AZƏrbaycan coğrafiyasi




Yüklə 329.25 Kb.
səhifə4/4
tarix23.02.2016
ölçüsü329.25 Kb.
1   2   3   4

TORPAQ VƏ BİTKİ ÖRTÜYÜ

PLAN:

1. Azərbaycanda yayılmış əsas torpaq tipləri.

2. Dağ və düzənlik torpaqları.

3. Azərbaycanda yayılmış relikt və endemik bitkilər.

4. Torpaq və bitki örtüyünün əhəmiyyəti.

Fiziki-coğrafi amillərin qarşılıqlı təsiri nəticəsində yaranan torpaq qatı uzun sürən təbii proseslərin məhsuludur.

Azərbaycanın çox müxtəlif və zəngin torpaq örtüyünün və ehtiyatlarının öyrənilməsində məşhur torpaqşünas alimlərdən S.A.Zaxarovun, H.Ə.Əliyevin, V.R. Volobuyevin, M.Ə.Salayevim, K.Ə.Ələkbərovun və b.-nın böyük xidmətləri olmuşdur.

Təbii landşaftın başqa komponentləri kimi, dağlarda torpaq örtüyü də şaquli zonallıq qanununa uyğun olaraq dəyişilir. Düzənliklərdə dağların zirvələrinə doğru müxtəlif torpaq tipləri bir-birini əvəz edir.

İnsanlar torpaqıarı ən çox rəngləri ilə, bir də bitkilərlə (məsələn, çəmən, meşə və s.) adlandırılırlar və tiplərə ayırırlar. Respublikamızda qara, qonur, qəhvəyi, şabalıdı (boz-qəhvəyi), sarı, dağ-çəmən, dağ-meşə, çəmən-meşə və s. torpaq tipləri olması müəyyən edilmişdir.

Torpaqda üzvi maddələr, yəni bitki və orqanizm qalıqları nə qədər çox olarsa, onların rəngi də bir o qədər qara tünd olar. Qara torpaqlar humus adlanan çürüntü 10-12%, qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, çabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-ə qədər olur.

Göründüyü kimi, humusun miqdarı azaldıqca torpağın rəngi də dəyişir, tündlük azalır, açıq rəng artır.


Torpaq xəritəsi

1. Torflu dağ-çəmən. 2. Çimli dağ-çəmən. 3. Dağ-çəmən bozqır. 4. Qonur dağ-meşə. 5. Qəhvəyi dağ-meşə. 6. Sarı dağ-meşə və podzollaşmış sarı. 7. Dağ qara torpaqları. 8. Dağ tünd şabalıdı (tünd boz-qəhvəyi). 9. Şabalıdı və açıq şabalıdı (adi və açıq boz-qəhvəyi). 10. Boz-qonur. 11. Şorakətvari boz-qonur. 12. Boz-çəmən və çəmən-boz. 13. Çəmən-meşə (tuğay). 14. Bataqlıq çəmən. 15. Şoranlıqlar. 16. Allüvial-çəmən. 17. Qumluqlar.

Respublikamızda 1800-2000 m-dən yüksək olan sahələrdə dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Ölkə ərazisinin 15%-ə qədərini bu torpaqlar tutur. Dağ-çəmən torpaqlarının ibtidai, torflu, çimli, yumşaq çimli yarımtipləri vardır. Bitki qalıqlarının soyuq və rütubətli havada tədricən çürüdüyü sahələrdə nazik torflu torpaqlar, bitki köklərinin çox inkişaf etdiyi sahələrdə isə çimli torpaq qatı yaranır.



Dağ-meşə torpaqları dağ-çəmən torpaqlarından aşağıda, 700-2000 m mütləq yüksəklikdə meşə bitkiləri altında əmələ gəlmişdir. Dağ-meşə torpaqları çürüntü ilə zəngin olduğu üçün tünd-qonur rəngdədir.Rütubətsevən fıstıq və vələs meşələri altında qonur torpaqlar, iqlimin nisbətən quraq keçdiyi sahələrdə seyrək meşələr və kolluqlar altında qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir.Lənkəranın subtropik meşələrinin əsas torpaqları sarı torpaqlardır.

Meşə zonasında ot bitkiləri altında qara və çürüntülü karbonatlı torpaqlar, kollu-otlu sahələrdə isə boz-qəhvəyi torpaqlar əmələ gəlir.



Qonur dağ-meşə torpaqlarında humusun miqdarı 7-8%, qəhvəyi dağ-meşə torpaqlarında isə 10-12% təşkil edir.Bu torpaqlar qida elementləri ilə yaxşı təmin olunduğu üçün böyük təsərrüfat əhəmiyyətinə malikdir.

Dağ-meşə torpaqlarından aşağıda – 400-800 m mütləq yüksəkliklərdə mülayim-isti iqlimdə boz-qəhvəyi (şabalıdı) torpaqlar qurşağı yerləşir. Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində, Gəncə-Qazax düzündə, Acınohur-Ceyrançöl alçaqdağlığında bu torpaqlar 600 m-ə qədər mütləq yüksəklikdə, Naxçıvan MR-də 1000 m-dən də artıq yüksək sahələrdə yayılmışdır.

Respublikamızda bu torpaqların tünd (Böyük və Kiçik Qafqazın dağətəyi, Acınohur alçaqdağlığında) və açıq (Gəncə-Qazax, Qarabağ-Mil düzlərində) yarımtipləri var.Bu torpaqlar üzüm, günəbaxan, taxıl, tərəvəz bitkilərinin becərilməsi üçün əlverişlidir.

Dağ qaratorpaqları Böyük Qafqazın cənub-şərq yamaclarında (Şamaxı, İsmayıllı rayonları ərazisində), Kiçik Qafqazın şimal yamaclarında, xüsusilə Gədəbəy rayonunun ərazisində inkişaf etmişdir.Bu torpaqlar 700-800 m mütləq yüksəkliklərdən başlamış 1500-2000 m-ə qədər olan nisbətən hamar sahələrdə yayılmışdır.

Sarı torpaqlar rütubətli subtropik iqlim şəraitində Talış dağlarının ətəyində və Lənkəran ovalığında əmələ gəlmişdir.

Düzən torpaqları. Boz-qonur torpaqlar Qobustanda və Abşeron yarımadasında, Cənub-Şərqi Şirvanda və s. sahələrdə yayılmışdır.Onlar yarımsəhra və quru-çöl iqlimində əmələ gəlmiş və qida elementləri ilə zəif təmin olunmuşdur.Əsasən qış otlağı kimi istifadə olunur.

Şorakətli boz-qonur torpaqlar Abşeronun qərbində, Qobustanın cənubunda, Samur-sDəvəçi ovalığının cənub-şərqində inkişaf etmişdir.

Boz torpaqlar Kür-Araz ovalığında,Naxçıvan MR-də, əsasən efemer yarımsəhralarında geniş yer tutur.Fiziki-coğrafi şəraitdən asılı olaraq respublikamızda tünd-boz, adi-boz, ibtidai-boz və s. yarımtipləri inkişaf etmişdir.İsti quru iqlim şəraitində əmələ gəlmiş bu torpaqda üzvi maddələr azdır.

Boz-çəmən torpaqları Şirvan, Mil, Qarabağ və Muğan düzlərində geniş sahə tutur.Kanallar vasitəsilə (hansı kanallar?) suvarılan bu torpaqlarda pambıq, taxıl və bol meyvə yetişdirilir.

Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeron yarımadasında,Şərur, Ordubad düzənliklərində talalar şəklində rast gəlinir. Şoran torpaqların yaranması Azərbaycanın aran rayonlarında duzlu (yüksək minerallaşmış) qrunt sularının səthə yaxın yerləşməsi ilə əlaqədardır.

Planetimizin həyatında bitki örtüyü böyük rol oynayır. Təkcə onu demək kifayətdir ki, bitkilər daima günəş enerjisinin təsiri ilə yüksəkkalorili qida maddələrinə, müxtəlif yanacaq enerjisinə çevrilirlər. Bitkilər planetimizin yaşıl örtüyüdür, bəşəriyyətin əsas qida mənbələrindən biridir.

Dünyada təqribən 500 min. Qafqazda 6 min, Azərbaycan Respublikasında isə 4,3 minə qədər bitki növü vardır. Azərbaycanın bitki növləri dünya üzrə olan bitki növlərinin 0,84 %-ni, Qafqazın bitki növlərinin isə 66%-ni təşkil edir.



Bitki örtüyü

1. Subalp və alp çəmənləri. 2. Dağ fıstıq meşələri. 3. Dağ fıstıq və vələs-palıd meşələri. 4. Hirkan meşələri. 5. Ardıc-saqqızağacı seyrək meşələr. 6. Kolluqlar yerində mədəni və təkrar bitkilər. 7. Dağ kserofit bitkiləri. 8. Meşələrin və çəmənlərin yerində mədəni və təkrar bitkilər. 9. Yovşanlı-gəvənli yarımsəhralar. 10. Yovşanlı-şorangəli yarımsəhralar. 11. Yovşanlı və yovşanlı-şorangəli yarımsəhraların yerində mədəni və təkrar bitkilər. 12. Şorangəli və efemerli yarımsəhralar. 13. Düzən meşə və kolluqlar.

Respublikamızın bütün bitki növləri 125 fəsilədə və 930 bitki növləri cinsdə birləşmişdir ki, bu da Qafqazdakı fəsilələrin 80%-nə, cinslərin isə 72%-nə bərabərdir.

Dünyada yalnız Azərbaycan ərazisində bitən bitki (bunlar endemik bitkilər adlanır) növlərinin sayı 370-dən artıqdır. Endemik bitki növləri respublikamızın flora tərkibinin 9%-ə yaxınını təşkil edir. Naxçıvan MR və Talış dağlarındakı Zuvand çökəkliyi endemik bitkilərin çoxillik ot növləri ilə zəngindir.

Azərbaycan florası Üçüncü dövrün relikt (qalıq) bitkiləri ilə zəngindir. Onların əsas məskəni Talış dağları olsa da, bəzi növlərə respublikamızın digər sahələrində də rast gəlinir. Onlara dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, azat, qaraçöhrə, şümşad, Qafqaz xurması, bigəvər, Eldar şamı və s. misal ola bilər.

Düzənliklərdə, alçaqdağlıqda yarımsəhra, dağ-bozqır, dağ-kserofit bitkiləri, alçaq və ortadağlıqda meşə bitkiləri, yüksəkdağlıqda subalpalp çəmənlikləri, uca dağ qayalıqlarında subnival bitkilər inkişaf edir.

Kür-Araz ovalığında, Naxçıvan MR-nin Arazboyu düzənliklərdə, Abşeron yarımadasında, Qobustanda, Samur-Dəvəçi ovalığında, Acınohur-Ceyrançöl alçaqdağlığında səhra və yarımsəhra bitkilərindən yovşan, şoranotu, dəvətikanı, gəvən, kəngiz və s. üstünlük təşkil edir.

Kür-Araz ovalığının şərq hissəsində Cənub-Şərqi Qobustanda səhra bitkiləri yayılmışdır. Bunula yanaşı, yovşanlı-şoranlı, yovşanlı-efemerli, yovşanlı-kəngizli yarımsəhralar Kür-Araz ovalığında Kür-Araz ovalığında, yovşanlı, gəvənli, kəngizli, dəvətikanlı yarımsəhralar isə Qobustanda, Acınphur-Ceyrançöl alçaqdağlığında geniş yer tutur.

Yarımsəhra bitkilərinin inkişaf etdiyi ərazilər qış otlaqlarıdır. Əkin sahələri genişləndikcə təbii yarımsəhra bitkilərinin arealı kiçilir.

Kür çayının yatağına yaxın sahələrdə, axmaz və göllərin ətrafında çilli-qamışlı batalıq çəmən-çala bitkilərinə rast gəlinir.

Dağ-bozqır bitkiləri Kiçik Qafqazın şimal-şərq yamasında, Böyük Qafqazın Dağlıq Şirvan hissəsində, Ceyrançöl alçaqdağlığında, Naxçıvan MR-də inkişaf etmişdir. Burada vələmir, kəklikotu, müxtəlif otlarla yanaşı, kol bitkiləri də üstünlük təşkil edir.

Dağ-kserofit bitkilər Talışın yüksəkdağlıq hissəsində və Naxçıvan MR Naxçıvan MR ərazisində mühüm yer tutur. Burada seyrək kollar və müxtəlif otlar hakimdir.

Meşələr. Respublika ərazisinin 11%-ni tutan meşələrin xüsusi əhəmiyyəti vardır. Meşələrimizin ümumi sahəsi 1,2 mln. hektara çatır. Lakin meşə ağacları ilə örtülü sahə 960 min hektardır. Respublikamızda adambaşına 0,15 hektar meşə sahəsi düşür.

Azərbaycanda meşələr sahəcə az olsa da, növcə zəngindir. Belə ki, meşələrimizdə 435 növ ağac və kol bitir. Onlar respublikamızın bütün bitki növünün 11%-ni təşkil edir. Meşələrimizda 70 endemik ağac və kol növləri vardır.

Meşələrin 90%-dən çoxu dağlıq ərazilərdə, 10%-ə qədəri düzənliklərdir.

Enliyarpaqlı meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və ortadağlıq hissələrində geniş yayılımışdır.

Respublikamızın meşələri əsas üç ağac növündən –fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 85%-ni təşkil edir. Şərq fıstığı respublika meşələrinin 31%ni, palıd meşələri 30%-ni, vələs meşələri isə 24%-ni tutur.

Respublikamızda meşələr düzənliklərdən başlamış 2200 m-ə qədər mütləq yüksəkliklərdə inkişaf etmişdir.

1000-1200 m-dən aşağıda palıd, vələs meşələri inkişaf etmişdir.



Şabalıdyarpaq palıd, əsasən Talış dağlarında və dağətəyi düzənliklərdə inkişaf etmişdir.

Araz palıdı quraqlıqsevən bitki olduğundan, Kiçik Qafqazın cənub-şərq qurtaracağında, xüsusilə Zəngilan və Qubadlı rayonları ərazisində yayılmışdır.

Uzunsaplaq palıd, qarağac və vələs ağaclarının birgə təşkil etdiyi meşələr düzənlik əraziləri üçün səciyyəvidir. Bu növ meşələr Şollar düzündə, Qanıx-Əyriçay vadisində, kür boyunda yayılmışdır.

Tuğay meşələri əsasən ağyarpaq qovaq, söyüd, qaraağac, düzənlik meşələr isə göstərilənlərlə yanaşı, bir sıra başqa ağac və kol növlərindən ibarətdir.

Üçüncü dövrün mühüm relikt bitkilərindən biri olan dəmirağac Talış dağlarında yayılmışdır.



Saqqızağacı meşələri Xaçınçayın aşağı axınında-Qarabağ düzündə geniş sahə tutur, Qanıxçayın Əyriçayla qovuşduğu sahədə isə ensiz zolaq əmələ gətirir.

Böyük Qafqazın cənub yamacı üçün səciyyəvi olan qiymətli ağaclardan biri də şabalıddır. O, xüsusi meşə zolağı əmələ gətirməsə də, talalar şəklində Qəbələ, Qax və s. rayonlar ərazisində inkişaf etmişdir.

Azərbaycan ərazisində Şərq çinarı təbii halda yalnız Zəngilan rayonunun Bəsitçay dərəsində saxlanılır.

İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7%-ni təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növünün cəmi 7-si iynəyarpaqlı ağaclardır.

Qaraçöhrə Üçüncü dövrün relikt bitkisi kimi meşələrimizin nadir incisidir.

Eldar şamının təbii vətəni Ceyrançöldə Eldar oyuğu tirəsidir. Bu ağacdan parkların, yol kənarlarının yaşıllaşdırılmasında geniş istifadə edilir.

Qarmaqvarı şam, əsasən Göygöl ətrafında, Zaqatala qoruğunda ortadağlığın əhəngdaşlarından ibarəy olan uçqun materiallarında özünə məskən salmışdır. Bu ağac növü Qusarçayın orta axarında, Kuzun kəndi yaxınlığında da yayılımışdır.

Çəmən və çəmən-çöl bitkiləri yüksəkdağlığın alp və subalp zonaları üçün səciyyəvidir.

Alp çəmənlikəri Azərbaycanda 2600-3000 m mütləq yüksəklikləri əhatə edir.

Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş zona yaradır. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və s. fəsilələrdən olan bitkilər hündür ot örtüyü yaradır. Subalp çəmənliklərindən biçənək və otlaq kimi istifadə edilir.

Böyük və Kiçik Qafqazın yüksək dağ zirvələrinin çılpaq qayalıqları, demək olar ki, bitki örtüyündən məhrumdur.


HEYVANLAR ALƏMİ

Plan:

  1. Azərbaycanda yayılan əsas heyvan növləri.

  2. Heyvanların yayılmasına təsir edən mühit amilləri.

  3. Heyvanlar aləminin qorunması üçün yaradılan təsərrüfat sahələri.

Azərbaycan Respublıkasının təbii şəraitinin müxtəlifliyi heyvanlar aləminin də zənginliyinə səbəb olmuşdur. Bura qonşu ərazilərdən –İrandan, Mərkəzi Asiyadan, Aralıq dənizi sahillərindən bəzi heyvan növləri gəlmiş, nəticədə Azərbaycanın faunasının növ tərkibi daha da zənginləşmişdir.

Respublıkamızda 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 5,6:% -ni təşkil edir. Azərbaycanda həşəratların 12 mindən çox növü var.

Bütün heyvanların 97 növünü məməlilər təşkil edir. Təbiətimizin bu canlı sakinlərinin çoxu nadir, nəsli kəsilmək təhlükəsində olan heyvanlardır. Azərbaycanda əsas məməli heyvanlara muflon, bəbir, nəcib və xallı marallar, ceyran, cüyür, dağkeçisi, köpkər, çöldonuzu, qarapaça, kaftar, ayı, safsar, dələ, çölpişiyi, canavar, tülkü, çaqqal, yenot və həmçinin Xəzər sularında yaşayan suiti və s. daxildir.

Azərbaycanda sürünənlərin 58 növü yayılmışdır, bunlardan 5 növü zəhərli ilanlardır. Onlardan Zaqafqaziya gürzəsini, qalxansifət ilanı, Kiçik Asiya gürzəsini və s. göstərmək olar.

Respublıkamızda suda-quruda yaşayanların cəmi 11 növü məskunlaşmışdır.

Azərbaycanda 360 növ quş növü məlumdur. Respublıkamızın ərazisi köçəri quşların dayaq məntəqəsidir. Ağgöldə, Şah dilində, Dəvəçi limanında, digər göllərimizdə yüzlərlə quş növləri qışlayır və çoxalır. Azərbaycanın müxtəlif guşələrində yaşayan kəklik, turac, qırqovul, soltan toyuğu, bildirçin, qaz, ördək, qu quşu, ular, qartal və s. təbiətin inciləridir.

Respublıkamızın hər bir zonasının özünəməxsus heyvanlar aləmi vardır. Belə ki, meşə, çəmən, çöl, yarımsəhra, bataqlıq, qamışlıq və s. xüsusi ekoloji şəraiti olduğuna görə, faunasına görə bir-birindən fərqlənir. Hər bir heyvan növü bu və ya digər ərazinin iqliminə, relyef şəraitinə və qida mənbəyinə uyğunlaşır.

Yarımsəhra və quru çöl şəraitində yaşayan heyvanlar Xəzər dənizi sahillərindən alçaq dağlığa qədər olan sahələrdə yayılmışdır. Xəzərboyu qumluqlarda dovşan, tülkü, qırmızıquyruq qumsiçanı, cəld kərtənkələ, gürzə və başqa heyvanlar yaşayır. Qamışlı bataqlıqlarda və göl sahilində çöldonuzu, qamışlıq pişiyi, çaqqal, susiçovuli, quşlardan vağ, soltan toyuğu, anqut, cüllüt və s. məskən salır. Çay və göllərdə Xəzər gülməsi, çəkibalığı, çapaqbalığı və s. yaşayır. Tuğay meşələrinin özünəməxsus heyvanlar aləmi var. Burada çöldonuzu, çaqqal, tülkü, dovşan, porsuq, kirpi, sürünənlərdən kərtənkələ, ilanlar, quşlardan bayquş, ağacdələn, çalağan, qu, qaratoyuq və s. yaşayır.

Düzənlik meşələrində, dağətəyi çəmən-kolluqlarda, seyrək meşələrdə (Şollar düzü, Qanıx-Əyriçay vadisi, Qusar maili düzənliyi, Kiçik Qafqazın alçaqdağlığı və s.) ayı, çöldonuzu, cüyür, porsuq, çaqqal, vaşaq, meşə süleysini, sincab, siçan, yerəşən, quşlardan alacəhrə, qırqovul, sarıköynək yayılmışdır.

Dağ meşələrində Qafqaz maralı, cüyür, qarapaça, Dağıstan dağkeçisi, çöldonuzu, ayı, meşə pişiyi, daşlıq dələsi, İran sincabı, yarasa və s. yaşayır.

Yüksək dağ çəmənləri, çölləri və qayalıqları üçün boz qırqovullar, Dağıstan dağkeçisi, qarapaça, bəbir, qarsiçanı, canavar, quzuçapan keçəl kərkəz, Qafqaz tetrası, dağ çobanaldadanı və s. səciyyəvidir.

Vaxtilə Azərbaycanın heyvanlar aləmi daha zəngin idi. İnsanların təbiətə təsiri genişləndikcə heyvanlar aləmi kasıblaşmışdır. Bir sıra heyvanların nəsli tamamilə kəsilmiş, bəzi növlərinki isə kəsilmək təhlükəsi qarşısındadır.



Respublıkamızda heyvanlar aləminin qorunması üçün qoruqlar, yasaqlıqlar, milli parklar, dövlət ovçuluq təsərrüfatları yaradılmış, ovçuluq qaydaları müəyyənləşdirilmişdir.


ƏDƏBİYYAT

  1. B.Budaqov, Y.Qəribli: “Azərbaycan Respubklikasının fiziki coğrafiyası”Bakl-2007.

  2. B.Budaqov, Ə.Əyyubov: “Azərbaycan Respubklikasının konstruktiv coğrafiyası”

  3. Ş.Göyçaylı, Ş.Dəmirqayayev və b. “Azərbaycan Respubklikasının iqtisadi və sosial coğrafiyası” Bakı-2007.

  4. M.Qaraqoyunlu. “Ümumi coğrafiya” Bakı-2008.

  5. TQDK –COĞRAFİYA – Bakı-2006.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə