AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə4/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

Elçin QALİBOĞLU (İMAMƏLİYEV)

“SOYQIRIM” KONSEPTİNƏ KOSMOQONİK YARADILIŞ MÜSTƏVİSİNDƏ BAXIŞ


(Azərbaycan əfsanə və rəvayətləri əsasında)
Özət

Ölüb-dirilmə bəşər tarixinin normal etnoslarından olan türklərin də etnik düşüncəsinin genetik strukturunu təşkil edir. Lakin ermənilər tarixin mutasiyası kimi daim şər, xaos, ölüm daşıyıcılarıdır. Onlar soyqırımlara məruz qoyduqları türkün nədən güc alaraq yenidən dirçəl­mələrini anlaya bilmirlər. Bu, erməni düşüncəsinin mutativ əlahiddəliyi ilə bağlıdır.

Məqalədə soyqırım konseptinə kosmoqonik yaradılış müstəvisində baxış (Azərbaycan əfsanə və rəvayətləri əsasında) ifadə olunur.

Açar sözlər: soyqırım, əfsanə, rəvayət, kosmoqonik yaradılış, ölüb-dirilmə.
Giriş

“Soyqırım” bir sosial-kulturoloji anlayış kimi ümumən bir etnosun məhvini nəzərdə tutur. Bu sözün istər Azərbaycan türk­cəsindəki mənası (soyun – nəslin məhvi), istərsə də ruscadakı (“qe­notsid” – genin məhvi) mənası bir xalqın uşaq-böyük, kişi-qadın-uşaq fərq qoymadan öldürül­məsi, yox edilməsi deməkdir. Türk etnosuna qarşı zamanla məlum er­mə­ni soyqırımları həyata keçiril­miş­dir. Ermənilər artıq üç əsrə təsadüf edən müddətdə türk adına patoloji nifrətlə yanaşır, onu yer üzündən silmək üçün ağlagəlməz vəhşiliklərə əl atırlar. Ancaq türk etnosu hər bir genosid faciəsindən sonra ayaq üstə qalxmağı, dirçəlməyi, güclən­məyi bacarır. Faciələr türkü sarsıtmır, əksinə, onun yaşam potensialını daha da gücləndirir. Bu, erməniləri nə qədər qəzəbləndirsə də, burada bəşər tarixinin əski universal-kosmoloji qanunauyğunluqlarının izlərini görmək müm­kündür. Qanlı hadisələrin emosional-affektiv aurasından bir qədər uzaqlaşıb ona elmi nöqteyi-nəzərdən yanaşdıqda türkü dirçəl­dən, ayaq üstə saxlayan etnokosmik mexanizmləri görüb-aşkarlamaq mümkün olur. Məsələ burasındadır ki, ölümdən güc almaq, ölərək dirilmək ibtidai-kosmoloji düşüncənin yaşam formuludur.

Fikrimizi daha da aydınlaşdırmaq üçün qeyd edək ki, ibtidai insanın həyatı ölüb-dirilmə aktlarının düzümü, silsiləsi kimi təşkil olunurdu. O, öz həyatı boyunca daim müxtəlif yaş, sosial qrupla­rın birindən o birinə adlayırdı. Məsələn, uşaqlıqdan yeniyet­mə­liyə, yeniyetməlikdən alp-igidliyə, evliliyə, alplıqdan bəyliyə və s. qədəm qoyurdu. Bu mərhələlərin birindən o birinə keçid bütün hallarda mərasimi ölüb-dirilmə ilə müşayiət olunurdu. Başqa sözlə, bu, həqiqi yox, mərasimi-ritual ölüb-dirilmə idi.

Adlama-keçidin ümumi quruluşu belədir. Fərd öz əvvəlki sta­tu­sun­da ölür, xaos dünyasına adlayır, orada yeni statusda qurulur, daha son­ra bu yeni statusunda öz əvvəlki dünyasına, yəni kosmosa qayı­dır. Beləliklə, fərdin inkişafı, sosial-mədəni pillələr üzrə irəlilə­məsi ölüb-dirilmə ilə müşayiət olunurdu. Bir fərd, yaxud qrup, ya­xud bü­tün toplum öz köhnə mövqeyindən yeni mövqeyə keçmək üçün hök­mən ölüb-dirilməli idi. Necə ki, xalq Novruz bayramında öz köh­­nə statusunda ölür və yenidən dirilirdi. Odda yanma, yəni od üs­tün­dən tullanma, köhnə şeylərin atılması, yeni libasların alınması folklor semantikası baxımından ölüb-dirilməni rəmzləndirir. Belə­liklə, ibti­dai-kosmoloji düşüncədə inkişaf, irəliləmə, yenidən doğu­luş məra­simi ölümdən keçir. Bu cəhətdən ölüb-dirilmə bəşər tarixi­nin normal etnoslarından olan türklərin də etnik düşüncəsinin ge­ne­tik struktu­runu təşkil edir. Lakin ermənilər tarixin mutasiyası kimi, daim şər, xaos, ölüm daşıyıcılarıdır. Buna görə də soyqırımlara mə­ruz qoyduqları türkün nədən güc alaraq yenidən dirçəlmələrini an­la­ya bilmirlər. Bu, erməni düşüncəsinin mutativ əlahiddəliyi ilə bağlıdır.


Erməni ruhsuzluğu – sabahsızlığı

Dünya erməni ruhsuzluğunu, oyunçuluğunu gördüyü dərəcə­də bu oyunçuluğa imkan yaradır. Erməninin məqsədi türkü dəyər­sizləşdirmək, onu sarsıtmaq, mahiyyətcə tarix səhnəsindən çıxar­maq­dır. Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri sat­qın­lıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl şə­kildə yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar.

Osmanlı dönəmində – 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türki­yədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qar­şı çoxlu soyqırımlar törədilib, “məzlum” erməni xalqının nüma­yəndələri də özlərini “müdafiə” etməyə məcbur olublar. Ermə­nilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən “sənəd­lər”də uydurublar, “erməni soyqırımı”nı “təsdiq edən” kitablar yazıblar, ya da başqalarına yazdırıblar.

Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi bəşəri səviyyədə cinayətdir, soy­qırım­dır. Əslində Qarabağ problemi bütün Türk Dünyasının başlıca problemidir. “Yersiz gəldi, yerli qaç” prinsipiylə yaşayan, qatil­liyi yaşamının mənası sayan erməninin sabahı yoxdur.


Azərbaycanın əfsanə və rəvayətlərində soyqırım və milli yaradılış məsələsi

Soyqırım və milli yaradılış məsələsi ilə bağlı Azərbaycanın əfsanə və rəvayətlərini nəzərdən keçirdikdə müəyyən qənaətlərə gəlmək olur. Xalq yaddaşında faciəyə münasibət olduqca ciddi­dir; faciənin yüzillərlə mifoloji yaddaşda birikib qalması onu de­mə­yə əsas verir, xalqın folklor yaddaşının təmsilçiləri olan şəxs­lər fitrətən duyurlar ki, ümidsizlik yaşamın sonu demək olardı.

Konkret olaraq əfsanələrdə ümumi şəkildə də olsa xalqımızın başına gələn faciələrin, soyqırımların izlərini bu və ya başqa şəkildə görürük. Əfsanədə çox zaman konkret tarixilik olmur, hadisə daha çox janrın halından gələn prinsiplərə görə ümumi şəkildə təsvir olunur.

Ancaq bütün hallarda sözügedən əfsanələrdə xalqın başına gə­lən faciələrdən sarsılmaması, yaşamağa, yaratmağa inamını itirmə­məsi, əksinə, minilliklər, yüzilliklər içində rastlaşdığı hadi­sələri əfsanələşdirməsi, rəvayətləşdirməsi, sanki hadisələrin üzə­rin­dəymiş kimi varlığını təsdiq etməsi məqamları diqqəti çəkir. Bütün bunlar bizə bir həqiqəti deyir: başqa xalqın, dövlətin torpa­ğında, varında gözü olmayan xalq özünə inamında demək olar, sarsılmır; o, halal­lığı özü üçün ölçü seçir, bu cür var olmağı lə­yaqətə uyğunluq sayır.

Tarixi şəxsiyyətlər, el, tayfa, qövm adı ilə bağlı əfsanələri araş­dıran prof. A.Nəbiyev bu qənaətə gəlir ki, onların böyük əksə­riy­yətində Azərbaycana gəlmiş tarixi şəxsiyyətlərin həyatı, buradakı böyük məğlubiyətləri, xəzinələrini və sərvətlərini bu ərazidən apa­ra bilməməsi, onları Şirvanda basdırması və s. təsvir edilir: “Hər şeydən əvvəl bu əfsanələr İsgəndər Zülqərinə ləqəbi ilə tanınan, dünya hökmdarlığı iddiasına düşən şahın Azərbaycana yürüşləri, buradakı tarixi məğlubiyyətləri ilə bağlıdır. Bu isə belə bir mənəvi dəyəri cəmiyyətə təlqin edir ki, zülm və qan tökməklə əldə edilən sərvətdən xeyir tapmaq mümkün deyil, sərvət zəhmətlə qazanıl­dıqda halal olur və nəsli xoşbəxtliyə qovuşdurur” (5, s. 290).

Sara ilə bağlı silsilə əfsanələrin məzmununda müəyyən fərqlər olsa da, (“Çay qızı”, “İntiqam”, “Apardı Sellər Saranı”, “Sara”, “Arpaçay və əjdaha”) “Çay qızı”nda xalqın yadlıqlara, işğalçılara münasibəti özünü bütünlüklə göstərir: “Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi… O gündən həmin mahnı dillər əzbəri oldu:

Arpa çayı, aşdı-daşdı,

Sel Saranı aldı qaçdı…” (6, səh. 339).

“Aldədə” əfsanəsində isə odda yanmayan, yurdunun təəssü­bünü çəkən, hər cür sınaqlardan üzağlıqla çıxan, yurdu işğal edən­lərə yenilməyən Aldədə obrazı yaradılıb. Aldədə oddan qorxmur, çünki odu təmsil edir. Əfsanədə odun isidicilik xüsusiyyətindən ötə olan ulusal (xəlqi) -insani-mənəvi keyfiyyəti qabardılır. İnama görə, od bütünlüklə şəri, hər cür pislikləri yandırıb kül eləyir.

Aldədə yurdun ruhunun daşıyıcısı olduğuna, torpağa ürəkdən bağlı olduğuna görə güclüdür, yenilməzdir. Əfsanəyə görə, səhə­rə­dək od kimi qızan təndirdə – qapalı yerdə qalan Aldədə yanmır, an­caq qucağındakı quzu tamam bişir. Aldədə ərəblərə dörd ağac çu­buğu göstərərək: “Bu ağacları dörd tərəfə atacağam, hara düş­sə, o tor­pağa toxunmayın” – deyir. Ağacın hara düşdüyünü görən də (Sa­valan dağına, Şah dağına, Alvız dağına, Ağrı dağına) Al­dədədir (6, 224-227).

“Dədə Günəş” əfsanəsində təsvir olunur ki, ərəblər Dədə Gü­nəşi gölə atırlar, boğulmur, oda atırlar, yanmır, üçüncü dəfə yaxın­laşanda göyün üzünə qara bulud gəlir, tez-tez şimşək çaxır. Ərəblər qaçıb canlarını qurtarmağı qənimət bilirlər, xəlifəyə bildirirlər ki, su da, od da, yer də, göy də, bulud da, şimşək də Aldədənin tərə­fin­dədir. O, adi bir insan deyil, bütöv bir Vətəndir (6, 237-238).

Qalalarla bağlı Azərbaycan əfsanələrində düşmənə təslim ol­mamaq, onun hiylələrinə aldanmamaq, sonda qəhrəmanların özün­dən, rahatlığından keçməsi, ölümü bahasına olsa da qalalaş­ması təsvir olunur.

“Pəri qalası”, “Gülüstan qalası”, “Lənkəran qalası” əfsanələri bu qəbildəndir. “Lənkəran qalası” əfsanəsində deyilir, xan düş­məndən qorunmaq üçün tikdirdiyi qalaya oğlunu hördürür ki, xalq geri çəkilməsin, torpağı qorusun.

Burada torpağın müqəddəslik səviyyəsində anlaşılması, insa­nın Yurdu, Vətəni qorumağa hazır olması üçün özündənkeçməyə yüksəlməsi gərəkliyi vurğulanır (6, 273-274).

Rəvayətlərdə araşdırılan mövzu sarıdan konkretlik daha çox­dur. “Sevinirlər ki” rəvayətində deyilir, Nadirin zülmünə qarşı kənd əhli yığışıb onun qərargahına gedir, ölümü mərdanə qarşı­ladıqlarını bil­dirir, gülürlər. Mahiyyətcə bu, xalqın özündən güclü olan düşmənə meydan oxuması, onu qorxmazlığıyla sarsıtmasıdır (6, səh. 330).

“Tək-tək Bədir də doğar” rəvayətində deyilir: Nadir şah Şəmkirin Morul kəndində yaşayan igid Bədiri özünə tabe etdirə bilmir, başını kəsdirir. İgidin anası Şahlar xanım Nadirin qarşı­sında başını dik tutur, “Analar Nadir kimi oğul doğar, tək-tək də Bədir kimi oğul doğar” – deyir. Rəvayətə görə, Nadir ananın qü­ruru qarşısında baş əyir (6, 331-332).

Rəvayətdə oğlu Vətən yolunda şəhid olan ananın mahiyyətcə Yurdun ləyaqətini təmsil etməsi vurğulanır.

“Muğan qızı” rəvayətində deyilir ki, düşmənə qarşı döyüşdə Muğan adlı igid qəhrəmanlıqla həlak olur. Reyhan sevgilisinin döyüş paltarını geyinir, eli düşmənə qarşı döyüşə çağırır, qəh­rəmancasına ölümüylə düşməni sarsıdır, yenir (6, 334-340).

“Yeddi qardaş çinar” rəvayətində isə deyilir ki, bir qocanın yeddi oğlu varmış. Qoca oğullarını Vətən üçün böyütdüyünü deyir. Bir gün oğullar Nadir şahın hücumu zamanı döyüşə gedir və həlak olurlar. Qoca əhvalını pozmur, oğulları ölən tərədə yeddi çinar əkir: “Bu çinarın hərəsi mənə bir oğul əvəzidir. Vətənin keşiyini indi də bu yeddi çinar çəkəcək” – deyir (6, 333).

Rəvayətdə insanın Vətənə müqəddəs məkan olaraq baxması, övladlarını qurban verən atanın onların varlığının əkdiyi yeddi çinarda yaşayacağına inamı (əslində mifoloji yaddaşda oğulların çinarlaşması – ölümsüzləşməsi) ifadə olunur.


Ermənilərin tarixi torpaqlarımızda törətdiyi soyqırım­lar­la bağlı toplama materialları

Uzun illər “erməni-müsəlman” davası kimi anlaşılan, ağır fəsadlar törədən bu hadisəyə şifahi düşüncədə, xalq yaddaşında münasibət birmənalı olub. Xalqımız erməninin kimliyini başına gələn, gətirilən faciələrdən sonra daha dərin tanıyıb. Ancaq təəs­süf ki, bu hadisələrlə bağlı şifahi yaddaşlarda yaşayan, rəvayət­ləşən hadisələr demək olar, son illərə kimi sistemli şəkildə folk­lor-etnoqrafik material kimi toplanmayıb, ya da az toplanıb. Gec də olsa, xalqın nəsildən-nəslə ötürdüyü rəvayət, ya olmuş ha­disələri toplamaq, sabaha çatdırmaq gərəkdir.

Ancaq faktdır ki, söyləyici yaddaşı getdikcə korşalır. Çünki təkcə yaxın tarixdə – 100-110 il əvvəl xalqımıza qarşı olmuş qət­liamlar qələmə alınmadığı dərəcədə demək olar, it-bata düşür, unudulub gedir.

Doğulduğum Şirvan (dağlıq) bölgəsində ermənilərin törətdiyi soyqırımı ilə bağlı o dövrün rəsmi qaynaqlarındakı materiallarla yanaşı xalqın yaddaşında yaşayan acı xatirələr, rəvayətləşmiş məqamlar var.

Əvvəlcə rəsmi məlumatlara varaq. Folklorşünas, professor Seyfəddin Qəniyevin “1918-ci il Şamaxı soyqırımı” kitabında Şirvanın 58 bölgəsində ermənilərin gerçəkləşdirdiyi dəhşətli qırğınlar haqqında konkret faktlar təqdim olunur.

1918-ci ilin martında ermənilərin soyqırımı törətməsi nəti­cəsində bölgədə – Şamaxı və ətraf kəndlərdə 3632 nəfər kişi, 1771 nəfər qadın, 956 uşaq vəhşicəsinə öldürülüb, cəmi 7 nəfər yaralının olduğu müəyyən edilib (4, 134-136).

O deməkdir ki, ermənilər qarşılarına çıxan, rastlaşdıqları heç kə­sə aman verməyiblər, hamını öldürüblər, yaralı belə saxlama­yıb­lar.

Digər bir fakt isə ermənilərlə bir vaxtda malakanların da Azər­baycan-türk kəndlərinə hücumu, əhalinin kütləvi şəkildə qətlində iştirak etməsi, soyqırım törətməsidir.

Söyləyici – Ağsu rayonu Kalva kənd sakini, 1951-ci il təvəl­lüdlü anam İmaməliyeva Xuraman Ağalar qızından bölgədə 1918-ci il mart qırğınları ilə bağlı topladığım materialı o, 1870-1972-ci illərdə yaşamış ata nənəm Kazımova Tubu Təhməz qızından və anası Əliyeva Sərvinaz Qulam qızından (1906-1986) eşidib.

Həmin mətnləri təqdim edirik:


Ermənilərin hücumu. I mətn. 1918-ci ildə ermənilər hücum eliyəndə Kalva camahatı qaçib Qarannığ dəriyə (İsmayıllının Sulut kəndindən o yanda yerləşir. Ermənilər Şamaxıdan xeyli uzaq məsafədə yerləşən Sulut kəndinə də gedib çıxıblarmış – topl.)

Məcbur olıblar ki, qaçsünnər dağlara.

Erməni də ki, qıra-qıra gəlirmiş.

Uşağları aparmağ çox çətin olıb, ona görə ki, ermənilər səsə adamları tapıb hamıni qırıllarmiş.

Qarannığ dərədə günnərnən qalıblar bizim camahat.

Türklərin gəlməyi camahati qutarıb qırğınnan. Yoxsa ermə­nilər meşələrə, dağlara qaçənnəri də qıraceylərmiş (1).



II mətn. Anam onda əyağyalın qaçıb ermənilərin əlinnən.

Babasəmid dayimi də belinə səriyib aparıb.

Kimin əlinə nə keçibsə, aparıb.

Türklər gələndə camahat geri qeyidib.

Bı dəfə bizimkilər gedib, ermənilər, malakannar kətdərinə nə aparıblarsa, onu qeytərib gətiriblər.

O vaxti malakannar da ermənilərnən birgə hücum eliyiblər (1).



III mətn. Usta Yusif kişinin dədəsiynən Sədulla Qarannığ dərədən enillər ki, kəndin qırağındaki taxıllara baxsunnar. Cabbar kişinin əmisi Təhməz babani taxılın yanında göriblər, hələ bi­liblər ermənidi. Tüfəynən vırıblar. De biyağ. Gedib göriblər öz qoşisi, öz qohımi... Day neyniyə biləllər (1).

IV mətn. Tubi nənə danişirdi ki, getdüy gördüy (O dövrdəki Şamaxının erməni kəndləri nəzərdə tutulur-topl.) ermənilər nə aparmışdilərsə, hamısıni doldırıblar təndirə.

İmamali babon dedi ki (Tubu nənə danışırmış – topl.), taxılımızı gətiriblər, bizi çörəysiz qoyiblər, nə qədər imkan var, taxıl götirəy, uşağlar acinnən ölməsünnər.

Kalvalılar gedib ermənilərin apardığların geri qeytəriblər.

V mətn. Tubi nənə danışırdi ki, türklər gəldilər bizi xilas elədilər. Bir dənə panıs var idi – qara çıraq. Bir türk əsgəri dedi ki, ana can, o panısi mənə verərsən? Dedim can ana, sənə qurbandı.

Türklərdi axı, bizi qurtarıblar (1).

İndi də 1918-ci il Kalva qırğınları ilə bağlı söyləyicidən eşitdiyimiz bir tarixi rəvayəti təqdim edirik:

VI mətn. Qırxatlı Sərəki baba. Emənilər gəlib ki, Kalviyə girsünnər, göriblər Qırxatdi Sərəki baba bıların qabağın kəsib: 40 atdi olıb. Qorxublar, ordan kəndə girə bilmiyiblər, qeyidib gediblər, Dilman, Xatman, Hacman kətdərində camahatı qırannan sora Kalviyə giriblər (1).

Tarixi rəvayətdən haqqında danışılan hadisəyə qədər Qırxatlı Sərəki Baba pirinin el arasında ziyarətgah olduğu aydınlaşır.

Adətən pirlərin-ziyarətgahların ərazisi hesab olunan yerlərin su­yunu murdarlamaq, ətrafını zibiləmək, ağaclarını qırmaq böyük gü­nah sayılır. Həmin pirdə indi də sırayla bitmiş (mifoloji yad­daşda “dü­zülmüş ağac-adamlar”) hündür ağaclar var. 1918-ci ilin martında ermənilər keçmiş Şamaxı qəzasının (indiki Ağsu rayo­nunun) Kalva kəndinə qısa yolla yox, uzaq yolla gəliblər: səbəbi o idi ki, birbaşa Kalva kəndinə gəlsəydilər, çayın o tərə­fində olan Dilman, Hacman, Xatman kəndləri onların gəlişindən xəbər tuta­caq, dağlara qaçacaqdılar.

Yaşlıların dediyinə görə, ermənilər Kalvaya yuxarıdakı kənd­lərdə soyqırımı törətdikdən sonra giriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Ko­mis­siyasının məlumatına görə, qanlı hadisələr – soyqırım zamanı Kalva kəndindən 250 kişi, 150 qadın, 100 uşaq vəhşicəsinə öl­dürülüb, 2 nəfər yaralanıb.

Qonşu Dilman kəndində bu göstərici daha çox olub.

Beləliklə, Dilmanda 585, Xatmanda 120, Hacmanda130 nə­fəri, Kalvada isə 500 nəfəri qətl ediblər (4, 134).

Bölgənin ən iri kəndi olan Kalvada əhalisinin sayına görə qır­ğınların nisbətən az olmasının səbəbi camaatın vaxtında duyuq düşüb dağlara qaçması olmuşdu. Ermənilər isə kənddən aralanan camaatı yollarda qırmış, Sulut kəndinin meşələrinədək gedib çıx­mışdı. Nuru paşanın Şamaxını xılas etməsindən sonra kəndlərdəki əhalinin tamamilə qırılmasının qarşısı alınmışdı.

Yuxarıda Qırxatlı Sərəki Baba piri ilə bağlı danışılan rəvayətdə mifoloji inam önə geçmiş, təxminən 100 il əvvəl olmuş hadisəyə müəyyən yozumun, “izahın” verilməsinə cəhd olunmuşdur. Yəni ermənilər Sərəki piri tərəfdən Kalvaya girə bilməmişlər, o demək­dir ki, “pir imkan verməmişdir”. Mifoloji yaddaşda indi də həmin ərazidə olan iri, hündür pir ağacları (palıd, vələs və s.) həmin mə­qamda “canlı” (erməninin qarşısında canlı sipər) olmuşdur.

“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyində ermənilərin əzəli türk torpaqlarını – Qarabağı ələ keçirmək üçün hər cür fitnə-fə­sada, qətl-qarətə, azğınlığa əl atması, misli görünməmiş soyqı­rım tö­rətməsi ilə bağlı rəvayətləşmiş mətnlər, acı xatirələr təqdim olunub.

Mətnlərdə söyləyicilərin danışıq üslubu olduğu kimi saxlanılıb.

Həmin mətnlərdən birinə nəzər yetirək.

“Abdal Qasım əmisi oğlunun qisasını alır” rəvayətində deyilir:

“Rəvayətə görə, Avdal Qasım çox qoçax adam oluf. Erməni-müsülman davasında ermənilər onun əmisi oğlunu öldürüllər. Sora gətirif bir axarrı-baxarrı yerdə yekə bir ağaca sarıyıllar. Meyidi ağaca bağlıyıllar ki, Avdal camahatına görk olsun, adamlar qorx­sunnar. Sora da Avdal Qasıma sifariş göndərillər ki, əyər kişisənsə, iyidsənsə, gəlif meyidi apar. Avdal Qasım deyir ki, eybi yox, baxıf görəllər aparıram, ya yox. Avdal Qasım gedif yekə bir iti öldürüf, dərisini çıxardıf özünə yekə bir kürk eliyir. Gejə onu əyninə geyif yavaşcadan sürünə-sürünə ermənilərə yaxınlaşır. Baxıf görür ku, ermənilər kefdədi, yeyif içillər. Bir az gözdüyür, erməniləri yuxu aparır. Qarolçuya yaxınnaşıf çomağını onun çənəsinin altına qoyuf tüfəngi götürür. Gəlif meyidi açıf, ermənilərdən uzax bir yerə qoyuf təzədən bir də gəlir ermənilərin yanına. Avdal Qasım gəlif ermənilərin hamısını öldürüf, silahlarını da özüylə götürüf aparır. Deyilənlərə görə, bunnan sora ermənilər Avdal Qasımın qorxu­sunnan Avdala yaxınlaşa bilməyif” (2, 107).

Mətnin məzmunundan aydın olur ki, hadisələr çağımızdan təxminən 110 il əvvəl baş verib.

Xalq arasında hazırcavablıq obrazı olan Abdal Qasımın itin dərisini əyninə geyinməsi məzhəkə yaratsa da, bu hadisənin alt qa­tındakı məna onu qurdla əlaqədar əski görüş və inamlarla bağlayır.

Qurda tapınma ilə bağlı təsəvvürlərdə onun totemləşdirilməsi (totemin şəxsində qədim insanın əslində özünütanıması) öndə da­ya­nır və indi də xalqın mifoloji yaddaşında qurda ikili münasibətə baxmayaraq türkü hər cür bəlalardan qoruyuculuq keyfiyyəti diq­qəti çəkir. Avdal Qasımın “qarolçunun çomağını çənəsinin altına qoyuf tüfəngi götürməsi, meyidi ermənilərdən uzaq bir yerə qoyub təzədən ermənilərin yanına gəlməsi, erməniləri öldürməsi, üstəlik silahlarını da özüylə aparması” inandırıcı boyalarla təsvir olunur. Əslində mətn ötən yüzilin əvvəllərində baş vermiş hadi­sənin doğ­ruluğunu, söyləyici təhkiyəsinin ustalığını sübut edir.

“Erməni-müsəlman müharibəsində Abdal Qasımın fəaliyyəti” mət­nində isə onun nəinki 1905, eləcə də 1918-ci ildə ermənilərlə dö­yüşü ilə bağlı epizodların davamlı şəkildə rəvayətləşməsini görürük.

Mətnə diqqət edək: “1905, 1918-ci ildəki erməni-müsəlman müharbəsi vaxdı Qasımın həddinnən artıx böyüh faaliyətdəri oluf. Erməni dilini çox mükəmməl bilirmiş. Bizim döyüşcülərə deyir­miş ki, gedin, filan yerdə dərədə pusquda dayanın, erməniləri mən ordan gətirəjəm. Duruf gedif erməniləri gejəykən ermənicə çağırır­mış ki, müsəlmannar filan yerdən üsdüvüzə hüjum eləməh isdiyil­lər, gəlin, arxalarına keçəh, oları qırax. Guya ermənidi. Dururmuş­dar, deməli, döyüşçülər hərrənirmişdər, həmən onun əks tərəfində də bizimkilər pusquda dayanıbmışdar. Gəlif orda, deyir, pusquya düşürmüşdər ermənilər. Çox böyüh faaliyyətdəri oluf” (2, 110).

Artıq bu mətndə hadisələrin məzhəkəliyi, gülməli xarakter alması göz qabağındadır.

Yurda hücum edən düşməni aldatmaq, pusquya salıb məhv etmək düzgün addım sayılır. Burada bütün parametrləriylə erməni mifoloji yaddaşdakı şəri təmsil eləyir. Zaman-zaman ermənilərin təpədən-dırnağa, dişinə kimi silahlanmış, nizamlı qoşunlar şək­lində xalqımıza qarşı soyqırımlar törətməsi, bu hadisələrin yad­daşlarda daşlaşması mətndən də aydın görünür.

Söyləyicinin bu həqiqətə inanması yersiz görünmür.

100 il əvvəlki dəhşətli soyqırımlar zamanı xalqımızın döyüş­kən oğularının düşmənə qarşı dirənişinin tarixləşməsi, rəvayətləş­məsi “Soltan bəy Andranikin dəstəsini necə mühasirəyə salır?” mət­nindən də aydın görünür:

I mətn. Andranik savatdı afiserrəri yığır. Laçını Allah-tala tə­bii qala yaradıf. Həkəri çayında körpü var, Nikolay vaxdında tikilif. Qoşun gəlif orda saxlıyır. Söz gəlif çatır Sultan bəyə. Deyir ki, məni üç gün gözdə. Üş gün gözudüyür orda. Onnar da hazır gedir də, hamısı təlim keşmiş afisserrərdi. Sultan bəy gedir atasına deyir. De­yir: – Ay bala, onnar gedəjəh Qarabağdan, ayannan bəri qıra-qıra gələjəh. – O vaxdı bizdə tüfəh nə gəzirdi? – Onnarın tüfəyini-sursa­tını hamısını algınan, deynən siz tüfəyli-toplu gələndə millət qorxar. Qardaşı Xosrov bəy Şuşanın quburnatı imiş. Buna məlumat verir. Əlli-atmış nəfər döyüşçü ordan gəlir. Orda Andranikin qoşununun arxasını kəsir, iki çayın arasında onnarı qırıllar. Orda yol versəymiş gedif nə bilim Gəncədən, Yevlaxdan bəri qıra-qıra gələjəymiş. Andranik özü qaçır, amma onun iki afisserini – biri Nejdek olur, biri Mirzəyan onnarı vurullar. Oranın adı Qannı dərə qalır (2, 468 ).

Kiçik həcmli mətndə tarixi hadisələr qismən “yerli-yataqlı” təsvir olunur. Çünki tarixi rəvayətin məqsədi “iki çayın arasın­dakı” dərənin niyə “Qanlı dərə” adlanmasını izah etməkdir. Eləcə də mətndə Sultan bəyin atasının, Xosrov bəyin tədbirliliyi, xalqın soyqırımının qarşısını almaq üçün əllərindən gələni etmələri və məqs ədlərinə çatmaları, sonda Andronikin qaçması rəvayətin mifoloji yaddaşı bütün çaslarlarıyla yaşatdığını sübut edir.



II mətn. Xosrov bəy Şüşənin bəyi idi, Soltan bəyin qardaşı idi. Erməni Soltan bəyə deyif ki, icazə ver, keçif Şüşeyi qırım. Deyif ki, keç, amba belə keç. Həkəri çayının üsdündə dərə vardı. Ermənilər deyirdi ki, üş yüz il keçə, o çayın üsdünnən keçəndə erməninin iyi bizə gəlir. Ora elə yerdi bircə dənə yolu var, ikinci yolu yoxdu. Soltan bəy deyir: – Sizi silahnan boşdasam, camaat hamı şübhələnər. Gəlin belə bir şey eliyəh. Silahları qavaxdan keçirim getsin, qoşunuzu daldan keçirim, gedin. Orda Ağalarnan Ağammədi çağırır. Deyir: – Gəlin bura. Deyir ki, belə-belə. De­yir: – Gözəl kələk qurmusan, qoy gəlsin. Deməli, gətirif camaatı yerrəşdirir Zabuğun qəyəsinə. Silah keçif Şüşəyə sarı. Ermənini Xınzirəhdən bəri boşduyur. Gəlir Laçının çayına yerrəşəndə dalı daldan, qabağı qabaxdan kəsir, elə qoşunun topasını qırıllar. Er­məni deyir: – Kosasaqqal kopoğlu gör bizi nə kələknən qırdı. Ola­rın silahı da bizə qalır (2, 105-106).

Bu mətndə də ermənini aldatma motivi diqqəti çəkir. Ermə­ninin Şuşanı qırmaq, dağıtmaq istəyinə Soltan bəyin tədbirli dav­ranması, düşmənin bütün hiylələrini əvvəlcədən duyması, onu yenmək üçün bütün mümkün vasitələrdən istifadə etməsi, sonda düşmənin özünü qıraraq arzusunu gözündə qoyması rəvayətin məzmununun tarixiliklə üst-üstə düşdüyünü sübut edir.

“Paqarat ermənisi” mətnində Gorusda Paqarat adlı erməninin müsurmanın (yəni türkün- E.Q.) “qanını çörək kimi yeməsi”ndən, Soltan bəyin isə bu türk cəlladını ölümlə cəzalandırması haqqında danışılır (2, 106-107).

Ötən yüzilin əvvəllərində Qarabağdakı qırğınlarla bağlı daha bir tarixi rəvayətin məzmununa diqqət yetirək.

Danışılır ki, Novruz bayramında ermənilər kəndə girib adam­ları qırırlar, camaat bayram aşını da yeyə bilmir: “Həylə boz atlılardı, Qılınc təpənin başındadırlar. Ədil adında bir oğlan var idi. Hansısa kəntdəniymiş. Deyirlər, onun belinə qaynar samavarı şəlliyiflər. O da qışqıra-qışqıra qaçırmış. Xalam deyir ki, biz də axşama qədər Qara qayada gizdəndih ki, qarannıx düşəndə Yazı düzüynən gedif, ordan aşıf Qarabağa gedəh. Deyir ki, uşaxların ağzını möhkəm tutmuşdux ki, birdən ağlı- yallar, ermənilər eşidər. Xalam deyir ki, Yazıdan keçəndə bir hamilə qadını ermənilər nətəər günə salmışdılarsa, adam o vəziyyəti danışa bilmir. Hamilə qadının qarnını yarıf körpəsini qırağa atmışdılar, hamısını öz gözdəriynən görüf. Xalamgil gediflər Qarabağda bir əz qalıflar, iki-üç il. Qubatdıda İldırım bəy vardı. O, bizə dedi ki, qorxmuyun, daha hər şey həll olunuf, çıxın gedin yerıza, yurduza. Onnan sora, deyir, neçə gün yol gedif gəldih Hacılıya. Gəldih gördüh ki, evləri yandırıflar, uçuruflar, dağıdıflar. Xalamgilin də evləri uçuf-dağılıf. Xalamın anası varmış Xatun arvad. O, evdən çıxanda onun iki qardaşı, bir oğlu ölmüşümüş. Onun qardaşının birini erməni öldürmüşmüş. Qapının başına Həzrət Abbas nəziri qoydu. Dedi ki, bı nəziri qoyuram bura, mənim evimi ermənilər yandırmasın. Xalam deyir, Qarabağdan qayıdıf gələndə gördüh ki, kənd hamısı xarabadı, yandırıflar, kül eliyiflər. O vaxtı da ev yoxuymuş da, hamısı damıymış. Bircə Xatun nənənin evi yanmamışdı.

...Meşənin içinnən durbinnən baxıf ki, ermənilər sımavar qaynadıf qız-gəlinlərin belinə şəlliyiflər. Qız-gəlinnərin, kişilərin at kimi ayaxlarını nallıyıflar. Bunun hamısın görür. Qayıdıf gələndə Xozanavar, Bayandurda qabağına kim keçirmiş əvəzin çıxırmış. O vaxdı biz deyirdik baba, bəs yazığ deyil. Deyirdi, vaxt gələjəh mənə rəhmət oxuyajaxsız ki, Muradəli kişi, Allah sənə qəni-qəni rəhmət elə- sin. O gedif görmüşdü, buların xilslətin bilirdi” (4, 214-219) .

Mətndə sadalanan erməni vəhşilikləri tarixilik baxımından faktdır. Folkorşünaslıq baxımından diqqəti çəkən bir məqam – ermənilərin əlindən qaçaqaçda Xatun arvadın evində Həzrət Ab­basa nəzir qoyması, qayıdıb gələrkən bircə onun evinin salamat qalması dar macalda belə inancla yaşaması, evinin, yurdunun məhv olmayacağına inamıdır.

1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə