AZƏrbaycan miLLİ elmlər akademiyasinin “AZƏrbaycanlilara qarşi soyqirimlarin təDQİQİ” komiSSİyasi




Yüklə 1.67 Mb.
səhifə1/19
tarix23.02.2016
ölçüsü1.67 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ

AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMLARIN TƏDQİQİ” KOMİSSİYASI

AMEA FOLKLOR İNSTİTUTU

____________________________________________

SOYQIRIMLAR XALQ YADDAŞINDA

Beynəlxalq Elmi Konfransın


M A T E R İ A L L A R I

(02 mart 2015-ci il Bakı şəhəri)

BAKI – 2015

AMEA Folklor İnstitutu

Elmi Şurasının qərarı ilə çap olunur.
TƏRTİB EDƏNLƏR: Əli ŞAMİL

Fil.ü.f.d. Elmira MƏMMƏDOVA-



KEKEÇ

ELMİ REDAKTORLAR: Fil.ü.f.d. Fidan QASIMOVA

Fil.ü.f.d. Nigar HƏSƏNOVA


SOYQIRIMLAR XALQ YADDAŞINDA. Beynəlxalq Elmi Konfransın materialları. Bakı, Elm və təhsil, 2015, 296 səh.

Kitabda 02 mart 2015-ci ildə Bakı şəhərində Azərbaycan Milli Elm­lər Akademiyasının “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Ko­missiyası və AMEA Folklor İnsti­tutunun təşkilatçılığı ilə keçirilən “Soy­qırımlar xalq yaddaşında” mövzusunda Beynəlxalq Elmi Konfransın ma­terialları toplan­mış­dır. Topluya Azərbaycan alimləri ilə yanaşı, Fransa, Tür­kiyə və Özbəkistan elm adamlarının da ermənilərin müsəlman və türk­lərə qarşı soyqırım siyasəti ilə bağlı məqalələri daxil edilmişdir.


folklorinstitutu.com


M 4603000000 Qrifli nəşr

N-098-2015


© Folklor İnstitutu, 2015

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ
Rəyasət heyəti:
Akif Əlizadə – AMEA-nın prezidenti, akademik

İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, akademik

Teymur Kərimli – AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik

Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Elmi heyət:
Yaqub Mahmudov  AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Musa Qasımlı  AMEA Dünya Siyasəti İnstitutunun direk­toru, t.ü.e.d., prof.

Aytən Mustafayeva  AMEA İnsan Hüquqları İnstitutunun direktoru, h.ü.f.d.

İlham Məmmədzadə – AMEA Fəlsəfə və Hüquq İnstitu­tu­nun direktoru, fəl.ü.e.d., prof.

Anar İsgəndərov – BDU-da kafedra müdiri, t.e.d., prof.

Məhərrəm Qasımlı – AMEA Ədəbiyyat İnstitutunun direk­tor müavini, fil.ü.e.d., prof.

Məmməd Əliyev – AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, fil.ü.e.d., prof.

Kamran Əliyev – AMEA Folklor İnstitutunun şöbə müdiri, fil.ü.e.d., prof.

Füzuli Bayat – AMEA Folklor İnstitutunun şöbə müdi­ri, fil.e.d., prof.

Əfzələddin Əsgər – AMEA Folklor İnstitutunun şöbə müdi­ri, fil.ü.f.d.

İlkin Rüstəmzadə – AMEA Folklor İnstitutunun şöbə müdi­ri, fil.ü.f.d.

Əziz Ələkbərli – AMEA Folklor İnstitutunun aparıcı elmi işçi­si, fil.ü.f.d., dos.


Katiblik:

Fidan Qasımova – AMEA Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d.

Vəfa Saleh  AMEA Folklor İnstitutunun əməkdaşı

GİRİŞ NİTQLƏRİ
Akif ƏLİZADƏ1
BÖYÜK İNKIŞAFDA İNTELLEKT,

YAXUD TORPAQ İDDİASININ İFLASI
Hörmətli konfrans iştirakçıları!

Hörmətli qonaqlar!

Bugünkü konfransımızın mövzusu Azərbaycan dövləti və xalqı üçün ağır bir mövzudur – soyqırım mövzusudur. Bildiyiniz kimi, Akademiyada soyqırımın tarixini dəqiq öyrənmək, onu da­ha ətraflı təhlil etmək, bəzi faktları daha da dəqiqləşdirmək üçün və geniş ictimaiyyətə çatdırmaq üçün Soyqırım Komissiyası yaradılmışdır. Bu komissiya bu gün fəal addımlar atır, olduqca vacib, əhəmiyyətli işlərlə məşğuldur. Mən bu gün burada təşkil edilən təsviri sənət sərgisinə – Akademiya əməkdaşlarının soy­qırımlarla bağlı rəsmlərinin sərgisinə baxdım. Yerüsəlimdə də Xolokost muzeyi var. Faşizmin insanlara qarşı törətdiyi bu zülm və genosidlər insan məfkurəsinə sığmayan kriteriyalardır. İnsan insana qarşı bu cür cinayətləri necə törədir? Bunu anlamaq olmur. Bu, görünür, insaniyyətə nifrətdən gələn hisslərdir, əgər bunları hisslər adlandırmaq olarsa. Təəssüf ki, erməni millətçiləri yüksək insani hisslərdən məhrumdur.

Bu sərgi ilə, ümumiyyətlə, Soyqırım Komissiyasının bəzi işləri ilə tanış olarkən, o cümlədən Xolokost muzeyindəki ekspo­natlara baxarkən məndə belə bir təəssürat yarandı. Özüm-özümə dedim, axı biz gənc olarkən – Sovet İttifaqının tərkibində olduğu­muz zamanlar – tam başqa şəkildə təbliğat aparılırdı, bizi başqa şəkildə öyrədirdilər və s. Gəlin başlayaq 1905-ci, 1918-ci, 1947-ci illərdən. Niyə sovet təbliğatı bunu həmişə başqa bir formada gənclərə, komsomol adlanan insanlara aşılayırdı? Sən demə, bu şüarlar altında böyük bir proqram həyata keçirilirmiş və biz 90-cı illərdə bu bəlaların, demək olar ki, şahidi olduq. Azərbaycan­lı­ların yaxşı bir sözü var, deyir, “yersiz gəldi, yerli qaç”. Bax yer­siz gəlib bu yerə sahib olmaq istəyənləri insan adlandırmaq öz­lüyündə insanlığa hörmətsizlikdir. Bu nə cür şüurdur, nə cür fi­kirdir, düşüncədir? Bu düşüncə haradan irəli gəlir? Bəzi insanlar, hətta bəzi dövlət rəhbərləri də bu gün torpaq iddiasındadırlar. Amma anlamırlar ki, artıq XXI əsrdir. Sən əgər öz xalqının intel­lektini, elmini, təhsilini inkişaf etdirməyə başlamasan, nə qə­dər yeri tutursan tut, yenə də sənin xalqın aşağı səviyyədə yaşa­yacaqdır. Bəzi ölkələr bu gün də mənfur siyasi addımlar atırlar, torpaqlar tuturlar. Yenə də deyirəm, bu gün intellekt yeganə yoldur ki, insan cəmiyyəti inkişaf eləsin. Bu dövrdə hər hansı bir dövlətin coğrafi ərazisi kiçik olsa, sahəsi az olsa, lakin intellekti yüksək olsa, o, həmişə üstün olacaqdır. İsraildən misal göstərə bilərik. İsrailin nə kifayət qədər faydalı qazıntısı, nə də nefti var. Xırda daş karyerləri var. Yəhudilər deyir, oturub düşündük ki, biz nə etməliyik? Biz yalnız elmi və yüksək texnologiyaları inkişaf etdirməyi qərara aldıq. Bu gün silikon isteh­salının 80-90%-i yəhudi kompaniyalarının əlindədir, dünyadakı əksər proqramçılar onlardır. Yəni faydalı qazıntıları olmasa da, onlar elmdə, səna­yedə, informasiya texnolo­giyaları sahəsində, tibbdə, əczaçılıqda, aqrar sahədə dünyaya meydan oxuyurlar.

Bu gün bizim mövzumuz soyqırımdır. Siz bilirsiniz ki, er­mə­nilər özlərinin uydurduqları soyqırımın 100 illiyinə hazırlaşırlar. Guya erməni xalqı daim təzyiq altında olubdur, məhv edilibdir və s. Halbuki bunun əksinədir. Qara məni basınca, mən qaranı basım – bunların siyasəti budur. Bizim yadımızdadır. Sovetlər vaxtında, mən təhsil aldığım dövrlərdə bizim orta məktəblərdə və ali təhsil müəssisələrində sinif və ya qruplarımızda nə qədər erməni vardı. Yaxşı yaşayırdılar. Belə olduğu halda dünyaya car çəkirlər ki, daim təzyiq altında olublar. Hamı görür, yaxşı anlayır ki, bütün bunlar uydurmadır. Əlbəttə, ermənilərin siyasi qurumları, siyasi dairələri, bununla razılaşmaq istəmirlər. Onlar yenə də özlərinin mənfur və yalan siyasətlərini yeritməkdə davam edirlər. Mən həmişə bu fikirdən çıxış edirəm, özümün də daxilən buna inamım böyükdür ki, biz hücum taktikası seçməliyik. Hücumda olmalıyıq ki, gələn təzyiqə müqavimət göstərərək üstünlüyümüzü bəyan edək, haqq-ədaləti bərpa edək.

Bu konfrans soyqırımla bağlı olaraq nəzərdə tutulan ilk kon­franslardan biridir. Bu işlər bitməməli, daim davam etməlidir. Soyqırım Komissiyası işləyəcək, çalışacaq və ən ümdə məqsədi o olacaqdır ki, ermənilərin çirkin siyasətini ifşa etsin. Bu gün­lər­də keçmiş Bakı yəhudilərindən biri – indi Təl-əvivdə yaşayır – deyir ki, biz İrəvana getdik. Bakıda köhnə “xruşşovkalar” vardı, indi bütün İrəvan həmin “xruşşovkalarda” qalıbdır. Deməli, 25 il ər­zində bunlar bir addım irəli gedə bilməyib, hətta geriyə gediblər. Yəqin ki, onların içində də elə insanlar var, öz daxillərində dü­şünürlər, müəyyən götür-qoy edirlər, bilirlər ki, yolları səhvdir. Amma tarix göstərir ki, Ermənistan məğlub olmalıdır və məğlub da olacaqlar.

“Soyqırımlar xalq yaddaşında” Beynəlxalq Konfransı mövzu ilə əlaqədar obyektiv reallıqları meydana qoyduğu üçün mühüm elmi əhəmiyyətə malikdir. Bu konfrans həm də vətənpərvərlik tərbiyəsi baxımından da çox faydalıdır.

Mən sizin hamınızı bu konfransda yaxından iştiraka dəvət edi­rəm. Qonşu ölkələrdən qonaqlarımız da gəlibdir. Mən qonaq­lara və hər bir iştirakçıya uğurlar arzu edirəm.

İsa HƏBİBBƏYLİ
SOYQIRIMLARIN TƏDQİQİNDƏ FƏRQLİ İSTİQAMƏT
Azərbaycan Milli Elmlər Akademiyasının çox hörmətli prezidenti Akif müəllim!

Hörmətli qonaqlar!

Hörmətli həmkarlarımız!

Müstəqillik qazanmış bütün ölkələrdə, o cümlədən də Azər­baycan Respublikasında dövlətimizin və xalqımızın ümdə vəzifə­lərindən biri milli-tarixi yaddaşın bərpa olunması, milli-mənəvi dəyərlər əsasında vətənpərvər nəslin hazırlanması, azərbaycan­çı­lıq məfkurəsinin dövlət ideologiyası səviyyəsində həyata keçiril­məsindən ibarətdir. Bu istiqamətdə ədəbiyyatın, mədəniyyətin, incəsənətin, təhsilin üzərinə böyük məsuliyyət düşdüyü kimi, Azərbaycan elminin də qarşısında məsuliyyətli vəzifələr dayanır.

Azərbaycan Milli Elmlər Akademiyasında Humanitar və İcti­mai Elmlər Bölməsinin, demək olar ki, bütün institutlarında apa­rı­lan tədqiqatların ana xəttini azərbaycançılıq ideologiyası, azər­bay­can­çılıq məfkurəsi təşkil edir. Akademiyanın bir çox insti­tutlarında elmi tədqiqatlar eyni zamanda tariximizin ən müxtəlif vaxtlarının qara ləkələrinin aradan qaldırılmasına istiqa­mət alır. Soyqırımların aydınlaşdırılması, repressiyaların üzə çı­xa­rılması, xalqa çatdırıl­ması, deportasiyaların elmi şərhi istiqa­mətində geniş işlər aparıl­maqdadır. Azərbaycan Milli Elmlər Aka­demiyasında yaradılmış “Azərbay­canlılara Qarşı Soyqırım­ların Tədqiqi” Komissiyasının fəaliyyəti ilə bu istiqamətdə işlər bir qədər də sistemləşdirilmiş, məqsədyönlü fəaliyyətin davamlı olması təmin edilmişdir.

Konfrans iştirakçılarına məlumat vermək istəyirəm ki, “Azər­baycanlılara Qarşı Soyqırımların Tədqiqi” Komissiyasında 6 işçi qru­pu fəaliyyət göstərir və həmin işçi qrupları ən müxtəlif isti­qa­mətlərdə iş aparırlar. Bu günə kimi biz Dini Qurumlarla İş üzrə Döv­lət Komissiyası ilə bir yerdə “Azərbaycanın işğal olunmuş əra­zilərində dini abidələrə qarşı təcavüz” mövzusunda Beynəl­xalq Kon­fransın təşkilatçılarından biri olmuşuq. Eyni zamanda, bir sıra kitabların təqdimatı keçirilmişdir. İnsan Hüquq­ları İnstitu­tunda iki kitabın təqdimatı keçirilmişdir, sabah da Arxeologiya və Etnoqra­fiya İnstitutu ilə bir yerdə Rauf Hüseyn­zadənin “Ermə­ni­lər və Qafqaz” kitabının müzakirəsini keçirə­cə­yik. Tarix İnstitutu kitablar dəstini və bu mövzuya həsr olunmuş yeni əsərləri müza­kirəyə hazırlayıb. Keçən həftə ərzində Akade­miyada fəaliyyət göstərən “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Komis­si­ya­sının üzvləri Yaqub Mahmudov, Musa Qa­sımlı, İlham Məm­mədzadə Türkiyədə və başqa xarici ölkələrdə Xocalı Soyqırımı ilə bağlı tədbirlərdə iştirak edərək bir alim-vətəndaş missiyasını yerinə yetirməyə müvəffəq olublar.



Qarşıda bizi daha iki konfrans gözləyir. Quba rayonunda Tarix İnstitutunun bazasında AMEA Rəyasət Heyəti və Soy­qı­rımlar Ko­missiyası ilə bir yerdə Beynəlxalq Konfrans nəzərdə tutulur ki, ora­da 20-dən çox ölkənin nümayəndəsinin iştirakını gözləyirik. Onun ardınca Azərbaycan alimləri İnsan Hüquqları İnstitutunun bazasın­da soyqırım hadisələrinin siyasi-hüquqi qiy­mət­ləndirilməsi məsələ­lərinə həsr olunmuş daha bir Beynəlxalq Konfrans keçirməyi plan­laşdırırlar. Daha sonra “Ədəbiyyatda və incəsənətdə soyqırımlar” mövzusunda konfransların təşkili bu il üçün nəzərdə tutulur. Eyni zamanda biz “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Ko­mis­siyası vasitəsilə artıq ilk məqalələr toplusunu Azərbaycan-rus-in­gilis dillərində çapa hazırlayırıq. Bütün bunlar ölkəmizdə əda­lə­tin, haqqın, gerçəkliyin, Azər­bay­can xalqının obyektiv mövqeyinin müdafiə olunmasına, sənədlər əsasında üzə çıxarılmasına və dün­yaya tanıdılmasına ünvanlan­mış, hesablanmışdır. Azərbaycan xal­qı­nın Ümummilli lideri, gör­kəmli dövlət xadimi Heydər Əliyev tə­rəfindən əsası qoyulan və ölkəmizin Prezidenti cənab İlham Əliye­vin məqsədyönlü fəaliy­yəti ilə ardıcıl siyasətə çevrilən Azərbaycan həqiqətlərinin dünya­ya çatdırılması istiqamətində gedən proseslərə alimlərimiz də fəal şəkildə qoşulmuşlar. Əgər biz 10 il bundan əvvəl Ermənistanın beynəlxalq aləmdə informasiya müharibəsində üstünlük təşkil et­məsindən danışırdıqsa, bu gün səfirliklərimizin müxtəlif ölkələr­də keçirdiyi tədbirlər, alimlərimizin, mədəniyyət xadimlərimizin dünya ölkələrindəki mötəbər kürsülərdən çıxışları, ölkə Prezi­dentinin apardığı siyasətin işığında həyata keçirilən digər təd­birlər sayəsində artıq Azərbaycan, deyim ki, iqtisadi sahədə, hər­bi sahədə olduğu kimi, informasiya müharibəsində də bədnam, özü­nü dünyaya yazıq kimi təqdim edən, əslində isə “Böyük Ermə­nis­tan” uğrunda mübarizə aparan ermənilərə qalib gəlmiş­dir. İn­forma­siya müharibəsində Azərbaycanın üstünlüyü artıq təmin olun­muş­dur. İnformasiya müharibəsindəki üstünlük dünya icti­maiy­yətinə obyektiv məlumat­ların çatdırılması, dünyada həqiqət­lərin qəbul olun­ması baxımından böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, artıq Meksikada, Argentinada, Pakistanda parla­ment­lərin Xocalı soy­qırımını soyqırım kimi tanıyan qərarları qəbul olunmuşdur. Bizim məqsədimiz dünyanı erməni yalanından xilas etməkdir. Hə­ləlik demək olmaz ki, biz erməni yalanını mütləq mənada dünyaya tam çatdıra bilmişik. Amma artıq böyük üstünlüyümüzü təmin edə bilmişik. Bizim elmimizin qarşısında duran əsas vəzifə, aparılan bu ideoloji müharibənin elmi əsasla­rını, sənədli bazasını təmin etmək­dən ibarətdir. İdeoloji mübarizə elmi əsaslara söykənəndə daha uzu­nömürlü olur və onun təsirini dünya qəbul edir. Populizm dövrü bit­mişdir, indi elmi əsaslarla isbat etmək dövrü başlanmışdır ki, mən­cə, bu istiqamətdə proses məqsədyönlü şəkildə davam edir, amma burada Azərbaycan alim­lərinin üzərinə böyük iş düşür. İdeoloji mühitimizin bütün isti­qa­mətlərində: fəlsəfədə də, ədəbiyyatda da, iqtisadiyyatda da, tarix­də də, şərqşünaslıqda da ana fikrimiz Azər­baycan gerçəkliyinin tam mənada dünyaya çatdırılmasından, gələ­cək nəsillər üçün obyektiv, dərkolunmuş bir tarixin yaradılma­sın­dan ibarət olma­lı­dır. Bu istiqamətdə son illərdə Akademiyada apa­rılan islahatların zəminində artıq böyük irəliləyiş baş vermişdir. Am­ma bugünkü hadisələr göstərir ki, dünyada yaranan yeni mü­na­qişə ocaqları, Şərqdə, Qərbdə bu istiqamətdə formalaşan fərqli ya­naşmalar məhz erməni – Azərbaycan münasibətləri məsələsi üzrə elə əsaslı tədqiqatların aparılmasını tələb edir ki, onun əsasında dünyanın digər münaqişə ocaqlarına da qiymət verilə bilsin və həmin mü­naqişələr söndürülə, susdurula bilsin. Üzərimizdə 100 ilin təcrü­bəsi əsasında başımıza gələn müsibətlərin elmi şəkildə öyrənil­məsi, aşkara çıxarılması, həm nəzəri, həm də praktiki baxımından formalaşdırılaraq dünyaya çatdırılması vəzifəsi dayanır.

Hesab edirəm ki, bu gün “Azərbaycanlılara Qarşı Soyqırım­la­rın Tədqiqi” Komissiyası ilə Folklor İnstitutunun birgə keçirdiyi “Soyqırımlar xalq yaddaşında” konfransı indiyə qədər sənədlərlə, arxiv materialları ilə üzə çıxarılan faktların xalq yaddaşından gələn materiallarla birlikdə izah olunmasına həsr olunmuş çox böyük əhəmiyyətli elmi hadisədir. Çünki sənədlərdən fərqli ola­raq xalq yaddaşında həm də xalqın həmin hadisəyə münasibəti ifa­də olun­muşdur. Xalq yaddaşında olan materiallarda xalqın nif­rəti, qəzəbi, əzabı, ümidləri də öz əksini tapmışdır. Bu, soyqı­rım­ları öyrən­mək baxımından tamamilə yeni formatdır. Hadisələrin canlı şahidi olan xalq heç bir siyasəti düşünmədən həmin illərin hadisələrini müxtəlif xalq şeiri şəkillərində, lətifələrdə, rəvayət­lər­də yaşadır. Xalq soyqırım hadisələrinə özünün obyektiv müna­sibətini bildirir. Bu konfrans soyqırımların öyrənilməsində ta­ma­milə yeni başlan­ğıcdır. Hesab edirəm ki, Memarlıq və İncəsənət İnstitutunun bu gün burada təşkil etdiyi çox dərin mənalı sərgi konfransın ideya­sını, konkret detallarını tamamlayır, ideyanı daha təsirli şəkildə ictimaiyyətə çatdırır. Bizim konfransda Fransadan, Türkiyədən, Özbəkistandan gəlmiş elm adamlarının, həmkarları­mızın iştirakı bu konfransda ifadə olunan fikirlərin dünyaya çatdırılmasına, dün­ya alimlərinin gözü ilə qiymətləndirilməsinə şə­rait yaradacaqdır. Düşünürəm ki, “Soyqırımlar xalq yadda­şın­da” Beynəlxalq Kon­fransı XX əsr tariximizin daha konkret, daha dərindən və əsaslı şəkildə öyrənilməsinə şərait yaradacaqdır. Mən istərdim, konfrans haqqında məlumat təkcə Azərbaycan dilli mət­buatda deyil, ölkə­mizdə rus dilində çıxan mətbuatda, internet sayt­larında müxtəlif dillərdə yerləşdirilsin. Bu, Azərbaycan ger­çək­liklərinin, Azərbay­can elminin mövqeyinin dünyaya geniş şə­kildə çatdırılması olacaqdır. Beynəlxalq Konfransın işinə uğurlar arzulayıram.



Muxtar KAZIMOĞLU (İMANOV)
KEÇMİŞİ ARAŞDIRMAĞIN MÜHÜM BIR MƏNBƏYİ XATİRƏLƏR
Hörmətli Akif müəllim!

Hörmətli konfrans iştirakçıları!

Əziz qonaqlar!

Mən bir neçə kəlmə konfransın mövzusu barədə danışmaq istəyirəm. Hər şeydən qabaq qeyd etmək istəyirəm ki, müxtəlif dövrlərdə, istər 1905-1907, istər 1918-1920, istərsə də 1990-cı illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soy­qırım hadisələrini araşdırmağın bir mənbəyi əldə olan sənədlər­dirsə, bir mənbəyi də xalq arasında söylənən xatirələrdir. Bildiyiniz kimi, çar Rusiyası və sovet Rusiyası dövrlərində soyqırımlarla bağlı arxiv sənədlərinin böyük bir qismi məhv edilib. Məsələn, 1960-cı ildə Şamaxı arxivi yandırılıb. Belə olan təqdirdə, yəni sənədlərin az olduğu bir şəraitdə xatirələrin nə qədər böyük əhə­miyyət daşıması daha qabarıq şəkildə görsənir. Yeri gəlmişkən qeyd edim ki, bu cür xatirələrdən avropalılar geniş şəkildə istifadə edirlər. Avropalılar “memorat” adlandırdıqları həmin xatirələri folklor janrı hesab edirlər. Çünki memoratlar – xatirələr yalnız real tarixi hadisələri yox, həm də məlum mifoloji obraz, motiv və süjetləri əhatə və əks etdirir. Fərdi şüurun yox, kollektiv şüurun, ictimai şüurun məhsulu kimi ortaya çıxan memoratlar xalqın düşüncə tərzini və tarixini öyrənməyə yaxından kömək edir. Mü­hüm əhəmiyyət daşımasını nəzərə alıb memorat – xatirə janrına biz də son vaxtlar diqqəti artırmışıq. Folklor İnstitutu xətti ilə xati­rələrin toplanması və folklor toplularına (məsələn, “Zəngəzur folk­loru” toplusuna, “Qarabağ: folklor da bir tarixdir”, “Masallı folklor örnəkləri” və b. çoxcildliklərə) daxil edilməsi həmin diqqətin bir təzahürü hesab edilə bilər.

AMEA “Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi” Ko­missiyası ilə birgə keçirdiyimiz bu beynəlxalq konfransın mate­riallarında müxtəlif dövrlərdə və müxtəlif bölgələrdə daşnakların azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələri ilə bağlı xa­tirələr mühüm mənbə kimi götürülüb. Ayrı-ayrı fərdlər danışsa da, xalq təfəkkürünün məhsulu kimi ortaya çıxan həmin xati­rə­lərdə daşnak xislətini bir daha tanımaq, özümüzə yenidən nəzər salmaq imkanı əldə edirik. İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Şa­ma­xı, Quba və b. bölgələrimizdən toplanmış soyqırım xatirə­lə­rin­də kəsdiyi çörəyi ayaqlayıb keçən nankor daşnak obrazı yaradılır. Soyqırım xatirələri üçün səciyyəvi olan bu obrazın tarixi kökləri var: ermənilər tarixən türk dili, ədəbiyyatı və musiqisindən mənəvi qida alıb, sonra bütün bunları inkar etməyə başlayıblar. Türk dilinin təsiri altında erməni dilinin təkcə leksikası yox, həm də sintaksisi, bütövlükdə sistemi dəyişib; Azərbaycan ədəbiy­yatının təsiri ilə onlarla erməni sənətkarı Azərbaycan türkcəsində yazıb-yaradıb; erməni tarixən öz toyunu bizim xanəndə və aşıq­larla, yasını isə bizim bayatılarla yola verib.

Xatirələrdə hansı hadisələr əsas yer tutur? Gülüstan və Türk­mənçay müqavilələrindən sonra 100 minlərlə erməninin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və azərbaycanlıların xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirilməsi. Məlumdur ki, bu qəddarlıq Daşnaksütyun partiyasının təlimindən irəli gəlir. Bu mənfur partiya ermənilərə tövsiyə edir ki, körpə uşağa, qadına, qocaya baxmadan müsəlmanların hər vasitə ilə qətlə yetirilməsinə nail olsunlar; müsəlman kəndlərini yandırsınlar; ermənilərin tərk etdiyi evləri yandırıb bunu dünyanın hər yerində müsəlmanların adına yazsınlar (A.İsgəndərli. Azərbaycan həqiqətləri: 1917-1920. Bakı, Elm və təhsil, 2012, səh.36-37). Ermənilər Daşnak­süt­yunun bu kimi tövsiyələrini artıqlaması ilə yerinə yetiriblər. Qırğınlar o həddə çatıb ki, xalq arasında bu qırğınlarla bağlı xü­susi ifadələr, xüsusi adlar yaranıb. Məsələn, Urmiyadakı qırğın­lar­la bağlı “Urmi bəlası” ifadəsi yaranıb; Azərbaycanın Quba, Qa­rabağ, Naxçıvan və s. kimi müxtəlif bölgələrində Qanlı dərə, Qırğın dərəsi, Adamqırılan... kimi yer adları meydana çıxıb.

Xatirələr on minlərlə insanın vəhşicəsinə qətlə yetirilmə­sin­dən bəhs etməklə bərabər, daşnakların Azərbaycan mədəniyyə­ti­nə sarsıdıcı zərbə vurmaq niyyətlərindən də xəbər verir. Ruha­ni­lərin, ziyalıların xüsusi qəddarlıqla öldürülməsi, Quranın süngüyə taxılıb yandırılması, digər qiymətli kitabların və əlyazmaların məhv edilməsi, məscidlərin, həmçinin başqa memarlıq abidələ­rinin dağıdılması daşnakların Azərbaycan mədəniyyəti ilə bağlı çirkin niyyətlərindən xəbər verən faktlardandır. 1918-ci il toqquş­malarında Quba, Xaçmaz və Qusar ərazisində 26 məscidin; Bakı­da “Kaspi” və “Açıq söz” qəzetləri redaksiyalarının, bu gün Azər­baycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binasının yandırılması daşnakların Azərbaycan mə­də­niyyətinə sarsıdıcı zərbə vurmaq planlarını göstərən saysız-he­sabsız misallardan yalnız bəziləridir.

Söz yox ki, azərbaycanlılar daşnak təcavüzünə ciddi müqa­vi­mət göstərib, bir çox hallarda təcavüzkarı yerində oturda biliblər. “Qana qan!” deyib döyüşə atılan Azərbaycan türkünün qəddar­lıq­la qətlə yetirilmiş arvad-uşağının qisasını eyni qəddarlıqla alması da, mümkündür ki, müəyyən qədər baş vermiş olsun. Amma bir çox faktlar erməni-müsəlman davasında Azərbaycan türklərinin uşağa, qadına və qocaya əl qaldırmamasından xəbər verir. M.S.Or­dubadi 1905-1906-cı illər erməni-müsəlman davasından bəhs edən və şahid sözləri əsasında yazılan “Qanlı sənələr” adlı əsərində azərbaycanlı komandirlərin öz əsgərlərinə tövsiyəsini xüsusi olaraq diqqətə çatdırır:

“Müharibədə insafınızı itirməyib silah işlətməyən körpələrə, qoca kişilərə rəhm ediniz! Körpə uşaqlara, erməni hərəmlərinə heç zaman təhqirlə əl uzadıb, əzab-əziyyət rəva görməyəsiniz!” (M.S.Ordubadi. Qanlı illər. Bakı, Qarabağa Xalq Yardım Komi­təsi, 1991, səh.48). M.S.Ordubadi azərbaycanlı döyüşçü­lərin er­məni qocalarına münasibətini əks etdirən bu cür faktları da xa­tırlatmağı özünə borc bilir:

“O gün erməni bölüklərinin hamısı qaçıb, səngərlərdə yalnız qaçmağa qadir olmayan beş-on nəfər qoca qoymuşdular. Onlar isə müsəlmanlar tərəfindən əhəmiyyətə alındılar. Zira koman­dan­lar qoca və körpə cocuqlara qarşı hərbi silah işlətməməyi müsəl­manlara qabaqcadan tövsiyə etmişdilər” (M.S.Ordubadi. Qanlı illər, səh.57).

Azərbaycanlı döyüşçülərin erməni uşağı, qadını və qocası ilə bu cür insaflı davranmasını 1918, həmçinin 1990-cı illərə aid xatirələr də təsdiq edir.

M.S.Ordubadi “Qanlı sənələr” əsərində erməni-müsəlman toq­quşmasının müxtəlif səbəbləri (məsələn, Daşnaksütyun parti­yasının fəaliyyəti, hökumət dairələrinin qızışdırıcı mövqeyi, er­mə­nilərin muxtariyyət həvəsinə düşməsi) sırasında bir səbəb də göstərir: müsəlmanların siyasətdən bixəbər olmaları. Burada M.S.Ordubadi “siyasət” sözünü “politika” mənasında işlətdiyi kimi, həm də, yəqin ki, “hiylə, məkr” mənasında işlədir. Bu mə­sələ, yəni hiylə, məkr məsələsi soyqırım xatirələrində öz əksini necə tapır? Xatirələrdə namərdcəsinə hiylə işlətmək qətiyyətlə pislənir. Məsələn, ermənilərin azərbaycanlı qaçaqları dilə tutub öz evlərinə qonaq çağırması və gecə erməni qadınlarının xəlvətcə qaçaqlar yatan otağa girib silahları götürməsi və bundan sonra silahsız qaçaqların öldürülməsi pislənən namərdcəsinə hiyləgərlik süjetlərindəndir. Belə süjetlərdə daşnak namərdliyini pisləməklə yanaşı, heç şübhəsiz, müsəlmanı ayıq-sayıq və tədbirli olmağa çağırmaq motivi də var. Xalqın təsəvvüründə yenilməzlik, ideal qəhrəmanlıq bir tərəfdən iti qılınca bağlıdırsa, bir tərəfdən də iti ağıla bağlıdır. Məhz bu təsəvvürün səciyyəvi ifadəsidir ki, Andra­nikə qulaqburması verən Paşa bəylər, Sultan bəylər xatirələrdə həm qorxmaz, həm də tədbirli adamlar kimi təqdim olunur. Na­mərdləri, nökər xislətli adamları, yalnız öz xeyrini güdən kölgə­sizləri pisləyən xalq daşnak məkri qarşısında dayanmaqda öz ümi­dini dərin zəkalı, cəsarətli və ləyaqətli adamlara bağlayır. Be­lə adamların yetişməsi üçün ən mühüm şərt, əlbəttə, müstəqil dövlətin olmasıdır. 1918-20-ci illərdə fəaliyyət göstərən müstəqil Azərbaycan dövləti Fövqəladə İstintaq Komissiyası yaradıb və daşnakların azərbaycanlılara qarşı törətdiyi 1918-ci il soyqırımına siyasi qiymət verməyə çalışıb. Yarımçıq qalan bu işi bugünkü Azərbaycan Respublikası həyata keçirib. Azərbaycan Respub­lika­sının Prezidenti 1998-ci ildə Soyqırım haqqında xüsusi fərman imzalayıb; 31 mart azərbaycanlıların Soyqırımı Günü, 26 fevral Xocalı Soyqırımı günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti qarşımızda iki mühüm vəzifənin durduğunu bildirib: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırıma məruz qalmaları haqqında həqiqətləri dünya ictimaiy­yətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin yerinə yetirilməsi ləyaqətli övladlar bö­yütməkdən, milli ruhlu vətəndaş yetişdirməkdən çox asılıdır. Bu yolda Allah hamımıza yar olsun! Konfransın da işi avand olsun!


  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə