1. ÜMumi MÜDDƏalar (1-6) GƏMİ (7-25)




Yüklə 0.99 Mb.
səhifə8/9
tarix23.02.2016
ölçüsü0.99 Mb.
1   2   3   4   5   6   7   8   9

GƏMİNİN ÜZƏRİNƏ HƏBS QOYULMASI

Maddə 300. Gəminin üzərinə həbs qoymaq səlahiyyəti

 300.1. Gəmi üzərinə həbs qoyulması onun Azərbaycan Respublikasının yurisdiksiyası hüdudlarında olduğu zaman məhkəmənin və ya dəniz  işləri üzrə qanunla həbs etmək səlahiyyəti verilmiş münsiflər məhkəməsinin qətnaməsi əsasında dəniz tələblərini təmin etmək üçün hər hansı  bir saxlanılmasını və ya hərəkətinin məhdudlaşdırılmasını bildirir, məhkəmənin və ya münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş  qərarının icrası ilə bağlı gəmi üzərinə həbs qoyulması halları istisna təşkil edir.

 300.2. gəmi üzərinə yalnız dəniz tələbi üzrə həbs qoyula bilər.

 300.3. Gəmi üzərinə, hətta limandan çıxmağa hazır olduğu zaman da həbs qoyula bilər.

 300.4. Bu fəsildə müəyyən edilmiş qaydalar dəniz limanı kapitanının bu Məcəllənin 64-cü maddəsinə müvafiq olaraq, gəminin dəniz limanından çıxmağına icazə verməmək hüququnu məhdudlaşdırmır.

Maddə 301. Dəniz tələbi

 301.0. Aşağıda göstərilənlərlə bağlı olan istənilən tələb dəniz tələbidir:

 301.0.1. gəminin istismarı zamanı zərərin vurulması ilə;

 301.0.2. bilavasitə gəminin istismarı ilə əlaqədar olaraq quruda və ya suda vətəndaşın həyatına və ya sağlamlığına zərərin vurulması ilə;

 301.0.3. vurula biləcək zərərin, o cümlədən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün hər hansı bir şəxsin həyata keçirdiyi tədbirlərə çəkdiyi xərclərlə, əgər belə tələb Azərbaycan Respublikasının qanunundan və ya beynəlxalq müqaviləsindən irəli gəlirsə, habelə belə tədbirlər nəticəsində vurulan və ya vurula biləcək zərərlə;

 301.0.4. xilasetmə tədbirlərinin həyata keçirilməsi və ya xilasetmə haqqında hər hansı bir müqavilə ilə;

 301.0.5. batmış gəminin qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi üçün çəkilən xərclərlə;

 301.0.6. gəminin istismarı və ya təmin edilməsi üçün ərzaq məhsulları, materiallar, yanacaq, avadanlıq, o cümlədən konteynerlərin verilməsi ilə;

 301.0.7. gəminin istifadəsinə dair hər hansı bir müqavilə ilə; 301.0.8. dənizlə yük daşınması və ya dənizlə sərnişin daşınmasına dair hər hansı bir müqavilə ilə;

 301.0.9. gəmidə daşınan yükün, o cümlədən baqajın itirilməsi və ya zədələnməsi ilə;

 301.0.10. ümumi qəza ilə;

 301.0.11. dəniz bələdçisi keçirməsi ilə;

 301.0.12. yedəkləmə ilə;

 301.0.13. gəminin inşası, təmiri, yenidən qurulması və ya yenidən təchiz edilməsi ilə;

 301.0.14. liman, kanal haqqları və digər su yollarında ödənişlər ilə;

 301.0.15. gəmidə işlədikləri üçün gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə çatacaq əmək haqqı və başqa məbləğlərlə, o cümlədən repatriasiya xərcləri və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta ödənişləri ilə;

 301.0.16. gəmiyə münasibətdə çəkilən disbursment xərcləri ilə;

 301.0.17. sığorta mükafatı ilə;

 301.0.18. gəmi mülkiyyətçisi və ya berbout-çarter üzrə gəmini fraxtedən tərəfindən və yaxud onların adından ödənilən hər hansı bir komisyon, broker və ya agent mükafatları ilə;

 301.0.19. gəmiyə olan mülkiyyət və ya onun üzərində sahiblik hüququna dair hər hansı bir mübahisə ilə;

 301.0.20. gəminin istifadəsinə və ya mənfəətin bölüşdürülməsinə dair iki və ya bir neçə gəmi mülkiyyətçisi arasında yaranan hər hansı bir mübahisə ilə;

 301.0.21. gəminin qeydiyyata alınmış ipotekası və ya qeydiyyata alınmış həmin xarakterli yüklü edilməsi ilə;

 301.0.22. gəminin alqı-satqı müqaviləsindən irəli gələn hər hansı bir mübahisə ilə.

Maddə 302. Gəminin həbsdən azad olunması

 302.1. Münasib formada kifayət miqdarda təminat təqdim olunduqda, gəmi məhkəmənin və ya münsiflər məhkəməsinin qətnaməsinə əsasən  həbsdən azad oluna bilər.

 302.2. Tərəflərin arasında təminatın miqdarı və forması barəsində razılaşma olmadıqda, məhkəmə və ya münsiflər məhkəməsi təminatın,  gəminin qiymətindən çox olmamaq şərti ilə, miqdarını və formasını müəyyənləşdirir.

 302.3. Gəminin həbsdən azad olunması haqqında hər hansı bir müraciət məsuliyyətin tanınmasını, müdafiə vasitələrindən və ya məsuliyyətin  məhdudlaşdırılması hüququndan imtinanı bildirmir.

 302.4. Bu Məcəllənin 302.2-ci maddəsinə uyğun olaraq təminat təqdim etmiş şəxs istənilən vaxt təminatı azaltmaq, dəyişdirmək və ya ləğv  etmək haqqında ərizə ilə məhkəməyə və ya münsiflər məhkəməsinə müraciət edə bilər.

Maddə 303. Gəminin əsassız həbs edilməsinə görə məsuliyyət

 Gəmi sahibinə qarşı dəniz tələblərində irəli sürülən təqsirin sübuta yetirilməməsinə görə gəminin həbsdən azad olunduğu, habelə gəminin  limanda əsassız saxlandığı hallarda gəmi sahibinə həbs qoyulma və ya saxlanılma ilə vurulan zərər üçün məsuliyyəti o şəxslər daşıyır ki,  onların tələbləri ilə gəminin üzərinə həbs qoyulmuşdur və ya gəmi saxlanılmışdır.

XXIV fəsil

 DƏNİZ PROTESTLƏRİ

Maddə 304. Dəniz protesti

 304.1. Gəmi üzərkən və ya dayanarkən gəmi sahibinə əmlak tələblərinin irəli sürülməsi üçün əsas ola bilən hadisə baş verdikdə, gəmi kapitanı sübutların təmin edilməsi məqsədi ilə dəniz protesti haqqında bəyanat verməlidir.

 304.2. Dəniz protestinin məqsədi hadisənin baş verdiyi şərait və yaranma səbəbləri barədə, o cümlədən vurulan zərər və zərərin qarşısını  almaq və ya azaltmaq üçün görülmüş tədbirlər barədə mümkün qədər tam məlumat verməkdir.

Maddə 305. Dəniz protesti haqqında bəyanat

 305.0. Dəniz protesti haqqında bəyanat:

 305.0.1. Azərbaycan Respublikasının limanlarında - notariusa;

 305.0.2. xarici limanlarda — Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsinə və ya xarici dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu dövlətin səlahiyyətli vəzifəli şəxsinə verilir.

Maddə 306. Dəniz protesti haqqında bəyanatın verilmə müddəti

 Hadisə limanda baş verdikdə, dəniz protesti haqqında bəyanat hadisənin baş verdiyi andan başlayaraq 24 saat ərzində verilir. Hadisə gəmi  səfərdə olduğu zaman baş verdikdə, dəniz protesti haqqında bəyanat gəminin və ya kapitanın gəldiyi ilk limanda 24 saat ərzində verilməlidir.

Maddə 307. Dəniz protesti haqqında bəyanatın gecikdirilmə ilə verilməsi

 307.1. Əgər hadisə səfər zamanı baş veribsə, hadisədən sonra birinci limana girişlə əlaqədar xeyli vaxt və vəsait itirilməsinin qarşısını almaq  üçün dəniz protesti haqqında bəyanat gəminin və ya kapitanın hadisədən sonra gəldiyi birinci liman olmayan limanda verilə bilər.

 307.2. Əgər dəniz protestini bu Məcəllənin 306-cı maddəsində müəyyən edilmiş müddətdə bəyan etmək mümkün olmazsa, bunun səbəbləri  dəniz protesti haqqında bəyanatda göstərilməlidir.

Maddə 308. Yükə vurulan zərərə münasibətdə dəniz protestinin bəyan edilməsi

 Baş vermiş hadisə nəticəsində gəmidəki yükə zərərin vurulduğunu güman etmək üçün əsas olduqda, dəniz protesti haqqında bəyanat yük  anbarları açılanadək verilməlidir. Dəniz protesti haqqında bəyanat verilənədək gəmidən yükün boşaldılması yalnız son dərəcə zərurət olduqda həyata keçirilə bilər.

Maddə 309. Sübutlar

 309.1. Dəniz protesti haqqında bəyanatda ifadə edilmiş halları təsdiqləmək üçün gəmi kapitanı bəyanat ilə eyni zamanda, yaxud özünün və  ya gəminin limana gəldiyi və ya hadisənin, əgər hadisə limanda olmuşdursa, baş verdiyi andan başlayaraq yeddi gündən artıq olmayan  müddət ərzində gəmi jurnalını və gəmi kapitanı tərəfindən təsdiq edilmiş gəmi jurnalından çıxarışı tanış olmaq üçün notariusa və ya  Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsinə, yaxud xarici dövlətin səlahiyyətli vəzifəli şəxsinə təqdim etməlidir.

 309.2. Gəmi jurnalı məhv olduqda dəniz protesti haqqında bəyanatda gəmi jurnalının məhv olduğu şərait və səbəblər göstərilməlidir.

Maddə 310. Dəniz protesti haqqında aktın tərtib olunması

 Notarius və ya Azərbaycan Respublikasının konsulluq idarəsinin vəzifəli şəxsi gəmi kapitanının bəyanatı, gəmi jurnalındakı qeydlər, gəmi  kapitanı və zərurət olduqda gəmi heyətinin digər üzvləri ilə aparılan sorğu əsasında dəniz protesti haqqında akt tərtib edir və onu imzası və  gerbli möhürlə təsdiq edir.

Maddə 311. Xarici dövlətlərin konsulluq idarələri tərəfindən dəniz protesti haqqında aktın tərtib olunması

 Xarici gəmilərin kapitanlarından dəniz protesti haqqında bəyanatın qəbulu və dəniz protesti haqqında aktların tərtibi xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluq idarələri tərəfindən qarşılıqlıq əsasında həyata keçirilə bilər.

XXV fəsil



PRETENZİYALAR, İDDİALAR VƏ İDDİA MÜDDƏTİ

Maddə 312. Dənizlə yük daşınması iştirakçılarının məsuliyyəti üçün əsas ola bilən halların təsdiqlənməsi

 312.1. Yük daşıyanların, göndərənlərin, alanların və sərnişinlərin məsuliyyəti üçün əsas ola bilən hallar kommersiya aktları və ya ümumi  formalı aktlarla təsdiqlənir. Xarici limanlarda bu hallar həmin limanlarda mövcud olan qaydalara müvafiq olaraq təsdiqlənir.

 312.2. Kommersiya aktı aşağıdakıların təsdiqlənməsi üçün tərtib olunur:

 312.2.1. həqiqi yükün və ya baqajın adı, kütləsi və ya yerlərinin sayı ilə daşınma sənədində göstərilənlər arasında uyğunsuzluğun;

 312.2.2. yükün və ya baqajın zədələnməsinin;

 312.2.3. sənədsiz yükün və ya baqajın, habelə yüksüz və ya baqajsız sənədin aşkar edilməsinin;

 312.2.4. oğurlanmış yükün və ya baqajın daşıyıcıya qaytarılmasının.

 312.3. Aktların forması və tərtib edilmə qaydası, habelə aktların tərtib edilməsini tələb etməyən halların təsdiqlənmə qaydası bu Məcəllənin  3.2-ci maddəsinə uyğun qəbul edilən qaydalara müvafiq olaraq müəyyənləşdirilir.

Maddə 313. Daşıyıcıya pretenziyanın verilməsi

 313.1. Yükün kabotajda daşınması ilə əlaqədar daşıyıcıya iddia verilənədək ona mütləq əvvəlcədən pretenziya verilməlidir.

 313.2. Pretenziyalar yükün daşınmasını həyata keçirən daşıyıcıya və əgər daşıma icra olunmamışdırsa, dənizlə yük daşınması müqaviləsinə  müvafiq olaraq bu daşımanı icra etməli olan daşıyıcıya verilir.

 313.3. Yükün qarışıq daşınması hallarından irəli gələn pretenziyalar yükü axırıncı məntəqəyə çatdıran daşıyıcıya verilir.

Maddə 314. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi

 314.1. Pretenziya və iddia vermək hüququnun, yükgöndərən tərəfindən yükalana və ya əksinə, habelə yükalan və ya yükgöndərən tərəfindən ekspeditora yaxud sığortaçıya verilmə halları istisna olmaqla, digər şəxslərə verilməsinə yol verilmir.

 314.2. Pretenziya və iddia vermək hüququnun başqasına verilməsi konosamentdə və ya digər daşınma sənədində müvafiq qeydin olması ilə  təsdiqlənir.

Maddə 315. Pretenziyanın verilmə qaydası

 315.1. Pretenziya yazılı şəkildə verilir. Yükün itirilməsi və ya zədələnməsi barədə pretenziyaya daşınma sənədlərindən başqa, pretenziyanı  vermək üçün hüququ, habelə göndərilən yükün miqdarını və dəyərini təsdiqləyən sənədlər əlavə olunmalıdır. Daşınma sənədlərinin əsli  təqdim olunur.

 315.2. Pretenziyaya bu Məcəllənin 315.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə olunmadıqda, daşıyıcının pretenziyanı aldıqdan  sonra iki həftə müddətində onu baxılmadan geri qaytarmaq hüququ vardır. Daşıyıcı göstərilən müddət ərzində müvafiq qaydada tərtib  edilməmiş pretenziyanı geri qaytarmadıqda, pretenziya baxılmaq üçün qəbul olunmuş hesab edilir.

Maddə 316. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın verilmə müddəti

 Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziya daşıyıcıya iddia müddəti ərzində verilə bilər.

Maddə 317. Dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın baxılma müddəti

 317.1. Daşıyıcı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyaya bir ay müddətində baxır və bu müddət ərzində pretenziya  verənə pretenziyanın etiraf və ya rədd edilməsi barədə yazılı məlumat verir.

 317.2. İddia müddətinin axımı dənizlə yük daşınması müqaviləsindən yaranan pretenziyanın daşıcıya verilən gündən etibarən pretenziyaya  cavab alınanadək və ya cavab üçün müəyyən edilmiş müddət qurtaranadək dayandırılır.

Maddə 318. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üzrə iddia müddəti

 318.1. Dənizlə yük daşınması müqaviləsindən yaranan tələblər üçün iddia müddəti bir ildir.

 318.2. Göstərilən müddət aşağıdakı qaydada hesablanır:

 318.2.1. yükün itirilməsinə görə zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — yükün verilməli olduğu gündən otuz gün keçəndən  sonra, qarışıq daşımada isə — yükün daşınmaya qəbul edildiyi gündən dörd ay keçəndən sonra;

 318.2.2. yükün zədələnməsi, çatdırılmasının gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsinə və artıq ödənmiş daşınma haqqının qaytarılmasına yaxud əskik ödənilmiş daşınma haqqının tutulmasına dair tələblər üzrə — yükün verildiyi gündən, yük verilmədikdə isə — yükün verilməli olduğu gündən; .

 318.2.3. gəminin verilməməsinə və ya gecikdirilmə ilə verilməsinə görə zərərin əvəzinin ödənilməsinə, gəminin boşdayanması üçün haqqa və yükün vaxtından əvvəl yüklənməsinə və ya boşaldılmasına görə mükafata dair tələblər üzrə — yükün daşınması başladığı və  ya başlanmalı olduğu aydan sonrakı ay qurtardıqda;

 318.2.4. bütün digər hallara dair tələblər üzrə — tələbin irəli sürülməsinə əsas olan hadisə baş verdiyi gündən.

Maddə 319. Digər tələblər üzrə iddia müddəti

 319.1. Beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsindən, dəniz sığorta müqaviləsindən, habelə gəmilərin toqquşmasından və xilasetmə əməliyyatlarının həyata keçirilməsindən doğuran tələblər üzrə iddia müddəti iki ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:

 319.1.1. beynəlxalq sərnişin xətlərində dənizlə sərnişin daşınması müqaviləsinə dair tələblər üzrə:

 319.1.1.1. sərnişinin sağlamlığı pozulduqda — sərnişin sahilə çıxdığı gündən;

 319.1.1.2. daşınma zamanı sərnişin öldükdə — sərnişinin sahilə çıxmalı olduğu gündən;

 319.1.1.3. daşınma zamanı sağlamlığının pozulması nəticəsində sərnişin sahilə çıxdıqdan sonra öldükdə — sərnişinin öldüyü  gündən, o şərtlə ki, sərnişinin sahilə çıxdığı gündən üç ildən çox olan müddət keçməsin;

 319.1.1.4. sərnişinin baqajı itirildikdə və ya zədələndikdə — tarixlərdən hansı birinin gec gəlməsindən asılı olaraq — baqajın düşürüldüyü və ya düşürülməli olduğu gündən;

 319.1.2. dəniz sığorta müqaviləsindən doğuran tələblər üzrə — iddiaya hüququn yarandığı gündən;

 319.1.3. gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə — gəmilərin toqquşduğu gündən;

 319.1.4. xilasetmə əməliyyatlarından doğuran tələblər üzrə — xilasetmə əməliyyatları başa çatdığı gündən.

 319.2. Yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, taym-çarterdən, berbout-çarterdən və  ümumi qəzadan doğuran tələblərə iddia müddəti bir ildir. Bu müddət aşağıdakı qaydada hesablanır:

 319.2.1. yedəkləmə müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, taym-çarterdən və  berbout-çarterdən doğuran tələblər üzrə — iddia hüququ yarandığı gündən;

 319.2.2. ümumi qəzadan doğuran tələblər üzrə — dispaşın tərtib edildiyi gündən.

 319.3. Bu Məcəllənin 248-ci maddəsində nəzərdə tutulmuş reqress tələbləri üzrə iddia müddəti bir ildir. Bu müddət müvafiq məbləğin  ödənilməsi günündən hesablanır.

Maddə 320. Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə iddia müddəti

 Gəmilərdən neftlə çirkləndirmə və dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair  iddialar, zərərçəkənin belə zərərin vurulduğunu bildiyi və ya bilməli olduğu gündən üç il ərzində ödənilir. Lakin, gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar çirkləndirməyə səbəb olmuş hadisənin baş verdiyi gündən altı il  keçəndən sonra, dənizlə təhlükəli və zərərli maddələrin daşınması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsinə dair iddialar isə — belə  zərərə səbəb olmuş hadisənin baş verdiyi gündən on il keçəndən sonra verilə bilməz.

Maddə 321. Ümumi müddətlərin tətbiq edilməsi

 Əgər Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllədə iddia müddəti müəyyən edilməyən tələblər üçün Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyənləşdirilmiş ümumi iddia müddətləri tətbiq edilir.

Maddə 322. Ümumi qəza halında iddia müddətinin axımının dayandırılması

 Tələbin məbləğinin hesablanması ümumi qəza üzrə hesablaşmalardan asılı olduğu halda, iddia müddətinin axımı ümumi qəzanın mövcudluğu haqqında dispaşerin qərar qəbul etdiyi gündən maraqlı tərəfin dispaşı aldığı günə kimi dayandırılır.

Maddə 323. Özgəsinin pul vəsaitlərindən istifadəyə görə faizlər

 323.1. Bu Məcəllədə nəzərdə tutulmuş münasibətlərdən doğuran tələblər ödənildikdə, ödənilən məbləğə kreditorun yaşadığı yerdə, kreditor  hüquqi şəxs olduqda isə onun olduğu yerdə mövcud olan bank faiz dərəcəsi əlavə edilir.

 323.2. Faizlər müvafiq məbləğin ödənilməsinə dair yazılı tələbin verildiyi gündən məbləğin ödənildiyi günə kimi hesablanır.

 323.3. Bu Məcəllənin 323.1 və 323.2-ci maddələrində müəyyən edilmiş qaydalar ümumi qəzanın bölüşdürülməsi qaydasında zərərin əvəzinin  ödənilməsinə dair tələblərə şamil edilmir.

XXVI fəsil



TƏTBİQ EDİLƏN HÜQUQ

Maddə 324. Tətbiq edilən hüququn müəyyənləşdirilməsi

 324.1. Xarici vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı ilə, o cümlədən mülki hüquq obyekti Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, ticarət gəmiçiliyindən yaranan münasibətlərə tətbiq edilən qanun Azərbaycan Respublikasının beynəlxalq  müqavilələrinə, bu Məcəlləyə, digər qanunlara və Azərbaycan Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq  müəyyənləşdirilir.

 324.2. Bu Məcəllə ilə nəzərdə tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya sonradan razılaşma əsasında həmin müqavilə üzrə  onların hüquq və vəzifələrinə tətbiq edilən qanunu seçə bilərlər. Belə razılaşma olmadıqda, bu Məcəllənin qaydaları tətbiq edilir; belə razılaşmanın mövcudluğu sərnişinin həyatına və ya sağlamlığına zərərin vurulmasına, yükün və baqajın itirilməsinə və ya zədələnməsinə yaxud onların gecikdirilmə ilə çatdırılmasına görə bu Məcəlləyə müvafiq olaraq məsuliyyətinin aradan qaldırılmasına və ya azaldılmasına səbəb olmur.

Maddə 325. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları

 325.1. Gəmiyə mülkiyyət hüququ və digər əşya hüquqları, habelə belə hüquqların əldə edilməsi, verilməsi və ya itirilməsi gəminin bayrağı  altında üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir.

 325.2. Digər dövlətin bayrağı altında müvəqqəti üzmək hüququ verilmiş gəmiyə olan əşya hüquqlarına gəminin bilavasitə bayrağın dəyişdirilməsindən əvvəl qeydə alındığı dövlətin qanunu tətbiq edilir.

 325.3. Əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, inşa edilməkdə olan gəmiyə hüquqlar gəminin inşa  üçün qəbul edildiyi və ya inşa edildiyi dövlətin qanunu ilə müəyyənləşdirilir.

Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti

 326.1. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti və gəminin istismarı ilə bağlı olan gəmi heyəti üzvlərinin arasında yaranan münasibətlər  gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə müəyyənləşdirilir.

 326.2. Gəmi sahibinin və xarici vətəndaş olan gəmi heyəti üzvlərinin münasibətlərini tənzimləyən müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəmi sahibi və gəmi heyəti üzvləri arasında olan münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən qanunun əmək müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək şəraitinin  pisləşməsinə səbəb olmamalıdır.

Maddə 327. Batmış əmlaka hüquqlar

 327.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində batmış əmlaka hüquqlar Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilir.

 327.2. Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər əmlakına gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu tətbiq edilir.

Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlər

 328.1. Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, dəniz sığorta müqaviləsindən,  dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və berbout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzərdə tutulmuş dövlətin,  dənizlə sərnişin daşınması müqaviləsindən yaranan münasibətlər isə — sərnişinin biletində göstərilən dövlətin qanunu ilə tənzimlənir.

 328.2. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin  təsis edildikləri, əsas fəaliyyət və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:

 328.2.1. dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;

 328.2.2. dəniz agentliyi müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi sahibinin;

 328.2.3. yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;

 328.2.4. dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;

 328.2.5. dəniz sığorta müqaviləsində — sığortaçının.

Maddə 329. Ümumi qəza

 329.1. Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, ümumi qəzadan doğuran münasibətlər ümumi qəzaya səbəb olan  hadisədən sonra gəmi səfərini başa çatdırdığı limanın dövlətinin qanunu ilə tənzimlənir. Ümumi qəza nəticəsində mənafeləri toxunulan  bütün şəxslər bir dövlətə mənsubdurlarsa, həmin dövlətin qanunu tətbiq edilir.

 329.2. Əgər ümumi qəza Azərbaycan Respublikasında bölüşdürülürsə, onun qaydası bu Məcəllənin 16-cı fəslində müəyyən edilmiş qaydalara müvafiq olaraq tənzimlənir.

Maddə 330. Gəmilərin toqquşmasından yaranan münasibətlər

 330.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərin toqquşmasından yaranan münasibətlər  Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

 330.2. Gəmilər açıq dənizdə toqquşduqda və mübahisəyə Azərbaycan Respublikasında baxıldıqda bu Məcəllənin 17-ci fəslində müəyyən  edilmiş qaydalar tətbiq edilir.

 330.3. Bir dövlətin bayrağı altında üzən gəmilərin toqquşmasından yaranan münasibətlərə, gəmilərin toqquşduğu yerdən asılı olmayaraq,  həmin dövlətin qanunu tətbiq edilir.

Maddə 331. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərdən yaranan münasibətlər

 331.0. Gəmilərdən neftlə çirkləndirmədən zərər vurulduqda, bu Məcəllənin 18-ci fəslində müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

 331.0.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində gəmilərdən neftlə çirkləndirmə nəticəsində vurulan zərərə;

 331.0.2. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.

Maddə 332. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən yaranan münasibətlər

 332.0. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərər vurulduqda, bu Məcəllənin 19-cu fəslində müəyyən edilmiş qaydalar  aşağıdakılara şamil edilir:

 332.0.1. Azərbaycan Respublikasının ərazisində vurulan hər hansı bir zərərə;

 332.0.2. Azərbaycan Respublikasının ərazisində ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərə;

 332.0.3. Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərdən fərqli olan zərərə, əgər belə zərər Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmidə daşınan təhlükəli və zərərli maddələrlə vurulubsa;

 332.0.4. harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.

Maddə 333. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlər

 333.1. Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda,  xilasetmə əməliyyatının aparıldığı dövlətin qanunu tətbiq edilir.

 333.2. Xilas edən və xilas edilən gəmilər bir dövlətin bayrağı altında üzdükdə, xilasetmə əməliyyatının aparıldığı yerdən asılı olmayaraq,  həmin dövlətin qanunu tətbiq edilir.

Maddə 334. Gəmi sahibinin məsuliyyətinin hüdudları

 Gəmi sahibinin məsuliyyətinin hüdudları gəmi bayrağı dövlətinin qanunu ilə müəyyənləşdirilir.

Maddə 335. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri

 Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar bu Məcəllədə nəzərdə  tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.

 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə