dövlət Filarmoniyasının Kiyev orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının musiqi əsərləri ifa olunmuşdur. Musiqi proqramı çərçivəsində Qara Qa­ra­yevin simli orkest üçün 3-cü simfoniyası, Aleksandr Çaykov­skinin “Xocalı” rekviyemi, Vaqif Mustafazadənin orkestrlə forte­piano konserti, Fikrət Əmirovun Simli orkestr üçün “Nizami xa­tirəsi” simfoniyası və digər əsərlər səsləndirilmişdir.

Azərbaycan xalqına edilən soyqırım və faciələrin bəstəkar ya­ra­dıcılığında yer alması və bu əsərlərin festivallarda, başqa ölkə­lə­rin konsert salonlarında səslənməsi acımızı ovutmasa belə, bu fa­ciələrin musiqi vasitəsi ilə dünya ictimayiətinə tanınmasına və gənc nəsllərə ötürülməsinə zəmin yaradır. Faciəni görməyən və yaşamayan insanlar bu əsərləri dinləyən zaman musiqi vasitəsilə onu hiss edib ruhən yaşayırlar. Bu hadisəni her kəsə anlatmaq və çatdırmaq üçün musiqinin təsir gücü daha böyükdür. Odur ki, bəs­təkarlarımız bu mövzuya həsr olunmuş əsərlər yazmalı və faciə­mizi musiqi dili ilə bütün dünyaya çatdırmağa davam etməlidirlər.
Qaynaqlar


  1. Hacıbəyov Üzeyir, Əsərləri, II cild, Bakı, 1965.

  2. arxiv.az

  3. Гашовски В. «Фольклористике по сематике».


KHOJALY GENOCIDE IN THE CREATIVITY OF LOCAL AND FOREIGN COMPOSERS

Summary

Genocides and tragedies which happened to Azerbaijan nations take its influence on some people who busy with art, at the same time in the creativity of composers. Composers could not remain indifferent to these terrible tragedies, genocides which happened. Azerbaijan composers composed symphonic works, symphonic poems, vocal instrumental works, works for musical and music about this theme. Genocides and tragedies which happened to Azerbaijan nations stay without attention of some foreign composers and this theme take place in their creativity. So, modern composers such as Alexander Tchaikovsky and Pierre Thilloy composed works about Khojaly genocide.



Key Words: Khojaly, genocide, music, lullaby, Elnara Dadashova, Alexander Tchaikovsky
ХОДЖАЛИНСКИЙ ГЕНОЦИД В ТВОРЧЕСТВЕ ОТЕЧЕСТВЕННЫХ И ЗАРУБЕЖНЫХ КОМПОЗИТОРОВ

Резюме

Страшные преступления и геноциды, совершенные против азербайджанского народа, нашли свое отражение в творчестве многих деятелей искусства, в том числе и композиторов. Наши композиторы не могли остаться равнодушными к происходящим трагическим событиям и геноцидам. На данную тему азербай­джанскими композиторами созданы симфонические произведения, симфонические поэмы, вокально-инструментальные произведения, произведения для фортепиано, кантаты и песни.

Геноциды, совершенные против азербайджанского народа, нашли свое отражение также в творчестве некоторых зарубежных композито­ров. Так, современные композиторы Александр Чайков­ский и Пьер Тил­ло создали произведения, посвященные Ходжа­линскому геноциду.

Ключевые слова: Ходжалы, геноцид, музыкa, колыбельные, Эльнара Дадашева, Александр Чайковский

Əziz ƏLƏKBƏRLİ
ABBASQULU BƏY ŞADLİNSKİ VƏ SİLAHDAŞLARI

XALQ YADDAŞINDA
Özət

Abbasqulu bəy Şadlinski Azərbaycanın əfsanəvi xalq qəhrəmanla­rın­dandır. 1918-1921-ci illərdə onun erməni işğalçılarına qarşı azadlıq mübarizəsi sağlığında olduğu kimi, indi də xalq yaddaşında yaşa­maq­dadır. Xalq öz qəhrəmanına şeirlər qoşmuş, onun haqqında müxtəlif rəvayətlər yaratmış və yaşatmışdır. Məqalədə bütün bu məsələlərə diqqət yetirilmiş və Abbasqulu bəy Şadlinskinin xalq tərəfindən bu qədər sevilməsinin və yaşadılmasının səbəbləri aydınlaşdırılmışdır.



Açar sözlər: Abbasqulu bəy, Vedibasar, Aşıq Cəlil, Aşıq Xudayar, B.N.Putilov, V.V.Propp.
Giriş

1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Tür­kiyədən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb, xü­susilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində məskun­laş­dırı­lan ermənilər tədricən bölgədə mövqelərini möhkəmlədib, milli ayrı-seçkilik, separatçılıq fəaliyyəti ilə məşğul olurlar. Ta­rixi şəraitin doğurduğu ilk fürsətdə – 1905-ci ildə isə torpa­ğında məskunlaşıb, çörəyindən yedikləri azərbaycanlılara qarşı soyqı­rımı həyata keçirirlər. Bu soyqırımı 1917-1921-ci illərdə özünün kulminasiya nöqtəsinə qalxır, bütün Cənubi Qafqazı, Şərqi Tür­kiyəni və Cənubi Azərbaycanı ağuşuna alır. Belə bir ağır və­ziyyətdə yerlərdə əhali öz təhlükəsizliyini təmin etmək, özünü­müdafiə dəstələri yaratmaq barədə düşünməli olur.

İrəvan quberniyasının İrəvan qəzasının Vedi nahiyəsinin rəisi, 32 yaşlı Abbasqulu bəy Şadlinski də elə həmin vaxtlar Bö­yük Vedinin və ətraf kəndlərin igidlərindən silahlı dəstə yaratma­ğa başlayır. Xalq arasında böyük nüfuz sahibi olan Abbasqulu bəy az vaxtda bu işin öhdəsindən uğurla gəlir və həmin dəstə tezliklə “Mübariz dəstə” adı ilə məşhurlaşır.

Bu, həmin Abbasqulu bəydir ki, hələ sağlığında qəhrəman­lığına aşıqlar şeirlər qoşmuş, özünün və silahdaşlarının şəxsiyyəti və qəhrəmanlığı haqqında el arasında çoxlu rəvayətlər dolaş­mışdır.

Görkəmli folklorşünas alim B.N.Putilov öz sələfi V.V.Prop­pun tədqiqat üsullarını təhlil edərkən belə qərara gəlir ki, həyatda heç nə təsadüfən folklorun obyektinə çevrilmir, əgər hər hansı bir fakt folklorun obyektinə çevrilibsə, bunun öz qanunauyğunluğu, obyek­tiv səbəbi var və folklorşünas bunu aydınlaşdırmalıdır. (8, 10).



Abbasqulu bəyin şəxsiyyət və qəhrəmanlığı da böyük bir ərazidə təsadüfən şöhrət tapıb, folklorlaşmamışdı. Gerçəkdə kim idi Abbasqulu bəy Şadlinski və o, bu ümumxalq məhəbbətini ne­cə qazanmışdı?! Bu suala obyektiv cavab vermək üçün Abbas­qulu bəy Şadlinski tarixi kimliyinə qısaca nəzər yetirmək istərdik.

1918-ci ilin ilk ayında İrəvan vilayətində erməni daşnakla­rının daha da fəallaşması Vedibasar mahalında da sabitliyi pozur. Silahlı daşnakların vilayətin müsəlman kəndlərinə basqınları artıq sistemli şəkil alır. Ermənilər kəndlərə qəfildən hücum edir, dinc əhaliyə vəhşicəsinə divan tutur, onları qılınçdan keçirir, var-dövlətlərini talayıb aparır, evlərinə, mülklərinə od vurub yan­dırırdılar. Faciənin miqyasını təsəvvür etmək üçün belə bir faktı xatırlatmaq yetərincədir ki, İrəvan hadisələri o vaxt Zaqafqaziya Seyminin 5 fevral, 7 fevral, 19 fevral və 20 fevral 1918-ci il ta­rixli iclaslarında müzakirə olunmuş və Seym vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyətləri göndərmişdir (3, 80).

Həmin dövrün əks-sədası olan hesabatlardan biri də A.No­vatskinin rəhbərliyi ilə hadisə yerlərində olmuş Fövqəladə İs­tintaq Komissiyası tərəfindən hazırlanmış arayış-məlumatdır. Hə­min arayışdan məlum olur ki, 1918-ci ilin martınadək İrəvan quberniyasının təkçə dörd – İrəvan, Sürməli, Eçmiədzin və Yeni Bayazid qəzalarında ermənilər 197 müsəlman kəndini dağıtmış, bu kəndlərdə yaşayan 135 min nəfərə qədər əhalinin əksəriyyətini qətlə yetirmiş, sağ qalanlar isə qaçıb ətraf bölgələrə Azər­bay­can, İran və Türkiyənin müsəlman kəndlərinə sığınmışlar (3, 81). Erməni fəlakəti bütün bölgəni bürümüşdü. Azərbaycan Demo­kratik Cümhuriyyəti yarandıqdan sonra da bu fəlakətin qarşısını almaq mümkün olmadı.

Bölgədə tarixi vəziyyət belə idi. Lakin belə bir tarixi vəziy­yətdə bölgədə erməni faşizminin qarşısını kəsə bilən möhtəşəm bir qüvvə meydana atılmışdı – Abbasqulu bəy Şadlinskinin baş­çılığı ilə yaradılmış Milli Hökumət və özünümüdafiə ordusu! Xalq bu hərəkatı, onun ordusunu və bu ordunun komandanını yekdilliklə qəbul etmiş, bütün mahalın əli silah tutanları bu orduya yazılmış, könüllü olaraq Abbasqulu bəyin sərəncamına keçmişdilər. Artıq xalq arasında Abbasqulu bəy haqqında rəva­yətlər dolaşmaqda idi, hamı onun gülləbatmaz olduğuna inanırdı. Hamı onun ədalətinə, qəhrəmanlığına güvənir və sığınırdı. Abbasqulu bəy bu inamı orduda yaratdığı hərbi intizam və qanun-qayda ilə də qazanmışdı. Bütün qərarlar kollegial surətdə qəbul olunar, qəbul olunmuş qərar hamı üçün qanun olardı. Bu qərar­ların icrasına o özü məsuliyyət daşıyardı, heç kəs qəbul olunmuş qərara qarşı çıxmağa, onun bir sözünü iki etməyə cəsarət etməzdi, cəsarət edənlər müharibə dövrünün qanunlarına uyğun olaraq dərhal və yerindəcə cəzalanardı.

Vedibasar mahalından Aşıq Xudayar Abbasqulu bəyin qəhrəmanlığını belə vəsf edirdi:



Haqq evinə ziyarətə

Varıbdı Abbasqulu bəy!

Öz gücünü yaradandan

Alıbdı Abbasqulu bəy!

Döyüş vaxtı neçə köhlən

Yorubdu Abbasqulu bəy!

Zəhmət çəkib nizam ordu

Qurubdu Abbasqulu bəy!
Tanrı ona nüsrət versin,

Müsəlmanın dayaqıdır!

Yoxsulların, fağırların

Evlərinin çıraqıdır!

Ay Xudayar, bu mərd oğul

Qoçaqların qoçaqıdır!

Bu millətin xilasına

Durubdu Abbasqulu bəy! (1, 403-404)

Yeni yaradılmış qondarma Ararat daşnak hökumətinin mər­kəzinin yerləşdiyi İrəvan şəhərindən cəmi 30-35 km-lik məsafədə yerləşməyinə baxmayaraq, ermənilər xeyli vaxt idi ki Vedibasar ma­halına soxulmağa cəsarət etmirdilər. Lakin Abbasqulu bəyin baş­çılıq etdiyi silahlı özünümüdafiə qüvvələrinin gündən-günə güc­lənməsi daşnak hökumətini artıq əməlli-başlı narahat etməyə başlamışdı.

Vedibasar ermənilər üçün bir də ona görə təhlükə mənbəyi idi ki, bu mahal mühüm strateji nöqtədə – İrəvanla Naxçıvan ara­sın­da yerləşirdi. Bu da ermənilərin Naxçıvanı Ermənistana birləş­dirmək arzusuna ciddi maneçilik törədirdi. Halbuki daşnaklar belə hesab edirdilər ki, daşnak lideri H.Kaçaznuninin sözləri ilə desək, “tatar (yəni azəri – Ə.Ə.) Şərur-Naxçıvanından ayrılıqda Ermənistan dövləti mövcud ola bilməz” (4,18).

Digər tərəfdən, Vedibasar mahalı həm də İrəvanla Dərələyəz-Zəngəzur mahalları arasında yerləşməklə hər iki istiqamətdə (İrə­van-Dərələyəz və İrəvan-Naxçıvan) cəmləşmiş daşnak qüvvə­lərinin həlledici məqamlarda bir-birlərinə yaxınlaşmasına, birləş­məsinə imkan vermirdi. Bunu nəzərə alan ermənilər 1918-1920-ci illərdə Vedibasar üzərinə nə az-nə çox, düz beş dəfə hücuma keçir və hər dəfə də darmadağın edilirlər.

Türkiyədə məğlub olub, Araz çayını keçərək Naxçıvana soxulmuş “Van“ və “Sasun“ daşnak alayları Andronikin əmri ilə 1918-ci ilin dekabr 1919-cu ilin yanvar aylarında Vedibasarın Şahablı, Qədirli, Qaraxaç və b. kəndlərinə basqın edib burada misli görünməmiş vəhşiliklər törədir, dinc əhalini ayrı-ayrı bi­nalara yığıb diri-diri yandırırlar. Hadisə yerinə çatan vedibasar­lılar Abbasqulu bəyin və Kərbəlayı İsmayılın dəstələri erməni­ləri xeyli tələfata uğradaraq kəndlərdən vurub çıxarırlar.

Bu hadisələr zamanı Azərbaycan aşıq sənətinin görkəmli nü­mayəndələrindən biri – Şahablı Aşıq Cəlil daşnaklar tərəfindən əsir alınır, ondan Andronikin şərəfinə oxuması tələb olunur. Aşıq Cəlil isə, əksinə, üzünü Böyük Vedi kəndi tərəfə tutub, ermə­nilərə dəfələrlə qan udduran Abbasqulu bəyin şərəfinə, onu im­dada çağıran qoşma oxuyur:



Vedinin dağları batıbdır yasa,

Andranik istəyir Vedini basa.

Bir namə yazmışam o xan Abbasa,

Yazmışam durmasın haraya gəlsin,

Yağı salıb bizi araya gəlsin!

Çat haraya, bəyim, nicat günüdür,

Vedinin davası, qeyrət günüdür!

Bu şeirdən sonra ermənilər elə oradaсa aşığı yerə yıxıb, dilini dibindən qoparır, sonra da üstünə neft töküb, sazı ilə birgə gərmə qalağı içərisində diri-diri yandırırlar (3,84).

Abbasqulu bəyin hərbi uğurları o vaxt Azərbaycan Demo­kra­tik Cümhuriyyətinin diqqət mərkəzində idi. 1919-cu ilin iyun-iyul aylarında daşnak hökumətinin polkovnik Aprosimovun başçılığı ilə Vedibasar mahalı üzərinə hücumu vedililər tərəfindən darma­dağın ediləndə Azərbaycan Cümhuriyyətinin İrəvandakı nüma­yən­dəsi Məhəmməd xan Təkinski buradan Bakıya - Azərbaycan hökumətinə məlumat verərək böyük qürurla yazmışdır: “Böyük vedililər erməni polkunu tamamilə darmadağın etdilər və polk, demək olar ki, bütün heyətini itirdi“ (2, 122).

Bu məğlubiyyətdən sonra erməni hərbi komandanlığı Vedi­basar üzərinə yeni hücum hazırlamaq və həyata keçirmək üçün Droya xüsusi tapşırıq və hər cür səlahiyyət verir. Dro yaxşı təlim görmüş və silahlanmış nizami qoşunla yanaşı, peşəkar daşnak mauzerçilərini də hücuma cəlb edir. O, tezliklə Vedibasar ma­halına od vurub, Böyük Vedi kəndinin külünü göyə sovuracağı barədə daşnak hökumətinə söz verir.

Azərbaycan hökuməti daşnakların Vedibasara bu hücumunun qarşısını almaq üçün çox çalışır. Ararat Respublikasına rəsmi nota verir. Lakin qarşı tərəf bu notanı rədd edir.

Abbasqulu bəy İrəvandakı ingilis missiyası tərəfindən aldadı­lıb İrəvana aparılıb, burada həbs ediləndə də Bakıdan Məhəmməd xan Təkinskiyə teleqramlar vurulur ki, nə edirsən-et, təcili olaraq Abbasqulu bəy azadlığa çıxsın. Hətta sovet hakimiyyətinin ilk ilində Naxçıvan erməni işğalı təhlükəsi altında qalanda da Nəri­man Nərimanov Naxçıvanın o vaxtkı Hərbi İnqilab Komitəsinin sədri Bahadur Vəlibəyova teleqram vuraraq təkid edir ki, təcili Abbasqulu bəy Şadlinski Arazın o tayından (Abbasqulu bəy 1920-ci ilin iyulundan sonra Cənubi Azərbaycana mühacirət etmişdi) Naxçıvana dəvət edilsin və ona daşnaklara qarşı müba­rizədə hər cür şərait yaradılsın.

Abbasqulu bəy tarixi şəxsiyyətinin folklorlaşması prosesi onun tam bir epos qəhrəmanına çevrilə bilməsi səviyyəsinə çat­ma­sa da, Abbasqulu bəy və silahdaşları ilə bağlı xalq arasında yayılan rəvayətlərdə artıq epos elementlərini müşahidə etmək müm­kündür. Belə ki, “bütün qəhrəmanlar və əhvalatlar qəhrə­manlıq eposunda epik dünya modelinin ifadəsinə xidmət edir”sə və epik dünya modeli də doğma yurd, düşmən və öz yurdu uğrunda vuruşan qəhrəman olmaqla üç əsas amillə müəyyən­ləşirsə (5, 45), onda Abbasqulu bəyin tarixi şəxsiyyəti ilə bağlı rəvayətlər bu modelə tamamilə uyğun gəlir.

Əslində, tarixi şəxsiyyəti və erməni işğalçılarına qarşı apar­dığı milli azadlıq mübarizəsinin xarakteri baxımından da Abbas­qulu bəy tam bir epos qəhrəmanıdır. Elin ən ağır günlərində at belinə qalxan Abbasqulu bəy qısa vaxtda böyük bir dəstə yaradır, təkcə Vedibasar mahalında yox, bütün İrəvan çuxurunda, Dərələ­yəzdə, Şərurda ad çıxarır, onun dəstəsinə yaxın-uzaq ellərdən igidlər axışıb gəlir, Abbasqulu bəy bütün döyüşlərdən qələbə ilə çıxır və s.

Elə buna görə də Abbasqulu bəy Şadlinski ilə bağlı uzun müddət araşdırma aparmış görkəmli tədqiqatçı Əli Şamil belə qərara gəlir ki, “Ya Abbasqulu bəy Şadlinski haqqında dastan qoşulmuş, ya da buna təşəbbüs göstərilmişdir” (9, 78 ). Bu isti­qamətdə axtarışlar aparan Əli müəllim Abbasqulu bəylə bağlı xeyli rəvayətlər, şeirlər və şeir parçaları ortaya çıxarır. Toplanmış bütün folklor mətnlərini təhlil edən Əli Şamil haqlı olaraq belə qənaətə gəlir ki, “Abbasqulu bəy Şadlinski haqqında dastan ya­radılmasına təşəbbüs olub. Bunun üçün zəngin material olduğu kimi, münbit şərait də varmış. Sovet hakimiyyətinin gəlişi və ye­ritdiyi siyasət bu dastanın yaranmasını və formalaşamasını ən­gəlləyib” (9, 85).

Təbii ki, Əli müəllimlə razılaşmamaq mümkün deyil. Görü­nür, Abbasqulu bəylə bağlı yazılı və şifahi yaddaşlarda olan bü­tün mətnlər toplandıqdan sonra bəzi mətləblərə təzədən qayıtmaq mümkün və lazım olacaq.

Görkəmli tədqiqatçı İsrafil Məmmədov da əsərlərində Abbas­qulu bəy Şadlinskini “sağlığında dastanlaşıb ölməzliyə qovuşan xalq qəhrəmanı” kimi xarakterizə etmişdir (7, 61).

Mətnin, onun struktur elementlərinin çoxvariantlılığı folklo­run əsas xüsusiyyətlərindən sayıldığı kimi, Abbasqulu bəy Şad­linski ilə bağlı şeir və rəvayətlərdə də bu çoxvariantlılıq açıq-aydın mü­şahidə olunmaqdadır. Həm də ki, nəinki Abbasqulu bəylə bağlı şeir və rəvayətlərdə, hətta Abbasqulu bəyin özü ilə bağlı faktlarda da çoxvariantlılıq baş alıb gedir. Bu çoxva­riant­lılıq onun ölümü ilə bağlı da mövcud olub, mövcuddur və yəqin ki, sonsuza qədər də davam edəcək. Bunu müşahidə edən gör­kəm­li yazıçı Fərman Kərimzadə özünün məşhur “Vedinin yanı dağlar” etnoqrafik əsərində yazırdı ki, “Abbasqulu bəyin kimin tərəfindən öldürül­məyi Vedibasarda sonu görünməyən bir mü­bahisədir” (6, 264).

Abbasqulu bəy Şadlinskinin Azərbaycanın milli tarixinə yaz­dığı o şanlı səhifədən bir əsrə yaxın zaman keçməyinə baxma­yaraq, onun və silahdaşlarının şəxsiyyət və mübarizəsi nəinki unu­dulmur, nəinki ancaq kitablarda əbədiləşir, həm də xalq yad­daşında dolaşır, yaşayır, inkişaf edir, yeni-yeni variantlar qazanır. Bu da ilk növbədə onun xalq qəhrəmanı statusuna yüksəlmə­yindən xəbər verir.

1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə