Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal




Yüklə 1.37 Mb.
səhifə2/11
tarix24.02.2016
ölçüsü1.37 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Reconciling of the Ideals of National

Independence and Social Justice

(summary)
The author examines Narimanov’s services for his nation, calling attention to the contradictory evaluations of Narimanov’s ideas on account of political conditions during the Soviet period. According to the author, there are only seemingly contradictions in the ideas of Narimanov. The author characterizes Narimanov as a spokesman of the progressive ideals of the period. He emphasizes that Narimanov’s ideas shaped up under the influence of great Eastern philosophers who commend the social justice and equality, rather than bolsheviks.
Key words: social justice, independence, bolsheviks, the ideology of communism, democratic struggle
Путь согласования идеалов национальной независимости и социальной справедливости

(резюме)
Вопреки противоречивым оценкам личности Н.Нариманова, связанным с особенностями эпохи, политическими тенденциями в стране, автор исходит в данной статье из подлинных заслуг Нариманова перед нацией и народом. В статье подчеркивается целостность феномена Нариманова, несмотря на ка­жу­щу­юся противоречивость его мировоззрения. Автор характеризует Нари­ма­но­ва как подлинного выразителя прогрессивных веяний своей эпохи, патри­о­та, чье мировоззрение сформировалось под влиянием не столько больше­ви­ков, сколько идеалов социальной справедливости и равенства, воспетых вели­ки­ми философами Востока.
Ключевые слова: социальная справедливость, независимость, большевик, коммунистическая иедология, демократическое движение.

Milli Bağımsızlık ve Sosyal Adalet

İdeallerinin Bağdaştırılması Yolları

(özet)
Sovyet dönemin siyasi şartlarından dolayı Nerimanov’la ilgili çelişkili değerlendirmeler yapıldığını hatırlatan yazar bu makalede Nerimanov’un kendi milleti için yaptığı hizmetleri ele almaktadır. Yazara göre, Nerimanov’un dünya görüşünde olsa olsa zahiren bazı çelişkiler söz konusu olabilir. Makalede Nerimanov kendi döneminin ilerici ideallerinin gerçek sözcüsü olarak nitelendirilmekte ve onun düşüncelerinin bolşeviklerden ziyade Doğu’nun büyük filozoflarının övdükleri toplumsal adalet ve eşitlik ideallerinin etkisi altında biçimlendiği vurgulanmaktadır.
Anahtar kelimeler: toplımsal adalet, bağımsızlık, bolşevik, kommünist ideolojisi, demokratik mücadele
Nəriman Nərimanov:

milli ruh və siyasi təfəkkürün vəhdəti



Həsən Həsənov

SSRİ dağıldıqdan və Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa et­dik­dən, marksist-leninçi ideoloji qəliblər, təsirlər və məhdudiyyətlər aradan qal­dırıldıqdan sonra sovet dövrü tarixinin və şəxsiyyətlərinin obyektiv öy­rə­nilməsi üçün əlverişli şərait yaranmış, tarixi hadisə və prosesləri, siyasi və döv­lət xadimlərinin baxışlarını, fəaliyyətlərini olduğu kimi öyrənmək və qiy­mətləndirmək problemi aktuallaşmışdır.

Bu baxımdan Azərbaycan xalqının görkəmli ictimai, siyasi və dövlət xa­dimi, sovet hakimiyyəti dövründə özünəməxsus siyasi düşüncəyə malik, fəaliyyəti müxtəlif illərdə fərqli qiymətləndirilən, tariximizdə silinməz iz bu­raxan N.Nərimanovun həyat və fəaliyyətinə dair xeyli əsərlər yazıl­mış­dır­sa da, onun milli dövlətçilik baxışları və fəaliyyəti indiyədək tarixşünaslığın ay­rıca tədqiqat obyekti olmamışdır.

Belə mövzunun seçilməsi öz növbəsində bir neçə problemin araşdırıl­ma­sını tələb edir. Bunlardan sovet hakimiyyətinin ilk illərində milli mə­sə­lə­lə­rin həllinin meydana çıxması; Rusiyada yaşayan türk xalqlarının döv­lət­çi­lik uğrunda mübarizəsi; müstəqil dövlət olmuş, lakin sovetləşən res­publi­ka­ların öz müstəqilliklərini qorumaq yolunda apardıqları mübarizə; Rusiya im­pe­riyası dağılıb xalqlar müstəqillik qazandıqları şəraitdə dövlətlərarası sər­həd­lər probleminin ortaya çıxması; inkişafda olan kommunist ideolo­gi­ya­sının hökmranlığı şəraitində xalqların milli düşüncə və adət-ənənələrinin qo­ru­nub saxlanılması problemlərinin araşdırılması aktuallaşmışdır. Bu səpkidə araş­dırma SSRİ-də kommunist ideologiyası çərçivəsində formalaşıb fəa­liy­yət göstərən milli təmayülçülük hərəkatı və onun mahiyyətini, N.Nə­ri­ma­no­vun bu hərəkatın yaradılmasında və həyata keçirilməsində rolunu, onun mil­li təmayülçü kommunist baxışlarının kök­lə­ri­nin araşdırılmasını, türkəsilli si­ya­sətçiləri və dövlət xadimləri arasında onun yayılmasını, bu mübarizə yo­lun­da əldə olunan uğurlar və baş verən itkilərin araşdırılmasını ak­tual­laş­dı­rır. Göstərilən problemlərin bir neçəsi indiyədək ayrı-ayrılıqda tədqiqat möv­­­zusu olmuşdursa da, onlar bütöv şəkildə araşdırılmamışdır.

Problemin məhz bu baxımdan bütöv şəkildə araşdırılması N.Nə­ri­ma­no­vun milli dövlətçilik baxışlarının formalaşdığı mühitin öyrənilməsinə düz­gün elmi-metodoloji yanaşmağa imkan verir. Bundan başqa, 1920-ci ilə­dək olan dövrdə N.Nərimanovun ədəbi və ictimai-siyasi fəaliyyətinin onun mil­li dövlətçilik baxışlarının formalaşmasına təsirini araşdırmaq da mühüm elmi-tarixi aktuallıq kəsb edir.

N.Nərimanovun bolşevik üsul-idarəsi şəraitində milli dövlətçilik ba­xış­­larını və fəaliyyətini öyrənmək üçün iqtisadi inkişafa, xarici əlaqələrə, hər­bi quruculuğa, milli-mədəni inkişafa, Azərbaycan dilinə münasibətini, ona dövlət dili statusu vermək uğrunda səylərini və din məsələlərinə mü­na­si­­­bətini araşdırmaq zəruridir. N.Nərimanovun milli ziyalılara diqqəti, onları ölüm təhlükəsindən və təqiblərdən qoruması məsələlərini olduğu kimi öy­rən­mək aktualdır. Dövrünün ideoloji cəhətdən bir-birinə zidd partiyalarının üzvləri olan ziyalıların N.Nərimanova böyük hörmətlə yanaşmalarının, hətta onun rəhbərliyi altında işləməyi mümkün saymalarının səbəbləri də araş­dı­rıl­­malıdır.

N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyətini, o dövrdə baş vermiş olan itkilərin əsl səbəblərini, dövrün tarixi gerçəkliyini araşdırmaq tarix və müasirlik baxımından böyük maraq kəsb edir.

Azərbaycan hökumətinin başçısı kimi N.Nərimanovun Sovet Rusiya­sı­nın iddialarına qarşı siyasi xəttinin mahiyyətini öyrənmək, sovet quruluşu da­ğılmış olsa da, bu problemi araşdırmaq istər tariximizi obyektiv öyrən­mək, istərsə də müasir beynəlxalq əlaqələrimizin konsepsiyasını for­malaş­dırmaq baxımından aktuallıq kəsb edir.

N.Nərimanovun hələ Moskvada çalışarkən Sovet Rusiyasının Türküs­tan siyasətinə fərqli baxması və bu siyasətə tənqidi yanaşmasının mahiyyə­ti­ni, onun dövlətçilik fəaliyyətində türkçü mövqeyini, Türkiyənin, Türküs­ta­nın türk xalqları və ictimai-siyasi xadimləri ilə bağlı siyasətinin mahiyyətini və məqsədlərini öyrənmək vacibdir. Ümumiyyətlə, XX əsrdə bir çox türk xalq­larının yaşadığı eyni tarixi taleyin araşdırılması həm tarixilik ba­xı­mın­dan, həm də müasir dövrdə müstəqil Azərbaycanın Türkiyə, Özbəkistan, Qa­zaxıstan, Türkmənistan və Qırğızıstanla qurulub inkişaf etdirilən mü­na­si­bət­lərində bəhrələnmək baxımından əhəmiyyətlidir.

Sovet hakimiyyətinin ilk illərində bolşevik Rusiyasının və mərkəzi ha­ki­miyyətin öz mövqelərini möhkəmləndirmək üçün Bakıda qeyri-azər­bay­can­lıları dövlət qurumlarında və siyasi qurumlarda rəhbər vəzifələrdə yer­ləş­dirmək siyasətinə N.Nərimanovun münasibətinin və bu işdə onun fəa­liy­yə­tinin araşdırılması, fəallıq dərəcəsinin və əldə etdiyi nəticələrin müəy­yən­ləşdirilməsi həm tarixi gerçəkliyi, həm də müasir Ermənistan-Azərbaycan mü­naqişəsinin tarixi dinamikasını aydınlaşdırmaq baxımından aktualdır.

Bolşevik hakimiyyəti şəraitində N.Nərimanovun mil­li dövlətçilik ba­xış­larını və fəaliyyətini araşdırmaq həm də müasir dövlət quruculuğu ba­xımından əhəmiyyətlidir. Məlumdur ki, N.Nərimanovun istər kommunist ide­ologiyasının yayılması, istər də sosialist quruluşunun formalaşması və bər­­qərar olması prosesinə fərqli baxışı var idi. Bu məsələlərin mahiyyətinin araş­dırılması tarix elminin aktual problemlərrindəndir.

20-ci illərdə N.Nərimanovun əsasən elmi-ictimai fəaliyyətinin 30 illiyi və ölümü münasibəti ilə xatirə-məqalələr çap olunmuşdur. N.Nərimanovla döv­lət işində birgə çalışan şəxslərin xatirələri onun milli dövlətçilik ba­xış­larının tədqiqi baxımından çox səciyyəvidir.1

N.Nərimanovun özünəməxsus baxışları və fəaliyyəti sağlığında oldu­ğu kimi, ölümündən sonra da xüsusi vurğu ilə “millətçilik”, “milli tə­ma­yül­çü­lük”, “nərimanovçuluq” adlandırılaraq burjua-millətçiliyi kimi qiymətlən­di­­rilib pislənmişdir. Bunu əsas tutaraq, 20-ci illərin ortalarından 50-ci illərin ortalarınadək kommunist ideoloqları onun adının unutdurulmasına xüsusi səy göstərmişlər. Yalnız 1956-cı ilin fevralında Sov.İKP-nin XX qurul­ta­yın­da Stalinin şəxsiyyətinə pərəstiş pisləndikdən sonra cəmiyyətin həyatında yu­m­şalma baş vermis, N.Nərimanovun adının üzə­rindən qadağa nisbətən gö­­türülmüş, demək olar ki, bir ay sonra onun haq­qında məqalələr çap olun­ma­­ğa başlanmışdır. Bu məqalələrdə N.Nərima­no­vu Mir Cəlal Pa­şa­yev və C.Xəndan ədib kimi, C.Quliyev və H.Şahgəldiyev partiya və sovet döv­­lət xa­dimi kimi təqdim etmişlər.1 Həmin il N.Nəri­manov haqqında ki­tab­lar da nəşr olunmuşdur. M.Rəfilinin əsərində onun birinci dünya müha­ri­bə­si­nə qə­dər­ki dövrdə fəaliyyəti işıqlandırılmış, M.Qazıyevin əsərində həyat və ya­ra­dı­cılığı haqqında ümumi şəkildə məlumat verilmişdir. V.Məm­mə­do­vun ki­ta­bın­da N.Nərimanovun həyat və fəaliyyəti öyrənilmiş və bu əsər döv­rünün ən ge­niş yayılmış əsəri olmuşdur. 50-ci illərin ikinci yarısında C.Qu­liyev tə­rə­fin­dən zəngin arxiv materialları əsasında yazılmış geniş mə­qa­lədə N.Nə­rimanovun partiya və sovet dövlət xadimi kimi fəaliyyəti öy­rə­nil­mişdir. M.İb­rahimovun məqaləsində o, inqilabçı və yazıçı kimi göstərilmişdir.

Bu proses sonrakı illərdə də davam etmiş, amma ən böyük canlanma Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlanmışdır.

70-ci illərdə 100 illik yubileyi ilə əlaqədar N.Nərimanovun haqqında ilk dəfə olaraq geniş rəsmi dövlət və partiya sənədləri qəbul olundu. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin N.Nərimanovun 100 illik yubileyi ilə əlaqədar geniş siyasi və təşkilatçılıq fəaliyyəti bu işdə həlledici rol oynadı. H.Əliyevin N.Nərimanovun 100 illiyinə həsr olunmuş təntənəli iclasdakı, habelə Bakıda və Ulyanovskda heykəllərinin açılışındakı çıxışları N.Nərimanovun tarixi xidmətlərini qiymətləndirmək baxımından xüsusi qeyd olunmalıdır. Bu sənədlərin cəm şəklində nəşr olunması nəri­ma­nov­şünaslığa dəyərli töhfə idi.2

Azərbaycan sovet tarix ədəbiyyatının öyrənilməsi göstərir ki, dövrün şərtlərinə uyğun olaraq N.Nərimanov yazıçı, maarifpərvər, ictimai-siyasi xadim və inqilabçı kimi təqdim olunmuş, dövlətçilik fəaliyyəti lazımınca tədqiq olunmamış, xüsusən milli dövlətçilik baxışları və fəaliyyəti ilə bağlı məsələlərin üstündən sükutla keçilmişdir. Yuxarıda göstərdiyimiz 20-ci il­lə­rin xatirələrində, 30-cu illərin bəzi siyasi sənədlərində və ensiklopedik nəşr­lərdə N.Nərimanov milli təmayülçü kimi qiymətləndirilərək unutdurulmağa çalışılırdı. 50-ci illərin ortalarından sonra nəşr olunan əsərlərin müəllifləri N.Nərimanovu əsasən marksist-leninçi ideoloji prinsiplərə sadiq bir şəxs kimi təhlil edərək onun öyrənilməsinə haqq qazandırmağa çalışmışlar.

Maraqlıdır ki, o vaxtlar N.Nərimanovu millətçilikdə ittiham edənlər də, onu müdafiə edənlər də marksist-leninçi mövqedən çıxış edirdilər. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində yaranmış şəraitdə sovet quruluşunun zəifləməsi ilə N.Nərimanovla bağlı aparılan araşdırmalar genişləndi və ta­ri­xin keçid dövrlərinə xas olan fikir ayrılığı ortalığa çıxdı. Yazı müəlliflərinin bir qismi, əsasən N.Nərimanovun sovet dövründə nəşri qadağan olunmuş irsi ilə yaxşı tanış olanlar onun bu zamana qədər nəşr olunmayan əsərlərini üzə çıxardır, milli təmayülçü baxışlarına yeni dəyərlərə əsaslanan qiymətlər verirdilər.1 Başqa bir qismi isə tarixi hadisə və prosesləri mövcud olduqları mühitdən ayıraraq, hissiyyatın tarixi gerçəkliyi üstələdiyi qəzet məqalə­lə­rin­də tarixi həqiqətlərin inkarını ön plana çəkib subyektiv mövqe tuturdular. On­lar N.Nərimanovu əsassız olaraq kommunist ideologiyasına münasibətdə və Rusiya ilə əlaqələrdə ən azı sadəlövhlükdə, milli maraqlara qarşı laqeyd­lik­də günahlandırırdılar. Bu müəlliflərdən A.Balayevin, H.Qəhrəmanovun, N.Kazımovun, N.Nəsibzadənin, Ə.Tahirzadənin2 bolşevizmə olan nifrətləri, demək olar ki, haqsız və əsassız olaraq tam həcmdə N.Nərimanova ün­van­la­nır­dı. Belə yanaşmalar keçid dövrünün təzadlarından irəli gəldiyindən, onlar obyektiv tarixi gerçəkliyi tam əks etdirməyə qadir olmayaraq, tarixi təd­qi­qat­ların dünyada qəbul olunmuş ümumi metodoloji prinsiplərinə zidd olmaqla ən kiçik tənqidə belə tab gətirmirlər.

Mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin 1995-ci il dekabrın 18-də N.Nərimanovun anadan olmasının 125 illiyi ilə əlaqədar imzaladığı fərmanda, 1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın 31-də AMEA-dakı görüşlərindəki nitqlərində N.Nərimanovun Azərbaycan tarixində mövqeyi və xidmətləri işıqlandırılmışdır.3 T.Əhmədovun toplayıb hazırladığı N.Nərimanovun “Seçilmiş əsərləri”nin başlanğıcında, haqlı ola­raq, mərhum prezidentimiz Heydər Əliyevin N.Nərimanovu “görkəmli si­ma, böyük siyasi xadim” adlandırması, “N.Nərimanovu ittiham edən fi­kir­lər­lə heç cür razılaşmaq olmaz” fikri1 epiqraf kimi verilmişdir. Beləliklə, N.Nə­rimanovla bağlı əsərlərin sayı artmış, onun irsinə ciddi elmi yanaşmanı əks etdirən yeni əsərlərin yaranmasına zəmin hazırlanmışdır.

Türk düşüncəsinə sadiq yüzlərlə siyasətçi xalqı qarşısında borcunu ye­rinə yetirməyi sovet hakimiyyəti ilə əməkdaşlıqda görürdü. Onlar ölümü və müxtəlif cəzaları gözləri önünə gətirərək bu işə girişirdilər. M.Sultanqaliyev yazırdı ki, milli təmayülçülük siyasətinə görə, SSRİ-nin yüksək rütbəli xa­di­mi olan N.Nərimanov da daxil olmaqla şərq respublikaları liderlərinin ha­mı­sı təqib olunurdular.2 Təqiblərə baxmayaraq, türk siyasətçiləri həm kom­mu­nizm ideyasına inanır, həm də milli dövlətçilik baxışları və fəaliyyətlərindən çə­kinmirdilər. Məhz buna görə də onların çoxu bolşevik qəddarlığının və mək­rinin qurbanı olmuşlar. Onların şəxsi taleləri faciəli olsa da, ictimai və si­yasi fəaliyyətlərini uğursuz saymaq olmaz. Çünki əslində onlar öz hə­yat­la­rı­nı quruluşa sədaqət yolunda deyil, xalqlarını məşəqqətlərdən çıxarmaq yo­lunda qurban vermişlər. SSRİ-də fəaliyyət göstərən və bolşeviklərlə əmək­daş­lıq edən bəzi türkəsilli siyasətçilərin taleyi belə olmuşdur.

Sovet hakimiyyəti dövründə milli təmayülçülüyü səciyyələndirən əsas məqsəd, hakim şovinizmə və bolşevik hakimiyyəti tərəfindən buraxılan əyin­tilərə qarşı mübarizə, sinfi mübarizədənsə milli həmrəylik, milli dilin və mədəniyyətin inkişafına üstünlük vermək, dinə qarşı daha dözümlü mövqe tutmaq, milli kadrları sinfi mövqedən daha çox milli maraq mövqeyindən qiymətləndirmək və dövlət işinə cəlb etmək, tarixə sinfi baxışla yanaşı, milli özünüdərketmə mövqeyindən olan baxışa üstünlük vermək olmuşdur.

Bolşeviklər və Stalin milli təmayülçülüyə qarşı repressiyalar aparsalar da, onun kökünü kəsə bilmədilər. Milli təmayülçülük sovet hakimiyyətinin Stalindən sonrakı dövründə dövlət siyasətinə aşkar müxalif deyil, təkamül yolu ilə inkişaf etmiş və 80-ci illərdə özünü daha qabarıq şəkildə büruzə verərək xalqları müstəqilliyə çıxardan amillərdən olmuşdur.
N.Nərimanovun aydın mənəvi amalı olmuşdur. O, insanın və xalqların əsarətinin əleyhinə idi. O, xalqların tezliklə nadanlıqdan və köləlikdən azad olunması üçün yollar axtarırdı.3

N.Nərimanovun milli təmayülçülük siyasətinin kökləri ilk əvvəl XIX əs­rin birinci yarısından XX əsrin əvvəllərinə qədər inkişaf edən milli ma­a­rif­çilik, milli düşüncə və milli azadlığın inkişafı kimi proseslərdən doğan bir dün­yagörüşü idi. N.Nərimanovun özü də kommunist-bolşevik ideologiya­sın­dan daha çox bu proseslərdən doğulan bir xadim olmuşdur. Məhz milli problemlərin həllinin tələbləri onu kommunist ideologiyasına gətirmişdir. O, bu ideologiyada millətin qarşısında duran problemlərin daha sürətli həllinə inanmışdır. Onun milli təmayülçü mövqeyi həm də XIX əsrin sonu – XX əs­rin əvvəllərində dəbdə olan millətçiliyə ikili yanaşmanın təbiətindən irəli gəlmişdir: istismar edən xalqın millətçiliyi və istismar olunan xalqların mil­lət­çiliyi. İstismar edən hakim xalqın millətçiliyinin mahiyyəti daim istismar et­diyi xalqı dinindən, dilindən və tarixindən uzaqlaşdırmaqdır. İstismar olu­nan xalqın millətçiliyi isə öz dilini, dinini və tarixi yaddaşını qoruyub sax­la­maq­dan ibarətdir. Belə şəraitdə N.Nərimanovun milli təmayüllü kommunist dünyagörüşü təsadüfdən, vəzifəpərəstlikdən deyil, milli məfkurənin inkişafı prosesindən doğan bir xətt idi. Tədqiqatçı Ə.Əhmədovun fikrincə, 1917-ci ilə qədər azərbaycanlı fəhlələrdə milli həmrəylik sinfi həmrəylikdən, 1918-ci ilin mart hadisələrindən sonra isə milli həmrəylik partiya həmrəyliyindən üstün idi.1 Belə şəraitdə N.Nərimanov hakimiyyətə gəlmiş və tarixdə milli təmayülçü adı ilə qalan siyasətini həyata keçirmişdir. N.Nərimanov o illərin azərbaycanlısı üçün bolşevizmin təzahürü kimi deyil, milli təmayüllü si­ya­sət­çi kimi inam qazanmışdır. “Milli təmayüllü kommunist” məfhumunu məhz N.Nərimanovun anlayışında qəbul etmək lazımdır: yəni azərbay­ca­n­lı­lar başqa xalqların maraqlarına toxunmadan Azərbaycanda tam milli inkişaf və ölkələrini idarə etmək hüququna malik olmalıdırlar. N.Nərimanov, bu­na riayət edilmədiyindən bolşevizmin süquta məruz qalacağı fikrini irəlicədən söyləmişdir.2 Onun apardığı milli təmayüllü siyasət sonralar “nərimanovçu­luq” adlı cərəyana çevrilmişdir. Deməli, N.Nərimanovun milli təmayüllü dün­yagörüşünün kökləri həyat və yaradıcılığı ilə, xalqının yaşayışını və prob­lemlərini, Azərbaycana qarşı hazırlanan məkrli planları, dünyada və böl­gədə gedən prosesləri dərindən dərk etməsi ilə bağlı olmuşdur.


Azərbaycanda bolşevik çevrilişi ərəfəsində sosial, iqtisadi və siyasi və­ziyyət mürəkkəb idi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti hö­ku­mətinin beynəlxalq vəziyyəti çətin və mürəkkəb olmuşdur.1 Azərbaycanın gör­kəmli ictimai xadimi Əhməd Ağaoğlu sovet Rusiyasında yaranmaqda olan yeni hakimiyyəti “hökmfərma olan ideal” adlandıraraq onun prin­sip­lə­ri­ni “Təyini-müqəddərati-milli, millətlərin federasyonu və daxili işlərdə mil­lət­lərin ixtiyaratı prinsipləri” kimi qiymətləndirirdi.2 XX əsrin 30-cu illə­rin­də İstanbulda nəşr olunan “Azərbaycan yurd bilgisi” jurnalında Şəfi bəy Rüs­təmbəyovun çap olunmuş xatirələrindən belə çıxır ki, AXC-nin bir sıra dövlət xadimləri hakimiyyəti bolşeviklərə təslim etməyə “öz vəzifələrinin yük­səkliyindən və səlahiyyətindən daima sövq və təhrik etmişdirlər”.3 Bol­şe­viklər 1920-ci ilin aprelində 1918-ci ildə baş verən hadisələrin təkrarını istəmədiklərindən N.Nərimanovu seçdilər və bəzən onun apardığı siyasətlə he­sablaşmaq məcburiyyəti qarşısında qaldılar. Yaranmış şəraitdə bolşeviklər üçün Bakıya və müsəlmanlara yaxşı bələd olan və böyük nüfuza malik N.Nərimanov yeganə uyğun namizəd idi.

Türkiyə tarixşünaslığında AXC-nin süqutunun və Azərbaycanın sovet­ləş­məsinin səbəbləri aktual mövzu olaraq qalır. Mehmet Sarayın fikrincə sü­qu­tun bir neçə səbəbi var idi. Bunlardan o, müharibə nəticəsində iqtisadi sı­xın­tılar keçirən insanların sovet təbliğatına meyl etmələrini göstərir. Sovet təb­liğatının təsirli olmasının digər bir səbəbi kimi o, Azərbaycana “xa­ric­dən” heç bir yardımın olmamasından yaranmış “mənəvi düşkünlük və ümid­s­izliyi” qeyd edir. Hökumətin vəd etdiyi torpaq islahatını və iqtisadiyyatın inkişafının gerçəkləşməməsini o, ölkənin düşdüyü böhranın səbəblərindən bi­­ri kimi göstərir. Səbəblər sırasında erməni silahlı qüvvələrinin milli hö­ku­mə­tin əleyhinə Qarabağda başladılan hərbi separatçı əməliyyatları və bu sə­bəb­dən Azərbaycan ordusunun Bakının köməyinə gələ bilməməsini gös­tə­rir.4 İbrahim Yüksel AXC-nin süqutunun səbəblərini Azərbaycanda olan və bol­şeviklərə rəğbət bəsləyən bir dəstə Osmanlı zabitləri ilə digər azərbay­can­lı bolşeviklərin hökumət əleyhinə olan fəaliyyəti və bir neçə yer­də Azər­bay­can dövlətçiliyinə qarşı qaldırılan silahlı separatçı hərəkatda gö­rür və qeyd edir ki, milli hökumətə müxalif olanlar da bir yandan Qızıl or­du­nun Azər­baycandan keçərək Qərb imperialistlərinə qarşı istiqlal müca­di­lə­si apa­ran Türkiyəyə yardıma gedəcəyi təbliğatını yayaraq işğala zəmin yara­dır­dı­lar.5

H.Baykaranın əsərindən aydın olur ki, Noy Jordaniyanın dediyinə gö­rə “Çiçerinin ağzından qaçırmış” olduğundan Rusiyanı Cənubi Qafqazı işgal et­məyə “İngiltərə və onun baş naziri Lloyd Corc təşviq edirdi”. Xəlil Pa­şanın Atatürkə yazdığı məktub bizim mövzu üçün çox vacibdir. O yazır: “Mən buradan Bakıya, oradan da İrana hərəkət edəcəyəm”. H.Baykara bu mək­tubu dəyərləndirərək bizim üçün çox vacib olan bir məqamı əlavə edir: “Həqiqətdə isə nə ordu, nə baş komandanlıq, nə də bir hərəkat vardı.” Başqa bir mənbəyə istinadən H.Baykara qeyd edir ki, “Xəlil Paşa Qızıl orduya rəh­bər­lik edərək” Anadoluya doğru hərəkət etməkdə “Ənvər Paşanın milli m­ü­ba­rizəyə rəhbərlik etməsini təmin etmək” məqsədi güdürdü. Kazım Qa­ra­bə­kir Paşanın 1920-ci il aprelin 13-də Atatürkə məktubunda deyilir ki, bol­şe­vik­lərin sosial yönümlü siyasətinin nəticəsidir ki, “müsəlmanlar bolşevikliyi asan və munis qəbul edir və qarşılayır”. Aprelin 23-də Kazım Qarabəkir Pa­şa "İslam dünyasının gələcəyi üçün Azərbaycanın bolşevikləşməsini gərək­li" sayır.

Deyilənləri düzgün qiymətləndirmək üçün onu da qeyd etməliyik ki, Ata­türkün sovet dövlətinə münasibətdə yeritdiyi siyasət tarixi gerçəkliyə əsas­lanırdı. Onun Sovet İttifaqı tərkibində yaşayan türkdilli xalqların çağdaş və gələcək taleyinə aid siyasəti də, fikri də uzaqgörənliyi ilə seçilir. İlk əv­vəl biz bunu Türkiyənin, Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal möv­qe­yində və xüsusən Naxçıvan məsələsinin həllində uğurlu siyasətində g­ö­rü­rük. H.Bayka­ra xüsusi vurğulayır ki, Atatürk Kazım Qarabəkir Paşa kimi “bol­şevizm haqqında romantizmə və vəcdə, ideologiya çaşqınlığına məruz qal­mamışdır”.1 Mehmet Sarayın “Atatürkün Sovet politikası” əsərində gə­tir­di­yi, o zamanlar Xarici İşlər Naziri olan Əhməd Muxtar bəyin 13 fevral 1921-ci ildə TBMM-dəki çıxışı səciyyəvidir. O, çıxışında Rusiyada Türki­yə­nin laqeyd qala bilmədiyi xalqların yaşadığını göstərərək davam edir: “Ru­­siyaya qarşı göstərdiyimiz təmayülün bəlkə də mühüm bir səbəbi o mil­lət­lərlə olan güclü əlaqələrimizdir. Onların səadətini, onların istiqlalını tə­min etməkdir. Bu məqsədi ixtilafa meydan vermədən həll edə bilsək böyük bir müvəffəqiyyət olur.”2


N.Nərimanov Azərbaycan xalqının milli-mədəni inkişafına, din prob­lem­lərinə, Azərbaycan dilinə dövlət statusu, milli ziyalılara və təhsilə önəm ve­rilməsinə milli dövlətçiliyin tərkib hissəsi kimi baxmış, ona xüsusi diqqət ye­tirmiş, Azərbaycan adət-ənənələrinin qoruyucusu, elm, təhsil və mədəniy­yə­tin inkişafına qayğı göstərən başlıca şəxs olmuşdur. O, bu sahələrdə mü­va­­fiq sənədlər imzalamış və fəaliyyət göstərmişdir. N.Nərimanovun bu sa­hə­dəki fəaliyyəti Azərbaycan xalqının düşmənlərinin və bir sıra məhdud dü­şün­cəli Azərbaycan bolşeviklərinin qəzəbinə tuş gəlmiş və onun əleyhinə ge­niş kompaniyaya başlamışlar.

O, universitet müəllimlərinin və aparıcı elmi işçilərin, teatr işçilərinin maaşını qaldırmış, onları hərbi çağırışdan azad etmiş, teatr kollektivlərini və məktəbləri hökumət himayəsi altına almış, universitet müəllimlərinin və tə­lə­bələrin sosial təminatını yaxşılaşdırmışdır. Qara şəhərdə müsəlman fəh­lə­lə­ri üçün türk dram teatrı, Azərbaycan Dövlət Muzeyi, Dövlət və Tənqid-təbliğ, “Şərq xalqları” jurnalı, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”, Dövlət simfonik və xalq çalğı alətləri orkestrləri, Ali Pedaqoji İnstitutu, Po­li­texnik Texnikumu, Ali Musiqi Akademiyası, Politexnik İnstitutu, Teatr mək­təbi, əczaçılıq, mamaçalıq kursları və başqaları açılmışdır. Bakı Dövlət Uni­versitetində fızika-riyaziyyat, ictimai elmlər şöbələri təşkil olunmuşdur. Bütün qəza komitələrinin nəzdində maarif şöbələri açılmış, məktəblərin təş­ki­linə, onların tikintisinə, dərslik və başqa dərs vəsaitləri ilə təchiz olun­ma­la­rına, müəllimlərin, Azərbaycan dilli mütəxəssislərin hazırlanmasına xüsusi diq­qət yetirilmişdir. 1920-ci ilin ilk tədris ili başlayarkən artıq Azər­bay­can­da 79,4 min şagird təhsil almağa başladı, 965 ümumtəhsil məktəbi açıldı, 107 klub və 61 kitabxana mövcud idi. Azərbaycanda mədəni-maarif dərnək­lə­­rinin sayı çoxalmaqda idi, M.Ə.Sabirə heykəl qoyuldu, Azərbaycanın in­cə­sənət abidələrinin qorunmasına, Tağıyev teatrının, Bakı, Nuxa (Şəki) və Şu­şa xan saraylarının təmirinə başlanıldı. Bakı Universitetinə qəbul olu­na­caq tələbələrin sayının iki-üç dəfə artırılıb, 1430 nəfərə çatdırılmasına qərar ve­rildi ki, onlardan 500 nəfəri tibb fakültəsinə daxil edilməli idi.1 Azər­bay­can­lı tələbələr Rusiyanın bir çox universitetlərinə oxumağa göndərilmiş, Av­ropada oxuyanlara xüsusi qayğı göstərilmişdir.2 Azərbaycan ali məktəb­lə­rində azərbaycanlı müəllimlər çatışmadığından o zamanın ən görkəmli alim­ləri, o sıradan da Bəkir Çobanzadə dəvət olunmuşdur.3 Azərbaycan ki­ta­b­xanaları dünyanın ən dəyərli əsərləri ilə zənginləşdirilmişdir.4 Azər­bay­can dilinin məktəblərdə tədrisi, Azərbaycan dilində dərsliklərin yazılması, ümumi məcburi ibtidai təhsil və texniki peşə təhsili1 və s. haqqında dekretlər qəbul olunmuşdur. Bakıda Şərq xalqlarının, Azərbaycan müəllimlərinin, qadınlarının, maarif və mədəniyyət işçilərinin qurultayları keçirilmişdir.2

N.Nərimanovun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur. Azərbaycan dili N.Nərimanovun fərmanı ilə dövlət dili statusu almış, bütün idarələrdə kargüzarlığın rus dili ilə yanaşı, Azərbay­can dilində də aparılması barədə sərəncam verilmiş, İnqilab Ko­mitəsinin xü­su­si qərarı ilə məktəblərdə “Ana dili”nin tədris olunması qərara alınmışdır.3 Azərbaycan dilində savadlı məmurlar hazırlamaq üçün xüsusi dərnəklər təş­kil edilmişdir. 1922-ci ilin yanvar ayında dövlət idarələrində məmurların ix­ti­sarı haqqında qərar qəbul olunmuş, ixtisar aparılarkən N.Nərimanov Azər­bay­can dilini bilənlərə qayğı göstərilməsi barədə qərar qəbul etmişdir.4 Am­ma bu işi həyata keçirmək yolunda xeyli maneələr olmuşdur. Bakıda mək­təb­lərdə Azərbaycan dili dərslərinin saatlarını ixtisar etmək, Azərbaycan dil­li teatr truppası tamaşalarının sayının azaldılması və rus dilli teatr trup­pa­sı­nın tamaşalarının sayının artırılması haqqında fikirlər irəli sürülmüşdür. N.Nə­rimanov “Bəzi yoldaşlara cavab” sərlövhəli sərt məqalə ilə ana dili­mi­zin mövqeyi haqqında çıxış etmiş,5 Azərbaycan dilini sıxışdıran kom­mu­nist­lə­rin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vur­ğu­la­ya­raq onları şovinist adlandırmışdır.6 Bu səbəbdən N.Nərimanova qarşı açıq mü­barizə aparılmış, Moskvaya göndərilən məktubda o, “antipartiya” hərə­kə­tində təqsirləndirilmişdir7. Onu təqsirləndirənlərdən biri - Levon Mirzo­yan erməni, qalanları isə azərbaycanlı idi. Bu təzyiqlər N.Nərimanovu möv­qe­yindən çəkindirməmiş, o, ana dili uğrunda mübarizəsini davam etdirmiş­dir.

N.Nərimanov Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəz olun­ması üçün geniş fəaliyyət göstərmişdir. Bu sahədə o, F.Ağazadə, C.Cab­barlı, H.Cavid və A.Şaiqlə əməkdaşlıq etmişdir. N.Nərimanov bu mə­sə­lə ilə bağlı Türkiyə vəkilləri ilə danışığını belə nəticələndirir: “Onlar bu fik­rə şərikdirlər. Istanbul yox, Ankara”.1



N.Nərimanovun dövlətçilik siyasətində milli ziyalı amili xüsusi yer tut­muşdur. Nərimanov Rəsulzadəni həbs­dən azad edib şəxsən özü Mos­kva­ya yola salmışdır. Rəsulzadə Bakıda, həbsdə olan günlər Nərimanovun im­za­sı ilə qəzetdə məlumat verilmişdir: “Rəsulzadənin həyatı əmniyyət altın­da­dır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”. Nərimanovun bu yazılı bəyanatı onun Rəsulzadəyə münasibətinin təzahürüdür və Stalinin Rəsulzadə haqqında göstərişindən əvvəl verilmişdir.

Sovet hakimiyyətinin Gəncə üsyanını qəddarlıqla yatırmasına bax­ma­ya­raq N.Nərimanov S.Mehmandarovu və Ə.Şıxlinskini ölümdən qurtarmış, on­ların sovet hakimiyyəti ilə əməkdaşlığına zəmanət vermiş, F.Köçərlinin fa­­ciəli ölümündən xəbərsiz olduğundan heyfsilənmiş, onun əlyazmasını qo­ru­­mağa göstəriş vermişdir.2 Ü.Hacıbəyovu öldürüləcək adamların si­ya­hı­sın­dan çıxarmış, MA.Pişnamazzadəni və Ə.Şərifi həbsdən azad etmiş,3 hö­ku­mət başçısı olarkən H.Z.Tağıyevi gözlənilən qətl və təhqirlərdən xilas et­miş­dir. Ə.Haqverdiyev, S.SAxundov, C.Bağdadbəyov, N.Vəzirov, M.Vəkilov, T.Şah­­bazi, S.M.Qənizadə, B.Talıblı4 və S.Mənsur hökumət strukturlarında müx­təlif vəzifələrdə çalışmışlar. N.Nərimanovun təklifı ilə Ömər Faiqin baş­­çılığı altında Gürcüstanda müsəlmanlar arasında iş aparmaq üçün xüsusi təş­­kilat yaranır.5 O, C.Məmmədquluzadəyə, H.Ca­vidə, Ə.Əzimzadəyə, S.Müm­­­taza, A.Şaiqə, S.Acalova, Ş.Məmmədovaya, X.Qayıbovaya, H.Ab­ba­­sova, A.M.Şərifzadəyə, H.Sarabskiyə, R.Təhmasibə, A.Divanbəyoğluna (Süb­­hanverdixanov) qayğı göstərmiş, M.Mirqasımov, Ş.X.Əfəndizadə, S.Müm­­taz6, Ə.Qarayev, S.M.Qə­nizadə, B.Axundovla dostluq əlaqələri sax­la­mışdır. O zaman sovet respublikaları arasında Azərbaycan yaşlı nəsil­dən olan bu qədər ziyalının hökumətlə əməkdaşlığa girib xalqına xidmət etdiyi müs­təsna bir respublika idi.

N.Nərimanov sovet dövlət sistemi şəraitində dini problemlərin həllinə xüsusi qayğı göstərmiş, din onun siyasətinin ən ümdə məsələlərindən olmuş və milli dövlətçilik baxışlarında önəmli yer tutmuşdur. “Onun nəzəriy­yə­sin­də kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm bir yer tuturdu”.1 N.Nərimanov müsəlmanların dini hisslərinə hörmətlə yanaşılmasını tələb et­miş,2 din xadimlərinin ərizələrinin baxılmasına həssaslıq göstərmiş,3 “cümə ax­şamı”nı müqəddəs saymış, çadranın atılmasında məcburiyyətə qarşı olmuş,4 Təzə Pir məscidinin bərpası və təmiri üçün sərəncam vermiş, Nov­ruz bayramını, Orucluq bayramını (Ramazan bayramı), Qurban bayramını, Möv­lud bayramını və Aşura gününü istirahət günü elan etmiş,5 Məhərrəmlik günlərində məscidə ərzaq göndərmiş,6 dövlət məmurlarını bu tədbirlərdə iş­ti­raka cəlb etmişdir.7 XI Qızıl ordunun rəhbərliyindən ordu bölmələrinin yer­ləşdikləri məscidlərin binasını boşaltmağı tələb etmişdir.

1920-ci il aprel hadisələri ərəfəsində kommunist ideyalarına sadiq­li­yi­nə baxmayaraq xalq arasında N.Nərimanov yeganə ümid yeri kimi qiy­mət­lən­dirilirdi,8 ona “nə istəyirsən elə, ancaq 18-ci il hadisələri təkrar baş ver­məsin” deyə müraciətlər edilirdi.9 N.Nərimanov Rusiya qoşunlarının hər bir eh­timalda Azərbaycana yürüşünün gerçəkləşəcəyini hiss edərək öz mü­da­xi­lə­si ilə bundan doğacaq ziyanı və zərərləri azaltmağa, sosialist sis­te­mi­nin üs­­tünlüklərindən bəhrələnməyə çalışmışdır. Əlbəttə, bütün bunlar Ru­si­­ya bol­­­şeviklərinin Azərbaycana qarşı tutduqları işğalçı məqsədlərinə haqq qazandırmır.

Hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl AK/b/P MK rəhbərliyi Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanımağı lazımsız və səmərəsiz saydığı halda,1 1920-ci il fevralın 9-da Çiçerin Leninə AXC-nin müstəqilliyini tanımaqla əlaqədar yazırdı ki, “Nərimanov tanın­ma­nın tərəfdarıdır”.2 Sovet hakimiyyəti qurulandan sonra Ə.Qarayev, M.Hü­sey­nov və b. Azərbaycanı Ru­siya tərkibində muxtariyyət qurumu kimi gör­dük­ləri halda, N.Nərimanov Azərbaycanı sovet Rusiyasının müttəfiqi, müs­tə­qil bir respublika kimi görürdü.3 Stalin M.Rəsulzadə ilə söhbətində deyir: “Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq”.4 Bu deyimdən açıq-aydın gö­rünür ki, Leninlə danışıqlarda şərtləri Lenin deyil, N.Nərimanov qoymuş­dur. Bu şərtlərin əsasını ilk əvvəl Azərbaycanın müstəqil bir dövlət kimi ta­nın­ması, bu dövlətin paytaxtının Bakı olması, milli adət-ənənələrin nə­zərə alın­ması təşkil edirdi. Hətta Nərimanovla çox soyuq münasibətdə olan G.Çi­çe­rin 1920-ci ilin aprelindən bir ay qabaq Leninə yazırdı ki, “Nərimanovun tək­lif etdiyi yol ilə getmək lazımdır”.5 Bu razılıq pozul­du­ğun­­dan N.Nə­ri­ma­nov mərkəzlə Azərbaycanın ərazi bütövlüyünün qorun­ma­sı, Bakının milli si­masının ifrat şəkildə pozulmasının qarşısının alınması, mil­li və dini ənə­nə­lə­rin qorunması, mərkəzlə Azərbaycan arasında siyasi və iqtisadi hüquqların böl­güsü, qarşılıqlı etimad problemləri uğrunda mübarizə apar­mış və mər­kə­zin əsas missiyasını ucqarların inkişafına yardımda, yerli kadrlara etibar et­məkdə görmüşdür. Nərimanov mərkəzdə oturmuş “kom­mu­nist cildinə gir­miş daşnakların” iyrənc fəaliyyətini ifşa etmiş,6 mərkəzin qə­rəz­liliyini, rus­la­ra xüsusi imtiyazların verilməsini pisləyərək mərkəzin ca­han­şümul istilaçı si­yasətinə qarşı ucqarların müqavimətinə haqq qazan­dır­mış­dır.7 O, Azər­bay­can nümayəndəsinin bilavasitə iştirakı olmadan mərkəz­d­ə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini, hər hansı mər­kəzi strukturda Azər­baycanın tam səlahiyyətli nümayəndəsinin üzv olmasını8, neft isteh­sa­lı­na və satılmasına Azərbaycan hökumətinin nəza­rə­ti­nin artırılmasını9 tələb et­mişdir. N.Nərimanov milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin ya­ra­dılmasına diqqət yetirmiş,1 Bakı-Culfa dəmir­yolunun,2 Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır.

Hələ AXC dövründə Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası ilə Rus Milli Şurası əl-ələ verib Azər­baycan dövlətçiliyinə qarşı birgə mənfi mövqe tuturdular.3 Sovetləşmiş Ermənistanın və Azərbaycanın Rusiya ilə hü­quqi münasibətlərində gözə çarpan fərq ondan ibarət idi ki, Ermənistanla Rusiya arasında imzalanmış sazişə görə “Ermənistan və Rusiya vətəndaşlığı bərabər və ayrılmaz sayıldığı”4 halda, Azərbaycan öz müstəqilliyini ardıcıl müdafiə edirdi. N.Nərimanov Azərbaycanda yerləşən Rusiya orqanlarını ma­liy­yələşdirməkdən imtina etmiş, Rusiyada və başqa sovet respubli­ka­la­rın­da həbs olunan azərbaycanlıların Azərbaycanda mühakimə edilməsini tə­ləb etmiş, Azərbaycan dövlətçiliyinin əleyhinə işləyənlərin qayıtmalarını da­yan­dırmışdır5 və i.a.

Beləliklə, sovet Rusiyasının iddialarına qarşı N.Nərimanovun siyasi xət­ti Azərbaycanın milli dövlətçilik maraqlarının qorunmasına yönəlmiş, V.İ.Lenin, İ.Stalin, G.Çiçerin Azərbaycanla bağlı bir çox məsələlərdə N.Nə­ri­manovun mövqeyi ilə hesablaşmışlar.

N.Nərimanov Leninə yazdığı məktubda Şaumyanın milli məsələlərdə buraxdığı səhvləri “hədsiz” sayır,6 Stalinə isə Azərbaycanı, xüsusən də Ba­kı­nı erməniləşdirmə planlarının olduğu haqqında xəbər verir və bunun qar­şı­sının alınmasını tələb edirdi.7 Bu planın mahiyyəti ondan ibarət idi ki, Bakı Azər­baycanın paytaxtı olmalı,8 nə də qurula biləcək hər hansı Azərbaycan dövlətinin tərkibinə daxil olmalı; Azərbaycanın bütün Xəzər sahili və bütün Bakı, əyaləti ola biləcək Azərbaycan dövlətindən təcrid edilməli və bütün mü­səlmanlardan təmizlənməli;1 Bakı bir milli qurum kimi deyil, uzaqbaşı ermənilərin və azərbaycanlıların müştərək hakimiyyəti altında olan ərazi kimi qəbul edilməlidir. Lakin Azərbaycan siyasi partiyalarından heç biri bu­na getmədi.2 N.Nərimanov bu planın qarşısını almaq üçün ölüm-dirim mü­ba­­rizəsinə başlayaraq, 1918-ci il müsəlman qırğınlarından sonra belə meylli şəxsləri yüksək vəzifələrə təyin etməmək barəsində məsələ qaldırmış3, on­ların bəzilərinin pis niyyətlərlə yenidən Azərbaycana gəlməklərinə mane ol­muş,4 böyük sayda separatçı silahlı dəstələrin üzvlərinin tərksilah edilməsi ba­rədə qərar qəbul etmiş, Gəncədə Azərbaycan dövlətçiliyi əleyhinə fəaliy­yət göstərən Erməni Milli Şurasının sədri mühakimə olunmuş, erməni mən­bə­lərinə görə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 310 nəfər er­məni kommunisti Azərbaycandan oraya işləməyə göndərilmiş,5 Bakının mil­­­li simasının dəyişdirilməsi yolunda çalışan şəxslər Azərbaycanda rəhbər və­zifələrdən uzaqlaşdırılmışdır. Beləliklə, N.Nərimanovun milli dövlətçilik fəaliyyətində Bakının milli simasının saxlanılması uğrunda səyləri mühüm yer tutmuşdur.


N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş münasibəti xüsusi yer tutmuşdur. N.Nərimanov 1918-ci ildə Zaqaf­qa­ziya seyminin Osmanlı dövlətinə qarşı müharibəsini pisləmiş, Nargin ada­sında saxlanılan türk hərbi əsirlərinə tibbi və mənəvi yardım et­miş, türk ordusunun Bakını tərk etməsini səhv addım kimi qiymətləndirmiş, Türkoloji qurultayın keçirilməsi ideyasını irəli sürmüşdür.6

N.Nərimanov Mustafa Kamal Paşaya müraciətində iki xalq arasında münasibəti “qardaşlıq silahı ilə silahlanmaq” kimi dəyərləndirmiş,7 1920-ci il aprel hadisələrindən sonra Bakıda həbs edilən türk zabit və əsgərlərini azad etmişdir.8 N.Nərimanov Azərbaycanın maraqlarını Mus­tafa Kamal Tür­­ki­yəsi ilə sıx əlaqədə görmüş və bu birgə maraqları sovet Rusiyası ilə əla­qələndirmiş, Rusiyanın Türkiyə siyasətinə müsbət istiqamət vermişdir.1 Tür­kiyədən Moskvaya göndərilən heyətlərin hamısı Bakıda məsləhət­ləş­mədən sonra Moskvaya gedirdilər. Hər nümayəndə heyətini N.Nərimanov V.Le­nin və G.Çiçerinlə danışıqlara Türkiyənin xeyrinə olan tövsiyələri ilə yola salmışdır. N.Nərimanov 1921-ci ilin fevralında Leninə məktubunda G.Çiçerini tənqid edərək yazırdı: «Erməni məsələsi türklər üçün ölüm-dirim mə­sələsidir. Əgər biz bu məsələdə güzəştə getsək, camaat bizim arxamızca getməyəcək».2 1922-ci ildə Parisdə Yaxın Şərq problemləri haqqında kon­fran­sa Atatürk hökumətinin nümayəndələri ilə yanaşı, İzzət Paşanın rəh­bər­li­yi altında sultan hökumətinin nümayəndələri dəvət olunanda3 Azərbaycan hö­kuməti kamalçıları dəstəklədi.4 N.Nərimanov Genuya konfransına ge­dər­kən dəvət olunmayan türklərin “ədalətli tələblərini qızğın müdafiə etdi”.5 Ru­siya Azərbaycanda saxlanılan ingilis və fransız əsirlərini Böyük Britani­ya­nın nəzarəti altında olan öz vətəndaşlarına dəyişmək istədikdə, N.Nəri­ma­nov onların ancaq Malta adasında əsir saxlanılan 66 türk ziyalı və siyasi xa­di­minə6 dəyişdirilməsini təkid etmişdi7. TBMM hökuməti ona təşəkkür et­miş­di. Doğan Avçıoğlu yazır ki, Türkiyənin maliyyə sı­xı­n­tı­la­rı olduqda Ka­ra­­bəkir Paşanın Azərbaycan hökumətindən yardım istəməsi tək­lifini din­lə­yən Atatürk Bakıda “bolşevik hökuməti olduğunu bilərək” ra­zı­lıq ver­miş­dir.8 Azərbaycanın istər birbaşa, istər də Rusiya ilə birlikdə Tür­kiyəyə mad­di kömək göstərməsinə aid çoxlu faktlar vardır.9 N.Nəri­manov Mustafa Ka­mal Paşaya ünvanladığı məktubunda yazırdı: «Paşam, qardaş qar­daşa borc verməz, əl tutar.»10 O, fəxrlə “Mustafa Ka­mal Paşanın Tür­ki­yə­si bizim dos­tu­muzdur”11 deyir, Türkiyənin milli azadlıq savaşında qələ­bə­lə­ri­ni alqış­la­yır, əlin­dən gələn yardımı edirdi. TBMM N.Nərimanova fəxri qı­lınc verməkdən öt­rü Azərbaycana xüsusi heyət göndərmək haqqında qərar qə­bul etmişdi.1 O döv­rün Türkiyə qəzetləri “Vakt”, “Yeni gün” və b. N.Nə­ri­ma­novun fəa­liy­yə­tini yüksək qiymətləndirmişlər.

Mustafa Kamal Paşanın TBMM səri sifətiylə 1920-ci ildə əlaqə qur­du­ğu yabançı dövlət başkanlarından ilki Azərbaycan, ikincisi Əfqanıstan və üçün­cüsü Sovet Rusiya dövlət başkanları olmuşlar. Mustafa Kamal Paşa 1921-ci il oktyabrın 23-də Ankarada Azərbaycanın rəsmi nümayəndəliyinin bay­rağını qaldırmış, Nərimanovun siyasətini bəyənmiş və imkan dairəsində dəstəkləmiş, N.Nərimanovun əvvəl Zaqafqaziya federasiyasının, sonra isə SSRİ MİK-in sədri seçilməyini alqışlamış, vəfat etdikdə dərin hüznlə şəxsən im­zalanmış başsağlığı göndərmişdir.2 O, Türkiyənin xarici işlər naziri Yusif Ka­malın vasitəsi ilə N.Nərimanovdan xahiş edirdi ki, öz nüfuzundan istifadə edərək Qars müqaviləsinin respublikalar tərəfindən və ittifaq orqanlarında ratifıkasiyasını təmin etsin.3 Türkiyənin o illərdə Azərbaycan qarşısında et­diyi ən böyük xidmət Naxçıvan məsələsinin ədalətli həlli olmuşdur.

Beləliklə, N.Nərimanovun milli dövlətçilik baxışlarında türk mövqeyi, Tür­kiyə-Rusiya münasibətlərinin qurulması özünü aydın şəkildə göstərmiş­dir.


N.Nərimanovun həyat məramı hər hansı bir partiyanın proqramından ibarət deyildi. N.Nərimanov Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləmiş, yerli xüsusiyyətləri nəzərə almağa çalışmışdır.

Azərbaycan Kommunist Partiyasının tərkibində mövcud olan fikir ay­rı­lığı əsasən ondan irəli gəlirdi ki, Bakı fəhlələri arasına “proletar bey­nəl­mi­ləl­çiliyi” şüan nə qədər hökm sürürdüsə də, hər bir milli qrupun bir o qədər öz iddiaları var idi. Rus fəhlələri və partiya məmurları hesab edirdilər ki, Azər­baycanın istənilən səviyyədə müstəqilliyi nominal xarakter daşı­dı­ğın­dan rus dili və rusların iradəsi Azərbaycanda hökm sürməlidir. Erməni fəh­lə­ləri və partiya məmurları belə hesab edirdilər ki, Azərbaycan əslində Azər­bay­can türklərinin və müsəlmanların ölkəsi olmamalı, erməni amili Azər­bay­canda, xüsusən də Bakıda getdikcə möhkəmlənməlidir. Bu iki milli qrup­dan fərqli olaraq Azərbaycan fəhlələri və milliyyətcə azərbaycanlı olan par­tiya məmurları arasında fikir birliyi yox idi. Bunlardan bəziləri vəzifədə qal­maq naminə Moskvanın göstərişlərini yerinə yetirir, proletar beynəlmi­ləl­­çiliyi prinsipini milli maraqlardan üstün tutur, bolşevik-daşnak qüv­və­lə­ri­nin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımı unut­maq yolu ilə gedirdilər. Digərləri isə milli maraqları proletar həmrəy­li­yin­dən üstün tuturdular.

N.Nərimanov mərkəzdən fərqli baxışlarını bolşeviklərin səhv siyasəti ilə izah edirdi.1 N.Nərimanovun siyasi baxışlarında müəyyən təkamül baş verərək onu “demokratik təkamül sosializmi” mövqeyinə, yəni Avropa­sa­ya­ğı sosializm sisteminə gətirmişdir.2

N.Nərimanovun səyi ilə sərbəst ticarət üsulları Azərbaycanda Rusiya­dan xeyli əvvəl tətbiq edilmişdir. O, sovet dövlət quruculuğu prosesinin Ru­si­yadan fərqli keçirilməsini tələb etmiş, kiçik sənaye müəssisələrinə to­xun­ma­ğı, onların milliləşdirilməsini qadağan etmiş, alverləri üçün lazımi şərait ya­radılması haqqında dekret imzalamış, bolşeviklərin müsadirə vaxtı törət­dik­ləri haqsızlığa qarşı çıxış etmiş, əsassız həbs edilmiş şəxslərin azadlığa buraxılmasına nail olmuş, əfv komissiyalarına şəxsən rəhbərlik etmişdir. O, Azərbaycanın nemətlərinin ədalətsiz paylanmasına qarşı çıxmışdır.3

1920-ci ilin oktyabrında Azərbaycan kommunistlərinin II qurultayında N.Nərimanov ona görə tənqid olunurdu ki, o, burjuaziya ilə mübarizədə li­be­­rallıq göstərir, sahibkarlara güzəştə gedir, burjuaziyanın tam ekspro­pria­si­ya­sına etiraz edir, bir çox məsul vəzifələrə şüurlu fəhlələrin əvəzinə xırda bur­jua düşüncəli azərbaycanlı ziyalıları irəli çəkir. Amma N.Nərimanov bu təz­yiqlərin qarşısında tab gətirərək məqsədinə nail olmuş, hətta Stalin onun rəqiblərini N.Nərimanovla hesablaşmağa çağırmışdır.4

M.Hüseynov, H.Cəbiyev, Ə.Qarayev N.Nərimanovun 1917-ci il qədər bol­şevik hərəkatından uzaq olduğunu1 yazırdılar. N.Nərimanov özü də bol­şe­vizmə fərqli və tənqidi baxışını gizlətmirdi. Onun, “Bolşeviklik nə? Bu rə­za­lət bizə yaramaz”,2 “Avropada biz istədiyimiz inqilab meydana gələrsə, bol­şevik imperializması özü-özündən yox olacaq”,3 “Bəlkə də sən bu sətir­lə­ri oxuyarkən bolşevizm heç olmayacaq”4 fikirləri buna sübutdur. Hətta Mü­savat Partiyasının rəhbərlərindən olmuş M.Məmmədzadənin fıkrincə, “Nə­ri­manov millətçidir. Hər halda nəzəriyyəsi kommunizmə müvafiq deyil­dir”.5 N.Nərimanov kommunistliyini “çox tez-tez unudur və özünün milli türk simasını açıq nümayiş etdirirdi”.6 Nərimanov “təzə bir əqidə müəssis” et­diyini göstərirdi, o, “xalqların irq və adətləri müxtəlif olduğu kimi, dü­şün­cə və zehniyyətləri də bir-birindən ayrı” olduğunun kommunistlər tərəfindən nəzərə alınmasını tələb edir, “kommunizm ilə burjuaziyanı barışdırmaq” yolları ilə getməyi tövsiyə edirdi.7

Nərimanovu bəzən “siyasət adamı deyildi”, deyə dəyərləndirirlər. Bu mülahizənin heç bir elmi əsası yoxdur. Lenin Nərimanovla hesablaşaraq Azər­baycanın müstəqilliyinə və Bakının paytaxt olmağına müsbət mü­na­si­bə­tini bildirirsə; Çiçerin Leninə tövsiyə edirsə ki, ”Nərimanovun dediyi yol­la getmək lazımdır”; Stalin Nərimanovun Azərbaycandakı müxaliflərini Nə­ri­manovla hesablaşmağa çağırırsa; Stalin Rəsulzadəyə “Nəriman bizimlə de­yil, biz Nərimanla anlaşdıq”, yəni razılaşdıq deyirsə; Atatürk Sovet Rusiyası ilə siyasətinin formalaşmasında Nərimanovun məsləhətlərinə ehtiyac du­yur­sa; Nərimanov Sovet Rusiyası ilə Türkiyə arasında sıx əlaqələrin yaranma­ğın­da əvəzsiz rol oynayırsa; Sovet milli təmayüllü siyasətçilər onunla əmək­daş­lığa can atırlarsa; Nərimanov So­vet sistemi şəraitində bolşevik ideologi­ya­sı ilə ölüm-dirim mübarizəsinə qalxan “milli təmayüllü” siyasətin banilə­rin­dən sayılırsa; Nərimanov Mikoyanın Azərbaycandan qovulmasına nail olur­sa, təkbaşına Bakını, Qarabağı, Naxçıvanı sovet Rusiyasının və ermə­ni­lə­rin əlindən, Zaqatalanı Gürcüstanın əlindən qoruya bilirsə, simasızlaşmış Ba­kının milli simasını özünə qaytara bilirsə, Rəsulzadəni, Şıxlinskini, Meh­man­­darovu, Üzeyir Hacıbəyovu, Pişnamazzadəni qətldən qoruyursa... Nəri­ma­novun “siyasət adamı” olub-olmamağını və siyasi səriştəsini necə şübhə altına almaq olar?!

Bəzən Nərimanovu ziddiyyətli bir şəxs kimi qiymətləndirirlər. Əslində bunlar Nərimanovun şəxsi keyfiyyətlərindən doğan ziddiyyətlər deyildi, onlar zamanın özündən doğan ziddiyyətlər idi.

Bəzən Nərimanovu uğursuz siyasətçi adlandırırlar. XX əsrdə xal­qı­mı­zın qazandığı uğurlarda da, azadlıq yoluna çıxdıqda mövcud olan milli məf­ku­rədə də Nərimanovun əvəzsiz izi görünməkdə idi.

Bəzən Nərimanov siyasətinin uğursuzluğunu onun gətirdiyi ideo­log­i­ya­nın iflasında görürlər. Əslində ifrat bolşevizmin süqutunu Nərimanov özü ha­mıdan əvvəl görürdü. O, milli hissi boğan bolşevizmin heç vaxt tərəfdarı olmamışdır.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə