AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu




Yüklə 3.43 Mb.
səhifə15/19
tarix22.02.2016
ölçüsü3.43 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

q/ Atla əlaqədar inam, sınama, etiqad atalar sözləri

burada daha çox elimzin- ulusumuzun adət-ənənəsini, mənliyi, xarakteri və məişətini, ümumən xalqımızın özünü səciyyələndirən, rəmzi mənada ellərimizi təqdim edən, uzun, uzaq yüz illər boyu uca tutulan və bu gün də adət-ənənə , etiqad və inamlarımızı qoruyub saxlayan maddi və mənəvi mədəniyyət leksikası barədə ümumiləşdirici söz demək istərdik. Kişilərin /dissertasiyanın əvvəlki fəsillərində dediyimiz kimi, müxtəlif dövrlərdə azərbaycanlı kişilər başlarına papaq, börk, təsək, araqçın, başlıq, sarıq, əmmamə və s. qoymuşlar/ baş geyimi ilə əlaqədar şərqdə, xüsusilə azərbaycanda bir çox maraqlı deyimlər, atalar sözləri, habelə rəğbətamz, qiymətli rəvayətlər var. Xalq yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» kitabının /Bakı: Gənclik- 1968/ üz qabığında üç təsvir verilmişditr: at, qadın-ana və ananın əlində papaq. Bunların hər biri ayrılıqda və elə birgə götürülərsə də, Azərbaycan xalqı içərisində bu gün də yaşayan, rəmzi məna daşıyan qədim milli adət və ənənələrimizi açıqlayır. Papaq kişilik, qeyrət, namus mücəssəməsidir. Kişiliyin, igidliyin, ərliyin- ərənliyin atributlarındandır. At igidin- dəlinin ən sadiq dostudur, dalı- arxasıdır, atsız igid igidlikdən düşər, gücsüzləşər, at onu yenilməz edən ən vacib şərtlərdəndir. Ata məbəbbət, ata müsbət münasibət daha qədimlərə gedib çıxır. Ər igid, dəli-dolu ərənlər folkllorumuzda təsvir olunarkən adətən at belində ağ, yaxud boz atın belində təqdim olunmuşdur. Bu, bir tərəfdən insanın yaranışından heyvanlarla ünsiyyətini onları ram etməsi, əhliləşdirməsi ilə bağlıdırsa, digər tərəfdən təbiətdə ən güclü və yenilməz yaradılış olan insanın böyüklüyünü, bütövlüyünü, tamlığını, onun qollu-budaqlı, köklü-köməcli olmasını göstərir. At həmçinin onqondur. Ata bugünkü xoş, rəğbətli münasibətin kökləri çox dərindir. Deyirlər ki, yuxuda at görmək /özü də ağ at g.rmək/ muraddır, arzuya, istəyə qovuşmaqdır. Atla bağlı bir çox el-oba deyimləri, kəlamları söylənilib:

İgid odur atdan düşüb atlana

İgid odur hər əzaba qatlana!

At ayağı külək olar, ozan dili yüyrək.

***

At izi it izinə qarışmaz,

At igidin yoldaşıdır.

At, övrət /arvad/ igidin iqbalıdır!

At kimindir? – Minənin!

At minəndə vərəm olmaz,

At ölər, meydan qalar,

İgid ölər ad-san qalar.

Ata dost kimi bax,

Düşmən kimi çap.

Ata güc, adama ağıl lazımdır.

İgid ya tər atda, ya da yer altda.

İgidi yaxşı saxlar, yaxşı arvad, yaxşı at!

Atı birində bəslə,

İkisində gözlə,

Üçündə min,

Dördündə oldu at, olmadı sat!

Atın qisməti doqquzdur,

Birinci yeyər,

Səkkizinci sahibinə verər…

Atla igidin dükanı olmaz

Köhlən at yeriyəndə toz qopar.

At qəhrəmanı mənzil başına tez çatdırdığı kimi, qəhrəmanın görəcəyi işi, göstərəcəyi şücaəti tezləşdirdiyi kimi, igidə həyan, qoluna qüvvət, dizinə taqət olduğu kimi, həm də vəfalı dostdur, etibarlı qardaşdır. «Koroğlu» dastanında belə bir yer var: «Koroğlu» baxdı ki, Həmzə at minməkdə çox naşıdı. Yüyəni qorxudan elə dartır ki, dəhnə az qalır atın cövcələrini kəssin. Koroğlunun ürəyi tablamadı. Dedi:

Canım Həmzə, gözüm Həmzə,

Həmzə, incitmə Qıratı!

Budu sənə sözüm Həmzə,

Həmzə, incitmə Qıratı!

Qıratdı mənim dirəyim,

Əriyər, qalmaz ürəyim,

Sən olasan duz-çörəyim

Həmzə, incitmə Qıratı!

Qırat mənim iki gözüm,

Belə dərdə necə dözüm?

Həmzə, sənə budu sözüm,

Oğul, incitmə Qıratı!

Eşidər paşalar, bəylər,

Şadlıq xəbərini söylər,

Koroğlu iltitmas eylər,

Bala, incitmə Qıratı!

/»Koroğlu». B., Gənclik, 1982, s.122/

Koroğlu kimi bir igidin Qıratının keçirdiyi ağrı üçün belə narahat olması, əgər ən ağır dəqiqələri olarkən, hətta ölüm saatında da heç kəsə yalvarmadığını /əgər belə bir an yetişirsə, belə anlar isə Koroğlunun həyatında çox olub,o, igidliklə bu vəziyyətlərdən çıxıb/ nəzərə alsaq, onun ata məhəbbətinin nəhayətsizliyi, onun sadiq dost, qardaş kimi atının halına acıması, Həmzə kimi bir hiyləgərə, bicə, kəmfürsətə iltimas eləməsi Koroğlunun şəxsində Azərbaycan xalqının ata bəslədiyi hörməti, ona səcdə etməsi bir daha aydınlaşır.

Dastanın başqa bir yerindən aşağıdakı parçanı verməklə dediklərimizi daha əyani şəkildə tamamlaya bilərik.

Koroğlu dedi: Həmzə, indi ki, belə oldu, apar get, muradına çat! Ancaq mən gəlincə, atı yaxşı saxla! Qoyma incitsinlər. Sən ki, bilirsən. At ki, var igidin qardaşıdır. Bu sözdə Koroğlunun ürəyi kövrəldi. Sazı yenə də döşünə basdı, dedi:

Həmzə, atı yaxşı saxla!

At igidin qardaşıdı.

Gündə muğayat olub, yoxla!

At igidin qardaşıdı.

Yay olanda dağa yollat!

Yaz olanda ifçin nallat!

Qış ollanda məxmər çullat!

At igidin qardaşıdı.

Atı sevib, bəslə körpə,

Hayqıranda çıxsın spa

Hər deyəndə qırx tas arpa,

At igidin qardaşıdı

Uzaq-uzaq yollarınan,

Beli ipək çullarınan

Hoqqa yarım nallarınan,

At igidin qardaşıdı.

Sərin- sərin yu suyunan

Quyruğun bağla muyunan

Qoç Koroğlu çox öyünən

At igidin qardaşıdı.

/ «Koroğlu»/

Bəllidir ki, atçılıq Azərbaycan xalqının məişətində uzun əsrlər boyu böyük rol oynamışdır. Əlbəttə, bu dövrlər idi ki, bütün dünya xalqlarının həyat və məişətində nəqliyyat. Minik vasitəsi kimi ancaq canlı heyvanlardan /dəvə, fil, öküz, at, eşşək, qatır və s./ istifadə olunurdu. Etnoqrafların –tarixçilərin məlumatlarına görə atçılığın tarixi eramızdan beş min il əvvələ gedib çıxır. Əlbəttə, sənaye, elmi-texnik inqilab, kosmos, atom əsri, hərb-müharibələr əsri kimi tarixə düşən XX yüz ildə atçılıq tənəzzülə doğru gedir / Bu etitraf ürək ağrıdan da olsa etirafdır, çılpaq həqiqətdir/. Biz bu sözlərlə elmi-texniki inkişafın, kəşf­lərin əleyhinə çıxmırıq, sadəcə olaraq cəngavərlik, igidlik kimi keyfiyyətləri fiziki cəhətdən göstərmək üçün imkanlar aradan çıxır. Ancaq təsəlli yerimiz odur ki, hazırda Azərbaycanın bir kəndi yoxdur ki, orada atdan minik və qoşqu vasitəsi kimi istifadə olunmasın, hətta dağlıq yerlərimizdə at ilxıları bu cün də saxlanılır.Məsələn, Ağdam atçılıq zavodunu nümunə gətir­mək olar. Buradakı cins atların sorağı dünyann bir çox ölkələrindən gəlir. Ata olan inam, məhəbbət hissi bu gün də ellərimizin arasında yaşayır. Xalqımız öz deyimlərində, atalar sözlərində, rəvayətlərində bu hissi yaşadır. Nəsildən-nəslə verir. İrəlidə gətirdiyimiz folklor nümunələri də dediklərimizi təsdiq edir. Necə ki, Azərbaycan xalqı var, bu hisslər də olacaq. Şair S.Rüstəmxanlının «Azərbaycan» jurnalında /1988, №2, s.146-186/ dərc etdirdiyi «Ömür kitabı» adlı publisist əsərində /»Qayıdıram Araz boyu» hissəsi, s.180183/ atla bağlı çox maraqlı sətirlərlə qarşılaşırıq: «At anlayışı Azərbaycan mənə­viyyatı və məişətinin ayrılmaz hissəsidir. Qarabağ atı, Dilboz at… növbənöv adlar daşımış Azərbaycan atları! Deyirlər atı ilk dəfə türkdilli xalqların ulu babaları əhliləşdirib, ilk təkərli arabaları düzəldən və ildırım kimi atlara qoşulmuş belə arabalarda ilk dəfə çapanlar da bizim babalarımız olub. Müxtəlif kitablardan oxuduğum bu fikirlərin tarixi həqiqətə uyğunluğu kimdə şübhə doğurursa, qoy tarixçiləri qınasın. Mən isə uşaqlıq yoldaşım olan ata öz borcumu qaytarmaq istəyirəm» /s.180/.

Azərbaycan xalqının müxtəlif dövrlərdə məişətində böyük bir mövqe tutan, xalqın söz sənətində, ədəbi-bədii abidələrində məhəbbətlə bəhs olunmuş atlar barədə S.Rüstəmxanlı səciyyəvi faktlar, məlumatlar, rəvayətlər və adətlərdən nümunələr gətirir. Bir yerdə isə müəllifin bu cümlələrinə münasibətimizi bildirməyə ehtiyac duyuruq. O yazır: «Bəlkə də ömürləri at üstündə keçdiyinə görə oğuz sərkərdələrinin və qəhrəmanlarının ömrü çox qısa idi. Şöhrəti dünyanı tutmuş sərkərdələrin, hökmdarların yaşını xatırlayın: otuz, qırx…Bundan artıq yaşayanına çox az rast gəlmək olar!...»

Nədənsə bu qənaəti, bu gümanı el- oba arasında atla bağlı eşitdiyim söz-söhbətlər bir o qədər də təsdiq etmədi, doğrult­madı. Azərbaycan etnoqrafiyasına aid bir çox kitabların müəllifi Azərb. EA-nın müxbir üzvü Teymur Bünyadovun atla. atçılıqla bağlı yazdığı bəzi sətirləri nəzərinizə çatdırmağı lazım bilirik. T.Bünyadov göstərir ki, Azərbaycanda atçılığın tarixi beş min ildən çoxdur. Bu fikri söyləməkdə Qobustanda müxtəlif vəziyyət və quruluşda çoxlu rəsmlər təsviri müstəsna rola malikdir. Atların əksəriyyəti çılpaq təsvir edilmişdir.Lakin yüyənli at təsvirləri də nəzəri cəlb edir. Hətta bəzi təsvirlərdə yəhəri xatırladan naxışlar da vardır. Əsas minik nəqliyyatı olan atlardan uzaq mənzilə gedəndə, yaxın yerə tez çatanda və xüsusilə ovçuluqda geniş istifadə edildiyini təsvirlərdən oxumaq olar! Əlbəttə, Qobustan dövlət muzey-qoruğunda olub oradakı daş abidələri diqqətlə müşahidə etmiş kəslər insan təsvirlərini, «Yallı» rəqsini, eləcə də müxtəlif ov heyvanları, gəmi təsvirləri ilə yanaşı at təsvirlərini də görməmiş olmazlar. T.Bünyadov «Qızıl qaya» kitabında at barədə el ağsaqqallarının dili belə yazır: «Ağır oturan, ağır danışan babalar/ İncə dərəsinin babaları- İ.M./ söhbətə belə başladılar…Ömrümüz, günümüz açıq havada, alaçıqda keçib. Soyuqda yun, istidə pambıq geyinmişik, çölləmə həyat sürmüşük. Müdam at belində sürü, naxır dalında olmuşuq. Yazda yaylaqda, qışda qışlaqda. At ayrı möcüzədi, həm təbibdi, həm məlhəm. At insanı cavan saxlar, həvəsli edər. At minənin nə başı ağrıyar, nə dişi!

Atla bağlı, onun təbiəti və xasiyyəti ilə əlaqədar ellərimizin içərisində bir çox etnoqrafik folkloramiz sözlər-söhbətlər, kəlmələr dolaşmaqdadır.

Camaat arasında deyərlər ki, atı atın yanına bağla­san, həmrəng olmasa da, həmxasiyyət olar. Yaxud da bu cür deyərlər: Atı atın yanına bağlayanda xoyunu götürməsə də, xasiyyətini götürər. Belə də söyləyiblər ki, xasiyyətinə bələd olmadığın ata minmə. Xasiyyətini bilmədiyin atın arxasından keçmə, atlını atdan salmaq».1 Atla, atçılıqla bağlı dilimizdə bol-bol sözlər, terminlər işlənir: qulun, dayça, daylaq, ürgə, bir illik boz ürgə, ayqır, madyan, köhlən, kəhər at, bədoy at, ərəb at, boz at, ağ at, boynu uzun bədoy at. Löhrəm yeriş, dördəm yeriş, yorğa, yortmaq, yorğa-yorğa sürmək, yorğalatmaq, yorğalamaq /məcazi mənada insana aid edilir/, yan-çidar eləmək, kürən at, dördnala çapmaq.

Haşiyə. Tarixi keçmişimizdə çox ağır, məşəqqətli anlar, gün­lər olub. Bu ağır, çətin, faciəli günləri insanlarla bərabər hey­vanlar da görüb, qurban gediblər. Burada yazıçı Manaf Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kita­bından aşağıdakı sətirləri gətirmək ibrətlidir: «İngilislər hələ neçə gün əvvəl bankları, şəhərin var- sərvətini qarət edib gəmilərə daşıyaraq İrana göndərmişdilər. İndi mədən, zavod cihazları və avadanlığı aparırdılar. Hündür, yekə şotland qatırlarını və atları yükləməyə gəmilərdə yer yox idi. Düşmənə qənimət qalmasın deyə İmamverdi körpüsünün yaxınlığında, Bəhriyyə məktəbi qabağındakı meydanda ingilis zabitləri heyvanları güllələməyə başlayırlar. Adamlar kənarda dayanıb ürək ağrısı ilə bu vəhşiliyə baxırdı. Dəhşətə gəlib ağlayanlar da vardı. Ölümü sövq-təbii duyan qatır və atların da gözlərindən yaş axırdı, aman, imdad istəyirmiş kimi elə kişnəyir, elə əsirdilər, adam dəhəşətə gəlirdi, atların arasında üç-dörd yaşar bir kürən diqqəti xüsusilə cəlb edirdi. Cavan bir oğlan qabağa cumub ingilis zabitinə yalvarmağa başladı ki, bu atı öldürmə, ver mənə. Zabit yanındakı daha yüksək rütbəli zabitlə öz dillərində nəsə danışdısa, ikisi də birdən güldü və yalınqat kürən atın yüyənini oğlana uzatdı. Zabitlər bir- birinə təəccüblə baxıb nə isə danışdılar…

Oğlan atı hər gün dəniz kənarına aparıb yuyurdu. Türklər şəhəri tutandan sonra bir dəfə dənizdən qayıdanda, türk zabiti qabağını kəsib deyir: «Yavrum, en görəyim, Bakalım, şu yabı nə biçim şey. Yarın öyle vaxtı, babanla bərabər komendantlığa gələrsiz». Nə komendatlığa getdilər, nə də oğlan o atı, sevdiyi kürəni bir daha görə bildi».1

Yazıçı Manaf Süleymanovun bu sətirlərini oxuduqca Azər­bay­can xalqının tarix boyu düçar olduğu məşəqqətlər, yadel­lilərin basqınları, soyğunçuluğu, gözlərimiz önündən kino lenti kimi gəlib keçir. Eyni zamanda vətən övladlarının başlarına gələn faciələrlə yanaşı, el-obamızın dağı-daşı, torpağı, suyu və ümumən təbiətinə uzun əsrlər boyu yaralar vurulmuş öz dövrü üçün ən qiymətli minik, yük və qoşqu vasitəsi olan atlarımız, ilxılarımız, mal-qaramız ən yaxşı halda sürülüb yadellilər tə­rəfindən qənimət kimi aparılmış, aparılmaq imkanı olmayanda qoşunların ayaqları altında tapdalanmış, qılıncdan keçirilmiş, yaxud güllələnmişdir. M.Süleymanovun romanından da oxu­duğumuz /və həqiqətən, tarixən belə olmuşdur/ kimi xal­qı­mızın ata olan sevgisi, hörməti, ürəyiyananlığı ingilis zabitlərini heyrətə gətirmiş və onlar cavan oğlanın xahişi ilə kürən atı ona vermişdilər. «Azərbaycan dilinin izahlı lüğəti»ndə at sözü ilə bağlı işlənən bir çox birləşmələr, adət-ənənə baxımından qiy­mətli olan sözlər də verilir. At anlayışı ilə əlaqədar sözlərin mənzərəsini canlandırmaq, eləcə də etnoqrafik mahiyyətli məlumatları bütövlükdə çatdırmaq məqsədilə müəyyən sözlər barədəki sətirləri olduğu kimi nümunə gətiririk:

At, is. I Qoşulan və minilən ev heyvanı. Kəhər at. Atı yəhərləmək. At kişnəməsi. At nalı- at təpiyinə at dözər /atalar sözü/ At çapmaq// at qovmaq, at sürməklə yarışmaq. Yan atı-arabada və s.də həmişə yana qoşulan at. Yedək atı- ehtiyat üçün yanda aparılan at. Minik atı- ancaq minmək üçün saxlanılan at. Orta atı- arabada ortaya qoşulan at. Cıdır atı- at yarışında iştirak etmək üçün saxlanılan at.

2. Uşaqların at kimi mindikləri ağac və s. At başı salmaq – münasibətsiz və yersiz müdaxilə etmək: at gücü /tex./ - mühərrikin qüvvəsini ölçmək üçün ölçü vahidi /saniyədə 75 kq-m/. At oynatmaq- I/ At minib hünər göstərmək, at minməkdə məharət, igidlik göstərmək. 2/ məc. meydanı boş görmək, meydan oxumaq. Meydana at salmaq- söhbət zamanı ortalığa, mətləbə dəxli olmayan söz salmaq /ADİL, Ic., 136-137/.

Azərbaycanın müxtəlif bölgələrində atla, atçılıqla bağlı işlənən qeydə aldıqlarımız atalar sözü və deyimləri də nümunə gətiririk:

Atın qarası, başın balası.

Alma kürən, satma kürən.

At yanında oturan at xasiyyəti götürər, it yanında it… Alnında qoşa buruq olan at ildə yiyəsini iki dəfə öldürməyə qəsd edər. At təpiyinə at dözər /At təpiyi adama dəyəndə adam ölür/. At canavarı yaxına buraxır, çataçatda təpiklə vurub öldürür. Ancaq bəzən elə olur ki, canavarın bici atı qovur, yıxılanda boğub öldürür. Kor atın kor nalbəndi olar // axsaq atın kor nəlbəndi olar. Atı üçündə yoxla, dördündə saxla, altısında oldu at, olmadı sat. At onunda olar, donunda olar/ əsl at olar/.

Azərbaycan dilinin lüğət tərkibində işlənən, habelə müxtəlif bölgə və mahallarımızda canlı danışıqda, şivələrimizdə təsadüf edilən aşağıda göstərdiyimiz söz, ifadə, müxtəlif birləşmə və cümlələri də etnoqrafik baxımdan maraqlı hesab etmək olar:

I. Folklorumuzda daha çox müraciət olunan 3, 7, 40, 100, 1001, 7777 sayları.

2. Qazan asmaq, sac asmaq, qaynar /paltar/ asmaq, xörək asmaq, bozbaş asmaq /müq.et: Aşpaz bozbaş asar o başda, bu başda/, aş asmaq, dovğa asmaq, ət asmaq…

3. Qız almaq, arvad almaq, dul almaq, əsil almaq /əsil al çirkin olsun, bədəsil gözəl alma/;

4. Od qiymətinə, qanı qiymətinə, su qiymətinə, atasının //dədəsinin qiymətinə/ Dədəsinin qiymətini qoyur belinə/;

5. Sarıbaşlılar – ələmətlər /hər şeyə heyrətlənənlər/, ilisulular- adaşlar /qardaşlar/, ənbərçaylılar- inkevedililər / özlərini qanun­pərəst kimi aparırlar/, qaşqaçaylılar – qadaşlar /qardaşlar/, ləkitlilər- törəməmişlər /bir- birindən yazırlar, yaxşı olar ki, heç yaranmayaydılar/, zərnəlilər – iki əlnən dolananlar /zəh­mət­keşdirlər/, Tasmallılar, zəyəmlilər- dönmələr, qaxmuğallılar- qan qurtaranlar/ qan- dördayaq meşədən ağac kəsib qan- dördayaq düzəldirlərmiş/, Qum camaatı- qırğına camaatı /müxtəliv: azərbaycanlı, ləzgi, saxur millətlərinin qarışığı/, Qaxmuğallar Qıqçaqlılar- monqollaro, almalılar- tərəkəmələr…/sarıbaş, İlisu, Qum, Almalı- Qax rayonunda kənd adlarıdır/.

6. Arıxlıynan kirvə olma. Darvazdıynan samı yonma, kəpə­nəkçiyi qapıya qoyma.

7. Bakılılar cüt-cüt danışır. Deyir: Onu biz danışmırıq, kətdü-kütdü danışır.

Bakılı cüt danışar,

Şəkili- qaş- gözlə.

Dərbəndli – kəllə ilə.

Belə bir cəhətə diqqət yetirək ki, etnoqrafik mahiyyətli, xalqımızın milli xarakteri, mənəviyyatı, adət- ənənələrini səciyyələndirən bütün frazeoloji birləşmələri, qanadlı sözləri toplayıb təsnif etmək, açıqlamaq Azərbaycan etnolinqvistika elminin qarşısında durur. Aşağıda göstərdiyimiz bir silsilə ismi və feli frazeoloji birləşmələr bu qəbildəndir: lornan şora fərq qoymur; ağlamayan uşağa süd verməzlər; aldım qoz, satdım qoz; Bariağında üzük gəzdirən bir qız, qabırğasında damğa gəzdirən bir öküz; baxtını qozda sına, birəni nallamaq; qabağına qoz qoymaq, qazan yetimi,qaragünlüyü qablaşdırmaq; quyruqlu ulduz; dan atmaq, daşını atmaq /əvvəllər arvad boşamaq anlamında işlənmişdir/; daşını daş üstə qoymamaq. Div qurbağaya aşiq olub; Duza getmək, ev tikmək, ilanboğan vaxtı; ipinin üstünə odun yığmaq olmaz; İpini çəkmək, ayağını bağlamaq /kəndirləmək/. Yeddi arxa dönən, Yeyib halvanı, minib eşşəyi; Yel baba, yerə girəsən, yiyəsi ölmüş, keçiləri dağılmaq, kəkliyi azmaq, köynək yaxasından keçirmək, köynəkdən keçirmək /adət: övladlığa götürmək/, gözdən əski asmaq, göz yağı /yemək/; gözünə torpaq /kül/ atmaq /dəfn zamanı/; gözünün qurdunu öldürmək; göyün yeddinci qatında, gönü suya vermək, laqqırtı vurmaq. Mərənd ölüsü, Mazandaran çaqqalı, Misri qılınc, Nahaq qan yerdə qalmaz; Nə dəvənin südü, nə ərəbin üzü. Novruz dərdi / danışıqda – Leyli- Məcnundurlar/ bir- birini dəlicəsinə sevmək haqqında/.

Nümunə gətirdiyimiz bu dil faktlarının əksəriyyəti barədə M.Adilova /»Qanadlı sözlər» kitabı/ mənbələr əsasında şərhlər vermiş, mülahizələr söyləmişdir. Zənnimizcə, «Bundan Fatıya tuman olmaz», «Başım başına, başmağım ayağına» /Başı da onun, başmağı da» variantı da işlənir /, «Başını orda islat, burda qırxdır», «Çörəkbasdılıq etmək», «Qırx eşşəyi sağına gəlir», «Di gəl, koru körpüdən keçirt». «Ayağı ipdədir», «İşin xatirinə ayıya dayı deyir», «Ölüm gözlə qaş arasındadır», «Xoruz olmasa, sabah açılmır?», «Yük əyilməzsə, daş qəribliyə düşməz /Yük əyiləndə daş qəribliyə düşər/ və b. kimi Azərbaycan türklərinin təfəkkürünün məhsulu olan onlarca, yüzlərcə deyimlər, atalar sözləri və zərbi- məsəllərin etnoqrafik anlamını müəyyənləşdirmək, şərh etmək dilçi tədqiqatçıların şərəfli vəzifələrindəndir.

Araşdırmamızın sonunda onu da göstərməyi bir daha vacib bildik ki, frazeoloji birləşmələrin etnoqrafik anlamda müstəsna mövqeyi, əhəmiyyəti var. /Ana dilimizdəki alqış və qarğışların milli təfəkkürümüzün, etnoqrafiyamızın ən kamil məhsulları və faktlarının da tədqiqi ən təxirəsalınmaz elmi problemdir/. Onların təkcə dil- nitq faktı kimi deyil, habelə etnoqrafik mahiyyətli anlayışlar kimi də tədqiqinə ehtiyac böyükdür. Təsadüfi deyil ki, irəlidə də göstərdiyimiz kimi, M.İ.Adilovun çoxsahəli tədqiqatlarında bu mövzuya geniş yer ayrılmışdır. 1 Əlbəttə, o da şəksizdir ki, tarixi frazeologiya mövzusunun öyrənilməsi gələcək araşdırıcısını gözləyir. Monoqrafiyamızın mövzusu, tədqiqatımızın məqsədi və həcmi səbəbinə görə bu xüsusda ötəri qeydlərlə kifayətləndik.



N Ə T İ C Ə
Azərbaycan ərazisində ilk yaşayış izlərinin olması, xalqı­mızın məişəti, həyat tərzi, təsərrüfatı, fəaliiyət sahələrinin və peşə, sənət, məşğuliyyət növlərinin çoxluğu, habelə mənəvi mədəniyyət sarıdan /adət- ənənələr, mərasimlər, oyunlar, ümumən folklor, din və s./ da zənginlik və yetkinlik etnoqrafiya ilə bağlı yüzlərcə söz, termin və frazeoloji birləşmə yaratmışdır. Şübhəsiz ki, bu leksik materialın gələcəkdə etnolinqvistik araşdırmaların aparılmasında və Azərbaycan dilinin, ümumən isə türk dillərinin izahlı etnoqrafik və etnolinqvistik lüğətlərinin, sözlüyünün hazırlanmasında və tərtibində müəyyən köməyi olacaqdır.

Etnoqrafik leksikanın maddi və mənəvi mədəniyyətimizi əks etdirən bəzi tematik qruplarının – yemək, geyim, ev əşyalarının adları, oyun adları, xalq təbabəti leksikası, toy, yas mərasimlərinə aid sözlər, bəzi adət- ənənələrimizi ifadə edən sözlər. Mifoloji və dini sözlərin tədqiqi göstərdi ki, Azərbaycan dilinin lüğət tərkibində bu qədim leksik təbəqə əhəmiyyətli yer tutur və ana dilimizin milli sözlərinin mövqeyi burada daha qabarıq nəzərə çarpır.

Etnoqrafik söz və terminlər mənşə mənsubluğuna görə fərqlənir. Təbiidir ki, bu tematik söz qruplarına aid leksikanın tərkibində əsas yeri xalis Azərbaycan- türk sözləri tutur. Lakin maddi və mənəvi mədəniyyət leksikasında tarixən əsasən / orta əsrlərdə/ ərəb, fars, XIX yüz ildən üzü bəri bu günümüzə qədər rus, ingilis, alman, fransız, yunan və b. dillərə məxsus termin və terminoloji birləşmələr də müşahidə olunur. Səciyyəvi haldır ki, tarixən bir qonşu və uzaq xalqların Azərbaycan və başqa türk xalqları ilə müxtəlif əlaqə və münasibətlər, siyasi, iqtisadi, ticarət, təsərrüfat, mədəni- ədəbi əməkdaşlıq və b. əlaqələri, amillər nəticəsində / bunu türk xalqlarının tarixcə qədim olan maddi və mənəvi mədəniyyət sahələri, təsərrüfat, peşə və sənət növləri şərtləndirir/ bir çox başqa dünya dillərinə / fars, ərəb, rus, ləzgi, erməni, gürcü, alman, ingilis və b. dillərə/ türkmənşəli məişətlə, maddi- mədəniyyətlə bağlı sözlər, deyimlər tarixən də keçmişdir və bu gün də həmin proses davam etməkdədir/ Bu faktı müxtəlif dillərin etimoloji və tarixi lüğətləri, mənbələr də təsdiq edir/.

Azərbaycan dilinin etnoqrafik leksikasının başqa türk dilləri ilə, habelə qohum olmayan dillərin materialları ilə müqayisəsi də bəzi maraqlı faktarı, paralelləri aşkara çıxartdı /ayran, qurut, nazik, plov, fətir, şülən, külçə və s./. Etnoqrafik leksika əsasında türk dillərinin materialları ilə aparılan müqayisələr göstərdi ki, türk dilləri arasında maddi mədəniyyət leksikasında /yemək, geyim, qab-qacaq adları və s./, habelə mənəvi mədəniyyət leksikasında /toy, yas mərasim və oyun adları, mifoloji leksika və s./ ümumi, müştərək cəhətlər, leksik paralellər çoxdur/ yaylıq. Aş, qurut, ayran, nazik, plov. Fətir// pətir, şülən külçə, kaftan, arxalıq, çuxa, buxara papaq və s./. Tədqiqatdan belə bir qənaət hasil olur ki, başqa türk xalqlarının məişəti üçün səciyyəvi olan yemək, geyim, mərasimlərin və s.-nin yeri gəldikcə müqayisəyə cəlb olunması onların arasında olan maddi və mənəvi mədə­niyyətcə müştərəkliyi, yaxınlığı /bəzən də fərqləri/ açıb gös­tərməyə, sübut eiməyə imkan vermişdir.

Tədqiqat Azərbaycan dilinin daxili imkanları hesabına etnoqrafik leksika əsasında söz yaradıcılığında /xüsusən morfoloji və sintaktik üsulla söz yaratma/ həmin tematik qrupun fəallığı və məhsuldarlığını da aşkar etmişdir. Ümumiyyətlə, et­noqrafik sözlər ana dilimizin söz yaradıcılığında ən geniş, müraciət olunan və bu prosesdə məhsuldar və fəal iştirak edən zəngin tematik qrupdur.

Bir çox başqa etnoqrafik keyfiyyətlər kimi, yemək və geyimlər maddi mədəniyyətin növləri olmaqla xalqımızı səciyyələndirən, fərqləndirən, milli cəhətdən sonrakı yüzilliklərə çatdıran vacib etnoqrafik faktlardır. Təbiidir ki, bu vacib etnoq­rafik faktları ifadə edən sözlər də dilimizin lüğət tərkibində ən milli lüğəvi vahidlər kimi diqqətimizi cəlb etmişdir.

Belə bir mühüm cəhəti də qeyd edək ki, müasir dövrümüzdə milli özünüdərklə, milli oyanışla, mütərəqqi adət- ənənələrə hörmət və ehtiramla bağlı soykökə qayıtma müşahidə olunur. Bu sözləri qədim milli geyimlərə rəğbət hissinin güclənməsi, milli mətbəxə daha çox fikr verilməsi, habelə, bəzi qədim peşə və sənətlərin yenidən dirçəldilməsi və s. barədə söyləmək olar. Təbiidir ki, bunun səbəbinə bir çox köhnəlmiş sözlər yenə də dilin lüğət fondunda fəal işlənmə mövqeyini bərpa etmiş olur / kəlağayı, çarıq, başmaq, şal, çəkmə və b. kimi geyim adları, milli oyun adları, dinlə, adət və ayinlərlə bağlı sözlər- orucluq, iftar açmaq, Qurban bayramı, Ramazan bayramı, Şeyx, Şeyxülislam və s./.

Etnoqrafik leksika klassik ədəbiyyatımızda, folklorda, ayrı- ayrı mənbələrdə həm nominativ mənada, həm də üslubi fakt kimi işlənmişdir. Bədii dilimizin lüğətində ən zəngin və milli sözlər kimi özünü göstərmişdir, bu proses indi də davam etdirilir.

Sinonimlər leksik- semantik söz qrupları içərisində ən zəngin kateqoriya olduğundan etnoqrafizmlər də sinonimlik yarat­maqda fərqlənir.

Etnoqrafik leksikanın norma baxımından da tədqiqi göstərli ki, leksik, orfoqrafik, morfoloji normalaşma cəhətindən bu tematik söz qruplarının öyrənilməsi vacibdir.

Nəhayət, etnoqrafik söz və terminlər, orfoqrafiya, izahlı, etnoqrafik, dialektoloji, tarixi, etimoloji, frazeoloji və habelə ikidilli tərcümə lüğətlərinin tərtibində ən qiymətli maddi baza kimi də təqdirəlayiqdir.

1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə